Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Ölkəmizin ixrac potensialının artırılması üçün yeni imkanlar açılır

 

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ölkəmizdə qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqaməti kimi götürülmüş, iqtisadiyyatın şaxələndirilməsi, geniş diversifikasiyası əsas məqsəd kimi ön plana çəkilmişdir. Hazırda ölkəmizdə qeyri-neft sektorunun əsas qollarından olan kənd təsərrüfatının bir çox sahələrinin inkişafı üçün geniş imkanlar və perspektivlər yaranmışdır. Bu baxımdan ölkədə kənd təsərrüfatının istər qida, istərsə də digər ənənəvi sahələri olan pambıqçılıq, üzümçülük, baramaçılıq, tütünçülük, çayçılıq kimi vaxtilə böyük inkişaf yolu keçmiş, son illərdə isə, təəssüf ki, tənəzzülə uğramış sahələrinin yenidən canlandırılması göz qabağındadır. “2014-2018-ci illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulduğu kimi, bu gün bu sahələrə xüsusi diqqət ayrılması -regionlarda geniş infrastruktur layihələrinin həyata keçirilməsi, innovasiyalara əsaslanan aqroparkların təşkili, sahibkarlığın inkişafına dəstək verilməsi baxımından əlverişli biznes və investisiya mühitinin yaradılması qeyri-neft sektorunun inkişafına nail olmağın və ölkənin ixrac potensialının artırılmasının ən məqsədəuyğun yoludur.
Məlumdur ki, aqrar sahənin bu və ya digər dərəcədə inkişafı ölkənin malik olduğu təbii-coğrafi iqlim şəraiti ilə bilavasitə bağlıdır. Xoşbəxtlikdən ölkəmizin yerləşdiyi coğrafi ərazi və mülayim iqlim qurşağı nəinki qonşu ölkələrdə, hətta dünya miqyasında nadir təsadüf olunan, istifadəsinə görə bir çox sahələrdə olduqca faydalı hesab edilən bitkilərin yetişdirilməsi baxımından çox əlverişlidir. Söhbət açacağımız kənd təsərrüfatı məhsulu həm təbabətdə, eləcə də bir çox sənaye sahələrində geniş istifadə imkanlarına malik olan biyan bitkisidir.


Biyanın əhəmiyyəti
Təbabət və yeyinti sənayesində kifayət qədər qiymətli məhsul kimi işlədilən biyanın müalicəvi xüsusiyyətlərinə görə bir çox xəstəliklər zamanı istifadəsinin tarixi çox qədimdir. Qədim Çin əlyazmalarında qeyd olunurdu ki, biyan kökü orqanizmi cavanlaşdırır, möhkəmləndirir, dərini təravətli edir, duyğu orqanlarının fəaliyyətini yüksəldir. Onu yuxarı tənəffüs yollarının xəstəlikləri, eləcə də mədə xorası, allergik dermatit, ekzema, bronxial astma, həmçinin keyfiyyətsiz ət məhsulları və göbələklərlə zəhərlənmə zamanı qəbul edirlər. Hazırda elmi təbabətdə təsdiq olunmuşdur ki, biyan kökünün təxminən 23%-ni ən qiymətli komponent hesab olunan qlisirin turşusu təşkil edir.
Yabanı halda biyan Cənub-Şərqi Avropanın, Şimalı Afrikanın, Rusiyanın cənub zonaları, Qərbi Sibirin, Şimalı Qafqazın mülayim iqlim zonalarında, Orta Asiya və Qafqazda bitir. Biyan bitkisinin elmə məlum 18 növündən 8-nə Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Muğanda, Naxçıvan düzənliklərində təsadüf olunur. Biyan məhsuluna kökü və ekstraktı daxildir.


Ölkəmizdə biyançılığın tarixi
Biyançılığın Azərbaycanda 19-cu əsrin sonunda sürətlə inkişaf etməyə başlaması tarixi mənbələrdən məlum olur. Biyan kökünə olan maraq haqqında Həsən bəy Zərdabi 1893-cü ildə yazırdı: “Təbii çoxalan biyan Zərdabın, demək olar ki, bütün sututar ərazilərində yetişirdi. Əvvəllər biyandan ancaq mal-qara üçün qaba yem kimi, oduncağından isə ocaqda yandırmaq üçün istifadə edirdilər. Biyan kökü şəkər istehsalı üçün əvəzsiz xammal kimi kəşf edildikdən sonra onun sənayedə istifadə olunması zərurəti meydana çıxdı.19-cu əsrin 60-cı illərində Moskvada yaşayan 2 nəfər Şamaxı sakini Zərdabın Əlvənd kəndində biyan kökü şirəsi istehsal etməyə başladı və biyan kökü tədarük etmək zərdablılar üçün yeni bir istehsal fəaliyyəti növünə çevrildi”.
Azərbaycanda 19-cu əsrdə sənayenin inkişafını təhlil edən akademik Ə.Sumbatzadənin əsərlərində ötən yüzilliyin 80-90-cı illərində Azərbaycanın Gəncə, Ucar, Ağdaş, Kürdəmir rayonlarında xarici sahibkarların məxsus olduğu biyan müəssisələrinin fəaliyyəti haqqında geniş məlumat verilir: “Yerli sakinlərin yığdığı biyan kökünü xarici şirkətlər çox ucuz qiymətə satın alır, xammal kimi, eləcə də müəyyən emal mərhələlərindən keçirərək kök və ondan alınan şirə şəklində Avropaya, Amerikaya ixrac edirdilər. Ümumilikdə, bu dövrdə biyan kökünün çıxarılması və emalı ilə məşğul olan bütün fabriklərdə orta hesabla 250 fəhlə işləyirdi ki, onların orta illik istehsal məhsulunun məbləği 800 min rubldan az deyildi”.
Sonrakı illərdə biyan emalının həcmi təxminən ildə 50000 tona çatırdı. 1929-1934-cü illərdə bütünlüklə Azərbaycanda hər hektardan 11,86 tona yaxın məhsul ehtiyatı tədarük edilmişdi. Lakin 30 il sonra aparılan tədqiqatlar göstərdi ki, biyanın bitdiyi ümumi sahələr 5 dəfə, ümumi ehtiyatlar isə 4 dəfə azalmışdı. Sovet dövründə isə bu qiymətli məhsulun istehsalı getdikcə zəifləmiş, “mərkəzdən” verilən göstərişlərə əsasən, digər məhsullarla əvəzləşdirilərək “sovet iqtisadiyyatına” xidmət etmişdir.


Müasir dövrdə biyançılıq
Müstəqillik dövrü malik olduğumuz təbii sərvətlərdən ölkəmizin mənafeyi baxımından istifadəyə yeni imkanlar açdığından biyançılıq sənayesinin inkişafına da şərait yaratmışdır. Vaxtilə biyana olan tələbatın xarici şirkətlər tərəfindən bu qədər böyük olması bizdə də biyan istehsalının ölkəmizdə bugünkü vəziyyətini öyrənmək və bu sahədə bəzi təhlillər aparmaq marağını oyatdı. Kənd təsərrüfatı nazirliyindən aldığımız məlumata görə, 1991-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin nəzdində 20-ə yaxın rayonda biyan tədarükünü birləşdirən Biyan Birliyi müəssisəsi yaradılmışdı. 10 ilə yaxın fəaliyyət göstərən bu müəssisədə biyan məhsulları xammal və yarımfabrikat şəklində ABŞ, Almaniya, İtaliya, Türkiyə şirkətlərinə 1 tonu 160-350 ABŞ dollarına satılırdı. 1991-2001-ci illərin statistikası ölkədə biyan istehsalının və ixracının getdikcə artdığını, satışdan ölkəyə hər il 1milyon ABŞ dollarından çox vəsait ödənildiyini göstərir. Bundan başqa, birliyə daxil olan hər müəssisədə onlarla insan çalışır, əməkhaqqı ilə təmin olunurdu. Lakin sonralar birliyə daxil olan müəssisələr ayrılıqda fəaliyyətini davam etdirdilər. Biyanın çox təsadüf edildiyi bir sıra rayonlarda belə müəssisələr bu gün də fəaliyyət göstərirlər.


Bugünkü reallıq
Hazırda biyan köklərinin 1 tonu xarici şirkətlərə 200 ABŞ dollarına satılır, lakin emala məruz qaldıqda daha baha qiymətə satılması mümkündür. Ağdaş rayon Kənd təsərrüfatı idarəsinin rəis əvəzi Elsevər Baxışovun sözlərinə görə, hazırda Ağdaş rayonunda yeni biyan tədarükü və emalı müəssisəsi tikilir. Zavodda biyan kökü emalı üçün dəyirman, istixana mərkəzi, qurutma məntəqələri, məhsulların saxlanılması üçün anbar inşa edilmişdir. Zavodun tikintisi 11 hektar sahəni əhatə edir, əkin sahəsi 1100 hektardır. Müəssisənin istehsal gücü sutkada 50 tondur. Müəssisə tam istehsala başladıqda burada 150 nəfər işçinin işlə təmin olunacağı gözlənilir. Bu il 220 hektar sahədə biyan əkilib. Yazda əkin sahəsinin genişləndirilərək 1000 hektar sahəyə çatdırılacağı nəzərdə tutulmuşdur. Müəssisənin həm xammal tədarükü, eləcə də yarımfabrikatların, əczaçılıq məhsullarının hazırlanması istiqamətlərində fəaliyyət göstərməsi planlaşdırılıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ümumilikdə ötən il respublikamızdan xarici ölkələrə 118 ton biyan ixrac olunmuşdur ki, əvəzində ölkəyə 1 milyon 405 min ABŞ dolları vəsait daxil olmuşdur. Bu ilin 8 ayı ərzində ölkədən 72 ton məhsul ixrac olunmuşdur ki, bu da 680 min ABŞ dolları deməkdir.
Müasir dövrdə elm və texnologiyalar tərəqqi etdikcə biyanın təsərrüfatda əhəmiyyəti və istifadəsi get-gedə artmaqdadır. Əczaçılıq, tütün, kosmetologiya, ərzaq və içki istehsalı sahələri biyan ekstraktının istifadə olunduğu əsas sahələrdir. Biyan ekstraktı unikal və əvəzolunmaz ətrə malikdir. Buna görə də qlobal ərzaq istehsalçıları biyan ekstraktını qiyməti çox yüksək olduqda belə almağa davam edirlər və dünya bazarında biyan ekstraktı hazırlayan şirkətlərin sayı o qədər də çox deyil.


Bu sahədə mövcud olan problemlər və ölkəmizin ixrac imkanları
Biyançılıq sahəsinin ən zəif cəhəti ondadır ki, bu bitki dərildikdən sonra tez bir zamanda bərpa olunmur. Bəlkə elə buna görə də aparılan araşdırmalar nəticəsində onun istehsalının ildən-ilə azaldığı müşahidə olunmuşdur. Dərildikdən yalnız bir neçə il sonra xeyli vəsait hesabına bərpası mümkün olduğundan fermerlər bu sahəyə nisbətən az diqqət göstərirlər. Təəssüf ki, biyan yetişən ərazilərin və biyan kökü ehtiyatının dəqiq hesablamasını aparmaq bir sıra səbəblərdən çətinlik yaradır. Hər il sistemsiz və intensiv xammal yığımı nəinki plantasiyaların ölçülərini kiçildir, həm də potensial məhsuldarlığı azaldır. Bir çox ölkələrdə təbii resursların mühafizəsinə cavabdeh olan təşkilatlar haqlı olaraq biyançılıqla məşğul olmağa xüsusi icazə və lisenziyası olmayanlar tərəfindən kütləvi şəkildə biyanın qeyri-qanuni yığımına qarşı ciddi tədbirlər görürlər. Bu problem hazırda ölkəmizdə də biyançılıqla məşğul olan yerli fermerləri çox narahat edən məqamlardan biridir. Bundan əlavə, aqrar sahənin ən böyük çətinliklərindən biri təbiətdə baş verən dəyişikliklərin məhsuldarlığa gözlənilməz təsirləri, eləcə də dünya bazarında meydana çıxan iqtisadi çətinliklərdir. Lakin bununla belə, hazırda respublikamızın Beyləqan, Ağcabədi, İmişli rayonlarında yabanı halda bitən biyan bitkisi xammal və yarımfabrikat halında BƏƏ, İran, Türkiyə, Çinə, Yaponiyaya, Almaniyaya ixrac edilir. 2014-cü ildən başlayaraq Azərbaycanda biyan ekstraktının ixracı kəskin yüksəlmişdir. Mütəxəssislərin fikrincə, Azərbaycan üçün Rusiya və Türkiyə kimi region, bir sıra Avropa ölkələri biyan ekstraktının ən böyük idxalçıları qismində potensial bazar hesab oluna bilər.


Gələcək perspektivlər
Hesab edirik ki, müasir dövrdə kənd təsərrüfatının digər sahələri kimi, biyançılığın inkişafına yetərincə diqqət yetirilməsi, bu sahə ilə məşğul olan sahibkarlara güzəştli kreditlərin verilməsi biyançılığa olan marağı daha da artıra bilər. İstər tibbi, istərsə də yüksək sənaye əhəmiyyətli bu qiymətli bitkinin yerli istehsalının artırılması üçün bütün real qüvvələri səfərbər etmək, onun tədarükü imkanlarını genişləndirmək, onun emalı sənayesini təkmilləşdirmək həm sosial baxımdan regionlarda yerli sakinlərin işlə təmin olunması istiqamətində öz töhfəsini verər, həm də iqtisadi cəhətdən ölkəmizə külli miqdarda xarici valyutanın qazanılmasına təminat yaradar. Hazırda qlobal qida bazarında əsas meyillər şəkərsiz məhsulların, əczacılıq sənayesində isə daha çox təbii inqridiyent tərkibli dərman maddələrinin istehsalına yönəldiyindən qarşıdakı illərdə biyan ekstraktı bazarında satışın daha da artacağı və 2016-cı ildəki 1,7 mlrd. dollarlıq bazar həcminin 2025-ci ildə 2,3 mlrd. dollar olacağı proqnozlaşdırılır. Azərbaycan bu fürsətdən məharətlə istifadə edib həm ölkəmizin ixrac imkanlarını artıra bilər, həm də dünya bazarında “Made in Azerbaijan” brendi altında bu qiymətli kənd təsərrüfatı məhsulunun ən böyük ixracatçılarından birinə çevrilə bilər.

 

Aytən SƏMƏDZADƏ