Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Naxçıvanda Hava Limanının tikintisi ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən biridir


 

Həmsöhbətimiz Naxçıvan Muxtar Respublikasının keçmiş baş naziri, hazırda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Şəmsəddin Xanbabayevdir.
Şəmsəddin Xanbabayev ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 1976-2000-ci illərdə Naxçıvan MR kommunal təsərrüfatı nazirinin müavini, Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri və eyni zamanda, Naxçıvan MR baş nazirinin müavini və nəhayət Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifələrində çalışmışdır. Həmin illərdə muxtar respublikada həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərində təcrübəli inşaatçı kimi fəal iştirak etmişdir.  Bütün bunları nəzərə alaraq Naxçıvan Hava Limanının əsaslı şəkildə genişləndirilərək yenidən qurulmasının 25-ci ildönümü ərəfəsində Ş.Xanbabayevlə görüşərək, onun tariximiz üçün xüsusi əhəmiyyəti olan xatirələrini qələmə almağı vacib bildim.
– Şəmsəddin müəllim, siz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə, onun xeyir-duası  və birbaşa təyinatı əsasında  bir sıra məsul vəzifələrdə çalışmısınız. Ulu öndərin 90-cı illərin əvvəllərində  Naxçıvanda yaşadığı və fəaliyyət göstərdiyi müddətdə onun ətrafında olan  və birbaşa şəxsən  özünün tapşırıqları əsasında işləyən bir şəxs olmusunuz. Deməli siz həm də dahi rəhbərin çoxşaxəli və titanik fəaliyyətinin Naxçıvan dövrü barədə kifayət qədər məlumatlı insansınız. Başqa sözlə, ulu öndərin Naxçıvan dövrü fəaliyyətinin tariximiz üçün son dərəcə mühüm əhəmiyyəti olan bir sıra elə məqamları vardır ki, onları, siz bəlkə də, çoxlarından daha yaxşı bilirsiniz. Mən istərdim ki, söhbətimizə Naxçıvan Hava Limanının əsaslı şəkildə genişləndirilərək yenidən qurulmasından başlayaq.
– Əvvəla, onu deyim ki, Azərbaycanda, lap elə köhnə SSRİ miqyasında ulu öndərin yetirməsi olan, onun xeyir-duası, zəmanəti və birbaşa təyinatı ilə işləyən kadrların, bəlkə də, sayı-hesabı yoxdur. Mən də o xoşbəxt insanlardanam. Onun etimadı, məsləhəti, tövsiyə, tapşırıq və göstərişləri mənim üçün çox böyük bir məktəb olub.  O, tabeliyində olan insanları işlətməklə yanaşı, həm də tərbiyə edərək yetişdirirdi, onları daha məsul vəzifələrə hazırlayırdı.  Ona görə də sayı minlərlə, bəlkə də daha çox olan digər kadrlar kimi mən də həyatdakı bütün uğurlarıma görə məhz ulu öndərə borcluyam. Minnətdarlıq hissi ilə deməliyəm ki, bəli, ulu öndər istər SSRİ-nin tərkibində olduğu dövrdə, istərsə də müstəqillik illərində Azərbaycan üçün  olduqca  böyük,  həm də tarixi əhəmiyyəti olan işlər görüb. Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin təbirincə desək, ulu öndər Heydər Əliyev həqiqətən də müstəqil Azərbaycanımızın qurucusu və baş memarı olub. Diqqətəlayiq haldır ki, Azərbaycanda daxili-siyasi vəziyyətin son dərəcə gərgin olduğu dövlərdə belə ulu öndər təkcə Naxçıvan üçün yox, bütövlükdə respublikamız üçün son dərəcə mühüm əhəmiyyəti olan işlər görmüşdür. Naxçıvan Hava Limanının əsaslı şəkildə genişləndirilərək yenidən qurulması da belə tarixi əhəmiyyəti olan layihələrdəndir.  Məlum olduğu kimi, Bakı ilə Naxçıvanı birləşdirən yollar—həm dəmir yolu, həm də şose yolu Ermənistan ərazisindən keçirdi. Bu yollar həm olduqca uzaq, həm də son dərəcə təhlükəli idi. Bütün bunları nəzərə alan ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dönəmdə də, SSRİ rəhbərliyində olduğu illərdə də, xüsusən də müstəqillik illərində Naxçıvanın Bakı ilə hava nəqliyyatı rabitəsinin əsaslı şəkildə yaxşılaşdırılması istiqamətində çox ciddi səylər göstərib.  Məhz ulu öndərin səyi nəticəsində 80-ci illərin sonuna doğru Naxçıvan Hava Limanının genişləndirilməsi və əsaslı şəkildə yenidən qurulması işi plana salınıb. Məlumat üçün bildirim ki, Naxçıvan Hava Limanı  ilkin olaraq ötən əsrin 70-ci illərində, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə tikilib və 3-cü dərəcəli təyyarələri (Yak-40, AN-24 və onlara bərabər  təyyarələr) qəbul edirdi. 90-cı illərədək oradan ancaq Bakı şəhərinə uçuşlar həyata keçirilirdi.
1989-cu ilin aprel ayında Azərbaycan Respublikası Nazirlər Sovetinin Naxçıvanda və Xankəndidə iritutumlu təyyarələrin qəbulu üçün yeni hava limanlarının tikintisi barədə sərəncamı oldu. Mən o zaman Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi və vilayət partiya komitəsinin büro üzvü idim. Biz Naxçıvan Şəhər Partiya Komitəsinin qərarı ilə hava limanında xüsusi qərargah yaratdıq və mən də həmin  qərargahın rəhbəri oldum. Beləliklə də, qərargah rəhbəri kimi əvvəldən axıradək Naxçıvan Hava Limanının genişləndirilməsi və yenidən qurulması işinə bilavasitə rəhbərlik etdim.
Hava limanının tikintisi “Azərenerji” Tikinti-Quraşdırma Trestinin Vayxır Su Tikinti İdarəsinə həvalə olunmuşdu. Xatırladım ki, o zaman Vayxır Su Tikinti İdarəsi  iş həcmi və texniki təchizat imkanları baxımından Naxçıvanda fəaliyyət göstərən tikinti idarələri içərisində ən güclüsü idi. İdarə rəisi Mehrac Bağırov və baş mühəndis Əli Abbasov yaxşı təşkilatçı və peşəkar tikinti işçiləri kimi hava limanının tikintisinə çox zəhmət sərf ediblər. Biz onlarla birlikdə qısa müddət ərzində tikinti yerinə çoxlu texnika və işçi qüvvəsi cəlb etdik. Amma əlimizdə tikintinin layihəsi olmadığından işə başlaya bilmirdik.
Məlumat üçün bildirim ki, o vaxtlar SSRİ-də hava limanlarının layihələndirilməsi ilə Qazaxıstandakı layihə institutlarından biri məşğul olurdu. Odur ki, biz mühəndis Əli Abbasovu Qazaxıstana ezam etdik. Azərbaycan Mülki Aviasiya İdarəsinin rəhbərliyi də müntəzəm olaraq Qazaxıstandan olan layihəçilərlə təmasda idilər.
Nəhayət, çox cidd-cəhddən sonra avqust ayında layihə müəllifi Lev Dmitriyeviç Qolubevets Naxçıvana gəldi. Ancaq onun əlində heç bir layihə sənədi yox idi. Layihənin hazırlanmasını gözləməyə də bizim vaxtımız yox idi. Odur ki, Qolubevetsi Naxçıvandan buraxmadıq. O, ilkin olaraq bizə əldə işlənmiş sadə bir eskiz verdi. Orada uçuş zolağının eni, uzunu, perronun və istiqamətləndirici yolların ölçüləri göstərilmişdi. İlkin olaraq eni 50, uzunluğu 3350 metr olan uçuş zolağında qrunt 2 metr dərinliyədək götürülməli, sonra onun 1 metr hissəsi doldurularaq, bərkidilərək kipləşdirilməli, onun üstündən isə çınqıl və asfalt örtüyü vurulmalı idi.İlk üç ayı tikintinin rəsmi layihə sənədi olmadan işlədik.Təbiidir ki, layihələndirmə işləri qaydasında olmadığından üç ay ərzində işçilərə əmək haqqı da verə bilmədik. Buna baxmayaraq, orada çalışan 100-ə yaxın işçi hava limanının tikintisinə, sözün əsl mənasında, bir vətənpərvərlik missiyası  kimi baxırdı. Biz də öz növbəmizdə çalışırdıq ki, hansı yollarlasa bunun əvəzini çıxaq. Məlum olduğu kimi, o illərdə hər yanda əsas ərzaq məhsulları xüsusi talonlarla verilirdi. Mən vəzifə səlahiyyətlərimdən istifadə edərək, hava limanında çalışan insanların birinci növbədə ərzaqla təmin olunmasına şərait yaradırdım. Günorta və axşam işçilərə pulsuz isti yemək verilirdi.
Oktyabr ayında, çiskinli günlərin birində Qazaxıstandan olan layihəçilər, nəhayət ki, Naxçıvana, birbaşa hava limanında yaratdığımız qərargaha gəldilər. Onlar 6 nəfər idi: 3-ü milliyətcə qazax, 3-ü isə rus idi. Aralarında layihə institutunun baş mühəndisi Gennadi Dmitriyeviç Qovoruxin də vardı. Layihəçilər gələndə biz artıq uçuş zolağının yarıdan çox hissəsinin tikintisini başa çatdırmışdıq. Qonaqları  “Təbriz” mehmanxanasında yerləşdirib necə lazımdırsa, qulluq göstərdik. Onlar Naxçıvanda işlərini yekunlaşdırdıqdan sonra  qatarla Bakıya, oradan da Xankəndiyə gedəcəklərini bildirdilər.  Dedilər ki, Xankəndidə də eyni ilə Naxçıvandakı kimi iri tutumlu təyyarələri qəbul edən hava limanı layihələndirmək barədə tapşırıq alıblar. Mən də yarızarafat, yarıciddi şəkildə,-- bəlkə, heç oraya getməyəsiniz,--dedim. Layihəçilərin rəhbəri Qovoruxin bildirdi ki, Azərbaycan Mülki Aviasiya İdarəsindən rəsmi müraciət var. Odur ki, biz  oraya gedərək  vəziyyəti yerində öyrənməliyik. Mən onlara izah etdim ki,  indi Xankəndidə iri tutumlu təyyarələr üçün hava limanı tikmək vaxtı deyil. Görmürsünüz, Ermənistanda azərbaycanlıların başına nə oyun açdılar?! Görmürsünüz,  Qarabağ erməniləri hər yandan bizə qarşı necə ədavət və düşmənçilik  xətti yeridir?! Bir sözlə, mən istəmirəm ki, indiki halda Xankəndidə hava limanı tikilsin və bunun üçün hər şeyə hazıram.
Mənim bu sözlərimdən sonra onlar bir anlığa bir-birinin üzünə baxdılar və kənara çəkilərək nəsə pıçıldaşdılar.  Sonra da bizə yaxınlaşaraq, qoy, hələ bir Xankəndiyə gedək, oradan qayıdanda rəyimizi sizə bildirərik dedilər. Mən layihəçilərlə bu söhbəti edəndə Əli Abbasov, Mehrac Bağırov və əvvəllər Şərur Rayon Partiya Komitəsinin birinci katibi olmuş, o zaman isə Naxçıvan kommunal təsərrüfatı naziri işləyən Tahir Əliyev də  yanımızda idi.  Yaxşı yadımdadır, o zaman, hətta Tahir Əliyev üzünü mənə tutaraq “Şəmsəddin, odla oynayırsan,” – dedi. Mən isə “nə olur -olsun, daha bundan o yanı yoxdur. Lazım gələr, hər şeydən keçərəm. Bundan sonra M.Qorbaçov və Ə. Vəzirov kimi satqın şəxslərin lideri olduğu partiyanın sıralarında qalıb nə edəcəyik?!” – dedim
Axşam layihəçilər qatarla Bakıya, oradan da Xankəndiyə getdilər. İki gün sonra onlarla yenidən Naxçıvanda, hava limanındakı qərargahda görüşdük. Hamısının üzü gülürdü. Sən demə, Xankəndidə onları olduqca pis qarşılayıblar. Nə şəhər partiya komitəsində, nə vilayət partiya komitəsində, nə də vilayət XDS İcraiyyə Komitəsində rəsmilərdən heç kəs onları nə qəbul edib, nə də bir stəkan çay təklif edib. XDS İcraiyyə Komitəsində görüşdükləri ağsaçlı yaşlı bir erməniyə ətrafdakı dağlar imkan vermədiyindən Xankəndidə iri təyyarələr üçün hava limanı layihələndirməyin qeyri-mümkünlüyünü bildirdikdə isə, həmin şəxs “necə bilirsiniz, elə də edin” - deməklə onları yola salıb. Bunları danışa-danışa Qolubovets layihəçilərin yekun  rəyini dedi: “Yoldaş Xanbabayev, bizim layihəmiz əsasında  heç vaxt orada  hava limanı tikilməyəcək”. Mən layihəçiləri mükafatlandıraraq Qazaxıstana yola saldım. Beləliklə, də Xankəndidə hava limanı məsələsi gündəmdən çıxmış oldu.
Yeri gəlmişkən, belə bir məqamı da qeyd edim ki, 80-ci illərdən başlayaraq Azərbaycan rəhbərliyi Naxçıvan MSSR-ə və Dağlıq Qarabağa münasibətdə, hansı yolla olursa-olsun balans yaratmağa çalışırdı. Məsələn, 1985-ci ildə Azərbaycan hökuməti tərəfindən eyni vaxtda həm Naxçıvanda, həm də Xankəndidə trolleybus xətti çəkilməsi plana salındı. Biz trolleybus xəttini çəkdik və bunun üçün lazım olan materialların xeyli qismini məhz İrəvandan alıb gətirdik. Xankəndidə isə bu məsələ reallaşmadı. Bir sözlə, mərkəzdən Naxçıvan üçün nə nəzərdə tutulurdusa, Xankəndi üçün də eyni addım atılırdı. Beləliklə də, Azərbaycanın o zamankı rəhbərliyi ermənilərin səsi çıxmasın, -- deyə Naxçıvanla Dağlıq Qarabağ arasında balansı qoruyub saxlamaq xətti yeridirdi. Baxmayaraq ki, Naxçıvan ərazisinə, əhalisinin sayına, iqtisadi potensialına , ən başlıcası isə  statusuna görə Dağlıq Qarabağla eyni sırada  durmamalı idi. Nəzərə almırdılar ki, Naxçıvan axı, həm də xarici dövlətlərlə həmsərhəd olan bir məkandır.
–Hava limanında qızğın iş getdiyi bir vaxtda Naxçıvanda ümummilli etiraz dalğası da qızışmaqda idi. O günləri necə xatırlayırsınız?
–1989-cu ilin noyabr-dekabr aylarında respublikanın hər yerində olduğu kimi, Naxçıvanda da daxili siyasi vəziyyət son dərəcə gərgin həddə çatdı. Xalq Cəbhəsi hər yanda fasiləsiz mitinqlər keçirirdi ki, bunun da nəticəsi olaraq, demək olar ki, hər yerdə istehsalat dayanmışdı, insanların vərdiş etdikləri iş ahəngi tamamilə pozulmuş, idarəçilik itmişdi. Bu arada vilayət partiya komitəsinin birinci katibi Heydər İsayev  səhhətində çox ciddi problemlər yarandığından təcili olaraq Bakıya aparıldı.  Bir müddət sonra  Naxçıvan Nazirlər Sovetinin sədri işləyən Afiyəddin Cəlilov vilayət partiya komitəsinin birinci katibi seçildi.  Naxçıvanda siyasi vəziyyət isə günü-gündən daha da gərginləşməkdə davam edirdi. 1989-cu il dekabr ayının 31-də Ordubaddan Şəruradək olan ərazidə sərhəd dirəkləri  bütünlüklə sökülərək dağıdıldı. Bu, sözün əsl mənasında, xalq üsyanı idi. Ə. Vəzirov başda olmaqla, Azərbaycan hakimiyyətinin səriştəsizliyinə, xalqa xəyanət etdiyinə qarşı yönəlmiş bir üsyanı idi. Naxçıvan əhalisi Vəzirov və onun komandasının ulu öndər Heydər Əliyevə qarşı yeritməkdə olduğu qara piar və düşmənçilik kampaniyasına görə də çox qəzəbli idi.
Sovet imperiyasının nişanəsi olan və mərkəzi hakimiyyət tərəfindən qorunan sərhəd dirəklərinin dağıdılması, həm də Naxçıvan əhalisinin bu dövlətin mövcudluğuna etirazının ifadə forması idi. Bu, Naxçıvan əhalisinin daha SSRİ adlı dövləti tanımadığından xəbər verən özünəməxsus bir mesaj idi. 31 dekabr hadisələrinin əsas fəlsəfəsi bir də ondan ibarət idi ki, uzun illər ərzində görüşmək və qovuşmaq həsrəti ilə yaşayan otaylı-butaylı azərbaycanlıları ayıran o qorxunc baryerlər dağıdıldı.  Bu isə dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımızın  bir olması, həmrəy olması yolunda atılmış tarixi bir addım idi. Təsadüfi deyildir ki, ulu öndər  Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olarkən Naxçıvan ərazisində SSRİ sərhədlərinin xalq tərəfindən kütləvi surətdə  dağıdıldığı  31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  elan etdi.
– Naxçıvanda baş verənlərə mərkəzin reaksiyası necə oldu?
– Sərhəd dirəklərinin sökülüb-dağıdılmasından 2 gün sonra , yəni 1990-cı il yanvar ayının 2-də Vəzirov, Sov. İKP MK katibi Girenko, SSRİ Ali Sovetinin sədr müavini Nişanov və digər vəzifəli şəxslər xüsusi qatarla Naxçıvana gəldilər. Nehrəm dəmir yolu stansiyasında toplaşmış insanlar qatarın qarşısını kəsərək onları Naxçıvana buraxmaq istəmədilər.  Yalnız müəyyən danışıqlardan sonra onları gətirən qatar Naxçıvana buraxıldı.  Afiyəddin Cəlilovun tapşırığı ilə mən dəmir yolu vağzalında onları qarşılayaraq vilayət partiya komitəsinə gətirdim. Onlar dağıdılmış sərhəd məntəqələrinə baxmaq niyyətində idilər. Bu məqsədlə Vəzirov və bir neçə rus mənimlə Babək rayonuna getdi.  Nişanov Ali Məclisin sədri Səkinə Əliyeva ilə birlikdə Culfa-Ordubad tərəfə, Girenko isə Afiyəddin Cəlilovla birlikdə Şərur rayonu istiqamətinə yollandılar. Axşam isə vilayət partiya komitəsində müzakirələr olmalı idi.
Axşama doğru biz geri dönəndə artıq Naxçıvan izdiham içində  qaynayırdı. Şəhər partiya komitəsinin ətrafına ən azı 60-70 min insan toplaşmışdı.  Naxçıvanın ayrı-ayrı rayon, şəhər, qəsəbə və kəndlərindən axışıb gəlmiş bu insanlar yolları bağlayaraq çağrılmamış qonaqları vilayət partiya komitəsinin binasına buraxmaq istəmirdilər.  Toplaşanların  əllərində iri şriftlərlə “Rədd olsun Vəzirov!”, “Yaşasın Heydər Əliyev!” yazılmış plakatlar vardı. Vilayət partiya komitəsinin binasına getmək mümkün olmadığından şəhər partiya komitəsinin binasına –mənim iş otağıma gəldik. Hansı ki, oradan bütün izdiham çox aydın görünməkdə idi. Az sonra A. Cəlilovla birlikdə Girenko və Nişanov da mənim iş otağıma gəldilər. Vəzirovun rəngi qaçmışdı. Hiss olunurdu ki, bərk qorxur. O, özündəki qorxu hissini heç gizlətmirdi də. Məsələn, o mənə tez-tez sual verirdi: “Bizi daşa basmazlar ki?! Bəlkə, otağın işıqlarını söndürəsiniz?!”. Ona dedim ki, insanların tələblərinə hörmətlə yanaşmaq lazımdır. Belə olmasa, o izdihamı sakitləşdirmək mümkün olmayacaq, nəticədə insanlar daha ciddi addımlar atmağa məcbur olacaqlar. Mənim bu sözlərimdən sonra  Vəzirovun rəngi daha da ağardı və çıxış yolu axtarırmış kimi “o, yan otaq nədir, orada nə var?”– deyə soruşdu. Dedim ki, ora birinci katibin istirahət otağıdır, içində də bir divan və bir seyf var. Dedi, olarmı mən keçim orada bir neçə dəqiqə oturum?! Bu sözləri deyib o yan otağa keçdi və dərhal da geri döndü.  Görünür, yan otağın pəncərəsindən  eşidilən “Rədd olsun Vəzirov!”, “Yaşasın Heydər Əliyev!” şüarları onu daha da qorxutmuşdu.
 Artıq saat 21 radələri idi. Hava tam qaralmışdı. Xeyli məşvərətdən sonra A. Cəlilov aşağı düşərək izdihama müraciət etdi. Dönə-dönə xahiş etdi ki,  qonaqlara bir neçə dəqiqəlik yığıncaq keçirmələri üçün vilayət partiya komitəsinin binasına getmələrinə şərait yaratsınlar.  Amma izdihamdan müsbət reaksiya olmadı. Belə olduqda Vəzirovun təkidi ilə mən aşağı düşərək toplaşanlara müraciət etdim. Xahiş etdim ki, camaat, bizə 1 metr enində dəhliz yaradın, gedək vilayət partiya komitəsinə.  Orada 15 dəqiqəlik iclas olacaq, sonra mən özüm qonaqları aparıb dəmir yolu vağzalından Bakıya yola salacağam. Mənim müraciətimdən sonra izdiham iştirakçıları iki yerə ayrılmaqla dəhliz yaratdılar.  Biz vilayət partiya komitəsinə gəldik. İclas heç 15 dəqiqə də çəkmədi. A. Cəlilov yığıncağı açdı, Vəzirov və Girenko isə hərəsi bir neçə dəqiqə danışdı. Nə özləri, nə də zaldakılar onların nə demək istədiyindən bir şey anlamadı. Tələm-tələsik yola verilən yığıncaqdan dərhal sonra mən onları elə tələm-tələsik  dəmir yolu vağzalına gətirərək, qatarla Bakıya yola saldım.  Dəmir yolu rəisi Malik Farayevdən də xahiş etdim ki, bu qatarı Mincivanadək heç yerdə saxlamasınlar.
– Bütün bunların, yəqin ki, Naxçıvan Hava Limanında gedən işlərə də təsiri olub.
– Vəzirovun uğursuz Naxçıvan səfərindən sonra Naxçıvan Hava Limanının tikintisində işlər tamamilə dayandı və sentyabr ayınadək, yəni, ulu öndər Naxçıvan Ali Məclisinin sədri seçilənədək orada, demək olar ki, daş üstə daş qoyulmadı. May ayının əvvəllərində  Naxçıvanda siyasi vəziyyət daha da gərginləşdi. Heydər İsayevin ardınca vilayət partiya komitəsinin ikinci katibi Bolotin də istefa verərək,  Bakıya getmişdi. İkinci katibliyə isə  mənim namizədliyimi vermişdilər. Mayın 8-də vilayət partiya komitəsinin plenumunda mən ikinci katib seçilməli idim.  Lakin plenuma iki gün qalmış  A. Mütəllibov və V.Polyaniçko şəxsi işimlə tanış olarkən, ulu öndərin kadrı olduğuma görə, qərar dəyişib. Odur ki, mayın 6-da Afiyəddin Cəlilov məni yanına dəvət edərək, “otur, ərizəni yaz, işdən get,” – dedi. Dedim ki, ərizədə nəyi səbəb göstərim?! Dedi ki, nə yazırsan, yaz, işdən getməlisən, vəssalam! Bir gün sonra Naxçıvan Şəhər Partiya Komitəsinin plenumunda məni birinci katib vəzifəsindən azad etdilər və elə həmin gün yır-yığış edib Ordubaddakı evimə gəldim. Dörd aya yaxın işsiz qaldım.
İyun ayının 22-i idi. Bakıya, iş dalınca getmək niyyəti ilə Naxçıvan Hava Limanına gəldim.  Yak-40 təyyarəsi yerə enəndə onun içərisindən ilk düşən ulu öndər Heydər Əliyev oldu. Onu Cəlal müəllim müşayiət edirdi. Mən yaxınlaşaraq onunla görüşdüm, “doğma diyara xoş gəlmisiniz”,–dedim. 
Ulu öndər Naxçıvanda bacısının evində yaşadığı müddətdə mən bir neçə dəfə onun ziyarətində oldum. Çox maraqlı söhbətlər edirdi.
Aradan  ay yarım  keçər-keçməz, bir gün vilayət partiya komitəsinin  təşkilat şöbəsinin müdiri  Afət Səfərovun xidməti maşını qapımızda dayandı.  O, mənə yaxınlaşaraq hazırlaş gedək, Afiyyəddin müəllim sizi gözləyir dedi. Biz Naxçıvana gəldik. Elə həmin gün məni, 4 ay öncə işdən çıxarılmış bir adamı, Naxçıvan Dövlət Plan Komitəsinin sədri  və baş nazirin I müavini vəzifəsinə təyin etdilər.  Təbiidir ki, bu təyinat birbaşa ulu öndərin məsələyə müdaxiləsi nəticəsində baş tutmuşdu.
Ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçiləndən üç gün sonra, 1990-cı il sentyabr ayının 7-də axşam çağı vilayət partiya komitəsinin ümumi şöbəsinin müdiri  Yunis mənə bildirdi ki, Ali Məclisin sədri sizi gözləyir. Mən dərhal ulu öndərin qəbuluna getdim. İçəri daxil olan kimi dedi: “Şəmsəddin, bilirəm, Naxçıvan Hava Limanının tikintisinə lap əvvəldən sən rəhbərlik etmisən. İndi orada işlər nə yerdədir?” Mən olub-keçənlərin hamısını, o cümlədən qazaxıstanlı layihəçilərlə aramızda olan söhbəti və xüsusi mükafat müqabilində Xankəndidə iritutumlu təyyarələr üçün hava limanının tikintisinə mane olmağımı ona danışdım. O, sonadək məni diqqətlə dinləyərək:
– Sən bu işdə əsl fədakarlıq eləmisən,– dedi. Daha sonra hava limanının tikintisinin davam etdiriləcəyini bildirdi: – Naxçıvanın yeni hava limanına ehtiyacı var. Biz burada iri təyyarələri qəbul etməyə hazır olmalıyıq.
Ertəsi gün mən fəaliyyətini dayandırmış  qərargahı topladım. Ulu öndərin tapşırıq və tövsiyələrini qərargah üzvlərinə  çatdırdım. Beləliklə, yenidən Naxçıvan Hava Limanının tikintisinə start verildi. Əvvəlki kimi, yenə də iki növbəli, daha sonra isə üç növbəli iş rejiminə keçdik. 
–Ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dönəmdə necə, Bakıdan Naxçıvan Hava Limanının tikintisinə manelər yenə də qalırdı?!
–Açığını deyim, Heydər Əliyevin adı gələn hər yerdə bütün qapılar üzümüzə açıq idi. Fikrimi konkret misallarla izah etmək istərdim. Məsələn, 1991-ci ilin sonlarında  uçuş zolağının tikintisini artıq başa çatdırmışdıq və orada yarımstansiya tikməli idik. Amma bunun üçün tələb olunan transformatorları ala bilmirdik. Bunun bir səbəbi Vayxır Su Tikinti İdarəsinin vəsaitinin olmaması idi. Amma maraqlı dairələr tərəfindən başqa maneələr olduğundan da xəbərimiz vardı. Açıq- aşkar Bakıdan, özü də lap yüksək dairələrdən bu işə mane olmaq istəyirdilər.  Vəziyyətin belə gərgin çağında ulu öndər məni yanına çağıraraq dedi: “Mən Nazirlər Sovetinin sədri Həsən Həsənovla danışmışam. O, lazım olan avadanlıqları bizə pulsuz verəcəkdir. Sən təcili olaraq mənim adımdan bir məktub hazırla və Həsən Həsənovun yanına get”.
Mən sərhəd qoşunlarına məxsus vertolyotla təcili olaraq  Bakıya gəldim və dərhal Həsən Həsənovun qəbuluna getdim. İçəridə iclas getdiyindən qəbul otağında məni çox gözlətdilər. Həmin gün Naxçıvana qayıtmalı olduğumdan, bir xeyli gözlədikdən sonra məcbur olub icazəsiz Həsən Həsənovun iş otağına daxil oldum. Otaq tüstü-duman içərisində idi. Kabinetdəkilərdən İsgəndər Həmidovu, Etibar Məmmədovu, Tahir Əliyevi, Surət Hüseynovu, Rəhim Qazıyevi, Pənah Hüseynovu və Əlikram Hümbətovu tanıya bildim. Hamısı danışırdı, çığır-bağırdan qulaq tutulurdu, heç biri digərini dinləmirdi. Mən Həsən Həsənova yaxınlaşaraq Heydər Əliyevin məktubunu ona verdim. O, məktubu oxuyaraq, içəridəkilərin hamısının eşidə biləcəyi bir səslə “Mən pulsuz Naxçıvana heç nə verə bilmərəm, gedin pulunu köçürün, sonra gəlib avadanlığı aparın” dedi. O, bu sözləri olduqca əsəbi halda deyə-deyə məktubun üzərinə dərkənar yazaraq, mənə verdi. Mən çox pərt halda kabineti tərk etdim.  Qəbul otağından çıxa-çıxa Həsən Həsənovun yazdığı dərkənarı oxudum. O yazmışdı: “ Baş təchizat idarəsinin rəisi yoldaş Rəhim Hüseynov, ödənişsiz buraxın”! Oradan birbaşa sevincək halda baş təchizat idarəsinə gəldim və nəzərdə tutulan bütün avadanlıqları alaraq, yük təyyarəsi ilə elə həmin gün Naxçıvana qayıtdım.
1992-ci il aprelin 24-də ermənilər Mehri dəmir yolu stansiyasında Bakı-Yerevan sərnişin qatarının qarşısını kəsərək bütün heyəti girov saxladılar.  Yalnız ulu öndər məsələyə qarışdıqdan sonra  girovlar buraxıldı. Lakin dəmir yolunun fəaliyyəti bir daha bərpa olunmadı. Haşiyə çıxaraq onu da əlavə edim ki, o çətin günlərdə muxtar respublikanın işığı və qazı da kəsilmişdi. Qardaş Türkiyənin o zamankı rəhbərliyinin Heydər Əliyevə olan hörmət və ehtiramı sayəsində, qısa bir müddətdə, 1992-ci ilin noyabrından 1993-cü ilin mart ayınadək, havanın hədsiz şaxtalı olmasına baxmayaraq, İqdır vilayətindən Naxçıvana 180 kilometr uzunluğunda yüksək gərginlikli elektrik xətti çəkildi. Naxçıvan gündəlik 32 meqavat əlavə elektrik enerjisi almağa başladı. Bu gün isə  fəxarət hissi ilə deməliyik ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə muxtar respublikanın bütün sahələrdə inkişafı o səviyyəyə çatıb ki, indi artıq Naxçıvan Türkiyəyə elektrik enerjisi verir.
Xatırladaq ki, dəmir yolu bağlanandan xeyli əvvəl Ermənistan ərazisindən keçən və məsafənin həddən artıq uzaqlığı baxımından son dərəcə əlverişsiz olan Naxçıvan-Bakı quru yolu da azərbaycanlılar üçün artıq bağlı idi. Bununla da Naxçıvanın Ermənistan tərəfindən blokadası daha da sərtləşdirilmişdi. Bakı ilə əlaqə yalnız hava nəqliyyatı vasitəsi ilə mümkün idi. Belə bir şəraitdə məcburiyyət üzündən Naxçıvandan Bakıya təyyarə reyslərinin sayı xeyli artırılsa da bu da tələbatı əsla ödəmirdi. Təbiidir ki, bu amillər Naxçıvan Hava Limanındakı tikinti işlərini daha da sürətləndirməyi zəruri edirdi. Hava limanı, demək olar ki, tam hazır idi. Son işimiz uçuş zolağının sınaqdan keçirilməsi idi. Amma bununla bağlı da çətinliklərimiz vardı. Sovetlər dönəmində bu işlə Rusiyanın Perm şəhərindəki bir idarə məşğul olurdu.  Azərbaycan Mülki Aviasiya İdarəsi və Vayxır Su  Tikinti İdarəsi tərəfindən dəfələrlə müraciət olunmasına baxmayaraq, permli mütəxəssislər Naxçıvana gəlmək istəmirdilər.  Bəhanələri də bu idi ki, Naxçıvanda müharibə gedir, daxili vəziyyət qeyri-sabitdir, gəlməyə qorxuruq. Mən bu barədə ulu öndərə məlumat verəndə o, telefon kitabçasını götürüb oradan kiminsə nömrəsini taparaq, onunla sanki köhnə dostlar kimi danışdı.  Perm vilayətinin rəhbərlərindən olduğunu güman etdiyim həmin  şəxs Heydər Əliyevin telefon zəngindən son dərəcə məmnun qaldığını və sabah yox, birisi gün onun adamlarının və sınaq təyyarəsinin Naxçıvanda olacağını bildirdi.
Permli mütəxəssislər iki gün sonra artıq Naxçıvanda iş başında idilər. 6 nəfər antenaları quraşdırmaqla, 2 nəfər isə uçuş zolağının texniki parametrlərini yoxlamaqla məşğul idi. İçərisində xüsusi sınaq laboratoriyası olan  AN-24 təyyarəsi fasiləsiz olaraq düz 48 saat uçuş həyata keçirdi.  Sınaq uçuşları davam etdiyi gecə saat 3-də ulu öndər mənə zəng edərək, “Məlumat var ki, Bakıdan gələn təyyarə enə bilmir, əhali çox narahatdır,” – dedi. Mən məsələnin nə yerdə olduğunu izah etdikdə isə o “Belə şeylər barədə radio və televiziya ilə irəlicədən əhalini məlumatlandırmaq lazımdır,” – dedi.
Aprel ayında Naxçıvan Hava Limanında genişləndirmə və əsaslı şəkildə yenidənqurma işləri tam başa çatdırıldı. Sınaqlar da hava limanının iritutumlu təyyarələr üçün tələb olunan standartlar səviyyəsində olduğunu təsdiqlədi.  Bütün bunlardan sonra  ulu öndərin iştirakı ilə Naxçıvan Hava Limanının təntənəli açılışı oldu. Bu, qədim tarixi və özünəməxsus dövlətçilik ənənələri olan Naxçıvan üçün həyati əhəmiyyətli mühüm hadisə idi.
– Naxçıvan Hava Limanı əsaslı şəkildə genişləndirilərək yenidən qurulduqdan sonra iritutumlu ilk təyyarələrin muxtar respublikanın paytaxtına gəlişini necə xatırlayırsınız?
– Hər şeydən əvvəl, onu deyim ki, iri təyyarələrin uçuşunun təmin olunması ulu öndər Heydər Əliyevin blokadada yaşayan Naxçıvan əhalisinə növbəti sanballı töhfəsi oldu.
May ayının 28-də Türkiyə Cümhuriyyətinin Baş naziri  Süleyman Dəmirəlin şəxsi təyyarəsi və türk dünyasının önəmli isimlərini gətirən Türk Hava Yollarına məxsus iki “Boinq” təyyarəsi Naxçıvan Hava Limanına endi. Həmin gün ulu öndər özünə yaxın dost və qardaş bildiyi Süleyman Dəmirəllə birlikdə Azərbaycan-Türkiyə sərhəddində– Araz çayı üzərində yeni tikilmiş “Ümid” körpüsünün açılışını etdilər. Bu açılış böyük ümumxalq bayramına çevrildi.
1993-cü ilin yanvarında ABŞ-ın yeni seçilmiş Prezidenti Bill Klintonun andiçmə mərasimi oldu. Bu münasibətlə ulu öndər Heydər Əliyev də ona təbrik teleqramı göndərmişdi.  Yaxşı yadımdadır, həmin axşam Moskvadan efirə gedən “Novosti” proqramında da qeyd olunmuşdu ki, “Sov. İKP MK Siyasi Bürosunun sabiq üzvü Heydər Əliyev də Bill Klintonu prezidentlik vəzifəsinin icrasına başlaması münasibəti ilə təbrik etmişdir. Bu hadisədən bir müddət  sonra ulu öndər məni yanına çağırtdıraraq: “Şəmsəddin, bizim hava limanı “Boinq” yük təyyarələrini qəbul edə bilərmi”,–deyə soruşdu. Mən də dedim ki, bəli, yoldaş Əliyev! Daha sonra o izah etdi ki, ABŞ Prezidenti B. Klinton 2 “Boinq” təyyarəsi ilə Naxçıvan əhalisi üçün dərman preparatları və ərzaq göndərir. Onlar bizim hava limanının imkanlarını dəqiq bilmədiklərindən həmin yükü Yerevana, oradan da xüsusi maşınlarla Naxçıvana gətirmək istəyirdilər, mən də buna etiraz etdim. İndi onların təyyarələri birbaşa Naxçıvana gələcək. Həqiqətən də, bir neçə gündən sonra  ABŞ-a məxsus 2 ədəd “Boinq” yük təyyarəsi Naxçıvan Hava Limanına endi və biz də həmin yardımları Naxçıvan əhalisinə çatdırdıq. Bundan bir müddət sonra ABŞ Prezidenti blokada şəraitində yaşayan Naxçıvan əhalisi üçün daha 7 maşın ərzaq və dərman preparatları göndərdi. Hansı ki, həmin ərzaq və dərmanların hamısını ulu öndərin göstərişi ilə yalnız hərbi hissələrə verdik. Bir müddət sonra İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncaninin şəxsi təyyarəsi Heydər Əliyevi İrana aparmaq üçün Naxçıvana gəldi.  Beləliklə, Naxçıvan ulu öndər Heydər Əliyevin səyləri nəticəsində blokadadan çıxaraq dünya hava məkanına qovuşdu.
Naxçıvan son illər  möhtərəm Prezidentimiz İlham Əliyevin hərtərəfli diqqət və qayğısı, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun fədakar əməyi və səmərəli fəaliyyəti sayəsində xüsusilə daha sürətli inkişaf yolu keçmiş, şəhər və kəndləri abadlaşdırılaraq yeni görkəm almış, bir sözlə, qoca Şərqin qapısında çiçəklənən bir diyara çevrilmişdir. Təqdirəlayiq haldır ki, muxtar respublikanın ümumi yüksəlişi ilə bir vaxtda Naxçıvan Hava Limanı da daim yeniləşir və 2004-cü ildə beynəlxalq hava limanı statusu qazanmışdır.
Artıq 25 ildir  ki, Bakı ilə Naxçıvanı birləşdirən ənənəvi dəmir və şose yolları işləmir. Bu acı həqiqət indi dünyada kimə bəlli deyil?! Təsəlli yerimiz odur ki, köhnə əyyamda insanların az qala bir sutka vaxt sərf edərək yorğun-əzgin vəziyyətdə getdiyi o yolu indi Bakı ilə Naxçıvan arasındakı hava yolu əvəz edir. İndi  bu yolu insanlar ulu öndər Heydər Əliyevin ruhuna dua edə-edə cəmi 1 saata gedirlər. Bir sözlə, indi Naxçıvana gediş-gəliş əvvəlkindən də qat-qat rahatdır. Bəli, bu gün Naxçıvandan təkcə Bakıya yox, İstanbula, Tehrana, Moskvaya və dünyanın digər iri şəhərlərinə də çox asanlıqla uçmaq imkanları var. Pislik və məkr isə  Naxçıvanı blokadada saxlamaq niyyətində olan ermənilərə və bu işdə onlara havadarlıq edənlərə qaldı.

 

Söhbəti apardı;
Qafar CƏBİYEV,
Əməkdar jurnalist