Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Böyük Vətən müharİbəsİnİ səhİfələrİndə əbədİləşdİrən KİTAB...

 

Prezident İlham Əliyevin “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 23 fevral 2015-ci il tarixli Sərəncamına əsasən hazırlanan, həm Azərbaycan, həm rus dilində nəşr edilən “Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” kitabı Azərbaycan üçün, xalqımız, millətimiz üçün, ümumilikdə, bəşəriyyət üçün tarixi hadisədir...
Yeni və dəyərli layihə
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, görkəmli iqtisadçı alim, elm xadimi, akademik, AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının üzvü Ziyad Səmədzadənin rəhbərliyi ilə hazırlanmış “Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” adlı kitab qarşımızdadır. Kitabın adı, üz qabığı, nəfis və yüksək zövqlə tərtibatı onu açmadan, vərəqləmədən belə oxucunu özünə cəlb edir, mövzusu ilə bağlı son dərəcə dəyərli bir mənbə olduğunu “söyləyir”. Kitabı vərəqlədikcə isə onun sanbalı daha çox üzə çıxır, nə qədər böyük vətənpərvərliyin, gərgin zəhmətin, fədakar əməyin bəhrəsi olduğunu diqtə edir. Etiraf edəcəyəm: çox vacib və ağır mövzuya həsr olunan bu kitab məni, həm də, sözün yaxşı mənasında, heyrətləndirdi. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin akademik Ziyad Səmədzadənin qlobal və milli iqtisadiyyat haqqında fundamental 7 cildliyinin – “Böyük İqtisadi Ensiklopediya”nın təqdimat mərasimində söylədiyi fikri xatırladım: “Səmədzadəni tanıyanlar bilirlər ki, o, rahat dayanan adam deyil. Mütləq bizi yeniliklərlə təəccübləndirməlidir...”
Bəli, akademik Ziyad Səmədzadə növbəti dəfə bizi daha bir fundamental işi, yeni və çox dəyərli bir layihəsi ilə təəccübləndirdi: məhsuldar ictimai və parlament fəaliyyəti, iqtisadçı alim kimi tədqiqatları belə onun yeni layihələrinə mane ola bilmir. Həmkarı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, iqtisad elmləri doktoru, professor Eldar İbrahimovun dediyi kimi, “hər kəsin, hətta mənəm-mənəm deyən gənc alimlərin də həsəd aparacağı səviyyədə tükənməz enerjisi və işgüzarlığı” ilə yeni, eyni zamanda, çox dəyərli layihələrini davam etdirir. Bu dəfə isə akademik Azərbaycan üçün, xalqımız, millətimiz üçün, böyük anlamda bəşəriyyət üçün, bu gün nehrə kimi çalxalanan dünyamız üçün çox böyük əhəmiyyətə malik yeni nəşri ilə bizi sevindirdi. Alimin rəhbərliyi ilə zəngin arxiv materialları və sənədlər əsasında hazırlanan “Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” kitabı Azərbaycanın, Azərbaycan neftinin 1941-1945-ci illər müharibəsindəki əvəzedilməz rolunu arxiv sənədləri, tutarlı faktlar əsasında sübut edən mükəmməl bir topludur. Bu, elmi və ziyalılığı ilə xalqını dünyada tanıdan əsl elm fədaisi, akademik Ziyad Səmədzadənin vətənpərvərliyinin, Vətənə və xalqa xidmətinin daha bir yüksək təcəssümüdür. Əslində, bu toplunu alimin rəhbərliyi ilə bundan əvvəl işıq üzü görən “Qaliblər”, “Bakı nefti olmadan qələbə mümkün deyildi” adlı xüsusi buraxılışların davamı da adlandlırmaq olar...
Tarix bunları unuda bilməz, unutmamalıdır
Müharibələr heç zaman sevinc, uğur gətirmir, dərd, məşəqqət, müsibətlər gətirir. Müharibələr fəlakət, ölüm, çox sayda insan tələfatı, dağıntı, iqtisadi itkilərlə nəticələnən amansız bir bəladır. I və II dünya müharibələri artıq çoxdan tarixin arxivinə qovuşsa da, miqyası və böyük itkiləri ilə insanlıq tarixində, bəşər tarixində pozulmaz iz qoyub, nəticələri ilə insanların hafizəsinə əbədi həkk olunub. “Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” kitabı öz səhifələrində dünyanı fəlakətə bürüyən bu müharibələrin çox amansız və ağır “mənzərə”sini yaradıb.
Azərbaycan da həmin müharibələrdən, bütün mənalarda çox ciddi mənəvi və maddi ziyan çəkib. Bu baxımdan kitabda xalqımızın tarixi taleyi ilə bağlı çox qiymətli sənədlər yer alıb. Kitab ulu öndər Heydər Əliyevin fikri ilə başlayır və titul vərəqində verilən bu fikri, bütövlükdə, nəşrin leytmotivi hesab etmək olar: “Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, İkinci Dünya müharibəsində, Böyük Vətən müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olubdur. Bir daha deyirəm, həm övladlarımızın cəbhədəki qəhrəmanlığı, həm də neft hasilatı, cəbhəyə lazım olan bütün başqa ləvazimatların istehsalı sahəsində Azərbaycan xalqının xidmətləri misilsiz, əvəzsiz, tarixidir.”
Kitab 11 bölmədən ibarətdir. Sözümün əvvəlində həmin bölmələrin adlarını xatırlatmağı vacib bilirəm, çünki elə təkcə bu adlar Azərbaycanın Böyük Vətən müharibəsindəki Qələbədə oynadığı müstəsna rol haqqında çox mətləbləri diqqətə çatdırır: “Veteranlar bizim sərvətimiz və şərəfimizdir”, “Bakı nefti dünya siyasətinin tərkib hissəsidir”, “Bakı neftinin Qələbədə əvəzolunmaz rolu (faktlar və sənədlər)”, “Onlar Vətənə və elmə xidmət edirdilər”, “Ordunu yedizdirib-içizdirir, geyindirirdilər”, “Xəzər Nəqliyyat Donanması müharibə illərində”, “Parad – faşizm üzərində qələbənin təntənəsi”, “Azərbaycan-Rusiya: strateji tərəfdaşlıq”, “Məqsəd Azərbaycan iqtisadiyyatının dayanıqlı, güclənən inkişafıdır”, “Güclü Ordu dövlət təhlükəsizliyinin qarantıdır”, “Tanı, xatırla, fəxr et!”...
Bu bölmələrin hər biri ayrı-ayrılıqda müharibə dövrü haqqında çox tutarlı, zəngin və böyük dəyər kəsb edən mükəmməl mənbədir. Akademik Ziyad Səmədzadə və onun komandası bu mənbə ilə Böyük Vətən müharibəsini qədirbilənliklə tariximizin yaddaşına “köçürüb”. Bəs, görəsən, hörmətli akademiki son dərəcə əziyyətli və məsuliyyətli bu işə çiyin verməyə nə vadar edib? Sualın ən yaxşı cavabını onun “Hörmətli oxucu” adlı ön yazısında tapmaq olar: “Elm və siyasət, bir anlıq da olsa, dayanmağa, dönüb geri boylanmağa aman vermir. Ancaq elmə, elmi işlərə, siyasətə başım nə qədər qarışmış olsa da, müharibəli uşaqlıq illərimin xatirələri, xüsusən də, həmin çağlara aid bir epizod tez-tez yaddaşımdan qopub gözümün önünə gəlir. Günlərin birində bizim kəndə, Buzovnaya səs yayıldı ki, dənizin sahilinə hərbi təyyarə düşüb. Bunu eşidən uşaqları dayandırmaqmı olardı?! Mən də uşaqlara qoşulub həmin yerə qaçdım. Ancaq sahilə yaxınlaşar-yaxınlaşmaz hərbiçilər bizi saxladılar. Bu xatirələr çoxdankı bir arzumu, müharibə haqqında, daha doğrusu, Böyük Vətən müharibəsi dövrünün iqtisadiyyatı haqqında kitab yazmaq istəyimi qəlbimdə gündən-günə artırır, qüvvətləndirir...”
Kitab məhz bu ali istəyin nəticəsi kimi araya-ərsəyə gəlib. Yeri gəlmişkən, müharibə dövrünün nəslinə mənsub olan, uşaqlıq illəri həmin vaxta düşən, o illərdə “müharibənin dəhşətlərini tam təsəvvür edə bilməyən”, onu ancaq “gətirdiyi aclığa görə lənətləyən” akademikin kövrək, həzin notlara köklənən və nikbinliklə sona çatan “ön yazısı” kitabın ən təsirli parçalarından biridir. Müharibə xatirələrindən sonra müəllif Azərbaycanın Böyük Vətən Müharibəsindəki danılmaz xidmətlərini qısaca sadalayır və qənaətini bölüşür: “Mən bu fikirdəyəm ki, Vətənin o dar günlərində özlərinin rəşadətli əməyi ilə qəhrəmanlıq nümunələri göstərən Bakı neftçilərinin xatirəsini fundamental tədqiqatlarla, sanballı kitablarla əbədiləşdirmək olduqca vacibdir”. Bundan sonra isə Dağlıq Qarabağ münaqişəsini, onun acılarını yada salaraq Sovet İttifaqının rəhbərliyini qınayır: “Xalqımız təəssüflənir ki, Bakı neftçilərinin qəhrəmancasına döyüşünə ümidlə baxan Sovet İttifaqı rəhbərliyi dinc günlərdə bizdən üz döndərdi, xüsusilə Bakı neftçilərinin əməyinə layiqli və ədalətli qiymət vermədi. Azərbaycan xalqının, Bakı neftçilərinin əməyini qiymətləndirmək əvəzinə ələ düşən ilk fürsətdə xalqımızın milli qüruruna toxunaraq, bizə əcdadlarımızdan qalmış ən qiymətli əmanətin – dədə-babalarımızın alın təri, qanı ilə suvarılmış torpaqlarımızın işğalında erməni qəsbkarlarına havadarlıq etdi”.
Bu doğru qınaqdan sonra düşünürsən ki, akademik Ziyad Səmədzadənin yeni layihədə əsas məqsədi, həm də bütün araşdırmaların fonunda nəzərləri Azərbaycanın ən ağrılı probleminə - Dağlıq Qarabağ münaqişəsinə yönəltmək, bu həqiqəti dünyanın diqqətinə çatdırmaqdır. Bax, burada alim Bakı neftini iqtisadi müstəvidən siyasi müstəviyə keçirir...
Bəli, tarix bunları unuda bilməz, unutmamalıdır, yadda saxlamalıdır, yaşatmalıdır, gələcəyə ötürməlidir. Və bu gün Azərbaycan erməni faşizminin təcavüzünə məruz qaldığı, torpaqlarının 20%-nin işğal olunduğu bir vaxtda həqiqətləri daha uca səslə dünyaya bəyan etməlidir və deməlidir ki, baxın, dünyanın alman faşizmindən xilasında əvəzsiz rol oynamış bir ölkə, bir xalq erməni faşizmindən necə əziyyət çəkir, böyük bir haqsızlıqla, ədalətsizliklə üz-üzədir. Bu, həm də torpaqlarımızın ermənilər tərəfindən işğalına havadarlıq edənlərə, bədxahlarımıza da haqlı ittiham kimi səslənir...
Bəlkə də, “Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” kitabının ən böyük missiyası da elə budur, hörmətli akademikin demək istədiyi ən vacib “söz” bundan ibarətdir...
Akademik Ziyad Səmədzadənin bir vacib sözü də var: “Ötən illər ərzində Azərbaycan çiçəklənən diyara, regionun liderinə çevrildi. Dünya birliyinin ən nüfuzlu üzvlərindən biri oldu. Neft bizə güc verdi. Azərbaycan oğulları torpaqlarımızın azad edilməsi uğrunda qələbə soraqlı döyüşlərə atılmağa, bu savaşda öz qəti, qəzəbli haqq sözünü deməyə hazırdır”.
Kitabın kolontitulundakı (hər qoşa səhifənin yuxarı sol və sağ küncü) “1945-2016” və “Böyük Qələbə” sözləri də bir işarədir. Bu işarə onu göstərir ki, kitab təkcə Azərbaycanın Böyük Vətən müharibəsində qazanılan böyük qələbədəki rolunu yox, həmin qələbədən bugünədək keçən dövrdə ölkəmizin misilsiz yüksəlişini, tərəqqisini özündə əks etdirir...
“Veteranlar bizim sərvətimiz və şərəfimizdir”
Azərbaycan Böyük Vətən müharibəsində danılmaz xidmətlər göstərib, qələbəyə böyük töhfələr verib. Statistikaya diqqət edək: respublikamız 720 min nəfərdən çox övladını Böyük Vətən müharibəsinə yola salıb. Bu oğul və qızlar müharibənin od, alov püskürən cəbhələrində qəhrəmanlıqla vuruşub, partizan hərəkatında ağlasığmaz igidliklər göstəriblər. Amansız döyüşlərdə 320 min nəfərdən çox həmvətənimiz həlak olub. Bu müharibədə respublikamızın 5 milli diviziyası: 77-ci, 223-cü, 396-cı, 402-ci, 416-cı diviziyaları, ümumilikdə, 87 qırıcı batalyonu, 1124 özünümüdafiə dəstəsi iştirak edib...
Kitabın birinci bölümü ömürləri müharibənin qanlı-qadalı səngərlərindən keçən, ya qismət, ya da təsadüf nəticəsində sağ qalan insanlara həsr olunub. “Veteranlar bizim sərvətimiz və şərəfimizdir” bölümündə veteranlardan, eyni zamanda, müharibədə həlak olan həmvətənlərimizin xatirəsinin ölkəmizdə daim əziz tutulmasından bəhs edilir. Hə­qiqətən də, “onların adları, xatirələri ölməzdir”. Müharibə ve­teranlarını “xalqımızın qızıl fondu” adlandıran ümummilli li­der Heydər Əliyevin cəbhədə mərdliklə vuruşan, dəfələrlə ölüm­lə üz-üzə qalan, qəhrəmanlıqlar göstərən müharibə veteranlarına böyük qayğısından da danışılır, müdrik rəhbərin bununla bağlı bir unudulmaz xidməti də minnətdarlıqla xatırlanır. Müstəqilliyimizin ilk illərində veteranlara ədalətsiz münasibət heç kimin yadından çıxmayıb. O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Qələbə gününü bayram günləri siyahısından çıxarmışdı. Xalq Cəbhəsinin liderləri deyirdilər ki, Böyük Vətən müharibəsindəki qələbədən, Azərbaycanın bu müharibədə iştirakından danışmağa ehtiyac yoxdur, çünki müharibəni Almaniya SSRİ ilə aparıb. Onlar dərk etmirdilər ki, almanlar SSRİ üzərində qələbə çalsaydı, bizim millətin taleyi necə olacaqdı. Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra bu insafsızlığı da aradan qaldırdı, tarixi ədaləti bərpa etdi, 9 May – Qələbə günü rəsmi bayram kimi təsdiq olundu, veteranlara layiq olduqları hörmət göstərilməyə başladı. Ulu Öndərin xalqımız qarşısında tarixi xidmətlərindən biri də məhz odur ki, Böyük Vətən müharibəsində xalqımızın fədakarlığını, müharibə veteranlarının qəhrəmanlığını yüksək qiymətləndirirdi...
Bu gün də Azərbaycanda müharibə veteranlarına həssas münasibət var. Diqqət və qayğısı ilə veteranlara ikinci həyat bəxş edən Heydər Əliyevin bu siyasətini də Prezident İlham Əliyev uğurla davam etdirir. Bu insanların hərtərəfli müdafiəsi dövlətimizin sosial siyasətinin prioritetlərindən biridir. Baxın, elə təkcə Qələbə günündə dövlətin, onun rəhbərinin müharibə iştirakçılarına necə böyük ehtiramının şahidi oluruq. Kitabda Prezident İlham Əliyevin, eləcə də Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın müharibə veteranlarına qayğısı konkret faktlarla nəzərə çatdırılır.
“Hər bir insan silaha sarılaraq öz ölkəsini müdafiə etmiş, dünyada və Avropada azadlığı qorumuş adamlara dərin ehtiramını bildirməlidir” deyən Prezident İlham Əliyevin “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 23 fevral 2015-ci il tarixli Sərəncamı da kitabın dəyərli sənədləri sırasındadır. Müharibə veteranlarına dövlət qayğısını ölkə rəhbərinin kitabda verilən fikri də təsdiq edir: “Bu gün Azərbaycan dövlətinin imkanları da artıb. Biz indi iqtisadi cəhətdən sürətlə inkişaf edirik. Biz, ilk növbədə bu imkanları ehtiyac içində yaşayan, sağlamlığını müharibədə itirən, yaxınlarını, qohumlarını müharibədə itirən insanların şəraitinin yaxşılaşdırılmasına yönəltməliyik. Bu, Azərbaycan dövlətinin siyasətidir.” Ulu öndər Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin müharibə veteranları ilə son dərəcə səmimi görüşlərini, ünsiyyətini özündə əbədiləşdirən fotolar isə materiallara canlılıq bəxş edir...
Həmin bölmədə Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?” sənədli filmi haqqında ətraflı məlumat verilməsi də yerinə düşür. Arzu Əliyevanın baş prodüseri olduğu, faşizm üzərində qələbənin 70 illiyinə həsr edilmiş filmdə İkinci Dünya müharibəsi tarixinə tamamilə yeni rakursdan – neft uğrunda gedən müharibə nöqteyi-nəzərindən baxılır. Qələbədə Azərbaycan xalqının rolu, Bakı neftinin kəsb etdiyi strateji əhəmiyyətdən bəhs edilir, qanlı müharibənin əvvəllər heç bir yerdə nümayiş etdirilməyən kadrları yeni formatda, bərpa olunmuş rəng­li şəkillərlə təqdim olunur. Film, ümumilikdə Heydər Əliyev Fondunun yaxın tariximizə gös­tər­diyi diqqətin bariz nümunəsidir...
“Bakı nefti dünya siyasətinin tərkib hissəsidir”
Azərbaycanın təbii sərvəti – nefti müharibədə misilsiz rol oynayıb, neftçilərimiz tarixi qələbəyə ciddi töhfələr veriblər. Bu xidmətin, demək olar ki, heç biri kitabı “yazanların” diqqətindən yayınmayıb. Neftin bir əsrdən çox müddətdə Azərbaycanın, ümumilikdə regionun taleyinə ciddi təsirləri də kitabda tarixi faktların dili ilə süzgəcdən keçirilərək təhlil edilir...
“Bakı nefti dünya siyasətinin tərkib hissəsidir” bölümündə ölkəmizdə neft çıxarılmasının tarixinə, neft sənayesinin inkişaf tarixinə nəzər salınır. Bu tarixlə bağlı çox vacib faktlar ortaya qoyulur: “Dünyada ilk neft quyusunun Bibiheybət yaxınlığında qazılması tarixi bir sənəddə, qraf Vorontsovun 1848-ci il iyulun 14-də rus çarına göndərdiyi rəsmi məlumatda öz təsdiqini tapır”. Digər bir məlumatda isə oxuyuruq: “1898-ci ildə Rusiya Azərbaycan neftinin hesabına neft hasilatına görə dünyada birinci yerə çıxdı. ABŞ, İngiltərə və Rusiya arasında “iqtisadi müharibə” başladı. Müharibənin episentrinə isə neft Bakısı çəkildi. Dinc, sakit əyalət şəhərində bir-birinin ardınca fitnəkarlıqlara rəvac verən inqilabi mitinqlər, tətillər başlandı. Ən dəhşətlisi isə bunlarla yanaşı, ermənilərin şəhərin azərbaycanlı əhalisi arasında kütləvi qırğınlar törətməsi idi. Bütün bunların, eləcə də neft mədənlərindəki diversiyaların, yanğınların bir məqsədi vardı – sürətlə artan neft hasilatını dayandırmaq, pozmaq”. Bu fakt isə hələ 19-cu əsrin sonlarında artıq Bakı neftinin dünya siyasətinin tərkib hissəsinə çevrildiyini sübut edir. Beləcə, dəqiq arxiv materialları əsasında Bakı neftinin tarixi, onun dünya siyasətində oynadığı rol böyük məharətlə kitaba “köçürülür”. Neft amilinin dünya siyasətində, bu və ya digər ölkələrdə hakimiyyət uğrunda mübarizələrdə oynadığı rol üzə çıxarılır, böyük dövlətlərin neft siyasətinin nəticələri geniş təhlil edilir. Birinci və ikinci dünya müharibələrinin başlanmasında neft amilinin rolunu əks etdirən faktlar, dünyanın siyasi liderlərinin neftin qələbənin əldə olunmasında vacibliyi barədə fikirləri də açıqlanır.
Lakin təkcə bu, deyil...
Adından da göründüyü kimi, kitabda əsas diqqət Bakı neftinin Böyük Vətən müharibəsindəki əvəzsiz roluna yönəlib. Məlumdur ki, Almaniya Qafqaz uğrunda döyüşlərdə neft Bakısına nəzarəti ələ keçirməyi qarşıya məqsəd qoymuşdu. “Bakı neftinin qələbədə əvəzedilməz rolu” məqaləsində oxuyuruq: “Adolf Hitler öz niyyətlərini, ümumi və konkret vəzifələri olduqca aydın cəmləşdirib demişdi: “Biz Rusiyanı nə qədər tez məhv etsək, bir o qədər yaxşıdır”. Əlbəttə ki, SSRİ-yə hücumun əsas hədəfi “Bakının neft yataqlarına çıxmaq idi. Bəli, səbəb Azərbaycanın təbii sərvətləri, xüsusən də neft ehtiyatları, strateji baxımdan Şərqlə Qərb arasında əlverişli mövqedə yerləşməsi idi. Hitler özünün SSRİ-yə “Barbarossa” planını genişləndirərək, xüsusi vurğu ilə öz generallarının diqqətinə çatdırırdı ki, neft Bakısını mütləq tutmalıyıq. Hitler və ətrafındakılar yaxşı başa düşürdülər ki, Bakı nefti olmadan Şərq kampaniyasında uğur qazanmağa ümid yox dərəcəsindədir. Bütün dünyaya ağalıq etmək iddiasında olan alman strateqləri və onların müttəfiqləri bircə prinsipə güvənirdilər: “Kim dünyanı idarə etmək istəyirsə, neftə nəzarəti ələ keçirməlidir. Bütün neftə – harada olursa-olsun, harada çıxırsa-çıxsın...”
Bu və digər inkarolunmaz faktlar kitabda dəqiq tarixi sənədlər və arxiv materialları ilə oxucuya çatdırılır. Məlumatlarla bağlı çox sayda şəkil, cədvəl və qrafik də verilib. Onların hər biri konkret məna daşıyır, həm ön, həm arxa cəbhə haqqında xronologiyanı özündə əks etdirir, eyni zamanda, müharibə dövrünün ağırlıqlarını əyani olaraq göz önünə gətirir.
Ziyad Səmədzadənin kitabı, həm də onunla qiymətlidir ki, onun səhifələrində bu mövzuda hələ indiyədək üzə çıxarılmayan, məlum olmayan, yaxud az məlum olan, məxsusi qabardılmayan, dəyərləndirilməyən fakt və sübutlar aşkara çıxarılıb, ilk dəfə oxuculara çatdırılıb...
İkinci Dünya müharibəsində neft və neft məhsullarının həlledici rol oynadığını müharibə edən tərəflər də yaxşı bilirdi. Həm Hitler, həm də Stalin anlayırdılar ki, savaşda neft və neft məhsulları ilə daha yaxşı təchiz olunan tərəf qalib gələcək. Kitabda bu fikri oxucuya əyani olaraq çatdıran çox dəyərli bir cədvəl var. 1913-40-cı illərdə SSRİ, o cümlədən Azərbaycan, Rumıniya, Küveyt, Səudiyyə Ərəbistanı, İran, İraqda neft hasilatını ölkələr üzrə əks etdirən həmin cədvəldə Bakının müharibədə oynadığı rolu göstərən faktlara diqqət edək: 1940-cı ildə Hitler Almaniyasının müttəfiqi olan Rumıniyada neft hasilatı 5,7 milyon ton idi. İranda 8,7 milyon ton, İraqda isə 2,5 milyon ton neft çıxarılırdı. Bakıda isə bu rəqəm 22,1 milyon ton idi. Bu fərqin özü çox söz deyir. Məlum olur ki, Almaniyanın müttəfiqi olan Rumıniyanın 1940-cı ildə faşist ordusu üçün istehsal etdiyi neft Azərbaycanın Sovet ordusu üçün istehsal etdiyi neft və neft məhsullarından təqribən 5 dəfə az imiş. Bu, Azərbaycan neftçilərinin, Azərbaycan mühəndis-geoloqlarının rəşadətli əməyinin nəticəsi idi. Bakı müharibə illərində Sovet ordusunu, bütün ölkəni yanacaqla, sürtkü yağları ilə təmin edən əsas “təchizatçı” idi. O dövrdə SSRİ-də çıxarılan neftin 75%-ni Bakı verib. Bu, o deməkdir ki, döyüşən 10 tankdan 7-si, 10 təyyarədən 10-u Bakı nefti ilə işləyib...
Məsələnin hərbi strateji baxımdan fövqəladə əhəmiyyətini qabartmaq üçün kitabda verilən daha bir fakta da diqqət edək: “1942-ci ilin iyul ayının 1-də İ.V.Stalin N.K.Baybakova əmr edir: “Təcili Qafqaza gedirsiniz və yerli neft mədənlərinin dağıdılmasını təmin edirsiniz. Əgər Hitlerin əlinə 1 ton olsa belə, neft keçərsə, biz sizi güllələyəcəyik. Yox, əgər Hitler gələ bilməsə, siz də neft mədənlərini vaxtından qabaq dağıtsanız, onda da biz sizi güllələyəcəyik.” Bu, onu göstərir ki, Bakı nefti o vaxt, həqiqətən, ölüm-dirim məsələsi idi...
Müharibə illərində Bakı, həm də Qərblə Şərq arasında çox vacib nəqliyyat dəhlizinə çevrilmişdi. İkinci cəbhənin antialman koalisiyasının üzv dövlətləri tərəfindən İrandan Sovet İttifaqına göndərilən hərbi ləvazimatın xeyli hissəsi məhz Bakı vasitəsilə cəbhəyə çatdırılırdı. Elmi-hərbi terminologiyada bu­na Lend-liz əməliyyatı deyilirdi. Lend-liz qanunu ABŞ konqresi tərəfindən 1941-ci il martın 11-də qəbul olunmuşdu və İkinci Dünya müharibəsi dövründə Sovet İttifaqı Lend-liz proqramı əsasında ABŞ-dan yardım alırdı. ABŞ bu proqram əsasında öz müttəfiqlərinə ərzaq, döyüş sursatı, texnika, neft məhsulları da daxil olmaqla strateji xammal verirdi. Lend-liz üzrə bütün yük göndərişlərinin ümumi həcmi 50,1 milyard dollara yaxın idi...
Bakı nefçilərinin müharibədəki qəhrəmanlığını digər faktlar da təsdiq edir: o illərdə Azərbaycan neftçiləri 160 dəfə yüksək mükafatlara layiq görülüb. Sözün bu yerində neftçilərimizin o dövrdəki əməyinə verilən yüksək qiyməti xatırlatmaq yerinə düşür. Nikolay Baybakov Bakı neftçilərinin fədakarlığını belə xarakterizə edirdi: “Onlar dəbli ayaqqabılarını çıxarıb, kirz çəkmələr geydilər. Bəzəkli şlyapalarını bir qırağa atıb, başlarına qulaqlı, ağır papaq keçirdilər. Qadınlar heç bir işdən qorxmurdular. Hətta buruq qazma işlərində də çalışırdılar...”
Layihə rəhbərinin kitabdakı daha bir xidmətini də mütləq xüsusi vurğulamaq lazımdır. Bu, həmin dövrdə Azərbaycanın neft sənayesinə iri kapitallar yatıran sərmayədarların (Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Ağa Musa Nağıyev), eləcə də neftin çıxarılması sahəsində danılmaz xidmətləri olan alim və mütəxəsisslərin xatırlanmasıdır. Onların fotoşəkillərinin kitaba daxil edilməsi, barələrində qısa, lakin mühüm məna daşıyan informasiya verilməsi son dərəcə böyük qədirbilənlik nümunəsidir. Zəngin və mənalı bioqrafiyaya malik bu şəxslərin hər biri xalqımızın milli sərvətidir, kitabda onların xidmətlərinin də yada salınması çox təqdirəlayiqdir. Çünki ölkəmizdə neft sənayesinin formalaşmasında onların fədakar əməyi, zəkası, biliyi mühüm rol oynayıb. Kitabın iki qoşa səhifəsində geologiya elminin inkişafına töhfə verən görkəmli geoloq alimlərin şəkilləri verilib: Əliəşrəf Əlizadə, Əhəd Yaqubov, Mirəli Qaşqay, Musa Əliyev, Sabit Orucov, Fərman Salmanov, Baba Babazadə, Faiq Bağırzadə, Şamil Əzizbəyov, Şəfaət Mehdiyev, Qambay Əlizadə, Tofiq İslamzadə, Dəmir Hacıyev, Ədham Şıxəlibəyli, Azad Sultanov, Heydər Əfəndiyev, Tofiq Qasımov, Xoşbəxt Yusifzadə, Akif Əlizadə...
Azərbaycanın müdafiə əhəmiyyəti kəsb edən neft məhsulları istehsalının artımına töhfələr bəxş edən görkəmli kimyaçı alimlər: Yusif Məmmədəliyev, Rüstəm İsmayılov, Əli Quliyev, Murtuza Nağıyev, İzzət Orucova, Şıxbala Əliyev, eləcə də müharibə illərində neft sənayesinin və iqtisadiyatın səmərəli fəaliyyətini təmin edən istehsalat rəhbərləri və təşkilatçıları: Əliəşrəf Əlizadə, Əziz Əliyev, Süleyman Vəzirov, Əzizağa Əzizbəyov, Musa Əliyev, Baba Babazadə və başqaları haqqında verilən ayrı-ayrı məqalələr də təqdir olunasıdır. Bu insanların elm və insanlıq naminə misilsiz xidmətlərini kitabdakı tək bir sadə cümlə də gözəl xarakterizə edir: “Onlar Vətənə və elmə xidmət edirdilər”...
Bakı neftinin Qələbədə həlledici rolu fotoşəkillərlə də müfəssəl şəkildə təqdim olunur...
“Bakı neftinin Qələbədə əvəzolunmaz rolu”
Nəşrdə dünyanın siyasi liderlərinin neftin qələbədəki vacib rolu barədə fikirlərinə də yer verilib. Həmin fikirlərin bir neçəsinə diqqət edək:
Fransanın yanacaq üzrə Baş Komitəsinin direktoru, senator Anri Beranje: “Neft müharibənin qanı idi, indi isə onun qarşısında sülhün qanı olmaq durur: kim neftə sahibdirsə, kimin nefti varsa, o da dünyaya yiyələnəcək, dünyanı idarə edəcək. Çünki avtomobil benzinin sayəsində yerdə, aviabenzinin sayəsində göydə, mazutun sayəsində dənizdə hökmran olacaq”.
Ser Uinston Leonard Spenser Çörçill: “Əgər biz dənizdəki üstünlüklərimizi qorumasaq, millətimizin və imperiyanın gələcəyi, əsrlər boyu məhrumiyyətlər, əzablar, qələbələr hesabına yığılan sərvətlər – bütün bunların hamısı məhv olacaq”.
Sovet İttifaqı marşalı Fyodor Tolbuxin: “Qızıl Ordu qazandığı çoxlu qələbələrinə, hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli yanacaq göndərdiyinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur: Stalinqrad ətrafında, Donda, Donbasda, Dneprin, Dnestrin sahillərində, Bel­qradda, Budapeştdə, Vyanada Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayan bizim cəbhənin döyüşçüləri neft Bakısının cəsur zəhmətkeşlərini salamlayırlar”.
İosif Vissarionoviç Stalin:“Neft haqqındakı məsələ həyat məsələsidir. Ona görə ki, neft kimdə çoxdursa, gələcək müharibədə kimin əmr verəcəyi ondan asılıdır. Kimdə neft çoxdursa, dünya sənayesinə və ticarətinə əmr verilməsi də ondan asılıdır. Neft qabaqcıl ölkələrin donanmalarının motorlu mühərriklərə keçməsindən sonra dünya dövlətlərinin istər müharibə zamanı, istərsə də sülh, əmin-amanlıq zamanı üstünlük, hegemonluq uğrunda gedən mübarizəsində həyati məsələyə çevrilər”.
C.Batler və C.Quferin “Böyük strategiya” kitabından: “Hitler hesab edirdi ki, Leninqradın blokadası, Ukraynanın itirilməsi, Qafqazın təcrid edilməsi Sovet iqtisadiyyatını tamamilə dağıdacaq. Leninqradın tutulması İsveçdən misin ixrac edilməsinə ciddi şəkildə mane olan Baltik dənizindəki Sovet donanmasının hərəkətlərinə son qoya bilərdi. Ukraynanın işğalı almanlara taxıl, ərzaq və ən nəhayət, Rusiyanın cənubundan Qafqaza, Bakının, Maykopun, Qroznının neft yataqlarına birbaşa yol açırdı”.
A.Rozenberq “Qafqazın yenidən dəyişdirilməsi haqqında” məlumat vərəqindən: “Almaniyanın maraqları bütün Qafqazda möhkəm mövqe tutmaq, bununla da kontinental Avropada təhlükəsizliyin, Yaxın Şərqlə əlaqələrin təmin edilməsindən ibarətdir. Yalnız bu əlaqələr gələcəkdə Almaniyanı və bütün Avropanı dəniz dövlətlərinin koalisiyasından asılı etməz. Bizim siyasətimizin məqsədi Qafqazda və ona cənubdan həmsərhəd ölkələr üzərində istər hərbi, istərsə də siyasi baxımdan üstünlükdür”.
Kitabda verilən daha bir mühüm sənəd: “1941-ci il iyulun 16-da fürerin qərargahında keçirilən müşavirədə qeyd olundu ki, “Bakı vilayəti... alman konsessiyası olmalıdır”. Almaniya Silahlı Qüvvələri Ali komandanlığı yanında kəşfiyyat və əks kəşfiyyat idarəsinin – “Abver”in rəisi, admiral Fridrix Vilhelm Kanaris təsdiq edirdi ki, SSRİ-nin xammal ehtiyatlarını, ilk növbədə Bakı neftini tez bir zaman ərzində tutmadan, ələ keçirmədən qələbə mümkün deyil. Artıq 1941-ci ilin yazında Bakının neft mədənlərinin istismarının təşkili məqsədilə almanlar xüsusi idarə – Vestfalen qərargahını yaratdılar”...
Neft Bakısının rolu o qədər böyük idi ki, Hitler Almaniyası Bakını ələ keçirməyi ən vacib məqsəd kimi qarşıya qoymuşdu. Bu, mümkün olmadığı təqdirdə, hətta Bakını partlatmaq tapşırığı da verilmişdi. Bu təxribatı törətmək üçün alman kəşfiyyatçısı Otto Skortsen (çelovek so şramom) seçilmişdi. Digər tərəfdən, almanlar Qafqaza hücum edən ərəfədə Stalin də Bakı üçün təhlükə yarananda neft mədənlərinin almanların əlinə keçməməsi üçün onların partladılması barədə Nikolay Baybakova tapşırıq vermişdi. Kitabda həmin Sərəncamın məzmunu, əməliyyatın keçirilməsi barədə materiallar da əksini tapıb...
Daşnakların, erməni millətçilərinin alman kəşfiyyatına xidmət etmələri barədə “Həqiqətlərin izi ilə: sənədlər Rusiya arxivlərindəki erməni saxtakarlığına şahidlik edir” adlı yazı da nəşrin diqqətçəkən məqalələrdən biridir. Yazıda erməni millətçilərinin “Böyük Ermənistan” xülyası ilə həyata keçirdikləri xəyanətkar əməllər ifşa olunur. Sitat: “Ermənilərin nümayəndələri – Avropa xalqlarının cəlladları olan Dro, Njde və b. daşnaklar İkinci Dünya müharibəsi illərində İmperiya Baş Təhlükəsizlik İdarəsinin (SD) nümayəndələrinə öz xidmətlərini təklif edirdilər. Əvəzində isə ermənilər “köçəri” dövlətlərdən biri, Azərbaycanın əzəli-əbədi torpaqları üzərində süni yolla qurulmuş Ermənistan SSR-in coğrafi ərazisini genişləndirmək istəyirdilər. Rusiya arxivlərindən əldə edilmiş “Daşnaklar alman kəşfiyyatının xidmətində” adlı kitabda çap olunmuş tarixi bir sənəd – SSRİ Daxili İşlər naziri S.Kruqlovun İ.Stalinə, V.Molotova, L.Beriyaya, Q.Malenkova yazdığı tam məxvi məlumat İkinci Dünya müharibəsi illərində Hitler Almaniyasına xidmət edən daşnakların fəaliyyətini açıq-aydın göstərir, sübuta yetirir”. Məhz ermənilərin bu xəyanətinin nəticəsi idi ki, Hitler Almaniyası SSRİ müharibədə məğlub olandan sonra Almaniya, Azərbaycan, Türkiyə arasında yaxın münasibətlərin olmaması, Dağlıq Qarabağın Ermənistana verilməsi və s. barədə rəsmi sənədlər qəbul etmişdilər. Xatırladaq ki, “Daşnaklar alman kəşfiyyatının xidmətində” kitabı Heydər Əliyev Fondunun dəstəyi ilə 2014-cü ildə “Azərnəşr”də çap olunub...
Unudulmayan qəhrəmanlar – onların Aprel varisləri
Böyük Vətən müharibəsi illərində Azərbaycandan 123 nəfər göstərdikləri misilsiz şücaətin müqabilində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb: ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov, tank üstündə Fin sərhəddindən, Stalinqraddan Baltikyanı ölkələrə qədər şərəfli döyüş yolu keçən, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, əfsanəvi partizan, başına almanların 400 min reyxsmarka mükafat qoyduğu Mixaylo – Mehdi Hüseynzadə, istedadlı jurnalist-kəşfiyyatçı Rixard Zorge, cəsur döyüşçü-partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılov, əsl dahilik abidəsi, şərqşünas alim Ziya Bünyadov, Moskvanın yaylım atəşfəşanlığı ilə qarşıladığı, sıravi əsgərdən generaladək ucalan Mahmud Əbilov, öz həyatı bahasına komandirini xilas edən Qafur Məmmədov, qəhrəman topçu Qəzənfər Əkbərov...
Ümumilikdə, azərbaycanlılar Böyük Vətən müharibəsində ən yüksək fəxri adlar alıb, orden-medallarla təltif olunublar. 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 170 min əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Bu və digər faktlar da kitabda geniş əks olunub. Qəhrəmanlar haqqında “Sizin qəhrəmanlığınız əbədidir”, “Sizin qəhrəmanlığınız ölməzdir” başlığı ilə verilən oçerklər nəşrin əhəmiyyətini birə-beş artırır. Azərbaycanın müharibə şəraitində yaşadığı bir vaxtda, bu, heç şübhəsiz, çox vacibdir...
Bəli, təəssüf ki, müharibə mövzusu hələ də biz azərbaycanlılar üçün ən ağrılı mövzulardan biridir. Ermənistanın ölkəmizə təcavüzü torpaqlarımızın 20%-nin işğalı ilə nəticələnib, Azər­baycanı dünyanın ən çox qaçqın-köçkünü olan ölkəyə çevirib, bir milyondan çox soydaşımız öz doğma ev-eşiyindən didərgin düşüb. Ümummilli liderimiz Heydər Əliyev yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həlli istiqamətində mühüm tədbirlər gördü. Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti, həyata keçirdiyi ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində isə qaçqın və köçkünlərin sosial problemlərinin həllində yüksək göstəricilərə nail olunub. Bu günədək dövlətimiz problemin sülh yolu ilə nizamlamasına çalışır və bir daha öz sülhsevərliyini bütün dünyaya nümayiş etdirir. Çünki müharibə istəmir, çünki müharibənin nə olduğunu yaxşı bilir. Lakin torpaqlarının erməni işğalı altında qalması ilə də barışmaq fikrində deyil, istədiyi nəticəyə nail olmadığı təqdirdə qüdrətli Azərbaycan Ordusunun torpaqlarımızı güc yolu ilə azad edəcəyini də hər zaman bəyan edir. 2016-cı ilin aprel hadisələri də Azərbaycan Prezidentinin ədalətli və qətiyyətli mövqeyini, Azərbaycan Ordusunun gücünü, eyni zamanda, əsgərlərimizin, zabitlərimizin vətənpərvərliyini, Vətən uğrunda hər an hər cür qəhrəmanlığa hazır olduqlarını bir daha sübut etdi. Yaxın hərb tariximizin ən şərəfli səhifələrindən biri olan 2016-cı ilin aprel döyüşləri sübut etdi ki, Azərbaycan Ordusu regionun ən güclü, ən müasir Ordusudur, bu Ordu işğal altında olan torpaqlarımızı düşməndən azad etmək qüdrətinə malik bir gücdür. Qısa müddətdə işğal altında olan min hektarlarla torpağımızın tam azad edilməsi, strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyinin bölmələrimizin nəzarətinə keçməsi ilə nəticələnən Aprel döyüşləri parlaq qələbəmizdir. Aprel döyüşləri göstərdi ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, igid əsgərlərimizin qəhrəmanlığı ilə ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa olunacaq...
Aprel döyüşlərinin qəhrəmanları da məhz İsrafillərin, Həzilərin, Mehdilərin, Əhmədiyyələrin... xələfləridir. Tək bir nümunə də bunu təsdiq edir: Böyük Vətən müharibəsinin qəh­rəmanı Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl Cəbrayı­lov Qarabağ müharibəsində mərdliklə vuruşaraq şəhid olub. Demək, qəhrəmanlıq yolu davam edir, qəhrəmanların yolu davam edir. Nə qədər ki, elan olunmamış Ermənistan-Azərbaycan müharibəsi bitməyib, Qarabağ düyünümüz açılmayıb, nə qədər ki, Şuşa, Laçın nisgilimiz, qubarımız bizimlədir, bu yol davam edəcək və bu yoldan çox igidlər keçəcək...
“Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” kitabının bu yöndən də faydası göz önündədir. Biz Vətən oğullarımızın rəşadəti barədə nə qədər çox informasiyaya malik olsaq, onlar haqqında nə qədər çox yazsaq, çox danışsaq, gənc nəsillər bu barədə daha çox məlumatlı olacaqlar. Bu, onları Vətənə daha möhkəm bağlayacaq, onlar Vətəni qorumağı özlərinin ən müqəddəs vəzifəsi, borcu hesab edəcəklər...
Lakin təkcə bu, deyil... Bakı, həm də hərbi silah  istehsalı mərkəzlərindən birinə çevrilmişdi
Azərbaycan Böyük Vətən müharibəsində təkcə nefti ilə misilsiz rol oynamayıb, təkcə cəsur, igid övladları ilə vuruşmayıb. Bütövlükdə, bu müharibəyə səfərbər olub, elliklə bu müharibəyə qoşulub, bəşəriyyətin, insanlığın faşizm bəlasından qurtulması üçün əsl hünər, əsl rəşadət göstərib...
Bakı müharibə illərində, həm də hərbi silah istehsalı mərkəzlərindən birinə çevrilib. O illərdə paytaxtın əksər fabrik, zavod və müəssisələri istehsal yönünü dəyişərək, müharibə üçün silah-sursat hazırlayırdı...
Bakı maşınqayıranları hərbi texnika və silah hazırlanması üçün yenidən qurulmuş fabriklərdə hərbi istehsala cəlb edilmişdilər...
Əfsanəvi “Katyuşa”nın mərmiləri Bakıda istehsal olunurdu...
“YAK-3” qırıcıları Bakıda yığılırdı...
“UTİ-4” təyyarələri cəbhəyə Bakıdan yola salınırdı...
Müharibə illərində Bakıda Sovet təyyarəçilərinin yenidən öyrədilməsi və texniki heyətin hazırlanması mərkəzi yaradılmışdı...
Kitabdakı daha bir cədvələ nəzər salaq. Cədvəl Bakı zavodlarının müharibə dövründə müdafiə məhsulları istehsalı üzrə dövlət planını hər il artıqlaması ilə yerinə yetirməsini əks etdirir: 1940-cı ildə - 103,3%; 1941-ci ildə - 116,3%; 1942-ci ildə - 119,6%; 1943-cü ildə - 103,9%; 1944-cü ildə - 102,6%; 1945-ci ilin 9 ayında - 109,5%...
“1941-ci ilin sonunda hərbi məhsul istehsal edən zavod sexləri planı 200% yerinə yetirdilər. Artıq ilin axırına yaxın Azərbaycanda 130 növdə silah, döyüş sursatı, hərbi ləvazimat, mal-material istehsal olunurdu. Bunlara əlavə, onu da qeyd edək ki, yerli Sənaye Xalq Komissarlığının, eləcə də “Azərsənayeşurası”nın xətti ilə Bakıda (Leninqraddan sonra) “Molotov kokteyli” adında yandırıcı butulka istehsalına başlandı. 1941-ci ilin 8 noyabrında 35 min ədəd yandırıcı butulka və 14 min ehtiyat patron istehsal olunaraq yeşiklərə yığıldı. Müəssisənin istehsal gücü isə sutka ərzində 10 min ədədə çatdırıldı...”
Müharibədə almanlar tərəfindən zəbt edilmiş rayonlardan əhalinin müəyyən hissəsinin, mühüm əhəmiyyətli müəssisələrin, bəzi fabrik və zavodların Bakıya köçürülməsi, qısa zamanda burada quraşdırılıb işə salınması, uğurla fəaliyyət göstərməsi ilə bağlı konkret faktlar da kitabda öz əksini tapıb...
Xəzər Nəqliyyat Donanması müharibə illərində
Kitabda Xəzər Nəqliyyat Donanmasının müharibə illərindəki fəaliyyətinə məxsusi yer ayrılıb. Təsadüfi deyil. Çünki bu kollektivin, Xəzər dənizçilərinin müharibə dövründəki fədakarlığı da sözə gələn deyil. Kitabdan seçdiyimiz kiçik parçada bu fədakarlıq dəyərincə qiymətləndirilir: “Böyük Vətən müharibəsi illərində təkcə Xəzər Ticarət Donanmasının gəmiləri Sovet İttifaqının daxili dəniz yolları ilə 110 milyon nəfərə yaxın sərnişini və 100 milyon tondan çox hərbi, eləcə də xalq təsərrüfatı yüklərini daşıdı. ...Xəzərlilər müharibə dövründə cəbhəyə 56 milyon tondan çox neft və neft məhsulları, o cümlədən B-74, B-76, B-70 aviabenzinləri, liqron, solyar, kerosin, dizel yanacağı, avtol, motor nefti, mazut daşıdı. 1942-ci il üçün bu daşımaların həcmi artıq 1 593 174 ton təşkil edirdi”. Donanmanın bu misilsiz xidmətini fotoşəkillər də təsdiq edir. Neft çənlərinin, eyni zamanda, döyüşçülərin Xəzərlə daşınmasını əks etdirən, alman təyyarələrinin “Ağamalıoğlu” tankerinə hücumu”nu, hücumdan sonra tankerdə baş verən yanğını və s. “yaddaşında saxlayan” fotolar dənizçilərin əsl qəhrəmanlığını göz önünə gətirir...
Kitabda Azərbaycan neftçiləri, neft-kimya, maşınqayırma sənayesi iş­çiləri ilə yanaşı, tibb işçilərinin əməyi­ də geniş şəkildə işıqlandırılır...
La­kin təkcə bu, deyil...
“Ordunu yedizdirib-içizdirir, geyindirirdilər”
“Zamanın saraltdığı arxiv sənədləri, müxtəlif qəzet materialları təkcə neft mədənlərində bir an belə dayanmadan çalışan, öz fədakar əməyi ilə qələbəni yaxınlaşdıran Bakı neftçilərinin deyil, həm də cəbhəni lazım olan hər şeylə təmin edən Azərbaycanın şəhər və kənd zəhmətkeşlərinin qəhrəmanlıqlarına da şahidlik edir”. Müharibə illərində “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” deyən Azərbaycan insanı hər yerdə, hər sahədə, hər addımda Sovet İttifaqının Hitler Almaniyası üzərində qələbəsi naminə yorulmadan çalışır, əsl fədakarlıq göstərirdi...
“1941-ci il iyul ayının 29-da “Pravda” qəzeti “Zəhmətkeşlər Müdafiə Fondunun yaradılmasını təklif edir” başlıqlı xülasəsində göstərirdi ki, pul yardımlarını SSRİ Dövlət Bankının istənilən şöbəsindəki xüsusi hesaba köçürmək olar”.
Azərbaycan xalqı Vətənin mü­dafiəsinə qalxaraq yüksək və­tənpərvərlik və qələbəyə böyük inam hissi ilə Müdafiə Fondunun yaranmasında böyük ruh yüksəkliyi ilə iştirak edirdi. İnsanlar ehtiyat üçün yığdıqları şəxsi pullarını, dövlət istiqraz vərəqələrini, zinət əşyalarını, ərzaq məhsullarını, ayda bir günlük əməkhaqlarını Müdafiə Fonduna verirdilər. “Müdafiə Fondu yeni toplar, təyyarələr, tanklar və gəmilərdir! Müdafiə Fondu düşmənə atılan yeni mərmilərdir!” fikrini tez-tez təkrarlayırdılar.
Avqustun ilk 20 günündə Qızıl Orduya kömək məqsədilə Müdafiə Fonduna təkcə Bakıdan 2 milyon 247 min, rayonlardan isə 2 milyon 729 min, bütövlükdə, respublika üzrə 4 milyon 976 min rubl pul köçürülmüşdü. Azərbaycanın şəhər və kəndləri Ordunun döyüş potensialını gücləndirmək üçün əntiq zinət əşyalarına qədər, olan-qalan nələri vardısa, hamısını Müdafiə Fonduna verirdilər. Cəbhəyə min tonlarla ərzaq, geyim karvanları yola salınırdı...
Kitabdan sətirlər: “...Yalnız 1941-ci ilin avqust ayında Azərbaycan SSR-in zəhmətkeşləri ölkənin Müdafiə Fonduna 3 kiloqram 742 qram qızıl, 137 kiloqram gümüş və 8 milyon 267 min rubl nağd pul köçürmüşdü. ...Böyük Vətən müharibəsi illərində SSRİ əhalisinin Müdafiə Fonduna keçirdiyi vəsaitin – 17 milyard rubl nağd pul, 13 kiloqram platin, 131 kiloqram qızıl, 9519 kiloqram gümüş, 1,7 milyard rublluq zinət əşyaları – əhəmiyyətli dərəcədə böyük olduğunu görürük. Respublika 2,5 min döyüş təyyarəsinin, minlərlə tankın, 8 sualtı qayığın, 16 hərbi katerin istehsal edilməsinə vəsait qoyduğunu qürurla bəyan edə bilər...”
Bütün bunlar Bakının, Azərbaycanın şəhər və rayonlarının, kəndlərinin, Azərbaycan vətəndaşlarının müharibə illərindəki bitib-tükənməyən fədakarlığı idi.
Nəşrdə müharibə həyatının, demək olar ki, hər “üzü”, bütün məqamları öz əksini tapıb: müharibənin başlanması, qəfil hücuma hazırlıq, müharibə dövründə təbliğat-təşviqat işi, ön cəbhə, arxa cəbhə, pambıq, taxıl, tütün, çay, meyvə-tərəvəz plantasiyalardakı qaynar həyat, məhsul yığımı, cəbhəyə yola salınması, Orduya – Müdafiə Fonduna kömək üçün pulunu, qızılını, bahalı əşyalarını əsirgəməyən insanlar və s...
Bakı sakinlərinin müharibə illərindəki bir əzmkarlığından da söhbət açmaq lazımdır. Onlar Bakının ətrafında düşmən əleyhinə on kilometrlərlə səngərlər qazmışdılar, istehkamlar qurmuşdular. Hər yerə insanları qələbə naminə çalışmağa səsləyən şüarlar asmışdılar. Həmin şüarlar, hətta bir çox köhnə binalarda son vaxtlara qədər qalmışdı.
Ulu öndər Heydər Əliyevin kitabdakı daha bir sitatını da xatırlatmaq yerinə düşür: “Bir daha təkrar edirəm, bizim insanların cəbhədəki mərdliyi, həmçinin Azərbaycan xalqının neft hasilatı, cəbhəyə lazım olan bütün məhsulların istehsalı sahəsindəki xidmətlərinin qədri-qiyməti yoxdur. Bu, böyük tarixi əhəmiyyətə malikdir...”
“Danışan” şəkillər...
“Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” kitabı klassik mövzunu əhatə edir, ensiklopedik janrdadır. Lakin bədiilikdən də uzaq deyil. Toplu, ümumilikdə bir “müharibə obrazı” yaradır, “müharibə insanının surətini təqdim edir oxucuya. Burada elə epizodlar var ki, bədii əsər qədər təsirlidir. Elə bir şəkillə rastlaşırsan ki, tək o şəklin özü bir filmin, bir kitabın təəssürütını yaradır. Kitabın orijinallığı da məhz ondadır ki, onu nəşrə hazırlayanlar arxiv sənədlərini “tarix və statistika” kontekstində deyil, zamanın məsuliyyəti, böyük qələbəyə inam, haqq-ədalətin çəkilən zəhmətlə birlikdə təntənəsi kimi təqdim etmək istəyiblər və buna müvəffəq olublar. Nəşrdə faktik göstəricilər, müqayisəli analiz diaqramlar, partiya-dövlət sənədləri, qəzet mətnlərindən parçalar, fotolar, hətta müharibə haqqında poeziya və musiqi nümunələri publisistik ruhla seçilərək tərtib olunub. İqtisadiyyat, geologiya-mineralogiya, kimya elminin, hərb tarixinin, sənaye və kənd təsərrüfatının, döyüşən şə­hər reallıqlarının ifadəsi “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” nidası üzərində qurulub. Bun­ların hamısı, ümumilikdə və­tən­sevərliyə, vətənpərvərliyə köklənib...
Nəşrin ən yaxşı cəhətlərdən biri də quru, bəzən çox ağrılı fakt və rəqəmlərin az qala “dil açıb danışan” fotoşəkillərin müşayiəti ilə təqdim olunmasıdır. Böyük zəhmətlə ortaya çıxarılan, bir-birindən “maraqlı” müharibə şəkilləri nəşrə canlılıq gətirir. Amansız müharibənin hər üzünü əbədi yaddaşa çevirən son dərəcə təsirli “fotoşəkillər”ə sakit, həyəcansız baxıb, səhifələri laqeyd vərəqləmək mümkün deyil. Müharibənin insanlara gətirdiyi fəlakətləri bütün tərəfləri ilə, olduğu kimi oxuculara “göstərən” bu fotoşəkillər insanı bir anlıq “ayaq saxlamağa”, diqqətlə ona baxıb düşünüb-daşınmağa, nəticə çıxarmağa vadar edir...
1887-ci ilin sentyabrında Bakı neft mədənlərində ilk neft fontanını, 20-ci əsrin əvvəllərində neft mədənlərindəki yanğını, neftin əl çarxı vasitəsilə, quyu üsulu ilə çıxarılmasını, at arabaları ilə daşınmasını, quyudan axan neftin yığılması prosesini, Lend-liz üzrə İrandan keçərək, Bakıya gedən Amerika hərbi yük maşınlarının kolonunu özünə “hopduran” şəkillər də, Böyük Vətən müharibəsinin başlanmasını, hitlerçilərin “məşhur tortu”nu, ayrı-ayrı hərbi hissələrindəki dəhşətləri əks etdirən şəkillər də, ağır iş gününün əldən saldığı neftçilərin fotosu da, insanın ağrı-acısını göz önündə canlandıran fotolar da eyni dərəcədə təsirlidir...
Bizim çoxumuz müharibəni ancaq filmlərdə görmüşük. Kitab “maraqlı” şəkilləri ilə sanki hansısa filmin kadrları kimi keçir gözümüzün önündən... Burada əsgərlərin ümumiləşmiş bir şəkli də var: o qədər canlıdır ki... Döyüş ərəfəsində, yaxud da ağır döyüşdən sonra damağında qəzetə bükülmüş tütün çəkən əsgər. Dərin düşüncələrə qərq olub. Biz siqaret çəkən deyilik, heç onu təbliğ etmək fikrində də deyilik. Amma bu çox sadə və mənalı şəklə biganə baxa bilmədim, sanki o əsgərin həmin anda nələr düşündüyünü, nələr yaşadığını “oxudum”. Özü də müharibə vaxtı “siqaret” sözünü işlətmirdilər, “papiros” deyirdilər və tütünü, sadəcə qəzet kağızına büküb çəkirdilər. Həmin əsgər şəklinin üstündə “Bakinskiy raboçiy” qəzetinin 10 iyun 1942-ci il tarixli nömrəsindən götürülmüş “Qızıl Ordunu tütünlə təmin edək” adlı yazı da diqqəti çəkir. Məqalədə respublikamızın tütün üzrə plan tapşırıqlarının yerinə yetirilməsi və cəbhəyə göndərilməsi ilə bağlı maraqlı fakt əksini tapıb. Yazıda qeyd olunur ki, “Vətən və cəbhə onlardan tütün plantasiyalarında əsl döyüşçü kimi mübarizə aparmağı gözləyir”. Bu, onu göstərir ki, müharibə dövründə tütün də həyati əhəmiyyətli məhsullar sırasında idi. Ümumiyyətlə, arxiv sənədləri arasında müharibə dövründə Dövlət Müdafiə Komitəsinin qərarı ilə Azərbaycandan cəbhəyə mütəmadi olaraq tütün göndərilməsi ilə bağlı tapşırıqları özündə əks etdirən çoxlu material da var...
Arxa cəbhədə insanların fədakarlığını tarixə çevirən fotolar mövzunun sanbalını daha da artırır: cəbhəyə gedən könüllülərin siyahıya alınması, hərbi hissələrin yaradılması, İosif Stalinin radiodakı çıxışını dinləyən kütlə, İosif Stalinin radio ilə çıxışı münasibətilə Leyt. Şmidt adına zavodda keçirilən mitinq, rabitəçilərin təlimi, müharibə illərində Bakının adi günləri, zəhərlənmədən zərərçəkənlərə ilkin tibbi yardım göstərmək üçün yaradılan sanitar postu, Müdafiə Fonduna yardım, qızıl-gümüş, pal-paltar, ərzaq gətirən insanların növbələri, taxıl karvanlarının yola salınması, kişilərlə çiyin-çiyinə ağır dəzgahların arxasında çalışan qadınlar, soyuq qış gecələrində cəbhə üçün isti, yun corab, köynək toxuyan analar... Bütün bu fotoşəkillər arxa cəbhənin heç də ön cəbhədən fərqlənməyən qaynar, ağrılı həyatını əks etdirir. Özündə müharibə dövründə 12 saatlıq iş gününə keçən, bəzən hətta 24 saat çalışan, məzuniyyət və istirahət günlərini ləğv edən Azərbaycan insanının qəhrəmanlıq səhifələrini, sülh, əmin-amanlıq üçün, insanlıq naminə necə ağır zəhmətlərə qatlaşmasını ehtiva edir...
8 sentyabr 1941-ci il – 27 yanvar 1944-cü il (871 gün!) Leninqrad mühasirəsini özündə “donduran” şəkillər də o dövrün özü qədər “amansız”dır – baxmaq olmur...
Əksinə, 416-cı Azərbaycan diviziyası döyüşçülərinin Brandenburq qapılarının üzərinə qırmızı bayraq qaldırmasını, Reyxstaqa Qələbə bayrağının sancılmasını, 24 iyun 1945-ci il tarixdə Moskvada Qələbə paradının şəkillərini, “Katyuşa Moskvada Qələbə paradında”, “Adın məlum deyil, qəhrəmanlığın əbədidir” xilaskar əsgər abidəsinin fotolarına qürurla baxırsan...
Bu fotoşəkilləri isə “BAKI NEFTİ, QƏLƏBƏNİN AÇARI. ŞƏRƏFLİ KEÇMİŞ, İŞIQLI GƏLƏCƏK. 1941-1945” KİTABI böyük qədirbilənliklə bir yerə toplayıb. Saysız-hesabsız rəqəmləri, faktları, saralmış arxiv sənədlərini, qəzet səhifələrini ağır zəhmət hesabına işığa çıxarıb...
Şərəfli missiya davam edir
Bakı nefti bu gün də şərəfli missiyasını davam etdirir. O, müstəqilliyimizin daha da möh­kəmləndirilməsi, əbədi və dön­məz olmasında, ölkəmizin tərəq­qisi yolunda xalqımızın ən etibarlı “müttəfiqi”dir. Ulu öndərin Azərbaycan nefti ilə bağlı ideyaları onun siyasi və mənəvi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın müstəqilliyinin bərpasından keçən 25 ildə ölkəmiz sürətlə inkişaf edib, bütün sahələrdə misilsiz nailiyyətlər əldə olunub. Çox sayda müəssisələr, sosial obyektlər, idman arenaları tikilib, möhtəşəm infrastruktur layihələri gerçəkləşdirilib. Ölkəmiz artıq mötəbər beynəlxalq tədbirlərin, humanitar forumların, əzəmətli idman yarışlarının ev sahibinə çevrilib...
İndi Azərbaycan Ordusunun qüdrətindən də fəxrlə danışırıq. Milli Ordumuz artıq öz gücünü həm düşmənə, həm də bütün dünyaya sübut edib. Bu da Azərbaycan neftinin qüdrətindən pay alan qürurdur. “Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” kitabında bütün bu uğurlar Bakı neftinin milli müstəvidə oynadığı müstəsna əhəmiyyətin açarı kimi dəyərləndirilir. Zövqlə seçilən fotoşəkillər bu bölmənin də təsir gücünü artırır...
“Azərbaycan-Rusiya: strateji tərəfdaşlıq”, “Məqsəd Azərbaycan iqtisadiyyatının dayanıqlı, güclənən inkişafıdır”, “Güclü Ordu dövlət təhlükəsizliyinin qarantıdır” mövzusuna da geniş yer ayrılıb...
“Tanı, xatırla, fəxr et!..”
Müharibə dövrünün çox səhifələrinə işıq salan kitabda, demək olar ki, heç kim və heç nə unudulmayıb. “Sizin igidliyiniz ölməzdir” başlığı altında qəhrəmanlar xatırlanır, “Onlar Vətənə və elmə xidmət edirdilər” bölümündə alimlərin xidmətləri yada salınır. “Hərb tariximizin görkəmli simaları” təqdim olunur, Vətənin müdafiəsinə, faşizm üzərində Qələbəyə mühüm töhfələr vermiş həmyerlilərimiz anılır. “Marşlar və mahnılar qələbəyə səsləyirdi” yazısında görkəmli şair və yazıçılarımızın, bəstəkarlarımızın o illərdəki fəaliyyətinə işıq salınır, müharibə mövzusunda çəkilmiş ən gözəl filmlərdən bəhs edilir...
Nəşr “Buhenvald harayı” ilə bitir: böyük nəğməkarımız Müslüm Maqomayevin ifasında bu gün də insanları faşizmə, onun hər cür təzahürlərinə qarşı mübarizəyə səsləyən o məşhur və unudulmaz nəğmə ilə...
Oxuculara isə ancaq bir şey qalır: “TANI, XATIRLA, FƏXR ET!..”
Əsl vətənpərvərlik, gərgin zəhmət, fədakar əmək və SANBALLI NƏTİCƏ
“Bakı nefti, qələbənin açarı. Şərəfli keçmiş, işıqlı gələcək. 1941-1945” kitabında istifadə olunan arxiv sənədlərinin sayını hansısa digər kitabla müqayisə etmək çox çətindir. Kitabda 12 mindən çox arxiv sənədindən istifadə olunub. 12 mindən çox! Bu, təkcə məlumatların, informasiyaların dəqiqliyi demək deyil, həm də kitaba sərf olunan vaxtın, zəhmətin, fədakarlığın ölçüsüdür. Etiraf edək: bu, misilsiz xidmətdir, böyük qəhrəmanlıqdır. Müharibə illərində arxa və ön cəbhədəki insanların qəhrəmanlığına, fədakarlığına layiq bir xidmətdir. Adına layiq bir nəşrdir. Bu, həm də Azərbaycan kitabı adına şərəf gətirən bir KİTABDIR. Əsl vətənpərvərlik, gərgin zəhmət, fədakar əməyin SANBALLI NƏTİCƏSİDİR...
Çağdaş günümüz üçün son dərəcə aktual olan bu dəyərli nəşrə görə layihənin rəhbəri, akademik Ziyad Səmədzadə və onun komandası hər cür hörmət və ehtirama layiqdir...
Bu vətənpərvərliyinizə görə çox sağ olun, cənab akademik, hörmətli Ziyad Səmədzadə!..

 

Teymur Bünyadov,
tarix elmləri doktoru, prof., AMEA-nın həqiqi üzvü


Fəzail İbrahimli,
tarix elmləri doktoru, prof.,
millət vəkili