Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Bu tarixi qələbə islam aləminin həmrəyliyi və birliyinin təntənəsidir

 

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını möhtəşəm qələbə ilə başa çatdırdı. İslamiada əsl idman bayramı oldu. Gözəl Bakımız ölkəmizə gələn qonaqlara isti qucağını açdı, qonaqpərvərliklə də yola saldı...  Bu idman bayramı haqqında təəssüratlarını bölüşmək üçün iqtisadçı alimlərə üz tutduq. Onların fikirlərini nəzərinizə çatdırırıq.


 

 

Müstəqil Azərbaycanın tarixində bu kimi hadisələr 25 il ərzində bir neçə dəfə olub. Əvvəla, bu tədbir böyük ictimai-siyasi əhəmiyyət kəsb edir. İslam dünyası bəşər sivilizasiyasının mənbələrindən sayılır. İslam dünyası zəngin təbii resurslara malikdir. Bu Oyunlarda İslam dünyası Azərbaycanda 54 dövləti təmsil edirdi. İslam dünyasının inkişafı mədəni irsin qorunması, bütövlükdə bəşər sivilizasiyasının qorunması deməkdir. Tarixi təcrübə göstərir ki, İslam dünyası bu gün bir çox çətinliklərlə üzləşib. İslam iqtisadiyyatının inkişaf səviyyəsi o qədər də güclü deyil. Lakin İslam həmrəyliyi şüarı altında keçirilən bu tədbir, heç şübhəsiz ki, onilliklər boyu İslam dünyası xalqlarının sevimli bir tədbiri kimi qiymətləndiriləcək. Nə üçün? Əvvəla, Azərbaycan bir daha sübut etdi ki, müstəqil bir dövlətdir. Müstəqil dövlətin siyasəti var. Müstəqil dövlətin bu siyasəti xalqının gələcəyinə hədəflənmiş bir siyasətdir. İslam dünyasının ölkələrinə Azərbaycanın 25 il ərzində çox böyük bir yol keçdiyi məlum oldu. Azərbaycan elə bir yol keçib ki, bir çox ölkələr əsrlər boyu bunu keçməyiblər. Bəs, bunun kökündə nə dayanır? - Azərbaycanın müstəqilliyi. Ulu öndər Heydər Əliyev qeyd edirdi ki, Azərbaycanın müstəqilliyi əbədidir. Çünki bu müstəqillik Azərbaycan xalqını xoşbəxtliyə aparacaqdır. Eyni zamanda, cənab prezident dəfələrlə qeyd edib ki, bizim müstəqilliyimiz olmasaydı, iqtisadi müstəqilliyimiz olmasaydı, biz bu kimi möhtəşəm layihələrə imza ata bilməzdik. Yəni, ilk növbədə, Azərbaycan dövlətinin düşünülmüş sistemli sosial-iqtisadi siyasəti, Azərbaycan dövlətinin bir dövlət kimi dünyada rolunun artmasına xidmət edən kompleks tədbirlər bu imkanları yaratmışdır. Azərbaycan bu gün beynəlxalq aləmdə öz sözünü deyən bir dövlətə çevrilmişdir. Ərazisi o qədər böyük olmayan bir dövlətik, əhalimiz 10 milyona yaxınlaşıb. Azərbaycan 25 il ərzində əsrlərə bərabər olan bir inkişaf yolu keçmişdir. Bizim çox əziyyətli günlərimiz olub, məşəqqətli günlərimiz olub, ancaq biz yenə bu gün dünyaya sübut edirik ki, Azərbaycan var, Azərbaycan müstəqil dövlətdir. Onun bütün amalı bəşəri sivilizasiyanın ən yüksək keyfiyyətlərini qoruyub saxlamaqdır. İslam həmrəyliyi şüarı altında keçirilən bu tədbirin böyük mənası var. İslam dünyası birləşməlidir, həmrəy olmalıdır, qloballaşan dünyada İslam dünyasına qarayaxmalar olur, haqsız hücumlar olur, hər bir terroru İslamla əlaqələndirirlər. Amma Azərbaycan bu gün sivil dünya qurur, sivil cəmiyyət qurur. Dünyanın ən qlobal forumları Azərbaycanda keçirilir. Yəni, bizim əldə etdiyimiz böyük nailiyyətlərin kökündə ilk növbədə, cənab prezident dayanır, onun apardığı möhtəşəm siyasət durur. O, dəfələrlə qeyd edib ki, idman sağlam həyat tərzidir, idman inkişafdır, idman mənəviyyatdır, mədəniyyətdir. İslam dünyası oyunları nəyi göstərdi? İslam oyunları millətimizin dinamik surətdə inkişafını, mədəniyyətin yüksəlməsini göstərdi. İslam dünyasının bu oyunları, bundan qabaq keçirilən oyunlar göstərir ki, minlərlə, on minlərlə, yüz minlərlə insanlar Azərbaycan idmançılarının əldə etdiyi uğurları özününkü kimi qəbul edirlər. 160-dan artıq medalın qazanılması, İslam ölkələri içərisində birinci yeri tutmaq... Bu, bütövlükdə dövlət siyasətinin nəticələridir.
Təşkilat komitəsinin sədri Mehriban xanım çıxışında bir məqamı qeyd etdi: Biz həmişə dünya standatlarından danışırıq, tədbirlərdə həmişə çalışmışıq ki, Avropa təcrübəsini dünya standartlarını nəzərə alaq. Amma bu gün birmənalı demək olar ki, Azərbaycan bu kimi tədbirlərə özünün standartlarını artıq tədbiq edir.
Eləcə də, Azərbaycan mədəniyyəti, Azərbaycan xalısı. Azər­baycan xalısı haqqında saat­larla danışmaq olar. Azərbaycan xalçasının hazırlanması böyük bir məktəbdir. Ona görə Mehriban xanımın məsələyə sistemli yanaşması, Azərbaycan mədəniyyəti, Qərb mədəniyyəti, Şərq mədəniyyətinin bir yerdə sintezi göstərir ki, ey insanlar, ayılın, baxın, Azərbaycan bəşər sivilizasiyasının qədim məskənlərindən biridir. Ona görə də mənim aldığım təəssürat ondan ibarətdir ki, bu, Azərbaycan xalqının tarixi qələbəsidir. 54 ölkənin nümayəndəsi Bakıya gəldi, Azərbaycanda aparılan quruculuq işlərini gördülər, Azərbaycanda sabitliyi gördülər, Azərbay­canda dinamik inkişaf edən insanları, gəncləri gördülər. Tə­bii ki, onlar öz ölkələrinə qa­yıdacaqlar. Deyəcəklər ki, biz cənnətə düşmüşdük. Bu, nə­yi göstərir? Azərbaycan dövləti­nin iqtisadi müstəqilliyinin, si­yasi müstəqilliyinin həmişə qo­runub saxlanılmasını göstərir. Bir sözlə, mən demək istəyi­rəm ki, bu, bizim tarixi qələbəmizdir, bu, eyni zamanda, bizim qarşımıza böyük məsuliyyət qoyur.
Qloballaşan dünyada insanlar bundan sonra ancaq bu kimi yarışlarla, bu kimi tədbirlərlə imiclərini qaldırırlar. Mənim arzum ondan ibarətdir ki, biz kollektiv düşüncə tərzinə malik olaq. Və bu gün Azərbaycanda mövcud olan konsensus, mövcud olan həmrəylik, xalqın birliyi, gənclərlə orta nəsil arasında əlaqələrin möhkəmlənməsi, təhsilimizdə baş verən yeniliklər. Bütövlükdə, bütün bunlar Azərbaycanın çox dinamik, keyfiyyətli inkişafını təmin edən əsas göstəricilərdəndir. Bu göstəricilərə nail olmaq üçün dövlətin düşünülmüş iqtisadi siyasəti var. Mən iqtisadçı kimi deyə bilərəm ki, Azərbaycanın gələcəyə hədəflənmiş böyük strategiyası var. Dünyanın aparıcı ölkələri Azərbaycana gəlirlər, Azərbaycan haqqında imic formalaşdırırlar. Yaxşı imic geniş miqyaslı investesiya deməkdir, yaxşı imic Azərbaycanın xarici əlaqələlərinin genişlənməsi deməkdir. 54 müsəlman ölkəsi ilə biz gələcəkdə iqtisadi əlaqələrimizi möhkəmləndirsək, idxal-ixrac əməliyyatlarını təkmilləşdirsək, görün, Azərbaycan üçün nə qədər böyük imkanlar yaranır.
Heç şübhəsiz, may ayı bizim üçün önəmli aydır. Çox böyük tarixi şəxsiyyət olan ulu öndər Heydər Əliyev may ayında dünyaya gəlib, onun da doğum günü yüksək səviyyədə qeyd olundu. May ayı bizim vətən müharibəsində qələbəmizdir, Bakı nefti olmasaydı, faşizm üzərində qələbəmiz olmazdı. 28 may hamımız üçün böyük müqəddəs gündür, çünki Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa edib: 1918 və 1991-ci ildə. Azərbaycan müstəqil olmasaydı, biz bu nailiyyətlərə imza ata bilməzdik. Sovet dövründə bizim idmançılarımız sovet bayrağı altında çıxış edirdilər, onda Azərbaycan yada düşmürdü, sovet himni səslənirdi. Bu gün biz müstəqil dövlətik. İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın himni 75 dəfə səslənib, 162 dəfə də bayraq qaldırılıb. Müstəqillik əsas meyardır, şərt­dir, əsas həlledici amildir. Azərbaycan müstəqilliyi­nin 99-cu ilini başa vurur, gə­lən il Allah qoysa, 100 illiyi qeyd edəcəyik. Azərbaycanın müs­təqillik illərində əldə etdi­yi uğurlar əsrlər boyu əldə edi­lən uğurlara bərabərdir. Ulu ön­dərin sözü ilə desəm, müs­təqilliyimiz əbədidir, dönməzdir və Azərbaycan dünyaya gü­nəş kimi doğacaq!

Akademik
Ziyad Səmədzadə

 


 

 

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan böyük tarixi qələbəyə imza atdı. Belə ki, maraqla izlədiyimiz bu Oyunlarda idmançılarımız 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq, komanda hesabında birinci oldular. Bu, böyük tarixi qələbədir. Mən idmançılarımızla fəxr edirəm.
Bu oyunlar göstərdi ki, Azərbaycanda aparılan düşünülmüş siyasət, o cümlədən idman sahəsində öz bəhrəsini verməkdədir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər ərzində bu istiqamətdə atılmış addımlar öz gözəl nəticəsini verdi.
Oyunlarda 100-dən çox ölkə iştirak etmişdir. Bu o deməkdir ki, həmin 100 ölkə arasında Azərbaycan öz sözünü deyir, onu bütün dünya tanıyır. Hazırda Azərbaycan həm Qərb dünyasında, həm də müsəlman aləmində etibarlı tərəfdaş, dost və qüdrətli dövlət kimi tanınır.
Hesab edirəm ki, idmanda qazandığımız bu nailiyyətlər, bu uğurlar ölkəmizin şöhrətini artırır, onu dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya qoyur.

 

Akif Musayev,
AMEA müxbir üzvü, professor

 


 

 

Azərbaycan daha bir nüfuzlu beynəlxalq idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi və bütün dünya bu oyunların yüksək səviyyədə keçdiyinin şahidi oldu.
Ölkə rəhbərliyinin yürütdüyü daxili və xarici siyasətin İslam mədəniyyətinin, multikultural dəyərlərin və tolerant həyat tərzinin formalaşmasında nə qədər böyük rol oynadığı aydın təsəvvürlərlə dünyanın bir daha diqqətinə çatdırıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Oyunların Təşkilat Komitəsinin üzvləri ilə görüşündə bildirmişdi ki, bədxahlara, anti-Azərbaycan, islamafob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır. Gəlsinlər, öz gözləri ilə İslam dininə sadiq olan dünyəvi Azərbaycanın bütün mənalarda inkişafını görsünlər.
Həqiqətən, bu, belə də oldu, xarici qonaqlarımız yerli və dünya mediasından təəssüratlarını bölüşərək, yüksək qonaqpərvərlikdən, şahidi olduqları tolerant mühitdən razı qaldıqlarını bildirdilər.
Möhtərəm Prezidentimiz 2017-ci il 23 may tarixində IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə söylədiyi nitqində Azərbaycanın bu Oyunlarda növbəti qələbə qazandığını qeyd etdi və bu parlaq qələbə münasibətilə bütün idmançıları, məşqçiləri, idman mütəxəssislərini ürəkdən təbrik edərək, onlara yeni qələbələr, uğurlar arzuladı. Eyni zamanda, cənab Prezident bildirmişdir: “Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd etmək istəyirəm. Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb, bütün hazırlıq prosesi diqqət mərkəzində idi. Təşkilat Komitəsi ən xırda məsələyə qədər bütün lazımi tədbirləri görüb ki, həm idmançılar, həm də qonaqlar üçün yaxşı şərait yaradılsın. Ölkəmizə minlərlə xarici qonaq gəlmişdi. Mən Təşkilat Komitəsinin işini çox yüksək qiymətləndirirəm...”
Bu Oyunlar bütün dünyaya xalqımızın nə qədər sülhsevər zəngin tarixə və mədəniyyətə, irsə malik olduğunu göstərməklə bərabər, son illərdə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə sıçrayışlı inkişafa nail olunduğunu, Azərbaycanın İslam dəminin mayakına çevrildiyini bariz nümayiş etdirdi.
Azərbaycan Respublikasının Auditorlar Palatasının kollektivi və üzvləri adından IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsini çox yüksək qiymətləndirir, bu Oyunlarda Azərbaycanın növbəti qələbə qazanması münasibətilə möhtərəm Prezidentimizi, Azərbaycanın birinci vitse-prezidenti, Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanı, qalib idmançıları, onların məşqçiləri və idman mütəxəssislərini ürəkdən təbrik edirəm, ölkəmizin gələcəyi naminə bir daha yeni-yeni qələbələr, uğurlar arzulayıram.

 

Vahid NOVRUZOV,
iqtisad elmləri doktoru, professor

 


 

 

Hər dəqiqəsini maraqla iz­lədiyimiz “Bakı-2017” bütün dünyaya sülh mesajı verdi. Azərbaycan idmançıları öz şanlı qələbələri ilə İslam dün­yasının ən yaxşıları ol­duqlarını sübuta yetirdilər.
Bu Oyunlar bir daha təsdiqlədi ki, İslam ölkələri arasında həmrəylik güclənməkdədir. Biz yarışlarda şahidi olduq ki, siyasi cəhətdən bir-biri ilə o qədər də yaxın mü­na­si­bətləri olmayan ölkələrin nümayəndələri bir-birini təb­rik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sı­xır­lar. Məqsəd də bu idi – adından da göründüyü kimi, İslam Həmrəyliyi Oyunları sülhü, dostluğu, əməkdaşlığı tərənnüm edir.
Oyunların keçirildiyi 10 gün ərzində idmançılarımız xal­qı­mıza qələbə sevinci bəxş etdilər. Bu zəfər, bu təntənə Azərbaycana yaraşır! Sağ ol, yaşa, Azərbaycan!

 

Qorxmaz İmanov,
AMEA müxbir üzvü, professor

 


 

 

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları bizlərə və bütünlüklə beynəlxalq idman ictimaiyyətinə möhtəşəm duyğular yaşatdı. Bu oyunlar özəlliyi və ehtişamı ilə ölkəmizin qüdrət və imkanlarını, Azərbaycanın İslam sivilizasiyasına dərin bağlılığını, onun dayanıqlı bir idman dövləti kimi daim inkişafda olduğunu yenidən dünyaya bəyan etdi. Bütün bu iftixar və rifahların önündə qürurumuz - möhtərəm Prezident cənab İlham Əliyevin xalqımızdan güc alaraq, birliyimizi və dövlətimizi ucaldan qətiyyəti və əzmkar səyləri dayanır. Bu mötəbər idman tədbirinin uğurla keçməsində “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın əməyinin əvəzsiz olduğu da xüsusilə vurğulanmalıdır.
Bir daha xalqımızı 4 qitənin 50-dən çox ölkəsinin nümayədələrinin qatıldığı böyük İslam dünyasının əsas idman bayramının uğurla başa çatması və idmaçılarımızın zəfərləri ilə Azərbaycanın bu yarışmada lider mövqedə qərar tutması münasibəti ilə təbrik edirik.
Yaşa, Azərbaycan! Var ol, İslam həmrəyliyi!

 

Elşən Hacızadə,
iqtisad elmləri doktoru, professor


 

 

Ölkəmiz IV İslam Həmrəyliyi Oyunları ilə bütün dünyaya Azərbaycanın idman ölkəsi olduğunu sübut etdi. Azərbaycan həm ilk Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən yeganə dövlətdir. İki il əvvəl Azərbaycan I Avropa Oyunları çərçivəsində bütün Avropa qitəsini bir araya gətirmişdisə, bu dəfə dörd qitənin İslam dünyasının insanlarını Bakıda birləşdirdi. Azərbaycan həm də İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrildiyini bir daha təsdiqlədi.
İslamiadada Azərbaycan idmançıları böyük tarixi qələbə qazandılar. Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın söylədiyi kimi, İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifə açdı və beynəlxalq idman ictimaiyyəti üçün növbəti unudulmaz hadisə kimi tarixə qızıl hərflərlə yazıldı.

 

Arif Hüseynov,
iqtisad elmləri doktoru