Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

“Azproduct” MMC: İdxalın 60%-i həcmində istehsal gücünə malik müəssisə

 

Azərbaycanda balıqçılıq qədim tarixə malikdir. Hələ orta əsrlərdə balıqlardan hazırlanan məhsullar ticarətin əsas maddələrindən hesab olunurdu. Tarixə nəzər salsaq, görərik ki, XIX əsrin son rübündə, 1881-ci ildə Azərbaycanda iltizam sistemindən azad edilmiş balıqçılıq sənayesi yaradılmışdır. O dövrdə  bu sahənin müəssisələri əsasən Kür çayının axarında, Salyan rayonunda cəmləşmişdi. 1884-cü ildə balıqçılıqda və Azərbaycan balıq sənayesində 3,5 min fəhlə və qulluqçu, 1900-cü ildə isə 6,4 min nəfər məşğul olmuşdur.

XX əsrin əvvəllərində Azərbaycan iqtisadiyyatının bu mühüm sahəsi iri inhisarçıların əlinə keçir. Birinci Dünya müharibəsi ərəfəsində  ölkəmizin balıq təsərrüfatları və balıq sənayesi kapitalist inkişafının yüksək mərhələsində olmuşdur.  Təkcə onu qeyd etmək kifayətdir ki, bu sahəyə qoyulan sərmayələrin, illik məhsul istehsalının həcminə, dəyərinə və fəhlələrin sayına görə balıq sənayesi neft sənayesindən sonra ikinci yerdə gedirdi. Bu istehsal sahələrində 60 mindən çox fəhlə məşğul idi. Bu məlumatlar XX əsrin əvvəllərində balıqçılığın və balıq sənayesinin sürətli inkişafını təsdiq edir.

Sovet hakimiyyəti illərində Azərbaycan SSR-də balıqçılıq inkişaf etsə də, balıq və balıq məhsullarının çox hissəsi ixrac olunur, SSRİ büdcəsinə böyük mənfəət gətirirdi. Biz balıq və balıq məhsullarının bəhrəsini ölkəmiz müstəqillik əldə etdikdən sonra görməyə başladıq. Hazırda qeyri-neft sektorunun inkişafı nəticəsində balıqçılıq sahəsi də sürətlə inkişaf edir, belə ki, ölkəmizin unikal təbiəti, Xəzər dənizi, gur dağ çayları balıq və balıq məhsulları istehsalında daha böyük nəticələrə nail olmağa imkan yaradır. 

Tarixə qısa səyahətdən aydın olur ki, balıqçılıq Azərbaycanda iqtisadiyyatın mühüm sahələrindən biri olub, hazırda yeni inkişaf mərhələsini yaşayır.

Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə balıqçılığın daha sürətli inkişafına nail olmaq üçün balıq yeminin istehsal olunması vacib idi. Neftçala Sənaye Zonasında Azərbaycanda ilk balıq yemi istehsalı zavodunun yaradılması da bu məqsədə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü iqtisadi siyasəti və sahibkarlığın inkişafına göstərdiyi dəstəyin nəticəsi olaraq, sahibkarlar Neftçala Sənaye Zonasında Azərbaycanda ilk olaraq balıq yemi istehsalı zavodu yaratmışlar. Ümumi dəyəri 12 milyon manat olan layihənin reallaşması üçün dövlət tərəfindən 5,9 milyon manat güzəştli kredit ayrılmış, zavodun sənaye zonasında yaradılmasının təşkili isə ilkin investisiya xərclərinə təqribən 30 faizədək qənaət etməyə imkan yaratmışdır. İllik istehsal gücü 25 min ton olan bu zavodun tikinti işləri başa çatmışdır.   Neftçaladan başqa digər rayonlarda da sənaye üsulu ilə balıqçılığın inkişafına güclü təkan verilməsində bu zavod ciddi rol oynayacaq. 

“Azproduct” MMC - Neftçala Sənaye Məhəlləsinin iştirakçılarından biridir.   Müasir texnologiyaların tətbiq edildiyi müəssisə balıq emalı və konservləşdirilməsi sahəsində fəaliyyət göstərəcək. İstehsal sahəsində ildə 7 milyon şərti banka konserv və 500 ton soyudulmuş təzə balıq istehsalı nəzərdə tutulur. Müəssisəyə 1,7 milyon manat investisiya qoyulub. Əlavə dövlət dəstəyi olaraq müəssisəyə İnvestisiya Təşviqi Sənədi təqdim edilib. Bu, müəssisənin təqribən 290 min manata qənaət etməsinə imkan verib.

 Məmmədovlar ailəsi uzun illərdir balıqçılıqla  məşğuldur.  Bu ailə balıq ticarətində böyük təcrübəyə malikdir. 2013-cü ildən isə Maştağa qəsəbəsində icarəyə götürdükləri sexdə konserv istehsalı ilə məşğul olmağa başlamışlar. Ötən illər ərzində bu sahədə də xeyli təcrübə toplayıb bazarı öyrənmişlər. Hazırda Azərbaycanda onlardan başqa balıq konservləri istehsal edən müəssisə yoxdur. Müsahibimiz qardaşlardan  biri, sahibkar Şamxal Məmmədovdur.

Şamxal müəllim, necə oldu ki, balıq məhsulları istehsal edən müəssisə - “Azproduct” MMC-ni yaratmağı  qərara aldınız?

- Təbii sərvətlərlə zəngin olan ölkəmizdə müxtəlif növdə balıqlar olsa da, konservləşdirmə müəssisəsinin olmaması bu biznesi yaratmağı zəruri edirdi. Bir neçə il əvvəl Neftçalada sənaye məhəlləsinin yaradılacağı xəbəri bizi çox sevindirdi. Bu rayonda müəssisə qurmaq çoxdankı arzumuz idi. Lakin infrastrukturun tikilməsi böyük xərclər tələb etdiyi üçün bu müəssisənin qurulmasını reallaşdıra bilmirdik. Ölkə Prezidenti cənab İlham Əliyevin Neftçala Sənaye Parkının yaradılması barədə 02 fevral 2015-ci il tarixli sərəncamı arzumuzu həyata keçirməyi sürətləndirdi.

 Onu da qeyd edim ki, müəssisənin qurulması üçün Neftçalanın seçilməsinin bir neçə səbəbi var. Birincisi, Kür çayı Xəzər dənizinə Neftçala rayonunda qovuşur. Buna görə Neftçala rayonu şirin su və dəniz balıqlarının olduğu ərazidir. Respublikamızda ən zəngin balıq növləri bu rayon ərazisində və yaxınlığında yetişir. İkinci səbəb bu rayon ərazisində balıqçılıq üzrə kadrların çox olmasıdır. Çünki vaxtilə rayonda “Bankə” balıq kombinatı fəaliyyət göstərib və təxminən 2000-dən çox işçisi olub.  Yeni müəssisə - “Azproduct” MMC-nin işə düşməsi Azərbaycana xaricdən balıq konservlərinin idxalının əvəzlənməsinə səbəb olacaqdır.

Məlumdur ki, indiyə qədər konservləşdirilmiş balıq məhsullarının çoxu Azərbaycana xarici ölkələrdən idxal edilirdi. Bəs, sizin müəssisə işə düşəndən sonra necə olacaq, yerli əhalini öz məhsullarımızı almağa nə sövq edəcək? İstehsal etdiyiniz məhsulların qiymətləri barədə nə deyə bilərsiniz?

- Hazırda Azərbaycana konservləşdirilmiş balıq məhsullarının böyük hissəsi Avropa ölkələrindən və Rusiyadan idxal olunur.  Biz apardığımız araşdırma nəticəsində öyrəndik ki, Rusiyanın balıq konservləri istehsalçıları xammalı əsasən Mərakeş və digər ölkələrdən idxal edir, sonra bu balıqları konservləşdirib Azərbaycan kimi ölkələrə ixrac edirlər.

 Bazardakı qiymətləri araşdırdıqda isə aydın oldu ki, istehsal edəcəyimiz balıq konservlərini xarici ölkələrdən idxal olunan analoji məhsullardan orta hesabla 15% ucuz təklif edə bilərik.  Ölkəmizin bu sahədə bir sıra mühüm üstünlükləri bizə bunu iddia etməyə əsas verir. Birincisi, Xəzər dənizində kilkənin və siyənəyin yaşayış əraziləri Azərbaycan sahilləri yaxınlığındadır. Kilkələr və siyənəklər sahildən təxminən 20-80 km uzaq məsafədə yaşayırlar.  

 Xammal ilə müəssisə arasındakı məsafənin yaxın olması isə həm xərcləri azaldır, həm də məhsulun keyfiyyətinin yüksək qalmasına imkan verir. Rusiya istehsalçıları isə Baltik dənizinin kilkələrindən istifadə edirlər. Baltik dənizinin kilkəsini almaq Xəzər dənizinin kilkəsindən baha başa gəlir.

 Konserv istehsalında digər mühüm xammal tomatdır. Azərbaycanda tomat istehsal edən müəssisələr çoxdur, Rusiya isə tomatı idxal edir.  Həm Azərbaycanda tomatın çox olması, həm də xammala yaxınlığımız  məhsulun maya dəyərinin aşağı olmasını təmin edəcəkdir.

-  Bəs, Azərbaycan istehsalı olan bu məhsulların keyfiyyəti necə olacaq? Yerli balıq konservləri idxal olunan konservlərdən nə ilə fərqlənəcək?

- Əvvəla, onu qeyd edim ki, devalvasiyalar nəticəsində xarici valyutaların bahalaşması yerli istehsalçıların xeyirinədir. Avronun bahalaşması səbəbindən Avropa istehsalçıları buraxdıqları konservlərin maya dəyərini aşağı salmaq üçün onların tərkibindəki balıq ətinin miqdarını azaldırlar. Biz öz laboratoriyamızda bazarda satılan balıq konservlərinin analizini aparmışıq. Müəyyən etmişik ki, Azərbaycan bazarına xaricdən idxal edilən əksər konserv məhsullarının tərkibində balıq ətinin payı təxminən 50%-dir. Düzdür, onlar bu barədə konserv məhsulunun üzərindəki etiketdə məlumat verirlər. Amma etiraf edək ki, alıcıların çoxu bu yazılara fikir vermir. Dünya standartlarına görə, balıq konservi məhsulunun tərkibində ət 75-80%, sous 20-25%  olmalıdır. İdxal olunan balıq konservlərinin əksəriyyətində bu, 50:50 və ya 55:45 nisbətindədir. Azərbaycana konserv məhsullarının xeyli hissəsi Baltikyanı ölkələrdən idxal olunur və avro ilə alınır. Təbii ki, Azərbaycan bazarında məhsulun manat ilə qiyməti qalxır. Bizim məhsullarımız idxal konservlərindən ucuz olmaqla bərabər, tərkibinin təxminən 80%-i balıq əti, 20%-i sous olacaqdır.

Şamxal müəllim, bir qədər istehsal edəcəyiniz məhsullardan məlumat verin.  

- Müəssisəmizdə  Xəzər kilkəsindən və Xəzər siyənəyindən konserv məhsullarının, “Preserv” məhsullarının və soyudulmuş məhsulların istehsalı nəzərdə tutulur. Birinci istehsal xəttində konserv və  “Preserv” məhsullar (yağ, duz və ədviyyatlara qoyulmuş balıq məhsulları)  istehsal olunacaqdır.  Sovet dövründə Azərbaycandan Rusiya, Ukrayna və Qazaxıstan kimi ölkələrə ildə 20 milyon ədəd “Preserva” məhsulları göndərilirdi. Bu məhsullar da Xəzər siyənəyindən və kilkəsindən istehsal olunacaqdır. Çəkisi 1 kq civarında olan Xəzər siyənəyi Atlantik okeanının siyənəyindən təxminən 40%  böyükdür. Böyük balıqlar da daha qiymətli hesab olunur. Eyni zamanda, Xəzər siyənəyi kimyəvi tərkibinə görə də zəngindir.  Biz öz məhsullarımız ilə ölkəmizə idxal olunan Atlantik siyənəyindən hazıranmış məhsulları da əvəzləyəcəyik.

Qablaşdırma ilə bağlı problemi həll edə bilmisinizmi?

- Çox təəssüf ki, hazırda istehsal olunan məhsulun maya dəyərində payı xeyli yüksək olan dəmir qabların ölkəmizdə istehsalı təşkil edilməmişdir. Hörmətli Prezidentimiz İlham Əliyev müəssisəmiz ilə tanış olarkən bu məsələyə toxunub bildirmişdi ki, dəmir taralarda idxaldan asılılığa son qoyulmalıdır. Əgər qablar da ölkəmizdə istehsal olunarsa, konserv məhsullarımızın maya dəyəri xeyli aşağı düşəcək və məhsullarımızın rəqabət qabiliyyəti daha da artacaqdır.

Müəssisənin istehsal gücü barədə nə deyə bilərsiniz?

- Təzə balıqların soyudulması və qablaşdırılması xəttinin gücü illik 500 ton, konserv xəttinin gücü isə bir növbədə illik 7 milyon ədəddir. Azərbaycana il ərzində təxminən 12 milyon ədəd balıq konservləri idxal olunur. Bizim müəssisə idxalın təxminən 60%-i həcmində istehsal gücünə malikdir. Sənaye məhəlləsində istehsal sahəsini genişləndirmək üçün əlavə sahəmiz də var. Bu sahədə yeni xətlərin qurulması ilə istehsal gücümüzü 2 dəfə artıra bilərik. Eyni zamanda, ikinövbəli iş rejiminə keçməklə də istehsal gücümüzü qaldıra biləcəyik.

Yəqin ki, gələcəkdə bu konservlərin ixracını da planlaşdırırsınız…

- Əlbəttə, artıq  istehsal olunacaq məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar da əldə etmişik. Müəssisənin hədəfi xarici bazarlar olacaq. Bu yaxınlarda  Rusiyada balıq konservi məhsulları üzrə ən böyük distributor şirkəti ilə razılaşma əldə etdik. Həmin şirkət Rusiyada iri satış şəbəkələrini balıq konserv məhsulları ilə təmin edir. Növbəti mərhələ Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətində akkreditasiyadan keçməkdir. Müəssisə istifadəyə verildikdən sonra akkreditasiya üçün müraciət olunacaq və xidmətin nümayəndələrini Azərbaycana dəvət edəcəyik.

Eyni zamanda, məhsullarımızın Gürcüstana ixracı üçün bu ölkənin balıq məhsulları üzrə ən böyük distributor şirkət ilə razılaşma əldə etmişik.

 Bəs, yerli bazarda məhsullarınızı nə vaxt görəcəyik?

- Müəssisəmizin buzla qablaşdırılmış məhsullarının Pirallahı rayonunda  yerləşən “Nərəkənd” kompleksinin nəzdində yaradılmış balıq bazarında geniş satışını təşkil etməyi nəzərdə tutmuşuq. Bu gün restoranlar şirkətləri balıqları satış mərkəzindən almağa böyük ehtiyac duyurlar. Bazar Bakıya ən yaxın yerdə, təhlükəsiz, təzə balıq satışı mərkəzi olacaqdır. Bununla yanaşı, dövlət müəssisə və təşkilatları da “Azproduct”un alıcıları olacaqlar. Artıq “Azproduct” MMC “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ilə balıq konservlərinin satışına dair 2,2 milyon manat dəyərində müqavilə də imzalayıb. Eyni zamanda,  hazırda Müdafiə Nazirliyi balıq konservlərini idxal edir.  Ümid edirik ki, Müdafiə Nazirliyinə də balıq məhsullarının satışına nail olacağıq.  Sonda demək istərdim ki, bu ilin sonuna qədər müəssisəmiz işə düşəcək. Hələlik 40 nəfər işçimiz var.  Gələcəkdə balıqların yetişdirilməsi layihəsini reallaşdırmağı nəzərdə tuturuq. Əminəm ki, bu iş də rentabelli olacaq.

Maraqlı və ətraflı müsahibəyə görə sağ olun. Sizə və rəhbərlik etdiyiniz müəssisəyə uğurlar diləyirik.

Müsahibəni apardı:

Yeganə MƏMMƏDOVA