Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Ulu Gəncə zirvəyə, ucalığa gedən yoldadır

 

Hər bir ölkənin sosial-iqtisadi və mədəni yüksəlişini göstərən mühüm amillərdən biri həmin ölkənin şəhərlərinin inkişaf səviyyəsidir. Ölkəyə ayaq basan hər kəs öncə onun baş şəhərini ziyarət edir, sonra digər gəzməli-görməli yerlərə baş çəkir. Şübhəsiz ki, paytaxt Bakı öz əsrarəngiz gözəlliyi və əzəməti ilə heyranlıq doğurur. Bakıdan sonra digər şəhərlərimiz gəlir. Bu sırada Gəncə şəhəri ön cərgədə dayanır. Dörd min ilədək tarixi olan bu ulu şəhər neçə dəfə dağıdılıb, yenidən tikilib, bərpa olunub. Gəncə təbii-coğrafi mövqeyinə, iqliminə, suyuna, havasına, münbit və bərəkətli torpağına görə daim yadellilərin diqqətini cəlb edib. Şəhərin adı dəfələrlə dəyişdirilib, müstəqillik qazandıqdan sonra birdəfəlik öz qədim-qayıt adına qovuşub. Bu gün Gəncəni tanımaq olmur. Şəhər tarixin heç bir dövründə olmayan intibah mərhələsinə daxil olub. Gəncə şəhəri qədimliklə müasirliyi özündə təcəssüm etdirən unikal bir şəhərə çevrilib. MDB-NİN MƏDƏNİYYƏT  PAYTAXTI Gəncə şəhəri 2017-ci il üçün bu statusu qazanıb. Bundan öncə, 2013-cü ildə qədim Qəbələ bu titula yiyələnmişdi. Bununla Gəncə öz tarixi keçmişini, milli-mənəvi dəyərlərini geniş şəkildə təqdim etmək imkanı qazanıb. Sovet sistemi dağıldıqdan sonra İttifaq respublikaları arasında mədəni əlaqələr zəiflədi, gediş-gəliş azaldı, uzun müddət bir çətir altında yaşayan xalqlar, millətlər bir-birindən uzaqlaşmağa başladılar. Bir sözlə, böyük bir boşluq yarandı. O vaxtlar Kirovabad kimi tanınan ulu Gəncəyə bu gün təşrif buyuran hər kəs yerindəcə donub qalır, necə deyərlər, şəhəri tanımır. İnsanın qarşısında Şərqlə Qərbi, Avropa ilə Asiyanı bir tabloda birləşdirən canlı bir aləm açılır. Açığını demək lazımdır ki, əgər 10 il əvvəl Gəncə bu statusu qazansa idi, nəyisə nümayiş etdirmək çətin olacaqdı. Şəhər infrastrukturu sıradan çıxmışdı, yollar, küçələr bərbad vəziyyətə düşmüşdü. Gələn qonaq-qaraya nəyi göstərə biləcəkdik? Gəncənin bu günə – yüksək inkişaf dövrünə, sözün əsl mənasında, intibah mərhələsinə çatması cənab prezident İlham Əliyevin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Gəncənin sosial-iqtisadi inkişafına dair qəbul edilən qərarlar, imzalanan sərəncamlar və onların uğurla icra olunması qısa zaman kəsiyində hamının gözü qarşısında Gəncənin simasını köklü şəkildə dəyişdi. Gəncə heç vaxt son beş-altı ildəki qədər sürətli inkişaf görməyib. Bu yüksəliş və tərəqqi dalğası, böhranlı illər olmasına baxmayaraq, indinin özündə də davam edir. Artıq Gəncəyə MDB məkanından qonaqlar təşrif buyurmağa başlamışlar. Mətbuatın da üzərinə böyük vəzifələr düşür. Xüsusilə, rusdilli mətbuatda, internet resurslarında televiziya verilişlərində bu səfərlərin, keçirilən tədbir¬lərin işıqlandırılmasına geniş yer ayrılmalıdır. Gəncə böyüyür, abadlaşır, əhalisinin sayı az qala 400 minə çatır. Gəncə artıq dünən gördüyümüz respublika əhəmiyyətli şəhər deyil, onun şanı-şöhrəti çox-çox uzaqlara gedib çıxıb. Gəncə hər gün dəyişir. Bəlkə də yeganə şəhərdir ki, burada bir gün belə iş dayanmayıb. Söhbət tikinti-quruculuq və abadlıq işlərindən gedir. Gəncədə müxtəlif təyinatlı tikinti işləri aparılır, həmişəki kimi sosial obyektlərin sayı da çoxdur. Burada elə ay yoxdur ki, yeni məktəb, uşaq bağçası, səhiyyə müəssisəsi və digər başqa bir obyektin açılışı olmasın. ABADLIQ-QURUCULUQ  İŞLƏRİ SƏNGİMİR  2016-cı ilin son aylarında 41 nömrəli orta məktəb binası, 2 nömrəli peşə liseyi, beynəlxalq uşaq klubu istifadəyə verilib. Tikilən hər bir obyekt Avropa standartları səviyyəsindədir, onlardan heç nə ilə fərqlənmir. Bakı-Qazax avtomobil yolunun sağ tərəfində, 15 hektarlıq ərazidə illik istehsal gücü 30 milyon ədəd olan Kərpic Zavodunun tikintisi sürətlə aparılır. Tezliklə Gəncədə belə bir nəhəng istehsal müəssisəsinin işə düşməsi bir çox digər layihələrin icra olunmasında müstəsna rol oynayacaq, qədim Nizami yurdunun daha da gözəlləşməsinə töhfə verəcək. Çünki Gəncədə qırmızı kərpicdən milli-memarlıq ənənələrinin yaşadılmasında çox ustalıqla istifadə olunur. Gəncəçay Park-Bulvar Kompleksinin sol sahilində sahil-bərkitmə və parksalma işlərinin davam etdirilməsi üçün müvafiq tədbirlər görülür. Yağış sularının qarşısını almaq məqsədilə sahildə 1 km. uzunluğunda beton mühafizə divarları inşa edilib. Çayın məcrasında təmizlik və abadlıq işləri aparılır. Onu da qeyd etmək yerinə düşərdi ki, Gəncə sakinlərinin sevimli istirahət guşələrindən birinə çevrilən Park-Bulvar Kompleksinin ikinci mərhələsinin – əks tərəfinin tikintisinə başlanılıb. Vəli Xuluflu küçəsində 129 ailənin fərdi yaşayış evi ilə təmin edilməsi üçün tikinti işlərinə start verilib. 2012-ci ildən inşasına başlanan, 1,4 hektar ərazidə yerləşən Gəncə Dövlət Filarmoniyasında son tamamlama işləri gedir. Bu möhtəşəm tikilinin açılışına az vaxt qalıb. Öz memarlıq üslubuna görə seçilən altımərtəbəli Filarmoniya binası Gəncə şəhərinin memarlıq ansamblına bir gözəllik əlavə edəcək.  Şəhərin Atatürk prospektində inşa edilən 50 mənzilli dördmərtəbəli 4 ədəd, yeddimərtəbəli 4 ədəd, həmçinin Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində, keçmiş toxuculuq kombinatının yataqxanasında yaşayanlar üçün 3 bloklu doqquzmərtəbəli 3 bina, 1 bloklu onmərtəbəli 1 bina, ümumilikdə 248 mənzilli çoxmərtəbəli yaşayış binalarının tikintisi aparılır.  Cavadxan küçəsində «Majestik Palase», Hacıkənd qəsəbəsində yed­dimərtəbəli «ARFA» mehman­xanası inşa olunur. Şəhər proku­ror­luğunun müasir tələblərə ca­vab verən inzibati binasında ti­kinti işləri yekunlaşıb. Eyni zamanda, Gəncə-Şəmkir avtomobil yo­lunun sağ tərəfində, 4,75 hektar ərazidə məhkəmə kompleksinin layihələndirmə işləri aparılır. Kənd təsərrüfatı məhsullarının satışı üçün bütün lazımi şəraiti olan, təxminən 17 hektar ərazidə inşaatı aparılan «Bazar Store» MMC-nin tikintisi başa çatmaq üzrədir. Fikrət Əmirov küçəsində beşmərtəbəli İctimai Mədəni Tibb Mərkəzinin, Hava limanı istiqamətində maşın bazarının, Nizami prospektində beş və altı mərtəbəli ticarət mərkəzinin və digər sosial, mədəni və xidmət obyektlərinin tikintisi başa çatdırılıb. 2014-cü ilin fevral ayında «Paşa Holding» şirkəti tərəfindən inşasına başlanılan, ümumi sahəsi 52 min 320 kvadratmetr olan ərazidə Ticarət və Əyləncə Mərkəzinin tikintisi son tamamlama mərhələsindədir. Həmin ərazidə həm Cavadxan küçəsi ilə yeni Filarmoniya binasını, həm də Şah Abbas məscidi ilə Gəncə Dövlət Universitetini birləşdirən iki müasir tipli yeraltı keçid inşa olunur. Qeyd etmək lazımdır ki, bu yaxınlarda qapılarını müştərilərin üzünə açacaq Ticarət və Əyləncə Mərkəzinin möhtəşəmliyinə, xidmət növlərinin çoxluğuna görə Qafqaz regionunda bənzəri yoxdur. Bir yazıda Gəncədə tikilən obyektlərin hamısının adlarını çəkmək olmur. Gəncədə prospekt və küçələrin abadlaşdırılması və yenidən qurulması işləri də vüsətini azaltmayıb. Yollar, küçələr təmir olunur, ətrafdakı bütün infrastruktur yenilənir, işıq dirəkləri yenisi ilə əvəz olunur. Yeri gəlmişkən, qeyd edək ki, 5 il qabaq Gəncədəki işıq dirəklərinin sayı vur-tut 2 min ədəd idi, indi isə 35 mini ötüb keçib. Gecələr Gəncə ağ işıq selinə bürünür. Park və xiyabanlara gecədən xeyli keçənədək gələnlərin ardı-arası kəsilmir. Ən ucqar küçələrin çoxunda da milli ornamentlərlə bəzədilmiş işıq dirəkləri var, bu isə şəhərə xüsusi gözəllik verir. GƏNCƏDƏ İNKİŞAFDAN KƏNAR QALAN SAHƏ YOXDUR Şəhərdə tezliklə su problemi də tamamilə öz həllini tapacaq. 2012-ci ildən «Açıq Kommunal İnfrastruktur Layihəsi» çərçivəsində Gəncə şəhərində su təchizatı və kanalizasiya sisteminin əsaslı surətdə yenidən qurulmasına başlanılıb. O vaxtdan ötən müddət ərzində içməli su xəttinin 89,3 faizi, çirkab xəttinin 50,3 faizi yerinə yetirilib. Layihəyə görə, şəhərə üç istiqamətdə – Göygöl, Qızılqaya və Şəmkirçaydan çəkilən magistral su xətlərinin çəkilişi tamamlanıb. Bu xətlərin istifadəyə verilməsi ilə Gəncə şəhərinə saniyədə 1500 litrə yaxın su daxil olacaq, bu isə şəhərin fasiləsiz olaraq içməli suya olan tələbatını ödəyəcək. Gəncədə inkişafdan kənarda qalan sahə yoxdur. Təhsil, səhiyyə, mədəniyyət sahələrində ciddi uğurlar qazanılıb. Bir fakta diqqət yetirək: 5 il öncə orta məktəb məzunlarının cəmi 35-40 faizi ali və orta ixtisas məktəblərinə qəbul olunurdusa, keçən il bu göstərici 60 faizi ötüb keçib. Şəhərin tarixində heç vaxt bu qədər yüksək nəticə əldə olunmayıb! Bunun başlıca səbəbi budur ki, şəhərdə əsaslı təmir olunmayan, maddi-texniki təchizatı yenilənməyən məktəb qalmayıb. Deməli, yaradılan şərait yüksək nəticələrə yol açıb. Azərbaycan Dövlət Aqrar Universiteti respublikamızın qabaqcıl təhsil ocaqlarından biridir. 10 il öncə buradakı vəziyyət o qədər də ürəkaçan deyildi. Görülən ardıcıl tədbirlər nəticəsində universitet köklü şəkildə dəyişdi. 2016-cı ilin fevral ayında cənab prezident İlham Əliyevin iştirakı ilə universitetin 9 mərtəbəli, 560 yerlik yataqxana korpusu istifadəyə verildi. Daha bir eyni tipli yataqxana da yaxın vaxtlarda istifadəyə veriləcək. Universitetin tədris korpusları, yardımçı sahələri, kabinet və laboratoriyaları, demək olar ki, bütün infrastrukturu yüksək standartlar səviyyəsində yenilənib. Şəhərdə müasir tipli səhiyyə ocaqlarının sayı durmadan artır. Abbas Səhhət adına mərkəzi xəstəxana, yoluxucu xəstəliklər xəstəxanası, 6 saylı poliklinika yüksək səviyyədə əsaslı təmir olunaraq, sakinlərin ixtiyarına verilib. Özü də adıçəkilən müəssisələrin hamısı cəmi bir ilə – 2016-cı il ərzində yenidən qurulub, müasir tibbi avadanlıqlarla təchiz edilib. Mədəniyyət ocaqları da xüsusi qayğı ilə əhatə olunub. Hazırda şəhərin tarixi-memarlıq abidələri olan «Şah Abbas» və «Uğurlu xan» karvansaralarının, «Qızıl Hacılı» tarix-memarlıq abidəsinin əsaslı təmiri və bərpası, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazeh muzeyinin yaradılması istiqamətində işlər davam etdirilir. Gəncədə Qafqazın ən böyük Kitab Evi açılıb. Bu hadisəni şəhər sakinləri böyük razılıq hissi ilə qarşılayıblar. Kitab Evi Gəncə Park-Bulvar ərazisində yerləşir. Bu məkana gələn qonaqların ardı-arası kəsilmir. Hər həftə sonu burada rəngarəng konsert proqramları təqdim olunur. Təkcə son bir ildə Gəncəyə gələn qonaqların və turistlərin sayında  82,2 faiz artım baş verib. Möcüzədir, elə deyilmi? Bütün bunlar asanlıqla ərsəyə gəlməyib. Hər görülən işin, həyata keçirilən layihənin arxasında böyük zəhmət, əzmkar fəaliyyət dayanır. Qarşıda görüləsi işlər çoxdur. Zirvəyə doğru gedən yol uzundur. Bu yolu ağılla, təmkinlə qət edib xariqələr yaratmaq olar.    

 

Zülfü İLYASOV, bölgə müxbiri