Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn

 

Məşğulluq probleminin həlli azad sahibkarlığa modern yanaşma tələb edir
Azərbaycan insanı öz təhsilinə, intellektual səviyyəsinə, dünyagörüşünə, həyata baxışına görə çağdaş dünyanın tələb etdiyi bütün standartlara uyğundur. Avropa və Asiyanın qovşağında yerləşən, zəngin tarixi keçmişə malik olan xalqımız bəşəri sivilizasiyanın bütün üstün dəyərlərini əxz edə bilmişdir. Ötən əsrin 90-cı illərində ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra isə ölkəmizdə ulu öndər Heydər Əliyevin ideya və baxışlarından qaynaqlanan unikal dövlətçilik modeli yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən konseptual sosial-iqtisadi inkişaf proqramları Azərbaycanı qlobal müstəvidə güclü və cəlbedici ölkəyə çevirmişdir. Son 12 il ərzində bir çox sosial və infrastruktur problemləri həll edilmiş, ölkədə dayanıqlı və davamlı iqtisadi sistem yaradılmışdır. Bu müddət ərzində əhalinin sosial vəziyyəti, yaşam tərzi köklü şəkildə dəyişmiş, məşğulluq səviyyəsi dəfələrlə yüksəlmişdir. 2004-cü ildən bu günə qədər respublika üzrə 1,5 milyondan çox yeni iş yerləri açılmışdır. Böhranlı illər olmasına rəğmən, bu istiqamətdə işlər davam etdirilir.
Məşğulluq probleminin həlli tam şəkildə dövlət tərəfindən həyata keçirilə bilməz. Dövlət özəl bölməyə öz maliyyə yardımını göstərir, hüquqi-normativ sənədləri qəbul edir, ümumi inkişaf strategiyasını müəyyən edir. Qalan məsələlərlə vətəndaş cəmiyyətinin ayrı-ayrı təsisatları məşğul olmalıdırlar. Son 12 il ərzində Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafına hərtərəfli dövlət dəstəyi göstərilmiş, ilbəil bu sahəyə yönəldilən güzəştli kreditlərin, yardım və subsidiyaların həcmi artırılmışdır. Bu müddət ərzində üç mərhələ regional Dövlət Proqramları qəbul olunmuş, ikisinin icrası uğurla başa çatdırılmış, 2014-2018-ci illəri əhatə edən üçüncü mərhələ proqramın icrası davam etdirilir. Həmin proqramların gerçəkləşməsi üçün 120 milyard manatdan çox dövlət sərmayəsi yönəldilmişdir. Bunun hesabına ölkədə yüzlərlə yeni istehsal və emal müəssisələri, aqroparklar yaradılmış institusional iqtisadi islahatlar reallaşmışdır. Etiraf etmək lazımdır ki, kiçik və orta sahibkarlığın inkişafında müəyyən dinamika müşahidə olunsa da, bu yeni tələblər və çağırışlar fonunda qaneedici sayıla bilməz. ABŞ, Yaponiya, Cənubi Koreya, Qərbi Avropa ölkələrinin təcrübəsi göstərir ki, kiçik və orta biznesi inkişaf etdirmədən əmək məşğulluğunu yüksək şəkildə təmin etmək mümkün deyildir. İndi dünyada kiçik sahibkarlığın – ailə-icma, kəndli-fermer, kənd turizmi, aqroturizm, ekoturizm, dağ turizmi və s. kimi növləri geniş yayılıb. Azərbaycanda bu sahədə böyük potensial mövcuddur. Kiçik sahibkarlıq sahəsində yaxşı örnəklər, nümunəvi başlanğıclar çox olsa da, bunun geniş arealda yayılması, oturuşmuş biznesə çevrilməsi hədəfinə gəlib çatmamışıq. Fikrimizcə, kiçik və orta biznesin, konkret olaraq ailə-qrup biznesinin işini tənzimləyən xüsusi qurumun yaradılmasına zərurət yaranıb. Bu və ya digər problemlər barədə aşağıda geniş söhbət açacağıq. Müsahibim Gəncə şəhərində fəaliyyət göstərən «Qızıl Əllər» MMC-nin təsisçisi və rəhbəri Zemfira xanım Ağayevadır. O, həm də Respublika Sahibkar Qadınlar İctimai Birliyinin sədridir. Özəl bölmənin təşəkkül tapdığı 90-cı illərin əvvəlindən fəaliyyətə başlayan, çətin yollardan keçərək tanınmış iş adamına çevrilən, bu gün ətrafında yüzlərlə sahibkar qadını birləşdirən Zemfira xanımın oxucularla bölüşmək üçün maraqlı fikir və düşüncələri vardır.
Onun dediklərindən …
İxtisasım əmək təlimi müəlliməsidir. Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra bir müddət orta məktəbdə müəllimə işləmişəm. 90-cı illərin əvvəllərində, xaos, hərc-mərclik respublikanı ağuşuna alan vaxtlar Gəncə şəhərində «Modalar evi» açdım. Cəmi üç nəfərlə fəaliyyətə başladım. Bu kiçik müəssisəyə həm rəhbərlik edir, həm eskizlər çəkir, həm də tikiş proseslərinə nəzarət edirdim. Təcrübə artdıqca «Modalar evi»nin fəaliyyəti də genişlənirdi. Tikilən paltarlar gənc qızları, xanımları özünə cəlb edirdi, necə deyərlər, hamını razı saldırırdı. Günlər keçdikcə bu ünvana üz tutanların sayı artırdı. Soracaqsınız ki, buna necə nail olurdunuz? Bəli, ağır dönəmlər idi, bazar iqtisadiyyatının sərt qanunları yeni açılan müəssisələri bir-bir vurub sıradan çıxarırdı. Risk, təmkin, bir də ki, çeviklik karımıza çatdı. Başladığın işdən əl çəkmədinsə, uğur sənin qapını döyəcək. Gərək işi axıra çatdırasan, tez varlanmaq xülyasından vaz keçəsən. Bütün bunların fövqündə isə insanlarla düzgün rəftar və ünsiyyət dayanır. Bu fəlsəfəni özünə kredo seçənlər heç vaxt uduzmurlar. Mən çox vaxt rəhbər olduğumu unudurdum, sanki özümü adi işçilərdən biri kimi hiss edirdim. 90-cı illərin əvvəllərində gəlirlə, rentabellə işləyən az müəssisə tapmaq olardı. Bu gün açılan müəssisə sabah qapanırdı. Güclü iradə, çevik hərəkət göstərməsəydik, biz də işləyə bilməyəcəydik. Dözdük və yaşadıq. 1993-cü ildən ulu öndər Heydər Əliyev yenidən respublika rəhbərliyinə qayıtdı, bununla da üzümüzə günəş doğdu. 1995-ci ildə «Özün biç, özün tik» adlı ilk moda kitabım işıq üzü gördü. Tezliklə bu kitab modelyerlərin stolüstü kitabına çevrildi. Müəssisə günbəgün böyüməyə doğru gedirdi. Geyim sərgiləri təşkil etməyə başladıq, həmin tədbirlər yavaş-yavaş ölkə hüdudlarını aşıb keçirdi. Səsimiz-sorağımız Sankt-Peterburqdan, Orta Asiya respublikalarından gəlirdi. O vaxtlar üçün bunun necə çətin olduğunu dilə gətirməyə ehtiyac yoxdur. Respublikalar arasında bütün iqtisadi-mədəni əlaqələr laxlamışdı. Zaman keçdikcə çağırışlar da dəyişirdi. Daha nələrsə etməyə zərurət yaranmışdı. 1997-ci ildə «Qızıl Əllər» MMC-ni təsis etdik və respublikada ilk dəfə olaraq modern peşə təhsili hazırlığına başlanıldı. Ən bacarıqlı, müasir texnologiyalardan baş çıxaran mütəxəssislər, istehsalat təlimi ustaları axtarılıb tapılaraq müəssisəyə cəlb edildi.
Yüksəlişə doğru…
2000-ci ildə Zemfira Ağayevanın «Geyim məmulatlarının hazırlanması texnologiyası və onun tədris metodikası» adlı ikinci kitabı işıq üzü gördü. Təhsil Nazirliyinin göstərişi ilə bu kitab tədris vəsaiti kimi təsdiq edildi. Bax, beləcə müəssisə böyüdü, tanındı. Hazırda «Qızıl Əllər» MMC-nin kurslarında respublikamızın bütün bölgələrindən, həmçinin Gürcüstandan gələn gənc oğlan və qızlar təhsil alırlar. Müəssisənin bir özəlliyi də budur ki, burada yaşlı nəslin nümayəndələri, hətta ali təhsilli insanlar da peşə ixtisasına yiyələnirlər. MMC-də 30 ixtisas üzrə peşə hazırlığı həyata keçirilir. 2007-ci ildən başlayaraq, buranı bitirən məzunlar ayrı-ayrı müəssisələr tərəfindən işə qəbul olunurlar. Elə həmin il 200 nəfər məzun özünə iş yeri tapa bilmişdir. Bunların bir çoxu fərdi qaydada yox, qrup halında fəaliyyət göstərirlər. Ötən tədris ilində 500 nəfər məzunun məşğulluğu təmin edilib. Bir neçə il öncə «Qızıl Əllər» MMC-yə İqtisadiyyat Nazirliyi tərəfindən irihəcmli güzəştli kredit ayrılmış və bu vəsaitlə tikiş fabriki inşa edilmişdir.
Buraya Almaniyadan müasir tipli avadanlıqlar gətirilmiş və müəssisə tam gücü ilə işə salınmışdır. Fabrikdə müxtəlif geyimlər, yataq dəstləri tikilir və burada 50 nəfərdən artıq tikiş ustası işlə təmin edilmişdir.
«Qızıl Əllər» MMC Azərbaycanda yeganə özəl müəssisədir ki, burada biznes-inkubator işi həyata keçirilir. Belə ki, peşə təhsili alan hər bir gənci sahibkar kimi yetişdirmək missiyasını müəssisə öz üzərinə götürüb. Bu məqsədlə ötən illər ərzində Zemfira Ağayeva Türkiyə, ABŞ, Fransa, Yaponiya, İran, İsrail, Yunanıstan, Rusiya və digər ölkələrdə işgüzar səfərlərdə olub, həmin ölkələrin qadın təşkilatları ilə işbirliyi qurub. Onun rəhbərlik etdiyi Respublika Sahibkar Qadınlar İctimai Birliyinin respublikanın bütün rayonlarında mərkəzləri fəaliyyət göstərir ki, üzvlərin 60 faizini gənclər təşkil edir. Birliyin xətti ilə xarici ölkələrə 40-dan çox səfər həyata keçirilmiş, bu da 12 ölkənin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələri qurmağa imkan yaratmışdır.
Qadın cəmiyyətin güzgüsüdür
Respublika Sahibkar Qadınlar İctimai Birliyinin sədri kimi Zemfira xanıma sualımız belə oldu – bəs, niyə təkcə sahibkar qadınlar birliyi, kişilər birliyi yox? O, gülümsəyərək dedi: - Kişilərin çox birlikləri vardır, qadınlarınkı isə azdır. Buna baxmayaraq, qadın cəmiyyətdə böyük qüvvədir, bəlkə də cəmiyyətin güzgüsüdür. Qadın xoşbəxtliyi yoxdursa, deməli, heç bir xoşbəxtlik yoxdur. Çünki qadın anadır, həyat yoldaşıdır, dostdur, sirdaşdır. Həm də qadın incə məxluqdur, bütün gözəlliklərin və ülvi hissələrin daşıyıcısıdır. Odur ki, qadının rahat işləməsi və yaşaması üçün hər cür şərait yaradılmalıdır. Sahibkarlıqla məşğul olmaq qadın üçün kişilərə nisbətən qat-qat çətindir. Ailə, övlad qayğısı, bir də ki, iş-güc. Bunları üst-üstə daşımaq asan məsələ deyil. Düşünürəm ki, sahibkarlıqla məşğul olan, yaxud buna can atan qadınlar xüsusi diqqət və qayğı ilə əhatələnməlidirlər. Onların işinə stimullaşdırma və həvəsləndirmə tədbirləri tətbiq etməklə köməklik göstərilməli, kreditlər və maliyyə yardımları əlverişli şərtlərlə verilməlidir. İncə cinsin nümayəndələrinə lisenziyaların verilməsində, digər yardımların göstərilməsində güzəştlər tətbiq olunmalı, xüsusilə uşaqlı qadınlara sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün zəruri imkanlar yaradılmalıdır…
Zemfira xanımın sözünə qüvvət olaraq demək istəyirik ki, bu sahədə dövlət başçısının göstərişi ilə bir sıra tədbirlər görülüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illər həyata keçirdiyi sistemli və ardıcıl tədbirlər məşğulluq probleminin həllində müstəsna rol oynayıb. Lakin bütün bunlara rəğmən, çox işlər görülməlidir. Bu gün universitetləri bitirən gənclərin böyük bir qismi əmək bazarında özünə yer tapa bilmirlər. Peşə yönümlü təhsil sahəsində köklü islahatlara ehtiyac vardır. Mürəkkəb konstruksiyalı layihələr icra olunarkən çox halda mütəxəssisləri xarici ölkələrdən tapıb gətirirlər. Xüsusilə də regionlarda peşəkar çilingər, qaynaqçı, elektrik texniki, operator və s. kimi peşələrdə boşluqlar vardır. Xaricə gedənlər də peşəkar olmadıqlarına görə iş yerləri tapmaqda çətinlik çəkirlər. İri şirkətlər, korporasiyalar, iş adamları yalnız hazırlıqlı və səriştəli işçi axtarırlar. Məşğulluğun təmin olunması və işsizliyin aradan qaldırılması dünyanın bir nömrəli problemləridir.
Azərbaycan dövlətinin ali məqsədi sosial rifah dövləti yaratmaqdır. 10-12 il ərzində qərinələrə sığmayan yol qət etmişik. Bundan sonrakı yolumuz yalnız irəliyədir – işığa, nura doğrudur.

 

Zülfü İLYASOV,
«İqtisadiyyat» qəzetinin
bölgə müxbiri