Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

AĞ QIZILIN ƏVVƏLKİ ŞÖHRƏTİ ÖZÜNƏ QAYIDIR

 

2016-cı il kənd təsərrüfatında dönüş ili kimi tarixə düşdü. Azərbaycanda ənənəvi sahələr olan pambıqçılıq, baramaçılıq, tütünçülük, çayçılıq, fındıqçılıq və digər sahələr bərpa və dirçəliş yoluna çıxarıldı. Yaxın illərdə həmin sahələrin sıçrayışlı inkişafı təmin olunacaq, istehsal edilən məhsulun keyfiyyəti yüksək standartlar səviyyəsinə qaldırılacaq, bütün əsas istiqamətlər üzrə artan dinamika özünü göstərəcək. Respublikamızın aqrar sektorunda reallaşdırılan islahatlar, azad sahibkarlığın təsdiq edilməsi, cənab Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar öz real bəhrəsini verməkdədir.
Azərbaycanın qeyri-neft sektorunun strukturunda strateji sahələrdən biri olan pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı dövlət başçısının qəbul etdiyi qərarlar, həmin qərar və göstərişlərin yerinə yetirilməsi istiqamətində görülən tədbirlər bu gün sözügedən sahənin sürətli inkişafı üçün əlverişli zəmin yaratmışdır.
Ölkə iqtisadiyyatının diversifikasiyasını təmin etmək məqsədilə son üç ildə cənab prezidentin rəhbərliyi ilə qəbul edilən regional inkişaf proqramlarının gerçəkləşdirilməsi nəticəsində bölgələrdə geniş infrastruktur quruculuğu aparılmış, yerli istehsalın inkişafı üçün münbit şərait yaradılmışdır. Hazırda qarşıda duran əsas vəzifə əlavə valyuta tələbi yaradan, idxalı əvəz edən və ölkəyə valyuta axınını təmin edən məhsulların istehsalını genişləndirmək, həmin sahələrə yönəldilən investisiyaların həcmini artırmaq, onlardan səmərəli istifadəni təmin etmək və yerli istehsalla bağlı bütün infrastruktur layihələrini vaxtında reallaşdırmaqdan ibarətdir. Bu işlərin həyata keçirilməsi sonucda məşğulluğun təmin olunmasına, əhalinin gəlirlərinin artmasına, maddi və sosial təminatının yaxşılaşmasına gətirib çıxaracaq. Ölkəmizdə pambıqçılığın inkişafı əldə olunan xammaldan müxtəlif çeşid və növlərdə məhsul istehsalına başlanmasını zəruri vəzifə kimi qarşıya qoyur.
Pambıqçılıq ölkə iqtisadiyyatına böyük mənfəət gətirəcək, valyuta axınını təmin edəcək fəaliyyət növüdür. Pambıq elə məhsuldur ki, dünya birjalarında satılır, ona tələbat ildən-ilə artır. Pambığın və mahlıcın satışı üçün bazarlar aramağa ehtiyac yoxdur. Bu pambıqçılığı üstün mövqeyə gətirib çıxaran ən mühüm amildir. Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Sovetlər dönəmində Azərbaycanda pambıqçılıq yüksək inkişaf zirvəsinə gəlib çıxmışdı. Ötən əsrin 70-ci illərindən başlanan bu dalğa sovetlər birliyi çökənədək davam etdi. Məhz həmin illərdə əhalinin güzəranı yaxşılaşdı, insanlar özlərinə ev tikdilər, minik avtomobili aldılar, kəndlər, qəsəbələr simasını büsbütün dəyişdi. Əmək qəhrəmanlarının səsi-ünü aləmə yayıldı, onlara yüksək dövlət mükafatları verildi, şəninə mahnılar qoşuldu. Pambıq hər bir kənd adamının sevimli məşğuliyyətinə çevrildi, necə deyərlər, həyat tərzinə daxil oldu. Keçən il pambıq əkilməsi başlanan kimi on minlərlə əmək adamı çağırış, göstəriş gözləmədən sahələrə axışdı.
2017-ci ildə pambıqçılığa daha böyük önəm verilib. Hazırda dünya bazarında pambıq ehtiyatlarının azalması, tələbin təklifi üstələməsi və bunun fonunda qiymətlərin yüksəlməsi qədim ənənələrə malik Azərbaycanda pambıq istehsalının genişləndirilməsini zəruri vəzifə kimi ortaya qoyub. Bu il 22 rayonda 136 min hektar sahədə pambıq əkini həyata keçirilib. Keçən il bu rəqəm 51 min hektar təşkil etmişdir. Bu il Ağcabədi rayonunda 3 min hektar, Bərdədə 8900 hektar, Biləsuvarda 11 min hektar, Cəlilabadda 500 hektar, Füzulidə 2 min hektar, Goranboyda 5 min hektar, Hacıqabulda 1200 hektar, İmişlidə 18 min hektar, Kürdəmirdə 4 min hektar, Neftçalada 10 min hektar, Saatlıda 17100 hektar, Sabirabadda 15 min hektar, Salyanda 7 min hektar, Samuxda 30 hektar, Tərtərdə 3 min hektar, Ucarda 2500 hektar, Ağsuda 2500 hektar, Yevlaxda 2 min hektar, Zərdabda 3100 hektar sahədə pambıq əkini həyata keçirilib. Pambıqçılığa böyük həcmdə sərmayə yönəldilib, bütün digər zəruri tədbirlər görülüb.
Keçən il və bu il ölkəyə minlərlə texnika və digər avadanlıqlar gətirilib. Belə ki, 2016-cı ildə respublikamıza 100 ədədə yaxın pambıqyığan kombayn gətirilmişdisə, cari ildə 200 yeni kombaynın gətirilməsi nəzərdə tutulur. Bölgələrdə suvarma sistemlərinin yaxşılaşdırılması üçün meliorasiya tədbirləri genişləndirilir və dövriyyəyə yeni əkin sahələri daxil edilir.
«Azərbaycan Meliorasiya və Su Təsərrüfatı» ASC-nin torpaq işi görə bilən 1642 ədəd texnikası bölgələrə suvarma və kollektor-drenaj şəbəkələri üzərinə köçürülüb. Şəbəkənin lildən təmizlənməsi üzrə nəzərdə tutulan işlərin hamısı icra olunub. Suvarmaya hazırlıq məqsədilə pambıqçılıq rayonlarında 4561 kilometr suvarma kanalları, 460 kilometr kollektor-drenaj şəbəkəsi lildən təmizlənib. Suvarma kanalları üzərində 500-dən artıq hidrotexniki qurğu təmir edilib. Pambıqçılıq rayonlarında 126 subartezian quyusu qazılıb, 11 quyuda işlər tamamlanma mərhələsindədir.
Əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə pambıqçılıq rayonlarının istismar idarələrinə 16 ədəd yeni torpaqqazan texnika, 25 ədəd müxtəlif nəqliyyat vasitəsi, 492 subartezian nasosu, 21 səyyar nasos stansiyası, 140 nasos, 171 elektrik mühərriki və digər avadanlıqlar ayrılıb. Eyni zamanda, «Gilan Holding»in Gilan kənd təsərrüfat qrupu tərəfindən bu il pambıq əkini üçün hədəf olaraq 70 min hektar əkinin aparılması nəzərdə tutulub. Bu məqsədlə 10800 pambıqçı-fermerlə müqavilələr bağlanıb, 60 min hektar sahədə şum aparılıb, 30 min hektar sahə arata qoyulub, fermerlərə 2 milyon manat avans verilib. Rayonlar üzrə əməliyyat planı və aqrotexniki xəritələr hazırlanıb, yüksək reproduksiyalı pambıq toxumu tədarük edilib və bunun hesabına toxuma olan tələbat tam şəkildə ödənilib. Bundan başqa, 16 min ton ammonium-nitrat, 1499 ton AFK, 536 ton amofos gübrəsi tədarük edilib, əlavə olaraq 7500 ton ammonium-nitrat və 670 ton bitki mühafizəsi vasitələri sifariş olunub və bu proses davam etdirilir. «MKT İstehsalat Kommersiya» MMC hazırda 2995 ədəd texnika, o cümlədən 108 ədəd kombayn, 387 ədəd trak¬tor, 2500 ədəd müxtəlif təyinatlı qoşqu vasitəsilə fermerlərə xidmət gös¬tərir. Bundan əlavə, sözügedən cəmiyyət tərəfindən «Aqrolizinq» ASC-yə 2770 ədəd texnika sifariş edilib.
Xam pambığın 15 qəbul məntəqəsində tədarükü, 12 pambıqtəmizləmə zavodunda emal edilməsi planlaşdırılır. 2017-ci ildə «MKT İstehsalat Kommersiya» MMC tərəfindən 140 min ton xam pambığın toplanması nəzərdə tutulur. Tədarük edilən xam pambığın emalından 53200 ton mahlıc, 70 min ton çiyid, 2100 ton köməkçi məhsullar, çiyidin emalından isə 8 min ton rafinə edilmiş yağ və 48 min ton jımıx alınması proqnozlaşdırılır.
Görülən sistemli və ardıcıl tədbirlər ölkəmizdə aqrar sahənin, o cümlədən pambıqçılığın inkişafına güclü təkan verəcək və qısa zaman kəsiyində Azərbaycanın «ağ qızıl» ölkəsi kimi şan-şöhrəti geri qayıdacaq. Bu yaxınlarda Saatlı rayonunda pambıqçılığın inkişafı ilə bağlı keçirilən geniş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il pambıqçılıqda yüksək nəticələrin əldə ediləcəyinə əminliyini ifadə etmiş, növbəti üç-dörd ayda çox fəal iş aparmağın önəmini dilə gətirərək demişdir: «Yerli icra orqanlarının üzərinə böyük vəzifələr düşür. Keçən ildə də onlar qısa müddət ərzində yaxşı işlədilər. Onlar bu il də bütün işləri yüksək səviyyədə təşkil etməlidirlər». Əmək resurslarından səmərəli istifadə olunmasını, tədarükçü şirkətlərin yerli icra orqanları ilə sıx əməkdaşlıq etməsinin önəmini qeyd edən dövlət başçısı vurğulayıb ki, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı» ASC yerli icra orqanları ilə birlikdə çalışmalıdırlar. Cənab prezident qeyd etmişdir ki, bütün bu işlər ümumi rəhbərlik və koordinasiya məsələləri Prezident Administrasiyası tərəfindən həyata keçiriləcəkdir. Ölkənin bütün müvafiq qurumlarının bu nəcib və şərəfli işə səfərbər olunması, təsərrüfat adamlarının gərgin zəhməti və əzmkar işi uğurlu nəticələrin qazanılacağından soraq verir. Bu gün tarlalarda böyük coşqu yaşanır, hər kəs sübh tezdən toran qovuşanacan iş başındadır. Bol məhsulun əsası indidən qoyulur. Axı, torpaq da insan kimidir, sevgi və nəvaziş tələb edir. Gərək torpağa elə qulluq göstərəsən ki, ondan istədiyini ala biləsən. Məhsul bol olanda insan kimi torpağın da üzü gülür, çöhrəsi açılır.

 

Zülfü İLYASOV,
bölgə müxbiri