Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Vergi xidməti - yeni çağırışlar, islahatlar, dəyişikliklər və transformasiya yolunda

Azərbaycan Respublikasının vergilər naziri, birinci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun Avropadaxili Vergi Administrasiyaları Təşkilatının saytında (www.iota-tax.org) yerləşdirilmiş məqaləsində son aylar ölkəmizin vergi sistemində aparılmış islahatlar, vergi inzibatçılığındakı dəyişikliklərin əsas istiqamətləri ətraflı şəkildə şərh edilib. Məqalədə vergi siyasətinin tənzimləyici rolunun artırılması, əlverişli, şəffaf və cəlbedici vergi mühitinin formalaşdırılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi və müasir korporativ idarəetmə sisteminin qurulması kimi məsələlərə aydınlıq gətirilib. Məqaləni diqqətinizə çatdırırıq.

Aparılan uğurlu və düşünülmüş iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı son illərdə sürətli inkişaf mərhələsindən keçib, neft gəlirlərinin səmərəli istifadəsi sayəsində ölkə iqtisadiyyatının diversifikasiyasına müvəffəq olunub, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib. İnkişaf etməkdə olan ölkəmiz istər regionda, istərsə də dünya miqyasında yüksək artım templəri nümayiş etdirən dövlətlərdən biri kimi tanınır. Son bir neçə ildə dünya iqtisadiyyatı qlobal transformasiyaların, mövcud siyasi-iqtisadi problemlərin təsiri nəticəsində yenidən durğunluq və tənəzzül meyilləri ilə üzləşib. Milli iqtisadiyyatların kənar təsirlərə qarşı həssaslığının artdığı bir vaxtda inkişaf proseslərinə təsir göstərən qlobal faktorların da sayı ciddi şəkildə artıb, bütün ölkələrin bu və ya digər dərəcədə qlobal böhranın təsirlərinə və onun doğurduğu fəsadlara məruz qalması qaçılmaz hal alıb.
Zamanın iqtisadi gerçəkliklərinə hər zaman çevik münasibəti ilə fərqlənən ölkəmizdə son illər həyata keçirilən qabaqlayıcı iqtisadi-sosial siyasət nəticəsində belə qlobal böhranların fəsadları minimallaşdırılıb. Neft gəlirlərinin ölkənin qeyri-neft sektorunda alternativ gəlir mənbələrinin yaranmasına yönəldilməsi istiqamətində aparılan işlər, bu sahəyə xarici investisiyaların cəlb edilməsi, işgüzar mühitin və biznesin fəaliyyəti üçün yaradılan şərait Azərbaycanın müxtəlif böhranların uzunmüddətli təsirlərinə qarşı dayanıqlı iqtisadi bazasının formalaşmasına imkan verib. Təsadüfi deyil ki, bütün bunlar qısa müddət ərzində ölkəmizin bir çox beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşmasına gətirib. 2016-cı ildə Dünya İqtisadi Forumunun tərtib etdiyi Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında Azərbaycan 138 dövlət arasında 37-ci yerdədir (MDB ölkələri sırasında isə 1-ci yerdə). Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən «Doing Business 2017» hesabatında isə ölkəmiz 65-ci pillədə qərarlaşıb. Bu hesabatda Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə «Biznesə başlama» göstəricisi üzrə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib.
Yeni iqtisadi inkişaf modeli - milli iqtisadiyyatın yol xəritələri
Son bir neçə ildə dünya iqtisadiyyatının yeni tsiklə daxil olması, dünya enerji bazarlarında neftin kəskin ucuzlaşması bütün neft ixracatçısı ölkələrinə, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyib. Belə bir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatının liberallaşdırılması, rəqabət qabiliyyətinin artırılmasını, idxaldan asılılığın azaldılmasını, ixracyönümlü qeyri-neft sektorunun əsaslı inkişafının təmin edilməsini, insan kapitalından səmərəli istifadə edilməsi məqsədilə iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasını, bu istiqamətdə davamlı və ardıcıl islahatların aparılmasını hökumətin qarşısında 2016-cı il üçün mühüm vəzifə olaraq müəyyənləşdirmişdi. Beləliklə, yeni iqtisadi strategiyanın hazırlanması və müvafiq institusional və konseptual islahatların həyata keçirilməsi ciddi bir zərurət olaraq ortaya çıxıb.
Yeni inkişaf dövründə ölkəmizin qarşısında duran məsələlərin həlli və dayanıqlı inkişafa nail olmaq istiqamətində mühüm addımlardan biri də «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri»nin təsdiq olunmasıdır. Bu xəritə, eləcə də iqtisadiyyatın 12 əsas sektoru üzrə təsdiq edilmiş strateji yol xəritələri Azərbaycanın yaxın gələcək üçün hədəflərini və prioritet inkişaf istiqamətlərini müəyyən edən fundamental sənəd toplusu olmaqla, ölkənin yeni iqtisadi modelinin əsasını təşkil edir. Strateji yol xəritələri 2016-2020-cı illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üzrə qarşıya qoyulmuş hədəfləri özündə əks etdirir. İqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlilinə əsaslanan bu sənədlərdə ayrı-ayrı sektorların inkişaf istiqamətləri, rəqabətqabiliyyətliliyin daha da artırılması, investisiyaların cəlbi, azad rəqabət mühiti, dünya bazarlarına çıxış, Azərbaycanın dünya iqtisadiyyatında mövqeyinin və etibarlı tərəfdaş imicinin gücləndirilməsi əsas vəzifələrdən biri kimi müəyyən edilib.
Yeni çağırışların yarandığı dövrdə Azərbaycanın iqtisadi prioritetləri, bunların həyata keçirilməsi yolları, o cümlədən 2017-ci ildə ölkəmizin qarşısında duran əsas məsələlər ölkə Prezidenti cənab İlham Əliyevin Davos Forumunun saytında yayımlanmış məqaləsində geniş şərh edilir. Yeni erada qarşıda duran əsas məqsədlər sırasında iqtisadiyyatda qeyri-neft sektorunun diversifikasiyası prosesinin dərinləşdirilməsi, maliyyə sisteminin sağlamlaşdırılması, əhalinin gəlirlilik səviyyəsinin və məşğulluğunun artırılması da yer alır. Hazırda Azərbaycanda struktur və institusional islahatlar davam etdirilir, iqtisadi potensialın gücləndirilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının artırılmasına, aqroparkların və iri fermer təsərrüfatlarının, sənaye parklarının və zonalarının yaradılma­sına, ölkənin tranzit və logistik potensialının yüksəldilməsinə döv­lət tərəfindən güclü dəstək ve­rilir. Bunlarla paralel dövlət idarə­etmə sistemi təkmilləşdirilir, bütün sahələrdə, o cümlədən vergi­ və gömrük sistemində şəffaflıq tə­min edilməkdədir.
Çağırışlar və dəyişikliklər üçün açıq vergi sisteminə doğru
İslahatları dəstəkləyən mühüm dövlət qurumu rolunda çıxış edən milli vergi sistemi, öz növbəsində, daim iqtisadi situasiyanın dəyişməsinə operativ və adekvat reaksiya verməkdədir. Son illərdə vergi sisteminin inkişafına, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsinə, institusional potensialın gücləndirilməsi istiqamətində əsaslı nailiyyətlər əldə edilməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının yeni inkişaf istiqamətləri, biliklərə əsaslanan müasir iqtisadiyyatın qurulması vergi xidməti qarşısında da yeni vəzifələr müəyyən edir. Bu vəzifələrin sırasına ilk növbədə iqtisadi siyasətin mühüm qolu olan və biznes fəaliyyətinin tənzimlənməsində effektiv alət hesab edilən vergi siyasətinin tənzimləyici rolunun artırılması, əlverişli, şəffaf və cəlbedici vergi mühitinin formalaşdırılması, vergi inzibatçılığının yeni səviyyəyə qaldırılması, sahibkarlar üçün xidmətlərin təkmilləşdirilməsi və müasir korporativ idarəetmə sisteminin qurulması daxildir.
İntensiv islahatlar ili
İqtisadiyyatda yeni eranın başlanması 2016-cı ildə vergi sistemində də fundamental islahatları labüdləşdirib. «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri»nə dair sənəddə, eləcə də «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi»ndə yeni dövrdə vergi sisteminin qarşısında duran mühüm vəzifələr öz əksini tapır. Bunlar vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması, habelə ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi, verginin stimullaşdırıcı təsirinin önə çəkilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsidir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»dir ki, bu da ötən il həyata keçirilən tədbirlərin əsas konturlarını müəyyən edib.
Vergi risklərinin müəyyən edilməsi və yayındırılan vergilərin aşkarlanması məqsədilə «risklərin idarə edilməsi» sistemi kimi innovativ alətlər uğurla tətbiq olunub, iri vergi ödəyicilərində elektron auditin tətbiqi dairəsi genişləndirilib, vergi yoxlamalarının bütün növlərinin həyata keçirilməsi ilə bağlı qaydalar təkmilləşdirilib, elektron xidmətlərin sayı artırılıb, ölkəmizə turist axınının artımında mühüm rol oynayan «Tax free» sisteminin tətbiqinə başlanılıb. 2016-cı ildə OECD-nin Qlobal Forumunun Qiymətləndirmə Qrupu Azərbaycan Respublikasının vergi sistemində şəffaflığın və məlumat mübadiləsi sisteminin beynəlxalq standartlara uyğunluğu ilə bağlı hesabatı qəbul edərək, ölkəmizə yüksək reytinq verib. Bundan başqa, intizamlı vergi ödəyicilərinə «yaşıl dəhliz» prinsipi əsasında fərdi və sürətli innovativ texnologiyalara söykənən xidmətlərin göstərilməsi üçün hazırlıq işləri başa çatdırılıb. Bütün bunlar vergi sistemində şəffaflığın daha da artırılmasına, vergi orqanları və sahibkarlar arasında münasibətlərin yeni müstəviyə qaldırılmasına şərait yaradıb.


Liberallaşan Vergi Məcəlləsi

Vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə qısa müddət ərzində beynəlxalq təşkilatlar, maliyyə institutları, sahibkarların ictimai birlikləri, biznes nümayəndələri ilə sıx və konstruktiv dialoq əsasında Vergi Məcəlləsinə və digər qanunvericilik sənədlərinə həm həcm, həm də mahiyyət baxımından ciddi və böyük dəyişikliklər edilməsi ilə bağlı layihələr hazırlanıb və 2016-cı ilin sonunda qəbul edilib. Bu dəyişikliklərin əsas məqsədi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi, vergi yükünün optimallaşdırılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, onların vaxt itkisinə məruz qalmaması və vergi öhdəliklərinin daha rahat şəkildə yerinə yetirilməsi, bir sıra vergi ödəyiciləri üçün güzəştlərin müəyyən edilməsi yolu ilə sosial bərabərliyin təmin olunması, nağdsız əməliyyatların həcminin artırılması, vergitutma bazasının genişləndirilməsi, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, uçotun dürüstlüyünün və şəffaflığının təmin olunmasıdır.
Bununla yanaşı, Vergi Məcəlləsinə beynəlxalq təcrübəyə əsaslanan bir sıra mütərəqqi yeniliklərlə bağlı müddəalar da əlavə edilib. Bunların sırasına vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması qaydası və vergi ödəyicilərinin hüquqlarının qorunmasına xidmət edən «Könüllü vergi açıqlaması» sisteminin tətbiqi, transfert qiymətlərinə və ofşor zonalarda qeydiyyatdan keçmiş müəssisələrlə aparılan əməliyyatlara nəzarət mexanizmlərinin qurulması, rəqəmsal iqtisadiyyatın, xüsusilə elektron ticarət üzərində vergi mexanizmlərinin yaradılması daxildir. E-ticarət üzərində vergi mexanizmlərinin yaradılması hazırda dünya vergi administrasiyalarının qarşısında duran həlli mürəkkəb problemlərdən biridir. Bu sahədə vergi mexanizmlərinin qurulması məqsədilə bir çox ölkələrin, xüsusilə aparıcı Avropa dövlətlərinin təcrübəsi öyrənilib və MDB məkanında problemin ən effektiv və spesifik həlli məhz Azərbaycanın vergi qanunvericiliyində öz əksini tapıb.
Vergi administrasiyasının rəhbərliyi qarşıya qoyulmuş bu hədəfin reallaşdırılması üçün praktiki addımlar atıb. Həm qanunvericilik, həm də vergi sistemində inzibatçılığın təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatları koordinasiya etmək məqsədilə Vergilər Nazirliyində İdarəetmə Mərkəzi yaradılıb. Bu Mərkəz Vergilər Nazirliyində keçirilən kollegiya iclaslarında qəbul edilmiş tədbirlər planlarında nəzərdə tutulmuş məsələlərin çevik və sürətlə icra edilməsi məqsədilə hazırda intensiv işlər görür.

(davamı gələn sayımızda)