Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İnfrastruktur layihələri arasında melorasiya tədbirləri ön planda dayanır

 

Ölkəmizdə aqrar sahənin inkişafı bir sıra aqrotexniki amillərlə yanaşı, həm də suvarma və meliorasiya sistemlərinin yüksək səviyyədə təşkilindən asılıdır. Azərbaycanda uzun illər suvarma əkinçiliyi mövcud olub və bir çox hallarda bu sahədə çətinliklər yaşanıb. Şübhəsiz ki, torpaqların münbit saxlanılması, şorlaşmanın və duzlaşmanın qarşısının alınması da suvarma ilə bağlıdır.
Respublika ərazisinin yalnız 52,3 faizi kənd təsərrüfatına yararlıdır ki, bu ərazinin də böyük bir qismini bağlar, üzümlüklər, çay plantasiyaları, otlaqlar və biçənəklər təşkil edir. Cəmi 1 milyon 674 min hektar ərazi şum altında istifadə olunur. Suvarılan torpaqlar kənd təsərrüfatına yararlı torpaqların üçdə birini təşkil etsə də, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90 faizi bu torpaqların payına düşür.
Azərbaycanda suvarma əkinçiliyinin tarixi XX əsrin əvvəllərinə gedib çıxır. Belə ki, 1913-cü ildə 550 min hektar ərazi suvarılırdısa, 2017-ci ildə bu rəqəm 1 milyon 439 min hektara çatdırılıb. İstər Çar Rusiyası, istərsə də Sovet hakimiyyəti illərində, konkret olaraq ötən əsrin 50-ci illərində Azərbaycanda torpaqların yarısı, yəni 49,5 faizi bu və ya digər dərəcədə şorlaşmaya məruz qalmışdı.
1969-89-cu illərdə həyata keçirilən genişmiqyaslı meliorasiya və quruculuq tədbirləri nəticəsində həm suvarma və kollektor-drenaj şəbəkəsi yaradıldı, həm də torpaqların hamarlanması, kimyəvi yuyulması işləri aparıldı. Həmçinin, torpaqlara kifayət qədər mineral gübrələr verilməklə və digər aqrotexniki tədbirlər görülməklə onların münbitliyi artırıldı. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin səyi və gərgin əməyi hesabına mümkün olmuşdur. Ötən əsrin 80-ci illərində respublikada baş verən ictimai-siyasi hadisələr, iqtisadi böhran və tənəzzül, Ermənistanla müharibə bir müddət əkin altında olan torpaqların istifadəsiz qalmasına və bununla əlaqədar torpaq səthinin buxarlanmasının artmasına, duzların aşağı qatlardan torpağın üst səthinə çıxmasına, nəhayət, torpaqların meliorativ vəziyyətinin pisləşməsinə, şorlaşmanın sürətlənməsinə zəmin yaratmışdır.
1989-2000-ci illər arasında suvarılan torpaqlarda şorlaşma dinamikası göstərir ki, bu 11 il ərzində yuxarıda deyilən səbəblər ucbatından torpağın 1 metrlik üst qatındakı duzların artması baş vermiş, şorlaşmış və zəif şorlaşmış torpaqların miqdarı 4 faiz artmışdır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə respublika rəhbərliyinə yenidən qayıdışından sonra aqrar bölmədə aparılan köklü islahatlar, torpaqların özəlləşdirilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması, kollektor-drenaj şəbəkələrində mərhələlərlə bərpa-təmir işlərinin aparılması, meliorasiya və su təsərrüfatı sahəsinə investisiyaların yönəldilməsi, sözügedən istiqamətə dövlətin maliyyə dəstəyinin genişləndirilməsi kənd təsərrüfatının inkişafında ciddi dönüşə gətirib çıxarmışdır.
Xarici investisiyalar hesabına Baş Mil-Muğan Kollektorunun II və III növləri tikilib istifadəyə verilmiş, Tərtər, Bərdə, Şəmkir və Biləsuvar rayonlarının ərazisində suvarma işlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin xətti ilə Dünya Bankının maliyyə dəstəyi əsasında «Suvarma Paylayıcı Sistemi və Onun İdarə Olunmasının Təkmilləşdirilməsi layihəsi» və Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə İFAD təşkilatının maliyyə dəstəyi əsasında «Şimal-Şərq İnkişaf layihəsi» gerçəkləşdirilmişdir. Həmin layihələr çərçivəsində Goranboy, Zərdab, Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Quba, Xaçmaz, Şabran, Siyəzən, Abşeron rayonlarında və Naxçıvan MR-in Babək və Şərur rayonları ərazisində 85 min hektar sahədə suvarma və drenaj şəbəkəsinin bərpası həyata keçirilmişdir.
Layihənin tam başa çatması nəticəsində 105 min hektara yaxın ərazidə suvarma-drenaj şəbəkəsinin bərpası, yenidən qurulması yekunlaşmış və hazırda daha 14 min ərazidə bu istiqamətdə tədbirlər uğurla davam etdirilir. Respublikanın 500 min hektar suvarılan ərazisində duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan Kollektorunun III hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq, Mil-Qarabağ Kollektoru ilə birləşdirilmişdir.
Həyata keçirilmiş əsaslı tədbirlər nəticəsində 2003-2011-ci illər ərzində 118 min hektar ərazidə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. Hidromeliorativ sistemlərdə aparılan təmir-bərpa və təmizləmə işlərinin həcmi əhəmiyyətli dərəcədə artırılmışdır. Belə ki, 2000-ci ilin əvvəllərində hər il 650-700 km kollektor-drenaj şəbəkəsi lildən təmizlənirdisə, 2011-ci ildə bundan beş dəfə çox - 3250 km kollektor-drenaj şəbəkəsi lildən təmizlənmişdir.
2000-2016-cı illər arasında suvarılan torpaqlarda şorlaşmanın vəziyyəti göstərir ki, bu müddət ərzində şorlaşma 52 faizdən 45 faizə enmişdir ki, həmin ərazilərdə 27 faizi zəif şorlaşmış torpaqların xüsusi çəkisi 13 faiz, şiddətli şorlaşmış torpaqların həcmi isə 8 faiz təşkil edir.
Göstərilən dinamika heç də onu deməyə əsas vermir ki, şorlaşma problemi həll olunmuşdur. Hələ bu istiqamətdə çox işlər görülməli, zəruri addımlar atılmalıdır. Ölkədə hal-hazırda meliorativ tikinti işləri davam etdirilir. Belə ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin xətti ilə Dünya Bankının Maliyyə dəstəyi əsasında Naxçıvan MR-in bütün rayonlarını, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə İFAD təşkilatının maliyyə dəstəyi əsasında Qazax, Ağstafa və Tovuz rayonlarını əhatə edən «Şimal-Qərb İnkişaf» layihəsinin icrası davam etdirilir.
Meliorativ tikinti işləri ilə yanaşı, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin istismar idarələri dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına hər il su itkisinin qarşısının alınması və azaldılması, suvarma təminatının yaxşılaşdırılması istiqamətində müvafiq istismar tədbirləri görürlər. Hər il suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 40-45 milyon kubmetr həcmində lildən təmizləmə işləri yerinə yetirilir, 5-6 min hidrotexniki qurğu, çoxsaylı elektrik və dizel mühərriki, nasos aqreqatları və transformatorlar təmir edilərək işlək vəziyyətə gətirilir.
Kanal, kollektor və digər su təsərrüfatı obyektləri boyunca 100-160 hektar meşə zolaqları salınır.
Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş meliorasiya və su təminatı problemlərinin cənab prezident İlham Əliyev tərəfindən daim diqqət altında saxlanılması, son illər əkinə yararlı torpaq sahələrinin hidromeliorativ vəziyyətin yaxşılaşdırılması, yeni kollektor-drenaj şəbəkələrinin, hidroqovşaqların və su anbarlarının yaradılması, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, torpaqların şorlaşmasının qarşısının alınması məqsədilə görülən tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalında ciddi artım dinamikası özünü göstərmişdir. 2011-ci ildə qəbul edilmiş «Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi»ndə nəzərdə tutulmuş «Suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və təkrar şorlaşmanın qarşısının alınması» bəndinin icrası ilə əlaqədar xüsusi tədbirlər planı işlənib hazırlanmış və onun icrasına başlanmışdır.
Tədbirlər planına əsasən, 2017-ci ilin doqquz ayı ərzində suvarılan torpaqlara hidrogeoloji-meliorativ xidmət işinin vəziyyəti “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Elmi-Texniki Şurasında geniş müzakirə edilmiş və hesabat tərtib olunmuşdur. Elmi-Texniki Şurada yerli şərait nəzərə alınmaqla hidrogeoloji-meliorativ vəziyyətin düzgün öyrənilməsi və qiymətləndirilməsi metodları nəzərdən keçirilərək, yeni təsərrüfatçılıq prinsipləri, bitki növü nəzərə alınmaqla rejim-müşahidə işlərinin tərkibi və aparılma tezliyi dəqiqləşdirilmiş, qrunt sularının minerallığı və torpaqların şorlaşmaya görə qiymətləndirilməsi metodikası müəyyən olunmuşdur.
Azərbaycan Respublikasında qeyri-neft sektorunun strukturunda kənd təsərrüfatının üstün mövqeyə çıxarılması bir sıra ənənəvi kənd təsərrüfatı məhsullarının, o cümlədən pambıqçılığın inkişafında geniş üfüqlər açmışdır.
2016-cı ildə ölkənin 20 inzibati rayonunda 50 min hektardan çox pambıq əkilmişdirsə, 2017-ci ildə bu rəqəm 131 min hektara çatdırılmış, sahələrdən 200 mindən artıq məhsul yığılmışdır. Cari ildə hədəf daha böyükdür. Çünki dünya bazarında mahlıc yaxşı qiymətə satılır, sahibkarlıq subyektləri onları qane edən qazanc götürdüklərinə görə bu sahəyə böyük maraq göstərirlər. Əkinçiliyin inkişafı isə birbaşa suvarma işinin təşkilindən asılıdır. Bu sahədə gecikmə, yubanma halları baş verərsə, digər aqrotexniki əməliyyatların necə aparılmasından asılı olmayaraq, yüksək məhsuldarlıq əldə etmək olmaz. Odur ki, suvarma və meliorasiya sistemində texnoloji yeniliklərin tətbiq olunmasına ciddi ehtiyac vardır. Problemin son dərəcə böyük mahiyyət kəsb etdiyini dilə gətirərək cənab prezident İlham Əliyev demişdir: «İnfrastruktur layihələri arasında meliorasiya məsələləri daha ön plandadır. Bu layihələrin icrası artıq öz səmərəsini verib. 2017-ci ildə 150 min hektar yeni sahəyə suyun verilməsi təmin edilir. 2018-ci ildə isə bu günə qədər suvarılmayan, yaxud suvarılması lazımi səviyyədə olmayan 100 min hektar sahəyə yeni kanallar çəkilməlidir ki, bu proses daha sürətlə getsin. Beləliklə, suvarılan torpaqların həcmi hər il artırılacaq».
Azərbaycanda kənd təsərrüfatı sahəsində zəngin təcrübə vardır. Bu təcrübə minilliklər boyu inkişaf edib formalaşıb. Ölkəmizdə yetişdirilən üzümün, narın, əncirin, heyvanın, yüz çeşiddə bostan və tərəvəzlərin şöhrəti dünyaya yayılıb. Odur ki, Azərbaycan brendi altında məhsullar xarici bazarlarda özünə tez alıcı tapa bilir. Təkcə qalır məhsulun müasir standartlara uyğun şəkildə becərilməsi, çeşidlənməsi və qablaşdırılması. Bu işi də bölgələrdə bir-birinin ardınca yaradılıb istifadəyə verilən aqroparklar və logistika mərkəzləri yüksək səviyyədə yerinə yetirəcək. Yaxın bir neçə il ərzində respublikada kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı sahəsində ciddi dönüş yaranacaqdır.

 

Zülfü İLYASOV,
bölgə müxbiri