Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Korrupsiyaya qarşı mübarizədə auditin imkanları genişdir

 

Bu gün korrupsiyaya qarşı mübarizə prioritet məsələdir. Bu mübarizədə yaxşı nəticələr, uğurlar vardır. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin işi yüksək qiymətləndirilməlidir. Əminəm ki, gələcək illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcəkdir. Bu bəla Azərbaycandan tamamilə silinməlidir, olmamalıdır. O da həqiqətdir ki, hər bir ölkədə, hər bir cəmiyyətdə korrupsiya vardır. Ancaq əsas məsələ onun dərəcəsidir və onun əhatə dairəsidir. Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Burada müxtəlif üsullardan istifadə edirik və edəcəyik. 

 


 

Son illərin hadisələri sübut etdi ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə aparmadan və belə halları ləğv etmədən iqtisadi islahatların həyata keçirilməsi və inkişafın sürətləndirilməsi mümkün olmur. İstər qanunsuz yollarla əldə edilmiş pulların leqallaşdırılması, istərsə də onun törədicisi olan korrupsiya hər bir ölkənin iqtisadiyyatına böyük ziyan vurmaqla bərabər, əlverişli investisiya mühitinin formalaşmasına, xarici və daxili mənbələr hesabına investisiyaların cəlb edilməsinə, sahibkarlığın inkişafına ciddi əngəl törədir. Dünya təcrübəsi göstərir ki, çirkli pulların yuyulması (istər ölkə daxilində, istərsə də xaricdə) və korrupsiyanın geniş yayılması ölkənin maliyyə bazarının dayanıqlığını sarsıdır. Eyni zamanda, sübut olunmuşdur ki, qanunsuz yollarla əldə edilmiş pulların və əmlakın leqallaşdırılmasının mümkünlüyü maliyyə hesabatlılığının dürüstlüyündən birbaşa asılıdır.
Başqa sözlə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasına qarşı mübarizədə maliyyə hesabatlarının düzgün tərtib edilməsi və onun obyektiv qiymətləndirilməsi, qanunsuz və şübhəli əməliyyatlara nəzarətin təmin edilməsi, maliyyə institutlarının fəaliyyətində zəruri şəffaflığın olması mühüm əhəmiyyət kəsb edir ki, bu işdə də auditin potensial rolu və əhəmiyyəti çox böyükdür. Beynəlxalq təcrübədə məhz müstəqil auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatlığının mövcudluğu qanunsuz yollarla əldə edilmiş pul vəsaitlərinin və əmlakın leqallaşdırılmasında və korrupsiyaya qarşı mübarizədə preventiv (qabaqlayıcı) xarakterli tədbir kimi dəyərləndirilir.
Düzgün aparılmış auditin iqtisadi stabilliyin fundamenti kimi qiymətləndirildiyi bir halda, təəssüf ki, son 30 ildə dünyada baş vermiş hadisələr auditə ictimai etimadın azaldılmasına səbəb olmuşdur. Dünyada baş verən proseslər belə bir faktı etiraf etməyə məcbur edir ki, audit maraqlı tərəfləri fırıldaqçılıqdan və dələduzluqdan qoruya bilməməklə yanaşı, həm də bu və digər şirkətin gələcək uğurlarına lazımi dərəcədə təminat yaratmır. Belə ki, baş verən iflas və ya bank-maliyyə qalmaqallarının buna səbəb olan qurumların təmiz (müsbət) auditor rəyləri aldıqları bir şəraitdə baş verdiyi üzə çıxır. Baş verən iqtisadi maliyyə böhranları onu da göstərdi ki, bir sıra hallarda korrupsiyanın yaranmasına və cinayət yolu ilə əldə edilmiş pulların və əmlakın leqallaşdırılmasına auditor xidməti göstərən şirkətlər və şəxslər də cəlb olunur. Təəssüf ki, bizim bəzi üzvlərimiz tərəfindən müsbət rəy almış qurumlarda digər yoxlayıcılar tərəfindən ciddi maliyyə-mühasibat pozuntuları aşkarlanması hallarına da rast gəlinməkdədir. Bu isə, təbii ki, yolverilməzdir və istər beynəlxalq audit standartlarının, istərsə də Peşə Etikası Məcəlləsinin tələblərinə tamamilə ziddir və auditor adı ilə bir araya sığmır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən cəsarətli iqtisadi islahatlar konsepsiyası reallaşdırılarkən müasir dünyada baş verən siyasi və iqtisadi-maliyyə çaxnaşmalarının hökm sürdüyü indiki şəraitdə idarəetmənin mühüm vəsiləsi olan nəzarətin və korrupsiyaya qarşı mübarizənin rolu dəfələrlə artır. Heç də təsadüfi deyil ki, ölkə başçısının imzaladığı fərman və sərəncamlarda maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsinə, təkmil nəzarət mexanizminin tətbiqinə və bütövlükdə, maliyyə intizamının möhkəmləndirilməsinə böyük önəm verilir.
Azərbaycanda iqtisadi inkişaf modelini səciyyələndirən xüsusiyyətlərdən biri də məhz idarəetmə sistemində və bütövlükdə, iqtisadi-sosial həyatda şəffaflıq amilinə xüsusi önəm verilməsidir. Şəffaflığın artırılması və səmərəli nəzarət sisteminin yaradılması hər bir ölkədə sosial-iqtisadi inkişafın təminatının vacib şərtlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir. Şəffaflığın aşağı səviyyədə olması bir tərəfdən korrupsiyanın yayılmasına, qanunsuz gəlirlərin və əmlakın əldə edilməsinə zəmin yaradır, digər tərəfdən iqtisadi sərbəstliyin məhdudlaşmasına və əksinə - idarəetmə heyətinin və məmurların lüzumsuz, tələb olunandan da artıq funksiyalarının möhkəmlənməsinə səbəb olur.
Korrupsiya cəmiyyət üçün ciddi iqtisadi, siyasi və sosial təhlükə mənbəyi kimi çox qorxulu neqativ haldır. Onun dağıdıcı təsiri hər şeydən əvvəl hakimiyyətin bütün səviyyələrinin nüfuzunun aşağı düşməsinə və cəmiyyətin mənəvi əsaslarının korroziyasına gətirib çıxarır, gizli iqtisadiyyatın, ondan törəyən mənfi halların, o cümlədən çirkli pul kütləsinin yaranmasına və geniş yayılmasına zəmin yaradır. Təsadüfi deyil ki, bu gün də Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizəni və qanunsuz gəlirlərin qarşısının alınmasını ən prioritet məsələ kimi dəyərləndirməkdə israrlıdır. Dövlət başçısı Azərbaycanın korrupsiyadan azad olmasını və dünyanı bürümüş bu sosial bəla ilə mübarizədə ölkəmizin öncüllər sırasına çıxmasını mühüm bir vəzifə kimi qarşıya qoyub. Bu sahədə möhkəm qətiyyət nümayiş etdirən Prezident İlham Əliyev dövlət quruculuğunda korrupsiya ilə mübarizənin və şəffaflığın, yüksəltmənin daha qətiyyətlə aparılması zərurətini dəfələrlə vurğulamışdır. Xüsusi olaraq vurğulanmalıdır ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin əsas leytmotivi möhkəm siyasi iradənin mövcudluğudur. Dünya ölkələrində korrupsiyaya qarşı mübarizə istiqamətində aparılan işlər onu göstərir ki, bu mübarizə dövlət siyasəti olaraq davamlı hal alırsa, hökmən müsbət nəticələr əldə edilir. Bu baxımdan, Azərbaycan dövləti tərəfindən də belə bir siyasətin davamlı olması mühüm əhəmiyyət daşıyır. Ən önəmlisi isə bu mübarizədə ölkə rəhbərinin siyasi iradə nümayiş etdirməsidir. Siyasi iradə olan yerdə korrupsiyaya qarşı mübarizənin strategiyasını, taktiki gedişlərini müəyyənləşdirmək asandır. Prezidentin dediyi kimi: “Korrupsiyaya qarşı uğurlu mübarizə üçün güclü siyasi iradə olmalıdır və o da vardır”.
Belə bir siyasi iradənin mövcudluğu Azərbaycan Prezidentinin 2016-cı il 18 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”nda təsbit olunmuş və öz sistemliyi ilə fərqlənən tədbirlər kompleksinin mahiyyətində özünü bir daha büruzə verir. Milli Fəaliyyət Planında qeyd edildiyi kimi, ölkəmiz cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə (PL/TM) qarşı mübarizə sahəsində mühüm institusional və təşkilati idarəetmə xarakterli nəticələrə nail olmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, beynəlxalq tələblərə cavab verən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ölkəmizdə PL/TM-ə qarşı mübarizənin təkmil qanunvericilik bazasını yaratmaqla qazanılan mühüm uğurların əsasını təşkil edir. Məhz bu uğurların nəticəsidir ki, bir sıra beynəlxalq qurumlar, o cümlədən Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı­ Tədbirlərin Qiymətləndirilməsi üz­rə Eks­pertlər Komitəsi ölkəmizdə PL/TM-ə qarşı mübarizə sahəsində həyata keçi­rilən islahatları, o cümlədən qanunverici­liyin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, hesabatlılıq sisteminin yaradılması, bu istiqamətdə qabaqcıl texnologiyanın tətbiqi sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirir. Qiymətləndirmə nəticəsində müəyyən edilmiş riskləri aradan qaldırmaq məqsədilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı” bu sahədə yeni və vacib bir mərhələnin uğurla reallaşdırılması məqsədi güdməklə ölkədə PL/TM-ə qarşı mübarizə sahəsində risk əsaslı mübarizə sisteminin əsas istiqamətlərini özündə ehtiva edir.
Monitorinq subyektləri üçün təlim strategiyasının və ona uyğun təlim proqramlarının hazırlanması və icrası məqsədilə tədbirlərin görülməsi onların potensialının gücləndirilməsi ilə bərabər peşəkarlıq, obyektivlik və müstəqillik kimi prinsiplərin reallaşdırılmasına zəmin yaratmış olacaq. Monitorinq subyektlərinin daxili nəzarət sisteminin gücləndirilməsi üzrə tədbirlərin görülməsinə, qanunvericiliyin tələblərinə uyğun olaraq PL/TM-ə qarşı mübarizə üzrə daxili nəzarət sisteminin qurulmasına və effektiv tətbiqinə metodiki dəstəyin təmin edilməsinə Milli Fəaliyyət Planında xüsusi yer ayrılmışdır. Bu onunla izah olunur ki, Azərbaycan Respublikasında daxili nəzarətin və auditin inkişafı istiqamətində son illər müəyyən nailiyyətlər əldə olunmasına baxmayaraq, bir sıra problemlər də mövcuddur. Məhz bu problemlərin həll edilməməsi daxili nəzarətin səmərəli fəaliyyətinə imkan vermir. Bu da öz növbəsində şəffaflığın təminatı və idarəetmənin səviyyəsinin yüksəldilməsi sahəsində ciddi uğurlar əldə edilməsində çətinliklər yaradır.
Mövcud problemlər sırasına ilk növbədə ölkədə daxili nəzarətin və daxili auditin təşkili üzrə müvafiq konsepsiyanın və metodik təminatın olmamasını aid etmək olar. Bir sıra hallarda daxili nəzarət yoxlamaları heç bir plana əsaslanmayan pərakəndə qaydada aparılır. Belə yoxlamaların səmərəsi ola bilməz. Milli Fəaliyyət Planında ehtiva olunmuş PL/TM-ə qarşı mübarizə sahəsində daxili nəzarət sisteminin effektivliyinin müəyyən edilməsi üçün daxili audit yoxlamalarının nəticələrinin qiymətləndirilməsi tapşırığının icrası bu istiqamətdə vəziyyətin kökündən dəyişməsi üçün bir əsas olacaq.
Müasir şəraitdə müəssisə və təşkilatların inkişafının, o cümlədən nəzarətin əsas şərtlərindən biri risklərin səmərəli şəkildə idarə edilməsidir. Beynəlxalq standartlarda göstərildiyi kimi, risklərin qiymətləndirilməsi yarana biləcək neqativ şərait və hadisələr haqqında peşəkar dəyərləndirmə aparmaq üçün sistemli prosedurdur. Yoxlanılacaq bütün fəaliyyət və mövcud risk amillərini müəyyən etmək, onların vacibliyini qiymətləndirmək sahəsində müasir informasiya sistemlərinin imkanlarından istifadə edilməsi çox mühümdür. Bu baxımdan şübhəli və yüksək riskli əməliyyatların müəyyən edilməsi üçün monitorinq iştirakçılarının informasiya texnologiyaları sistemlərinin təkmilləşdirilməsi və PL/TM risklərinin müəyyən olunması, əməliyyatların və riskli müştərilərin monitorinqinə imkan verən informasiya sisteminin tətbiqi üzrə metodiki dəstəyin təmini kimi mühüm müddəalar Milli Fəaliyyət Planında öz əksini tapmışdır.
Milli Fəaliyyət Planında nəzarət orqanlarının potensialının gücləndirilməsi və PL/TM üzrə risklərin davamlı qiymətləndirilməsi kimi mühüm bölmələrdə də bir sıra problemlərin həlli qarşıya məqsəd qoyulmuşdur. Bu baxımdan bizim üçün çox önəmlidir ki, Milli Fəaliyyət Planında Auditorlar Palatasının da 14 tapşırığın icrasında iştirakı nəzərdə tutulmuşdur. Biz bunu Azərbaycan auditinə olan etimad kimi yüksək dəyərləndiririk. Auditorların fəaliyyətinə ən yüksək qiymət Prezident tərəfindən bu ilin aprel ayında Auditorlar Palatasının 20 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Auditorlar Palatasının kollektivinə və üzvlərinə ünvanladığı təbrik məktubunda verilmişdir. Azərbaycan Prezidentinin təbrik məktubunda şəffaflığın təmin olunmasında Auditorlar Palatasının əvəzsiz rolu vurğulanmışdır. Həmin məktubda Prezident auditin gələcək inkişaf istiqamətlərini göstərərək demişdir: “Eyni zamanda, yeni dövrün çağırışlarını nəzərə alaraq, iqtisadi islahatların indiki mərhələsində audit sistemini yenidən qurmaq, onun təsirliliyini artırmaq və beynəlxalq aləmə inteqrasiyasını gücləndirmək sahəsində çox iş görülməlidir”.
Ümumiyyətlə, Azərbaycanda auditə dövlət qayğısının əsasında Prezidentin auditə verdiyi önəm durur. Bu mənada dövlət başçısı İlham Əliyevin aşağıdakı bir neçə il əvvəlki sözlərini xatırlatmaq istərdim: “Azərbaycan Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və onun dünya təsərrüfat sisteminə inteqrasiyası gücləndikcə iqtisadi-maliyyə münasibətlərində şəffaflığın təmin olunmasında, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə auditin imkanlarından daha geniş istifadə etmək zərurəti yaranır. Bunun üçün müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək çox vacibdir”.
“Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf Konsepsiyası (2012-2020-ci illər)”nda nəzərdə tutulan tədbirlər sırasında “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditor təşkilatları və sərbəst auditorlar qarşısında yaratmış olduğu öhdəliklərin düzgün icrasının təmin edilməsi tələbini əsas götürərək Auditorlar Palatasında bu ilin iyun ayında “Korrupsiya ilə mübarizədə və şəffaflığın artırılmasında auditorların qarşısında duran vəzifələr” mövzusunda Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının, Ədliyyə, İqtisadiyyat, Vergilər, Maliyyə nazirliklərinin, Hesablama Palatasının və müvafiq ictimai təşkilatların iştirakı ilə “dəyirmi masa” keçirilmişdir. “Dəyirmi masa”da müvafiq qurumların rəyi alınmaqla hazırlanmış “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair metodik tövsiyələr” təqdim olunmuşdur.
Auditorlar əmlakın düzgün idarə olunması, ədalət, məsuliyyət və qanun qarşısında bərabərlik prinsiplərinin, vicdanlığın təmin olunması, qanunsuz gəlirləri istisna edən mədəniyyətin formalaşmasına imkan yaradılması zərurətini dərk edərək, təsərrüfat subyektlərində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, o cümlədən belə əməllərin qarşısının alınması və aşkara çıxarılmasına kömək məqsədi daşıyan qənaətbəxş daxili audit mexanizmləri yaradılmasının, eləcə də bu təşkilatların hesablarında və tələb olunan maliyyə məlumatlarında müvafiq audit standart və prosedurlarının, habelə sahibkarlar və bütün müvafiq peşə nümayəndələri tərəfindən maliyyə-təsərrüfat fəaliyyətinin düzgün, vicdanlı və lazımi formada həyata keçirilməsinin zəruriliyini təşviq etməlidirlər. “Azərbaycanda görülən işlər dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsində olmalıdır. Biz o səviyyəyə qalxmalıyıq. Biz ona yaxınlaşmışıq, bir çox hallarda lap yaxınlaşmışıq. Amma hələ böyük işlər görülməlidir. Ölkəmizdə bütün işlər - iqtisadiyyat, sosial siyasət və bütün başqa məsələlər müasir səviyyədə olmalıdır. İnsanlar rahat yaşamalıdır, sosial ədalət prinsipləri tam şəkildə bərqərar olmalıdır. Nöqsanlarla çox ciddi mübarizə aparılmalıdır və aparılır. Bu sahədə­ki fəaliyyətimizi daha da gücləndirməliyik... Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur, göstərişlər verilmişdir, sərəncamlar imzalanmışdır. Elə etməliyik ki, Azərbaycanda bu xoşagəlməz halları aradan götürək. Bunu etmək üçün isə gərək biz hamımız - həm iqtidar, həm vətəndaşlar bir hədəfə vurmalıyıq”. Ölkə rəhbərinin bu sözləri bir daha sübut edir ki, korrupsiyaya qarşı mübarizə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və əmlakın leqallaşdırılmasına qarşı mübarizə bundan sonra da dövlət siyasətinin prioritet istiqaməti olaraq qalacaqdır.

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası Auditorlar

Palatasının sədri, i.e.d., professor