Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

1 yaşlı müəssisənin uğurları: “Yalama Aqropark” bu gün

 

Azərbaycan ta qədimdən kənd təsərrüfatı istehsalının inkişafı üçün əlverişli şəraitə və unikal imkanlara malik ölkədir. Aqrar sektor onilliklər boyu ölkəmizin iqtisadiyyatında mühüm yer tutmuşdur, bu meyil indi də davam edir. Aqrar sektor inkişaf etdikcə ölkədə yerli mənbələr hesabına əhalinin ərzaqla təchiz edilməsi səviyyəsi yaxşılaşır, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün real şərait yaranır.
Son illər ərzində Azərbaycanda yaradılan aqroparklar, fermer təsərrüfatları, istixanaların sayı xeyli artmışdır. Yaxın perspektivdə respublikanın ayrı-ayrı bölgələrində 40-dək iri aqroparkın yaradılması nəzərdə tutulub.
Azərbaycanın şimal qapısı – Xaçmaz rayonu. Regionların sosial-iqtisadi inkişafı çərçivəsində yeniləşən, abadlaşan Xaçmazda indi yerli istehsalın inkişaf imkanlarından daha səmərəli istifadə olunur. Bunun parlaq təzahürü Azərbaycanda yaradılmış ilk Yalama aqroparkıdır.
Hazırda Azərbaycanın ilk aqroparkı - “Yalama Aqropark”ın yaradılmasından bir il ötür. Bu müəssisə 8 avqust 2016-cı il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və xeyir-duası ilə fəaliyyətə başlamışdır. Prezident İlham Əliyev aqroparkın açılışı zamanı “Gələcəkdə bu aqroparkın həm ərazisi, həm də fəaliyyəti genişləndirilməlidir. Ərazisi 3 dəfə bundan böyük olmalıdır”, - deyə bildirmişdi.
Maraqlıdır, dövlətimizin başçısının bu tövsiyəsi ilə yaradılan aqropark ötən bir il ərzində fəaliyyətini necə genişləndirib? “Yalama Aqropark”ın İcraçı direktoru Zaur Əliyevin sözlərinə görə, “Yalama Aqropark” Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Xaçmaz rayonunun Yalama qəsəbəsində, 523 hektar sahədə yaradılmışdır. Layihənin ilkin mərhələsinə uyğun olaraq, “Yalama Aqropark”da 1113 baş sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 460 hektar sahədə iri əkinçilik təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılmışdır”.
Dövlət başçısının tövsiyəsi ilə son 1 ildə “Yalama Aqropark”ın əkin sahələri 3 dəfə artırılmış və istehsal genişləndirilmişdir. Xaçmaz rayonu Müqtədir qəsəbəsində Dövlət Ehtiyat Fondu torpaqlarından 956 hektar torpaq sahəsi uzunmüddətli icarəyə götürülmüş və əkin dövriyyəsinə qatılmışdır. Bununla da “Yalama Aqropark”ın əkin dövriyyəsinə cəlb etdiyi torpaq sahəsi 523 hektardan son bir ildə 1479 hektara çatdırılmışdır. Əkin sahələri genişləndirilməklə yanaşı, idxal əvəzləyici xarakterə malik soya bitkisinin əkini aparılmış, həmçinin taxıl və qarğıdalı bitkisinin əkin sahəsi genişləndirilmişdir. Həmçinin, heyvandarlıq kompleksinin genişləndirilməsi sahəsində işlər sürətlə davam etdirilir. Belə ki, heyvandarlıq kompleksinin istehsal gücünün damazlıq istiqaməti üzrə 1300 baş sağmal inəyə qədər genişləndirilməsinə, həmçinin əlavə olaraq istehsal tutumu 1000 baş olan yeni kökəltmə heyvandarlıq kompleksinin tikintisi üzrə işlərə start verilmişdir.
“Yalama Aqropark”da istehsal sahələri üzrə innovativ yanaşma və müasir texnologiyadan istifadə edildiyindən istehsal sahələri üzrə də ölkə üzrə yüksək məhsuldarlıq səviyyəsinə nail olunmuşdur. Belə ki, keçən əkin ilində dənlik qarğıdalı əkinində hektardan 15,6 ton məhsul yığılmışdır ki, bu da ölkə üzrə indiyə qədər əldə edilmiş ən yüksək məhsuldarlıq olaraq tarixə keçmişdir. Ümumilikdə, son bir ilin istehsal nəticələrinə nəzər salsaq, müəssisədə 400 hektar sahədə arpa əkini, 128 hektar sahədə yonca, 170 hektar sahədə dən qarğıdalı, 300 hektar sahədə silosluq qarğıdalı əkini və 50 hektar sahədə soya əkini aparılmışdır. Son 1 ildə 895 ton dən arpa və 1846,5 ton arpa senajı, 2600 ton yonca senajı və 900 min ton quru yonca otu, 1560 ton dən qarğıdalı və 4325 ton silosluq qarğıdalı istehsal edilmişdir.
“Yalama Aqropark” bu
gün ən iri heyvandarlıq
təsərrüfatlarından biridir
“Yalama Aqropark” hal-hazırda həm təsərrüfatda saxlanılan heyvan sayı, həmçinin daimi işçilərinin sayına görə ölkə üzrə fəaliyyət göstərən ən iri heyvandarlıq təsərrüfatlarından biridir. Belə ki, hazırda təsərrüfatda cəmi heyvan sayı 2100 başa bərabərdir. Müəssisəyə Avstriya və Almaniyadan heyvanlar gətirilmişdir ki, onlardan balaların alınması üzrə işlər aparılır.
Bu gün aqroparkda təsərrüfatın istehsal imkanlarının daha da genişləndirilməsi üzərində işlər davam edir. Müəssisədə ət istehsalını artırmaq üçün 1000 başlıq yeni kökəltmə fermasının tikintisinə başlanılması üzrə işlər gedir.
Daha yaxşı nəticələr əldə etmək üçün müəssisədə çalışan yerli mütəxəssislər təlimlərə göndərilir, eləcə də aqroparka inkişaf etmiş ölkələrdən təcrübəli ekspertlər dəvət edilir.
Yaxın zamanlarda aqroparkda, həm­çinin süd istehsal edən zavod işə salınacaq, kərə yağı istehsalına baş­lanacaq. “Yalama Aqropark”da süd­lük-ətlik istiqamətli heyvanlar sax­lanılır ki, onlar da südün keyfiy­yət göstəricilərinə görə digər südlük cins heyvanlardan fərqlənir. İstehsal edilən südün yağlılıq dərəcəsi 4,2% və daha yuxarı olduğundan müəssisənin tərəfdaşlıq etdiyi emal müəssisələri tərəfindən kərə yağı istehsalında geniş tətbiq edilir.
“Yalama Aqropark” birbaşa ixracla məşğul olmasa da, aqroparkın süd satışı sahəsində tərəfdaşlıq etdiyi bir neçə süd emalı zavodu öz məhsullarını Rusiya və digər xarici ölkə bazarlarına çıxarır. Çox qürurverici haldır ki “Yalama Aqropark”da istehsal edilən süd hazırda xarici ölkə bazarlarında Azərbaycan məhsulu adı ilə satılır. Müəssisədə tezliklə süd zavodu işə düşdükdən sonra aqroparkın öz brendinin daxili və xarici bazara satışı da mümkün olacaqdır.
Meyvə bağlarının salınması
işlərinə start veriləcək
Yaxın gələcəkdə aqroparkda meyvə bağlarının salınması işlərinə başlanacaq. Belə ki, layihə üzrə müasir suvarma sistemləri olan dairəvi PİVOT-ların arasında suvarılmayan sahələrin intensiv bağçılıq üçün istifadəsi nəzərdə tutulub. Hazırda Yalama ərazisində qurulmuş müasir suvarma sistemləri üzrə meyvə bağlarının salınması üçün planlaşdırılan sahə 60 hektarı əhatə edir. Müqtədir ərazisində PİVOT tipli suvarma sistemləri ilə yeraltı damcı suvarma sistemlərinin tətbiqi də nəzərdə tutulur. Suvarma sistemlərinin qurulması üzrə işlər yekunlaşdıqca, meyvə bağlarının salınması işlərinə start veriləcəkdir. İlk növbədə, region üçün xarakterik olan şaftalı, gilas, nektarin və gavalı meyvələrinin əkini planlaşdırılır.
30 milyon manat investisiya qoyuluşu, 300 iş yeri
“Yalama Aqropark”ın yaradılmasına layihənin 1-ci mərhələsi üzrə 20 milyon manat investisiya qoyulmuşdur. Müəssisənin icraçı direktoru Zaur Əliyevin sözlərinə görə, “Qoyulmuş investisiya nəticəsində cins heyvandarlıq təsərrüfatı, yem zavodu və taxıl anbarları, kənd təsərrüfatı texnikası parkı, müasir suvarma sistemi və lazımi infrastruktur işləri icra edilmişdir. Ümumilikdə, qoyulmuş investisiya nəticəsində layihənin 1-ci mərhələsi üzrə 170 daimi iş yeri yaradılmış, illik 4 milyon manat dəyərində təbii süd və 1,5 milyon manat dəyərində bitkiçilik məhsulları istehsalına nail olunmuşdur. Həmçinin, dövlət investisiyaları hesabına təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf kəndlərin suvarma suyuna olan ehtiyaclarının ödənilməsində mühüm rol oynayan 3,2 kilometr uzunluğunda beton suvarma kanalı və tutumu 50 min kub metr olan su hovuzu tikilmişdir.
Layihənin 2-ci mərhələsi üzrə planlaşdırılan işlərin icrası üçün əlavə olaraq 10 milyon manat investisiya qoyuluşu planlaşdırılır. Bununla aqroparkda yaradılacaq iş yerlərinin sayı 300-ü keçmiş olacaqdır”.
GMO-ya “YOX” deyən müəssisə
Azərbaycan məhsulları xarici bazarlarda keyfiyyətli, təbii olması ilə fərqlənir. “Yalama Aqropark” da geni dəyişdirilmiş toxum və yem qatqılarından imtina etmişdir. Bitkiçilik məhsullarının istehsa­lı prosesində bütün qəbul edilən aqrotexniki qaydalara əməl edilir. Heyvandarlıq təsərrüfatında heyvanların yemlənməsində heç bir GMO və hormonal tərkibli yemlərdən istifadə edilmir.
Hazırda ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında istifadəyə verilən 956 hektar əkin sahəsində müasir suvarma sisteminə malik bitkiçilik təsərrüfatının qurulması işləri icra edilir. Ərazidə daxili drenaj və kollektor sistemləri təmizlənmiş, suvarma kanalları bərpa edilmişdir. Həmçinin, əkinlərin daimi suvarma suyu ilə təmin edilməsi üçün Su və Meliorasiya Təsərrüfatı İdarəsi ilə əraziyə daimi su mənbəyi olan “Xanarx” və digər suvarma kanallarından beton kanalların çəkilişi üzrə layiləndirmə işləri aparılır. Ərazidə 2 müxtəlif suvarma mənbəyindən 10 km-ə yaxın beton suvarma kanalının çəkilməsi və tutumu 50000 kubmetr olan 2 ədəd su hovuzunun tikilməsi nəzərdə tutulub. Müasir suvarma sistemlərinin qurulması üçün “Valley”, “Reinke” və “Lindsay” kimi dünyanın məşhur şirkətləri ilə danışıqlar aparılır.
Bundan başqa, aqroparkda heyvandarlıq kompleksinin tutumunu 1300 baş sağmal inəyə çatdırmaq və Müqtədir ərazisində 1000 başlıq ətlik heyvandarlıq kompleksinin tikintisi üzrə layihələndirmə işləri icra edilir. Heyvandarlığın artan yem tələbatını təmin etmək üçün tutumu 7500 kubmetr olacaq taxıl anbarı və qurutma gücü saatda 50 ton olan yeni qurutma sisteminin qurulması üzrə işlər davam etdirilir.
Aqroparkın fəaliyyəti regionda fəaliyyət göstərən kiçik və orta kənd təsərrüfatı məhsulları istehsalçıları üçün də əlavə üstünlüklər qazandırmışdır. Belə ki, heyvandarlıq təsərrüfatının ehtiyaclarını ödəmək üçün regionda olan fermer təsərrüfatlarından 1000 tona yaxın dən arpa və 500 min kq arpa samanı alınmışdır.
Beləliklə, “Yalama Aqropark” ilk aqropark olaraq fəaliyyətə başlamaqla aqroparkların yaradılması işləri üçün bir nümunə və ya “brendə” çevrilmişdir. Aqroparkın icraçı direktoru Zaur Əliyevin sözləri ilə desək, “Yalama Aqropark” olaraq hər bir sahədə işimizlə bir brendə çevrilməyi və qeyri-neft sektorunun inkişafına dəstək olmaqla yanaşı, kənd təsərrüfatı üzrə bilik ötürülməsini (knowledge transfer) təmin edən bir qabaqcıl mərkəz olmağı hədəfləyirik!”
1 yaşını qeyd edən “Yalama Aqropark”a uğurlar diləyi ilə...

 

Yeganə MƏMMƏDOVA