Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər ****
Qəzetin çap variantları
18-24 aprel 2019-cu il
15 (1063)
11-17 aprel 2019-cu il
14 (1062)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Elşən Rəsul oğlu Bağirzadə 1982-ci ildə Masallı Rayonunun Kohnə Alvadı kəndində doğulmuşdur. O, 2003-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi ixtisası üzrə bakalavr və 2005-ci ildə magistr pilləsini, 2009-cu ildə isə Türkiyə Respublikası Nazirlər Kabinetinin Xarici Ticarət Siyasəti adlı təhsil proqramını bitirmişdir.

Elşən Bağırzadə hazırda dissertant olmaqla yanaşı, universitetin Magistr Hazırlığı Mərkəzinin böyük inspektoru vəzifəsində çalışır və eyni zamanda Türk Dünyası İşlətmə və Beynəlxalq İqtisadi Münasibətlər Fakültələrində də mühazirələr oxuyur.

Azərbaycanda ilk dəfə olaraq gizli iqtisadiyyat üzrə namizdəlik dissertasiyası üzərində çalışan Elşən Bağırzadə, bu məqsədlə Türkiyənin İstanbul, Uludağ, Hacettepe, Dokuz Eylül Universitetlərində, Almaniyanın Kiel və Ziqen Universitetlərində, İqtisadiyyat üzrə Alman Milli Kitabxanasında, Kiprin Yakın Doğu və Girne Amerikan Universitetlərinin mərkəzi kitabxanalarında tədqiqatlar aparmışdır. Heç də təsadüfü deyil ki, Doktorantların XIII Respublika Elmi Konfransındakı məruzəsinə görə Respublika 1-ciliyinə layiq görülmüş və Təhsil Nazirinin əmrilə müvafiq şəkildə mükafatlandırılmışdır.

Elşən Bağırzadə özün elmi leksikonu və metodoloji yanaşması ilə Azərbaycan iqtisad elmində yeni bir nəfəsdir. Gənc olmasına baxmayaraq onun bu günə qədər iqtisadi siyasət, beynəlxalq iqtisadiyyat və Türk Dünyası iqtisadiyyatları ilə bağlı ölkəmizdə və xaricdə  50-dən çox elmi əsəri nəşr olunmuşdur. O, Türkiyə, Qazaxıstan Qırğızıstan, Almaniya, Kipr, Makedoniya, Xorvatiya, Kosova, Monteneqroda keçirilən beynəlxalq elmi-praktiki konfranslarda ölkəmizi təmsil etmişdir.

“İqtisadiyyat” qəzetinin oxucularıyla ilk dəfə görüşən Elşən Bağırzadənin bu yazısının da maraqla qarşılanacağını düşünür və onun qəzetlə bundan sonrakı əməkdaşlığının uğurlu olacağını ümid edirik.

 i.e.d. prof. Elşən HACIZADƏ

 

YENİ REGİONAL İNKİŞAF SİYASƏTİ VƏ REGİONAL İNKİŞAF AGENTLİKLƏRİ:

TÜRKİYƏ TƏCRÜBƏ

 

 

 

 Elşən BAĞIRZADƏ,

Azərbaycan Dövlət İqtisad Universiteti

Türk Dünyası İşlətmə Fakültəsinin müəllimi

 

Dr. Ergüder CAN,

Türkiyə Respublikası

İzmir İnkişaf Agentliyinin Baş Katibi


  Giriş

Müasir dövrdə Qloballaşma və artan iqtisadi rəqabət prosesi, ölkələrin inkişaf yolunda bir sıra imkanlarla yanaşı, təhlükələrin də yaranmasına səbəb olmuşdur. Eyni zamanda mövcud təhlükələrin imkanlara çevirməsinin fərqli inkişaf modelləri ilə mümkün ola biləcəyi və bu prosesdə yer alan lokallaşma amillərinin təsiri ilə regional inkişaf siyasətlərinin də dəyişikliyə uğradığı ortaya çıxmışdır. Qlobal rəqabətdə şəhərlər və regionlar rəqabət vahidi kimi mühüm rol oynadığından artıq əhatəli, mərkəzi xarakterli siyasətdən strateji xarakterli, lokala fokslanmış siyasətə keçid prosesi də baş verməkdədir.

Yeni regional inkişaf siyasəti adlanan bu yanaşmada, yeni və çeşidləndirilmiş siyasət vasitələrindən söhbət gedir. Dünya təcrübəsinin təhlili göstərir ki, regional miqyasda inkişaf vasitələrinin region timsalındakı resurslara və ehtiyaclara görə istifdə edilməsini təmin edəcək və bu sahədə səmərəli və təsirli bir inkişaf modeli formalaşdırılmasına xidmət edəcək instutsional vasitələr sırasında Regional İnkişaf Agentlikləri (development agency) birinci sırada dayanır. Bu baxımdan Regional İnkişaf Agentlikləri klassik regional inkişaf siyasətindən yeni regional inkişaf siyasəti yanaşmasına keçidin zəruri nəticəsi olaraq ortaya çıxan bir fenomen kimi qəbul edilir.

Bütün bunları nəzərə alaraq, bu məqalədə regional inkişaf siyasətinin həyata keçirilməsində inkişaf agentliklərinin rolunu Türkiyə təcrübəsinə əsaslanaraq ətraflı şərh etməyi və Azərbaycanın bu təcrübədən istifadə imkanlarını ortaya çıxarmağı hədəf kimi seçmişik.

 1. Regional inkişafın dövlət siyasətinə çevrilməsi

Dünya iqtisadiyyatının tarixi inkişafına yanaşmada Alvin Tofflerin “üç dalğa nəzəriyyəsi” əsaslanaraq, regional inkişaf probleminin dövlət siyasətinin predmetinə çevrilməsi prosesini daha aydın şəkildə göstərmək mümkündür.

Kənd təsərrüfatı və təbii resurslara əsasanan inkişaf mərhələsi (“first wave – birinci dalğa”) əsasən kapitalizməqədərki dövrü əhatə edir və iqtisadiyyatda aqrar sektorun hakim olduğu mərhələdir. Bu mərhələdə ekstensiv və kəndli əməyinin hakim olduğu istehsal tipi ölkələrin regionları arasında elə də ciddi fərqlərin olmasına imkan verməmiş, nisbətən ticarət məntəqələri, əlverişli coğrafi mövqeyə və yaxsı resurs təminatına malik məntəqələr digərlərindən seçilmiş, diferensasiya əsasən siniflərarası olmuşdur.

Sənayeləşmə mərhələsinin (“second wave – ikinci dalğa”) sənayeləşmə mərhələsinin başlaması isə ölkə həyatının bütün sahələrində olduğu kimi, regional inkişafda da dualizmin əsasını qoymuşdur. Ənənəvi, ekstensiv istehsal tipi ilə yeni, intensiv istehsal tipinin, kənd təsərrüfatı sektoru ilə yeni, emal sahələrinin, kənd məskunlaşması ilə şəhərləşmənin birgə davam etməsi bu dualizmin əsas formalarındandır. Bununla yanaşı sənayeləşmə iqtisad nəzəriyyələrində və buna uyğun olaraq da iqtisadi siyasətdə liberalizmi hakim ideologiyaya çevirmişdir ki, nəticədə istehsal amillərinin azad bazar prinsipləri əsasında bölüşdürülməsi, başqa sözlə bazarın təyin etdiyi iqtisadi sektor və regionlarda toplanması baş vermişdir. Bütün bunlar regionl inkişafda dualizmi gücləndirmiş, ölkələrin sürətlə sənayeləşmiş regionları sosilal-iqtisadi baxımından digər regionlarını geridə qoymağa başlamışdır. 

Ölkələrin regionları arasındakı bu bərabərsizlik XX əsrdə iki dünya müharibəsi və baş verən sosial-iqtisadi böhranlar nəticəsində daha da ağırlaşmışdır. Yalnız II Dünya Müharibəsindən sonra dövlətlərin “hər kəsə layiqli həyat şəraitinin yaradılması” prinsipini beynəlxaq səviyyədə qəbul etməsi və buna uyğun olaraq da Rifah Dövləti anlayışının geniş yayılması nəticəsində artıq azad bazar şəraitində meydana gələn bir sıra disproporsiyaların, eləcə də regional disproporsiyanın azaldılması və bu sahədə dövlətin tənzimləmə funksiyasının artırılması meyli güclənmişdir. Məhz bu dövrdən başlayaraq regional inkişaf problemi iqtisadi ədəbiyyatlara “məskunlaşma iqtisadiyyatı”,  “region iqtisadiyyatı”, “ərazi inkişafı” kimi adlarla daxil olmuş və bir sıra ölkələrdə Regional İnkişaf Planlarının tətbiq olunması ilə iqtisadi siyasətin obyektinə çevrilmişdir.

1970-cı illərə qədər yalnız sənayeləşmiş ölkələrdə tətbiq olunan bu planlar, bu gün həmin illərdən başlayaraq liberal bazar prinsipləri üzrə inkişaf edən və regional disbalansın yarandığı İEOÖ-də də tətbiq olunur. Lakin 1970-80-cı illərdən bəri davam edən post-indastrial dövrünün reallıqları (“third wave – üçüncü dalğa”) bu planları dövrün tələblərinə uyğun bəzi dəyişikliklərə məruz qoymuşdur.

Hazırda Cənubi İtaliya, İspaniya, Almaniya, Fransa, Şotlandiya, Uels, Hindistan, Braziliya, Türkiyə kimi ölkələrdə belə planlar geniş şəkildə tətbiq olunur.

 2. Klassik regional inkişaf siyasəti

1960-cı illərin əvvəllərində hakim olan klassik regional inkişaf siyasəti yanaşmasının əsas xarakterik xüsusiyyəti, maliyyə təşviqləri, infrastruktura yönələn investisiyalar, dövlətin sahib olduğu müəssisələr, dövlətin nəzarətində sənaye təsislərinin yaradılması və emalat sənayenin  idarə edilməsi kimi əsas siyasət vasitələrindən istifadə etməklə regional inkişafa nail olmaqdır.

 3. Yeni regional inkişaf siyasəti

Qloballaşma və dünya iqtisadiyyatında artan rəqabət prosesi nəticəsində ortaya çıxan yeni regional inkişaf siyasəti yanaşmasında dünya iqtisadiyyatı daxilində müqayisəli üstünlük əldə edən regionlar formalaşdırmaq hədəfinə xidmət edəcək və regonal rəqabət gücünə imkan yaradacaq müxtəlif vasitələr yaradılmışdır. Proaktiv bir mexanizm yolu ilə, təklif yönlü vasitələri, daxili potensial və dinamikadan istifadə yanaşmasını əsas götürən yeni regional inkişaf siyasətinin əsasında müxtəlif inkişaf səviyyəsindəki regionlar və müxtəlif məkan xüsusiyyətlərinə malik sahələr üçün müxtəlif yanaşmaları əhatə edən bir baxış forması dayanmaqdadır.

Ədəbiyyatlarda yeni regional inkişaf siyasəti yanaşmasındakı vasitələr xarakterinə görə instutsional, iqtisadi, mədəni və sosial regional inkişaf vasitələri olaraq dörd bölmədə təhlil edilir. İnstutsional regional inkişaf vasitələri, inkişaf agentlikləri, investisiya yardım ofisləri, regional inkişaf planları, əməli proqramlar kimi ifadə edildiyi halda, iqtisadi regional inkişaf vasitələri isə sənaye parkları/sənaye şəhərcikləri, regional yardım proqramları, kompleksləşdirilmiş regional inkişaf tədbirləri kimi sıralanır. Digər tərəfdən mədəni regional inkişaf vasitələri konfrans/sərgi/ mərkəzləri, rekreasiya parkları, alternativ turizm, regional təbiət parkları və mədəniyyət mərkəzləri kimi göstərilə bilər. Son olaraq sosial xarakterə malik regional inkişaf vasitələri sırasında isə regional innovasiya sistemi, iş/texnoloji mərkəzlər, dövlət-özəl ortaqlığı, ticarət birlikləri, regiondaxili sektor sənaye şəbəkələri, texnoparklar / texnoşəhərlər, iş / firma inqubatorları, iş toxumlama / çəyirdək sərmayə mərkəzləri sayıla bilər.

 4. Regional inkişaf siyasətinin instutsional çərçivəsi

Yuxarıda qeyd etdiklərimizdən də göründüyü kimi regional inkişaf siyasətinin həyata keçirilməsində ən səmərəli və zəruri siyasət aləti kimi regional planlaşdırma göstərilir. Başqa sözlə regional planlaşdırma dünya ölkələrində regionların iqtisadi, sosial və fiziki bütövləşdirilməsi vasitəsidir. Bu planların milli planlarla müqayisədə aşağıdakı əsas üstünlükləri vardır:

·         Regional planlar milli plan və proqramların regionlarda konkretləşdirmə vasitəsidir.

·         Regional planlar yerli informasiyaları milli plan və proqramlara ötürmə vasitəsidir.

·         Regional planlar milli planlardan fərqli olaraq daha çox fiziki mühiti özündə əks etdirir (ekologiya, infrastruktur və.s).

·         Şəhər və rayonların öz planlaşdırma qərarlarını əlaqələndirməsinə imkan verir və.s.

Regional inkişaf planlarının hazırlanması isə çox ciddi elmi texnologiyaların tətbiqini tələb edir. İqtisadi təmələ əsaslanan multiplikator analizi, input-output analizi, müqayisəli xərclər analizi, kompleks regional analiz və regional ekonometrik modellərin qurulması bu qəbildən başlıca texnologiyalar sayılır.

Regional inkişaf siyasəti baxımından mühüm instutsional məsələlərdən biri də regional siyasətlərin, regional inkişaf planlarının hazırlanması və həyata keçirilməsinin effektivliyini təmin edəcək optimal idarəetmə strukturu və mexanizmlərinin qurulmasıdır. Bu baxımdan dünya təcrübəsində iki əsas yanaşmanın ortaya çıxdığını görmək mümkündür:

·         Mərkəzləşdirilmiş idarəetmə yanaşması. Bu yanaşmada regional inkişaf siyasəti dövlətin mərkəzi bir qurumu tərəfindən formalaşdırılır və regional qurumlar da əsasən icraçı qismində çıxış edirlər. Zəif inkişaf etmiş və keçid ölkələrində əsasən bu yanaşma hakimdir.

·         Əks-mərkəzləşdirilmiş idarəetmə yanaşması. Bu yanaşmada isə regional inkişaf siyasətinin ümumi cizgiləri dövlətin mərkəzi bir qurumu tərəfindən formalaşdırılsa da, bunun ayrı-ayrı regionlar üzrə əsas istiqamətləri regional qurumlar tərəfindən müəyyənləşdirilir və həyata keçirilir. ABŞ, Avropa Birliyi və digər inkişaf etmiş ölkələrdə, həmçinin də bir sıra inkişaf etməkdə olan ölkələr bu yanaşma əsas götürülür.

Birinci yanaşmada, idarəetmə strukturu əsasən klassik şəkildə, yəni mərkəzi qurum və regional şöbələri formasındadır. İkinci yanaşmada isə üstünlük daha səmərəli regional qurumların formalaşdırılmasına verilir ki, bunların da hazırda ən geniş yayılmış və nümunəvi forması regional inkişaf agentlikləridir (development agency).

 5. Regional İnkişaf Agentliyi nədir?

Regional İnkişaf Agentlikləri, iqtisadi və ya inzibati rayonlar səviyyəsində qurulan, yerli xalqı sahib olduğu potensialdan istifadə etmələri yönündə təşviq edən, regionda fəaliyyət göstərən müxtəlif statuslu qurumlar arasında kordinasiya yaradaraq resurslardan səmərəli istifadə edilməsini təmin edən, regionun layihələndirmə imkanlarını artıran, tərəfdaşlara yüksək keyfiyyətli xidmət və problemləri həlletmə yolları təqdim edən qurumlardır. Türkiyə Respublikasının “İnkişaf Agentliklərinin Qurulması, Kordinasiyası və Vəzifələri Haqqında Qanun”unun 1-ci maddəsində isə inkişaf agentlikləri, dövlət bölməsi, özəl bölmə və QHT-lər arasındakı əməkdaşlığı inkişaf etdirən, resursların yerində və səmərəli istifadəsini təmin etmək və yerli potensialı hərəkətə gətirmək yolu ilə, milli inkişaf plan və proqramlarında nəzərdə tutulan prinsip və siyasətlərə uyğun şəkildə regional inkişafı sürətləndirən, onun davamlılığnı təmin edən, regionlararası və regiondaxili inkişaf fərqlərini azaltmaq məqsədilə formalaşdırılan qurumlar kimi müəyyənləşdirilmişdir.

 6. Regional İnkişaf Agentliklərinin tarixçəsi

İnkişaf Agentliklərinin məlum olan ilk nümunəsi ABŞ-da 1930-cu ildə qurulan Tennesse Valley Authoritydir (TVA). Sonrakı illərdə, xüsusilə də II Dünya Müharibəsindən sonra regional inkişaf məsələsinin aktuallaşması ilə Avropada d inkişaf agentlikləri qurulmuş və Avropa Birliyinin qəbul etdiyi regional inkişaf siyasətlərinin də təsirilə sayları getdikcə artmışdır.

Regional İnkişaf Agentliklərinin 1940-50-ci illərdə Qərbi Avropanın Avstriya, Belçika, Fransa və İrlandiya kimi ölkələrində qurulan ilk nümunələri regiondaxili iqtisadiyyatı canlandırmaq və davamlı inkişafı təmin etmək məqsədi daşımışdır.

1970-ci illərdə Almaniya, İngiltərə, İtaliya və Niderland, 1980-cı illərdə isə İspaniyada inkişaf agentlikləri yayılmağa başlamışdır.

1990-ci illərdən etibarən isə inkişaf agentlikləri Avropa Birliyinin regionlar arasında inkişaf fərqlərini azaldmaq üçün istifadə etdiyi vasitələrdən birinə çevrilmiş və Orta Avropada da bir sıra agentliklər qurulmuşdur. 1990-cı illər eyni zamanda inkişaf agentliklərinin tarixi baxımından da dönüş dövrü olmuş, əksəri keçid ölkəsi olan Bolqarıstan, Polşa, Slovakiya, Çexiya, Macarıstan, İsveç, Sloveniya, Estoniya, Rumuniya və Portuqaliya kimi ölkələr də inkişaf agentliklərinə sahib olmuşdur.

2006-cı il tarixindən isə inkişaf agentlikləri Türkiyə Respublikasında da qurulmağa başlanmışdır ki, hazırda bunların sayı 26-a çatmışdır.

İnkişaf Agentliklərinin Avropa Birliyi Struktur Fondlarından istifadə etməyə başlamasından sonra isə sayları, fəaliyyət sahələri və yetkinliklərinin sürətlə artdığını görürük. Belə ki, 1991-ci ildə Avropa İnkişaf Agentlikləri Birliyi (EURADA) qurulmuş və hazıra 24 ölkədə 150 üzvü mövcuddur.

Ümumilikdə isə dünyada 500-dən çox inkişaf agentliyi fəaliyyət göstərir.

 7. Dünyadakı Regional İnkişaf Agentliklərinin ümumi cəhətləri

Dünyadakı inkişaf agentliklərinin tədqiqi göstərir ki, bu qurumlar aid olduqları ölkələrdəki hüquqi, inzibati və struktur fərqliliklərin təbii bir nəticəsi olaraq, bir-birindən fərqli hüquqi statuslara malikdir. Həmçinin də bəzi halarda, eyni ölkədə, hətta eyni region daxilində də müxtəlif hüquqi statuslara malik agentliklərin fəaliyyət göstərdiyinə təsadüf etmək mümkündür.

Ümumi bir qiymətləndirmə apardığımız halda, təşkilati-hüquqi statusları baxımından inkişaf agentliklərinin müəyyən bir nazirlik və ya mərkəzi bir quruma bağlılığının daha çox unitar dövlətlərdə təsadüf edildiyini, federal dövlətlərdə isə yerli idarəetmə qurumlarının siyasət formalaşdırma və həyata keçirmə səlahiyyətinə malik olmaları səbəbilə daha çox avtonom və dövlət və ya özəl şirkət statuslu olduqlarını qeyd edə bilərik.

Demək olar ki, əksər ölkələrdə bu qurumlar mənfəət güdməyən hüquqi statuslu qurumlar olmaqla, əsasən aşağıdakı təşkilati formalara malik olurlar:

·         Bələdiyyələrarası agentlik (Belçika) ,

·         Mənfəət güdməyən birliklər (Avstriya, Bolqarıstan, İsveç, Portuqaliya, Macarıstan, Rumuniya),

·         Məhdud məsuliyyətli şirkətlər (Almaniya, Niderland),

·         Dövlət (Almaniya, Belçika, İspniya) və ya özəl (İspaniya, Türkiyə) hüquq qurumları,

·         Dövlət məhdud məsuliyyətli/yarımdövlət şirkətlər( Niderland, İtaliya),

·         Vəqf (Çexiya),

·         Limited şirkət(Avstriya, Belçika, Çexiya, İsveç, İtaliya, Macarıstan, Portuqaliya, Sloveniya),

·         Səhmdar şirkətlər (Çexiya, Portuqaliya),

·         Qeyri-hökumət təşkilatları.

Dünya təcrübəsində əksər ölkələrdə regional inkişaf siyasətlərini və inkişaf agentliklərinin bu siyasətlər çərçivəsində üzərinə düşən rolu təsbit edən bir qanuni tənzimləmə mövcuddur. Bu qurumların əsasən nazirlik səviyyəsində bir təşkilatın məsuliyyətində fəaliyyət göstərdiklərini, buna əlavə olaraq da bəzi ölkələrdə (məs. Polşa, Sloveniya, Portuqaliya, Avstriya, Niderland) nazirliklə agentlik arasındakı kordinasiyanı həyata keçirən aralıq qurumlar formalaşdırdıqlarını görürük.

Regional inkişaf agentliklərinin idarəetmə strukturu da müəyyən bir modelə şəklinə çevrilmişdir. Belə ki, hazırda agentliklərin idarəetmə strukturu Ümumi Yığıncaq, İdarəetmə Şurası, İcra Komitəsi, Təftiş Komitəsi və texniki mütəxəssis kadrlarından ibarətdir.

İnkişaf siyasətlərinin milli səviyyədə müəyyənləşdirilməsi, regional planların milli planlara uyğunluğu zəruriliyi və sektorların milli siyasətlərə uyğun inkişaf etdirilməsinin dəstəklənməsi kimi məsələlər təbii olaraq, İnkişaf Agentliklərinin də dövlət resurslarından istifadə etməsi zərurətini doğurur. Müxtəlif ölkələrin inkişaf agentliklərinin maliyyə təminatı sisteminin təhlili onların əsas gəlir mənbələrini aşağıdakı kimi qruplaşdırmağımıza imkan verir:

·         Dövlət fondları, başqa sözlə yerli və mərkəzi hökumətin birbaşa ayırdığı maliyyə resursları,

·         İnkişaf Agentliklərinin fəaliyyətindən əldə olunan gəlirlər,

·         Özəl sektordan gələn maliyyə resursları,

·         Beynəlxalq fondlar və ya layihələrdən, xüsusilə Avropa İttifaqı proqramlarından gəlirlər.

Avropadakı Regional İnkişaf Agentliklərinin ilk dövrlərdə əsasən infrastruktur və aqrar inkişaf məsələlərilə, soralar isə sənaye fəaliyyətlərini inkişaf etdirməklə məşğuld olduqlarını, son dövrlər də xidmətlər və yüksək texnologiyaların dəstəklənməsinə meyl etdiklərini qeyd etmək mümkündür.

Avropa Regional İnkişaf Agentliklərinin 80%-i iqtisadi və sektorlar üzrə tədqiqatlar apardığı və bu tədqiqatlar əsasında da regional inkişaf planları hazırladıqlarını görürük. Bununla yanaşı, sənaye və texnologiya parkları ilə bağlı hər cür infrastrukturun hazırlanması ilə bağlı fəaliyyətlər də bu qurumların təxminən 50%-də həyata keçirilir.

Ümumiyyətlə, müxtəlif ölkələrdə fəaliyyət göstərən inkişaf agentliklərinin tədqiqi, bu qurumların əsas fəaliyyət məqsədlərini 4 qrupa ayırmağa imkan verir :

·         Regionun sosial-iqtisadi inkişafını təmin etmək,

·         İnkişafa istiqamətlənmiş strategiyalar müəyyənləşdirmək və bununla bağlı fəaliyyət göstərən qurumlara dəstək vermək,

·         Milli və beynəlxalq investisiyaları regiona cəlb etmək,

·         Əməkdaşlığı inkişaf etdirmək.

Eyni zamanda reginal inkişaf agentliklərinin fəaliyyət istiqamətlərini də aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür:

·         Regiondaxili inkişaf,

·         Xarici investisiyaların cəlbi,

·         Sahibkarlığa verilən xidmətlər,

·         Lokal və regional səlahiyyətli qurumlara verilən xidmətlər,

·         Təhsil xidmətləri,

·         Beynəlxalq fəaliyyətlər.

Regional İnkişaf Agentlikləri marketinq fəaliyyətlərinə də xüsusi əhəmiyyət verirlər. Belə ki, geniş əhatəli bazar və sektor tədqiqatları apardıqları, web səhifələr, nəşr edilmiş kataloq və büroşuralarla, müxtəlif sərgilərdə iştirakla regionun xüsusiyyətlərini və imkanlarını, həm də agentlik fəaliyyətlərini milli və beynəlxalq səviyyədə təbliğ etdiklərini görürük. Bundan başqa region firmaları arasındakı əməkdaşlıq və ortaqlıqları inkişaf etdirmək məqsədilə qurulan rabitə şəbəkələri də, bu istiqamətdə geniş istifadə edilir.

 8. Türkiyədə Regional İnkişaf siyasəti və Regional İnkişaf Agentliklərinin qurulması

Türkiyənin regional inkişaf siyasəti üç əsas dövrə ayrılaraq təhlil edilə bilər:

·         I Dövr: 1923-1960-cı illər arasında planlı dövrə qədərki regional inkişaf siyasəti,

·         II Dövr: 1960-2002-ci illər arasında planlı dövr regional inkişaf siyasəti,

·         III Dövr: 2002-ci ildən Avropa Birliyinə inteqrasiya prosesindən irəli gələn regional inkişaf siyasəti.

I Dövr regional inkişaf siyasətində 1923-1950-ci illər arası devletçilik axınının təsiri olduğu halda, 1950-1960-cı illər arası dövr daha liberal yanaşmanı əhatə özündə birləşdirmişdir.

II Dövr regional inkişaf siyasəti isə 1960-cı ildə Dövlət Planlama Təşkilatının (DPT) qurulması ilə başlamışdır. DPT 1963-2006-cı illər arasında hazırladığı səkkiz beş illik inkişaf planları ilə ölkədə regional inkişaf siyasətini formalaşdırmışdır. 2007-2013-cü illər üçün hazırladığı dokkuzuncu inkişaf planı isə yeddi illik olmaqla, digərlərindən fərqlənir.

Planlı dövr regional inkişaf siyasətinin əsas vasitələrini İnteqral Regional İnkişaf Layihələri, Ucqar bölgələrin İnkişaf Layihələri, İnkişafda Prioritet Regionlar Siyasəti(KÖY), Sənaye İnfrasturktur Layihələri və İnzibati Bölgə İnkişaf Planları (İGP) təşkil etmişdir.

III Dövr regional inkişaf siyasəti isə 2002-ci ildən Nazirlər Kabinetinin qərarı ilə Satistik Region Vahidləri Təsnifatının (IBBS-NUTS 2) qüvvəyə minməsilə başlamışdır.

III Dövr regional inkişaf siyasətinə qədər Türkiyədə həyata keçirilən regional inkişaf siyasətlərini təhlil etdikdə yuxarıdan aşağı və ya ümumidən regiona doğru bir yanaşma əsas götürülmüşdür. Sonradan bunun effektli olmadığı anlaşılımış və aşağıdan yuxarıya və ya regiondan ümumiyə doğru bir yanaşmaya ehtiyac yaranmışdır. Beləliklə, Türkiyə, milli planlarla uyğunluq təşkil etmək şərtilə, regional plan və strategiyaların o regionun ehtiyac və problemlərinə fokslanmış bir şəkildə o region tərəfindən hazırlanması yolunu seçmişdir. Bu yolda atılan ən mühüm addım isə 2006-cı ildə Regional İnkişaf Agentliklərinin qurulması qərarının verilməsidir. Belə ki, 2006-cı ildə 5449 saylı “İnkişaf Agentliklərinin Təsisi, Kordinasiyası və Vəzifələri Haqqında Qanun” qəbul edilmiş və həmin il ilkin olaraq, İzmir və Çukurova İnkişaf Agentliklərinin qurulması ilə bağlı Nazirlər Kabineti qərarı verilmişdir.

Hazırda sayları 26-a çatmış İnkişaf Agentliklərinin sonrakı illərdə qanunvericilik bazası da möhkəmləndirilmişdir. Belə ki, “İnkişaf Agentliklərinin Fəaliyyət Üsul və Əsasları Haqqında Əsasnamə”, “İnkişaf Agentlikləri Personal Əsasnaməsi”, “İnkişaf Agentlikləri Büdcə və Muhasibat Əsasnaməsi”, “İnkişaf Agentlikləri Layihə və Fəaliyyət Dəstəkləmə Əsasnaməsi” və “İnkişaf Agentlikləri Təftiş Əsasnaməsi” də qüvvəyə minmişdir.

 9. Türkiyədə Regional İnkişaf Agentliklərinin funksiyaları

Türkiyədə Regional İnkişaf Agentlikləri qurulduğu regionun qloballaşma və artan rəqabət şəraitinə uyğunlaşdırılmasını asanlaşdırmaq, regionun problemlərini o bölgənin dinamik imkanlarından ən səmərəli formada istifadə edilərək həll edilməsini əsas hədəf kimi seçmişdir.

Mövcud qanunvericilik və fəaliyyət göstərən inkişaf agentliklərinin təhlili, Türkiyədəki Regional İnkişaf Agentliklərinin aşağıdakı funksiyaları daşıdığını göstərir:

·         Regional strategiyaların müəyyənləşdirilməsi və hazırlanmasına dəstək vermək,

·         Sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsini təmin etmək,

·         Regiona investisiya cəlb etmək məqsədilə, icazə və lisenziya əməliyyatlarının bir pəncərədən təmini və investisiyaları təşviq etmək,

·         Regiondakı dövlət, özəl bölmə və QHT-lərin harmonik bir şəkildə fəaliyyət göstərməsinə kömək etmək,

·         Ucqar bölgələrin inkişafı fəaliyyətlərinə dəstək vermək,

·         Regionun layihələndirmə və onları inkişaf etdimə potensialını artırmaq,

·         Region haqqında araşdırmalar aparmaq, sifarişli araşdırmalar həyata keçirtmək və informasiya bazası formalaşdırmaq,

·         Avropa Birliyi fondlarından daha səmərəli istifadə edilməsi üçün vasitəçilik və kordinasiya xidməti göstərmək,

·         Layihə təklifləri qəbul etmək, onları qimətləndirmək və nəzarət etmək,

·         Regionun biznes və investisiya imkanlarının, əlaqəli qurumlarla əməkdaşlıq çərçivəsində milli və beynəlxalq səviyyədə təbliğini həyata keçirmək,

·         Türkiyənin qoşulduğu ikitərəfli və çoxtərəfli beynəlxalq proqramlarla bağlı fəaliyyətlərin regionda təbliğini təşkil etmək və bu proqramlar çərçivəsində layihələr formalaşdırılmasına kömək etmək.

Göründüyü kimi bu agentliklər, icraçı olmaqdan daha çox dəstək verici və kordinə edici rola malikdir.

 10. Türkiyədə Regional İnkişaf Agentliklərinin struktur xüsusiyyətləri

Türkiyədə Regional İnkişaf Agentlikləri dövlət qurumu olmamaqla yanaşı, Dövlət Planlama Təşkilatının kordinatorluğu çərçivəsində fəaliyyət göstərir və mülki hüquq normalarına bağlıdır. Bunda əsas məqsəd, Agentliklərin dövlətdə müşahidə edilən qatı bürokratizmdən kənarda, özəl sektor məntiqilə çalışan, dinamik, çevik, kordinasiya edici, iştirakçı, dəstəkləyici bir struktura malik olmalarını təmin etməkdir. Bununla yanaşı, Regional İnkişaf Agentlikləri yerindən idarəetmə prinsipini mənimsəmiş, təkcə iqtisadi inkişafa fokslanmış deyil, eyni zamanda sosial inkişafı da təmin edəcək bir vizyonu özündə birləşdirmişdir.

Bütün bu hədəfləri reallaşdırmağa imkan verəcək təşkilatı struktur isə aşağıdakı orqanlardan ibarət olmaqla, formalaşdırılmışdır:

·         İnkişaf Şurası (Kalkınma Kurulu). Özəl sektor, QHT-lar, dövlət qurumları, bələdiyyələr və universitetlərdən formalaşan bu orqan agentliklərin bir növ məsləhətləşmə orqanıdır. Regional inkişaf hədəfinə uyğun olaraq, özündə birləşdirdiyi qurumlar arasında əməkdaşlığı inkişaf etdirmək və agentliyi yönləndirmək funksiyası daşıyır. 100 üzvdən çox olmayan Şuranın böyük bir hissəsini qeyri-dövlət qurumları təşkil edir (Məs. Çukurova İnkişaf Agentliyində 40%-i, İzmir İnkişaf Agentliyində isə 30%-i dövlət nümayəndələridir). İnkişaf Şurası regionun problemlərini və imkanlarını qiymətləndirərək, Agentliyin İdaretmə Şurasına tövsiyələr edir, İdarəetmə Şurası üzvlərini seçir və Agentliyin illik fəaliyyət və daxili auditor hesabatlarını müzakirə edərək İdarəetmə Şurasına tövsiyələr verir.

·         İdarəetmə Şurası (Yönetim Kurulu). İdarəetmə Şurası Agentliyin qərarverici orqanıdır. İdarəetmə Şurası Agentliyin bir inzibati ərazi vahidini əhatə etdiyi halda, vali, mərkəzi şəhər bələdiyyə sədri, inzibati ərazi vahidi ümumi məclisi sədri, sənaye palatası sədri, ticarət palatası sədri ilə İnkişaf Şurası tərəfindən seçilən 3 xüsusi bölmə və QHT təmsilçisindən təşkil olunur.  Agentliyin birdən çox inzibati ərazi vahidini əhatə etdiyi halda isə, valilər, mərkəzi şəhərlər bələdiyyə sədrləri, inzibati ərazi vahidləri məclis sədrləri və hər ildən bir nəfər olmaqla ticarət və sənaye palatası sədrlərindən formalaşır. İdarəetmə Şurası Agentliyin illik fəaliyyət proqramını qəbul edib DPT-a təsdiq üçün göndərir; illik maliyyə hesabatı və dəqiqləşən büdcə nəticələrini təsdiq edir; daşınan və daşınmaz mal alınması, satılması və icarəyə götürülməsi və xidmətlərdən istifadə edilməsinə qərar verir; illik fəaliyyət hesabatını DPT-ə göndərir; Agentlik büdcəsini təsdiq edir və DPT-ə göndərir; Baş katiblik tərəfindən təqdim edilən proqram, layihə və fəaliyyətlərin dəstəklənməsilə bağlı təkliflərlə fərd və qurumlara ediləcək yardımları təsdiq edir; personalın işə qəbulu və işdən çıxarılmasına qərar verir; Agentliyə veriləcək ianə və yardımları qəbul edir; Baş katib(icraçı direktor) tərəfindən müəyyənləşdirilən strukturlar və onlar arasındakı əmək bölgüsünü təsdiq edir; Baş katibi müəyyən edir və DPT-nin təsdiqinə təqdim edir; satınalmalarla bağlı baş katibin səlahiyyət həddlərini müəyyən edir; zəruri gördüyü hallarda səlahiyyətlərinin bir hissəsini, həddlərini konkret müəyyənləşdirmək şərtilə baş katibə ötürür.

·         Baş katiblik (Genel Sekreterlik). Agentliyin icra oqranıdır. Baş katib tərəfindən idarə edilir. Həmçinin Agenliyin digər bir orqanı olan İnvestisiya Dəstək Ofisiləri də Baş katibə tabedir. Baş katib isə İdarəetmə Şurası qarşısında məsuliyyət daşıyır. Baş katiblik Baş katib, texniki və yardımçı personaldan ibarətdir. Baş katiblik agentliyin bütün icra fəaliyyətlərini həyata keçirir və bütün milli, regional və beynəlxalq əməkdaşlıq münasibətlərində agentliyi təmsil edir.

·         İnvestisiya Dəstək Ofisi(Yatırım Destek Ofisi). Bu orqanlar, regionda özəl bölmə investorlarının dövlət qurumları ilə bağlı bütün icazə və lisenziya əməliyyatları, həmçinin digər inzibati əməliyyatlarını sürətli bir şəkildə həyata keçirmək üçün, həmin əməliyyatları İdarəetmə Şurası adından vahid pəncərədən təqib və kordinasiya etmək və investisiyaları müşahidə etmək məqsədilə qurulmuşdur. İdarəetmə Şurası qərarı ilə biri kordinator olmaqla, ən çox beş mütəxəssisdən təşkil olunurlar və investorlara göstərdikləri bütün xidmətlər pulsuzdur. Bir Agentliyin tərkibində regionun müxtəlif yerlərində fəaliyyət göstərən bir neçə İnvestisiya Dəstək Ofisi fəaliyyət göstərə bilər.

 11. Türkiyədə Regional İnkişaf Agentliklərinin maliyyə təminatı       

Türkiyədə Regional İnkişaf Agentliklərinin maliyyə təminatına nəzər yetirdikdə büdcələrinin böyük bir hissəsini dövlətdən gəldiyini görürük. Ümumilikdə Agentliklərin gəlir mənbələri aşağıdakılardır:

·         Dövlət büdcəsi vergi gəlirlərindən ayrılan pay,

·         İnzibati ərazi vahidi özəl idarələrindən ayrılan pay,

·         Bələdiyyələrdən ayrılan pay,

·         Sənaye və ticarət palatalarından ayrılan pay,

·         Avropa İttifaqı və digər beynəlxalq fondlardan təmin ediləcək gəlirlər,

·         Milli və beynəlxalq qurumlar tərəfindən yardım və ianələr,

·         Fəaliyyətdən gələn gəlirlər,

·         Keçən il agentlik büdcəsindən  xərclənməyən gəlirlər.

Hazırda Türkiyədə Regional İnkişaf Agentliklərinin Avropa İttifaqında akreditasiyası tamamlanmadığından bu qurumun fondlarından istifadəsi mümkün deyildir. Fəaliyyətindən əldə edilən gəlirlərə gəldikdə isə, bunun kiçik və orta sahibkarlığa, regional idarəetmə qurumlarına göstərdikləri müşavirlik xidmətləri, təhsil xidmətləri və nəşrlərdən əldə edilən gəlirlər aid edilir.

 12. Azərbaycanda regional inkişaf siyasəti və İnkişaf Agentliklərindən istifadə imkanları

XX əsrin sonlarına doğru müəyyən bir sabitliyə qovuşan Azərbaycan iqtisadiyyatı, artıq XXI əsrin ilk illərindən başlayaraq əldə etdiyi və edəcəyi neft gəlirlərindən və əsasən bu sektorla bağlı ölkəyə cəlb olunmuş xarici kapitaldan səmərəli istifadə edərək bu əsrdə yeni, stabil və tarazlı bir inkişafa qovuşmaq və bununla da bir sıra sosial-iqtisadi, ekoloji və hərbi-siyasi problemlərini həll etmək cəhdləri göstərir və göstərməlidir.

Bu çərçivədə Azərbaycan hökuməti tərəfindən son zamanlar həyata keçirilməyə başlanan tədbirlər, xüsusilə də bu sahədə qəbul olunmuş normativ-hüquqi və proqram xarakterli sənədlər bunu deməyə əsas verir ki, növbəti illər ərzində də iqtisadi siyasətin əsas prioritet istiqamətləri arasında regionlararası tarazlı inkişafa nail olmaq və ölkə səviyyəsində yoxsulluğun əsaslı şəkildə azaldılmasına çalışmaq mühüm yer tutacaqdır.

Hazırda Azərbaycanda regional inkişafla bağlı artıq ikinci 4 illik proqramın icra edildiyini görürük. Həyata keçirilən bu proqramların nəticəsində regional inkişafdakı əvvəlki kəskin disbalansın müəyyən bir səviyyədə zəiflədiyini də etiraf etmək mümkündür.

Lakin onu da qeyd etməliyik ki, Azərbaycandakı mövcud regional inkişaf siyasətində hələ də dünya üzrə yalnız 1960-cı illərin sonlarına qədər regional inkişaf siyasətlərində əsas götürülən yanaşmanın daha güclü olması müşahidə olunur. Ancaq, artıq dünyada dövlətlər regional inkişaf məsələlərində maliyyə yardımları, müxtəlif dövlət müəssisələrinin tikilməsi və.s kimi birbaşa metodlardan daha çox dolayı, mühityaradıcı metodlara üstünlük verirlər.

Eyni zamanda regional inkişaf siyasətində bu köhnə yanaşmanın davam etdirilməsi, həyata keçirilən siyasətdə regionların daha aktiv iştirak etməsi, regional reallıqların daha ətraflı nəzərə alınması, investisiya qoyuluşlarında düzgün ardıcıllığın gözlənilməsi və bir-birini tamamlaması, həmçinin də siyasətin həyata keçirilməsinin effektiv idarəetmə mexanizminin qurulması kimi prinsiplərin reallaşdırılmasını çətinləşdirir.

Hesab edirik ki, Azərbaycanın regional inkişaf siyasətində bütün bu çatışmazlıqların aradan qaldırılması üçün bu sahədə instutsional mexanizmlərin inkişaf etdirilməsi zəruridir ki, bunların da başında Regional İnkişaf Agentlikləri təcrübəsindən istifadə dayanır. Çünki hazırda, Azərbaycanın regional inkişaf proqramı icraçılarının kifayət qədər qarışıq bir struktura malik olduğunu və bu sahədə yerli subyektlərin demək olar ki, passiv qaldığını müşahidə etmək mümkündür. Ancaq ölkədə Regional İnkişaf Agentliklərinin yaradılması, regional inkişafla bağlı həyata keçirilən tədbirlərdə dövlət, bələdiyyə, özəl bölmə və yerli qeyri-hökumət təşkilatlarının birgə və effektiv iştirakını təmin etməyə imkan verəcəkdir.