Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Aqroparkların yaradılması aqrar bölmədə ciddi dönüş yaradacaq

 

Son illər Azərbaycanda aqrar sahədə beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması ixrac potensialının artırılmasında və onun coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermer təsərrüfatlarının texniki-innovativ təminatında, istehsal, emal və istehlak zəncirinin əlaqəli şəkildə qurulmasında mühüm əhəmiyyət kəsb edir.
Cənab Prezident İlham Əliyevin cari ilin avqust ayının 20-də açılışında iştirak etdiyi «Şəmkir Aqropark»ı da bu qəbildən olan iri layihədir. Aqroparkların yaradılması kənd təsərrüfatında çalışan sahibkarlıq subyektlərinə texniki-innovativ, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına, kiçik təsərrüfat subyektlərinin iri sənaye istehsalına keçidinin, xarici bazarlara çıxışının təmin edilməsinə geniş imkanlar açır.
«Şəmkir Aqropark»ı qərb regionunda ixrac imkanlarının artırılmasında mühüm rol oynayacaq, dünyanın qabaqcıl logistik şirkətləri ilə əlaqələrinin qurulmasına imkan verəcək, yerli məhsulların «Made in Azerbaijan» brendi ilə ixracını təmin edəcək. Cənab prezident açılışını etdikdən sonra «Şəmkir Aqropark»da beynəlxalq konfrans keçirilmiş, yerli və xarici şirkətlərin məhsullarını nümayiş etdirən sərgi təşkil edilmişdir. Logistik Mərkəzin ərazisində təşkil olunan sərgidə beynəlxalq standartlara cavab verən istixana avadanlıqları, gübrə və dərmanlar, pestisidlər, şitil, ting və toxumlar, traktor, maşın və mexanizmlər nümayiş etdirilmişdir. Sərgiyə Azərbaycan, Türkiyə, İtaliya, Hollandiya, Çin və digər ölkələrin kənd təsərrüfatı üzrə məhsul və avadanlıqların istehsalçıları və distributorları qatılmışlar. Burada, həmçinin Rusiya Federasiyasının «Evroxim» şirkəti tərəfindən Gəncə-Qazax iqtisadi zonasına həsr olunmuş «Məhsul gübrənin törəməsidir» adlı beynəlxalq seminar keçirilmişdir. Seminarda respublikamızın müxtəlif bölgələrində gübrə və bitki mühafizəsi vasitələrinin topdan və pərakəndə satış şəbəkəsinin yaradılması, aqrokimyəvi, bitki mühafizəsi, karantin və toxumçuluq xidmətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlardan danışılmış və qarşıda duran vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparılmışdır. Bütün deyilənlərdən belə qənaətə gəlmək olar ki, qısa zaman kəsiyində belə bir nəhəng strukturun ərsəyə gəlməsi zərurətdən doğub və cənab prezidentin aqrar sahədə irəli sürdüyü inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Ölkə başçısının xeyir-duası və iştirakı ilə 2014-cü ildə Şəmkir rayonunda «Şəmkir Aqropark»ın Logistika Mərkəzinin əsası qoyulub. Aqroparka 8604 hektar, o cümlədən Könüllü kənd ərazisində 604 hektar, «Ceyrançöl» massivində isə 8000 min hektar torpaq sahəsi ayrılıb. İri taxılçılıq, bitkiçilik və meyvəçilik təsərrüfatlarını özündə birləşdirən aqroparkın ərazisində aqrar sektorun inkişafına güclü təkan verəcək 8000 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib, Kür çayından əraziyə iki istiqamətdə 730 mm diametrli dəmir borularla 27,5 km və qismən kiçik ölçülü borularla 15,6 km təsərrüfatdaxili su xətləri çəkilib.
Aqroparkın ərazisində zəruri infrastrukturun yaradılması üçün Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamına əsasən, dövlət büdcəsindən Nazirlər Kabinetinin 10 sentyabr 2016-cı il tarixli sərəncamı ilə 3,2 milyon manat vəsait ayrılıb. Aqropark üçün 10 ədəd müasir tipli «New Holland» markalı traktor və 45 adda müxtəlif kənd təsərrüfatı maşın və mexanizmləri lizing yolu ilə alınıb. Ümumi tutumu 15 milyon kubmetr olan 3 ədəd sututar inşa edilib və sahəsi 2,1 min kvadratmetr olan su anbarı tikilib. Həmçinin, ərazidə 16000 k.va gücündə elektrik yarımstansiyası, 6 ədəd transformator quraşdırılıb və 35 km uzunluğunda elektrik xətti çəkilib. Bundan başqa, 2 ədəd üzən panton üzərində 3 ədəd yeni motor və su nasosu, 1000 hektar torpaq sahəsində ABŞ-ın «Lindsay» şirkətindən alınmış 14 ədəd müxtəlif radiuslu müasir pilot suvarma aqreqatları və avadanlıqları quraşdırılıb. Görülən tədbirlər məhsuldarlığa müsbət təsir göstərib.
Ötən il şəkər çuğunduru sahələrindən 14 min ton məhsul yığılaraq İmişli şəkər zavoduna təhvil verilib, cari ildə isə həmin əraziyə qarğıdalı əkilib. «Ceyrançöl»də 35 nəfər daimi, 200 nəfər mövsümi işlə təmin olunub. Burada ümumi sahəsi 200 kvadratmetr olan 3 otaqdan ibarət ikimərtəbəli ofis binası tikilib.
Aqroparkda hazırda mövcud olan 1000 hektar torpaq sahəsinin genişləndirilərək, 2018-ci ildə 4600 hektara çatdırılması nəzərdə tutulub. 2018-ci ildə 3 min hektar sahədə qarğıdalı əkilməsi planlaşdırılıb.
İntensiv bağçılıq təsərrüfatları yaradılması məqsədilə 2400 hektarda suvarma sistemləri quraşdırılıb. Gələcəkdə burada 36000 ton məhsul götürülməsi nəzərdə tutulur. Sahələrdə əsasən, kartof, soya, soğan və digər bitkilər əkiləcək. Həmin məhsulların saxlanılması üçün 30000 tonluq taxıl-anbar kompleksinin tikilməsi, 10000 tonluq kartof saxlama kamerasının yaradılması nəzərdə tutulur.
8000 min hektar torpaq sahəsində aqrotexniki tədbirlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün ABŞ-ın «John Deere» şirkətinin istehsalı olan 30 adda müasir kənd təsərrüfatı texnikası və avadanlıqları alınacaq. Nəticədə, 5000 min daimi, 1500 mövsümi iş yerləri açılacaq. «Ceyrançöl»də salınacaq bağçılıq təsərrüfatları məhsulları təməli cənab Prezident İlham Əliyev tərəfindən qoyulmuş «Şəmkir Aqropark»ının Logistika Mərkəzində emal ediləcək, ixrac və satış əməliyyatları məhz buradan həyata keçiriləcək. Aqroparkın Könüllü kəndi ərazisində yerləşən hissəsi 604 hektar təşkil edir. Bunun 100 hektarı sənaye sahəsi, 200 hektarı istixanalar, 274 hektarı intensiv bağçılıq, 25 hektarı tinglik, 5 hektarı isə şitillik üçün nəzərdə tutulub. Aqroparkda həyata keçirilən bütün bu tədbirlər ölkəmizdə kənd təsərrüfatının ÜDM-də pay nisbətini, eyni zamanda, ixrac potensialını əhəmiyyətli dərəcədə artıracaq. Yenicə fəaliyyətə başlayan Logistika Mərkəzinin ərazisi 12,3 hektardır. Ümumi ölçüləri belədir: uzunluğu 254 metr, eni 141 metr, hündürlüyü 14,6 metr. İstehsal sahəsi 3,3 hektar ərazini əhatə edir. Burada Fransanın «Maf Roqa» şirkətinin meyvələri ölçüsünə və rənginə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri kalibrli meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik kalibrli meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur. Burada İtaliyanın «İsolcell» şirkətinə məxsus, tutumu 24000 ton olan 71 ədəd ULO tipli soyuducu saxlama kameraları quraşdırılıb. Soyuducu depolarda meyvə və tərəvəzin növlərinə görə, 25 gündən 270 günə qədər minimum itki və keyfiyyətlə saxlanılması təmin ediləcək. İstehsal sahəsində, eyni zamanda, 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsulu yola sala bilən 1 terminal yaradılıb.
Aqroparkın Logistika Mərkəzində müasir avadanlıqlarla təmin edilmiş laboratoriya var. Burada meyvə və tərəvəzin keyfiyyəti, toksikliyi, bakterioloji və mikrobioloji göstəriciləri üzrə analizlər aparılır. Logistika Mərkəzində meyvə və tərəvəzlərin çeşidlənməsi, qablaşdırılması və soyuducu kameralarında yerləşdirilməsi yüksək texnoloji standartlara uyğun şəkildə həyata keçirilir. Məhsul laborator yoxlamadan keçdikdən sonra xüsusi hidroşoklama prosesinə daxil edilir. Bu proseslər zamanı məhsulun temperatur rejiminə ciddi şəkildə əməl olunur. Logistika Mərkəzində regionda geniş yayılan şərq xurmasının alıcılıq qabiliyyətinə təsir göstərən, xüsusi tamın aradan qaldırılması üçün sutkada gücü 1 ton olan «determinq room» qurğusu işə salınıb. Logistika Mərkəzində sahibkarlıq subyektlərinin ixrac əməliyyatları prosesini sadələşdirmək üçün «bir pəncərə» sistemi yaradılıb. Burada Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi İstehlak Malları Ekspertiza Mərkəzinin, Dövlət Fitosanitar Nəzarət Xidmətinin, «Atabank» Kommersiya Bankının müvafiq strukturları fəaliyyət göstərəcək.
Aqroparkın kommunikasiya təminatı üçün dövlət dəstəyi ilə 25 meqovat gücündə elektrik stansiyası tikilib, saatda buraxılışı 18000 m2 olan 3 km qaz xətti, 48 portluq 22 km fibro-optik rabitə xətti çəkilib. Hazırda 10 km uzunluğunda dəmir yolu xəttinin çəkilişi layihələndirilir.
«Şəmkir Aqropark»ın Logistika Mərkəzi tam işə düşdükdən sonra 274 nəfər işlə təmin olunacaq. Hazırda burada 179 nəfər çalışır, orta aylıq əməkhaqqı 600 AZN-dir. Mərkəzdə ümumi sahəsi 2600 m2 olan ofis binası, konfrans zalı, yeməkxana və s. infrastruktur obyektləri yaradılıb, ərazidə geniş abadlıq işləri aparılıb, 25000 m2 sahəyə yaşıl ot örtüyü, 50000 m2 sahəyə asfalt salınıb.
Mərkəzin ərazisində 20 TİR yük avtomobili dayanacağı, helekopter meydançası, qazanxana tikilib. Layihənin ümumi dəyəri 100 milyon manatdan çoxdur. Tikintiyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 22,7 milyon manat güzəştli kredit ayrılıb.
«Şəmkir Aqropark»ı kimi möhtəşəm bir layihənin reallaşması Azərbaycanın iqtisadi gücünü və qüdrətini təcəssüm etdirməklə ona yeni iqtisadi və siyasi dividendlər gətirəcək.

 

Zülfü İLYASOV,
bölgə müxbiri