Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət

hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti

 

“Musiqi kliplərinin yayımı ilə bağlı Almaniyada məhkəməyə verilən Youtube iddianı uduzdu”, “Aplle-dan Qualcomm-a 1 milyard dollarlıq müəllif hüquqları iddiası” ...Gördüyümüz kimi, müəllif hüquqları ilə bağlı zaman-zaman böyük və yetəri qədər məşhur korporasiyalar da məhkəmə çəkişmələrinə cəlb olunmuş, hətta bəzən iddianı uduzmuşlar. Təbii ki, müəllif hüquqları geniş anlayışdır və bu cür problemlər hərdən qanunu tam olaraq anlamamaqdan irəli gəlsə də, bəzən bilərəkdən pozulma halları ilə də qarşılaşmaq mümkündür. Qanunları bilmək önəmli olduğu qədər onu başa düşmək və əməl etmək də vacibdir. Xüsusilə, yaşadığımız informasiya cəmiyyətində bu məsələlər daha böyük önəm kəsb etməyə başlamışdır.

 


“Bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir”
Fransız filosofu Şarl Lui Monteskyo tərəfindən çox yerində deyilmiş bu sözləri elə müəlliflik hüququ ilə bağlı məsələlərə də aid etmək olar və bu “hədə”lərin də qarşısını almaq üçün qanunlara müraciət edilir. Qanunlara, əsasən də insan əməyinin nəticəsi olaraq ərsəyə gələn məhsullar ilə bağlı qanunlara əməl olunması ilk növbədə etik xarakter daşıyır. Çünki hər hansı bir məhsul kiminsə, yaxud kimlərinsə əməyinin, zəhmətinin nəticəsi olaraq yaranır. Xüsusilə, müasir dövrdə icazəsiz surəti çıxarılaraq yayılan çoxsaylı kitab, CD, musiqi əsəri və s. kimi xəbərlərlə tez-tez qarşılaşırıq. Əqli mülkiyyət anlayışı da insan zəkasının, onun intellektual biliyinin, zehni əməyinin ortaya çıxardığı musiqidən ədəbiyyata, sənaye yeniliklərindən elmi innovasiyalara qədər uzanan geniş bir sahəni əhatə edir. Təbii ki, hər hansı bir məhsul biz onu ictimaiyyətə açıqlamadığımız və ikinci şəxslərə demədiyimiz müddətcə qorunmaq ehtiyacı da yaratmayacaqdır. Ancaq istər fikir, istərsə də hazır məhsul olaraq onun haqqında başqasına dedikdə və ya iqtisadi məqsədlə ictimaiyyətə açıqladıqda, hüquqi cəhətdən qorunma ehtiyacı da yaranmış olur.
Şəxsi, yoxsa ictimai maraqlar, hansını seçməli?
Əqli mülkiyyət hüququ həm sənaye yeniliklərinin (texnoloji yeniliklər, yeni modellər və s.), həm də audioviziual əsərlərin (ədəbiyyat, musiqi, incəsənət əsərləri və s.) qorunması məsələlərini özündə birləşdirir. Bu əsərlərin hər biri istər estetik zövqümüzə təsir baxımından, istərsə də fiziki əməyi yüngülləşdirmək yönündən cəmiyyət üçün faydalıdır. Elə ölkəmizdə də müəlliflik hüququnun subyekti olan əsərlərə daha çox yaradıcı və mədəni aspektdən yanaşılır. İlk olaraq həmin məhsulun cəmiyyət üçün əhəmiyyəti və onun müəllifinin hüquqlarının qorunması nəzərə alınır. Təbiidir ki, hər bir müəllif öz əsərini ictimaiyyətə açıqlayarkən yalnız rəğbət hissini güdmür, həmçinin öz mənfəətini də diqqətə alır. Lakin hər yeni əsərdə iqtisadi maraqlardan əvvəl onun ictimai əhəmiyyəti və cəmiyyətə verəcəyi fayda nəzərə alınmalıdır. Çünki biz hər hansı məhsula iqtisadi və kommersiya maraqlarından yanaşdıqda, istər-istəməz şəxsi maraqları ictimai maraqların önünə qoymuş oluruq. Təbiidir ki, bu, heç də düzgün yanaşma olaraq qiymətləndirilə bilməz. Tutaq ki, insanların həyat boyu əziyyət çəkdikləri hansısa sağlıq problemi ilə bağlı çox böyük əhəmiyyət daşıyan yeni məhsul hazırlanıb. Belə məqamda isə maraqlı və mübahisə doğuran çoxsaylı suallar meydana çıxır: ilk növbədə müəllif hüququ məsələsini, patentləşdirmə işinimi həll etmək lazımdır, yoxsa həyatı məhz həmin məhsuldan asılı olan insanlarımı düşünmək? Yaxud hansısa ölümcül xəstəliyi müalicə edəcək bu məhsulun qiyməti patentləşdirmə ilə əlaqədar həddən artıq qalxır və xəstələr onu ala bilmirlərsə, prioritet olaraq insaların həyatımı, yoxsa həmin məhsulun patentləşdirilmə qiymətimi götürüləcək? Bu suallara subyektivlikdən çıxış edərək, hər kəs fərqli cavablar verə bilər, lakin obyektiv cavab vermək bir qədər çətindir. Çünki onu da nəzərə almaq lazımdır ki, əgər məhsul öz sahibinə kifayət qədər qazanc gətirmirsə, onun iqtisadi maraqlarını təmin etmirsə, bu, onu yeni araşdırmalara təşviq də etməyəcək. Ona görə də bu mövzuların müzakirəsi istər-istəməz mübahisə doğurur.
Varislərə etibar etmək olarmı?
Hər bir məhsulun, yaxud əsərin müəlliflik hüququ ilə qoruna bilməsi üçün onun qeydiyyatdan keçməsi, daha doğrusu, patentləşdirilməsi çox vacibdir. Bu, müəllifin həmin məhsul üzərində hüquqlarının qorunması baxımından da çox önəmlidir. Lakin nəzərə alaq ki, məhsulların, əsərlərin qorunma müddəti müəyyən bir dövrü əhatə edir. Bu, xüsusilə ədəbiyyat və incəsənət sahəsinə aid əsərlərdə hər zaman mübahisə mövzusu olmuşdur. Təbiidir ki, ədəbi və bədii əsərlər ictimai və mədəni maraqlar baxımından mühüm əhəmiyyət daşıyır və o əsərlərin ictimaiyyətə açıqlanması ölkənin mədəni səviyyəsində də özünü göstərir. Lakin bəzən elə olur ki, hansısa yazıçının, yaxud şairin ölümü ilə onun əsərləri ailənin digər üzvlərinə miras qalır. Həmin şəxslər isə bu əsərlərin şəxsi, ya hansısa digər səbəblərdən cəmiyyətə açıq olmasına imkan vermir. Buna nümunə olaraq məşhur İrland yazıçı və şairi Ceyms Coysu göstərmək olar. O, "Rəssamın cavanlıq portreti", "Uliss" romanlarının, "Sürgün olunmuşlar" pyesinin, "Dublinlilər" kitabının və s. müəllifidir. Yazıçının ölümü ilə onun bütün əsərləri nəvəsi Stefan Coysa miras qalır. Lakin o, bu “miras”ın tək bir cümləsinin yayımlanmasına, hətta babasının əsərlərinə hansısa kinoların çəkilməsinə, teatrların təşkilinə belə imkan vermir, kiçik icazə almaq belə çox böyük çətinliklərlə başa gəlirdi. Hətta Stefan Coys əsərlərdən bircə sətir götürüb istifadə edənlərə qarşı da məhkəməyə müraciət edirdi. Əlbəttə, biz yazıçının əsərlərinin nəvəsi tərəfindən bu cür “mökhəm” qorunmasını ictimai və mədəni baxımdan mənfi hal kimi qiymətləndiririk. Ancaq onu da nəzərə almaq lazımdır ki, çox vaxt bu cür addımlar sırf o əsərin ilk günkü dəyərini saxlamaq məqsədi daşıyır. Yəni, varislər sadəcə əsəri edilə biləcək dəyişiklik və təhriflərdən qorumağa çalışırlar. Bəzən isə varislər ümumiyyətlə müəllifin vəsiyyətinə əməl etmirlər, yaxud onlara etibar edilən əsərlərin taleyi ilə maraqlanmır və etinadsız yanaşırlar. Lakin bunun yaxşı və ya pis bir hal olduğunu demək isə çox çətindir. Məsələn, əgər Maks Brod yaxın dostu Frans Kafkanın vəsiyyətini yerinə yetirsəydi, biz bu gün onun əsərlərinin bir çoxu ilə tanış ola bilməyəcəkdik. Çünki Kafka Broda ölümündən sonra əsərlərinin yandırılıb yox edilməsini vəsiyyət etmişdi, lakin Brod onları yandırmadı, əksinə yayımladı. Təbii ki, bu cür məsələlərdə də müəllif hüquqları mübahisə doğurur.
Kommersiya maraqlarını pozan amillər
Nəzərə alaq ki, hər bir məhsulun, əsərin ərsəyə gəlməsi nəinki onun müəllifinin əməyinin, zəhmətinin, həmçinin sərf etdiyi müəyyən xərclərin də nəticəsidir. Ona görə də burada iqtisadi və kommersiya maraqlarının da gözlənilməsi normaldır. Hər bir müəllif də təbii olaraq əməyinin qarşılığını almalı, başqa şəxslər isə icazəsiz və qarşılığını ödəmədən bundan yararlanmamalıdır. Müəllif hüququ ilə qorunan əsərlərdə iqtisadi və kommersiya maraqları daha çox xarici ölkələrin təcrübəsinə xas amildir. Belə məhsul və ya əsərlərdə iqtisadi maraqların toqquşması daha çox ticarət markaları və adları ilə bağlı olur. Çünki hər markanın öz alıcıları var və həmin marka sahibi də o markanın dəyərini hər zaman yüksək tutaraq, bundan qazanc götürür. Lakin bəzən müxtəlif şəxs və ya təşkilatlar o marka ilə eyni adda məhsul istehsal edirlər. Bu da müəllifin hüquqlarını pozmaqla bərabər, onun əziyyətlə formalaşdırdığı addan asan şəkildə yararlanmaqla nəticələnir. Lakin burada yalnız iqtisadi maraqlar pozulmur. Çünki bəzən eyni ticarət markasından istifadə edən şəxs və ya təşkilatın məhsulu mövcud markanın məhsullarından keyfiyyət göstəriciləri baxımından çox-çox geridə qalır ki, bu da müştəri maraqlarının itirilməsi və həmin markanın adına xələl gəlməsi deməkdir. Son nəticədə, təbii ki, bu, yenə də müəllifin kommersiya maraqlarına mənfi təsir göstərir. Hətta bəzən bir hərflə fərqlənən ticarət markaları adına da təsadüf edilir. Təbii ki, burada ad tam eyni olmasa da, az məlumatlı və ya həmin markanın adını təxmini eşitmiş biri üçün o məhsulun nə qədər keyfiyyətli olub-olmaması da mübahisə doğurur. Ona görə də bəzən bu tipli məhkəmə çəkişmələrinə də rast gəlinir və mövcud vəziyyət qanundan çıxış edərək tənzimlənir.
Haqlar necə qorunur?
Belə məhsul, yaxud əsərlərin çoxaldılaraq satılması və ya başqa bir məhsulun hazırlanması üçün müxtəlif şəxs və ya təşkilatlara icazələrin verilməsi, o cümlədən bunlarla bağlı müqavilələrin bağlanması zamanı bu haqların qorunması və hüquqi məsələlər gündəmə gəlir. Müəlliflik və əqli mülkiyyət hüquqlarının qorunmasının ilk baxışda ölkədaxili normativ hüquqi qaydalarla qorunmasının yetərli olduğunu düşünə bilərik. Bu da normaldır. Çünki hər bir ölkədə müəllif hüquqlarının qorunması o ölkənin səlahiyyətli qurumlarına aiddir. Lakin nəzərə alsaq ki, hər hansı məhsul bazara çıxarıldığı zaman müəlliflik və əqli mülkiyyət hüquqlarının da sərhədlərini genişləndirir, deməli, burada artıq beynəlxalq normalar da əhəmiyyət daşımağa başlayır.
Müəllif hüquqlarına dair ən mühüm beynəlxalq razılaşmalar 1883-cü ildə imzalanmış Paris Konvensiyası və 1886-cı ildə imzalanmış Bern Konvensiyasıdır. Bu konvensiyalar ilə sənaye yenilikləri, bunlarla bağlı yaranan kommersiya məsələləri, əqli mülkiyyət hüquqlarının qorunması mövzusunda beynəlxalq əməkdaşlıq, bu sahədə ehtiyac duyulan hüquqi tənzimləmələr əhatə olunmuşdur. İlk başlarda yalnız müqavilələrin həyata keçirilməsini izləmək məqsədilə yaradılan bir sıra bürolar isə zamanla inkişaf edərək, WIPO-ya (World Intellectual Property Organization), yəni ÜƏMT-yə (Ümumdünya Əqli Mülkiyyət Təşkilatı) çevrilmişdir. ÜƏMT-yə üzv olan dövlətlərin sayı 200-ə yaxındır. Azərbaycan Respublikası isə 1995-ci ildə ÜƏMT-yə üzv olmuşdur və bu təşkilatın əqli mülkiyyət hüquqlarının fərqli sahələrini tənzimləyən 23 razılaşmasından 17-sinə tərəfdir. Ölkəmizdə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu isə 1996-cı il iyunun 5-də qəbul olunmuş, oktyabrın 23-dən qüvvəyə minmişdir.

 

Hüseynova Mətanət