Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Strateji Yol Xəritəsi dövlətin qlobal çağırışlara cavabı kimi

 

2017-ci ilin 21-23 sentyabr tarixlərində Bakı şəhərində Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.


 

 

Tədbirdən Azər­baycan İqtisadçı­lar İttifaqının sədr müavini, Azər­baycan Dövlət İqtisad Univer­si­tetinin dosenti, Bey­nəlxalq Me­necment Akademiyasının müxbir üzvi, i.e.n. Elşad Ziyad oğlu Sə­mədzadənin çıxışını təqdim edirik.
Azərbaycan müstəqillik əldə etdikdən sonra - 1991-2015-ci illərdə ölkə iqtisadiyyatı sıçrayışla inkişaf edib. Bunu Dünya Bankının məlumatları da təsdiqləyir. Dünya iqtisadiyyatı 25 il ərzində 4 dəfə artdığı halda, Azərbaycan iqtisadiyyatı bu dövrdə 21,7 dəfə böyümüşdür. Ölkəmizdə tarixin bu kəsiyində təmin olunan 3 əsas amil var:
1. maliyyə sabitliyi;
2. institusional quruculuq;
3. böyük infrastruktur layihələri.
Etiraf etməliyik ki, çağdaş dövrdə Azərbaycan iqtisadiyyatının atdığı zər YEK qoşadır.
YEK deyəndə bir rəqəmini nəzərdə tutmuruq. YEK abreviatura olaraq Yanacaq Energetika Kompleksi ifadəsini bildirir. Yəni, iqtisadiyyatımızın əsasını neft-qaz sənayesi təşkil edir. Buna görə də dünya bazarında brend markalı neft qiymətinin 2008-ci ildə 146,3$-dan 2016-cı ildə 26,6$ səviyyəsinə düşməsi karbohidrogen ixracatçısı olan ölkələr, eləcə də Azərbaycan üçün qlobal çağırışa çevrilib. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi hazırlanıb.
Ümumiyyətlə, xəritələr eramızdan əvvəlki dövrün məhsuludur. Məşhur xəritələrdən biri Strabonun xəritəsidir.
Xəritələrin növlərindən biri isə yol xəritələridir. Onlar dinamikdir. Əzəldən yol xəritələri 2 cür olub: hərblə və turizimlə bağlı. Amma hərbdə rəqibin hərəkətləri dəyişir, təbiətdə isə geoloji proseslər baş verir, bunlardan asılı olaraq yol xəritələrində də dəyişikliklər olur.
Elmi ədəbiyyata görə yol xəritəsi coğrafi, inzibati və sair dayanıqlı nəzarət nöqtələrini birləşdirən müxtəlif tipli yolların atlasıdır. Yol xəritəsi planı müəyyən məqsədə doğru hərəkəti əks etdirən tədbirlər planıdır. Xüsusi anlayış və ardıcıl tədbirlər planı kimi yol xəritəsi ilk dəfə siyasi həyatda, 2003-cü ildə BMT tərəfindən Fələstin-İsrail münaqişəsinin həlli üçün istifadə olunub. Müəyyən pozitiv nəticələr də əldə edilib. Sonradan bütün bu fikirlər sistemləşərək, iqtisadiyyata gəlib və nəticədə yol xəritələri hazırlanıb. Ümumilikdə, dünya iqtisadiyyatının tarixində adı xəritə olmasa da, mahiyyət taleyüklüyünə görə xəritə kimi strateji sənədlər olub. Onların ən mötəbərlərindən biri ABŞ dövlət katibinin adı ilə bağlı olan və 1947-ci ildə icrasına başlanılan Marşall planıdır. Bu sənədə əsasən, İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Avropaya 20 milyard dollar yardımı olub. Maliyyə resursları ilə yanaşı, idxal olunan texnologiyalar da Avropanın inkişafına töhfəsini verib.
Amma demək olmaz ki, neftin qiyməti düşdü və ondan sonra Azərbaycan dövləti özünün gələcəyi haqqında strateji baxışları formalaşdırmağa başladı, heç də yox. Yəni, 2012-ci ildə - dünya bazarında neft qiymətlərinin ölkəmiz üçün əlverişli olduğu dövrdə belə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanmışdır. Bu sənəddə ictimai həyatın müxtəlif sahələri təhlil olunub və irəliyə istiqamətlər müəyyənləşib. Sevindirici haldır ki, Strateji Yol Xəritəsində də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından törəyən müddəalar var və bir növ bu sənədlər arasında varislik təmin olunub. Strateji Yol Xəritəsi xarici və milli ekspertlər tərəfindən birgə hazırlanmış sənəddir. Bizim fikrimizcə, Strateji Yol Xəritəsinin daşıdığı məna yükü əsasən üç hissədən ibarətdir:
1-ci onun psixoloji effektidir. Yəni, dünya bazarında neft qiymətlərinin azaldığı bir dövrdə ölkəmizdən kapital ixracının qarşısını almaq, işgüzar fəallığı pozmamaq üçün psixoloji effektə ehtiyac var idi. Beləliklə, bu sənəd yerli və xarici iqtisadi subyektlərin rahatlaşmasına kömək etdı.
2-ci odur ki, hamı məqsədləri gördü. Dövlət qurumları, sahibkarlıq və ictimai strukturlar hansı sahələrin öncül seçildiyini, hansı meqa meyillərin formalaşdığını bildilər və işlərini həmin istiqamətlərdə qurmağa başladılar.
3-cü odur ki, bütün resurslar xəritə məqsədləri üçün səfərbər olunur.
Strateji Yol Xəritəsinin Azərbaycanın digər dövlət sənədlərindən fərqi ondan ibarətdir ki, burada dünya hara gedir, dünyanın iqtisadiyyatının ağırlıq mərkəzi hara dəyişir kimi məsələlər təhlil olunur. Başqa ölkələrin təcrübələri öyrənilir. Digər tərəfdən, qlobal istehlak mədəniyyətindəki dəyişikliklər də geniş tədqiq olunur. Lakin, eyni zamanda, milli maraqlar məsələsi önə çəkilir.
Strateji Yol Xəritəsi ümumi aspektlə yanaşı, 11 istiqamətdə aparılır. Biz onları şərti olaraq bu cür bölmüşük. Sırf iqtisadi sahələrə aid olunan:
- neft və qaz sənayəsi;
- ağır sənayə və maşınqayırma;
- telekommunikasiya və informasiya texnologiyaları;
- kənd təsərrüfatı məhsullarının istehsalı;
- kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı;
- ixtisaslaşmış turizm sənayəsi.
Zənnimizcə, kommunikativ sa­hə­­­lərə:
- maliyyə xidmətləri;
- logistika və ticarət;
- kommunal xidmətlər (həmçinin, enerji məsələri) aiddir.
Təhsillə bağlı:
- peşə təhsili.
Sosial sahə:
- uyğun qiymətə mənzil təminatı.
Strateji Yol Xəritəsində Azərbaycan iqisadiyyatının cari vəziyyəti tədqiq olunur, GZİT təhlili aparılır. GZİT abreviaturası bunu bildirir: güclü tərəflər, zəif tərəflər, imkanlar və təhlükələr.
Bəzən bu xəritələrdən birindəki zəif tərəf digər xəritədə güclü tərəf kimi tarazlaşdırılıb. Misal üçün, logistika və ticarət xəritəsində külək elementi ümumi potensialı zəiflədən tərəfdir. Bəllidir ki, Xəzər dənizi ərazisində külək çoxdur, bu da gəmiçilik üçün çətinlik yaradır. Amma bu zəif tərəf alternativ enerji ilə bağlı xəritədə güclü tərəf kimi çıxış edir və əlavə enerji imkanı kimi ümumi potensialı tarazlaşdırır.
Strateji Yol Xəritəsində cəmiyyətin 3 institutunun vəhdəti təmin olunub: dövlət, sahibkarlıq və və­tən­­daşlıq cəmiyyətinin triadası. İc­timai nəzarətə xüsusi diqqət ayrılıb.
Amma, eyni zamanda, bütün göstərilənlərlə yanaşı, bizim düşünməli olduğumuz məqamlar da var. Mən görkəmli rus iqtisadçısı i.e.d., professor Georgi Kleynerdən bir sitat gətirmək istəyirəm: “Kosmos haqqında düşünərkən biz traktor istehsalını yaddan çıxarmamalıyıq”.
Yəni, nə qədər yüksək texnologiyalar haqqında fikirləşiriksə də, ənənəvi sahələri diqqətdən kənarda qoymamalıyıq və onların arasında məntiqi nisbəti təmin etməliyik.
Eyni zamanda, Strateji Yol Xəritəsində 27 milyard manatın iqtisadiyyata qoyulması nəzərdə tutulur. Bir təklif kimi irəli sürə bilərik ki, bunun təmin olunması üçün sahibkarların kommunikasiyalara qoşulmasının asanlaşması zərurəti var. Eyni zamanda, hər bir iqtisadiyyat üçün belə bir sual qoyulmalıdır. İqtisadiyyatın strukturu necə olsun? Sahələr arasındakı nisbət necə müəyyən edilsin? Məsələn, iqtisadiyyatı gə­miyə bənzətsək, onun hissələrə bö­lünməsi aysberqlə toqquşması zamanı gəminin dayanıqlığını qoruyaraq üzməsinə kömək edir. Biz müəyyən etməliyik ki, iqtisadiyyatımızın nə qədər hissəsi yanacaq kompleksinə, turizmə, istehsala, informasiya texnologiyalarına, kənd təsərüfatına, nəqliyyata və s. sahələrə bölünməlidir.
Bu dövrdə valyuta ehtiyatları ilə 1 milyarddan çox artıb. Biz düşünürük ki, eyni zamanda, Strateji Yol Xəritəsinin baxdığı bir son nöqtə var, o da dayanıqlı, davamlı inkişafdır. BMT tərəfindən irəli sürülən bu missiya cəmiyyətin inkişafı üçün 3 amilin vəhdətini arzulayır. Yəni, iqtisadi inkişafı, sosial inkişafı və ətraf mühitin qorunmasını. Bu 3 amil təmin olunduqda inkişaf davamlı ola bilər. Vurğulamaq istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti Strateji Yol Xəritəsi ilə bağlı 2 sənəd imzalayıb: 16 mart 2016-cı il tarixli sərəncam və 6 dekabr 2016-cı il tarixli fərman. Bu 2 sənəd arasındakı vaxtda - 06 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başqa bir fərman da imzalamışdır ki, bu da Azərbaycanın Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlıdır. Bir sözlə, Strateji Yol Xəritəsinin sonluğunda biz dayanıqlı, davamlı inkişaf arzulayırıq.
Biz Azərbaycan iqtisadiyyatında maliyyə kanalları sxemini (sxem 1) hazırlamışıq.


Deyək ki, 27 milyard manat dövlət şirkətlərindən, Dövlət Neft Fondundan, dövlət büdcəsindən gələcək. Dövlət büdcəsi ənənəvi gəlir mənbələri ilə yanaşı, əlavə vəsaiti daxili borclanma, xarici borclanma, özəlləşmədən götürəcək. Xərc istiqamətində isə vəsait dövlət büdcəsindən, "Azərbaycan İpoteka Fondu" ASC- dən, Aqroliznq ASC-dən və Sahibkarlara Kömək Milli Fondundan milli sahibkarlara ötürüləcək. Sahibkarlıq subyektlərinə korporativ fond bazarı, banklar əlavə vəsaitlə kömək edəcək. Bu vəsaitin üzərinə xarici şirkətlərin vəsaiti də gələcək. Bu cür yanaşsaq, sərmayə qoyuluşunun elementlərinə düşən payı planlaşdırmaq faydalı olar.
Digər tərəfdən, biz milli sahibkarlar üçün institusional - intellektual dəstək sxemini hazırlamışıq (sxem 2) və arzulayırıq ki, inkişafımızın modernləşməsi, texnoloji olması üçün mütləq xarici təcrübə öylənilməlidir.


Mərkəzi element kimi biz İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsini nəzərdə tuturuq və arzulayırıq ki, Xarici İşlər Nazirliyi ilə sıx əlaqələr təmin olunsun. Bakıda olan xarici səfirliklər, Azərbaycanın xaricdəki səfirlikləri, iqtisadi attaşelər vasitəsilə sərgilər və sairdən toplanılan bütün məlumatlar İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinə ötürülsün, yaxud orada İqtisadiyyat Nazirliyinin Lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi şöbəsində yerli xüsusiyyətlərə uyğun biznes planlar hazırlansın və İqtisadiyyat Nazirliyinin Abşeron, Gəncə-Qazax və s. kimi 8 regional bölmələsinə təqdim olunsun. Onlar vasitəsi ilə sahibkarlara izah olunsun və çalışılsın ki, bütün iqtisadi rayonlarda xarici təcrübəni nəzərə alaraq istehsallar qurulsun. Kadr potensialına ehtiyac olduqda Əmək Nazirliyi treninq mərkəzləri və yaxud da Təhsil Nazirliyi vasitəsi ilə bakalavr və magistratura hazırlığına müraciət olunsun.
Ən zəruri məsələlərdən biri Strateji Yol Xəritəsində idarəetmə strukturları arasında koordinasiyanın təmin olunmasıdır. Buna ehtiyac var və düşünürük ki, bu koordinasiya təmin olunduqdan sonra islahatların nəticəsi daha faydalı olacaq.
Biz hesab edirik ki, ölkəmizdə ali məqsədə çatmağın meqa amilləri var, biz onu 4 hissəyə ayırmışıq:
- beynəlxalq enerji layihələri;
- beynəlxalq nəqliyyat layihələri;
- Azərbaycanın gözəl təbiəti;
-xalqımızın elmli, yaradıcı insanları.
Qeyd etdiklərimizi ümumiləşdi­rə­rək deyə bilərik ki, inamla hədəfə doğru gedən dövlət iqtisadi siyasətinin olması göstərir ki, Azərbaycanda Strateji Yol Xəritəsinin və davamlı inkişafın təmini üçün bütün zəruri şərtlər mövcuddur!