Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Audit Komitələri barəsində suallar və cavablar

 

-"Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2017-ci il 25 aprel tarixli Azərbaycan Respublikasının Qanununa əsasən bir sıra qurumlarda Audit Komitəsinin ya­radılması təsbit olunmuşdur. Bu barədə nə deyə bilərsiniz?
- İlk növbədə qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatlar prosesində maliyyə nəzarətinin təkmilləşdirilməsinə daim mühüm əhəmiyyət verilir və nəzarət mexanizmlərinin bazar iqtisadiyyatının xüsusiyyətlərinə uyğunlaşdırılması dövlət quruculuğu siyasətində diqqət mərkəzində sax­lanılan məsələlərdən biri olaraq qalmaqdadır. Maliyyə nəza­rə­tinin mühüm qollarından olan auditin inkişafına da xüsusi önəm verilir. Azərbaycan auditorları adından ölkə başçısına minnət­darlıq hissi ilə deyə bilərəm ki, təkcə ötən il müstəqil auditlə əla­qədar, xüsusilə onun tətbiqinin genişləndirilməsi ilə bağlı 40-dan artıq hüquqi akt qəbul olunmuşdur. Müasir sivil maliyyə nəzarəti forması və şəffaflığın əsas təminatçılarından biri olan müstəqil auditin inkişafına Prezident İlham Əliyevin diqqət və qayğısı bu il də qəbul edilmiş bir sıra sənədlərdə öz əksini tapıb. "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2017-ci il 25 aprel tarixli Azərbaycan Respublikasının Qanunu da həmin sənədlərdən biridir. Bu Qanunla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə "Maddə 91-4. Məhdud məsuliyyətli cəmiyyətin audit komitəsi" və “Maddə 107-12. Səhmdar cəmiyyətinin audit komitəsi" əlavə edilmişdir. Bu maddələrdə ictimai əhəmiyyətli qurumlarda, iştirakçılarının sayı əllidən çox olan məhdud məsuliyyətli cəmiyyətlərdə, habelə səhmdarlarin sayı əllidən çox olan cəmiyyətlərdə audit komitəsinin yaradılması ehtiva olunmuşdur. Eyni zamanda, həmin cəmiyyətlərin nizamnaməsində nəzərdə tutulduğu halda iştirakçıların və ya səhmdarların sayı əllidən çox olmayan cəmiyyətlərdə də audit komitəsi yaradıla bilər. Məlumdur ki, iştirakçılarının və ya səhmdarlarının sayı əllidən çox olan cəmiyyətlərin fəaliyyəti digər cəmiyyətlərdən daha çox vətəndaşların maddi durumuna təsir edir və bu Qanun həmin qurumlarda daxili audit siyasətinin və strategiyasının hazırlanması, həyata keçirilməsi və auditor nəzarətinin təşkili vasitəsilə onlarda hesabatlılığın və maliyyə şəffaflığının təmin olunmasına xidmət göstərir. Hesabatlılığın və maliyyə şəffaflığının təmin olunması isə, məlum olduğu kimi, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrininin əsas qayələrindən biridir.
-Audit Komitəsinin yaradılması və fəaliyyətinin təşkili ilə əlaqədar Auditorlar Palatası hansı əməli köməkliyi göstərə bilər?
- Audit Komitəsinin əsas vəzifələrindən biri kənar (müstəqil) auditorla, audit və əlaqədar audit xidmətləri üzrə işlərin tənzimlənməsidir. Faktiki olaraq Komitə bu sahədə müstəqil auditorlarla əməkdaşlıq etməklə rəhbərliyin düzgün iqtisadi qərarlar qəbul etməsi üçün münbit şərait yaradır.
Komitə səhmdarların və ya iştirakçıların (təsisçilərin) ümumi yığıncağı (və ya digər səlahiyyətli orqanı) tərəfindən yaradılır. Komitənin üzvləri ümumi yığıncaq tərəfindən 2 ildən çox olmayan müddətə seçilirlər. Komitənin üzvləri təkrar seçilə bilərlər. Ümumi yığıncaq Komitə üzvlərindən birini Komitənin sədri təyin edir.
Komitənin sədri və üzvləri seçilərkən aşağıdakı tələblər əsas götürülür:
- iqtisadi, biznes və ya hüquqi təhsilin olması;
- öz vəzifələrini yerinə yetirmək üçün lazımi peşəkar bacarığa və fərdi keyfiyyətlərə malik olması;
- Komitənin ən azı bir üzvünün mühasibat, audit və ya maliyyə sahələrində mütəxəssis olması və s.
Komitənin fəaliyyətinin təməlini onun Əsasnaməsi təşkil edir. Qeyd etməliyik ki, Auditorlar palatası tərəfindən "Audit Komitəsinin nümunəvi Əsasnaməsi" hazırlanmış və həmin Əsasnamə Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 30 sentyabr 2015-ci il tarixli qərarı ilə bəyənilmişdir. Əsasnamənin elektron variantını Palatanın rəsmi internet səhifəsindən maneəsiz əldə etmək mümkündür.
-Audit Komitələri barədə nə de­mək olar?
- Audit Komitəsi şirkətin Müşahidə Şurasının (və ya digər səlahiyyətli orqanının) təqdimatı əsasında Səhmdarların ümumi yığıncağı (və ya digər səlahiyyətli orqanı) tərəfindən təyin olunmuş, şirkətin daxili nəzarət sisteminin qiymətləndirilməsini və monitorinqini hə­yata keçirən tövsiyəverici or­qan­dır. Komitə şirkətin maliyyə nəzarəti sisteminə nəzarət etməkdə Müşahidə Şurasına (və ya digər səlahiyyətli orqana) köməklik göstərir və zəruri hallarda səhmdarları (təsisçiləri) şirkətin maliyyə vəziyyəti barədə məlumatlandırır.
-Audit Komitəsi hansı səlahiyyətlərə malikdir və onun vəzifələri hansılardır?
- Komitənin səlahiyyətləri aşağıdakılardır:
• Şirkətin audit siyasətini və strategiyasını müəyyən etmək;
• Şirkətin idarəetmə orqanından Komitənin öz funksiyalarını həyata keçirmək üçün bütün məlumatları almaq;
• Daxili audit qurumunun planlarını təsdiq etmək və onun fəaliyyətinə nəzarəti həyata keçirmək;
• Kənar auditorun, audit və əlaqədar audit xidmətləri üzrə işlərin həcminin, icra müddətlərinin və xidmət haqqının (qonorarının) müəyyənləşdirilməsi ilə bağlı Müşahidə Şurasına (və ya müvafiq orqana) tövsiyələr vermək;
• Kənar auditorun peşəkarlığını, müstəqilliyini və fəaliyyətini qiymətləndirmək və onun fəaliyyət nəticələrinin və müstəqilliyinin adekvatlığına dair öz rəyini daxil edən hesabatı hazırlamaq və kənar auditorun seçilməsinə dair təkliflərini Şirkətin Nizamnaməsi ilə müəyyən edilmiş müvafiq orqanlarına təqdim etmək;
• Kənar auditin nəticəsi əsasında maliyyə hesabatlarına ediləcək dəqiqləşmələr və əlavələri nəzərdən keçirmək;
• Şirkətin daxili auditorunun təyin olunması zamanı öz münasibətini bildirmək və onun işinə qiymət vermək;
• Daxili nəzarət sisteminin təkmilləşdirilməsinə dair müvafiq orqanlara təkliflər vermək;
• Daxili audit strukturunun rəhbərinin və işçilərinin işdən azad olması və ya dəyişdirilməsi barədə şirkətin müvafiq orqanı (adını göstərməli) qarşısında məsələ qaldırmaq;
• Şirkətın struktur bölmələri üzrə xüsusi audit yoxlamaları və təftişlər keçirilməsini sifariş vermək;
• Şirkətin illik hesabatına dair mülahizələrini bildirmək;
• Fəaliyyəti ilə bağlı müvafiq orqanların qəbul etdiyi bütün qərarlarla tanış olmaq və sair.
-Komitənin vəzifələri aşağıdakılardan ibarətdir:
• Daxili və kənar auditorlar tərəfindən irəli sürülmüş tövsiyələrin icraçılar tərəfindən icra olunub və ya olunmamasına nəzarət etmək;
• Şirkətin fəaliyyətində mövcud olan və yarana biləcək mühüm risklər barədə müvafiq orqanı məlumatlandırmaq və icra strukturları tərəfindən onların səmərəli idarə edilməsinə nəzarət etmək;
• Maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir edə biləcək hər hansı hüquqi məsələləri nəzərdən keçirmək;
• Şirkətin illik və cari maliyyə hesabatlarının hazırlanma prosesinə və nəticələrinə nəzarət etmək;
• Daxili Audit qurumunun fəaliyyətini tənzimləmək və onun fəaliyyətinə nəzarət etmək;
• Daxili Audit qurumunun rəhbəri və əməkdaşlarının vəzifə təlimatlarını, şöbənin illik iş planı və proqramlarını, daxili audit hesabatlarını yoxlamaq, nəzarət sisteminin təkmilləşdirilməsi üzrə tövsiyələr vermək;
• Daxili Audit qurumunun əməkdaşlarının fəaliyyətinin səmərəliliyini və peşə yararlılığını nəzərdən keçirmək;
• Daxili Auditorlar tərəfindən təqdim edilmiş hesabatların və tövsiyələrin müzakirəsini təmin etmək;
• Şirkət tərəfindən qanun və normativ sənədlərə riayət olunmasına nəzarət etmək;
• Maliyyə hesabatlarının hazırlanması prosesində qanunvericiliyə və tənzimləyici orqanın normativ aktlarının tələblərinə riayət olunmasına nəzarət etmək;
• Tənzimləyici orqanlar tərəfindən aparılmış yoxlamaların nəticələrini nəzərdən keçirmək və onların auditor xidmətinin təkmilləşdirilməsi üzrə tövsiyələrini icra etmək;
• Etik davranış qaydalarıma riayət olunmasına nəzarət etmək;
• Müntəzəm olaraq Komitənin fəaliyyəti haqqında (azı ildə bir dəfə) Səhmdarların (Təsisçilərin) Ümumi Yığıncağına hesabat vermək və müvafiq tövsiyələri təqdim etmək və sair.
Tam əminliklə demək olar ki, "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi və tətbiqi bütövlükdə maliyyə nəzarəti və o cümlədən auditor fəaliyyətinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə, iqtisadiyyatımızda hesabatlılığın və maliyyə şəffaflığının təmin olunmasına öz töhfəsini verəcəkdir.

 

Nəcəf Talıbov,

Azərbaycan Respublikasının Auditorlar

Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri