Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Dövlət büdcəsinin davamlı və keyfiyyətli

inkişafında rolunun artırılması məsələləri

 

“Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. “Şimal-Cənub” nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir”.

İlham Əliyev

 


 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclis tərəfindən qəbul edilmiş dövlət büdcəsini təsdiq etmişdir. 2018-ci ilin dövlət büdcəsinin məqsəd və vəzifələri, əsas parametrləri barədə daha ətraflı məlumat əldə etmək məqsədilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə ilə görüşdük. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Ziyad müəllim, son 15 ildə ölkəmizin, demək olar ki, bütün sahələrində əsaslı uğurlar qazanılmışdır. Sizcə, qazanılmış uğurların kökündə nə dayanır?
- Son 15 ildə Azərbaycan iqtisadiyyatının inkişafında baş verən kəmiyyət, keyfiyyət dəyişiklikləri miqyası və nəticələrinə görə, sözün əsl mənasında, müstəqilliyimiz tarixində analoqu olmayan nailiyyətlər kimi qiymətləndirilə bilər. Bu dövrdə ölkənin ÜDM-i 3,4 dəfə artmış, inkişaf səviyyəsini xarakterizə edən bütün əsas göstəricilər əhəmiyyətli dərəcədə yaxşılaşmış, Azərbaycan regionda ən güclü iqtisadi potensiala malik olan ölkəyə çevrilmişdir.
Azərbaycan qlobal dünya böhranı illərində də öz dinamik inkişafını davam etdirmişdir. Bu, təkcə neft amili hesabına olmamışdır. Düşünülmüş, qabaqlayıcı tədbirlər, qanunvericilik bazasının möhkəmləndirilməsi, milli maraqların qorunması istiqamətində atılan cəsarətli addımlar ölkə iqtisadiyyatının ahəngdar fəaliyyəti üçün mühüm rol oynamışdır.
Bütün bu konkret faktlar onu göstərir ki, müstəqilliyin ilk illərində ağır böhran şəraitində yaşayan Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının uğurla reallaşması nəticəsində güclü bir dövlətə çevrilmişdir. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin bağlanması, dünyanın aparıcı şirkətlərinin Azərbaycanın neft sənayesinə milyard dollarla vəsait qoyması, birgə səmərəli əməkdaşlıq ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, onun demokratik, azad bazar münasibətlərinə əsaslanan yeni iqtisadi sisteminin yaranmasına böyük dəstək oldu.
Bakı-Tbilisi-Ceyhan neft kə­məri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya olunmasına, dövlətimizin iqtisadi qüdrətinin, maliyyə imkanlarının artmasına güclü təkan verdi. 1999-cu ildə neftin satışından daxil olan gəlirlərin səmərəli istifadə olunması məqsədi ilə Azərbaycan dövləti özünün Neft Fondunu yaratdı. Bu, Heydər Əliyevin ölkəmizin uzun illər dinamik inkişafına xidmət edəcək strateji xətti idi. Bu dövr ərzində Neft Fondunun gəlirləri əhəmiyyətli dərəcədə artdı, onun gəlirləri hesabına dövlətin vacib ehtiyacları ödənildi, ölkəmizin milli təhlükəsizliyi gücləndirildi, iqtisadiyyatımızın davamlı inkişafı, iqtisadi-maliyyə imkanları möhkəmləndirildi.


 

“14 il ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib. Bu gün Azərbaycan güclü ölkəyə çevrilibdir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən bu gün son 14 il ərzində görülmüş işləri sadalamaq istəmirəm. Görülən işlər göz qabağındadır”.

İlham Əliyev


 

Azərbaycanın müstəqilliyi əbədidir. Buna əyani misal kimi 2017-ci ilin sentya­brında imzalanmış “Şahdəniz-2” layihəsi üzrə kontraktı göstərmək olar. “Şahdəniz-2” dünyanın ən iri enerji layi­hələrindən biridir. Bu layihə ölkəmizin uzunmüddət­li və dayanıqlı iqtisadi inkişa­fı­nı təmin edəcək, onun iq­ti­sa­di qüdrətini əhəmiyyətli dərəcədə artıracaqdır. Dövlətimizin milli maraqlara söykənən enerji siyasəti, nü­fuzlu beynəlxalq təsisatlarla sıx əməkdaşlığı, iqtisadiyya­tın şaxələndirilməsi və neft gəlirlərindən istifadənin şəf­faflığı keyfiyyətli inkişafın əsas elementlərindəndir. Bu tarixi layihədə iştirakçı döv­lət və şirkətlərin geniş əmək­daşlığı təmin ediləcəkdir. Biz buna ümummilli liderimiz Heydər Əliyevin müdrikli­yi və uzaqgörənli­yi nəticə­sində hazırladığı Azər­bay­canın enerji strategiya­sı əsa­sında nail olmuşuq. Müs­təqillik əldə etdikdən 3 il sonra Azərbaycan dünyanın aparıcı şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladı. Hə­min müqavilə “XX əsrin müqaviləsi” adlandırılmışdır.­ “Şahdəniz-2” müqaviləsi isə Prezident İlham Əliyevin söz­ləri ilə desək, “XXI əsrin müqaviləsi olacaqdır”.
- 2018-ci ildən əsas iqtisadi gözləntiləriniz nələrdir?
-Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci ildə istifadəyə verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin 2018-ci ilin I yarımilində başa çatdırılması, burada xüsusi iqtisadi zonanın yaradılması, sözsüz ki, tranzit imkanlarımızı əhəmiyyətli dərəcədə artıracaqdır.
2017-ci ilin 10 ayı ərzində görülmüş irimiqyaslı işlər, həyata keçirilmiş islahatlar, cənab Prezidentin il ərzində iclaslarda, digər mühüm tədbirlərdə çıxışları, fikirləri onu deməyə əsas verir ki, 2018-ci ildə müsbət meyillər güclənəcəkdir.
Razılıq hissi ilə qeyd edilməlidir ki, bu deyilənləri dekabrın 1-də Milli Məclisdə dövlət büdcəsi ilə bağlı müzakirələrin yekun iclasında qəbul olunan 2018-ci ilin dövlət büdcəsinin parametrləri də təsdiqləyir. Qeyd edək ki, gələn ilin dövlət büdcəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun olaraq hazırlanmışdır. Azərbaycan hökuməti iqtisadi strukturlarla əlaqəli şəkildə fəaliyyət göstərərək, iqtisadi inkişaf proqnozlarına, Prezident İlham Əliyevin islahatların dərinləşməsi, qeyri-neft sektorunun inkişafını ehtiva edən fərman və sərəncamlarına əsaslanaraq konkret hədəflər müəyyən etmişdir. Biz artıq bir neçə ildir ki, qlobal risklərdən, onun milli iqtisadiyyatlara təsirindən, bu təsirə qarşı qabaqlayıcı tədbirlərin görülməsindən danışırıq. Razılıq hissi ilə qeyd etməliyik ki, Azərbaycan dövlətinin apardığı uğurlu iqtisadi siyasət, hökumətin bu siyasətin reallaşması istiqamətində gördüyü tədbirlər qlobal risklərin təsirlərini xeyli azaltmağa imkan vermişdir. Ona görə də dövlət başçısı xüsusi olaraq vurğulayır ki, ölkədə maliyyə sabitliyi var, respublikanın maliyyə resursları artır, daha irimiqyaslı layihələrin həyata keçirilməsi imkanları genişlənir. Onu göstərmək kifayətdir ki, Azərbaycan dövləti 2017-ci ildə heç bir sosial proqramın maliyyələşdirilməsini dayan­dırmamış, valyuta ehtiyatlarını artırmış, tədiyyə balansında müsbət saldoya nail olmuş, gələcəyə hədəflənmiş layihələrin maliyyələşdiril­mə­sini davam etdirmiş, 2018-ci ildə davamlı inkişaf, so­sial tərəqqi meyillərini güc­ləndirməyə əsas yaradan döv­lət büdcəsi layihəsini hazırlamışdır.
İlk növbədə dövlət büdcəsinin gəlirləri 2017-ci il üzrə təsdiq olunmuş proqnoz ilə müqayisədə 20%, 2016-cı illə müqayisədə 15% çoxdur. Bunlar kifayət qədər böyük artımdır. Müqayisə üçün onu da qeyd edək ki, 2018-ci il üçün nəzərdə tutulmuş büdcə xərcləri 2005-ci ilin cəmi dövlət büdcəsindən 1,7 dəfə çoxdur, 2006-cı ilin dövlət büdcəsinin 87%-nə bərabərdir. Diqqəti cəlb edən məqam bir də odur ki, dünya bazarında neftin qiyməti 2005-2006-cı illərdə 53,4 və 64,3 dollar idi, yəni 2018-ci il üçün dövlət büdcəsinin formalaşmasında nəzərdə tutulan neftin qiymətindən çox olduğu bir şəraitdə dövlət büdcəsinin gəlirləri cəmi 4 milyard manatdan da az idi.
Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, büdcə-vergi siyasəti ümumi makroiqtisadi siyasətin tərkib hissəsi olmaqla real gözləntilər və proqnozlar üzərində qurulmuşdur. Bu siyasət davamlı, həm də uzunmüddətli keyfiyyətli inkişaf məqsədlərinə xidmət edir, müxtəlif fiskal riskləri nəzərə alır və müvafiq maliyyə ehtiyatlarını formalaşdırır.
2018-ci ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə proqnoz məbləği ÜDM-in 11,4%-i həcmində olmaqla 7 milyard 907 milyon manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozundan 3,4%, 2016-cı illə müqayisədə isə 12,7% çoxdur. Dövlət Neft Fondundan transfertlər nəzərə alınmadan Vergilər Nazirliyinin xətti üzrə 2018-ci ildə vergi daxilolmalarının ümumi büdcə gəlirlərində xüsusi çəkisi 72,5% təşkil edəcəkdir.
Dövlət büdcəsi layihəsində Gömrük Komitəsi xətti üzrə daxilolmaların proqnozu ÜDM-in 3,5%-i həcmində olmaqla 2,4 milyard manat nəzərdə tutulur.
Tarixi təcrübə göstərir ki, təbii resurslarla zəngin olan ölkələr dövlət büdcələrini hazırlayarkən resurs amilinə xüsusi fikir verirlər. Dövlət büdcəsinin formalaşdırılmasında 1 barrel neftin qiyməti çox müzakirə olunan məsələlərdən biridir. Büdcədə neftin qiyməti nə qədər götürülməlidir sualına optimal cavab tapmaq üçün dünya bazarında neftin qiymətinin dəyişməsi meyilləri ətraflı təhlil edilib, ekspert qiymətləndirmələri aparılıb və neftin qiymətində konsensus formalaşıb. Hökumət dövlət büdcəsində 1 barrel neftin qiymətinin 45 dollar olmasını məqbul sayıb. Bizim fikrimizcə, bu rəqəm reallığı, baş verə biləcək riskləri nəzərə alır. Bəziləri bu rəqəmin az, bəziləri yüksək olduğunu qeyd edirlər. Əlbəttə, bu rəqəm daha çox və ya daha az ola bilərdi. Lakin birinci halda hökumət daha çox risklərə məruz qalardı... İkinci halda, biz iqtisadi, sosial inkişafımızdan geri qala, bir çox mühüm layihələrin reallaşmasında çətinliklərlə üzləşərdik. Hökumət belə hesab edir ki, 2018-ci il üçün neftin barrelinin 45 dollar müəyyən edilməsi qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcək. Bununla əlaqədar olaraq biz belə bir sadə təhlil apardıq: son 15 ilin təcrübəsi göstərir ki, dövlət büdcəsinin gəlirləri bir, iki il istisna olmaqla, ildə 1,8-2 milyard manat artır. Ən yüksək artım 2007-2008-ci illərdə olub - 4 milyard manat (1 barrel neftin qiyməti 2007-ci ildə 71,1 dollardan 2008-ci ildə 96,5 dollara yüksəlib). 2011-ci ildə dövlət büdcəsinin gəlirlərinin 4,3 milyard manat artımının əsas səbəbi isə o idi ki, 2010-cu ildə neftin qiyməti 79 dollardan 2011-ci ildə 104 dollara yüksəlmişdi. Azərbaycan hökuməti sürətlə artan neft gəlirlərindən ölkə iqtisadiyyatının möhkəmlənməsi, vacib strateji vəzifələrin həyata keçirilməsi üçün istifadə etdi. Məhz belə yanaşma nəticəsində yaradılan maliyyə, iqtisadi baza imkan verdi ki, neftin qiymətinin 45 dollar olduğu şəraitdə Azərbaycan dövləti büdcə gəlirlərini 3,3 milyard manat, xərclərini isə 3,9 milyard manat artırsın. Aparılan hesablamalar sübut edir ki, neftin qiymətinin 50-65 dollar civarında ortamüddətdə də davam etməsi büdcə gəlir və xərclərinin əsas parametrlərinin səviyyəsinə görə digər ölkələrlə müqayisədə respublikamızın mövqeyinin daha da möhkəmləndirilməsinə, 2015-ci il devalvasiyasının mənfi nəticələrinin aradan qaldırılması prosesinin sürətləndirilməsinə müsbət təsir göstərəcəkdir.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan hökumətinin dövlət büdcəsində neftin qiyməti, Neft Fondunun vəsaitlərindən istifadə edilməsi ilə bağlı yanaşması milli iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun inkişafı, qlobal risklərdən qorunmaq, gələcək keyfiyyətli tərəqqi üçün möhkəm iqtisadi baza yaratmaq baxımından tamamilə düzgündür.
- Ölkədə iqtisadiyyatın inkişafı, qeyri-neft sektorunun rolunun artması istiqamətində cənab Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olaraq ciddi addımlar atılır. Qeyri-neft sənayesinin iqtisadi inkişafa real dəstəyinin artırılması üçün həyata keçirilən tədbirlər haqqında nə deyə bilərisiniz?
- Valyuta ehtiyatları milli iqtisadiyyatın inkişafı, dövlətimizin iqtisadi təhlükəsizliyinin təminatı baxımından güclü vasitədir. Bu vasitəni müstəqil Azərbaycan dövləti yaradıb. Ona görə də bəzən səslənən “holland sindromu”, “lənətlənən neft dollarları” kimi fikirləri Azərbaycana aid etmək, neft amili hesabına görülən irimiqyaslı işləri qiymətləndirməmək kimi yanlış, milli mənafelərimizə xələl gətirən baxışların heç bir əsası yoxdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin birmənalı sahibinə çevrilib.
Prezident İlham Əliyevin tarixi yaddaşımız, bu gün, eləcə də gələcək nəsillər üçün böyük məna daşıyan fikirlərini bir daha xatırlamaq yerinə düşərdi: “Dayanıqlı inkişaf üçün qeyri-neft sektoru inkişaf etməlidir. Çünki bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir və bu sahədə çox böyük nailiyyətlər var. Mən dəfələrlə demişəm ki, prioritet istiqamət qeyri-neft sektorudur.
Biz bu gün iqtisadi müstəqilliyi təmin etmişik. İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan nadir ölkələrdən biridir. İqtisadi müstəqillik isə neftçilərin zəhməti hesabına təmin edilir”.
Respublikanın dövlət büd­cəsinə Neft Fondundan trans­fert obyektiv zərurətdir. Hamıya məlumdur ki, Neft Fondundan istifadə ciddi nəzarət, şəffaflıq şəraitində həyata keçirilir və çox mühüm ehtiyaclara - dövlətin iqtisadi, enerji, sosial təhlükəsizli­yi­nin təmin edilməsinə yö­nəldilir.
Son dövrlərdə ölkədə sənayeləşmənin sürəti yüksəlmiş, onun aparıcı və ənənəvi sahələrindən olan metallurgiya, maşınqayırma, kimya, əczaçılıq, inşaat materiallarının istehsalı, qida və digər istehsal sahələri genişlənməklə bərabər, kosmik sənayesi, gəmiqayırma kimi yeni sahələr yaradılmış, qeyri-neft sənayesinin iqtisadi inkişafa real dəstəyini artırmaq üçün tədbirlər müəyyən edilmişdir.
“Bu gün ölkəmizdə səhiyyə, təhsil, mədəniyyət, sənaye, infrastruktur inkişaf edir, bütün sahələrdə inkişaf var... Gəncə bu gün, eyni zamanda, böyük sənaye mərkəzinə çevrilir. Buradakı bir çox zavodlar ölkəmizin qeyri-neft sektorunun inkişafında çox önəmli rol oynayır. Burada minlərlə iş yeri yaradılıb. Gəncə Avtomobil Zavodunu qeyd etmək kifayətdir ki, biz onun timsalında Azərbaycanda sənaye istehsalının necə inkişaf etdiyini görək. Biz vaxtilə Belarus ilə traktor istehsalı sahəsində müqavilə bağladıq və burada Belarus traktorları, ondan sonra yük maşınları, avtobuslar yığılmağa, istehsal olunmağa başlanmışdır. İndi bu zavod nəhəng bir sənaye mərkəzidir. Gəncə Avtomobil Zavodu indi digər ölkələrdə sənaye sahələrinin yaradılmasında iştirak edir. Yəni, bu inkişaf ona gətirib çıxarıb ki, həm daxili tələbat təmin edilir, iş yerləri yaradılır, qeyri-neft sektoru inkişaf edir və biz artıq qonşu ölkələrə də öz məhsulumuzla, texnologiyalarımızla çıxırıq”.
2018-2021-ci illərdə qeyri-neft sənaye sektoru üzrə 7,3% artım proqnozlaşdırılır. ÜDM-in isə 2018-ci ildə 1,5%, növbəti illərdə isə orta hesabla 3,5% artacağı gözlənilir. Qeyri-neft sektoru üzrə artım daha yüksək olacaqdır. Amma bu proqnozları da ötmək imkanları var. Dövlət başçısı İlham Əliyevin iqtisadi fəallığı artırmağa xidmət edən sərəncamları, verdiyi tapşırıq və tövsiyələr bunu deməyə əsas yaradır.
Qeyri-neft sənayesinin stimullaşdırılmasında respublikanın şəhərlərində yaradılmış sənaye, texnologiya parkları və sənaye məhəllələri mühüm rol oynayır. Ümumilikdə, sənaye parklarına rezidentlər tərəfindən bu vaxta qədər 1,1 milyard dollar məbləğində investisiya yatırılmış və 5000-dən çox iş yeri yaradılmışdır. Bu proses qarşıdakı dövrdə əhəmiyyətli dərəcədə genişlənəcəkdir. Növbəti mərhələdə isə 850 milyon dollardan çox investisiya yatırılacaq və 7500-dən artıq yeni iş yeri yaradılacaqdır.
- Həyata keçirilən iqtisadi islahatlar ölkədə sahibkarlığın inkişafına ciddi təkan vermişdir. Amma etiraf edək ki, istifadə olunmayan ehtiyatlar da çoxdur. Sahibkarlığın inkişafı və sahibkarlara dəstək mexanizmləri ilə bağlı hansı tədbirlər həyata keçirilir?
-Razıyam. Son vaxtlar Milli Məclis iqtisadi islahatların dərinləşməsinə, sahibkarlığın inkişafına xidmət edən qanunlar qəbul etmişdir. Respublika sənayesində baş verən intensiv dəyişikliklərlə tanış olmaq üçün biz - Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Sumqayıt, Balaxanı, Neftçala texnoparklarında, sənaye məhəllələrində olduq. Mütəxəssislərlə, menecerlərlə, mü­həndis-texniki heyətin üzv­ləri ilə söhbətlər etdik. Eti­raf edim ki, çox məmnun olduq. Prezident İlham Əliyevin sərəncamı ilə burada qısa zaman kəsiyində ərazi təmizlənmiş, müasir tələblərə cavab verən məişət tullantıları zavodu tikilmiş, texnoloji park açılmış, yeni növ məhsullar istehsalına başlanılmışdır. Artıq Sumqayıtda, Balaxanıda, Neftçalada istifadəyə verilən texnoparklarda, sənaye mə­həllələrində istehsal müəs­sisələri uğurla fəaliyyət göstərir. Bunlarla yanaşı, Hacıqabulda, Mingəçevirdə və digər rayonlarda da yeni texnoparkların yaradılması ilə bağlı mühüm işlər görülür.
Aparılan hesablamalar göstərir ki, 2015-2017-ci illər ərzində ölkədə sənaye parklarının nəzdindəki müəssisələrdə malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi həcmi 600 milyon manatdan çox olmuşdur. Heç şübhəsiz ki, işə salınan texnoparklar, sənaye məhəllələri ildən-ilə ölkənin sənaye potensialını artıracaqlar. Texnoparklar bir neçə ildən sonra artıq büdcə gəlirlərinin formalaşmasında, emal sənayesinin quruluşunun təkmilləşdirilməsində, iş yerlərinin yaradılmasında daha fəal iştirak edəcəklər.
Sahibkarlara dəstəyin əhəmiyyətli formalarından biri investisiya təşviqi mexanizminin tətbiqidir. İndiyədək 194 sahibkarlıq subyektinə 212 investisiya təşviqi sənədi təqdim olunmuşdur ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 1,8 milyard manat investisiya yatırılacaq, 14 mindən çox yeni iş yeri açılacaqdır. İnvestisiya təşviqi sənədi almış 80-dən çox müəssisə artıq fəaliyyət göstərir, digərləri isə gələn ilin sonuna qədər fəaliyyətə başlayacaqdır. Bu və digər faktlar onu sübut edir ki, real sektorda iqtisadi fəallığın artırılması innovativ iqtisadiyyatın inkişafına güclü dəstək olacaq. Müasir texnoparkların, müasir texnologiyalara əsaslanan sənaye məhəllələrinin yaradılması keyfiyyətli iqtisadi artıma, məhsul ixracı imkanlarının genişləndirilməsinə müsbət təsirini göstərəcəkdir ki, bun­lar da son nəticədə öz əksini milli iqtisadiyyatın rəqabət qabiliyyətinin, səmərəliliyinin yüksəldilməsində tapacaqdır. Dünya təcrübəsi sübut edir ki, keyfiyyətli iqtisadi inkişaf dövlətin maliyyə imkanlarını artıran ən birinci və həlledici amildir.
- 2018-ci ilin büdcə xərcləri 2017-ci illə müqayisədə bir qədər çoxdur. Təbii ki, bu, hamımızı sevindirir. Çünki qlobal dünya iqtisadiyyatında risklərin artdığı bir şəraitdə Azərbaycanın dövlət büdcəsinin artması çox müsbət bir haldır. Nəzərdə tutulan büdcə xərcləri hansı sahələr üçün əsas maliyyə təminatı rolunu oynayacaqdır?
- Siz haqlısınız. 2018-ci il döv­lət büdcəsinin xərcləri 2017-ci illə müqayisədə 16,5%, 2016-cı ilin faktiki icrası ilə müqayisədə isə 17,8% çoxdur. 2018-ci il dövlət büdcəsində əsaslı xərclər üçün 2017-ci ilə nisbətən 46% çox vəsait nəzərdə tutulub. Onun dövlət büdcəsi xərclərində xüsusi çəkisi 37,7% təşkil edəcəkdir ki, bu da 2017-ci ilə nisbətən 7,6% çoxdur.
Əsaslı xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri 62,5% təşkil edəcəkdir ki, bu da bir sıra strateji layihələrin vaxtında icrası üçün çox vacibdir. Ümumilikdə, gələn il əsas kapitala investisiya qoyuluşlarının 15,9 milyard manat, xarici investisiyaların 7,7 milyard manat, daxili investisiyaların 8,2 milyard manat olacağı proqnozlaşdırılır. Qeyri-neft sektoruna isə 9,5 milyard manat investisiya yatırılacağı gözlənilir.
Dövlət büdcəsinin nəzərdə tutulmuş xərcləri iqtisadi islahatları davam etdirmək, ölkənin müdafiə qabiliyyətini gücləndirmək, iqtisadi, ərzaq, ekoloji təhlükəsizliyi təmin etmək, eləcə də investisiya və sosial, regional inkişaf proqramlarının, qeyri-neft sektorunda yeni istehsal və xidmət müəssisələrinin yaradılması, emal sənayesinin və onun strukturunun təkmilləşməsi, ölkədə içməli su və qaz təchizatının yaxşılaşdırılması, kanalizasiya və meliorasiya sistemlərinin müasir tələblər səviyyəsində yenidən qurulması, kənd yollarının tikintisi, informasiya-kom munikasiya texnologiyalarının tətbiqi, elektron hökumətin genişləndirilməsi və digər mühüm problemlərin həlli üçün maliyyə təminatı yaradacaqdır.
Ötən əsrin 90-cı illərinin ikinci yarısından hökumətin qarşısında duran mühüm vəzifələrdən biri Dövlət Büdcəsinin ÜDM-də xüsusi çəkisini tədricən yüksəltmək idi. Çünki büdcənin gəlir və xərclərinin ÜDM-də xüsusi çəkisinin 13-15% arasında olması dövlətin bir sıra vacib funksiyalarının həyata keçirilməsinə imkan vermirdi. Son illərdə həyata keçirilən iqtisadi islahatların səmərəliliyinin artması, iqtisadi siyasətin prioritet istiqamətlərinin düzgün müəyyənləşdirilməsi, özünü doğrultmuş beynəlxalq təcrübədən bəhrələnmə və digər iqtisadi-təşkilati tədbirlər dövlət büdcəsinin əsas parametrlərinin ÜDM-də xüsusi çəkisinin 2 dəfədən çox artmasına imkan yaratdı ki, bu da Azərbaycan dövlətinin konstitusion funksiyalarının daha geniş şəkildə həyata keçirilməsinin iqtisadi-maliyyə əsaslarını möhkəmləndirdi. Son 5 ildə dövlət büdcəsinin ÜDM-də xüsusi çəkisi 27-33% arasında tərəddüd edir.
Son 15 ildə dövlət büdcəsinin tərtibi təcrübəsi xeyli təkmilləşmiş, onun dövlətin ali maliyyə sənədi kimi respublikanın gələcək inkişaf parametrlərinin müəyyən edilməsində rolu əhəmiyyətli dərəcədə artmışdır. Qazanılmış təcrübə uzun müddətə müəyyən edilmiş inkişaf proqnozlarında büdcə gəlirlərinin artırılmasının vacib hədəflərindən biri kimi götürülməlidir. Bu, ilk növbədə adabaşına düşən büdcə gəlirlərini qabaqcıl ölkələr səviyyəsinə qaldırmaq, BMT-nin davamlı inkişaf məqsədlərinə çatmaq, keyfiyyətli həyat göstəricilərini yaxşılaşdırmaq üçün vacibdir. Təbii ki, bu göstəricinin artması ÜDM-in, eləcə də büdcə gəlirlərinin dəyişməsi meyillərinin intensivliyi, həmçinin neft amilindən istifadə edilməsi, hökumətin neftin qiymətinə (ehtiyatla) əsaslı yanaşması mövqeyi ilə əlaqədardır.
Dünya maliyyə-iqtisadi böhranı təsdiqlədi ki, azad bazarı fetişləşdirmək olmaz. Bir çox ölkələrin “hər şeyi bazar həll edir” şüarını hakim ideologiyanın məhsulu kimi ön plana çəkməsi, dövlətin mühüm strateji vəzifələrdən uzaqlaşdırılması həmin ölkələrin iqtisadiyyatında ciddi uyğunsuzluqların baş verməsi, cəmiyyətdə sosial gərginliklərin artması ilə nəticələndi. Azərbaycan dövləti bu yolla getmir, yəni azad bazarı fetişləşdirmir, özünün müstəqil inkişaf modelini seçir, iqtisadi inkişafa təsir edən xarici və daxili amilləri ölkənin spesifik xüsusiyyətlərini, milli maraqlarını nəzərə almaqla qiymətləndirir; malik olduğu strateji resursları, ilk növbədə təbii ehtiyatları dövlət mülkiyyətində saxladı, Dövlət Neft Şirkətini özəlləşdirmədi. Bir sözlə, artıq formalaşmış inkişafın Azərbaycan modelinin uğurları bütün dünya tərəfindən qəbul edilməkdədir.
Növbəti ildə respublikada bir neçə zəruri yeni təşkilatlar yaranacaqdır ki, onlar üçün də dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulmuşdur. Biz Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasını çox müsbət addım kimi qiymətləndiririk. Çünki qida təhlükəsizliyi dünyada ən narahatlıq doğuran bir məsələdir. Hələ də keyfiyyətsiz malların istehsalı, idxalı bir reallıqdır. Dövlət başçısının təşəbbüsü ilə Milli Məclis sahibkarların fəaliyyətinin yoxlanılmasını 2021-ci il yanvarın 1-nə kimi uzatdı. Eyni zamanda, bu qanunun 2.1-ci maddəsinə ciddi bir əlavə edildi. Bu dəyişiklik dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalara şamil edilmir.
Dövlət büdcəsində regionların sosial-iqtisadi inkişafına yönəldilən vəsaitlərin artması planlaşdırılır. Ümumiyyətlə, son illərdə respublikada regionların inkişafı ilə əlaqədar görülən işlərin miqyası kifayət qədər yüksəkdir. Hər bir rayonda iqtisadi fəallığın artması, istifadə edilməyən ehtiyatların aşkar olunması, kənddə daha qaynar həyatın formalaşması üçün böyük işlər görülür. Bu, çox mühüm tərəqqi, yüksəliş amilidir. Kənd təsərrüfatına dövlət dəstəyinin artırılması, yerlərdə ayrı-ayrı məhsullar üzrə ixtisaslaşmaya üstünlük verilməsi, xammal emalı ilə məşğul olan müəssisələ rin yaradılması, ayrı-ayrı təsərrüfatların, şirkətlərin istehsal etdikləri məhsulların daxili tələbatla yanaşı, ixraca da yönəldilməsi, bu işlərin sistemli aparılması, müvafiq assosiasiyaların fəaliyyətinin canlanması – bütün bunlar aqrar sektorun ölkə iqtisadiyyatında, kənddə həyat səviyyəsinin, məşğulluğun yüksəlməsində rolunun artmasına əhəmiyyətli dərəcədə təsir edəcəkdir.
-Dövlət büdcəsi ölkəmizin ali iqtisadi sənədi hesab edilir. Ona görə də hamımız maraqlıyıq ki, o vəsaitlərdən səmərəli istifadə olunsun. Qarşıdakı dövrdə büdcə vəsaitlərinin səmərəli istifadəsi ilə bağlı hansı problemlərə daha çox diqqət yetirilməsini arzu edərdiniz?
-Problemlər var və onların bəziləri üzərində dayanaq. Bir qayda olaraq, Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı xarici borclanma məsələsi də diqqət mərkəzində olur. Bu da təbiidir. Dövlət borcu ölkənin maliyyə vəziyyəti, onun dayanıqlığı ilə bilavasitə əlaqədardır. Eyni zamanda, qloballaşan dünyada elə bir tanınmış ölkə yoxdur ki, borcu olmasın. Borclanma və borcvermə müasir dünya iqtisadiyyatının vacib elementlərindən biridir. Müstəqil Azərbaycan dövlətinin apardığı borclanma siyasəti milli maraqlara, iqtisadi təhlükəsizliyə cavab verən siyasətdir. Onun indiki həddi kifayət qədər məqbuldur. Azərbaycan ən az xarici borcu olan 10 dövlətdən biridir.
Ölkənin kifayət qədər maliyyə resursları var, maliyyə sistemində müsbət meyillər güclənir. Büdcə gəlirlərinin formalaşmasında, büdcənin icrasında, borclanmada heç bir ciddi problemlər yoxdur. Xarici investorlar qarşısında öhdəliklərimiz uğurla həll edilir. Bununla belə, dövlət başçısı ölkənin maliyyə sabitliyinin qorunmasını iqtisadi müstəqilliyimizin ən vacib amillərindən sayır. Qeyd edək ki, dövlətin orta və uzunmüddətli borc siyasəti strategiyası hazırlanmışdır. Strategiyada borcun tədricən azaldılması fonunda, növbəti ildən başlayaraq dövlət müəssisələrinin birbaşa və dövlət zəmanəti əsasında xarici kredit qurumlarından borc almasının sərt çərçivələri müəyyən olunmuş və yalnız ölkənin prioritet hesab edilən layihələrini maliyyələşdirmək üçün kredit vəsaitlərinin cəlb olunması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası” təsdiq edilmişdir. Eyni zamanda, qeyd olunan fərmanın müvafiq bəndinin icrasını təmin etmək məqsədi ilə dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması qaydalarının pozulmasına görə məsuliyyət müəyyən edilən qanun və onların tətbiqi barədə müvafiq fərman layihələri hazırlanmışdır. Prezidentin ehtiyat fondunun səmərəli istifadə olunması ilə bağlı görülən tədbirlər birmənalı şəkildə ölkədə iqtisadi fəallığı canlandırmaq, sosial vəziyyəti daha da yaxşılaşdırmaq məqsədlərinə xidmət edir.
Biz belə bir müqayisəli təhlil apardıq. İnkişaf etmiş ölkələrdə büdcə xərclərinin ÜDM-ə nisbəti ilə inkişaf etməkdə olan ölkələri müqayisə etdik: Son 20 ildə inkişaf etmiş ölkələrdə büdcə xərclərinin ÜDM-ə nisbəti o qədər sürətlə dəyişməmişdir, səbəb odur ki, onlarda artıq sosial sahələr formalaşmış və inkişaf etmiş maliyyələşmə sistemi fəaliyyət göstərir. Ona görə də bu ölkələrin dövlət büdcəsində sıçrayışlı sosial-iqtisadi tədbirlər nadir hallarda həyata keçirilir. Amma inkişaf etməkdə olan, müstəqilliyi 25 il bundan əvvəl əldə etmiş ölkələrdə bu kimi sıçrayışlı, sürətli tədbirlərin reallaşdırılmasına ehtiyac var. Manatın devalvasiyası bu müsbət dinamikanı müəyyən dərəcədə ləngitdi. 2018-ci ilin dövlət büdcəsinin təhlili göstərdi ki, hökumət, Maliyyə Nazirliyi bu göstəricini daim nəzarətdə saxlayır. Bir qayda olaraq, inkişaf sürəti artdıqca, gəlirlər çoxaldıqca, xərclərin ümumi artımı ilə yanaşı, onun strukturu da təkmilləşəcək və bu proses qarşıdakı illərdə daha keyfiyyətli, milli maraqlara cavab verən istiqamətdə tənzimlənəcəkdir.
Ümumiyyətlə, dövlət büdcə xərcləri ilə iqtisadi inkişaf, iqtisadi artım arasında nisbətin sistemli təhlili ciddi araşdırmalar, vaxtilə formalaşmış iqtisadi baxışların bu günün reallıqları baxımından qiymətləndirilməsini tələb edir. Azərbaycanda formalaşmış iqtisadi potensial, strateji planlaşdırma və proqnozlaşdırma üçün əlverişli şəraitin yaranması, ölkənin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi istiqamətində atılan mütərəqqi addımlar iqtisadi artım ilə dövlət büdcəsi arasındakı qarşılıqlı əlaqə və asılılığın daha səmərəli olması imkanlarını genişləndirir.
Ölkənin tədiyyə balansında baş verən dəyişikliklər onu göstərir ki, 2007-2017-ci illərdə yalnız bir dəfə idxal ixracı ötmüşdür. Bu gün respublikamız MDB məkanında Rusiya, Qazaxıstanla bərabər özünün tədiyyə balansının əsas göstəricisinə görə, xüsusən müsbət saldosu ilə fərqlənir. Amma tədiyyə balansının güstəricilərini daha da yaxşılaşdırmaq imkanları çox böyükdür.
Son vaxtlar bank sektorunda yaranmış problemlər iqtisadi fəaliyyəti məhdudlaşdırır, real sektora dəstək kifayət dərəcədə həyata keçirilmir. Devalvasiyanın təsirlərini aradan qaldırmaq istiqamətində görülən işlər kifayət etmir. Kredit faizləri həddindən artıq yüksəkdir. Bu məsələ barədə çoxdan danışılır, amma görülən işlər kifayət deyildir. Bu gün manatın sabitliyinin qorunması ilə əlaqədar görülən işlər məqbul sayılır, amma bankların müştərilərlə münasibətlərin yumşaldılmasına, banklara olan inamın bərpa olunması istiqamətində fəallığın artırılmasına ehtiyac vardır. Və təşəbbüs ilk növbədə banklar tərəfindən edilməlidir. Bəziləri inflyasiyanın səviyyəsindəki dəyişikliklərin səbəblərini düzgün müəyyən etmirlər, əsassız pul qıtlığının yaranmasını obyektiv proses kimi qiymətləndirirlər.
İqtisadi inkişaf səviyyəsi nisbətən aşağı olan rayonlarda əlavə olaraq bir neçə layihənin həyata keçirilməsi ümumi respublika üzrə inflyasiyaya güclü təsir edəcəkmi? Əlbəttə, yox. Bir çox ölkələr artıq neçə illərdir ki, daxili tələbatın stimullaşdırılması hesabına özlərini qlobal risklərdən qoruyur, iqtisadi inkişafı təmin edirlər. Bank sektorunun bu kimi müsbət təcrübələrdən istifadə etməsi məqsədəuyğun olardı.
Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi prosesində bir məqam da diqqəti cəlb edirdi. Bir tərəfdən büdcə sisteminin təkmilləşməsi, ortamüddətli büdcə tərtibinə keçilməsi, iqtisadi, sosial inkişaf proqnozlarının reallığının artırılması, vergi sistemində şəffaflığa, vergi mədəniyyətinin yüksəlməsinə xidmət edən dəyişikliklərin davam etdirilməsi, digər tərəfdən dövlət büdcəsinin geniş, ətraflı müzakirəsi, büdcə zərfinə daxil olan qanun layihələrinin vaxtında Milli Məclisə təqdim edilməsi belə bir fikri söyləməyə əsas verir ki, ölkədə ictimaiyyətin daha geniş məlumatlandırılması prosesi inkişaf edir, keyfiyyətli iqtisadi yüksəlişin təmin edilməsində dövlət büdcəsinin rolu əhəmiyyətli dərəcədə artır.

 

Müsahibəni hazırladı:
Mətanət Hüseynova