Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Heydər Əliyev Naxçıvanda dövlət çevrilişi cəhdinin qarşısının alınmasında

böyük müdriklik və siyasi iradə nümayiş etdirdi

 


 

Muxtar Respublikanın o zamankı Baş naziri, hazırda Xaçmaz RİH-in başçısı

Şəmsəddin Xanbabayevin 25 il öncə baş verənlərə dair qeydləri


Tarix boyu milli dirçəliş və ictimai tərəqqi yollarını dahi şəxsiyyətlər müəyyənləşdirmişlər. Mürəkkəb, təlatümlü çağlarda məhz belə şəxsiyyətlər irəli çıxaraq, liderlik və xilaskarlıq missiyasını yerinə yetirməklə öz xalqının və bəşəriyyətin taleyində silinməz izlər qoyublar. Məhz görkəmli ictimai-siyasi xadimlər zamanın çox çətin hərbi, iqtisadi və siyasi kataklizmlərindən xalqın xilas yolunu müəyyənləşdirməklə onun sonrakı taleyini də təyin etmək məsuliyyətini öz üzərinə götürürlər. Bu gün müstəqillik və tərəqqi yolunda inamla addımlayan, azad və demokratik dövlət kimi dünya birliyində layiqli yer tutan, iqtisadi və siyasi islahatların uğurla həyata keçirildiyi Azərbaycan Respublikasının müasir tarixinin təqribən yarım əsrə bərabər dövrü və bu dövr ərzində qazandığı bütün uğurlar ümummilli lider, dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bilavasitə bağlı olmuşdur. Heydər Əliyev Azərbaycan xalqını və dövlətini zamanın ən çətin sınaqlarından uğurla çıxararaq sosial-iqtisadi, mədəni-mənəvi tərəqqiyə qovuşdurmuşdur. O, öz mənalı ömrünü bütünlüklə xalqının tərəqqisi və rifahına, onun dünya xalqları arasında özünə layiq şərəfli yer tutmasına həsr etmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təbirincə desək, “Heydər Əliyevin liderlik keyfiyyətləri, onun xalqına, millətinə bağlılığı hər zaman böyük işlər görməsi üçün stimul olmuşdur”.
Artıq hər kəsə məlum olduğu kimi, 90-cı illərin əvvəlləri Vətənimizin tarixinə hərbi, siyasi və ictimai təlatümlər dövrü, ölkədə xaos, hərcmərclik və özbaşınalığın tüğyan etdiyi bir dövr kimi düşüb. O dönəmdə hakimiyyət başında olan və hakimiyyətə can atan bir para təcrübəsiz, səriştəsiz və başıpozuq kadrların həm fəaliyyəti, həm də fəaliyyətsizliyi ucbatından dövlət müstəqilliyi yoluna yenicə qədəm qoymuş respublikamız üçün çox böyük itkilərlə nəticələndi. Görünür, o illərin real və dolğun mənzərəsini yaratmaq üçün həm tarixçi alimlərimiz, həm də ədəbiyyat xadimlərimiz hələ çox iş görməlidirlər. Hesab edirəm ki, o dönəmdə bilavasitə ulu öndər Heydər Əliyevin ətrafında, necə deyərlər, siyasi çarpışmaların episentrində olan insanlardan hər birinin gündəlik olaraq gördükləri, etdikləri, şahidi olduqları və nəhayət, yaşadıqları barədə xatirə və düşüncələri bu işdə qələm sahiblərimiz üçün çox zəngin və qiymətli faktoloji mənbə ola bilər.
Ulu öndərin yaxın ətrafında olan, hər gün, hər an ondan tapşırıqlar alan bir insan kimi mənim də ürəyim doludur və əlbəttə ki, olub-keçənlərin hamısı barədə xatirələri bir qəzet məqaləsində əhatə etmək mümkün deyil. Odur ki, mən bu qeydlərimdə 25 il öncə, 1992-ci ilin oktyabr ayında o zaman Azərbaycana rəhbərlik edən dağıdıcı qüvvələr tərəfindən Naxçıvanda dövlət çevrilişinə cəhdin qarşısının alınması yolunda ulu öndər Heydər Əliyevin nümayiş etdirdiyi siyasi iradə, qətiyyət, prinsipial mövqe və hakimiyyətlə xalqın birliyini təmin etmək bacarığı barədə bilavasitə iştirakçısı və şahidi olduğum bəzi məqamları oxucuların diqqətinə çatdırmağı özümə borc bilirəm.
Daxili işlər naziri İsgəndər Həmidovun 18 avqust 1992-ci il tarixli qanunsuz əmri ilə daxili işlər orqanlarında heç bir təcrübəsi və səriştəsi olmayan AXC fəalı S.Mustafayevin Naxçıvan MR daxili işlər naziri təyin olunması çətin iqtisadi blokada şəraitində yaşayan, Ermənistanla sərhəddə şiddətli atışmalar gedən, cəbhəçilərin və mütəllibovçuların tör-töküntülərinin ara verməyən təxribat və pozuculuq hərəkətlərinin baş alıb getdiyi Naxçıvanda ictimai-siyasi vəziyyəti daha da gərginləşdirdi. Xatırladım ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvanda qanunsuz kadr dəyişiklikləri aparılarkən Ali Məclisin sədri İran İslam Respublikasında rəsmi səfərdə idi. Avqustun 26-da səfərdən geri qayıdan ulu öndər məsələ ilə bağlı Azərbaycan rəhbərləri ilə təkrar-təkrar telefon əlaqəsi yaratdı. Açığını deyim ki, İ.Həmidov və digərləri bu məsələ ilə əlaqədar Heydər Əliyevlə danışmaqdan qaçırdılar. İsa Qəmbər və Elçibəylə aparılan danışıqlar da nəticə vermədi. İ.Həmidovun qanunsuz əmrini icra etmək məqsədilə onun müavinləri R.Quliyev və M.Cəfərov Naxçıvana gəldilər və S.Mustafayevi güc tətbiq etmək yolu ilə də olsa nazir kreslosuna oturtmağa cəhd etdilər. Sentyabr ayının 16-da yaranmış böhranlı vəziyyət Naxçıvan Ali Məclisi Rəyasət Heyəti və Nazirlər Kabineti Rəyasət Heyətinin birgə yığıncağının müzakirəsinə çıxarıldı və müvafiq qərar qəbul olundu. Həmin yığıncağın qərarı ilə Naxçıvan daxili işlər nazirinin I müavini, polis polkovniki Ə.Ələkbərov böyük səs çoxluğu ilə Muxtar Respublikanın daxili işlər naziri təyin olundu. Beləliklə də, İ.Həmidovun Azərbaycan Respublikası Konstitusiyasına və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına zidd olan qanunsuz əmri Naxçıvanda icra olunmadı və bununla bağlı respublikanın bütün aidiyyatı orqanlarına müraciətlər ünvanlandı. Mənəm-mənəmlik edərək hər kəsə meydan oxumaqda davam edən İ.Həmidov isə həmin müraciətləri nəzərə almaq əvəzinə, şəxsi heyətə divan tutmaq məqsədilə Naxçıvana komissiya göndərdi.
Naxçıvandan olan müraciətlərə Bakıda etinasız yanaşılması daha təhlükəli oyunlardan xəbər verirdi. Açıq-aydın hiss olunurdu ki, muxtar respublikada vəziyyəti gərgin­ləşdirmək istəyənlərin ssenari müəl­lifləri və drijorları elə Azərbaycana rəhbərlik edən şəxslərdir. Təzada bir baxın, Naxçıvan rəhbərliyi bütün imkanları səfərbər edərək muxtar respublikanın sosial-iqtisadi problemləri ilə məşğul olduğu, əhalinin ərzaq, yanacaq, elektrik enerjisi, nəqliyyat xidməti ilə bağlı çətinlikləri aradan qaldırmaq üçün yollar axtardığı bir vaxtda Xalq Cəbhəsi xalqın pulu ilə alınmış silahları xalqa qarşı istifadə etməklə sabitliyi pozmaq və qırğınlar törətmək yolu ilə də olsa hakimiyyəti zəbt etmək planları qurmaqda idi. Təəccüblü haldır ki, Naxçıvan Xalq Cəbhəsinin Muxtar Respublikadakı destruktiv fəaliy­yəti Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Respublikasının döv­lət orqanları tərəfindən nəinki dəf olunmur, əksinə, bəyənilərək, da­ha da qızışdırılaraq istiqamətləndirilirdi. Bütün bunları nəzərə alaraq 18 sentyabr 1992-ci il tarixdə Naxçıvan MR Ali Məclisi Xalq Cəbhəsinin silahlı dəstələrinin ləğv olunması və onlarda olan bütün silahların Naxçıvan ərazisində yerləşən hərbi hissələrə verilməsi barədə qərar qəbul etdi.
Mərkəzdən idarə olunan destruktiv qüvvələr o dərəcədə azğınlaşmışdılar ki, onlar Heydər Əliyevin siyasi karyerasının qarşısını almaq məqsədilə hətta Naxçıvanın statusunun dəyişdirilməsi, onun muxtar respublika kimi varlığına son qoyulması, Azərbaycan Respublikası Konstitusiyasının Naxçıvan MR haqqındakı bir sıra maddələrinin dəyişdirilməsi, Ali Məclisin hüquqlarının məhdudlaşdırılması zərurəti barədə ağlasığmaz təkliflərlə çıxış etməkdən belə çəkinmirdilər. Bu qüvvələr anlamırdılar ki, xüsusi coğrafi və geopolitik məkanda yerləşən Naxçıvanın 70 il öncə muxtar respublika statusu əldə etməsi tarixi nailiyyətdir və ona qarşı yönələn qəsd planları birbaşa Azərbaycanın milli dövlətçiliyinə, Naxçıvan vətəndaşlarının hüquq və mənafelərinə edilən qəsddir.
Ulu öndər Ali Məclisin sədri işləyərkən, adətən, axşamlar evə çox gec gedirdi, səhərlər də iş otağına daxil olan kimi ən əvvəl mənimlə telefon əlaqəsi yaradır, vəziyyəti soruşurdu. O vaxtlar İran və Türkiyə ilə intensiv əlaqələrimiz vardı. Muxtar Respublikanın baş naziri kimi gedib-gələnlərlə təmasda olurdum. Ulu öndər, demək olar ki, hər gün bu əlaqələrin nə yerdə olduğu barədə məlumat alırdı. Oktyabrın 23-də də mənə zəng edərək heç nə soruşmadan: – Şəmsəddin, sən dur elə indi Sədərəyə get, gör orada vəziyyət necədir, adamlara ürək-dirək ver, gör nə problemləri var, yardım et. Mən dərhal Sədərəyə yollandım. Məlum olduğu kimi, o vaxt Sədərək ermənilər tərəfindən davamlı olaraq atəş altında idi. Sədərəyin üstündəki yüksəklikdə mövqe tutduqlarından düşmənin atəş həmlələrinin qarşısını almaqda çətinlik çəkirdik. Atışma nəticəsində hər gün ölənlər, yaralananlar olurdu. Sədərəkdəki evlərin xeyli hissəsi ermənilərin ağır silahlardan açdığı atəş nəticəsində dağıdılmışdı. Belə olan halda yaralılara tibbi yardım göstərilməsi, evləri dağılan ailələrin xüsusi çadrlarda yerləşdirilməsi əsas qayğılarımızdan idi. Təzəcə bu işlərlə məşğul olmağa başlamışdım ki, sürücüm yaxınlaşaraq: - zəng etmişdilər, təcili danışmalısınız, - dedi. Mən dərhal maşına oturdum və komutator qıza Heydər Əliyevlə danışmaq istədiyimi bildirdim. Əlaqə yaranan kimi ulu öndər vəziyyətlə maraqlandı və sonra onun yanına gəlməyimi tapşırdı. Səsindən hiss elədim ki, nəsə bir qədər narahatlıq var.
90 kilometrlik Naxçıvan–Sədərək yolu pis vəziyyətdə olduğundan saat yarıma gəlib çatdım və dərhal ulu öndərin qəbuluna getdim. O dedi ki, cəbhəçilər Daxili İşlər Nazirliyi və Naxçıvan Televiziyasını tutaraq öz adamlarını ora yerləşdiriblər. Sən bir get Daxili İşlər Nazirliyinin qarşısına bax, gör orada nə var, nə yox. Amma nazirliyə daxil olma, kənardan müşahidə apar və gəl mənə məlumat ver. Sonradan duydum ki, ulu öndər ehtiyat edirmiş ki, birdən içəriyə daxil olsam, cəbhəçilər məni girov saxlaya bilərlər.
Mən poçtun binasınadək gəldim və sürücüyə dedim ki, orada gözləsin. Özüm isə poçtun qarşısındakı parka, Naxçıvan sakinlərinin “Böyük bağ” adlandırdığı əraziyə gəldim. Oraya çoxlu insan toplaşmışdı. Aralarında şəhər sakinləri ilə yanaşı, Nehrəm və Cəhri kəndlərindən gəlmiş çoxsaylı yaşlı insanlar da vardı. Toplaşanların ön cərgəsində dayanan əli çəlikli kişi isə Nehrəm kənd sakini, Böyük Vətən müharibəsi veteranı Abbas İsmayılov idi. Nehrəm sakinləri Hacı Muradəli Muradov, Qulu Tarquliyev, Əhmədalı Hüseynov və digər sayılıb-seçilən el ağsaqqalları da orada idi. Mən ətrafa göz gəzdirdikdən sonra birbaşa Daxili İşlər Nazirliyinin binasına daxil oldum. Doğrudur, ulu öndər mənə təkrar-təkrar demişdi ki, nazirliyin içərisinə girməyim, amma o anda öz-özümə düşündüm: bir halda ki, bu tapşırığı ulu öndər özünün və Baş nazirin müavinlərinə deyil, məhz mənə həvalə edibsə, deməli, mənə daha çox etibar edir. Odur ki, tərəddüd etmədən belə bir addım atdım. Nazirliyin birinci mərtəbəsi cəbhəçilərlə dolu idi. Mən rəhbərliyin oturduğu ikinci mərtəbəyə qalxdım. Daxili işlər nazirinin müavini, polkovnik-leytenant Eldar İbrahimov (o, Heydər Əliyevin sürücüsü Sabir kişinin oğlu idi) ikinci mərtəbənin dəhlizində yerə yıxılmış vəziyyətdə qalmışdı. Onu cəbhəçilər elə vurmuşdular ki, dörd dişi sınmışdı. Acınacaqlı hal idi ki, oradakılardan heç kim ona yardım etmirdi. Mən birbaşa nazirin otağına daxil oldum. S.Mustafayev çiynində pulemyot oturmuşdu nazir kreslosunda. Ətrafdakıların da hamısı avtomat və pulemyotlarla silahlanmış vəziyyətdə idi. İnsafən, heç mənə tərəf dönüb baxmadılar da. Daha sonra nazir müavininin otağına girdim. Orada da eyni mənzərə hökm sürməkdə idi. Mən DİN-in binasından çölə çıxanda Abbas kişi öndə olmaqla parkdakı izdiham içəri doluşdu və cəbhəçilərin hamısını tərkisilah edərək bayıra tulladılar, silahlarını isə bizə təhvil verdilər. Cəbhəçilərin qanunsuz hərəkətlərindən, xüsusən də onların Heydər Əliyevə olan münasibətindən narazı olan kütlə DİN-i boşaltdıqdan sonra televiziya binasına doğru istiqamət aldı. Daxili İşlər Nazirliyindən televiziya binasınadək olan təqribən 1200 metrlik məsafəni, demək olar ki, bir an içərisində qət edən izdihamın təzyiqi altında televiziya da cəbhəçilərdən tam olaraq təmizlənmiş oldu.
Ulu öndər baş verənləri diqqətlə izləyirdi. Hər yarım saatdan bir hadisələrin gedişatı barədə ona telefonla məlumat çatdırırdım. O da öz növbəsində zəruri tapşırıq və tövsiyələrini verirdi. Beləliklə də, Azərbaycan rəhbərliyinin birbaşa himayəsi ilə Xalq Cəbhəsinin Naxçıvanda dövlət çevrilişi etmək planları Heydər Əliyevin müdrik siyasəti, Naxçıvan əhalisinin ona olan sonsuz məhəbbəti və sədaqəti sayəsində büsbütün alt-üst edilmiş oldu.
Ulu öndər başda olmaqla, Vətəninə, dövlətinə ürəkdən bağlı olan, bu yolda hər an canından keçməyə hazır olan insanlar üçün son dərəcə gərgin və həyəcanlı anlarla başlayan 24 oktyabr günü hamımızın ürəyindən, könlündən olan nikbin bir sonluqla bitdi. Xalqın iradəsi, arzu və istəyi növbəti dəfə qələbə çalmış oldu. Axşam çağı ulu öndər Ali Məclisin binası önünə toplaşan insanlar qarşısına çıxaraq onlara dövlətçiliyimizin qorunmasına göstərdikləri dəstəyə görə minnətdarlığını bildirdi və daha hər kəsin arxayın şəkildə öz evinə yollanmasını tövsiyə etdi. Amma insanlar hələ də arxayın deyildilər, ona görə də gecə yarıya qədər evlərinə getməyərək meydanda növbə çəkməkdə idilər. Mən isə Ali Məclisin sədrinin kabinetində ulu öndərlə üz-üzə əyləşərək gün ərzində gördüklərimi ona danışırdım. Hər şeyi danışdıqdan sonra çoxdan bəri ürəyimdə əzizləyə-əzizləyə saxladığım bəzi hisslərimi də o dahi insana çatdırmağı lazım bildim. Dedim ki, Heydər Əliyeviç (adətən, mən ona bu cür müraciət edirdim), dünyada hər şeyin bir ölçüsü var. Məsələn, alimlər müəyyən ediblər ki, Xəzər dənizinə sutka ərzində nə qədər su daxil olur. Alimlər bilirlər ki, bu suyun nə qədəri Volqa, nə qədəri isə Kür və Araz çaylarından daxil olur və s. Mənə elə gəlir ki, hər şeyin ölçüsü bilinən bu gen dünyada təkcə sədaqətin və səmimiyyətin ölçüsü yoxdur. Ona görə də sözlə heç cür izah edə bilmirəm ki, Naxçıvan camaatı, o toplumun bir nümayəndəsi olaraq şəxsən mən Sizə olan münasibətimdə nə qədər səmimi və sədaqətliyəm. Mən bu sözləri deyəndə o qamətini bir az da düzəldərək, sağ əlini havaya qaldırdı və iki barmağını bərkdən stola vuraraq: - “Şəmsəddin, onun da ölçüsü var!”, - dedi. O, təkrarən əlini yuxarı qaldırmaqla yenidən barmaqlarını bərkdən stola vuraraq: - Şəmsəddin, bir daha deyirəm, onun da ölçüsü var! Onun ölçüsü vaxtdır, zamandır! Vaxt və zaman göstərəcək ki, kim kimi daha çox istəyir və kim kimə qarşı nə dərəcədə sədaqətlidir.
Doğrudan da, zaman göstərdi ki, kimlər ulu öndərə münasibətdə nə dərəcədə sədaqətlidir. Mənim düşüncəmə görə, müstəqil Azərbaycanın memarı və qurucusu olan ulu öndərə, onun müqəddəs ideallarına sədaqət elə həm də onun layiqli siyasi varisi, doğma Azərbaycanımızı hər gün yeni-yeni uğurlara aparan, onu hər zaman olduğundan daha da güclü və qüdrətli edən, gənc olmasına baxmayaraq, artıq dünya siyasətində özünün xüsusi yeri və dəsti-xətti olan möhtərəm Prezidentimiz İlham Əliyevə sədaqətli olmaq deməkdir. Əfsuslar olsun ki, vaxtı ilə Heydər Əlievin irəli çəkdiyi, qayğı göstərdiyi, rəhbər kadr kimi yetişmələri üçün çox zəhmət sərf etdiyi bəzi dönüklər sonradan nankorluq edərək, qara niyyətli qüvvələrin əlində oyuncağa çevrildilər. Görünür, sona qədər səmimi və sədaqətli olmaq da hər kişinin işi deyilmiş.
Oktyabrın 25-də Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası oldu. Sessiyada Xalq Cəbhəsinin oktyabrın 24-də Naxçıvanda həyata keçirmək istədiyi dövlət çevrilişi cəhdi geniş müzakirə olundu. Həmin sessiyada mən də çıxış edərək baş verənləri pislədim və bütün bunlara hüquqi qiymət verilməsini tələb etdim. MR-in daxili işlər naziri Ə.Ələkbərov, Televiziya və Radio Verilişləri Komitəsinin sədri E.Həbibov, Ali Məclisin deputatları N.Həsənov, E.Şirzadov, Y.Hacıyev, T.Əliyev, H.Cəfərov, A.Sə­fərov, E.Hüseynov, X.Abbasov, Ə.Talıbov, Azərbaycan Milli Məc­lisinin deputatlarından A.Hə­sənov, E.İbrahimov, qocaman həkim C.Cəfərov, yazıçı-jurnalist S.Təb­rizli və digərləri də sessiyada çıxış edərək baş vermiş dövlət çevrilişi cəhdini qətiyyətlə pislədilər, onun sifarışçiləri, təşkilatçıları və iştirakçılarının müəyyən olunaraq çox ciddi cəzalandırılmasını tələb etdilər. Natiqlər çox əminliklə Nax­çıvan əhalisinin bir daha bu cür təxribatlara yol verməyəcəyini bildirdilər.
Ali Məclisin sədri Heydər Əliyev fövqəladə sessiyada geniş nitq söylədi. Ulu öndərin nitqində Azərbaycan Xalq Cəbhəsinin, onun Nax­çıvan təşkilatının dövlətçiliyi­mizə qarşı olan çirkin təxribat əməlləri, habelə İ.Həmidov başda olmaqla Azərbaycan hakimiyyətinin yüksək çinli məmurlarının Naxçıvanda hazırlanan dövlət çevrilişi cəhdinin bilavasitə sifarışçisi və təşkilatçısı olduqları, respublika Prezidenti Əbülfəz Elçibəyin isə baş verənlərə münasibətdə zəiflik və prinsipsizlik göstərdiyi qətiyyətlə pislənildi. O qeyd etdi ki, çevriliş cəhdində məqsəd təkcə muxtar respublikanın Daxili İşlər Nazirliyini və televiziyanı tutmaq deyil, bu, birbaşa Naxçıvan MR Ali Məclisinə və onun rəhbərliyinə qarşı yönəldilmiş təxribatdır. Mən bütün bunları sabitliyi pozmaq, qarışıqlıq yaratmaq cəhdləri kimi, Heydər Əliyevə qarşı təxribat kimi dəyərləndirirəm. Mənə gələn məlumat və siqnallardan aydın olur ki, Naxçıvan Xalq Cəbhəsində Heydər Əliyevin əleyhinə qızğın təbliğat gedir və ona qarşı terrorçuluq aktları hazırlanır...
Xatırladım ki, Ali Məclisin sessiyası o zaman dövlət çevrilişi cəhdini pisləyən, onun təşkilatçıları və icraçıları barədə qanun çərçivəsində ciddi tədbirlər görülməsini tələb edən qərarlar qəbul etdi.
Azərbaycan hakimiyyətinin zirvəsində oturan cəbhəçilər, xüsusən də özünü nazirdən daha çox qoçu obrazında aparan İ.Həmidov naxçıvanlı əlaltılarının yerli əhali tərəfindən tərkisilah olunaraq zəbt etmiş olduqları vəzifələrdən kənarlaşdırılması faktını heç cür həzm edə bilmirdi. Bu səbəbdən də, demək olar ki, hər gün Bakıdan Naxçıvana ultimatumlar gəlməkdə idi. Oktyabrın 24-də baş verənlərdən iki-üç gün sonra ulu öndər məni yanına çağıraraq bildirdi ki, deyirlər ki, İsgəndər Həmidov özünün silahlı qoçu dəstəsi ilə Naxçıvana gələrək oktyabrın 24-də baş tutmamış uğursuz dövlət çevrilişi planlarını sona çatdırmaq istəyir. Doğrusu, Bakıda belə çirkin planların hazırlandığından mənim də xəbərim var idi. Açıq deməliyəm ki, onların əlində hakimiyyət olmasına baxmayaraq, Heydər Əliyevdən bərk qorxurdular. Nə qədər küt və səbatsız olsalar belə anlayırdılar ki, Azərbaycan xalqının Heydər Əliyevə olan sevgisi, sədaqəti və inamı, xüsusən də Naxçıvan əhalisinin qətiyyətlə müdafiə etməsi onu hakimiyyətin zirvəsinə doğru aparır. Ona görə də Azərbaycan Xalq Cəbhəsinin ifrat qanadı, həqiqətən də, Heydər Əliyevi siyasi səhnədən kənarlaşdırmaq naminə hər şeyə hazır idi. Amma biz də boş dayanmamışdıq. Yəni, Naxçıvanın da dövlətçiliyimizin qarantı olan öz xilaskar oğlunu hər cür təxribatlardan qorumaq üçün zəruri qabaqlayıcı tədbirlərdən ibarət planları vardı. Odur ki, mən ulu öndərə bildirdim ki, nə İsgəndər, nə də onun dəstəsi Naxçıvan torpağına ayaq basa bilməzlər. Biz buna yol vermərik. Ulu öndər mənalı-mənalı mənə baxaraq dedi: - Nəyə arxayınsan ki, belə ürəkli danışırsan?! Dedim ki, Heydər Əliyeviç, bizim Bakıdakı adamlarımız tərəfindən İsgəndərin hər addımı izlənilir. O, hansı dəqiqə Naxçıvana gəlmək üçün Binə Hava Limanına yollansa, bizə dərhal xəbər verəcəklər, biz də qabaqlayıcı tədbirləri dərhal işə salacağıq. Ulu öndər sözümü kəsərək: - Şəmsəddin, sizin o qabaqlayıcı tədbirləriniz nədən ibarətdir?, - deyə soruşdu. Dedim ki, Heydər Əliyeviç, İsgəndər bura ancaq təyyarə ilə gələ bilər. Onun təyyarəsi haraya enəcək? Naxçıvan Hava Limanında bir qarış da olsun boş yer yoxdur. Naxçıvan əhalisi, onlara məxsus texnika hava limanındadır. Hətta uçuş zolağı belə bütünlüklə doludur. Yəni, indiki halda Naxçıvan Hava Limanına təyyarənin eniş edə bilməsi qeyri-mümkündür.
Oktyabrın 26-da Bakıdan məlumat aldıq ki, bir gün sonra, yəni ayın 27-də İsgəndər Həmidov dəstəsi ilə Naxçıvana gəlir. Bu xəbəri eşidən Nehrəm camaatı, onlara qoşulan şəhər ictimaiyyətinin nümayəndələri yaba və ağac dəyənəklərlə silahlanaraq hava limanına axışdılar. Dəstənin önündə gedən veteran və ağsaqqallar Heydər Əliyevin portretini başları üzərinə qaldıraraq uca səslə bəyan etdilər ki, əgər İsgəndər Həmidov Naxçıvana gəlsə, onu şəxsən özümüz yaba və dəyənəklə qətlə yetirəcəyik.
Naxçıvan Hava Limanı insan izdihamı və çoxsaylı texnika ilə tam olaraq dolmuşdu. İsgəndər və onun dəstəsi isə Binə Hava Limanında Naxçıvana gəlmək üçün məqam gözləyirdi. O, 48 saat Binə Hava Limanında qalsa da, Naxçıvandakı durumu bildiyindən oraya gəlməyə cəsarət etmədi və ayın 28-də silahlı qoçuları ilə birlikdə, necə deyərlər, suyu süzülə-süzülə geri döndü. Bununla da ulu öndər Heydər Əliyevin qətiyyəti və müdrikliyi sayəsində Naxçıvanda qan tökülməsinin qarşısı alındı. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti zorakı üsullarla ələ keçirmək planları tam olaraq boşa çıxdı. Ulu öndər Heydər Əliyevin Naxçıvandan başlayan xilaskarlıq missiyası sonda, bütövlükdə, Azərbaycan dövlətçiliyinin xilası ilə nəticələndi.