Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Aqrar təhsilin modernləşdirilməsi regional inkişafa böyük təkan verəcək

 

Bu təhsil ocağı Azərbaycanın ən qocaman təhsil müəssisələrindən biridir. 90 illik yubileyinə cəmi iki il qalıb. Söhbət Azərbaycan Kənd Təsərrüfatı İnstitutundan gedir. Bu universitet Azərbaycan Xalq Komissarları Sovetinin 15 may 1929-cu il tarixli qərarı ilə yaradılıb. Əvvəlcə Bakıda fəaliyyət göstərib, 1931-ci ildə Gəncəyə köçürülüb. Elə o vaxtdan bu günədək burada fəaliyyət göstərib. Lakin respublikada kənd təsərrüfatı mütəxəssislərinin hazırlanmasına 1920-ci ildə Bakı Politexnik İnstitutunun nəzdində yaradılmış kənd təsərrüfatı fakültəsində başlanılıb. Fəaliyyət göstərdiyi uzun illər ərzində minlərlə mütəxəssis hazırlayan bu təhsil ocağı hazırda Azərbaycan Kənd Təsərrüfatı Universiteti (ADAU) adlanır və ölkəmizdə ən böyük ali məktəblərdən biri hesab olunur. Burada 5 mindən artıq tələbə təhsil alır ki, onların təlim və tədrisi ilə 1000 nəfər professor-müəllim heyəti məşğul olur. 1980-ci ilin dekabr ayının 11-də keçmiş SSRİ-nin «Şərəf nişanı» ali dövlət ordenini ulu öndər Heydər Əliyev öz əlləri ilə institutun bayrağına sancıb.
Hələ Sovetlər dönəmində kadr cəhətdən qıtlıq çəkən Azərbaycanın kənd təsərrüfatına çoxlu sayda alim, mütəxəssis bəxş edən institutun məzunlarının sorağı bütün ittifaq respublikalarından gəlirdi. Məhz bunun hesabına respublikamızın kənd təsərrüfatında misli görünməmiş təbəddülat baş verdi. Ən möhtəşəm inkişaf dalğası ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gətirilməsindən sonra başladı. Azərbaycan Respublikası dalbadal ümumittifaq yarışlarının qalibi oldu, Keçici Qırmızı Bayraqlara layiq görüldü, əmək qəhrəmanlarımızın səsi-sədası bütün ölkəni bürüdü. Həmin insanların əksəriyyəti Kənd Təsərrüfatı İnstitutunda təhsil alıblar, özü də ki, istehsalatdan ayrılmamaq şərti ilə. Sovetlər dönəmində akademik Həsən Əliyev başda olmaqla böyük alimlər ordusu yetişdi, ölkəmizdə kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə güclü elmi potensial yaranıb formalaşdı. Aqrar Universitet çox çətin və şərəfli yollardan keçərək, bugünkü səviyyəyə gəlib çıxmışdır. Aqrar Universitetin dəhlizinə ayaq basmadan, auditoriyalarını gəzmədən, tələbələrlə təmasda olmadan onun uğurlarına inana bilməzsən. Son 10 il ərzində universitet elə dəyişib ki, insan bundan yalnız qürur hissləri keçirə bilər. Özü də təkcə maddi-texniki baza, binalar, korpuslar yox, həm də təhsilin keyfiyyətində köklü dəyişikliklər baş verib. Bunun isə başlıca səbəbi təhsilə marağın artmasıdır. Hamı can atır ki, yaxşı mütəxəssis kimi yetişsin, əmək bazarında özünə yer tuta bilsin. Son illər cənab prezidentin rəhbərliyi ilə ölkədə həyata keçirilən aqrar islahatlar bu marağın artmasında təkanverici rol oynayıb.
Keçən il və ondan əvvəlki ildə universitetdə 250-dən çox bal toplayıb qəbul olunan və təhsildə fərqlənən tələbələrin aylıq təqaüdünə büdcədənkənar vəsait hesabına 100 manat əlavə olunub. Tələbə üçün bundan böyük stimul nə ola bilər?
Azərbaycan Dövlət Aqrar Universiteti üçün tələbələrin istehsalat təcrübəsi keçmək problemi birdəfəlik həllini tapıb. Əvvəllər tələbələri rayonlara təcrübəyə aparanda, onların məişət problemini həll etməkdə, peşə yönümü üzrə yerləşdirməkdə ciddi problemlər yaşanırdı. Ali məktəbin özünün də əməlli başlı maddi-texniki bazası yox idi. Amma indi vəziyyət tamamilə dəyişib. Müasir laboratoriyalar, quşçuluq, balıqçılıq, tərəvəzçilik, heyvandarlıq kompleksləri, aqroservislər bu gün tələbələrin üzünə açıqdır. Əvvəllər universitet təsərrüfat axtarırdısa, indi əksinə təsərrüfat rəhbərlərinin özləri tələbələri axtarır. Çünki hər bir təsərrüfata bilikli, savadlı işçi lazımdır. Belə kadrları hazırlamaq üçün universitetdə bütün imkanlar yaradılıb. Təkcə bu ilin ötən ayları ərzində tədris-təcrübə sahəsində həyata keçirilən tədbirlər göstərir ki, universitet yüksəliş illərini yaşayır.
Fevral və mart aylarında «ADAU-nu tanıyaq!» layihəsi çərçivəsində peşəyönümü məqsədilə Gəncənin 40, Göygöl rayonun 8, Samux rayonunun 4 orta məktəbinin şagirdləri universitetin maddi-texniki bazası ilə tanış olmuş, professor-müəllim heyəti ilə görüşlər keçirmişlər ki, bu da onlarda universitet haqqında xoş təəssürat yaratmışdır. Bundan başqa, təşviqat və təbliğat işi aparmaq üçün universitet əməkdaşları respublikamızın rayonlarına ezam olunmuş, ADAU haqqında tanıtım filmləri və bukletləri nümayiş etdirmiş və şagirdlərlə maraqlı fikir mübadilələri aparmışlar. Kənd təsərrüfatının prioritet elan edildiyi bir şəraitdə aqrar kadrlara gələcək illərdə böyük tələbat olacaqdır. Buna hazır olmaq üçün təməl bu gündən qoyulmalıdır. Artıq şirkətlərin, təsərrüfat subyektlərinin universitet məzunlarına marağı artıb və bu sahədə yeni müqavilələr imzalanır.
Təkcə əyani şöbənin baytarlıq ixtisası üzrə 58 nəfər son kurs tələbəsi keçən il sentyabrın 15-dən bu ilin fevralına kimi müxtəlif müəssisələrdə istehsalat təcrübəsi keçmişlər. Diqqəti çəkən hal budur ki, tələbələrin bütün məişət xərcləri həmin müəssisələr tərəfindən ödənilmiş, hətta onlara maaş da verilmişdir. Əvvəllər heç zaman belə hal olmayıb. Samux rayonundakı «Boz dağ» heyvandarlıq kompleksi, Bərdə rayonundakı «Qarabağ» Aqrokompleksi, Ucar rayonundakı «Səba broyler» və digər müəssisələr məhz bu diqqət və qayğı sayəsində onlara lazım olan kadrları əldə etmişlər. Bu gün Aqrar Universitetdə belə əminlik var ki, buranı bitirən məzunlar əmək bazarında özünə layiqli yer tapacaq və universitetə başucalığı gətirəcəklər. Bunun üçün ən müxtəlif üsullardan istifadə olunur. Bunlardan biri də «Mən necə karyeramı qurdum?» layihəsidir. Layihə belə gerçəkləşdirilir: Bir tanınmış iş adamı, yaxud təsərrüfat rəhbəri universitetə təşrif buyurur, tələbələrlə görüşüb fikir mübadiləsi aparır. Burada tələbələr də danışır, diskussiyaya girişir, təşəbbüs göstərmə qabiliyyətini nümayiş etdirirlər. Bax, bu yolla fərqlənə bilənlər diqqəti cəlb edərək, özünə iş yeri qazana bilirlər.
Samux rayonunda «Birlik» MMC-nin rəhbəri Məmməd Ələkbərovun aqronomluq, Gəncə Avtomobil Zavodunun baş mühəndisi Fəxrəddin Süleymanovun maşınqayırma texnologiyası, «Qarabağ» Aqrokompleksinin direktoru Vahid Rzayevin aqromühəndislik ixtisası tələbələri ilə görüşləri hər iki tərəf üçün faydalı keçir. Yaxşı kadr tapmaq hər bir müəssisə üçün sərfəlidir. Fikir verin, görün, təkcə bu il Aqrar Universitetin tələbələri və magistrləri haralarda olublar, təcrübə keçiblər – Türkiyə, Almaniya, Polşa, Macarıstan, Sloveniya…
Ən müxtəlif proqramlar üzrə təcrübə keçmək, magistr təhsili almaq tələbənin qarşısında geniş uğurlar açır.
Son bir neçə il ərzində universitetdə elə laboratoriyalar, mərkəzlər, istixana təsərrüfatları yaradılıb ki, belə şərait bir çox təsərrüfatlarda yoxdur. Yəni, tələbə universitetin hüdudlarından kənara çıxmadan hərtərəfli və dolğun təcrübə keçmək imkanına malikdir. Bitki klinikası, patoloji anatomiya muzeyi, quşçuluq tədris-təcrübə mərkəzi, qapalı və açıq balıqyetişdirmə laboratoriyası, arıçılıq mərkəzi, baytarlıq klinikası, maşın-traktor parkı və daha neçə-neçə mərkəzlər yaradılıb. Həm də ki, bunların heç biri formal xarakter daşımır, hamısı öz təyinatı üzrə xidmət həyata keçirir. Elə bu yaxınlarda universitetin torpaqşünaslıq və aqrokimya kafedrasının elmi-tədqiqat laboratoriyası işə salınıb. Bu hadisə professor-müəllim heyəti, eləcə də tələbə və magistr kontingenti tərəfindən böyük razılıqla qarşılanıb. Azərbaycanın 11 bölgəsində torpaq və bitki analizlərinin aparılması işini yerinə yetirən belə aqrokimya laboratoriyalarından birinin məhz ADAU-da açılması əlamətdar hadisədir. Bu gün Aqrar Universitetə axın artıb. Bakı, Gəncə, Sumqayıt, Naxçıvan və digər şəhərlərdə yaşayan gənclərin bu universitetə can atması deyilənlərə əyani sübutdur. Gənclər torpağa üz tuturlar, halal zəhmət yolunu seçirlər, ölkəsinin layiqli vətəndaşı olmaq istəyirlər. Bundan böyük mənəvi-əxlaqi məziyyət ola bilərmi?
Aqrar Universitetdə tələbələrin ixtiyarına verilən yataqxana kompleksinin isə tayı-bərabəri yoxdur. Keçən il fevral ayının 12-də cənab Prezident İlham Əliyev bu möhtəşəm kompleksin açılışında iştirak edib. Kompleksin 4 korpusu yeddimərtəbəli, 1 korpusu isə altımərtəbəli binadan ibarətdir. Əsas binanın foyesində ulu öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdikləri qayğını, həmçinin Gəncəyə səfərlərini əks etdirən guşə yaradılıb. Yataqxanada zəngin kitabxana, yeməkxana, stomatoloji kabinet, fotoatelye, muzey, akt və fitnes zalları, ticarət iaşə və məişət obyektləri vardır. 257 otağın 251-i ikinəfərlik, altısı isə üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx vardır. Eyni layihə əsasında digər bir yataqxana kompleksinin tikintisi aparılır. Bu obyektin yeni dərs ilinə kimi təhvil verilməsi nəzərdə tutulur.
İki ildən sonra universitet 90 yaşını təntənəli şəkildə qeyd edəcək. Həmin vaxta qədər universitetdə daha neçə-neçə tədbirlər həyata keçiriləcək, layihələr reallaşacaq, məzunlarının səsi-sorağı çox-çox uzaqlardan gələcəkdir.

 

Zülfü İLYASOV,
bölgə müxbiri