Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
17-23 oktyabr 2019-cu il
41 (1088)
3-9 oktyabr 2019-cu il
39 (1086)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Gələcəyin təhsili - distant təhsil

 

“İnternet-təhsilin meydana gəlməsi son 500 ildə təhsil texnologiyaları sahəsində kitab çapının yaranması anından bu günə qədər baş verən ən önəmli dəyişiklikdir”.

D.D.Hanter,
“Mədəniyyətlər savaşı” əsərindən


 


İnternetin imkanları insanların arzularını gerçəkləşdirir
Bu gün internet hər birimizin həyatına möhkəm daxil olmuşdur. Ali təhsil almaq, peşəkar olmaq arzusunda olan hər kəs bunu gerçəkləşdirə bilər. Yetər ki, İnternetə çıxış olsun. Bəli, artıq təhsil almaq üçün böyük şəhərlərə getmək, pul xərcləmək lazım deyil. Müasir gənclərin çoxu öz həyat və təhsillərində internetdən fəal istifadə edir. İKT-dən istifadə formalarından biri də distant təhsildir.
Bu gün ali təhsili, diplomu dəbdəbə, artıq bir şey hesab edənlərin sayı azalmaqdadır. Ali təhsilə önəm verənlər gündən-günə artır. Lakin hər kəs arzuladığı yerə gedib ali təhsil məktəblərinə daxil ola bilmir. Ona görə də bir çox ali məktəblər, xüsusilə də, xarici ölkə universitetləri müvafiq diplom verməklə distant təhsil təklif edirlər.
Hazırda bu, daha çox Qərbdə yayılıb: qabaqcıl universitetlərin və institutların distant təhsil proqramları vardır. Bundan əlavə, xüsusi “distant” təhsil müəssisələri yaradılır, onların bir çoxu (məsələn, Britaniyanın Open Universiteti) artıq dünyada böyük populyarlıq qazanmış və müxtəlif ölkələrdə öz bölmələrini yaratmışlar. Proqnozlara görə, məhz distant təhsil (təhsilin ənənəvi formaları ilə birlikdə) gələn əsrdə üstünlüyü ələ alacaq və heç də təsadüfi deyil ki, bu gün onu “gələcəyin təhsili” adlandırırlar.
Qloballaşma şəraitində bütün dünyada təhsilin ən yeni və effektiv texnologiyalarına, o cümlədən distant təhsil texnologiyalarına tələbat gündən-günə artır. Bir çox xarici ölkələr distant təhsili prioritet istiqamət elan etmiş və müntəzəm olaraq onun inkişafına böyük həcmdə maddi vəsait ayırırlar. Bu prosesin başlanğıcını qoyan ABŞ olsa da, hazırda bir çox Avropa ölkələrində və Avstraliyada distant təhsil sürətlə inkişaf etməkdədir. Son illər distant təhsilin populyarlığı kəskin şəkildə artıb. Bu, əhalinin bütün təbəqələri üçün ən münasib və baha olmayan təhsil formasıdır.
Proqnozlara görə, onlayn təhsil genişləndikcə gənclər arasında bu universitetlərə virtual axın artacaq. Bunun qarşısını qadağalarla, süni maneələrlə almaq mümkün olmayacaqdır. Oksford, Harvard, Stenford, MİT kimi tanınmış universitetlər tədricən onlayn, açıq  kurslar vasitəsi ilə pulsuz təhsilə keçirlər.


Distant təhsilin üstünlükləri
Mütəxəssislər hesab edirlər ki, əyani təhsil keyfiyyət baxımından yaxşı olsa da, bunun üçün böyük vəsait tələb olunur. Bu gün bütün insanların öz arzuları, istəkləri ilə müəyyən təhsil almasının yeganə yolu distant təhsil ola bilər. Belə ki, distant təhsil forması xeyli üstünlüklərə malikdir. Bu üstünlüklərə onun əlçatanlığı, böyük maddi vəsait tələb etməməsi, çevikliyi və s. daxildir. Bundan əlavə, vaxtın çox hissəsini tələbələr müstəqil şəkildə məşğul olurlar,  müəllimlər, eyni zamanda, daha çox tələbəni öyrədə bilir. Distant təhsil insanın utancaqlıq və auditoriya qarşısında çıxış etmək fobiyası kimi psixoloji maneələri dəf etməyə imkan verir. Distant təhsil mobildir və deməli, tələbənin daim aktual məsələlərə çıxışı olur. Nəhayət, distant təhsil  əyani təhsildə olan neqativ halları – korrupsiyanı istisna edir. Belə ki, burada tələbə ilə müəllim arasında canlı ünsiyyət, eləcə də qohumluq, tanışlıq münasibətləri olmadığından, rüşvətalma, rüşvətvermə halları da olmur.
Bu sistem üzrə təhsil alanlar üçün müəyyən təhsil səviyyəsi vacib deyil və hər kəs “istədiyi qədər”, yəni hər hansı predmeti mənimsəyə və zaçot almaq üçün zəruri olan qədər öyrənə bilər. Distant təhsil fasiləsiz təhsil sisteminin formalarından biri olub, insanların təhsil hüququnu, informasiya almaq hüququnu gerçəkləşdirməyə xidmət edir. Bu, təhsil almaq arzusunda olan hər kəsə öz peşə fəaliyyəti ilə paralel olaraq əsas və ya əlavə təhsil almağa imkan yaradır. Deməli, distant təhsil alınmasında əhalinin müxtəlif təbəqələrinə bərabər imkanlar yaradılır.


Azərbaycanda distant təhsil: ilk addımlar və qarşıya çıxan problemlər
Azərbaycanda distant təhsilin rəsmi yaranma tarixi «Təhsil haqqında» yeni Qanunun təsdiq edildiyi 19 iyun 2009-cu il hesab olunur. “Təhsil haqqında” Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycanda təhsil almanın 4 forması mövcuddur. Bu, əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsil formalarıdır. Distant təhsil öyrədən və öyrənən arasında telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirilən təhsil formasıdır.
Bir çoxları hesab edirlər ki, distant təhsil bizə məlum olan qiyabi təhsilin yeni formasıdır. Düzdür, hər kəs evdən çıxmadan təhsil ala bilər, ancaq bir şərtlə: onun müasir, standart proqramla təchiz edilmiş kompüteri olmalıdır. Bu proqramın mahiyyəti ondan ibarətdir ki, distant təhsil və müasir texnika və texnologiya ayrılmazdır. Və artıq tələbə praktiki olaraq harada yaşamasından asılı olmayaraq, istədiyi ali təhsil müəssisəsinin proqramı üzrə təhsil ala bilər. Bu o deməkdir ki, bu gün təhsil dünyəvi və əlçatan olub, siyasi və iqtisadi birlik proseslərini qabaqlayır.
Bəs, Azərbaycanda distant təhsilə keçid necə həyata keçirilir və ya ümumiyyətlə, bu sahədə vəziyyət necədir? Bu və digər suallara cavab tapmaq üçün təhsil üzrə ekspert, Azərbaycan Dövlət  Pedaqoji Universitetinin  dosenti  İlham  Əhmədovla görüşüb söhbət etdik. Onun sözlərinə görə, “Təhsil haqqında” Qanunda Azərbaycanda təhsil almanın formalarından biri distant təhsildir. Amma təhsilin bu formasının qanunda öz əksini tapmasına baxmayaraq, ali məktəblərin maddi-texniki bazası bunun tətbiqinə imkan vermir. Vaxtı ilə Təhsil Nazirliyi tərəfindən (2005-ci ildə) ali təhsilin bəzi istiqamətləri üzrə distant texnologiyaların tətbiqi üçün konseptual və strateji əhəmiyyətli müəyyən sənədlər hazırlanıb. Bu sənədlərə müəyyən əlavələr etməklə, ali pedaqoji təhsilin distant texnologiyalar əsasında reallaşdırılması istiqamətində hazırlıq işlərinə başlamaq mümkündür. Ölkə səviyyəsində ali təhsilin bütün mühüm istiqamətləri üzrə distant təhsil sistemini yaratmalı olsaq, minlərlə elektron dərslik hazırlanmalıdır. Mütəxəssislərin hesablamalarına görə, bu işə 10 il vaxt və 150 milyon manatdan artıq vəsait lazım ola bilər. İnkişaf etmiş və inkişafda olan bir çox ölkələr bu işi 10-15 il əvvəl və daha çox investisiya ilə həll etmişlər. Göründüyü kimi, distant təhsil sisteminin yaradılması böyük maliyyə vəsaiti tələb edir. İlham müəllimin fikrincə, ölkəmizdə 1999-cu ildən başlayaraq təhsil islahatları həyata keçirilir. Azərbaycan Dövlət İqtisad Universitetində distant təhsillə  əlaqədar  bir sıra işlər görülsə də, bu iş hələ də həll olunmayıb. Çünki distant təhsil sisteminin yaradılması ölkə səviyyəli  problemdir, bunu  bir  universitetin  gücü ilə həll etmək mümkün deyil. Bunun üçün Azərbaycanda distant təhsilin inkişaf strategiyaları hazırlanmalı, hüquqi normativ baza yaradılmalıdır.  Təəssüf  ki, nazirlik səviyyəsində bu istiqamətdə zəruri  işlər görülməmiş və İqtisad Universitetində başlanan təşəbbüs sonadək tam realla­şa bilməmişdir. Distant təhsilin ya­radılması üzrə ölkəmizdə bəzi universitetlərdə müəyyən ixtisaslar üzrə pilot layihələr hazırlayıb hə­yata keçirməyin zamanı çoxdan çatmışdır.


Ekspert sözü
Ölkəmizdə distant təhsilin yaradılması sahəsində problemlər çoxdur. Bu barədə danışan İlham Əhmədov dedi: “Problemlər innovasiya cəmiyyətinin, informasiya cəmiyyətinin yaranması ilə bağlıdır. İnformasiya texnologiyalarının yaranması təhsildə inqilabi situasiya yaradıb. Dünyada milyonlarla tələbəsi olan universitetlər var. Həmin universitetlərdə tələbələr 100-dən artıq ixtisas üzrə təhsil alırlar. Tələbələrin seçim imkanı böyükdür, onlar tələbat və maraqlarına uyğun olaraq paralel fənlər, digər ixtisaslardan əlavə modullar götürür, bu da çox yaxşı nəticə verir, çünki onlar asanlıqla iş tapa bilirlər. Artıq tələbəlik dövründən işləyə-işləyə oxuyurlar, həm də staj toplayırlar. Hazırda respublikamızdan  kənarda   distant  texnologiyalar  əsasında təhsil alan gənclərimizin sayı  kifayət qədərdir. Onlar  Avropanın,  Amerikanın,  Asiyanın  universitetlərində distant təhsil alırlar. Gənclərimizin   xaricdə distant  təhsil alması bizim  milli  universitetləri də müəyyən qədər rəqabətə dəvət edir. Artıq  təhsil bazarı  qlobal  xarakter  daşıyır. Təəssüf  ki,  bizim universitetlər  bu  rəqabətə  hazır  deyillər...
Azərbaycanda distant təhsilin yaradılması və inkişafı üçün müəyyən işlər görülür, ən azından gələn ilin dövlət büdcəsindən təhsilə xeyli vəsait ayrılıb, onun müəyyən hissəsi distant təhsilin yaradılması üçün nəzərdə tutulub. Düzdür, biz bu sahədə 15 il itirmişik, amma gec də olsa, bu işə tezliklə başlamalıyıq.
Distant təhsilin yaradılması üçün güclü elektron kitabxana sistemi lazımdır. Tədris planında olan bütün fənlər üzrə elektron dərsliklər  hazırlanmalıdır.  Professor-müəllim heyətinin hamısının uzunmüddətli, sistemli təkmilləşdirmə kursu keçməsi  zəruridir.  Yüksək səviyyəli texniki avadanlıqlarla təminat  problemi həll olunmalıdır və mütəmadi olaraq bu sistem zənginləşdirilməlidir”.
Bütün bunların həyata keçirilməsi distant təhsili müasir dövrün sosial kontekstinə daxil etməyə imkan verəcəkdir. Bu həm zərurət, həm də Azərbaycan Respublikasının ali təhsil sisteminin modernləşdirilməsinin strateji istiqamətlərindən biridir.


Rus Əhmədin çağırışı
Sonda Azərbaycan kinosunun şedevrlərindən biri – İsmayıl Şıxlının eyniadlı əsəri əsasında çəkilmiş «Dəli Kür» filmini xatırlatmaq istərdim. «Niyə faytonçu oğlu fayton sürməli, qəssab oğlu qəssab olmalıdır?», - deyib etiraz edən Rus Əhməd haqlı deyildimi? Bu gün ucqar dağ kəndində yaşayan qəssab oğlu da, çoban oğlu da, kifayətdir ki, müasir standartlara cavab verən bir kompüterlə ali təhsil alsın.
Bu sadalanan problemləri yubatmadan həll etməliyik ki, sabah övladlarımız bizi qınamasın, yaşlı nəsil isə “Sovetlər dövrünün təhsil sistemi pulsuz və daha yaxşı idi”, - deməsin... Lap elə qəssab oğlu da, çoban oğlu da heç bir maddi çətinlik çəkmədən xarici ölkə universitetlərinin birində oxuyub müasir biliklərə yiyələnsin, elmlə silahlansın, lazım gəldikdə doğma Azərbaycanımızı beynəlxalq səviyyədə, ən mötəbər yerlərdə layiqincə təmsil edə bilsin.
Azərbaycan İKT sahəsində xeyli­ uğurları olan kosmik dövlətdir,  ASAN xidmət kimi mütərəqqi bir ideya məhz bizim ölkədə həyata ke­­çi­rilib. İndi Azərbaycan dünyada tanınır, onunla hesablaşırlar. Dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nda Azərbaycan 138 dövlət arasında 35-ci yerdədir (MDB ölkələri arasında isə 1-ci yerdə). Bütün bunlar  göstərir ki, istəyimiz  olanda  nailiyyət əldə edə bilərik. Yetər ki, sözdən əmələ keçək. Əminəm ki, Azərbaycanda yaxın zamanlarda distant təhsil geniş yayılacaq, bunun üçün ölkəmizin oxumaq, öyrənmək əzmində olan istedadlı gəncləri, dövlətimizin isə kifayət qədər gücü, potensialı var.

 

Yeganə MƏMMƏDOVA