Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Tarixin daş yaddaşını danışdıran alim

 

Kim bilir neçədir
dünyanın yaşı?...
Yazılar tarixçinin bələdçisidir. Onlar tədqiqatçını tarixin izi ilə gerçəkliyə, dəqiq, bəzən də nadir və orijinal tarixi mənbələrə doğru aparır. Bu yol çətin, insan ayağı dəyməyən yerlərdən keçir.
Xalq şairi Səməd Vurğunun sözləri ilə desək:
Kim bilir neçədir dünyanın yaşı,
Tarixin nə qədər yazısı vardır...
Üstündə yazı, yaxud təsvir оlan hər bir daş vaxtilə yer üzündə yaşamış canlı bir insanın nişanəsi, daşlaşmış ürəyidir. Bəlkə də bu daşların üzərindəki təsvirlər tarixin zaman vasitəsilə bizə göndərdiyi əmanətlər, mesajlardır...
Hər saxsı parçası, hər məzar daşı
Nəsildən nəsilə bir yadigardır.
Yaxın Şərqin ən qədim ölkələrindən biri olan Azərbaycanın ərazisi mədəni abidələrlə zəngindir. Min illər əvvəl zaman bu mənəvi dəyərləri tarixin yaddaşına həkk edib. Həkk edib ki, vaxtın ölçüsü dəyişsə də, onun yazdıqları, yaratdıqları tarixin ayrı-ayrı səhifələrində bizlərə olduğu kimi çatsın.
Qədim abidələr xalqın tarixidir, onun mövcudluğunun sübutudur. Ulu əcdadlarımızın bizə miras qoyduğu qədim əlyazmalar, daş kitabələr arasında orta əsrlərin epiqrafik abidələri xüsusi yer tutur. X əsrin əvvəllərindən XX əsrin sonunadək memarlıq və tarixi abidələrdə müxtəlif xarakterli yazılara təsadüf olunur ki, burada orta əsrlər Azərbaycanının sosial-iqtisadi həyatının bir sıra suallarına cavab tapmaq mümkündür.
Monumental memarlıq abidələrində saxlanılıb qalmış, bu abidələrin bədii tərtibatını təşkil edən, hətta qəbir daşlarının üzərində olan yazılar xalqımızın məişəti, sənəti, ticarəti, ictimai fikir tarixi və s. haqqında mülahizələr yürütməyə, hə­qi­qəti üzə çıxarmağa imkan verir. Bunlar əsrlərin əks-sədalarıdır, tarixin izləridir, Azərbaycan xalqının öz əli ilə yazılmış tarixinin monumental səhifələridir. Bu səhifələri hərf-hərf, sətir-sətir, vərəq-vərəq oxuyanlardan, respublikamızın bütün ərazisini qarış-qarış gəzib qədim abidələrimizi tədqiq edənlərdən biri də Məşədixanım Nemət olub.
Bioqrafik məlumat:
Məşədixanım Nemətоva. AMEA-nın müxbir üzvü, tarix elmləri dоktоru.
1924-cü il yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olmuş, indiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1954-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını mü­dafiə etmişdir. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Məşədixanım ilk azərbaycanlı epiqrafist elmlər doktoru, şərqşünas alim idi. 1968-ci ildə o, “Epiqrafik abidələr və onların XVI-XIX əsr Azərbaycanının sosial iqtisadi və siyasi tarixinin öyrənilməsində əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1969-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində epiqrafika fənnindən dərs demişdir.
Məşədixanım hələ tələbəlik il­lərində elmə, tarixi abidələrdə­ki ərəb və fars yazılarına böyük həvəs göstərmiş, bu həvəs, bu arzu da onu aspiranturaya gətirib çıxarmışdır. 1948-1953-cü illərdə o, Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitu­tunun aspirantı olmuşdur. Gör­­­kəmli epiqrafist Ə.Ələs­gərza­dənin rəhbərliyi ilə Şirvanın epiqrafik abidələri­ni tədqiq et­məyə başlamışdır. 1954-cü il­də “Şirvanın XIV-XVI əsrlər ta­rixinin öyrənilməsinə dair (epiqrafik abidələr əsasında)” adlı namizədlik dissertasiyası­nı müdəfiə etmişdir. Elə həmin ildən Azərbaycanın bütün epiqrafik abidələrini tədqiq et­mək fikrinə düşən gənc alim Dərbənddən Laçına qədər, Sabirabaddan Qutqaşenə (indiki Qəbələ) qədər bütün qədim sarayları, körpüləri, karvansaraları, xanəgahları, pirləri, ovdanları, məscidləri, qalaları, məqbərələri gəzərək, onların üzərindəki kitabələri toplayıb, tədqiq etməyə başlamışdır. O, həm­çinin Gürcüstan və Ermə­nis­tan ərazisində yerləşən Azər­baycan abidələrini də nəzərdən keçirmişdir.
Məşədixanım Nemət bir sıra doktorluq və namizədlik dissertasiyalarında opponent ol­muş­dur. O, Memarlıq Abidə­lərinin Bərpası İdarəsinin el­­mi məsləhətçisi olmuşdur. Res­pub­likanın bir sıra tarix diyarşünaslıq muzeylərində sər­gilərin qurulmasında iştirak etmişdir. Tarixi abidələrin qo­runması, istifadə olunması qaydaları, epiqrafik abidələrin tarixi mənbə kimi əhəmiyyəti və s. bu kimi məsələlərə dair televiziya və radio kanallarında çıxışlar etmişdir.
Məşədixanım Nemət Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya üzrə müdafiə şurasının, institutun elmi şurasının, Tarixi mədəniyyət abidələrinin qorunması cəmiyyətinin rəyasət heyətinin, Azərbaycan MEA ictimai elmlər şöbəsi nəzdindəki Orta Əsr Azərbaycan Tarixi Koordinasiya Şurasının üzvü olmuşdur. Əsərləri Bakı, Moskva, Sankt-Peterburq, Aşqabad, Daşkənd, Mahaçqala və Türkiyədə nəşr olunmuşdur.
Azərbaycanın amazonkası
Onunla ilk görüşümüz 2001-ci ildə AMEA-nın Tarix və Arxeologiya İnstitutunda oldu. Müsahibə almaq üçün ona yaxınlaşdım. Haqqında çox oxumuş, xeyli məlumat toplamışdım. Ancaq həyəcanımı boğa bilmirdim. Bunu hiss edib çox mehribancasına hal-əhval tutdu, söhbətə başladı və özündən, tələbəlik illərindən, ilk iş yerindən, at belində doğma vətəni gəzməyindən, abidələri araşdırmağından danışdı və mənim əvvəlki həyəcanımdan əsər-əlamət belə qalmadı. Söhbətimiz çox maraqlı keçdiyindən, vaxtın necə başa çatdığını hiss etməmişdik.
Beləcə, Məşədixanım müəllimədən ilk müsahibəni aldıqdan sonra redaksiyaya qayıdarkən yol boyu bu bəstəboy, zərif qadının nə qədər güclü olduğu barədə düşünürdüm. Onun bu yaşda da həyat eşqi ilə yaşadığının, gənclik fədakarlığı ilə çalışdığının şahidi olmuşdum. Bəlkə də ruhun heç vaxt qocalmadığı fikrinə ilk dəfə o gün inanmağa başlamışdım. Onunla sonrakı görüşlərdə buna bir daha əmin oldum. Mənim üçün Məşədixanım müəllimə böyük alim, yorulmaz tədqiqatçı, canlı ensiklopediya, səmimi və mehriban müsahib, nəhayət, gözəl insan idi.
Azərbaycanda epiqrafika elmi məhz Məşədixanım müəllimənin vətən sevgisi, inadkarlığı, yorulmazlığı sayəsində bir məktəb formalaşdırmışdır və bu məktəblə indi dünya hesablaşır.
Məsələn, qədim Azərbaycan torpağı olan Zəngəzur abidələrini (Urud abidələri) erməni abidələri kimi qələmə vermək istəyən erməni tarixçilərini sovet dövründə ilk susduran Məşədixanım Nemət olmuşdur. Məşədixanım Nemətin aşkar etdiyi çox nadir faktlar “Böyük Ermənistan” xülyaları ilə yaşayan, Urud abidələrindəki kitabələri təhrif ediərək, qəbiristanlığı darmadağın edən və Zəngəzurun heç vaxt Azərbaycan torpaqlarına daxil olmadığını sübut etməyə çalışan üzdəniraq erməni tarixçilərinə sanki müharibə elan etmiş, daş kitabələri toplamaqla, oxuyub dəlil-sübutlar tapmaqla onların qarşısına dəqiq faktlar qoymuşdur.
Erməni tarixçiləri nəyin bahasına olursa-olsun, Dərbənddən o yana olan abidələrin onların əcdadlarına məxsus olduğunu sübut etməyə çalışsalar da, Məşədixanım Nemət təkzibolunmaz faktlarla atəşpərəst albanların, tarix boyu bu torpaqda yaşamış türklərin, türkdilli xəzərlərin, türkdilli qıpçaqların, köçəri çöllülərin, skiflərin qədim, köklü mədəniyyətlərini üzə çıxarmış və sübut etmişdir ki, bu torpaqlar heç vaxt ermənilərin olmayıb. Bu işdə Məşədixanım Nemətin xidmətləri əvəzsizdir.
Məşədixanim Nemət təkcə Abşeronun, Şirvanın, Muğanın, Qarabağın, Milin, Gəncəbasarın deyil, Naxçıvanın, Dərbəndin, hazırda erməni işğalı altında olan Qərbi Azərbaycanın, Gürcüstandakı azərbaycanlı abidələrinin daş yazılarını oxumuşdur. Ərəb-fars əlyazması ilə yazılmış, hətta IX əsrə aid olan unudulmuş xətləri də Məşədixanım Nemət oxumuşdur.
Azərbaycan memarlığı tarixində Əcəmidən sonra görkəmli yer tutan, XIII əsrdə yaşayıb-yaratmış memar Əli Məcdəddinin adını da kitabələrə əsasən Məşədixanım Nemət aşkar etmiş, dünyaya tanıtmışdır.
O, bu barədə şeirlərinin birində
deyirdi:
Daş etmişmi ürəkləri daşa dönmüş
kitabələr?
Qulaq verin, türk babamın
öyüdləri nələr söylər.
Neçə-neçə alim, memar, nəqqaş,
xəttat adlarını
Sənət tarixinə vermiş yadigardır
kitabələr...
Bu zərif qadını tez-tez təbiətin qoynunda, kol-koslu meşələrdə, ilanlar mələşən qanqallı qəbiristanlıqlarda, sıldırım qayalıqlarda, düzənlərdə at belində görmək olardı. Tarixçilər ona “Azərbaycanın amazonkası” adını vermişdilər. Bu çətinliklərə sinə gərmək hər qadının hünəri deyildi.
Bir maraqlı faktı da qeyd etməmək mümkün deyil. 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi ilə əlaqədar Dövlət Komissiyasının iclasında Məşədixanım Nemətin Urud kəşfləri haqqındakı çıxışı ulu öndər Heydər Əliyevin böyük marağına səbəb olmuşdu. Ulu öndər buradakı tarixi çıxışında demişdi: “Biz ermənilərin bütün bu iddialarının əsassız, uydurma olduğunu beynəlxalq aləmdə sübut etməliyik. Bunun üçün əsaslı sənədlər, fundamental elmi, populyar nəşrlər yaranmalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü nəinki yaşadığımız indiki illərdə, gələcək nəsillər üçün də qoruyub saxlamaqdan ötrü çox güclü bir konsepsiya yaratmalıyıq. Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indi Ermənistan Respublikası yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin”.
Alim adını qürurla
daşıyan insan
Epiqrafika çox mürəkkəb elm olduğundan bu sahəni nadir adamlar seçir. Məşədixanım özü bu barədə deyirdi: “Epiqrafiya üzrə mütəxəssis heç bir institutda hazırlanmır. Bu elm sahəsində çalışan adam iti gözlü, elmi səfərlər zamanı bütün əziyyətlərə dözümlü olmalıdır. Çünki epiqrafist alimin iş laboratoriyası rahat otaqlarda deyil, açıq səma altında, təbiətin qoynundadır. Bu laboratoriyaya gedən axtarış yolları isə tapdanmış cığırlardan deyil, bəzən əsrlərdən bəri insan ayağı dəyməmiş, qızmar günəş altında adam boyuna qədər qalxmış ilanlı kolluqlardan, uçurumlu dağ aşırımlarından keçir. Bəzən günlər boyu hündür nərdivan başında, qızmar günəş altında işləməli olursan. Kitabələri oxumaq üçün epiqrafist alim Şərq dillərini, ərəb qrafikasını, indi əksər ərəblərin özlərinin belə oxuya bilmədiklərini, IX əsrdən ləğv etdikləri müxtəlif sufi xətlərinin və epiqrafik adibələrin mənbə kimi əhatə etdiyi bütün problemləri bilməlidir”.
Məşədixanım həm də şair təbiətli xanım idi. O, bir çox abidələrin məzər daşlarının üzərində maraqlı yazılar aşkar etmiş, onlardan çoxunu tərcümə etmişdir. Zığ kəndində yerləşən şəhid Əmir İsfəndiyarın (hicri 552/1448-49-cu illər) məzar daşında yazılan şeirdə ananın bala həsrəti ilə iztirabları təsvir edilir:
Qılmadı kimsəyə ruzigar vəfa,
Aqilə etməz xəta tiri-cəfa.
Kimsənin əyninə dünya dərzisi,
Köynək tikmədi ki, etməsin qəba (qəba etmək ölünün əynindən köynəyi cırıb çıxartmağa işarədir).
Və ya başqa bir qəbir daşında həkk olunmuş yazı:
Ey çərxi fələk, bu bivəfalıq nə idi?
Cövrun çəkən aşiqə cəzalıq nə idi?
Sən ki məni bu dərdə mübtəla
edər idin,
Ey namərd fələk, bəs bu aşinalıq
nə idi?
Məşədixanım müəllimə QADIN adını ləyaqətlə, ANA adını şərəflə, ALİM adını qürurla, AZƏRBAYCANLI adını fəxrlə daşıyan gözəl insan idi.
Ömrünün 60 ildən çoxunu bu elm sahəsinə həsr etmiş görkəmli alim apardığı axtarışlar nəticəsində 2500-dən artıq ərəb, fars və türkdilli ərəb qrafikasının ən çətin oxunan müxtəlif xətlərlə yazılmış kitabələri toplamış, Azərbaycan tarixi, memarlıq, sənətşünaslıq, toponomika, tibb tarixi, Azərbaycan xalqının təşəkkülü və s. bu kimi problemlərə dair 12 monoqrafiya çap etdirmişdir. O, 200-dən çox elmi tezis və məqalənin, o cümlədən 6 cildlik "Azərbaycanın epiqrafik abidələrinin toplusu"nun müəllifidir. 2009-cu il martın 4-də “Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sə­rən­camı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Bir şeirində deyir:
Var idim, izim qaldı
Od idim közüm qaldı.
Əsrin daş yaddaşında
Mənim də izim qaldı...
Əsrin daş yaddaşında sözü və izi qalan Məşədixanım müəllimə ötən ilin dekabrında dünyasını dəyişdi. Şərəfli ömür sürən bu gözəl insan onu sevən hər bir kəsin qəlbində özünə kiçik bir abidə ucalda bilmişdir. Bu abidə qeyrət, ləyaqət, vətənpərvərlik abidəsidir...

Yeganə MƏMMƏDOVA