Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

“Qlobal dünya iqtisadiyyatında sarsıntılar şəraitində

Azərbaycanın dinamik inkişaf strategiyası barədə”

 

Konfransımız müasir dövrün aktual problemlərindən birinə həsr olunub. Qloballaşma şəraitində audit institutunun yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edən məsələdir. Əminəm ki, konfransda çox maraqlı məruzələr, çıxışlar dinləniləcək, səmərəli fikir mübadiləsi aparılacaq, keyfiyyətli inkişafın vacib amillərindən biri hesab edilən şəf­­faflıq və korrupsiyaya qarşı mübarizəni daha səmərəli etmək üçün faydalı tövsiyələr hazırlanacaqdır. Bir daha konfransın işinə uğurlar ar­zulayır, dünyanın müxtəlif ölkə­lə­­rindən gələn qonaqları salamlayıram.
Bu gün hər bir dövlətin normal fəa­liyyəti daxili amillərlə yanaşı, qlo­ballaşan dünyada baş verən prosesləri, qlobal riskləri qiymətləndirmək və müvafiq tədbirlər görmək məharətindən asılıdır.
Bu baxımdan Azərbaycan-Macarıstan Biznes Forumunda Macarıstanın Baş naziri Viktor Orbanın belə bir fikrini qeyd etmək yerinə düşərdi: “Bəzi ölkələr bu gün çətinliklər yaşayır, öz milli maraqlarını aydın şəkildə vurğulaya, milli təsisatları qura bilmir, bununla da dost və tərəfdaş ölkələrdən məhrum olurlar. Digər ölkələrdən yardım istəyən ölkələr də var. Xanımlar və cənablar, bu ölkələrin gələcəyi yoxdur. Bütün bəşəriyyət bu gün çox çətin və mürəkkəb dövr yaşayır. Bu gün xəbərlərə baxanda görürük ki, dünyanın müxtəlif yerlərində insanlar əzab-əziyyət, iztirab içindədirlər. Çünki bəzi dövlətlərdə səriştəli rəhbərlik yoxdur”.
Bəli, lideri olmayan dövlətin, xal­qın taleyi həmişə sual altında olmuş və olacaqdır. Ətrafımızda baş ve­rənlər bu deyilənləri bir daha təsdiq edir. 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ağır vəziyyətdə olan Azərbaycanı xilas etdi. Çünki o, xalqın əsl lideri idi. 1994-cü ilin sent­yabrında XX əsrin müqaviləsi adlandırılan “Əsrin müqaviləsi” im­zalandı. Bununla da irimiqyaslı işlərə start verildi.
Əsrin müqaviləsinin gerçəkləşməsi ölkənin siyasi, iqtisadi müstəqilliyinin qorunması üçün müstəsna rol oynadı. Dünyanın ən aparıcı transmilli şirkətləri tərəfindən ölkənin yanacaq kompleksinə milyard dollarlarla investisiya qoyuldu. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün alternativ neft marşrutları - Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan kə­mərləri işə salındı. İxrac neftindan daxil olan gəlirlərin səmərəli istifadə olunması məqsədilə 1999-cu ildə Neft Fondu yaradıldı və onun şəffaflığının təmin olunması üçün sistemli tədbirlər görüldü. Qısa zaman kəsiyində iqtisadi tənəzzülün qarşısı alındı, dinamik inkişaf imkanları genişləndi.
Ölkədə ictimai-siyasi sabitlik təmin edildi, gənc müstəqil dövlətin fundamental əsasları yaradıldı, yeni iqtisadi sistem formalaşdırıldı, inzibati-amirlik sisteminin əvəzinə azad bazar münasibətlərinin bərqarər olmasına xidmət edən iqtisadi islahatlar aparıldı ki, bütün bunlar da sosial-iqtisadi nəticələrin yaxşılaşmasına gətirib çıxardı.
Son 15 ildə Azərbaycan dövlətinin uğurları o qədər miqyaslı, əzəmətlidir ki, bu nailiyyətlərə çoxsaylı dövlətlər neçə-neçə onilliklər ərzində nail ola bilməyiblər. Belə bir dinamik inkişafın ən başlıca səbəbi odur ki, Azərbaycan dövləti müstəqil, milli maraqlara cavab verən siyasət yeridir, ölkənin iqtisadi təhlükəsizlik prinsiplərinə cavab verməyən tövsiyələri qəbul etmir, özünün ilk növbədə, davamlı və keyfiyyətli inkişafını təmin etmək, malik olduğu insan kapitalı, zəngin təbii resurslardan səmərəli istifadə etməklə inkişaf etmiş dövlətə çevrilmək siyasəti yeridir. Bu siyasətin uğurlarını dünyanın aparıcı ekspertləri, siyasi liderləri etiraf edirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, 1996-2016-cı illərdə Azərbaycanda ÜDM-in artım sürəti MDB, dünya üzrə orta göstəricidən xeyli yüksək olmuşdur.
Neftin satışından daxil olan gəlirlərin, qeyri-neft sektorunun sürətli inkişafı nəticəsində ölkənin maliyyə resurslarının artımı təmin edilmişdir. Son illərdə qlobal maliyyə sarsıntılarına baxmayaraq, Azərbaycan dövləti özünün maliyyə resurslarını artırmış, ölkənin sosial-iqtisadi inkişaf strategiyasında müəyyən edilmiş vəzifələrin həyata keçirilməsində heç bir maneə, sıxıntı hiss etməmişdir. Dövlət büdcəsinin parametrləri yaxşılaşmış, onun ümumi məhsulda xüsusi çəkisinin artması təmin edilmişdir. Əgər 20 il bundan əvvəl maliyyə imkanlarımız az olduğu üçün dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun cəmi 13-14 faizini təşkil edirdisə, bu gün həmin rəqəm 34-35% təşkil edir. Bu, kifayət qədər məqbul rəqəmdir və Azərbaycanın gələcək inkişaf perspektivlərinin müəyyən edilmiş hədəfləri ilə uyğunluq təşkil edir.
1999-cu ildə dünyanın mütərəqqi təcrübəsinə əsaslanaraq, Dövlət Neft Fondu yaradıldı. Onun şəffaflığı təmin edildi. Vəsaitləri ölkənin təxirəsalınmaz qlobal strateji əhəmiyyət kəsb edən layihələrinə yönəldildi. Müsbət meyillərdən biri də odur ki, qeyri-neft sektorunun üstün inkişafı ilə əlaqədar olaraq Dövlət Neft Fondundan edilən transfertlər azalır. Bu meylin davamlı olması üçün Azərbaycan hökuməti real sektorun üstün inkişafı, onun şaxələndirilməsi, şəffaflığın artırılması, kölgə iqtisadiyyatının azalması istiqamətində daha cəsarətli addımların atılmasını bir vəzifə kimi müəyyənləşdirmişdir.
Dövlət-özəl sektor əməkdaşlığı, qarışıq iqtisadiyyatın üstünlüklərindən istifadə edilməsi, bu məsələdə optimallığa nail olmaq üçün beynəlxalq təcrübədə özünü doğrultmuş iqtisadi metod və mexanizmlərdən istifadə edilməsi genişlənir. Azərbaycan dövləti sahibkarlığı ölkənin strateji resursu kimi qiymətləndirir, onun inkişafı üçün sistemli tədbirlər həyata keçirir. Hazırda özəl sektor ÜDM-in 80%-ni ötür. Bizim fikrimizcə, bu, kifayət qədər böyük rəqəmdir. Onu da nəzərə almalıyıq ki, hər bir müstəqil dövlətdə dövlət sektoru – dövlət sahibkarlığı var və təbii ki, uzun bir dövr ərzində də qalacaqdır.
Bu gün respublikada innovasiyalı iqtisadiyyatın formalaşması, müasir sənaye strukturlarının, o cümlədən texnoparkların, sənaye məhəllələrinin yaradılması ilə bağlı mühüm işlər görülür. 6 dekabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən fundamental bir sənəd – iqtisadiyyatın əsas sahələrini əhatə edən Azərbaycanın strateji yol xəritələri təsdiq edilmişdir. İslahatların dərinləşməsi, onun hüquqi əsaslarını möhkəmləndirmək məqsədilə ölkənin iqtisadi qanunvericiliyində zəruri təkmilləşdirmələr edilir.
Azərbaycanın iqtisadi uğurlarının mühüm amillərindən birini xarici iqtisadi əlaqələrinin inkişafı, tədiyyə balansının müsbət saldosu təşkil edir. Artıq neçə illərdir ki, ixracın həcmi idxalın həcmini əhəmiyyətli dərəcədə üstələyir. Təbii ki, burada neft amilinin rolu yüksəkdir, amma bu da müəyyən dövr üçün obyektiv zərurətdir. Heç şübhəsiz ki, yaxın gələcəkdə ixrac yönümlü istehsalın genişləndirilməsi istiqamətində görülən işlər ixracın strukturunun xeyli dərəcədə təkmilləşməsini təmin edəcəkdir.
Son illərdə qlobal dünya iqtisadiyyatında risklərin artması, demək olar ki, tez-tez müşahidə olunur. Təbii ki, hər bir dövlət qlobal risklərə hazır olmalı, qabaqlayıcı tədbirlər görməlidir. Azərbaycan da bu risklərlə üzləşdi, dünya bazarında xam neftin qiymətinin dəfələrlə aşağı düşməsi ölkənin maliyyə resurslarının həcminə, büdcə gəlirlərinə təsir etdi. Amma dövlətimizin müəyyən etdiyi qabaqlayıcı tədbirlər iqtisadiyyatın dinamizminə, müəyyən edilmiş qlobal layihələrin həyata keçirilməsinə maneçilik törədə bilmədi.
Hörmətli konfrans iştirakçıları!
Bu, inkar edilməz faktdır ki, neft dünya siyasətinin tərkib hissəsidir. Harada neft varsa, orada böyük siyasət var, ilk növbədə güclülərin marağı var. XIX əsrin sonu, XX əsrin əvvəllərində neftə sahib olmaq üçün dünya ölkələri arasında gizli və açıq mübarizələr başlandı və bu cür mübahisələr bu gün də davam edir. Bu, bir inkaredilməz faktdır ki, son illərdə Yaxın Şərqdə baş verən hadisələr, dünyada tarazlığın pozulması, qarşıdurma hallarının səngiməməsinin mühüm səbəblərindən biri enerji resurslarına yiyələnməklə əlaqədardır. Bizim yaxın tarixə nəzər salaq: müstəqil Azərbaycan dövlətinə 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində nə qədər təhlükəli təzyiqlər oldu... Amma Azərbaycan bu təzyiqlərə baxmayaraq, öz müstəqilliyini qorudu və bir daha bildirmək istəyirəm ki, böyük inkişaf yolu keçdi.
Bəziləri ölkə iqtisadiyyatının neftdən çox asılı olduğunu göstərirlər. Biz bu kimi fikirlərlə razılaşmırıq. İlk növbədə demək istəyirəm ki, xalqımızın böyük zəhməti hesabına yaradılmış yanacaq kompleksi bu gün və gələcəkdə də Azərbaycan dövlətinin inkişafı üçün vacibdir. Bu, sirr deyil ki, yanacaq kompleksi hər bir ölkənin iqtisadi təhlükəsizliyini qorumağa xidmət edən strateji sahədir. Ölkələr var ki, yanacaq resursları yoxdur, amma güclü yanacaq kompleksi yaratmaq üçün bütün imkanlardan istifadə etməyə üstünlük verirlər ki, digər ölkələrdən iqtisadi cəhətdən asılılıqlarını azaltsınlar.
Proqnoz hesablamalara görə, Azərbaycan hələ xeyli müddət dünyanın zəngin neft ehtiyatlarına malik olan bir regionu kimi qalacaqdır. Azərbaycan dövləti tarixin ona verdiyi bu şansdan uğurla istifadə edir. 2017-ci il sentyabrın 17-də Azərbaycanın paytaxtı Bakıda imzalanmış “XXI əsrin müqaviləsi” buna parlaq misaldır.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Azəri-Çıraq-Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimində demişdir:
“Bu gün imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.
Eyni zamanda, onu qeyd etməliyəm ki, 23 il ərzində kontraktın icrası da çox uğurlu idi. Bu illər ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilmişdir. Yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Ancaq bugünkü məlumat, - əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, - onu göstərir ki, hələ də “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq”.
Bütün bunlar birmənalı şəkildə söyləməyə əsas verir ki, iqtisadi-siyasi ədəbiyyatlarda işlədilən “lənətə gəlmiş resurslar” (ресурсное проклятие), “holland sindromu” terminləri güclü neft-qaz sərvətlərinə malik olan respublikamıza şamil edilə bilməz. Postneft dövrü o demək deyildir ki, resurs amilinin, iqtisadi inkişafın yanacaq kompleksinin rolu, nüfuzu azalır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra borclanma ilə əlaqədar olaraq bir neçə mərhələdən keçib. Müstəqilliyimizin ilk illərində Azərbaycanın maliyyə vəsaiti yox idi. Ölkəmizə borc da vermirdilər, çünki siyasi, iqtisadi sabitlik təmin edilməmişdi, makroiqtisadi göstəricilərimiz aşağı və iqtisadiyyatın gəlirlilik dərəcəsi yox dərəcəsində idi. Ona görə də ölkədə investisiya mühitinin yaxşılaşması, özəl sektorun, beynəlxalq iqtisadi münasibətlərin inkişafı ilə bağlı irimiqyaslı işlər görüldü. Bütün bunlar öz müsbət nəticəsini verdi. Azərbaycana investisiya axını başladı, təklif edilən layihələrin ən münasibini seçmək imkanı yarandı. Bu gün Azərbaycan artıq borc alan ölkədən borc verən ölkəyə çevrilib.
Bu zalda əyləşən qonaqlarımız, həmkarlarımız yaxşı bilirlər ki, dünyanın hər yerində aktual iqtisadi-siyasi müzakirələrə səbəb olan məsələlərdən biri dövlətin borclanması ilə bağlıdır.
Xarici borcun həcminin ÜDM-ə nisbəti 20-21 faiz arasında tərəddüd edir (2015-ci ildə manatın devalvasiyasından sonra). Bu, bir çox ölkələrdəki borclanmadan dəfələrlə azdır. Neft Fondunun və Mərkəzi Bankın kifayət qədər valyuta ehtiyatları vardır ki, bu da baş verə biləcək risklərin mənfi təsirini azaltmaq üçün yetəri qədər güclü mənbədir. Ona görə də əsas məsələ ondan ibarətdir ki, alınan borc vəsaitlərindən səmərəli istifadə edilməli, strateji, innovasiyalı, rəqabətədavamlı iqtisadiyyatın qurulmasına xidmət edən layihələrə üstünlük verilməlidir.
Bu prinsipial məsələ barədə dövlət başçısının mövqeyi müstəqil Azərbaycanın inkişafı üçün tarixi əhəmiyyət kəsb edir. “Bəzi hallarda Azərbaycanda maliyyə sektorundakı müəyyən konservativ meyillər beynəlxalq maliyyə qurumları tərəfindən tənqid edilirdi. Bəzən bizə tövsiyə olunurdu ki, inteqrasiya meyillərinə daha da sürətlə qoşulaq, beynəlxalq ticarət qurumlarına sürətlə inteqrasiya edək. Ancaq bizim mövqeyimiz bütün zamanlarda çox ehtiyatlı idi. Çünki Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır. Bəzi başqa ölkələr kimi, biz xarici yardımlardan asılı deyilik. Bizim böyük, zəngin neft-qaz yataqlarımız, əlverişli coğrafi mövqeyimiz var. Artıq çox müasir və möhkəm enerji və nəqliyyat infrastrukturumuz var. Biz neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatımızı böyük dərəcədə şaxələndirə bilmişik və Azərbaycanda iqtisadi artım sürəti bunun bariz nümunəsidir. Ona görə biz beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə həmişə öz mövqeyimizdən yanaşmışıq. Yenə də deyirəm, böhran onu göstərdi ki, bu, düzgün seçimdir, düzgün yoldur və əminəm ki, biz növbəti illərdə də bu yolla gedəcəyik”.
Azərbaycan dövlətinin tarixində heç vaxt bu qədər irimiqyaslı iqtisadi, sosial layihələr həyata keçirilməyib. Azərbaycan iqtisadiyyatına son illərdə cəlb olunan xarici investisiyaların həcmi 10 milyardlarla dollarla ölçülür. İndi onların quruluşunun da şaxələndirilməsi prosesləri ge­dir. Qeyri-neft sektoruna ayrılan investisiyaların həcmi artır. Belə bir dinamika, keyfiyyət dəyişikliyi ilk növbədə onu sübut edir ki, ölkəmizdə əlverişli investisiya mühiti artıq formalaşmışdır. Dünyanın ən nüfuzlu, tələbkar reytinq agentlikləri Azərbaycanın rəqabətqabiliyyətliliyini yüksək qiymətləndirirlər. Biz çalışırıq ki, bu hədəflər nəinki qorunsun, daha da yüksək olsun, investisiyalardan istifadənin səmərəlilik göstəriciləri yaxşılaşsın, özəl sektorun maliyyə imkanları genişlənsin. Hər bir layihəyə sistemli yanaşılsın, onun iqtisadi, sosial nəticələri qiymətləndirilsin.
Ümumiyyətlə, bir sıra məsələlər var ki, onlar həmişə diqqət mərkəzində saxlanılmalıdır. Onlardan biri dövlətin iqtisadiyyatda rolu, tənzimlənmə məsələsidir. Qlobal dünya iqtisadiyyatında baş verən ziddiyyətli proseslər, iri dövlətlərin bir çox hallarda ÜTT-nin tələblərinə riayət etməməsi, beynəlxalq sazişlərin pozulması onu göstərir ki, dövlət iqtisadiyyatın tənzimlənməsində öz rolunu azaltmamalıdır. Bazar prinsipləri fetişləşdirilməməlidir, açıq iqtisadiyyatın həddi olmalıdır. Vaşinqton konsensusuna ilk növbədə milli maraqların qorunması baxımından yanaşılmalıdır. Qlobal risklərin artdığı şəraitdə daxili tələbatın stimullaşdırılmasına diqqət artırılmalıdır.
Son 15 ildə isə ölkə iqtisadiyyatının neft sənayesi ilə yanaşı, dayanıqlı inkişafının təmin edilməsi üçün aparılan dövlət siyasəti, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası ölkədə qeyri-neft sahələrinin, xüsusilə, emal sənayesinin dinamik inkişafı üçün zəmin yaradıb. Hazırda yeni məhsul növlərinin istehsalı, innovasiya xarakterli texnologiyaların tətbiqi, yeni müasir müəssisələrin istifadəyə verilməsi sənayenin inkişaf imkanlarını xeyli genişləndirib ki, bu da ixrac potensialının artırılması, keyfiyyətli həyat göstəricilərinin yaxşılaşdırılması üçün möhkəm əsaslar deməkdir.
Bəzən belə fikir səsləndirilir ki, azad bazar münasibətləri şəraitində heç bir sənaye siyasətinə ehtiyac yoxdur. Guya, bazar hər şeyi həll edir. Dünya maliyyə böhranı, qlobal iqtisadi sarsıntılar göstərdi ki, bu kimi köhnəlmiş nəzəriyyələr, baxışlar bugünkü qloballaşan dünyada öz effektini vermir. Ona görə də Azərbaycan dövləti müstəqilliyini qorumaq, iqtisadi təhlükəsizliyini təmin etmək üçün təkmil sənaye siyasətinin həyata keçirilməsini ön plana çəkmişdir.
Təbii ki, həyata keçirilən müvafiq proqramlara uyğun olaraq növbəti illərdə yerli xammal resursları bazasına əsaslanan yeni müəssisələr işə salınacaq, iqtisadiyyatın strukturunun şaxələnməsi istiqamətində ciddi addımlar atılacaq, müasir maşınqayırma zavodları tikilib istifadəyə veriləcək, texnoparkların yaradılması, regionlarda kənd təsərrüfatı, onun xammalına əsaslanan emal müəssisələrinin işə salınması və digər bu kimi tədbirlər sənayenin strukturunun təkmilləşdirilməsi prosesini sürətləndirəcəkdir.
Dünya təcrübəsi sübut edir ki, sənayenin keyfiyyətli inkişafı yeni iş yerləri, yüksək əməkhaqqı, ixtisaslı kadrların rolunun artması, cəmiyyətin keyfiyyətli inkişafı deməkdir ki, bütün bunlar da bir daha sübut edir ki, səmərəli sənaye siyasəti milli iqtisadiyyatımızın qlobal risklərə daha davamlı olmasının vacib prinsiplərindən biridir. Ona görə də Azərbaycan dövləti rəqabətədavamlı məhsul istehsalını artırmaq, innovasiyalı iqtisadiyyat qurmaq, yeni bazarlara çıxmaq, bütövlükdə, biznesin idarə edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, yeni iqtisadi təfəkkürün formalaşması kimi məsələlərə daha çox diqqət verilməsini zəruri hesab edir.
Bununla yanaşı, ölkəmizin iqtisadiyyatının dinamik və keyfiyyətli inkişafını təmin edəcək aşağıdakı strateji hədəfləri qeyd etmək istərdim:
Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin etmək iqtidarına malikdir; Azərbaycan özünün enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyini təmin etmək vəzifələrinin yerinə yetirilməsinə öz dəstəyini verir; Azərbaycan qaz, enerji ixrac edən dövlətə çevrilir;
Azərbaycan Qədim İpək Yolunun bərpası layihəsində fəal iştirak edən dövlətdir. Bu dünya miqyaslı nəqliyyat dəhlizində Azərbaycanın fəal iştirakı ölkəmiz üçün daimi kapital, daimi gəlir mənbəyi, daimi siyasi nüfuzdur.
Müasir Azərbaycan dövlətlətinin məqsədi müstəqil iqtisadi siyasət yeritməklə güclü iqtisadiyyat yaratmaq, ölkənin strateji resursu sayılan insan kapitalından səmərəli istifadə etmək, əhalinin keyfiyyətli həyat səviyyəsinə nail olmaqdır. Azərbaycan dövləti, xalqımız bu şərəfli və məsuliyyətli məqsədi həyata keçirmək üçün bütün imkanlara malikdir.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri,
Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti,
akademik Ziyad Səmədzadənin Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2017-ci ilin 21-23 sentyabr tarixlərində “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransda çıxışı