Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Göyçay inkişaf yolunda inamla addımlamaqdadır

 

“Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirmişdir.”

İ.Əliyev

 


 

Hər il Göyçayda noyabr ayında keçirilən və artıq milli ənənəyə çevrilmiş Nar festivalı bu il də öz rəngarəngliyi və zənginliyi fərqlənib. 12-ci dəfədir təşkil edilən bu məhsul bayramı Göyçayda meyvəçiliyin, eyni zamanda, turizmin inkişafı baxımından çox əhəmiyyətlidir. Hər il bir öncəkindən daha zəngin təşkil olunan bu bayram yerli əhali ilə bərabər, ölkəmizə gələn qonaqların da böyük marağına səbəb olur. Nar bayramı Azərbaycanın öz mədəni irsini, adət-ənənələrini qoruyub saxladığını bir daha sübut edir, ölkəmizin dünyada təbliğinə xidmət göstərir.
Nar iqtisadi cəhətdən gəlirli sahədir, onun insan sağlamlığı üçün də böyük əhəmiyyəti var. Nar şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Təkcə bu il Göyçayın nar bağlarından 50 min tona yaxın nar istehsal olunacağı planlaşdırılır. Rayonda, həmçinin yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə nar bağlarının salınması istiqamətində də tədbirlər görülür. Son 4 ildə 250 hektar sahədə yeni nar bağları salınıb ki, burada da əsasən “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları əkilib. İstehsal müəssisələri də imkanlarını ilbəil genişləndirirlər.
2017-ci ilin yanvar-sentyabr aylarında Göyçay rayonunun sosial-iqtisadi inkişafının əsas göstəriciləri yalnız narçılıqla deyil, həm də infrastruktur layihələrinin həyata keçirilməsi, aqrar sahənin daha da inkişaf etdirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi, daimi iş yerlərinin açılması və s. ilə xarakterik olmuşdur.
Həmin dövr ərzində rayon iqtisadiyyatının əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 21,2 faiz və ya 45,4 milyon artaraq 224,5 milyon manat olmuşdur. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 24,2 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 11,2 faiz çoxdur. Eyni zamanda, aqrar sahədə də müəyyən uğurlar əldə edilmiş, cari ildə 21,6 min ton buğda, 19,7 min ton arpa istehsal olunmuş, keçən illə müqayisədə taxıl istehsalı 11,2 faiz, hər hektardan məhsuldarlıq 5,6 faiz artmışdır.
2017-ci il ərzində rayonda kənd təsərrüfatı sahəsində də ciddi uğurlar əldə edilmişdir. Bu sahədə baramaçılıq xüsusilə qeyd olunmalıdır. Belə ki, baramaçılıq sahəsində rayonun əvvəlki illərdəki şöhrətinin qaytarılması istiqamətində müvafiq iş aparılmış, 44 kumdarla 1900 qram barama qurdu bəslənməsi üçün müqavilələr bağlanılmış, 5293 kq barama tədarük edilərək tapşırığa 105,9 faiz əməl edilmişdir. Barama tədarükünün həcmi ötən illə müqayisədə 4,6 dəfə artmış, baramaçılığın yem bazasının daha da möhkəmləndirilməsi üçün tədbirlər görülmüş, Çin Xalq Respublikasından gətirilmiş tut tinglərinə lazımi aqrotexniki qulluq göstərilməsi və qorunması təmin olunmuşdur.
Ölkədə, həmçinin çəltikçiliyin inkişafı ilə bağlı mühüm işlər görülmüş, cari ildə rayonda 219 hektar sahədə çəltik əkilmiş və bol məhsul yetişdirilmişdir. Doqquz ay ərzində 196 hektar sahədə biçin aparılaraq, 250 tondan artıq çəltik tədarük edilmişdir. Lakin biçin kampaniyası lazımi şəkildə təşkil edilmədiyindən çəltik yığımının optimal müddətləri pozulmuş, havaların yağmurlu keçməsi ilə əlaqədar kombaynların işində ciddi problemlər yaranmış, bəzi yerlərdə çəltik sahələrinin əl ilə biçilməsi zərurəti yaranmışdır. 2018-ci ildə çəltik əkinləri sahəsinin ən azı 2 dəfə artırılması üçün lazımi tədbirlər görülməli və indidən münasib torpaq sahələri seçilməlidir. Çəltik bitkisinin digərlərindən fərqli olaraq suvarma suyuna olan tələbatı dəfələrlə çox olduğuna görə seçiləcək sahələrin su ilə təminatına daha ciddi fikir verilməlidir. Hesabat dövrü ərzində 434 hektar sahədə qarğıdalı, o cümlədən 383 hektar sahədə dənlik qarğıdalı əkilmiş, 540 ton silos, 438 ton dənlik qarğıdalı istehsal olunmuşdur. Rayonun kənd təsərrüfatının əsas sahələrindən olan tərəvəzçiliyin, xüsusən faraş tərəvəzçiliyin inkişafına xüsusi diqqət yetirilmiş, ümumi sahəsi 280 hektar olan 7565 istixanada 30 min tondan artıq faraş pomidor və xiyar istehsal olunmuşdur ki, bu məhsulun da böyük hissəsi ixrac edilərək, sahibkarlara xarici valyutada gəlir əldə etməyə imkan vermişdir. Yanvar-sentyabr aylarında bütövlükdə kənd təsərrüfatında məhsul buraxılışı ötən ilin müvafiq dövrünə əsasən 12,7 faiz artaraq 82,5 milyon manat olmuşdur.
Prezident İlham Əliyevin aqrar-sənaye kompleksinin inkişafı sahəsində verdiyi tapşırıqlara uyğun olaraq, cari ildə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə vəziyyəti yoxlanılmış, icarəçilərin istifadəsinə mövcud qanununvericiliyin tələbləri pozulmaqla verilmiş, təyinatı üzrə istifadə edilməyən 1000 hektar torpaq sahəsi müəyyənləşdirilmiş, həmin torpaq sahələrinin geri qaytarılması və yazlıq əkinlərin aparılması təmin olunmuşdur.
Uzun illər səmərəsiz istifadə olunan torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi, həmin torpaq sahələrinin suvarma suyu ilə təminatının bərpa edilməsi istiqamətində əməli tədbirlər görülmüş, yanvar-sentyabr aylarında rayonun Çaxırlı, Kürdşaban və Ləkçıplaq kəndlərinin ərazisindəki təsərrüfatdaxili kollektor-drenaj şəbəkələrinin 27435 p/m-lik hissəsində 42,3 min kub.m həcmində lildən təmizləmə işləri aparılmış, 201,5 km uzunluğunda suvarma arxları lil və çöküntülərdən təmizlənmiş, arxların suötürmə qabiliyyəti artırılmışdır. Göyçay çayı məcrasında 460 min kubmetr həcmində məcra təmizləmə işləri aparılmış, 35 ədəd hidrotexniki qurğu təmir edilmiş, Ləkçıplaq, Yeniarx, Alxasava, Cəyirli, Yekəxana, Ulaşlı-şıxlı, Qaraman, Mollahacılı və Qarayazı kəndlərinin əkinəyararlı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görülmüşdür.
Rayon əhalisinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatının yaxşılaşdırılması sahəsində də bir sıra işlər görülmüşdür. Cari ilin doqquz ayında rayon paylayıcı elektrik şəbəkəsi tərəfindən Aşağı Qaraməryəm, Qarabaqqal, Kürdşaban, Cəyirli, Çaxırlı, Qaraməryəm, Alpout və Çərəkə kəndlərində zədələnmiş 10 transformator, şəhər və kənd yaşayış məntəqələrində 439 ədəd istismara yararsız elektrik dirəkləri yeniləri ilə əvəz edilmiş, şəhər ərazisində, həmçinin Ərəbcəbirli, Yalman, Mollahacılı və Çaxırlı kəndlərində 14,1 km uzunluğunda SİP kabellər çəkilmişdir.
Ölkə prezidenti tərəfindən kənd əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün verdiyi sərəncamlara əsasən, respublikanın 270 kəndində layihələrin icrası nəzərdə tutulur. Həmin sərəncamlara uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun Ərəbşahverdi, Xəlitli, Hacıağabəyli, Qaraxıdır, Şəkili və Çərəcə kəndlərində modul tipli su təmizləyici qurğuların quraşdırılmasına, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayonun 15 kəndinin - Müskürlü, Kürdşaban, İnçə, Alxasava, Aşağı Qaraməryəm, Alpout, Çaxırlı, Yenikənd, Şıxəmir, Bığır, Hacalıkənd, Qarabaqqal, Çayarxı, Məlikkənd və Mollahacılı kəndlərinin içməli su ilə təminatının yaxşılaşdırılması işlərinə başlanılmışdır. Bəzi kəndlərdə tikinti işləri əsasən başa çatdırılmış və hazırda şəbəkənin sınaqdan çıxarılması üçün tədbirlər görülür. “Azərsu” tərəfindən rayonun Qaraməryəm bölgəsini əhatə edən kəndlərin içməli su ilə təminatının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir və bu ərazidəki 8 kəndi içməli su ilə təmin etmək üçün İsmayıllı rayonunun ərazisindəki yeraltı su mənbəyindən yeni su şəbəkəsinin çəkilməsi üçün layihə-smeta sənədləri hazırlanır.
Şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində 10 mindən artıq abonentə yeni su mənbəyindən içməli su verilişi təmin olunmaqdadır. Hazırda rayonun Şəhadət kəndində şəhərin çirkab sularını təmizləyən qurğu kompleksində son tamamlama işləri aparılır və layihə üzrə tələb olunan avadanlıqların quraşdırılmasına başlanılıb.
Əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və ilk növbədə imkansız vətəndaşların işlə təmin olunması istiqamətində də müəyyən tədbirlər həyata keçirilmiş, cari ilin yanvar-sentyabr ayları ərzində 1033 yeni iş yeri açılmışdır ki, bunun da 1026-sı daimi iş yerləridir.
Göyçay rayon İcra Hakimiyyəti tərəfindən investisiya mühitinin yaxşılaşdırılaması istiqamətində müəyyən tədbirlər həyata keçirilmiş, 9 ay ərzində sahibkarlar tərəfindən rayona 6 milyon 873 min manat investisiya yatırılmışdır. İnvestisiyaların 335 min manatı kənd təsərrüfatına, 1228 min manatı yeyinti sənayesinə, 1710 min manatı xidmət sahələrinə, 400 min manatı bank sektoruna, 3200 min manatı Logistika Mərkəzinin tikintisinə cəlb edilmişdir.
Qeyd edək ki, Göyçayda son illər özünü göstərən inkişafın nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanmış “2016-2017-ci illər üzrə Regionların İnvestisiya Reytinqi”nə əsasən, Göyçay rayonu 2016-cı ilə nisbətən 5 pillə irəliləyərək, respublikanın 63 şəhər və rayonu arasında 38-ci yerdən 33-cü yerə yüksəlmişdir.

 

Mətanət Hüseynova