Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

BALIQÇILIĞIN İNKİŞAFI ZƏRURİ  ƏRZAQ BOLLUĞU YARADACAQ

 

Ölkəmizdə iqtisadiyyatın diversifikasiyası prosesi dərinləşir və bu sahədə ciddi islahat proqramları həyata keçirilir. Bu tədbirlər görülərkən bir neçə problem öz həllini tapacaq. Həm yeni iş yerləri açılacaq, ərzaq təhlükəsizliyi təmin olunacaq, həm də ölkənin uzunmüddətli dayanıqlı və davamlı iqtisadi inkişafı üçün təminat yaradılacaq. Odur ki, bir sıra sahələrin prioritet mövqeyə çıxarılması üçün kompleks tədbirlərə başlanılıb. Belə sahələrdən biri də balıqçılıqdır. Öncə onu demək lazımdır ki, bu sahədə respublikamızda güclü potensial vardır. Bunu şərtləndirən əsas amillərdən biri ölkəmizin Xəzər hövzəsində yerləşməsidir. 1998-ci ildə «Balıqçılıq haqqında» Qanun qəbul olunmuş, sonralar bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi, balıqçılığın inkişafının beynəlxalq standartlara uyğunlaşdırılması üçün mühüm addımlar atılmışdır. Respublikamızın ayrı-ayrı bölgələrində də balıqçılığın inkişafı ilə bağlı konkret işlər görülür. Statistikaya görə, göl və nohur balıqçılığı ilə məşğul olan fiziki şəxslərin sayı 2009-cu ildə 54-dən 2010-cu ildə 80-nə, 2015-ci ildə isə 157-yə çatmışdır. 2009-cu ildə respublika üzrə göl və nohurların səthinin sahəsi 594 hektar olsa da, bu rəqəm 2015-ci ildə 1771 hektar təşkil etmişdir.
2009-cu ildə ovlanmış təzə balığın miqdarı 183 ton olmuşdursa, 2015-ci ildə bu rəqəm 562 ton təşkil etmişdir. Azərbaycanda qızılxallı balığın yetişdirilməsi 2009-2015-ci illərdə təxminən beş dəfə artaraq 57 tondan 304 tona çatmışdır. Ölkəmizin unikal təbiəti, gur dağ çayları qızılxallı balığın yetişdirilməsində böyük imkanlar yaradır.
Balıqçılığın inkişafında ən vacib olan məsələ göl balıqçılığının sürətli inkişafına nail olmaqla, yerli istehsalı genişləndirməkdən ibarətdir. Neftçala Sənaye Zonasında Azərbaycanda ilk dəfə olaraq yeni istehsal müəssisəsinin yaradılması elə bu məqsədə xidmət edir. Ümumi dəyəri 12 milyon manat olan layihənin reallaşması üçün dövlət tərəfindən 5,9 milyon manat güzəştli kredit ayrılmış, zavodun bilavasitə sənaye zonasında yaradılması isə ilkin investisiya xərclərinin 90 faizinədək qənaət etməyə imkan vermişdir. İllik istehsal gücü 25 min ton olan bu zavodun tikinti işləri başa çatmışdır. Burada Almaniya, Avstriya və Hollandiyanın tanınmış şirkətlərindən alınmış avadanlıqlar quraşdırılmışdır. Neftçaladan başqa, digər rayonlarda da sənaye üsulu ilə balıqçılığın inkişafına güclü təkan verilməsində bu zavod müstəsna rol oynayacaq.
Digər bir maraqlı cəhət ondan ibarətdir ki, göl və nohur balıqçılığının inkişafı heç bir ekoloji problem yaratmır, əksinə şirin su hövzələrinin suyunun artırılmasına, flora və faunanın zənginləşdirilməsinə şərait yaradır, ekoloji tarazlığın qorunmasına müsbət təsir göstərir. Dağ çaylarında qızılxallı balıq yetişdirilən göllər və onun ətrafında yaradılan istirahət məkanları turizm cəlbediciliyi cəhətdən də mühüm əhəmiyyət kəsb edir. Balıq yemi istehsal edən zavodların isə yerli məhsul istehsalına marağı artır, daha çox istehlak olunan balıq növlərinin yetişdirilməsinə əlavə stimul yaradır. Həmçinin balıq yemi üçün Gürcüstana, Türkiyəyə, İrana üz tutan sahibkarlıq subyektlərinin işini xeyli asanlaşdırır, eyni zamanda, xərcləri azaldır, maya dəyərini aşağı salır.
Azərbaycanda balıqçılığın inkişafına təkan verən amillərdən biri Su Bioresurslarının Artırılması, Bərpası və Mühafizəsi Fondunun yaradılması ilə bağlıdır. Bu, «Balıqçılıq haqqında» Qanuna dəyişiklik edilməsi layihəsində öz əksini tapmışdır. Fondun yaradılmasında məqsəd balıq və digər bioresursların artırılmasını, bərpasını, mühafizəsini, eyni zamanda, balıqçılığın elmi təminatını və bu sahənin inkişafı ilə bağlı həyata keçiriləcək kompleks tədbirlərin maliyyə təminatını həll etməkdən ibarətdir. Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su resurslarının süni artırılması, bərpası və mühafizəsi, habelə balıqçılıq təsərrüfatlarının meliorasiya işləri sözügedən Fondun vəsaiti hesabına maliyyələşdiriləcək.
Azərbaycanda balıq və digər su resurslarının yetişdirilməsi, bərpası və mühafizəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olur. Belə ki, Xəzərin bioresurslarının idarə olunması nazirliyin Su Hövzələrində Bioloji Resursların Artırılması, Bərpası və Mühafizəsi Departamenti, dəniz bioresurslarının sistemli tədqiqat işləri ilə nazirliyin tabeliyində olan Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu tərəfindən həyata keçirilir.
Hazırda Su Hövzələrində Bioloji Resursların Artırılması, Bərpası və Mühafizəsi Departamentinin nəzdində balıq ehtiyatlarının artırılması ilə 12 balıqçılıq müəssisəsi məşğuldur. Bunlardan 4-ü nərə, 3-ü qızıl balıq və farel, 5-i digər balıq körpələrinin artırılması üzrə ixtisaslaşıb.
Xəzər regionunda ən iri müəssisə illik istehsal gücü 15 milyon ədəd balıq körpəsi olan, 2003-cü ildə istismara verilmiş Xıllı Nərə Balıqartırma Zavodudur. Bu müəssisə son illər Azərbaycanda Xəzər dənizinin unikal bioresurslarının qorunması üzrə müəyyən işlər görmüş, həmin istiqamətdə tədbirlər bu gün də davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu (Azər ETBTİ) isə nərə cinsli və digər vətəgə əhəmiyyətli balıq ehtiyatlarının qiymətləndirilməsi və ovlanmasının tənzimlənməsi üçün hər il dənizdə bioloji monitorinq həyata keçirir.
Dənizin ekosisteminə antropogen təsirləri azaltmaq üçün brakonyerlərlə mübarizə tədbirləri həyata keçirilməklə yanaşı, Xəzər hövzəsində yeni fəaliyyət növü kimi əhalinin bu sahəyə cəlb olunması istiqamətində geniş tədbirlər görülür. Bu həm məşğulluq probleminin həlli baxımından, həm də Xəzər dənizində ekoloji tarazlığın saxlanması və yaxşılaşdırılması baxımından əhəmiyyətlidir.
Balıqçılığın inkişafına dövlət xüsusi maraq göstərir və sahibkarların bu işdə fəal iştirakını təmin edir. Son onilliklər ərzində dünyada balıq ovunun azalması tendensiyası davam edir. Belə ki, balıq ovunun həcmi azalaraq 90-95 min ton səviyyəsində sabitləşib. Lakin bununla bərabər, əmtəə akvakulturasının məhsul həcmində dünya üzrə artan dinamika özünü göstərir. Belə ki, hazırda ümumi balıq ovu və istehsalının 70 faizindən çoxu akvakultura balıqçılığının payına düşür. Bu müsbət tendensiya Azərbaycanda da müşahidə olunur. Ölkəmizdə balıqçılıq təsərrüfatı kompleksində akvakulturanın payı hələlik az olsa da, bu sahə ildən-ilə inkişaf edərək genişlənir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının (FAO) statistik məlumatına əsasən, dünya üzrə adambaşına düşən balıq istehlakının orta illik göstəricisi 18 kiloqramdır. Ən yüksək orta göstəricilər 60 kiloqramdan çoxdur ki, bu da Cənub-Şərqi Asiya ölkələrinin payına düşür. Yaponiya, Çin Xalq Respublikası, Vyetnam və Tailandda isə bu rəqəm 104 kiloqramdan çox qeydə alınıb. Türkiyədə bu göstərici 18 kiloqram təşkil edir.
Azərbaycanda isə adambaşına düşən orta illik balıq istehlakı 2009-cu ilədək cəmi 2 kiloqram olub. Lakin son illər artaraq 2014-cü ildə təxminən 7 kiloqrama çatıb. Adi balıq növlərinin qiymətinin bazarlarda ətə nisbətən ucuz olması bunu deməyə əsas verir ki, istehsalın həcminin artırılması heç bir problem yaratmayacaq, əksinə istehsalçıların marağını təmin edən zəruri bolluq yaradacaq. Bu, eyni zamanda, rəqabət qabiliyyətli məhsul istehsalına geniş yol açacaq.
Cənab Prezident İlham Əliyev çıxışlarında bu problemin həllinə xüsusi önəm verir, ildən-ilə süni balıq yetişdirilməsi istiqamətində həm Xəzər hövzəsində, həm də bölgələrdə nəzərəçarpacaq addımların atılmasını dilə gətirir. Görülən işlər, həyata keçirilən tədbirlər yaxın illərdə öz real nəticəsini verəcək, balıqçılığın inkişafında ciddi irəliləyiş özünü göstərəcəkdir.

 

Zülfü İLYASOV,
Bölgə müxbiri