Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Pambıqçılığın inkişafı bir neçə sahənin inkişafına güclü təkan verə bilər

 

Azərbaycanda son illər cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət, müəyyən edilmiş strateji hədəflər sırasında kənd təsərrüfatının inkişafı ön mövqelərə çıxarılıb. Bu, hər şeydən öncə, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində əldə olunan zəngin tarixi təcrübə, bərəkətli və məhsuldar torpaqlar, təbii iqlim şəraiti ilə bağlıdır. Azərbaycan tarix boyu süfrələrin bəzəyi olan yüz cür nemətin vətəni olmuşdur. Odur ki, bu gün təbii resurslar hesabına ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmək və güclü ixrac potensialı qazanmaq mümkündür.
Bunu şərtləndirən mühüm amillərdən biri Azərbaycanda aqrar sektora hərtərəfli dövlət dəstəyinin göstərilməsidir. Azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafına yaradılan şərait, onların fəaliyyətini bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq öz bəhrəsini verməkdədir.
Son iki ildə kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı emal müəssisələrinin, xammal təminatının yaradılmasına, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, aqrar sektorda idarəetmə mexanizminin təkmilləşdirilməsinə gətirib çıxarmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən proqramlar, imzalanan sərəncamlar kənd təsərrüfatının kompleks inkişafını özündə ehtiva edir. Prezident tərəfindən keçirilən müşavirələr, görüşlər, söhbətlər ölkəyə valyuta gətirə bilən məhsulların təşviq edilməsinə, fermerlərlə təşəbbüskarlığın artmasına, ruh yüksəkliyinə, maraq və həvəsin artmasına gətirib çıxarmışdır.
Respublikamızda prioritet elan olunan kənd təsərrüfatı məhsullarından biri də pambıqçılıqdır. Sovet təsərrüfat sistemi çökdükdən sonra, digər sahələr kimi pambıqçılıq da ciddi ziyan çəkmiş və istehsal yox dərəcəsinə qədər aşağı düşmüşdür. Kənd adamları uzun illər sevdikləri fəaliyyət sahəsindən məhrum olmuşdurlar. Son bir neçə ildir pambıqçılığın dirçəldilməsinə yönəlik görülən tədbirlər, təsərrüfatların bərpa olunması pambıqçıların inamını özünə qaytarmışdır. Bu gün Aran rayonları başdan-başa ağ örpəyə bürünüb, məhsul tədarükü tamamlanmaq üzrədir.
Ölkəmizdə ən çox pambıq əkilən rayonlardan biri də İmişlidir. İmişlililər bu gün məhsulu sahələrdən itkisiz yığmaq və gələn ilin əkininə hazırlıq görmək məqsədilə gecəni gündüzə qatıb çalışırlar. Yayın isti və quraq keçməsinə baxmayaraq, kənd əməkçiləri yorulmadan çalışmışlar ki, hər qarış torpağa çəkilən zəhmət hədər getməsin.
Bu il İmişlidə 15641,5 hektar sahədə əkin aparılıb. Bu, respublika üzrə ikinci yüksək göstəricidir və ümumi pambıq əkininin 11,4 faizini təşkil edir. Bunun əsas səbəbi İmişlidə pambıq yetişdirmək üçün uyğun iqlim şəraitinin və zəngin əkinçilik təcrübəsinin olmasıdır. Ötən əsrin 70-80-ci illərində rayonda 50 min ton pambıq istehsal olunub. Nə iqlim dəyişib, nə torpaq dəyişib, nə də ki, insanlar. İndi də xariqələr yaratmaq olar, yaradılır da. İmişlililərin bir özəlliyi də bundadır ki, sovet hökuməti dağıldıqdan, kollektiv mülkiyyət forması dəyişib xüsusi mülkiyyətə keçdikdən sonra dövlət dəstəyinin, məhsulun alıcısının az olduğu vaxtlarda da pambıq əkilib becərilmişdir.
Onlar sanki uzun illərdir ki, dövlət başçısının çağırışını gözləyirmiş. Pambıq əkini haqqında sərəncam verilən kimi imişlililər böyük həvəslə pambıq əkininə başladılar. İndi artıq rayonda tanınmış fermerlər zümrəsi yaranıb formalaşıb. Hacırüstəmli kəndinin sakini Əliheydar Süleymanov 1996-cı ildən başlayaraq pambıq əkir, yaxşı işçi və etibarlı tərəfdaş olduğuna görə «MKT-İK» MMC-nin 2004-cü ildə ərazi nümayəndəsi seçilib. Cari ildə o, ailə üzvləri ilə birlikdə 62 hektar sahədə pambıq əkib, 135 ton pambıq yığıb təhvil verib, 10 hektar sahədə isə yığım davam edir, hər hektarın məhsuldarlığı 30 sentner təşkil edir. Bundan başqa, ona təhkim olunan 15 fermer 271 hektar sahədən 500 ton məhsul yığıb təhvil veriblər. Yığım davam etdiyinə görə son rəqəmi demək olmur. Ancaq görülən budur ki, məhsuldarlıq yaxşıdır. Təcrübəli fermer bol məhsul götürməyin sirrini əkin üçün uyğun torpağın seçilməsində, üzvi və mineral gübrələrin düzgün verilməsində, alaqdan təmizləmə, kultivasiya, dərmanlama və suvarma işlərinin optimal müddətdə yerinə yetirilməsində görür.
Fermerlərin fikrincə, ən zəif, suvarılmayan torpaqlardan hektara 20 sentner məhsul götürmək mümkündür. Lakin yüksək aqrotexniki qaydalara əməl olunarsa, 30 sentner və daha çox məhsul götürmək və yaxşı qazanc əldə etmək olar. Bu il Sərxan Novruzov Aranlı kəndində 124 hektar, Rauf Vəliyev Qızılkənd kəndində 120 hektar, Elbrus Abbasov Muranlı kəndində 100 hektar, Valid Hüseynov Mərzəli kəndində 50 hektar pambıq əkini aparıb, «MKT-İK» MMC ilə yanaşı, «CTS-Aqro», «Osmanlı» və «KT» müəssisələri ilə məhsulun tədarükü və təchizatı ilə bağlı müqavilə imzalanıb. Tədarük müəssisələri ilə fermerlər arasında əlaqə yaratmaq, qarşıya çıxan problemləri operativ həll etmək məqsədilə rayon icra hakimiyyətində qərargah yaradılıb.
Heç də belə demək düzgün olmazdı ki, bütün təsərrüfatlarda işlər rəvan gedir, heç bir problem yaşanmır. Rayonda əkini gecikən, ikinci dəfə səpilən, suvarma təminatı lazımi səviyyədə olmayan təsərrüfatlar da vardır.
Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair dövlət dəstəyi haqqında» 2016-cı il 22 oktyabr tarixli sərəncama uyğun olaraq, təhvil verdikləri hər kiloqram xam pambığa görə təsərrüfat subyektlərinə 10 qəpik subsidiyanın verilməsi, eyni zamanda, şirkətlər tərəfindən xam pambığın tədarük qiymətinin artırılması bu sahənin inkişafına təkan verdi. Ölkə başçısının pambıqçılığa göstərdiyi kömək və dəstək fermerlər tərəfindən rəğbətlə qarşılandı. Əgər belə təşəbbüslər olmasaydı, dövlət yardım əlini uzatmasaydı, bəlkə nəsillər arasında əlaqə kəsiləcək və pambıqçılıq ənənəsi tamamilə unudulub yaddan çıxacaqdı.
Ötən əsrin 70-80-ci illərində ona görə yüksək nəticələr qazanıldı ki, pambıqçılıq elmi əsaslarla əkilirdi və ixtisaslı kadrlar tərəfindən idarə olunurdu. Məhz o vaxtlar yetişən kadrlar bu gün fermerlərin karına çatır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən tədbirlər – yollar, rabitə, internet, enerji, təbii qaz təminatı fermerlərin işini asanlaşdırıb.
Seçilmiş, gec yetişən, lakin soyuğadavamlı və məhsuldar toxum materialı səpildiyinə görə əksər rayonlarda yığıma oktyabr ayında başlanılıb və dekabr ayına qədər davam edəcək. Bu il keçən ildəkinə nisbətən hava şəraiti əlverişli keçir, itki azdır. Hər gün tədarük məntəqələrinə 400 ton məhsul təhvil verilir. Tədarük-təchizat müəssisələri mövsümə yaxşı hazırlaşmış, məhsul toplanması kampaniyasına 26 ədəd kombayn, 92 ədəd traktor, 164 ədəd qoşqu lafeti cəlb olunmuşdur. «MKT–İK» MMC-nin balansında olan Araz məntəqəsi təmir edilmişdir. Cari ildə Kənd Təsərrüfatı Nazirliyi hesabına 4 min ton məhsulu qəbul etmək gücünə malik pambıq qəbulu məntəqəsi açılıb, 12 taya üçün yer hazırlanıb.
Mütəxəssislərin fikrincə, yüksək məhsul istehsalına nail olmaq üçün əkin sahələrindən torpaq nümunələri götürmək və bitkinin tələbatına uyğun şəkildə yemləmə rasionu tətbiq etmək lazımdır.
Bu ilin iyulunda Prezident İlham Əliyevin təsdiq etdiyi «Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı»nda bu sahənin inkişafını təmin edən vəzifələr öz əksini tapmışdır. Həmin sənəddə qeyd edilir ki, ölkəmizin iqtisadi potensialından səmərəli istifadə və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan verəcəkdir. Bu isə regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşməsinə, məşğulluğun daha dolğun şəkildə təmin olunmasına zəmin yaradacaqdır.
Pambıqçılığın inkişafı sahəsində İmişli rayonunun potensialı böyükdür. Suvarılmayan, şoran torpaqların münbitləşdirilməsinə, genişmiqyaslı irriqasiya və meliorasiya tədbirlərinin görülməsinə, müasir suvarma sistemlərinin yaradılmasına və bu yolla yeni torpaqların pambıq əkini üçün yararlı vəziyyətə gətirilməsinə zərurət vardır. Sürətlə keçən zamanla, onun çağırış və tələbləri ilə uyğunlaşmaq lazımdır. Çünki çağdaş dünyada tələb və çağırışlar sanki hər an dəyişir. Məhz bu baxımdan pambıqçılığın inkişafında institusional tədbirlərin görülməsi, eyni zamanda, istehsalda və emalda innovativ texnologiyaların tətbiqi zəruri hal kimi qarşıya çıxır.
Dövlət Proqramında qarşıya qoyulan ən mühüm vəzifələrdən biri də istehsal olunan məhsulun rəqabət qabiliyyətliliyinin artırılması və ixrac standartlarına uyğunlaşdırılmasıdır.
Pambıqçılıq təkcə kənd təsərrüfatı istehsalı demək deyildir. Bununla bir neçə sahənin inkişafı üzvi surətdə bağlıdır – mahlıc, tekstil, toxumçuluq, yem istehsalı və s.
Bu sahələrin hər birinin ahəngdar inkişafı Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə güclü təkan verə bilər.

 

Zülfü İLYASOV,
bölgə müxbiri