Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Şərəflə yaşanan ömür

 

Həyatda hər şey qiymətləndirilir, o cümlədən insan. İnsana da əməlinə görə qiymət verirlər: istər yaxşı əməl olsun, istərsə yaman. Amma unutmamalıyıq ki, həyatda qalan da elə yaxşılar və yaxşı əməllər olur. Əmək fəaliyyətinə sadə zəhmət insanı olaraq istehsalatdan başlayan, həyatı boyu öz qabiliyyəti ilə ucalan deputat həmkarımız, görkəmli inşaatçı-mühəndis, dəyərli ziyalı Ağalar Vəliyev də məhz əməlləri və şərəfli ömür yolu ilə fərqlənən, cəmiyyətə örnək olan şəxsiyyətlərdəndir.
Ağalar Vəliyev bu günlərdə - iyulun 23-də ömrünün 60-cı yayını tamamlayıb. 60 yaşın tamamını adətən müdrikliyin başlanğıc dövrü adlandırırlar. Yaşanmış bu illəri həm də bir tərəfdən ömrün çox, digər tərəfdən az hissəsi hesab edirik. Amma ötüb keçənlərə nəzər saldıqda, geridə qoyduqlarımızı vərəqləyəndə, ürəkdə qalmış arzuları incələyəndə görürsən ki, ömür düşündüyümüzdən də qısadır. Bununla belə, insanın mənəvi yetkinlik dövrünə qədəm qoyduğu, özü qarşısında hesabat verdiyi 60 il həm də böyük zaman kəsiyidir. Ən əsası isə odur ki, məhz şərəflə yaşanan ömür müddətindən asılı olmayaraq insan həyatında iz qoyan əbədi keyfiyyət möhürüdür. Bu mənada tərcümeyi-halına nəzər salanda görürsən ki, ömrünün 60 ilini geridə qoyan Ağalar Vəliyev üçün də bu illər qısalığından və ya uzun zaman kəsiyi olmasından asılı olmayaraq kifayət qədər dolğun, mənalı yaşanmış bir həyatdır.
Əmək fəaliyyətinə 41 il əvvəl Yevlax Dəmir-Beton Məmulatları Zavodunda fəhlə kimi başlayan və direktor vəzifəsinədək yüksələn, sonralar “Azəravtoyol” İstehsalat Birliyinin Yevlax “Körpütikinti” Kombinatının baş direktoru, Yevlax 2 saylı Yol Təmir Tikinti Trestinin rəisi vəzifələrində çalışan Ağalar Vəliyevin keçdiyi zəngin və mənalı ömür yolu onun seçdiyi amallara və kamil şəxsiyyət ideallarına sadiqliyin parlaq nümunəsidir. O, hansı müəssisədə, hansı vəzifədə çalışmağından asılı olmayaraq həmişə yüksək peşəkarlıq və səriştəlilik nümayiş etdirib, bütün kollektivə örnək olub.
Məhz tikinti sahəsində uğurlu fəaliyyəti, yüksək peşəkarlığı, işgüzarlığı və geniş istehsalat təcrübəsi nəzərə alınaraq 1996-cı ildə Ağalar Vəliyevə ulu öndər Heydər Əliyev tərəfindən böyük etimad göstərilib. Ulu öndərin 19 iyun 1996-cı il tarixli sərəncamı ilə Ağalar Vəliyev “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifəsinə təyin olunub. 1998-ci ildən həmin şirkətin bazasında yaradılmış respublika əhəmiyyətli “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin prezidenti, hal-hazırda həmin cəmiyyətin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.
Tanıyanlar bilir ki, Ağalar müəllim bir işi başa çatdırıb onunla kifayətlənən insanlardan deyil. Elə bil Tanrı bu insanı əzmlə işləmək üçün xəlq edib. Onun yerinə başqa adam olsaydı, bəlkə də “Azəraqrartikinti” ASC inşaat-tikinti sektorunun aparıcı şirkətinə çevrilməzdi. Amma Ağalar müəllim daim fəaliyyətdə, öz sahəsində yenilik axtarışındadır. Məhz bunun nəticəsidir ki, ilbəil “Azəraqrartikinti” ASC böyüdü, fəaliyyətini genişləndirdi, yeni iş yerləri açdı, neçə-neçə ailənin buradan gələn ruzi ilə rifahı yüksəldi.
Cəsarətlə demək olar ki, “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti icra etdiyi müqavilələrin həcminə və mürəkkəbliyinə görə respublikada ön sıralarda olan tikinti təşkilatlarından biridir. Cəmiyyətdə yüksək ixtisaslı kadr potensialı cəmləşmişdir. Onun icra aparatında və filiallarında öz peşəsinin vurğunu olan yüzlərlə yüksək ixtisaslı mühəndis, memar və digər peşə sahibi çalışır.
Bu gün “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti respublikanın tikinti kompleksində öz dəst-xətti və xüsusi çəkisi olan respublika əhəmiyyətli təşkilatlardan biridir.
Məhz “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində Ağalar Vəliyevin yüksək erudisiyaya və hərtərəfli biliyə malik səriştəli mühəndis olması özünü daha bariz şəkildə göstərib. Belə ki, onun rəhbərlik etdiyi kollektiv tərəfindən ötən 20 ildə yüzlərlə müxtəlif təyinatlı obyektlər tikilib, yaxud yenidən qurulub. Bunlara misal olaraq Heydər Əliyev Sarayında, Milli Məclisdə aparılmış bərpa və yenidənqurma işlərini, parlamentin yeni korpusunun, Hesablama Palatası üçün yeni inzibati binanın tikintisini göstərmək olar. Ona həvalə olunan Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında, həmçinin AMEA-nın Tarix Muzeyində, Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində aparılan tikinti, bərpa və yenidənqurma işlərini, AMEA Mərkəzi Elmi Kitabxanasının, AMEA-nın Milli Ensiklopediya Mərkəzinin, Bakı şəhərində Apelyasiya Məhkəməsi üçün inzibati binanın, Kənd Təsərrüfatı və Ədliyyə Nazirliyinin bir sıra obyektlərinin, Bakı şəhərinin rayonlarında xeyli sayda məktəblərin və uşaq bağçalarının, Şəmkir-Gəncə magistral su xəttinin, Goranboy və Göygöl rayonlarının su və kanalizasiya şəbəkələrinin, Bakı şəhərində və respublikanın müxtəlif şəhər və rayonlarında məcburi köçkün soydaşlarımız üçün salınan qəsəbələrdə xeyli sayda çoxmərtəbəli və fərdi yaşayış evlərinin tikintisini də “Azəraqrartikinti” ASC vaxtında və yüksək keyfiyyətlə başa çatdırıb.
Hər bir başa çatan tikinti işi göstərir ki, ASC-nin əsas məqsədi inşaat sahəsi üzrə dünyanın qabaqcıl ölkələrini ən mütərəqqi və qabaqcıl texnologiyalarını, daha müasir material və avadanlıqlarını iş prosesində tətbiq etmək, milli memarlıq ənənələrini qorumaqla estetik cəhətdən daha gözəl və baxımlı layihələri həyata keçirmək, bununla da müstəqil Azərbaycanımızın gündən-günə daha da gözəlləşməsinə öz layiqli töhfəsini verməkdir.
Məlum olduğu kimi, bu tikinti işlərinin əksəriyyəti Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirildiyi üçün daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub. Təsadüfi deyil ki, yuxarıda sadalanan obyekt və binalarda tikinti və yenidənqurma işlərinin başa çatmasından sonra keçirilən açılış mərasimlərində Prezident İlham Əliyev də iştirak edib. Həmişə keyfiyyətə və yüksək zövqə önəm verən dövlət başçısı tikinti işlərinin gedişi ilə yaxından maraqlanıb, görülən işlərlə ətraflı tanış olub.
Hər kəsin əməyini layiqincə dəyərləndirən Prezident İlham Əliyev respublikanın tikinti kompleksində uzun illər səmərəli fəaliyyətinə görə Ağalar Vəliyevi 9 aprel 2010-cu il tarixli sərəncamı ilə respublikanın Əməkdar mühəndisi fəxri adına layiq görüb. Dövlət başçısının 10 aprel 2012-ci il tarixli sərəncamı ilə isə inşaat sahəsində səmərəli fəaliyyətinə görə Ağalar Vəliyev “Şöhrət” ordeni ilə təltif edilib.
Bu sətirləri yazarkən dəyərli həmkarımız barədə növbəti xoş xəbər aldıq. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı sərəncamla Ağalar Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Ağalar Vəliyev təkcə təcrübəli inşaat mütəxəssisi deyil. O, həm də ümummilli lider Heydər Əliyevin qurucusu olduğu, bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının üzvü kimi uzun illərdir ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. 2010-cu ildən isə Ağalar Vəliyevin həyatında yeni və daha şərəfli, şərəfli olduğu qədər də məsuliyyətli bir mərhələ başlayıb. Həmin il müstəqil Azərbaycan dövlətinin IV çağırış Milli Məclisinə keçirilən seçkilərdə Ağalar Vəliyev Yeni Azərbaycan Partiyasından irəli sürülmüş namizəd kimi 11 saylı Qaradağ seçki dairəsindən deputat seçilib. 2015-ci ildə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə təkrarən deputat mandatı qazanmağı seçicilərin Ağalar Vəliyevə olan etimadının təzahürüdür.
Bu gün respublikada Prezident İlham Əliyevin rəhbərliyi ilə dərin iqtisadi islahatlar həyata keçirilir. Bu dövr də qanunvericiliyin yenidən nəzərdən keçirilməsini zəruri edir. Təsadüfi deyil ki, ötən il Milli Məclisdə islahatların qanunvericilik bazasının möhkəmləndirilməsinə xidmət edən bir sıra mühüm qanunlar qəbul edildi. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini kimi Ağalar Vəliyev ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının hüquqi əsaslarının təkmilləşdirilməsinə yönələn bir sıra qanunların, o cümlədən 2011-2017-ci illərin “Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Patent haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” və digər önəmli iqtisadi qanunların hazırlanmasında fəal iştirak edib, qanunların qəbulunda nəzərə alınan təkliflər verib.
Ağalar Vəliyevin Milli Məclisdə fəaliyyəti yalnız ölkəmizin iqtisadi qanunvericiliyinin formalaşdırılması və ya təkmilləşdirilməsində iştirakla məhdudlaşmır. O, həm də aktiv siyasi fəaliyyətlə məşğuldur. Ötən çağırış ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi fəaliyyət göstərən Ağalar Vəliyev beynəlxalq tədbirlərdə Milli Məclisi uğurla təmsil etməklə yanaşı, xarici səfərlərdə, ezamiyyətlərdə olarkən Azərbaycanın haqq səsini beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırmaq üçün səmərəli fəaliyyət göstərib. O, istər xarici ölkələrdə olarkən, istərsə də xarici dövlətlərdən gələn nümayəndə heyətləri ilə Milli Məclisdə görüşərkən Dağlıq Qarabağ məsələsini daim diqqət mərkəzinə çəkib, bu istiqamətdə Azərbaycan Prezidentinin siyasi xəttini, Azərbaycanın ədalətli mövqeyini izah etmək üçün zəruri işlər aparıb. Hazırda Ağalar Vəliyev Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Avstraliya-Yeni Zelandiya, Belarus, Çin, Türkiyə və Özbəkistan parlamentləri ilə dostluq qruplarının üzvüdür. O, Türkdilli dövlətlərin PA-da Azərbaycan nümayəndə heyətinin üzvü və Avronest PA-nın müvafiq komitəsinin sədr müavini kimi də Milli Məclisin beynəlxalq sahədə əməkdaşlığının inkişafında səylərini əsirgəmir.
Ölkə əhəmiyyətli siyasi kampaniyalar dövründə də Ağalar müəllimi YAP üzvü və Milli Məclisin deputatı kimi seçicilər arasında görmək mümkündür. İstər son prezident seçkilərində, istər ötən il Konstitusiyaya dəyişikliklər edilməsi ilə əlaqədar keçirilən referendum ərəfəsində o, təşviqat kampaniyalarında fəal iştirak etməklə öz əqidə borcunu layiqincə yerinə yetirdi.
Təbii ki, deputatın əsas fəaliyyət istiqamətlərindən biri seçiciləri ilə görüşmək, onların ortaya çıxan problemlərinin həllinə yardım etməkdir. Biz Ağalar Vəliyevi bu baxımdan da nümunəvi deputat kimi tanıyırıq. Onun özü gördüyü işlərdən danışmağı sevməsə də, bilirik ki, ötən 7 ildə seçildiyi seçki dairələrini əhatə edən Qaradağ, Goranboy, Ağdam, Tərtər rayonlarının seçiciləri ilə keçirdiyi görüşlərdə, qəbullarda, vətəndaşların fərdi və kollektiv müraciətlərində qaldırılan problemlərin həllinə kömək göstərilməsi, məhəllədaxili yolların asfaltlanması, əhalinin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması məqsədilə onun tərəfindən xeyli işlər görülüb. O, millət vəkili kimi təmsil etdiyi rayonların sosial-iqtisadi problemlərinin həllinə həmişə kömək göstərib, seçicilərini, xüsusilə aztəminatlı ailələri daimi diqqət və qayğı ilə əhatə edib. 2016-cı ilin aprel ayında ermənilərin Goranboyda, Ağdamda və Tərtərdə dağıtdığı mülki evlərin və sosial obyektlərin bərpası istiqamətində Ağalar Vəliyevin təşkilatçılığı ilə mühüm işlər həyata keçirilib.
Onu da xatırladı ki, Ağdamda məcburi köçkünlərin doğma yurd həsrətini və seçicilərin istəklərini nəzərə alaraq Heydər Əliyev Fondunun təşəbbüsü və bilavasitə Ağalar Vəliyevin təşkilatçılığı ilə Quzanlı qəsəbəsində təməlqoyma mərasimində Prezidentin şəxsən iştirak etdiyi, bütün müasir tələblərə cavab verəcək Muğam Mərkəzi tikilir. Ağalar Vəliyevin bu layihədə iştirak etməsi, Bərdədə Seyid Yusif Ağanın məzarı üzərində məqbərə-ziyarətgah kompleksini inşa etdirməsi onun mənəvi dəyərlərimizə dərin bağlılığının göstəricisidir.
Ağalar Vəliyev həm də xeyriyyəçidir. Məsələn, onun təşəbbüsü ilə 2015-ci ilin may ayında Xırdalan şəhərində “Kristal-Abşeron” MTK tərəfindən inşa edilmiş 126 mənzillik yaşayış binası, cari ilin iyun ayında isə 7 mənzil məcburi köçkün soydaşlarımıza paylanması üçün Heydər Əliyev Fonduna bağışlanmışdır.
2011-2015-ci tədris illəri ərzində millət vəkili kimi Ağalar Vəliyevin təşəbbüsü ilə Qaradağ rayonunun 19 ümumtəhsil məktəbinin I-XI siniflərinin 999 əlaçı şagirdə, 600-dən yuxarı balla ali məktəblərə daxil olmuş 61 tələbəyə pul mükafatlarının verilməsi, 3 aztəminatlı tələbənin təhsil haqqının ödənilməsi, təhsil müəssisələrinə noutbuklar və kompüter dəstləri hədiyyə olunması ölkə rəhbərliyinin insan kapitalının formalaşdırılması siyasətinə, təhsil sistemində aparılan islahatlara Ağalar müəllim tərəfindən göstərilən böyük dəstəkdir.
Onun insani keyfiyyətlərindən xəbər verən bu cür savab əməlləri barədə kifayət qədər danışmaq olar. İstər deputat, istər inşaatçı kimi o öz həyat amalını dövlətə və xalqa xidmətdə, vətəndaşlıq missiyasını layiqincə həyata keçirməkdə görür. Bu da ondan irəli gəlir ki, Ağalar müəllim həqiqətən mənən zəngin insandır.
Ağalar müəllim bir millət vəkili, professional mühəndis, bacarıqlı təşkilatçı, ziyalı kimi çox sevinir ki, Azərbaycan uğurla inkişaf edir, onun iqtisadi qüdrəti ildən-ilə artır. Necə sevinməsin Ağalar müəllim, - Azərbaycan dövlətinin uğurları o qədər miqyaslı, əzəmətlidir ki, bu nailiyyətlərə çoxsaylı dövlətlər neçə-neçə onilliklər nail ola bilməyiblər. Belə bir dinamik inkişafın ən başlıca səbəbi odur ki, Azərbaycan dövləti müstəqil, milli maraqlara cavab verən siyasət yeridir, özünün davamlı və keyfiyyətli inkişafını təmin etmək, xaricdən asılılığa yol verməmək, malik olduğu insan kapitalı, zəngin təbii resurslardan səmərəli istifadə etməklə inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlmək siyasəti yeridir.
Ağalar müəllimin mətbuatda dərc etdiyi “Ölkəmizin inşaat kompleksi müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artmasında mühüm rol oynayır” adlı yazısında bu fikirləri qeyd etmək maraqlı olardı.
Son 15 ildə Azərbaycan iqtisadiyyatına ayrılan əsaslı vəsait qoyuluşunun həcmi 100 milyard manatdan çox olmuşdur. Nəticə etibarilə ölkə iqtisadiyyatının quruluşunda əhəmiyyətli dəyişikliklər əldə edilmiş, yeni zavod və fabriklər işə salınmış, geniş miqyasda sosial-mədəni obyektlər istifadəyə verilmiş, irimiqyaslı infrastruktur layihələri həyata keçirilmişdir.
Görülən tədbirlər sayəsində əsaslı tikintidə xeyli mütərəqqi dəyişikliklər baş vermiş, onun texniki-iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır..
Ağalar müəllim Azərbaycanın inşaat kompleksinin gələcəyinə böyük nikbinliklə baxır və bildirir ki, ölkəmizdə azad bazar münasibətlərinin bərqərar olduğu, əsaslı tikintidə görülən işlərin həcmində özəl sektorun xüsusi çəkisinin yüksəldiyi bir şəraitdə hər bir şirkət, sahibkar çalışır ki, tikdiyi obyekt vaxtında istifadəyə verilsin, qoyulan sərmayə mənfəət gətirsin, milli iqtisadiyyatın inkişafına dəstək olsun.
Hazırda ölkədə aparılan islahatlar, “neftsiz dövr”ün formalaşması və inkişafı istiqamətində uğurlu addımlar atılır. Qeyri-neft sənayesinin üstün inkişafına xidmət edən zavod və fabriklər işə salınır, aqrar sektorun potensialından daha səmərəli istifadə olunması məqsədilə ixtisaslaşma, iri təsərrüfatların yaradılması, əsassız istifadə olunmayan torpaqların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, infrastruktur və sosial layihələrin vaxtında icrası ilə bağlı tədbirlər geniş vüsət alır. Bütün bu müsbət dəyişikliklər, heç şübhəsiz ki, ölkəmizdə sosial-iqtisadi inkişafla bağlı nəzərdə tutulmuş məqsəd və vəzifələrin uğurla yerinə yetirilməsini həll edəcək, onun davamlı inkişaf imkanlarını daha da artıracaqdır.
Ağalar Vəliyev zəngin təcrübəsi, yüksək peşəkarlığı ilə öhdəsinə düşən dövləti vəzifələri və həvalə olunan çoxşaxəli işləri həmişə layiqincə yerinə yetirib. Alicənablığı, səmimiyyəti, təvazökarlığı ilə hər kəsin - seçicilərinin, dostlarının və yaxınlarının daim ehtiramına layiq görülüb. 60 yaş ömrün nura qərq olan çağı, müdriklik zirvələrindən biridir.
Həyatın elə bir məqamıdır ki, bu yaşda insan keçdiyi yola nəzər salır, əldə etdiyi uğurlara qiymət verir, eyni zamanda gələcək planlarını götür-qoy edir, Vətəninin qüdrətinin artması üçün daha hansı işləri görə biləcəyini müəyyənləşdirir. Bu baxımdan Ağalar Vəliyevin fəxr edə biləcəyi nailiyyətlər də çoxdur, bundan sonra həyata keçirməli olduğu işlər də. Əminik ki, o, indiyə qədər olduğu kimi, bundan sonra da qarşısında duran vəzifələri layiqincə yerinə yetirəcək, bunun üçün bütün bilik və bacarığını əsirgəməyəcək, məsul olduğu sahələrdə daha böyük uğurlar qazanacaq.

60 illik yubileyin mübarək, dəyərli həmkar!

 

Eldar İbrahimov,
Milli Məclisin Aqrar siyasət
komitəsinin sədri, i.e.d., professor

 

Ziyad Səmədzadə, Milli Məclisin
İqtisadi Siyasət, sənaye və sahibkarlıq

komitəsinin sədri, akademik