Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanda onlayn ticarət: reallıqlar və perspektivlər

 

İnternetin həyatımızda çox mühüm rol oynadığı müasir dövrdə biznesin inkişaf edən sahələrindən biri də elektron və ya onlayn ticarətdir. Məsafədən birbaşa satış prosesinin həyata keçirilməsi sahəsində son dövrlər ölkəmizdə xüsusi aktivlik müşahidə olunmaqdadır. Ümumiyyətlə, internet texnologiyası xidmətlər sektorunda çox böyük təsirə malikdir. Hazırda əyləncəli məhsullar (filmlər, videolar, oyunlar, musiqilər), informasiya xidmətləri (məlumat bazaları, online qəzetlər), lisenziyalar, maliyyə və professional xidmətlər (iş və texniki məsləhət, mühasibat, memarlıq, dizayn, hüquqi məsləhət, səyahət xidmətləri və s.) elektron mühitdə aparılır. Kommersiya əməliyyatlarının bir çoxu artıq onlayn qaydada reallaşmaqdadır ki, bu da öz növbəsində ticarəti kökdən dəyişdirmək potensialına malikdir.
İlk addımlar…
Elektron ticarət informasiya sistemlərindən istifadə etməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Bu anlayış 80-ci illərdə meydana gəlsə də, ilk dəfə internet vasitəsilə alqı-satqı prosesi 1995-ci ildə həyata keçirilmişdir. Ölkəmizdə də elektron üsulla ticarət dövriyyəsi aparılır. Azərbaycanda “Elektron ticarət haqqında” Qanun da mövcuddur və bu qanun 2005-ci ildə qəbul olunsa da, internet üzərindən ödəmə sisteminin olmaması səbəbindən yalnız 2008-ci ildə özünü göstərməyə başlayıb. Həmin ildə “SilverKey Azərbaycan” şirkəti ölkəmizdə ilk dəfə olaraq “Visa” və “MasterCard” tərəfindən xüsusi lisenziya almış “GoldenPay” adlı online ödəmə sistemini tətbiq etmişdir.
İdxal olsa da, ixracımız, təəssüf ki, yoxdur
Elektron ticarət ənənəvi ticarət prinsiplərindən faydalansa da, ondan daha üstündür. Bu üstünlük isə ilk olaraq özünü kompüter texnologiyası və internet məkanının sərhədsizliyində göstərir. Belə ki, internet istifadəçilərinin sürətlə artdığı müasir dövrdə elektron ticarət qlobal bazalara daha tez nüfuz etmək xüsusiyyətinə malikdir.
Hazırda ölkəmizdə elektron ticarətin inkişafı üçün potensial var. Bunu elektron ticarət sahəsi üzrə ekspert, Elektron Ticarət İctimai Birliyinin İdarə Heyətinin üzvü Nicat Manafov da təsdiqləyir: “Hazırda Azərbaycanda elektron ticarətin həcmi 13-14 milyon manat arasındadır. Lakin Azərbaycanda elektron ticarət üzrə təxminən 150 milyon manata qədər inkişaf potensialı var ki, buna bazar şəraiti da imkan verir”. Bununla belə, ekspert problemlərə də diqqət çəkir və Azərbaycanda daha çox xarici ticarət saytlarına müraciət olunduğunu bildirir: “İdxal olsa da, məhsul ixracımız, təəssüf ki, yoxdur. Çünki Azərbaycanda məhsulu ölkəyə gətirmək üçün hər cür şərait mövcuddur, lakin ixrac haqqında bunları demək mümkün deyil. Bu isə əsasən çatdırılma xərclərinin bəzi ölkələrlə müqayisədə 2 dəfə baha olması və digər problemlərlə əlaqəlidir”.
Daha az xərc, daha çox gəlir
Elektron ticarətin klassik ticarət formalarından fərqli bir sıra üstünlükləri vardır ki, bunlara da ilk olaraq gəlir artımı və xərclərin azalması daxildir. 7 gün 24 saat işləmək, həmçinin internetdən istifadə etməklə interaktiv marketinq fəaliyyəti, istənilən yerə və yerdən alqı-satqı da onlayn ticarətin əsas üstünlüklərindəndir. Xüsusilə istehlakçılar üçün əsas amil hər hansı məhsulu əldə etmək üçün saatlarla tıxaclarda gözləmək və ya uyğun vaxt axtarmaq problemlərinin aradan qaldırılmasıdır. Elektron ticarət bazarı öz böyüklüyü ilə seçildiyindən alıcılar, xüsusilə də satıcılar üçün əlverişlidir. Məhsullarını daha geniş auditoriyaya təqdim etmək imkanı əldə edən satıcılar bununla daha çox gəlir əldə etmək şansı qazanırlar. Çünki onlayn ticarət satıcı və alıcı arasındakı məsafəni azaldaraq, ona daha yaxın olmaqla həm də rəqabəti stimullaşdırır.
Satıcılar üçün elektron ticarətin daha bir üstünlüyü isə xərclər ilə bağlıdır. Şəhərin hər hansı bir yerində mağaza açan sahibkar onun üçün müəyyən qədər icarə haqqı ödəyir, eyni zamanda, əldə etdiyi gəlirdən işıq, qaz, su pulu və işçilərin əməkhaqqı üçün xərclər də ayırır. Beləliklə də ödədiyi xərclərdən əlavə, qazanc əldə etmək məqsədilə məhsul baha qiymətə satılır ki, bu da daha az alıcı deməkdir. Elektron ticarətdə isə belə xərclər olmadığından daha əlverişlidir. Bunun üçün sadəcə “hostinq” xərclərinin ödənilməsi kifayətdir. Xərclərin az olması isə məhsulun daha ucuz satılması və daha çox alıcı deməkdir. Arada ikinci şəxslərin olmaması isə məhsulun qiymətinin daha ucuz başa gəlməsinə səbəb olur.
Şəffaflıq, yoxsa daha çox problem?
Elektron ticarətin dövlət üçün əsas üstünlüyü isə şəffaflığın təmin olunması, vergidən yayınma hallarının azaldılması ilə bağlıdır. Belə ki, ödəmənin elektron üsulla aparılması nəticəsində bütün hesablar qeydə alınır. Lakin bununla belə yenə də həm vergi siyasəti, həm də vergi hüququ sahəsində müəyyən problemlər ortaya çıxır. Elektron ticarətdə verginin ödənilməsi, ödəniş vasitələrinin inkişaf etdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, uyğun hala salınması əhəmiyyətli, eyni zamanda, məcburi xarakter daşıyan amillərdəndir. Lakin qloballaşma və texnologiyanın sürətli inkişafı ilə bərabər yaranan problemlərin başında da elə vergi problemi dayanır. İnvestisiya və əməyin yüksək vergili ölkələrdən daha aşağı vergili ölkələrə keçməsi, çoxmillətli şirkətlərin istehsallarını birdən çox ölkədə hissə-hissə reallaşdırmaları, internet və elektron ticarətlə yanaşı, virtual şirkətlərin ortaya çıxması, bu şirkətlərin dəqiq yerinin məlum olmaması, çox zaman şirkət və müştərilərin fərqli ölkələrdə olması və bu səbəblərlə əlaqədar olaraq fərqli vergi qaydalarının tətbiq olunması vergilərlə bağlı problemlərdən yalnız bir neçəsidir. Elektron ticarətdə internetin məlumata girişi asanlaşdıran, lakin vergi yoxlamasını çətinləşdirən xüsusiyyətinin olması, həmçinin kommersiya əməliyyatlarını həyata keçirən şəxsin şəxsiyyətinin və yerinin müəyyənləşdirilməsinin çətinliyi də qeyd edilən problem sırasındadır.
Ölkəmizdə elektron ticarətə mane olan nələrdir?
Elektron ticarət bir çöx üstünlüklərə sahib olsa da, ölkəmizdə bu sahədə müəyyən çatışmazlıqlar mövcuddur. “Bu çatışmazlıqlardan ən vacibi onlayn ticarət üzrə ixtisaslaşmış tərəf şirkətlərinin olmamasıdır. Tərəf şirkətlər dedikdə, çatdırılma, ödəmə, elektron ticarətə müştəri inteqrasiya edən, texniki həll göstərən şirkətlər nəzərdə tutulur. Bunlar isə Azərbaycanda, demək olar ki, yox dərəcəsindədir”, - deyən Nicat Manafov bu problemləri ayrı-ayrılıqda da açıqlayır. O, bildirir ki, ölkəmizdə ödəmə şirkətlərinin özündə böyük problemlər var ki, bunlardan da ən əsası xarici kapitaldan ödəmə ilə bağlıdır, çünki dünyanın qabaqcıl ölkələrinin ödəmə vasitələri olan PayPal, Amazon Payments və s. Azərbaycanda işləmir.
Azərbaycanda elektron ticarət sahəsində ikinci problem isə çatdırılma ilə bağlıdır. Buna diqqət çəkən ekspert isə qeyd edir ki, “Hələ də Azərbaycanda regionlara sürətli və məsuliyyətli çatdırılmanı həyata keçirən şirkət, demək olar ki, yoxdur. Bununla yalnız Azərpoçt məşğul olur ki, onunla da sığorta məsələlərində müəyyən problemlər ortaya çıxır”.
Bakı daxilində çatdırılma şirkətlərinin əsasən məktublaşma üzrə ixtisaslaşdığını bildirən Nicat Manafov bunun da öz növbəsində Azərbaycan daxilində məhsul daşımada problemlər yaratdığını və hələ də həllini tapmayan bir problem olduğunu qeyd edir.
Elektron ticarət sahəsində mövcud olan digər bir problem isə istehlakçıların əldə etmək istədikləri məhsulu canlı şəkildə görə bilmək, əl ilə toxunmaq imkanlarının olmaması, ölçülərin uyğun gəlməməsi (əgər geyimdirsə), ödədikləri pulun həmin şirkətə çatmayacağından narahatlıq, hakerlər tərəfindən kartlarındakı məbləğin mənimsənilməsi qorxusu, online üsulla aldığı məhsulun keyfiyyətsiz çıxdığı təqdirdə geri qaytarılma mexanizminin bəzi hallarda mümkün olmaması kimi məsələlərlə bağlıdır. İstehlakçıların hüquqlarını qoruya biləcək effektiv müdafiə mexanizminin lazımi səviyyədə təşkil olunmaması da qeyd edilən problemlər sırasındadır.
Yaxın 3 ildə inkişaf gözlənilir
Hazırda Azərbaycanda elektron ticarətin inkişafı gözlənilən səviyyədə olmasa da, perspektivdə müəyyən inkişafa nail olmaq mümkündür. Bunun üçün ən sadə çıxış yolu isə elektron ticarətin inkişafına mane olan problemlərin aradan qaldırılmasdır. Ekspert Nicat Manafov isə bildirir ki, elektron ticarətin inkişafında əsas olaraq 3 amilin öz həllini tapması vacibdir: “Məhsulun çatdırılması, ödəmənin alınması və xidmət səviyyəsi. Təbii ki, xidmət səviyyəsi hər bir mağazanın özündən asılıdır. Məhsulun çatdırılması və ödəmənin alınması isə tərəf şirkətlərlə əlaqəlidir. Tərəf şirkətlərin isə zəif inkişafı öz növbəsində Azərbaycanda elektron ticarətin inkişafına öz təsirini göstərir. Yalnız tərəf şirkətlərə müəyyən imtiyazların verilməsi Azərbaycanda bu sahənin inkişafına təkan verə bilər. Buna isə əsasən kartla ödəmədə banklara müəyyən imtiyazların verilməsi, məhsulun çatdırılmasına məsul olan şirkətlərə vergidən güzəştlər edilməsi və s. daxildir”.
Ekspert həmçinin perspektivdə elektronlaşmağın vacib hal alması ilə əlaqədar dövlət tərəfindən ciddi addımların da atılmasına ehtiyac duyulduğunu və elektron ticarət sahəsində Azərbaycanın yaxın 3 il ərzində müəyyən irəliləyişlər əldə etməsinin də gözlənilən hal olduğunu bildirir. Elektron ticarət sahəsində dövlət dəstəyi əsasında platformanın yaradılması bu sahəyə sahibkarları da stimullaşdıra bilər ki, bu da həmin sahənin uğurlu inkişafına müsbət təsir göstərəcəkdir.

Mətanət HÜSEYNOVA