Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti akademik Akif Əlizadənin rəhbərliyi ilə AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayevin 70 illik yubileyi ilə əlaqədar xüsusi qərar qəbul etmişdir. Həmin qərara görə, A.Musayev Fəxri Fərmanla təltif edilmiş və onun yubileyinə həsr olunmuş elmi konfransın keçirilməsi planlaşdırılmışdır.
18 iyul 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayevin anadan olmasının 70, elmi- ictimai və pedaqoji fəaliyyətinin isə 50 ilinin tamam olması faktı nəzərə alınaraq onun çoxtərəfli elmi-pedaqoji yaradıcılığının, ictimai-inzibati fəaliyyətinin elmi-analitik təhlili ölkədə həyata keçirilən postneft dövrünün iqtisadi siyasəti və islahatları baxımından həm aktualdır, həm də mühüm elmi-texniki və iqtisadi əhəmiyyətə malikdir.
Formalaşma mərhələləri. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirən A.Musayev hələ 1967-ci ildən Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunun “İqtisadi-riyazi modellər” laboratoriyasında işləməyə başlamışdır. 1972-1975-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. Sonra isə A.Musayev 1976-1980-ci illərdə  təkrarən Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda əvvəlcə kiçik elmi işçi, sonra isə baş elmi işçi vəzifələrində elmi fəaliyyətlə məşğul olmuşdur.
1977-ci ildə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun ixtisaslaşmış elmi şurasında “İqtisadi-riyazi üsullar” ixtisası üzrə “Avtomobil nəqliyyatında növbəli gündəlik tapşırıqların effektliliyinin operativ planlaşdırma üsulları ilə yaxşılaşdırılması” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi  alimlik dərəcəsi almışdır.
1980-1984-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun “Tətbiqi riyaziyyat” kafedrasında baş müəllim, 1984-1991-ci illərdə dosent vəzifələrində çalışmış və həm o dövr üçün, həm də indi çox vacib sayılan “İqtisadiyyatda riyazi üsul və modellər”, “Riyazi proqramlaşdırma”, “Ekonometriya” fənlərinin tədris-metodiki təminatının yaradılması və tədrisi ilə məşğul olmuş, tələbələrə mühazirələr oxumuşdur.
1991-1999-cu illərdə A.Musayev Azərbaycan Dövlət Neft Akademiyasının “Sənayenin iqtisadiyyatı” fakültəsi nəzdində “Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment” kafedrasına rəhbərlik etməklə yanaşı, müxtəlif iqtisadi fənlər üzrə mühazirələr oxumuş, seminarlar təşkil etmiş, elmi-tədqiqat işləri yerinə yetirmişdir.
A.Musayev 1992-ci ildə Tbilisi Dövlət Universitetinin ixtisaslaşmış elmi şurasında 05.00.08 - “Xalq təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili” ixtisası üzrə “Yeni təsərrüfatçılıq şəraitində neft maşınqayırma sənayesinin inkişafının idarə edilməsinin iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır.
O, 1993-cü ildən professor, 30 iyun 2001-ci il tarixdən isə iqtisadiyyat elmləri üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.
Professor Akif Musayev 1999-cu ildən başlayaraq respublikanın vergi sistemində çox məsul rəhbər işdə ictimai-inzibati fəaliyyətlə yanaşı, elmi-pedaqoji fəaliyyətinidə uğurla davam etdirmişdir.
2007-2011-ci illərdə prof. A.Musa­yev Azərbaycan Universitetinin rektoru kimi çox böyük təşkilati elmi işlər həyata keçirmişdir. 2002-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində onun təşəbbüsü ilə yaradılmış “Vergi və vergiqoyma” kafedrasına rəhbərlik etmiş və həmin sahədə ixtisaslı kadrların hazırlığının əsasını qoymuşdur.
AMEA-nın müxbir üzvü, professor A.Musayev Rusiyada, ABŞ-da, İranda, Almaniyada, Türkiyədə, Macarıstanda, Fransada, Latviyada, İtaliyada və bir çox digər ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda ölkəmizi, elm və təhsilimizi yüksək peşəkarlıqla təmsil etmişdir.
A.Musayev harada işləməsindən asılı olmayaraq 1993-cü ildən professor, 2001-ci ildən isə AMEA-nın müxbir üzvü kimi bu günə qədər AMEA-da fəaliyyət göstərir. AMEA Kibernetika İnstitutunda 2001-ci ildə təşkil edilmiş “Fiskal siyasətin iqtisadi-riyazi modelləşdirilməsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik etməklə Azərbaycan vergi sisteminin elmi bazasının yaradılması, AMEA-nın, o cümlədən İdarəetmə Sistemləri İnstitutunun Azərbaycan Respublikası iqtisadiyyatının aktual problemlərinin həll edilməsinə cəlb edilməsi sahəsində çox səmərəli iş aparmışdır.
2017-ci ildən başlayaraq AMEA Rəyasət Heyətinin qərarı ilə şöbə rəhbəri kimi fəaliyyətini AMEA İqtisadiyyat İnstitutunda davam etdirən professor A.Musayev iqtisadi tədqiqatları ilə yanaşı, iqtisadi proses və tədqiqatların proqram və riyazi təminatı sahəsində müvafiq elmi-tədqiqat işlərini uğurla davam etdirməkdədir.
Professor Akif Musayevin elmi fəaliyyəti. AMEA-nın müxbir üzvü, professor A.Musayev ümumilikdə 500-dən çox elmi əsərin, o cümlədən 10 monoqrafiyanın, 25 dərslik və dərs vəsaitinin, 12 fənn proqramının, 150 elmi məqalənin, 300-dən çox broşura, metodik göstəriş, elmi-populyar məqalənin, məruzənin və s. müəllifidir. Əsərləri xarici ölkələrdə, o cümlədən Almaniyada, Rusiyada, İranda, Macarıstanda, İtaliyada, Latviyada, ABŞ-da və digər ölkələrdə çap olunmuş, bir çox beynəlxalq konfrans və simpoziumlarda dinlənilmişdir.
Professor A.F.Musayevin elmi-tədqiqat işləri əsasən üç sahənin texniki-iqtisadi problemlərinin həllini əhatə edir.
Akif Musayevin Elmi Fəaliyyətinin birinci istiqaməti onun Kibernetika İnstitutunda ilkin elmi fəaliyyəti və Moskvada aspirantlıq dövrü ilə əlaqədardır. O, 1967-ci ildə Azərbaycan Respublikası EA-nın Kibernetika İnstitutunda işə başladığı dövrdən iqtisadiyyatın müxtəlif sahələrinə aid aparılan elmi tədqiqatlarda iştirak etmişdir.
O, ilk illərdən başlayaraq avtonəqliyyat vasitələrilə tikinti materiallarının daşınmasının optimal planının qurulması problemi ilə məşğul olmuşdur.
A.Musayevin namizədlik dissertasiyasında heç vaxt aktuallığını itirməyən və böyük iqtisadi əhəmiyyətə malik olan yükdaşıma şəraitində normativ iş günündən və avtomobil nəqliyyatı vasitələrindən səmərəli istifadə olunması üçün ciddi riyazi əsaslandırmalarla operativ planlaşdırma mexanizmi təklif edilmişdir.
A.Musayevin elmi fəaliyyətinin birinci istiqamətində tədqiq etdiyi sahələr həmçinin Azərbaycan iqtisadiyyatının hesabat, plan və icmal balansının tərtibi və həllini əhatə etmişdir.
Akif Musayevin elmi tədqiqat fəaliyyətinin ikinci istiqaməti neft maşınqayırması və neft-qaz sənayesinin mərkəzləşmiş planlaşdırma və müstəqil ticarətin mövcudluğu şəraitində ölkənin iqtisadiyyatının yanacaq-enerji resurslarına çoxşaxəli daxili və xarici tələbatının ödənilməsi zəruriliyi, neft-qaz sənayesinin neft maşınqayırma avadanlıqlarına tələbatının maksimal ödənilməsi vacibliyi, iqtisadi və təsərrüfat əlaqələrinin kəsildiyi və bu kompleksin əsas elementlərinin müxtəlif müstəqil dövlətlərin ərazisində qaldığı və yanacaq-enerji kompleksinin beynəlxalq sistemə inteqrasiyası imkanlarının məhdudluğu şəraitində Azərbaycan Respublikasının maşınqayırma sənayesinin əsasını təşkil edən neft maşınqayırmasının inkişafının idarə edilməsinin, neft-qaz sənayesi ilə qarşılıqlı əlaqələrinin iqtisadi problemlərinin elmi həlli sahəsində apardığı elmi tədqiqatları əhatə edir. Professor A.F.Musayev tərəfindən Azərbaycan Respublikası neft maşınqayırma sənayesinin bazar iqtisadiyyatının formalaşması mərhələsində fəaliyyətinin yaxşılaşdırılması “Azneftmaş” Elm-İstehsalat Birliyinə daxil olan iri, orta və kiçik zavodlarda dövlət səhmdar və özəl mülkiyyət formalarının bazar iqtisadiyyatı prinsipləri ilə uyğunlaşdırılması üçün kompleks metodika işlənib hazırlanmışdır.
Akif Musayevin Elmi Fəaliyyətinin üçüncü istiqamətinin formalaşma mərhələsi hələ 1990-cı illərdən başlamışdır. Qeyd etmək lazımdır ki, məhz bu istiqamətdəki tədqiqatlarla Azərbaycanda vergilərin iqtisadi problemlərinin elmi-tədqiqi istiqamətinin əsası qoyulmuşdur. Həmin dövrdən başlayaraq o, Azərbaycan Respublikasında fiskal siyasət sahəsində aparılan elmi-tədqiqat işlərinin təşkilatçısı və rəhbəri olmuşdur.
Alınmış elmi-tədqiqat nəticələri müntəzəm olaraq müvafiq rəsmi qaydada əlaqədar idarəetmə orqanlarına təqdim olunmuş və qeyd olunmuş sahələrdə aparılan islahatlarda öz əksini tapmışdır. Eyni zamanda, yuxarıda qeyd olunan araşdırmaların nəticələri vergi sistemində istifadə olunan “Strateji araşdırmalar” moduluna daxil edilib və təyinatı üzrə istifadə olunur.
Elmi-pedaqoji fəaliyyəti. A.Musayev 1977-ci ildən başlayaraq Azərbaycan Dövlət Neft Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Universiteti və bir çox digər özəl universitetlərdə mahir pedaqoq kimi həmişə tələbə və aspirantlara ən müxtəlif aktual fənlər və mövzular üzrə mühazirələr oxumuşdur. Eyni zamanda, o, həm də təhsil təşkilatçısı və təhsil sahəsində ekspert, komissiya üzvü kimi uğurlu fəaliyyət göstərmişdir.
Xatırlatmaq lazımdır ki, A.Musayev Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24 sentyabr 1994-cü il tarixli 212 saylı fərmanı ilə yaradılmış və 11 aprel 1998-ci ilə qədər fəaliyyət göstərmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının üzvü kimi Azərbaycan Respublikasında özəl təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və dövlət qeydiyyatı mexanizminin yaradılması və həyata keçirilməsi ilə bağlı işlərin təşkilində yaxından iştirak etmişdir. Həmin müddətdə Dövlət Ali Ekspert Komissiyası tərəfindən 100-dən çox ali və orta özəl təhsil müəssisəsi heç bir sosial gərginliyə yol verilmədən ekspertizadan keçirilmiş və onlardan yalnız 13-nün fəaliyyətinə icazə verilmiş, yerdə qalanların fəaliyyətinin dayandırılması haqqında qərar çıxarılmışdır. Bununla da özəl təhsil sahəsində yaranmış böhranlı vəziyyətin nizamlanması təmin edilmişdir.
Həmin illərdə Akif müəllim müstəqil Azərbaycan dövlətində təhsilin, xüsusilə də özəl təhsilin təşkili və inkişafı sahəsində dövlət komissiyalarının üzvü olaraq, təhsilin, elmin inkişafının təmin edilməsi üçün normativ-hüquqi bazanın yaradılması, inkişaf proqramlarının hazırlanması üzrə işçi qrupların tərkibində çox səmərəli işlər görmüşdür.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 15 iyun 1999-cu il 168 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı”nın hazırlanmasında professor A.Musayevin fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin islahat proqramı islahatların üç mərhələdə, o cümlədən birinci hazırlıq mərhələsində (1999-cu il), qısamüddətli perspektivi əhatə edən ikinci mərhələdə (2000-2003-cü illər) və üçüncü mərhələdə (2004-cü ildən sonrakı dövrə) aparılmasını nəzərdə tuturdu. İslahat proqramında Azərbaycan Respublikası vətəndaşlarının konstitusiyada müəyyən olunmuş təhsil almaq hüququnu təmin edən, bazar iqtisadiyyatının tələblərinə uyğun yeni təhsil sisteminin normativ-hüquqi, iqtisadi və informasiya bazasını yaratmaq üçün təşkilati işlərin aparılması, eləcə də onun infrastrukturu və kommunikasiya sisteminin müəyyən edilməsi, təhsil sahəsinin sosial iqtisadi stabilliyini təmin edən təxirəsalınmaz problemlərin həll olunması və geniş miqyaslı işlərin aparılması üçün təşkilati-hüquqi, kadr, maliyyə, maddi-texniki təminatını və yeni idarəetmə modelinin yaradılması və təhsilin perspektiv dövrdə (30 il və daha uzun müddətdə) inkişafının təmin edilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycanın vergi sistemi, bələdiyyələrin vergi xidməti və biznes strukturları üçün yüksəkixtisaslı mütəxəssis kadrların hazırlanması məqsədilə Vergilər Nazirliyinin təşəbbüsü, Təhsil Nazirliyinin vəsatəti ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 yanvar 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı”na 30 iyun 2001-ci il tarixli 4 saylı qərarına əsasən dəyişiklik edilərək, bakalavr pilləsi üçün “Vergilər və vergitutma” və “Vergi işinin təşkili və idarə edilməsi”, magistr təhsil pilləsi üçün müvafiq ixtisaslar daxil edilmişdir.
Paralel olaraq həmin ildə respublikanın təhsil sistemində ilk dəfə Azərbaycan Dövlət İqtisad Universitetində “Vergi və vergiqoyma” kafedrası yaradılmış və professor A.Musayev onun rəhbəri seçilmişdir. Kafedranın “Vergilər və vergitutma” ixtisası üzrə 2003-cü ildə ilk buraxılışı olmuşdur. 2004-2005-ci tədris ilindən “Vergi işinin təşkili və idarə edilməsi” ixtisası üzrə tələbə qəbulu həyata keçirilir.
AMEA-nın müxbir üzvü A.Musayev ADİU-nun, Bakı Dövlət Universitetinin, AMEA-nın Kibernetika İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun nəzdində fəaliyyət göstərən ixtisaslaşmış elmi şuraların, eləcə də son dövrlərdə AAK Rəyasət Heyətinin üzvü kimi, həmçinin “İqtisadiyyat” üzrə Respublika koordinasiya şurasının rəhbəri kimi, elmi-tədqiqat işlərinin ekspertizasında yaxından iştirak etməklə gənc alimlərin dissertasiya işlərinin müdafiələrində həmişə özünün prinsipial mövqeyi, obyektlivliyi və qayğıkeşliyi ilə seçilmişdir. İndiyə qədər onlarla namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmiş və gənc alimlərin həyata vəsiqə almasına xeyir-dua vermişdir.
Professor A.Musayev yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da səmərəli fəaliyyət göstərir. Onun rəhbərliyi altında 35 nəfər, o cümlədən 4 nəfər xarici vətəndaş (İran İslam Respublikası, Türkiyə və Efiopiya) iqtisadiyyat üzrə fəlsəfə doktoru, 5 nəfər iqtisadiyyat üzrə elmlər doktoru dissertasiya müdafiə etmişdir. Hazırda bir neçə nəfərin doktorluq işinin elmi-məsləhətçisi və ya elmi rəhbəridir. AMEA-nın müxbir üzvü, professor A.Musayev Dövlət Ali Ekspert Komissiyasının üzvü, təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının işçi qrupunun, Təhsil Nazirliyinin Lisenziya Komissiyasının, Milli Məclisin Elm-Təhsil məsələləri Daimi Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü kimi təhsil sisteminin formalaşmasında, onun normativ-hüquqi bazasının yaradılmasında çox böyük işlər görmüşdür. Onun Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının “İqtisadiyyat” bölməsinin rəhbəri kimi təhsil sisteminin tədris-metodiki təminatının yaradılması, dərslik, dərs vəsaiti, proqram və s.-lərin ekspertizası, qiymətləndirilməsi və Təhsil Nazirliyinin qrifinin verilməsi sahəsindəki fəaliyyəti xüsusilə təqdirəlayiqdir.
Elmi-ictimai-inzibati fəaliyyəti. Akif Musayev uzun müddət inzibati fəaliyyətlə məşğul olsa da, elmi fəaliyyətdən kənarda qalmamış və inzibati fəaliyyətinin elmi əsaslarını tədqiq etmişdir. Azərbaycanın vergi sistemində dövlət qulluğunda çalışdığı uzunmüddətli dövrdə A.Musayev bu sahədə beynəlxalq standartlara cavab verən normativ-hüquqi bazanın yaradılmasının, vergi ödəyicilərinə xidmət işinin təşkilinin fəal iştirakçısı olmuş, vergi orqanları əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsində, bu sahə üçün gənc kadrların yetişdirilməsində çox səmərəli fəaliyyət göstərmişdir. Onun təşəbbüsü və müəllifliyi ilə vergilər mövzusunda nəşr olunmuş onlarca elmi-metodiki və kütləvi vəsaitlər, dərsliklər, kitablar, yüzlərcə elmi-populyar məqalə-müsahibələr mühüm praktik əhəmiyyətinə görə Azərbaycanda vergi mədəniyyətinin formalaşmasına sanballı töhfə kimi qiymətləndirilməlidir.
Professor A.Musayev Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyasının, Azərbaycan Respublikası hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Sazişin icraçı komissiyasının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə yaradılmış Ümumdünya ticarət təşkilatına (ÜTT) üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın üzvü olmuşdur. O, “Vergilər” qəzetinin, “Azərbaycanın Vergi Xəbərləri”, Azərbaycan Respublikası Auditorlar Palatasının “İqtisadiyyat və audit”, Bakı Biznes Universitetinin “Audit”, “Türk Bilimi”, “Türk Dünyası Riyaziyyatçılar İttifaqının” elmi jurnallarının redaksiya heyətinin üzvü kimi iqtisadiyyat elmi sahəsində aparılan elmi-tədqiqat işlərinin ictimaiyyətə çatdırılması, iqtisadi biliklərin populyarlaşdırılması sahəsində də məqsədyönlü iş aparır.
AMEA-nın müxbir üzvü, professor A.Musayev məhsuldar tədqiqatçı-alim və mahir pedaqoq kimi Azərbaycanda vergilər sahəsində elmi məktəbin əsasını qoymuşdur. Onun elmi işləri Azərbaycanın vergi sisteminin, elmi əsaslarının işlənib hazırlanması, tədrisi, onun dünya təcrübəsinə uyğunlaşdırılması sahəsində çevik maliyyə və vergi siyasətinə əsaslanan iqtisadiyyatın idarəolunan ekoloji modelinin yaradılmasına və bu problemlərin həllində iqtisadi-riyazi üsul və modellərin tətbiqinə mühüm töhfə olmuşdur. İqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü kimi Akif Musayevin yenilik axtarışları ona üç mühüm sahənin iqtisadi problemlərini tədqiq etməyə imkan vermişdir.
Akif müəllim elmi araşdırmalarında daim iqtisadiyyatın praktik əhəmiyyət daşıyan problemlərinin həllinə üstünlük vermiş, öz fundamental tədqiqatlarında dərin riyazi-məntiqi təfəkkürə əsaslanaraq, olduqca maraqlı və faydalı nəticələr əldə etmişdir.
Avtonəqliyyat, neft maşınqayırması və neft-qaz sənayesi sahələrində idarəetmənin təkmilləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi, bu sahələrin iqtisadi problemlərinin həllində riyazi üsul və modellərin tətbiqi, həmçinin, müasir bazar münasibətləri şəraitində vergitutmanın nəzəri-metodoloji aspektlərinin işlənib hazırlanması və vergi siyasətinin strateji istiqamətlərinin müəyyənləşdirilməsi sanballı elmi tədqiqatlar kimi alimə böyük nüfuz və hörmət qazandırmışdır.
Akif müəllimi ölkəmizdə vergi siyasətinin iqtisadi problemlərinin araşdırılması kimi müasir elmi istiqamətin yaradıcısı hesab etmək olar. Azərbaycanın vergi sisteminin müasir dünya təcrübəsi əsasında təkmilləşdirilməsində, vergilər sahəsində beynəlxalq əlaqələrin möhkəmləndirilməsində A.Musayevin diqqətəlayiq xidmətləri vardır. Onun bu sahədə gördüyü çox gərəkli işlər vergilər sahəsində dövlət siyasətinin strateji istiqamətlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynamışdır. AMEA-nın müxbir üzvü A.Musayev işlədiyi bütün təşkilatlarda kollektivin həmişə hörmətini qazanmış, fəaliyyəti ilə nümunə olmuş, dəfələrlə rəhbərliyin fəxri fərmanları, təşəkkürləri və qiymətli hədiyyələrilə mükafatlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli 1960 saylı sərəncamı ilə Musayev Akif Fərhad oğlu Azərbaycan Respublikasının vergi orqanlarında qulluq vəzifəsinin yerinə yetirilməsində fərqləndiyinə, ölkəmizin iqtisadi mənafeyinin qorunmasında xidmətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. O, həmçinin bir çox beynəlxalq təşkilat və institutların mükafatlarına, o cümlədən “Rəşadətli əməyə görə” IV dərəcəli Georgi medalına layiq görülmüş, adı 1993-2005-ci illər XII İnternational Akademik Rating “Golden Fortune” jurnalına daxil edilmişdir. Britaniyanın Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi və Amerikanın Şimali Karolina Bioqrafiya İnstitutunun idarə heyəti tərəfindən professor Musayev Akif Fərhad oğlu Dünya elm və təhsilinə töhfələrinə görə Beynəlxalq Şərəf Diplomuna və Görkəmli Lider Mükafatına layiq görülmüş və onun adı Beynəlxalq Görkəmli Şəxsiyyətlər kitabının 10-cu nəşrinə daxil edilmişdir.
A.Musayev Gürcüstanın Qafqaz Universitetinin fəxri, Şimali Kipr Cümhuriyyəti Yaxın Doğu Universitetinin professorudur.
İnanırıq ki, AMEA-nın müxbir üzvü, professor Akif Musayevin qarşıdakı illərdə də elmi-pedaqoji fəaliyyəti Azərbaycan elm-təhsil və iqtisadi sisteminin inkişafına ciddi töhfələr verəcəkdir.

 

Qorxmaz İMANOV,
i.e.d., professor,
AMEA-nın müxbir üzvü
Əlövsət ƏLİYEV,
i.e.n., dosent