Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Strateji Yol Xəritəsinin (SYX-nin) həyata keçirilməsi üzrə mülahizələr

 

Bu, bir danılmaz həqiqətdir ki, SYX-də Azərbaycan iqtisadiy­yatının müasir dövrdə üzləşdiyi problemlər və onların həlli yolları ilə yanaşı, gələcək inkişaf strategiyası olduqca dərin, əlaqəli və məntiqi əsaslarla müəy­yən edilmişdir.
SYX-də milli iqtisadiyyatın inkişafına zaman müddəti kəsiyindən asılı olaraq mərhələlərlə baxılmış və hər bir mərhələ özündən sonrakı mərhələ üçün bazis rolunu oynayır.
Burada biz SYX-nin həyata keçirilməsi ilə bağlı olan yalnız iki məsələyə toxunacağıq. Bunlardan birincisi, SYX-nin reallaşdırılmasının idarə edilməsi, ikincisi isə SYX-nin həyata keçirilməsi məqsədilə innovasiya mühitinin formalaşdırılması məsələsidir. Dünya təcrübəsində olduqca mürəkkəb layihələrin həyata keçirilməsini idarə etmək üçün xüsusi qurum (struktur) yaradılır ki, bu qurum yalnız layihənin reallaşdırılmasının idarə edilməsi ilə məşğul olur. Yaradılan belə struktur müxtəlif cür adlandırılır.
SYX də olduqca mürəkkəb və çoxcəhətli layihə olduğundan onun həyata keçirilməsini idarə etmək üçün xüsusi qurum yaradılmalıdır. Bu, “SYX-nin həyata keçirilməsinin İdarəetmə Korporasiyası” adlandırıla bilər. Bundan sonra bu qurumu qısaca olaraq “Korporasiya” adlandıra­cağıq. Korporasiya mürəkkəb la­yihələrin həyata keçirilməsi tə­ləb­ləri ilə yanaşı, özündə güclü idarə­etmə komandası yaratmalıdır.
Korporasiyanın əsas vəzifəsi SYX-də nəzərdə tutulmuş, həyata keçiriləcək tədbirlərin idarə edilməsi, maliyyələşdirilməsi və monitorinqi ilə əlaqədar olacaqdır.
Korporasiyanın tərkibinə aşağıdakı kimi funksional bölmələrin daxil olması zəruridir:
- milli iqtisadiyyatın monetar siyasətini işləyib hazırlayan bölmə;
- səhm payının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və onların bir qisminin özəlləşdirilməsini həyata keçirən bölmə;
- insan kapitalının formalaşdırılması və inkişafı ilə məşğul olan bölmə;
- SYX-də milli iqtisadiyyatın seçilmiş 11 sektorunun hər birinin nəzərdə tutulmuş staregiyasının həyata keçirilməsini yerinə yetirən bölmələr.
Korporasiya yaradılarkən ilk növ­bədə onun əsasnaməsi hazırlan­malıdır. Bu sənəddə korporasiya­nın hüquq və vəzifələri, funk­siyaları, tabeçiliyi, korporasiyanın idarəetmə sistemi, korporasiyanın hazırladığı hesabatlar və onların dövriliyi əhatə edilməlidir.
Korporasiyanın yaradılması və fəaliyyət istiqamətlərinin müəyyən edilməsinin geniş müzakirəyə ehtiyacı olduğundan yuxarıda qeyd edilənlərlə kifayətlənirik.
Burada toxunacağımız ikinci məsələ - SYX-nin həyata keçirilməsində mühüm rol oynayan ölkədə “innovasiya mühitinin” formalaşdırılmasıdır.
Dünya təcrübəsi göstərir ki, artıq elə bir dövr yetişmişdir ki, “inkişaf” sözü “innovasiya” ilə sinonim kimi səslənir. Doğrudan da, elə bir sahə ola bilməz ki, onun inkişafı innovasiya və onun ukladları ilə bağlı olmasın.
Bu, heç də təsadüfi deyildir ki, Dünya İqtisadi Forumunda bildirildiyi kimi, Azərbaycan yüksək sürətli inkişafını görəcək, yaxın gələcəkdə - 2025-ci ildə o, yüksək mənfəətli innovasiyalı ölkələr sırasına çıxacaq.
Müasir dövrdə Azərbaycan Respublikasının dövlət siyasətinin vacib prioritetlərindən biri iqtisadiyyatın yeni inkişaf yoluna – innovasiya iqtisadiyyatına yönəldilməsidir. Bunun bazasını isə Azərbaycanda biliyə əsaslanan sahələrin və elmtutumlu texnologiyaların inkişaf etdirilməsi təşkil edir.
Azərbaycanda iqtisadi inkişafın innovasiya modelinin başlıca istiqamətləri “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapmışdır.
Konsepsiyada iqtisadiyyatın texnoloji cəhətdən müasirləşdirilməsi, elmi və elmi-texniki fəaliyyətin nəticələrinin keyfiyyətli artımı hesabına innovasiyalı inkişaf yoluna keçirilməsi, innovasiya fəaliyyətinin səmərəsini artırmaq kimi vacib məsələlər ön plana çəkilmişdir.
Deməli, SYX-də nəzərdə tutulmuş tədbirlərin müvəffəqiyyətlə həyata keçirilməsi üçün ölkəmizdə innovasiya mühitinin formalaşdırılması qaçılmazdır.
İnnovasiya mühiti dedikdə, innovasiyanın inkişafına hərtərəfli şərait və imkan yaradan, ona dəstək verən mühit nəzərdə tutulur. Bu mühitin yaradılmasına uzun bir inkişaf dövrü keçdikdən sonra dünyanın inkişaf etmiş ölkələri belə, tam nail ola bilməmişlər. Demək olar ki, hal-hazırda formalaşmaqda olan innovasiya iqtisadiyyatı innovasiya mühitinin təminatçısıdır.
İnkişaf etmiş dünya dövlətləri öz ölkələrində innovasiya mühiti tam formalaşmadan innovasiya fəaliyyətinin müvəffəqiyyətli inkişafına seçdikləri müxtəlif strategiyalar hesabına nail ola bilmişlər. Məsələn, Yaponiya II Dünya müharibəsindən sonra ölkədə elə innovasiya qurumları yaratmışdır ki, başqa ölkələrdə yığılıb qalmış elmi-tədqiqat işlərinin nəticələrini az bir müddətdə istehsala tətbiq edə bilmişlər. İsrail, Finlandiya innovasiya sahibkarlığının inkişafına daha çox üstünlük vermişlər.
Çin Xalq Respublikası innovasiyanın əsas infrastrukturları olan texnoparkları və texnopolisləri ərazi üzrə elə yerləşdirmişlər ki, müəyyən qurşaqlar yaransın. Belə struktur seçiminin həyata keçirilməsi hesabına az bir müddətdə yeniliklər ölkənin digər regionlarına diffuziya etmişdir.
Azərbaycan Respublikasında innovasiya mühitini formalaşdırmaq üçün onun əsas konsepsiyalarını müəyyən etmək lazımdır.
Apardığımız çoxillik araşdırmalar nəticəsində innovasiya mühitinin Azərbaycanda formalaşdırılmasının əsas konsepsiyalarını müəyyən etmişik və onlar aşağıdakılardan iba­rətdir:
- ölkədə vahid innovasiya siyasətinin hazırlanması;
- innovasiya siyasətinin bütün cəhətlərini həyata keçirmək üçün milli innovasiya sisteminin və onun sahəvi və regional altsistemlərinin yaradılması;
- innovasiyanın hüquqi bazasının yaradılması;
- innovasiya qurumlarının, o cümlədən innovasiya infrastrukturlarının yaradılması;
- yüksək texnologiyaların ölkədə inkişafının təmin edilməsi;
- innovasiya sahibkarlığının inkişaf etdirilməsi;
- ölkədə əhalinin innovasiya fəallığının yüksəldilməsi;
- insan kapitalının formalaşdırılması və s.
Dövlətin innovasiya siyasəti onun sosial-iqtisadi siyasətinin tərkib hissəsidir. İnnovasiya mühitinin formalaşdırılması konsepsiyalarının içərisində innovasiya siyasəti əsas yer tutur. Digər konsepsiya istiqamətləri məhz innovasiya siyasətinin həyata keçirilməsinə xidmət edir.
Dövlətin innovasiya siyasətinin konkret məqsədləri olur və onlar kifayət qədər çoxdur. Bunlara misal olaraq ümumiləşmiş şəkildə aşağıdakıları göstərmək olar:
- Yerli məhsulların rəqabətlilik qabiliyyətinin artırılmasını təmin edən elmi-texniki nəticələrin səmərəli istifadəsi, sosial-iqtisadi inkişaf məsələlərini həll etmək məqsədilə innovasiya fəaliyyətindən istifadə edilməsinə təşkilati şəraitin yaradılması;
- elmi-texniki potensialın inkişafı, sə­mərəli yerləşdirilməsi və istifadə edilməsi, onun strukturunun formalaşdırılması;
- ölkə iqtisadiyyatının inkişafının elmi və texniki nailiyyətlərlə zənginləşdirilməsini artırmaq, maddi istehsal sahələrində mütərəqqi struktur dəyişikliklərinin aparılması, onların səmərəliliyinin və rəqabətlilik qabiliyyətinin təmin edilməsinə yönəldilən mühüm sosial-iqtisadi məsələləri reallaşdırmaq;
- ölkənin müdafiə qabiliyyətini, insanların, cəmiyyətin və ekologiyanın təhlükəsizliyini möhkəmləndirmək və s.
Qeyd edilənlərlə yanaşı, SYX-də seçilən 11 maddi istehsal sahəsinin inkişafı ilə əlaqədar olan məsələlərin həlli əsas məqsədlər kimi qəbul edilərsə, onda yenə də bu məqsədlərə nail olmaq üçün aparılan işlər innovasiya yönümlü olmalıdır. İnnovasiya yönümlü dedikdə, nəzərdə tutulan məqsədlərə nail olmaq üçün innovasiya iqtisadiyyatının əsas funksiyalarının yerinə yetirilməsilə yüksək innovasiya texnologiyalarından istifadə edilməsi nəzərdə tutulur.
Yuxarıda qeyd edilən məqsədlərə nail olmaq yolunda dövlətin öhdəsinə çox ciddi vəzifələr düşür: dövlətin innovasiya siyasətinin prioritetlərinin müəyyən edilməsi və onların reallaşdırılması; iqtisadiyyatda mütərəqqi struktur dəyişikliklərinin təmin edilməsi; innovasiya fəaliyyətinin infrastrukturunun yaradılması və inkişaf etdirilməsi; beynəlxalq bazarlarda milli innovasiya məhsullarının müdafiəsi; innovasiya fəaliyyətinin inkişafında elmin, təhsilin, istehsalın və maliyyə-kredit sahəsinin qarşılıqlı əlaqəsinin təmin edilməsi; xalq təsərrüfatının inkişafının strategiya və tempini, onun struktur tarazlaşmasını təmin edən istiqamətlərdə iqtisadiyyatın in­kişafını stabilləşdirmək üçün elmi-texniki potensialdan səmərəli istifadə edilməsi.

İnnovasiya siyasətinin əsasları ölkədə iqtisadiyyatın vəziyyətinə, sosial və siyasi situasiyalara adekvat olan qanunvericilik aktının külliyatının qəbulu yolu ilə qorunur. Məhz bu normativ hüquqi sənədlərdə innovasiya sahəsində idarəetmənin subyekt və obyektləri, innovasiya iş­tirakçılarının hüququ, vəzifələri və məsuliyyəti təyin edilir. Ölkədə innovasiya sahəsində aşağıdakı is­ti­qamətlərdə qanunların qəbulu zəruridir:
- innovasiya ideyasının işlənilməsi və həyata keçirilməsində iştirak edən hər bir hüquqi və fiziki şəxsin marağının qo­runması;
- innovasiya fəaliyyətilə məşğul olan subyektlərin təminatlı və gü­zəştli şərtlərlə kredit almaq imkanının olması;
- elmi kollektivlərin, eləcə də ayrı-­ayrı alimlərin və mütəxəssislərin in­tel­lek­tual mülkiyyət hüquqlarının mü­da­fiə­si­nin təmin edilməsi və s.
Yuxarıda qeyd etdiyimiz kimi, innovasiya mühitinin təminatçısı artıq yüksək səviyyədə inkişaf etmiş ölkələrdə formalaşmaq ərəfəsində olan innovasiya iqtisadiyyatıdır.
Artıq dünyanın inkişaf etmiş ölkə­lərində innovasiya iqtisadiyyatı for­malaşmaqdadır. Bu iqtisadiyyat, demək olar ki, innovasiya mühiti ilə eyni gücdədir. İnnovasiya iqtisadiyyatı innovasiya fəaliyyətinin bütün sahələrinin inkişafına zəmin yaradır. İnnovasiyanın inkişafının yüksək texnologiyaların işlənilməsi və tətbiqi, sahələrarası, xüsusilə elm-təhsil-istehsal-bazar arasında yaranan inteqrasiya, innovasiya qurumlarının yaradılması, innovasiyanın infrastrukturları və onların fəaliyyətləri, insanların intellektual səviyyələrinin yüksəl­dilməsilə əlaqədar olmasına baxmayaraq, innovasiya iqtisadiyya­tına verilən tərif insan amilinə - in­san kapitalının formalaşdırılma­sına əsaslanır. İnnovasiya iqtisadiyyatının formalaşdırılması ilə əlaqədar innovasiya iqtisadiyyatı elmi də formalaşır.
İnnovasiyaya verilən tərifə diqqət yetirək:
İnnovasiya iqtisadiyyatı elə yeni bir elm sahəsidir ki, innovator tərəfindən icad edilən yüksək texnologiyaların, avadanlıqların, idarəetmə sistemlərinin yaradılmasını, cəmiyyətin qarşısında yaranan problemlərin həll edilməsinə istiqamətləndirə bilən kadrların hazırlanmasını əhatə edir.
Məhz bu kadr insan kapitalıdır. İnsan kapitalı – bu, təkcə insanın malik olduğu elmin, qabiliyyətin, davranışın, bacarığın mexaniki toplusunu özündə səciyyələşdirən şəxs deyildir. Bu, insanın yaradıcılıq potensialıdır ki, innovasiya təfəkkürünün formalaşdırılması və fəaliyyəti hesabına son nəticədə iqtisadiyyatın innovasiya yönümünü müəyyən edir. Deməli, innovasiya iqtisadiyyatı birbaşa insanların öyrədilməsilə əlaqədardır. Bu isə öz növbəsində təhsil sistemində müvafiq islahatların edilməsilə pedaqoji innovasiyanın yaradılmasını tələb edir. Bu vəzifənin yerinə yetirilməsi aşağıdakıları zəruri edir: mənəvi-əxlaqi tərbiyənin verilməsi; peşəkarlıq səriştəsinin formalaşdırılması; innovasiya yaratmaq qabiliyyəti; innovasiya mədəniyyətinin inkişaf etdirilməsi; fəal innovasiya fəaliyyətinin motivləşdirilməsi; işgüzarlıq və bizneslə məşğul olmaq qabiliyyətinin formalaşdırılması.
Yeri gəlmişkən, qeyd etmək olar ki, insan kapitalının formalaşdırılmasına SYX-də geniş yer verilmişdir.
Ölkədə innovasiya mühitinin formalaşdırılmasının ən əsas konsepsiyalarından biri Milli İnnovasiya Sisteminin (MİS-in) yaradılmasıdır. MİS ölkədə innovasiya fəaliyyətinin gücləndirilməsi və inkişaf etdirilməsi məsuliyyətini öz üzərinə götürən yüksək səviyyəli dövlət orqanıdır.
Milli dilimizdə MİS haqqında çox zəngin monoqrafiya və dissertasiya materiallarının olduğunu nəzərə alaraq, burada yalnız onun funksiyalarının izahının verilməsilə kifayətlənəcəyik.
MİS-in əsas funksiyaları ölkədə innovasiyanın yaradılması, innovasiya məhsulunun istehsalı və onun reallaşdırılması ilə əlaqədardır.
MİS-in əsas funksiyaları onun altsistemlərə bölünməsi üçün meyarlar kimi çıxış edirlər. Altsistemlər hal-hazırda mövcud olan elementlərin sistemləri kimi bölünürlər. MİS-in struktur altsistemləri aşağıdakılardır: yeni biliklərin yaradılması; innovasiya məhsulunun istehsalı; innovasiya məhsullarının reallaşdırılması; geniş innovasiya fəaliyyətinə köməklik göstərilməsi.
Yeni biliklərin yaradılması altsistemi generasiya, təkrar emal, yeni biliklərin innovator tərəfindən elmi, elmi-texnoloji, təhsil sektorlarından generasiya edilərək, reallaşdırılması ilə əlaqədar olan işləri yerinə yetirir.
İnnovasiya məhsullarının istehsalı altsistemi yeni məhsulların istehsalı, ideya, “nou-hau” şəklində vətəndaşların tələbatlarının ödənilməsi üçün yeni məhsulların istehsalları, xidmətləri, texnologiyaları, innovasiya idarə metodlarında elmi biliklərin istifadəsi vasitəsilə həyata keçirilir. İnnovasiyaların reallaşdırılması al­tsistemi yeni məhsullar və xidmət­lərin alqı-satqısı şəklində yeni bi­lik­lərin kommersiyalaşdırılması pro­­sesini həyata keçirir.
İnnovasiyalara köməklik altsistemi normativ-hüquqi bazanın, vergi sti­mullaşdırılması, innovasiya infra­strukturunun inkişafının formalaşdırılması yolu ilə MİS fəaliyyəti üçün əlverişli mühitin yaradılması prosesini müəyyən edir. Ölkədə innovasiya mühitinin formalaşdırılmasında əhalinin innova­siya fəallığının yüksəldilməsi özünəməx­sus yer tutur.
İnnovasiya fəallığı makro, mikro, mezo və müəssisə səviyyələrində olur. Ölkədə makro, mikro və mezo səviyyələrində olan innovasiya fəal­lığı ölkə, sahə və region səviyyə­lərində innovasiyanın idarə edilməsində özünü büruzə verir.
Müəssisə əməkdaşlarının və geniş əhali kütləsinin innovasiya fəallığının artırılması innovasiya mühitinin formalaşdırılmasında mühüm rol oynayır.
Fikrimizcə, bu istiqamətdə aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:
- kütləvi informasiya vasitələrində innovasiyanın geniş təbliğ edilməsi;
- müəssisədə innovasiya üzrə dərnəklərin təşkil edilməsi;
- mütəmadi olaraq müəssisələrdə yeniliklər üzrə müsabiqələrin keçirilməsi;
- müsabiqədə seçilən yüksək səviyyəli ideyanın müəssisədə həyata keçirilməsi işinə rəhbərlik etmək müsabiqə qalibinə həvalə edilsin;
- müəssisədə innovasiya ideyası axtarışının müəllifləri bu sahədə transmilli şirkətlərin iş təcrübəsini öyrənsinlər və s.
Qeyd etmək yerinə düşər ki, geniş əhali kütləsinin innovasiya sahəsində maarifləndirilməsində Azərbaycan İqtisadçılar İttifaqının müstəqil iqtisadi-siyasi qəzeti olan “İqtisadiyyat” qəzetinin apardığı işlər olduqca önəmli olmuşdur.
Qəzetin 2011-2017-ci illərdə çıxan saylarında innovasiyaya aid müx­təlif rubrikalar təşkil edilmiş və bu rubrikalarda alimlər və mütəxəssislər silsilə məqalələrlə çıxış etmişlər. Azərbaycanda innovasiya mühitinin formalaşdırılması konsepsiyaları içərisində ən əsas yerlərdən birini ölkədə innovasiya qurumlarının, o cümlədən innovasiya infrastrukturlarının yaradılması tutur.
Ümumiləşmiş şəkildə innovasiya infrastrukturunun həll etdiyi məsələlər: informasiya təminatı, kiçik firmaların inkişafını təmin edən informasiya şəbəkələrinin yaradılması və onların beynəlxalq şəbəkələrə qoşulmasının təmin edilməsi; maliyyə resurslarının akkumulyasiyası (yığılması), innovasiya, investisiya,­ vençur fondlarının, innovasiya bank­larının yaradılması; innovasiya fəa­liyyətinə istehsal-texnoloji, texniki köməklik; innovasiya məhsullarının sertifikatlaşdırılması və standartlaşdırılması; investisiya və innovasiya layihələrinin həyata keçirilməsinə köməklik göstərmək; innovasiya məhsullarının, texnikasının və texnologiyalarının yayılmasını təmin edən sərgi-yarmarka fəaliyyətini təşkil etmək; elmtutumlu, rəqabətqabiliyyətli məhsulların, yüksək texnologiyaların yaradılması və onların bazara, o cümlədən dünya bazarlarına hərəkətini təmin etmək məqsədi ilə konsaltinq, injinirinq, audit, reklam və ekspertiza xidmətlərinin göstərilməsi; innovasiya fəaliyyəti və sahibkarlıq üçün mütəxəssislərin hazırlanması, təkrar hazırlığı və ixtisaslarının artırılması; xarici tərəfdaşlar haqqında məlumatların alınmasına, müqavilələrin, o cümlədən beynəlxalq sazişlərin bağlanılmasına köməklik; innovasiya prosesləri üçün işlənilmələrin yerinə yetirilməsi və s.
İnnovasiya sahibkarlığının inkişafı ölkədə innovasiya mühitinin formalaşdırılmasına, innovasiya fəaliyyətinin müəyyən mərhələlərinin yerinə yetirilməsinə, infrastruktur xidmətlərinin göstərilməsinə güclü təkan verə bilir.
İnnovasiya sahibkarlığının iri təşkilati-hüquqi formaları, xüsusilə elmi-texniki problemlərin həllinə yönəldilən maliyyə-sənaye qrupları, konsersiumlar, qlobal korporasiyalar, şəbəkə ittifaqları, müxtəlif təyinatlı ittifaqları və bu kimi subyektlər ölkədə innovasiya fəaliyyətinin inkişafına hərtərəfli zəmin yaradır.
İnnovasiya sahibkarlığının bir sıra kiçik təşkilati-hüquqi formaları vardır ki, onlar öz seçdikləri strategiyaya uyğun olaraq, innovasiya prosesinin həyata keçirilməsinin məlum mərhələsində iştirak edir və həmin mərhələnin uğurla başa çatdırılmasında əhəmiyyətli rol oynayırlar. Bunlara nümunə kimi vençur, eksplerent, patient, komutant və violent firmalarını göstərmək olar.
Ölkədə innovasiyanın yaxın və uzaq perspektivdə inkişafını təmin etmək üçün Azərbaycan Respublikası da bir sıra beynəlxalq innovasiya layihələrinin yerinə yetirilməsinə qoşulmalıdır. Xüsusilə, yüksək texnologiyaların işlənilməsi və həyata keçirilməsi üzrə olan layihələrdə iştirak etmək iqtisadi inkişafın 5-ci və 6-cı dalğasının texnoloji ukladının ölkəmizdə formalaşdırılmasına imkan yaradar. Bu isə öz növbəsində ölkəmizdə yaxın və uzaq perspektivdə innovasiyanın müstəqil olaraq inkişaf etdirilməsinə zəmin yaratmış olar.
Yekunlaşdıraraq, bu nəticəyə gəlmək olar ki, SYX-nin həyata keçirilməsi üzrə idarəetmə təşkilatının yaradılması və ölkədə innovasiya mühitinin formalaşdırılması layihənin uğurla həyata keçirilməsinin zəruri şərtlərindəndir.

 

A.H.Tağıyev,
Türk Dünyası Araşdırmaları
Uluslararası Elmlər Akademiyasının akademiki