Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Ağdaş rayonu - prioritet sahələr ön mövqeyə çıxarılır

 

2017-ci il Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf və tərəqqi ili kimi özünü göstərmiş, bütün sahələrdə yüksək dinamika qorunub saxlanılmışdır. Regional proqramların və layihələrin uğurla icrası davam etdirilmiş, iqtisadiyyatın strukturunda aqrar bölmənin payı və çəkisi artmışdır.
Regionlarda sosial və infrastruktur təyinatlı tədbirlərin davam etdirilməsi nəticəsində rayon mərkəzlərinin, kənd və qəsəbələrin siması köklü şəkildə dəyişmişdir. Bir sözlə, 2017-ci ili Azərbaycan üçün uğurlu il saymaq olar. Bu günlərdə Ağdaş rayonunda da nikbin əhval-ruhiyyə yaşanır. Cari ilin sona çatmasına az vaxt qalmasına baxmayaraq, heç yerdə iş səngimir, hər kəs yeni ilin gəlişinə qədər yarımçıq qalan işini tamamlamaq istəyir. Ağdaş kənd təsərrüfatı rayonudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə əlaqədar müəyyən etdiyi layihələr və islahat proqramları Ağdaş rayonundan da yan keçməyib, konkret işlərdə və tədbirlərdə öz real təcəssümünü tapıb.
İndi dövlətimizin qarşıya qoyduğu hədəf budur – kənd təsərrüfatı məhsullarının istehsalında ildə ən azı 7 faiz artıma nail olmaq! Bu hədəfə çatmaq üçün imkanlar araşdırılıb, yol xəritəsi işlənib hazırlanıb. Bir də ki, hər sahədə işlər möhkəm təməl üzərində qurulub, 2004-cü ildən başlayaraq bütün sahələrə siraət edən inkişaf dalğası bu təməli təmin edib. Ucar rayonunda da son illər ardıcıl olaraq iqtisadi inkişaf və artım dinamikası özünü göstərib.
Əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə rayonda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı diqqət mərkəzində saxlanılıb. 2017-ci ilin məhsulu üçün əkilmiş 13466 hektar sahədən 30520 ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər tədarük edilib. Belə ki, 3686 hektar sahədən 7261 ton buğda, 8215 hektar sahədən 18502 ton arpa, 193 hektar sahədən 270 ton vələmir, 118 hektar sahədən 354 ton lobya toplanıb. Bu dövrdə 241 hektar sahədən 1537 ton dən üçün qarğıdalı, 208 hektar sahədən 2505 ton kartof, 251 hektar sahədən 5100 ton bostan, 832 hektar sahədən 15133 ton tərəvəz məhsulu toplanıb. İl ərzində rayonda 16235 ton meyvə və 917 ton üzüm istehsal olunub.
Əkinə yararlı, lakin suvarılmayan 15800 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi üçün 3 layihənin icrasına başlanılıb. Birinci layihə üzrə suvarma suyu Yuxarı Şirvan kanalından götürülməklə 4300 hektar sahənin, ikinci layihə üzrə suvarma suyu Kür çayından götürülməklə 7000 hektar sahənin və üçüncü layihə suvarma suyu Türyançay çayından götürülməklə 4500 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulur. Hazırda birinci layihə üzrə işlərə start verilib.
Rayonda mal-qara arasında süni mayalanma işinin təşkili və onun genişləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. 2017-ci il ərzində 3042 baş heyvan süni yolla mayalanmış və 864 baş bala alınmışdır. Qara yara xəstəliyinə qarşı iri və xırdabuynuzlu mal-qara arasında peyvənd işləri aparılıb. 2017-ci ilin oktyabrın 1-i vəziyyətinə rayonun heyvandarlıq təsərrüfatlarında 76723 baş iribuynuzlu mal-qara, 92722 baş qoyun və keçi mövcud olmuşdur. Cari ilin əvvəllərindən 77 ton diri çəkidə ət, 35336 ton süd, 8750 ədəd yumurta, 180 ton yun istehsal olunmuşdur. Bakı şəhərində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına 100 tondan çox məhsul göndərilmişdir.
Cari ildə dövlət başçısının tapşırığına əsasən, pambıq əkini sahələrinin genişləndirilməsi istiqamətində rayonda əməli addımlar atılmışdır. Əhalinin pambıqçılığa marağı və bu sahəyə göstərilən hərtərəfli dəstəyi müsbət nəticə vermişdir. Cari ildə rayonda 3000 hektar ərazidə pambıq əkini aparılmış və bol məhsul əldə edilmişdir.
Ölkəmizdə kənd təsərrüfatının strateji istiqamətlərinin inkişaf etdirilməsi ilə bağlı cənab prezident İlham Əliyevin qəbul etdiyi qərarlara, imzaladığı fərman və sərəncamlara, verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Ağdaş rayonunda çəltikçiliyin sürətli inkişafına təminat yaradılmış, cari ildə yüksək nəticələr qazanılmışdır. 2017-ci ildə Ağdaş rayonun 59 yaşayış məntəqəsində 2454 hektarda çəltik əkilmiş və sahələrdən 8300 tondan çox məhsul əldə olunmuşdur. 2017-ci ilin doqquz ayı ərzində rayonda 151 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bunun da 80 milyon manatı kənd təsərrüfatının, 5,6 milyon manatı sənayenin, 5,6 milyon manatı tikinti-quraşdırma işlərinin, 56 milyon manatı ticarət, nəqliyyat, rabitə və digər xidmətlərin payına düşür.
Cari il ərzində Ağdaş Rayon Məşğulluq Mərkəzinə 1039 nəfər müraciət etmiş, onların 400 nəfəri müxtəlif sənət və ixtisaslar üzrə işə düzəldilmişlər. Bundan başqa, əhalinin özünüməşğulluğunu təmin etmək məqsədilə 18 vətəndaş üçün biznes planı hazırlanmış və onlara aktivlər alınıb verilərək məşğulluqları təmin edilmişdir.
2017-ci il üçün rayon büdcəsi 8 milyon 475 min manat təşkil etmişdir. Respublika büdcəsindən qarşılıqlı hesablaşma yolu ilə daxil olan xərclər də nəzərə alınmaqla 2017-ci ilin doqquz ayı ərzində büdcənin mədaxil hissəsi 5 milyon 938 min manata qarşı 5 milyon 985 min manat icra olunmaqla 99,8 faiz yerinə yetirilmişdir.
Yerli gəlirlər üzrə plan 3 milyon 550 min manata qarşı 3 milyon 531 min manat, yaxud 99,7 faiz yerinə yetirilmişdir. Müvafiq dövr ərzində rayon büdcəsinin xərclərinin 3 milyon 728 min manatını, yaxud 71,4 faizini əməkhaqqı və ona üstəlik xərcləri, 728 min manatını və ya 13,3 faizini abadlıq və işıqlandırma xərcləri, 210 min manatını və ya 4 faizini kommunal xərclər təşkil etmişdir.
Dövlətimizin strateji hədəf seçdiyi insan kapitalı birbaşa təhsilin inkişaf səviyyəsi ilə ölçülür. Cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”na uyğun olaraq son ildə Ağdaş rayonunda da mühüm işlər görülmüşdür. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, son 14 il ərzində ölkəmizdə 3000-dən çox yeni müasir məktəb binası tikilib istifadəyə verilmişdir. Hazırda Ağdaş rayonunda 30 məktəbəqədər tərbiyə müəssisəsi, 68 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar müəssisə, 1 peşə məktəbi və humanitar kollec fəaliyyət göstərir ki, bunların xeyli hissəsinin əsaslı təmirə ehtiyacı vardır. Ölkə başçısının müvafiq fərmanına uyğun olaraq yaxın vaxtlarda rayonda 10 məktəb üçün modul tipli binaların tikintisi nəzərdə tutulur. Bu məqsədlə 2017-ci ildə rayonun Aşağı Zeynəddin, Yenikənd, Pizəyiz, Qarasuqumlaq kəndlərində yeni məktəb binalarının tikintisinə başlanılıb. Ağdaş rayonunda Rayon Mərkəzi xəstəxanası, Ləki qəsəbə xəstəxanası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 2 ambulator poliklinika, 12 kənd həkim məntəqəsi, 48 tibb məntəqəsi əhaliyə səhiyyə xidməti göstərir ki, onların da bəzilərinin əsaslı təmirə və yenidənqurmaya ehtiyacı var.
Müvafiq dövr ərzində rayonda gənclər siyasətinin həyata keçirilməsi, gənclərin məşğulluğunun dolğun şəkildə təmin edilməsi, onların təşkilatlanması və formalaşması istiqamətində 74 sosial-mədəni və idman tədbirləri həyata keçirilmiş, həmçinin respublika əhəmiyyətli qeyri-hökumət və gənclər təşkilatları ilə birgə layihələrin həyata keçirilməsində gənclər xüsusi fəallıq göstərmiş, müxtəlif intellektual oyunlarda fərqlənmişlər.
Cari ilin 11-14 iyun tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə boks üzrə yeniyetmələr arasında «Heydər Əliyev kuboku – 2017» beynəlxalq turniri keçirilmişdir. Turnirdə Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Macarıstan, İran, Qazaxıstan, Rusiya idmançıları ilə yanaşı, ölkəmizin boksçuları da mübarizə aparmışlar. Bu yarışda 66 kq çəki dərəcəsində Ucar rayonunu təmsil edən Rüfət Nəbiyev bütün rəqiblərinə qalib gələrək beynəlxalq turnirin qızıl medalına layiq görülmüşdür.
Yuxarıda deyilənlərdən aydın olur ki, Ağdaş rayonu sosial-iqtisadi yüksəliş mərhələsinə daxil olub. Lakin bununla bərabər, görüləsi işlər hələ çoxdur.
Burada söhbət öncə xırda və orta biznesin inkişafından, iqtisadiyyatda diversifikasiya proseslərinin dərinləşdirilməsindən gedir. İstər torpaq-iqlim şəraitinə, istər əmək ehtiyatlarına, istərsə də əkinçilik ənənələrinə görə Ağdaş böyük potensiala malikdir. Həmin imkanları hərəkətə gətirmək üçün çevik mexanizmlər işlənib hazırlanmalıdır. Fikrimizcə, kənd təsərrüfatının prioritet istiqamətlərindən danışarkən Ağdaş rayonu üzrə böyük perspektivlər vəd edən pambıqçılığın, çəltikçiliyin və meyvəçiliyin üstün mövqelərə çıxarılmasına zərurət vardır. Göstərilən sahələri inkişaf etdirməklə nəinki əhalinin maddi durumunu yaxşılaşdırmaq, həm də yaxşı ixrac imkanları qazanmaq olar. Bunun üçün modern emal müəssisələrinin yaradılması, eyni zamanda, müasir tələblərə cavab verən sahibkarlıq zümrəsinin yetişdirilməsi vacib vəzifə kimi qarşıda durur. Xammaldan yarımfabrikata, oradan da rəqabətədavamlı hazır məhsul buraxılışına keçid problemini həll etməyin vaxtı çatmışdır.

 

Zülfü İLYASOV,
bölgə müxbiri, Ağdaş rayonu