Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Məhsul bol olanda...

 

Yazın gəlişi, havaların isti keçməsi kənd adamlarının qayğılarını artırıb. Şəhər sakinləri istirahət üçün müxtəlif məkanlara üz tuturlar. Azərbaycanın o qədər dilbər guşələri var ki, dağ ətəklərinə çəkilib sərinləmək olar. Kənddə yaşayanlar isə bunu edə bilmirlər. Mövsümün bu çağında hara çıxıb gedəsən? Bol məhsulun əsası yayın bu qızmar günlərində qoyulur. Ona görə də kənd təsərrüfatı dünyada ən çətin sahələrdən biri sayılır. Çox zaman subsidiyalar və dotasiyalarla idarə olunur.
Məhsul bol olanda zəhmət adamının üzü gülür, çöhrəsi açılır. Baramaçılar kimi. Bu il yaxşı məhsul götürüblər. Ölkə üzrə ən yüksək göstəricini isə Zərdab rayonu qazanıb. Fermerlər 27 ton barama yetişdirib təhvil veriblər.
Hazırda taxıl biçini qurtarmaq üzrədir, deyəsən, bu il məhsul bol olacaq. Dövlətimizin strateji məhsul hesab etdiyi pambıqçılıqda da becərmə işləri yüksək səviyyədə aparılır. Zərdab kimi orta səviyyəli bir rayonda, demək olar ki, kənd təsərrüfatının bütün sahələri inkişaf etdirilir. Meyvəçilik, tərəvəzçilik, bostançılıq və heyvandarlıq sahəsində işlər yaxşı təşkil olunub.
Belə bir inkişaf dinamikası elə-belə əldə olunmayıb. Bunun kökündə cənab Prezident İlham Əliyevin bölgələrin sosial-iqtisadi inkişafına və tərəqqisinə göstərdiyi hərtərəfli dəstək və qayğı dayanır. Həmin dəstək bu istiqamətdə imzaladığı fərman və sərəncamlarda, prezidentin özünün rayonlara səfərlərində, keçirdiyi görüş və təmaslarda, səsləndirdiyi tapşırıq və tövsiyələrdə öz əməli təcəssümünü tapıb. Görülən tədbirlər nəticəsində bölgələrdə təsərrüfat-idarəetmə sisteminin təkmilləşdirilməsi və onun müasir tələb və çağırışlara uyğunlaşdırılması, daxili resurslardan səmərəli və rasional istifadə mexanizmlərinin yaradılması, intizam və təşkilatçılığın möhkəmlən¬dirilməsi, yerli təşəbbüslərin dəstəklənməsi sahəsində irəliyə doğru böyük addımlar atılıb.
Baramaçıların qazandığı uğurlar da sadalanan amillər hesabına mümkün olub. Elə götürək Zərdab rayonunu. Cari ildə rayon üzrə 233 kümçüyə 480 qutu inkubasiya olunmuş barama qurdu paylanıb. Bu gün son nəticə məlumdur: 27 ton barama təhvil verilib. Bu işlərə mövsüm ərzində 611 nəfər işçi cəlb olunub.
Sözsüz ki, rayonda zəngin baramaçılıq ənənələri olmasaydı, illərin təcrübəsi insanların karına çatmasaydı, belə uğurlar qazanmaq mümkün olmazdı. Bütün bunlar əsas şərtlərdir. Lakin nə qədər təcrübə, səriştə olursa-olsun dövlət öz yardım əlini uzatmasaydı, dəstəyini göstərməsəydi, qısa zaman kəsiyində baramaçılıqda bu cür dirçəliş baş verməzdi. Bu fikri rayonun qabaqcıl kümçüləri də təsdiqləyirlər. Sıxbağı kənd sakini Surxay Xəlilov cari ildə rayon üzrə ən çox barama təhvil verən kümçüdür. O, builki işindən razılıq ifadə edərək deyir:
- Zərdab zəngin baramaçılıq ənə­nə­ləri olan rayonlardan biridir. Çox təəssüf ki, son illər bu gəlirli sahə tamam unudulmuşdu. Nə səbəbdən, hansı arqumentə əsasən bu edilmişdi, cavabını tapa bilmirəm.
Yaxşı ki, cənab prezident bu boşluğu gördü və onun aradan qaldırılması istiqamətində sərəncam imzaladı. Pambıqçılıq kimi, baramaçılıq da strateji kənd təsərrüfatı məhsulları sırasında özünə yer aldı. Keçən il bu işə başlanıldı və elə həmin il də yüksək nəticələr qazanıldı. Sanki hamı bu günü gözləyirmiş. Bu sahəyə güclü axın başlandı.
Cari ildə 2 ton 865 kiloqram barama təhvil vermişəm. Məhsulun alış qiyməti bizi qane edir. Bu, az qala kənd adamının bir illik büdcəsidir. Hazırda ən çox diqqəti yeni tut plantasiyalarının salınmasına veririk. Belə bir perspektivli sahənin inkişafı üçün yem ehtiyatlarının yaradılması mühüm şərtdir. Baramaçılıqla bütün ailə üzvləri məşğul olur, bu isə işimizi irəli aparır. Gələn il istehsalı ən azı iki dəfə artırmaq niyyətindəyik. Bunun üçün müvafiq yerlər ayrılır, hazırlıq işləri görülür.
Alıcanlı kənd sakini Ataş Rzayev də təcrübəli kümçülərdən biridir. Onun göstəriciləri də yüksəkdir – 2 ton 517 kiloqram. Bu ailə nəsilliklə baramaçılığa meyil göstərir, necə deyərlər, bu işin bütün incəliklərinə bələddirlər. Bacarıqlı kümçünün fikrincə, əsas şərtlərdən biri sağlam toxumdur, ikinci mühüm şərt barama yetişdirmək üçün münasib yerlərin seçilməsidir. Yeniləmə, aqrotexniki tədbirlər vaxtında aparılmalıdır. Yalnız bunlara əməl olunduqda yüksək məhsuldarlıqdan, keyfiyyətli məhsuldan danışmaq olar. O deyir ki, daha bir maraqlı cəhət də ondan ibarətdir ki, indiki baramaqurdu toxumları əvvəlkilərdən xeyli fərqlidir. Belə ki, yetişmə müddəti xeyli azalıb. Digər tərəfdən, yemə tələbat da o qədər çox deyil. Bunu rayonun bütün təcrübəli kümçüləri təsdiqləyir. Baramaçılığa meyli artıran amillərdən biri də budur – xərclər azalır, rentabellik artır.
Rayonda İsrafil Ağayev də qabaqcıl kümçülərdən sayılır. Bu il onun da əhval-ruhiyyəsi yüksəlib. O, deyir ki, təkcə mən yox, bu işdə məşğul olan hər kəsin ovqatı dəyişib. Cəmi bircə ay işləyəsən, yaxşı gəlir götürəsən – kənd təsərrüfatında belə sahə tapmaq çətindir.
Buna görə də baramaçılığa həvəs və maraq ildən-ilə artır. Lakin bu işin də özünəməxsus çətinlikləri var. Gərək bacardığın işin qulpundan yapışasan. Bu il elə adamlar oldu ki, məndən də çox barama toxumu götürdülər, lakin əldə etdikləri məhsul dəfələrlə az oldu. Təkcə istək, həvəs azdır. Bilik, təcrübə, səriştə də lazımdır. Bunların biri olmadıqda uğur qazanmaq çətindir. Bu təsərrüfat adamı işindən-gücündən elə şövqlə danışdı ki, baramaçılığa qarşı bizdə də həvəs oyatdı. Çünki hansı təsərrüfatlarda oluruqsa, çox zaman giley-güzar eşidirik – əkin gecikdi, su olmadı, məhsulu yaxşı qiymətə sata bilmədik… O, isə giley-güzar əvəzinə şükranlıq etdi. Bu il 2 ton 371 kiloqram barama təhvil verib, lakin bunu son hədd kimi qəbul etmir. Çünki onun lazımi qədər işçi qüvvəsi, yem bazası və müvafiq saxlama şəraiti vardır. Belə olan halda niyə də istehsalın həcmini genişləndirməsin?
Rayonda digər kümçülərin adları da qabaqcıllar sırasında özünə yer alıb. Belə ki, Əlibəyli kəndindən Mirmahmud Əhmədov, Allahqulubağı kəndindən Abdulhəmid Babayev, Məlikli kəndindən Azər Qurbanov və başqaları da yüksək nəticələr əldə etmişlər. «Şəki-İpək» Açıq Səhmdar Cəmiyyətindən bildirdilər ki, Zərdab kümçülərinin yetişdirdikləri məhsul özünün yüksək keyfiyyət göstəriciləri ilə fərqlənir.
Məhsulun dəyərinin ödənişində heç bir problem yoxdur. Belə ki, hər kiloqrama görə, səhmdar cəmiyyət 5 manat, subsidiya şəklində isə 4 manat ödəyir ki, bu da kümçüləri qane edir.
Taxıl biçini də başa çatmaq üzrədir. Hər il olduğu kimi, cari ildə də nəticə ürəkaçandır. Zəmilərdən 55 min ton taxıl götürüləcək ki, bu da son illərin ən yaxşı nəticəsi hesab olunur. Havaların əlverişli keçməsi, əzmkar zəhmət və yüksək işgüzarlıq öz bəhrəsini verməkdədir.
Taxılçılıqdan danışarkən bir mühüm məsələnin üstündə dayanmağı vacib sayırıq. Bu, təkcə Zərdab rayonuna yox, taxılçılıqla məşğul olan digər rayonlara da aiddir. Respublika üzrə elə təsərrüfatlar vardır ki, məhsuldarlıq hər hektara 25-30 sentnerdən o yana keçmir. Mütəxəssislər yaxşı bilirlər ki, belə təsərrüfat subyektləri rentabelli işləyə bilməzlər. Azərbaycan elə bir ölkədir ki, burada iqlim qurşaqlarının az qala hamısı mövcuddur. Burada ikinövbəli, hətta üçnövbəli əkin aparmaq mümkündür.
Belə olan halda il boyu gözləyib, 25-30 sentner məhsul götürməyə dəyərmi? Açığını demək lazımdır ki, Zərdab rayonunda da belə fermer təsərrüfatları qalmaqdadır. Lakin sevindirici hal budur ki, son illər sahələrdən 45-50 sentner taxıl götürən təsərrüfatların sayı artıb. Bunun bir neçə səbəbi vardır. Ən əsas şərt toxum materialının düzgün seçilməsi, yəni yüksək reproduksiyalı toxumlar səpilməsidir. İkinci mühüm məsələ şumlama, arat, suvarma, gübrələmə tədbirlərinin yüksək aqrotexniki tələblərə uyğun şəkildə və optimal müddətdə aparılmasıdır. Nəhayət, məhsulun vaxtında və itkisiz yığılıb təhsil verilməsidir.
«Aqrolizinq» ASC-nin Ağcabədi regional nümayəndəliyinin Zərdab bölməsindən aldığımız məlumata görə, zəmilərdə 40 taxılyığan kombayn işləyib, maşın-mexanizm sarıdan yığım mövsümü ərzində heç bir ciddi problem yaşanmayıb. İlk günlərdən iş elə təşkil edilib ki, boşdayanma hallarına yol verilməsin. Müəyyən edilmiş qrafikə əsasən, kim harada və nə vaxt biçinə başlayacağını əvvəlcədən bilib. Zəmilərdən bol məhsul toplayan fermerlər bu günlərdə fərəh və sevinc hissləri keçirirlər. Belə fermerlərdən Laçın Babayevin, Asif Mahmudovun, Elşən Xanlarovun adlarını qeyd etmək olar. Onlar sahələrdən hər hektara 35-40 sentner məhsul götürüblər.
Pambıq sahələrində, heyvandarlıqda, yem bazasının yaradılmasında, meyvə-tərəvəzçilikdə də işlər yaxşı təşkil edilib. Bu günədək heç bir sahədə ciddi problem yaşanmayıb.
Zərdablıların əkin sahələrinə, otlaq və biçənəklərinə, meyvə bağlarına ana Kür dirilik suyu gətirib, hər yanı gülə-çiçəyə, laləzara çevirib.
Fədakar insanların gərgin zəhməti, tarlalarda yaşanan coşqu və ehtişam bu il də bol məhsulun olacağından soraq verir.

 

Zülfü İLYASOV,
bölgə müxbiri,
Zərdab rayonu