Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

GƏNCƏ QƏDİMLİKLƏ MÜASİRLİYİ UNİKAL VƏHDƏTDƏ QOVUŞDURAN ŞƏHƏRDİR 

 

Gəncə bu gün, sözün əsl mənasında, inkişaf və yüksəliş illərini yaşayır. Regional müstəvidə yaxşı tanınan bu qədim şəhərin şan-şöhrəti hər gün artmaqdadır. Məhz bunun nəticəsidir ki, 2016-cı ildə Gəncə Avropanın Gənclər Paytaxtı seçildi, bu il isə MDB-nin Mədəniyyət Paytaxtı elan edildi. Bunların hamısı təbiidir. Ulu Nizamidən üzü bəri, görün, Gəncə bəşəriyyətə hansı şəxsiyyətləri bəxş edib. Tarix boyu başı çox bəlalar çəkib, sinəsi qanlı hərb meydançalarına çevrilib. Lakin heç zaman çökməyib, tarix səhnəsindən silinməyib, yenidən dirçəlib, inkişaf edib. Adı bir neçə dəfə dəyişdirilib, müstəqillik qazandıqdan sonra öz əzəli-əbədi adına qovuşub. Gəncə elə bir strateji coğrafi məkanda yerləşir ki, onun çiçəklənməsi və yüksəlişi ölkəmiz üçün çox vacibdir. Son 10-12 il ərzində həyata keçirilən köklü tədbirlər nəticəsində Gəncə tanınmaz dərəcədə dəyişib, müasirləşib, yeniləşib. Şəhəri iki yerə bölən Gəncə çayının sağ və sol sahili boyunca görülən işlərin misli-bərabəri yoxdur. Vaxtilə həmin ərazilər bərbad vəziyyətdə idi. Bu gün çayın sahilləri yüksək standartlar səviyyəsində yenidən qurulub. Ulu öndər Heydər Əliyevin adını daşıyan istirahət parkı cənnət-məkana çevrilib. Girişdə «Zəfər tağı» ucaldılıb ki, buradan açıq seyrangahda parkın ümumi mənzərəsini və füsunkar təbiətini seyr etmək olur. Park gecə-gündüz qonaq-qaralıdır, axşamüstü parkı gəzərkən Türkiyədən, Gürcüstandan, Çindən, Avropa ölkələrindən turistlərlə rastlaşırsan. Burada böyük bir göl yaradılıb, ətrafına nadir ağaclar, dekorativ kollar əkilib, yaraşıqlı oturacaqlar quraşdırılıb. Dünyanın ən böyük beş parkı arasında özünə yer alan park-kompleksin ümumi uzunluğu 354 metr, eni 170 metrdir. Gölün dərinliyi 3 metr təşkil edir. Gölə yapon sazanı buraxılıb, buraya təşrif buyuran mütləq ayaq saxlayıb balıqları seyr edir. 2016-cı ildə şəhərdə Avropa Gənclər Parkı salınmış, mərkəzdə hündürlüyü 5 metr olan əzəmətli «Gəncliyin qanadları» abidəsi ucaldılmışdır. Ulu öndər Heydər Əliyevin çox sevdiyi «Xan bağı» şəhərin mərkəzində yerləşir. Gəncənin nəbatat bağı sayılan bu parkda nadir bitkilər, o cümlədən Himalay sidri, yapon əzgili, Eldar şamı, Hind qozu, bambuk və s. ağaclar mühafizə edilir. Yeddi hektar ərazini əhatə edən bu parkı gəzərkən cənab Prezident İlham Əliyev demişdir: «Xan bağı nəinki Gəncə üçün, bütün Azərbaycan üçün çox əziz və doğma yerdir. Sadəcə olaraq gəzinti üçün bağ deyil, bizim milli tarixi sərvətimizdir». Gəncə qədim şəhərdir, burada yaşı 4 min ili keçmiş milli-mədəniyyət abidələri vardır. Həmin abidələrin bərpası, yenidən qurulması mürəkkəb proses olsa da, bu işlərin öhdəsindən yüksək şəkildə gəlinib. Bakı istiqamətindən şəhərə daxil olarkən qarşıda möcüzəli bir aləm açılır. Gəncə qapıları rəmzi olaraq insanı orta əsrlərə çəkib aparır. Hündürlüyü 65 metr olan Dövlət Bayrağı, magistral yolun sağ və sol istiqamətləri ilə sıralanan yaşıllıq zolaqları, çəmənliklər bu yerlərə xüsusi görkəm və əzəmət bəxş edib. Gəncə çayının sahil zolaqlarında bulvar kompleksi xüsusi zövqlə yaradılıb. Burada milli memarlığın ən gözəl nümunələri öz əksini tapıb. Bulvar ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb, gül-çiçək kolları əkilib. İstirahət üçün oturacaqlar, onların qarşısında yaradılan fəvvarələr ərazinin füsunkarlığını daha da artırıb. Park-bulvar həmişə qonaqlı-qaralıdır. Buraya təşrif buyuran hər kəs yaradılan şəraitdən zövq alır, məmnunluq hissləri keçirir və dərk edir ki, yüksəliş və tərəqqi mərhələsinə qədəm qoyan bir məkana düşüb. Cənab Prezident İlham Əliyev cari ilin fevral ayında «Gəncəçay» Park-bulvar kompleksi ilə tanış olarkən burada yaradılan şəraitdən böyük razılıq ifadə edib. İnşasına 2014-cü ildən başlanılan kompleksin uzunluğu 1,2 km, ümumi sahəsi 34 hektardır. Kompleksdə geniş işıqlandırma sistemi yaradılıb, 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl qurulub. Çayın məcrasının hər iki tərəfində ümumi uzunluğu 2,4 km olan istinad divarları tikilib. Burada Bayraq Meydanı, «Əli və Nino» kompleksi, Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, altımərtəbəli və yeddimərtəbəli üç yaşayış binası, müasir tipli üç kafe, restoran, kinoteatr, açıq havada attraksionlar və digər sosial obyektlər inşa edilib. Bulvarda, həmçinin 1,7 km uzunluğunda velosiped yolu və iki velosiped dayanacağı yaradılıb. Qurban Səidin «Əli və Nino» əsərinin motivləri əsasında hündürlüyü 3,5 metr olan monumental heykəl ucaldılıb. Çin, Fransa və Gürcüstandan fərqli olaraq burada süni effekt verilməklə sevgililər simvolik olaraq səmada uçur, ətrafda yaradılan 3 fəvvarə isə vizual olaraq göz yaşlarını xatırladır. Abidə Şərq üslubunda olsa da, modern formada yaradılıb. Adı çəkilən unikal layihələrin ərsəyə gəlməsinə sovetlər dönəmində azı 10-15 il lazım gəlirdi. Cəmi iki il ərzində bu möhtəşəmlikdə işlər görülüb. Özü də təkcə bu yox ki, şəhərin hər bir guşəsində abadlıq-quruculuq işləri həyata keçirilir. Belə miqyasda işlərin eyni vaxtda görülməsi o qədər də asan gəlməsin.
Gəncə çayının sahilləri vaxtilə daşlı-kəsəkli, yöndəmsiz ərazilər idi. Çayın üstündəki körpünü keçərkən göz işlədikcə miskin bir mənzərə görünürdü. İndi bu yerlər gülüstana çevrilib, gülə-çiçəyə qərq olub. Bu gün Gəncəyə dünyanın dörd bir yanından turistlər, qonaqlar gəlirlər. Hər gələn abad şəhər, gülərüz insanlar görür və geri dönərkən özləri ilə xoş xatirələr aparırlar. Məhz bunun nəticəsidir ki, son bir ildə xarici turistlərin sayı 4 min nəfəri keçib. Gəncə, demək olar ki, hər gün dəyişir, bir yenilik təqdim edir. Ən möhtəşəm layihələrdən biri yekunlaşma mərhələsindədir. Belə ki, Gəncə Dövlət Filarmoniyası və Gəncə MALL Ticarət Mərkəzi, müasir tipli yeraltı keçidlər, modern üslubda tikilən beşulduzlu otel cari ildə istifadəyə veriləcək. Gəncə Dövlət Filarmoniyası şəhərin memarlıq ansamblına yeni bir çalar qatacaq. 1,4 hektar sahədə inşa edilən bu möhtəşəm kompleksdə 1200 nəfərlik konsert zalı, iki kinoteatr, açıq havada estrada meydanı, kafe, restoran, 200 avtomobil üçün yeraltı dayanacaq və digər xidmət sahələri ən yüksək standartlara cavab verəcək. Tikinti işlərinin əsas hissəsi icra edilib, elektrik və daxili su xətləri çəkilib. Yarımstansiya, qazanxana və nasosxana tikilib, havalandırma sistemi qurulub. İki il öncə inşasına başlanılan 80000 kvadratmetr ərazini əhatə edən Gəncə MALL-ın tikintisi ilə bağlı işlərin 90 faizi yekunlaşıb. Tikintidə 700 nəfər işçi çalışır. Mərkəz fəaliyyətə başladıqdan sonra burada 2000-dən çox yeni iş yerləri açılacaq. 8 mərtəbəli Gəncə MALL-ın 3 mərtəbəsi yeraltı dayanacaqdır. Burada əyləncə mərkəzləri, supermarket, kinoteatr fəaliyyət göstərəcək, alıcılara brend mallar təklif olunacaq. Bundan başqa, şəhərin mərkəzində - Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində avtomobillərin və piyadaların hərəkət etməsi üçün mövcud olan çətinliklər aradan qaldırılacaq. Layihəyə əsasən, üç çıxışı olan keçid Gəncə Dövlət Universitetinin əsas korpusunu, Şah Abbas məscidi və Gəncə MALL Ticarət Mərkəzini birləşdirəcək. Keçidlərin tikintisində milli memarlıq elementlərindən geniş istifadə olunmaqla Qərb memarlığına daha çox üstünlük verilib. Gəncədə Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsində daha bir yeraltı keçid tikilir. Keçidin Cavad xan küçəsi ilə Gəncə Dövlət Filarmoniyası binasının qarşısına çıxışları olacaq. Bununla şəhərdəki yeraltı keçidlərin sayı 5-ə çatacaq. Gəncənin memarlıq ansamblına gözəllik qatan layihələrdən biri də Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsində tikilən 5 ulduzlu oteldir. 7 mərtəbəli otelin ümumi sahəsi 2800 kvadratdır və 33 otaqdan ibarətdir. Oteldə həmçinin konfrans zalı, kafe-bar, restoran fəaliyyət göstərəcək. Universal infrastruktura və cəlbedici görünüşə malik olan bu otel cari ilin sonunadək istifadəyə veriləcək və öz arxitekturasına, dizayn və interyerinə görə şəhərə bir yenilik gətirəcək. Bundan başqa, Gəncə şəhərinə yağan yağış sularının ötürülməsi üçün xətlərin çəkilməsinə də başlanılıb. Heydər Əliyev prospekti ilə Nizami prospektində işlər sürətlə davam etdirilir. Sel və yağış suları borular vasitəsi ilə Gəncə çayına axıdılacaq, eyni zamanda, həmin prospektlərdə asfalt qatı daş örtüklə əvəzlənəcək. Bir sözlə, şəhərin sosial infrastrukturu əsaslı şəkildə dəyişdirilir, yüksək standartlar səviyyəsinə gətirilir. Eyni zamanda, Gəncə şəhərinin dövlət dotasiyası almayan şəhərlərdən birinə çevrilməsi qarşıya ciddi vəzifələr qoyur. Şəhərin sənaye potensialı möhkəmlənir, iri layihələrin icrası uğurla davam etdirilir. Yaxın vaxtlarda bir sıra iri sənaye müəssisələrinin, o cümlədən poladəritmə, kərpic zavodlarının və digər obyektlərin işə salınması gözlənilir. Bütün bunlar yüksəliş yolunda inamla irəliləyən Gəncənin sosial-iqtisadi həyatında yeni səhifə açacaqdır.

 

Zülfü İLYASOV,
bölgə müxbiri