Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanın sosial-iqtisadi inkişafında turizmin fəaliyyətinin təhlili və audit qiymətləndirilməsi

Turizm hazırda dünya iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib. Ümumdünya Ticarət Təşkilatının proqnozlaşdırmasına görə, səyahətə çıxan turistlərin sayı hər il 4,1 faiz artmaqdadır və 2020-ci ildə səyahətə çıxanların sayı 1,6 milyard nəfərə çatacaq. Bu, onu göstərir ki, dünyada turizmin xidmətinin rolu artmaqdadır və yaxın gələcəkdə daha da artacaqdır. Bu baxımdan ölkədə turizmin təşkili və onun iqtisadiyyatda rolunun artması çox aktual məsələlərdən biridir.
Dünya İqtisadi Formunun 2014-2015-ci il “Dünya Rəqabətlik Hesabatı”nda qlobal turizmin rəqabət qabiliyyətlilik indeksinə görə Azərbaycan bir pillə irəli gəlib və 144 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Bu, onu göstərir ki, turizm sahəsi üzrə hələ də istifadə olunmamış imkanlar (ehtiyyatlar) mövcuddur. Bu isə turizmin formalaşmasına, inkişafına və stimullaşdırılmasına şərait yaratmaqdadır.
Azərbaycanda bu sahə ötən əsrin 90-cı illərinin sonundan başlayaraq inkişaf etməyə başlayıb. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət milli iqtisadiyyatın bütün sahələri kimi turizm sektorunun da inkişafına əlverişli zəmin yaradıb. Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ölkədə turizmin inkişafına güclü təkan vermişdir.
2017-ci ilin yanvar ayında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə rəhbəri son illər turizm sahəsində qazanılan uğurları da diqqətə çatdırdı. “Son 12 il ərzində Azərbaycanda 300-ə yaxın mehmanxana tikilmişdir. Bizim indi dünya səviyyəli kurortlarımız var. Şahdağ, Naftalan, Qəbələ beynəlxalq kurort mərkəzinə çevrilibdir və Qalaaltı müalicəvi kurort mərkəzidir. Naxçıvanda Duzdağ kurortu yaradılmışdır. Sadəcə daha fəal olmalıyıq ki, turistləri cəlb edək. Burada vizaların sadələşdirilməsi işində əlavə tədbirlər görülüb ki, biz daha çox turist axınını təmin edək”. Bütün bunlar Azərbaycanı turizm üçün cəlbedici ölkəyə çevirir.
Mənbələrə görə, “turizm” sözü fransız dilində “turizme” adlanır. Onun leksik mənası isə səyyahların, tacirlərin, elmi axtarışda olan adamların bir ölkədən digər ölkəyə getməsini ifadə edir. Elə “turist” adı da buradan götürülmüşdür. Beynəlxalq Assosiasiya tərəfindən qəbul edilən tərifə görə isə turizm sosial-iqtisadi sistem kimi insanların daim yaşayış yerindən fərqli, onların əmək fəaliyyəti ilə bağlı olmayan məkanlara yerdəyişmə və gəlişi zamanı meydana çıxan münasibətlərin, əlaqə və hadisələrin məcmusu sayılır.
Turizmin iqtisadi mahiyyəti onunla izah olunur ki, o, müştərilərə məhsulunu və xidmətlərini təklif etməklə yerli sənayenin, kənd təsərrüfatının və digər sahələrin tələbini canlandırır, onların inkişafına, istehlak mallarının istehsalını artırmağa, məşğulluğun yüksəldilməsinə təsir göstərir. Bununla həm də turist axını mədəniyyət, əyləncə, istirahət müəssisələrinin (muzeylər, incəsənət, idman-kurort, sərgilər, xalq sənətkarlığı, abidələr, şou və s.), mehmanxanaların, nəqliyyat müəssisələrinin gəlirlərini artırır. Bu isə vergi ödəmələri hesabına fayda verir və ölkəyə xarici valyuta axınına səbəb olur.
Dünyanın bir çox ölkələrində turizm insanların sağlamlığında, asudə vaxtlarının səmərəli istifadəsində, iqtisadiyyatda önəmli yer tutur, regionların sosial inkişafına təkan verir, büdcəyə əlavə vəsaitlərin cəlb edilməsinə əlverişli şərait yaradır. Bu gün dünya milli məhsulunun, dünya investisiyalarının, iş yerlərinin və dünya istehlak xərclərinin 10%-i turizmin payına düşür. Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkədə qarşıda duran mühüm vəzifədir. Çoxsaylı tədqiqatlar göstərir ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur.
Ümumiyyətlə turizm və sosial-mədəni servis xidməti fəaliyyət növü kimi əhalinin asudə vaxtının səmərəli istifadə edilməsinə, ekskursiya, səyahət və turist marşrutlarının təşkilinə, həmçinin turistlərin başqa xidmət növlərindən istifadəsinin genişlənməsinə təkan verir. Turizm xidmətləri bilavasitə turist təşkilatlarının fəaliyyətinin nəticəsidir. Turizm xidməti əməyin spesifik xüsusiyyətlərini və məzmunu müəyyənləşdirən milli iqtisadiyyatın müstəqil sahəsidir. Turizmdə əmək məhsuldarlığının artım sürəti üçün xidmətin səviyyəsinin yüksəldilməsi, əməyin təşkili və stimullaşdırılmasının forma və üsullarının təkmilləşdirilməsi, turizmin sosial-mədəni servis xidmətlərinin təşkili zəruridir.
Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə 2006-cı ildə Turizm İnstitutu yaradılmış, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılmış, eyni zamanda, Ümumdünya Turizm Təşkilatının və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilməkdədir.
Bununla yanaşı, turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Aparılan hesablamalara görə, dünyada milli məhsulun, dünya investisiyalarının, iş yerlərinin və dünya istehlak xərclərinin 10 faizi turizmin payına düşür. Azərbaycanda isə 2015-ci ildə ümumi daxili məhsulun 4,5 faizi, ölkə üzrə investisiyaların 5,3 faizi turizmin payına düşür, iqtisadi fəaliyyətlə məşğul olan əhalinin 1,1 faizi turizm sahəsində çalışır. Göründüyü kimi, son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlarına adekvat surətdə cavab verərək, həllinə şərait yaradır.
Azərbaycan Respublikasında tu­rizm sektorunun dayanıqlı in­kişafının təmin edilməsi və turizmin ölkə iqtisadiyyatının apa­rıcı sahələrindən birinə çevrilməsi məqsədilə Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyev tərəfindən 2010-cu il 6 aprel tarixində “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanmışdır.
Dövlət Proqramının başlıca məq­sədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsini təmin etməklə yanaşı, turizmin fəaliyyətinin genişləndirilməsinə şərait yaradılmasıdır.
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri də ölkə üçün əsas sahə olan turizmin formalaşması və inkişafıdır. Hazırda ölkəmizdəki turizm xidmətlərinin keyfiyyətinə görə Türkiyədən və fəaliyyətdə olan qiymətlərə görə Gürcüstandan geri qalırıq. 2014-cü ildə Azərbaycanda turizmin ümumdaxili məhsulda payı 4,1% təşkil etdiyi halda, bu göstərici qonşu Gürcüstanda 7,5%, Türkiyədə isə 12,3% təşkil etmişdir. Bu məqsədlə ölkədə bir sıra kompleks tədbirlər həyata keçirilmiş və hal-hazırda da davam etdirilməkdədir. Son illər Azərbaycanda turizm sahəsində beynəlxalq əlaqələrin təşkili və inkişaf etdirilməsi, turizm imkanlarının təbliği, milli turizmin inkişafı və turizmin infrastrukturlarının yeniləşməsi sahəsində konkret istiqamətlər müəyyənləşdirilib. Bu baxımdan Azərbaycanda turizmi inkişaf etdirmək məqsədilə aşağıdakı vəzifələr qarşıya qoyulmuşdur: Turizm sahəsində sahibkarlığın, turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsi, bunların beynəlxalq standartlara uyğunlaşdırılması, turizm fəaliyyətinin dövlət tənzimlənməsi, turizm infrastrukturunun və sənayesinin inkişafı, eyni zamanda, xarici investorların turizm sferasına cəlb edilməsi, bu vəzifələrin ardıcıl olaraq həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 dekabr tarixli fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasında Turizm Şurasının yaradılması haqqında Əsasnamədə bir daha göstərilmişdir.
Hazırda “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektoru üzrə strateji yol xəritəsi”nin əsaslarından biri olan turizm sferasının gündən-günə inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq turizmə inteqrasiya etməsindən çox aslıdır. Ümumilikdə, 2014-cü ildə ölkəyə gələn turistlərin sayı 2,3 milyon nəfər olub. Xarici turistlərin ölkədəki xərcləri 1,3 milyard manat, turizm və aidiyyatı sahələrdə çalışan işçilərin sayı 42 min nəfər, turizm sahəsinin ölkənin ümumi daxili məhsulundakı xüsusi çəkisi isə 4,1% olub. Həmçinin, Azərbaycan mehmanxanalarında keçirilən gecələmələrin sayı 2013-cü illə müqayisədə 0,8% artaraq 1687,5 min adam-gecə təşkil edib. Bunun 47,6%-i xarici ölkə vətəndaşlarının payına düşüb. Ümumi gecələmələrin 64,1 faizi Bakı şəhərində qeydə alınıb. Eyni zamanda, mehmanxana və mehmanxana tipli müəssisələrdə 392,8 min nəfər xarici ölkə vətəndaşı gecələyib. Onların əsas hissəsini Böyük Britaniya, Rusiya, Türkiyə, ABŞ, Almaniya, İran, İtaliya, Ukrayna, Fransa, Gürcüstan, Çin və Qazaxıstan vətəndaşları təşkil edib. Əcnəbilərin 73,2 faizi ölkəyə turizm məqsədilə səfər edib. 2013-cü illə müqayisədə bu müəssisələrin xidmətlərindən istifadə edən Bolqarıstan, Estoniya, Finlandiya, Çexiya, Yaponiya, Belçika, Polşa, Türkiyə, Moldova, Çin, Almaniya və Rumıniya vətəndaşlarının sayında daha çox artım müşahidə olunub. Turistlərin 43,1 faizi istirahət və əyləncə, 37,5 faizi işgüzar, digərləri isə turizm məqsədilə ölkəyə səfər edib. İstirahət və əyləncə məqsədilə Bakı, Naxçıvan, Quba, Şamaxı, Şəki, Masallı, Qəbələ, Mingəçevir, Abşeron, İsmayıllı, Qusar, Lənkəran və Qaxa səfər edən turistlərin sayı daha çox olub. Turizm məqsədilə xarici öl­kə­lərə səfər edən ölkə vətəndaşlarının 34,7 faizini Bakı sakinləri təşkil edib.
Bütün bunlar göstərir ki, respublikada turzimin inkişafı üçün əlverişli şərait vardır. Bu isə ölkənin ümumdaxili məhsulunun formalaşmasında, tədiyyə balansının sabitləşdirilməsində, əhali məşğulluğunun təmin olunmasında və büdcə daxilolmalarının artırılmasında böyük rol oynayır. Azərbaycanda 2014-cü ildə ölkə üzrə 535 mehmanxana və mehmanxana tipli müəssisələrin nömrələrinin sayı 4,9 faiz artaraq 17367 vahid, bir dəfəlik tutumu isə 5% artaraq 37278 çarpayı-yer olub. Birdəfəlik tutumun 12761-i Bakı şəhərində yerləşən mehmanxanalardır.

(ardı gələn sayımızda)


i.e.d., prof. Hacıyev F.Ş.
Azərbaycan Dövlət İqtisad Universiteti,
“Mühasibat uçotu və
audit” kafedrası