Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

AZƏRBAYCAN EKOTURİZMİN İNKİŞAFI SAHƏSİNDƏ

BÖYÜK POTENSİALA MALİKDİR

 

Çağdaş dünyada turizm ən gəlirli və cəlbedici sahələrdən birinə çevrilib. Qloballaşma ölkələri və xalqları bir-birinə yaxınlaşdırıb, gediş-gəlişi intensivləşdirib. Artıq turizm böyük biznes olmaqla yanaşı, həm də ölkənin tanımıdır, onun beynəlxalq nüfuzudur. Turizm imkanları baxımından heç də hər ölkənin bəxti eyni dərəcədə gətirməyib. Özünün zəngin təbiətinə, flora və faunasına görə Azərbaycan üstün mövqelərə malik olan bir ölkədir.
Azərbaycan təbiəti dünyada mövcud olan 11 iqlim qovşağının 9-nu özündə qoruyub saxlayır. Bu isə ölkəmizdə turizmin bütün növlərinin inkişafına imkan verir. Belə turizm sahələrindən biri də ekoturizmdir. Terminalogiyaya son vaxtlar daxil olmasına baxmayaraq, ekoturizm Azərbaycanda xeyli inkişaf yolu keçib. Sadəcə olaraq o vaxtlar bu ekoturizm yox, səyahət, ekskursiya və s. adlandırılırdı. İndi elə bir dönəmə gəlib çıxmışıq ki, ekoturizm qabaqcıl fəaliyyət sahəsinə çevrilib. Bu istiqamətdə ölkəmizdə indiyədək hansı tədbirlər görülüb, daha hansı zəruri addımların atılmasına ehtiyac vardır!
Bir az tarixə ekskurs edək. Ötən əsrin 30-cu illərində Azərbaycanda ilk qoruqlar – Göygöl, Zaqatala, Qızılqaya, 50-ci illərin sonunda isə Türyançay qoruğu yaradılıb. 1959-cu ildə Azərbaycan Respublikasında təbiətin qorunması haqqında xüsusi qərar verilib və bundan sonra ümumi sahəsi 46,8 min hektar olan daha 7 qoruq yaradılıb. Bunlar aşağıdakılardır:
Qobustan, Pirqulu, Şirvan, Qarayazı, Ağgöl, İsmayıllı və İstisu. Ötən əsrin 90-cı illərinin əvvəllərində respublika ərazisində 15 qoruq mövcud olub. 2004-cü ildə isə ümumi sahəsi 194,818 min hektar, yəni ölkə ərazisinin 2,23 faizi qədər olan 13 qoruq, 4 milli park, 17 yasaqlıq mövcud olub.
Azərbaycanın qoruqları nəinki Cənubi Qafqazda, hətta bütün dünyada tanınır. Böyük Qafqazda 6, Kiçik Qafqazda 3, Talış dağlarında 1, Kür-Araz və Lənkəran ovalıqlarında 4 dövlət qoruğu yaradılıb. Ümumiyyətlə, Azərbaycanda 2 qoruq – Qızılağac və Qobustan beynəlxalq, 12 qoruq regional və 1 qoruq (Qaragöl) ölkələrarası qoruq hesab olunur. Qobustan qoruğu beynəlxalq turizm marşrutlarının tərkibinə daxil edilib. Naxçıvan Muxtar Respublikasında Şahbuz Dövlət Təbiət Qoruğu öz unikallığı ilə seçilir. Burada 2899 bitki növləri yayılıb. Azərbaycan ərazisində qeydə alınmış 361 quş növündən qoruqda oxuyan silvi, adi kəklik, sarıköynək, enliquyruq bülbül, meşə xoruzu, hop-hop və s. məskunlaşıb. Qoruğun ərazisində, həmçinin qonur ayı, porsuq və vaşaqa da rast gəlinir.
Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində hələ 1929-cu ildə 25,2 hektar ərazidə yaradılan Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisi dəfələrlə dəyişdirilib. Qoruğun ərazisi hazırda 23844 hektar təşkil edir. Burada 900-dən artıq bitki növü yayılıb. Qoruqda palıd, vələs, fıstıq, qarağac, cökə, göyrüş, şabalıd, qoz, ayıfındığı, quşarmudu ağacları vardır. Hətta meşədə yaşı 100-250 il olan, hündürlüyü isə 30 metrə çatan fıstıq ağaclarına da rast gəlmək olar. Qoruqda yayılmış bitki növlərindən 12-si, məməlilərdən vaşaq və kəpkəz, quşlardan iri qırğı, bərqud, Qafqaz tetrası Azərbaycanın «Qırmızı kitabı»na, yırtıcı quşlardan toğlugötürən, Qafqaz şahini dünya «Qırmızı kitabı»na daxil edilib.
Başqa bir unikal qoruq, yuxarıda da qeyd edildiyi kimi, 1958-ci ildə Ağdaş və Yevlax rayonunun ərazisində yaradılan Türyançay qoruğudur. Pirqulu, Şirvan Dövlət Təbiət Qoruqlarında isə 30 növ məməli, 9 növ sürünən, 6 növ amfibiya, 64 növ quş var. Palıd və fıstıq meşələrində qaban, vaşaq, qurd, çaqqal, tülkü, cüyür və başqa heyvanlar yaşayır.
Azərbaycanın şimal-qərbində, Ağstafa rayonunda, Kür çayının sol hissəsində 1978-ci ildə yaradılan, Qarayazı, Laçın və Ermənistanın Goruş rayonu sərhədində, dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşən Qaragöl təbiət qoruqları flora və faunasının zənginliyi ilə diqqəti cəlb edir.
1981-ci ildə 9,3 hektarda Qax rayonu ərazisində, Böyük Qafqazın cənub yamaclarında İlisu Dövlət Təbiət Qoruğu yaradılıb və burada 500 növ bitki mövcuddur. Qoruqda maral, cüyür, dağ kəli, dovşan, dələ, qarapaça və s. heyvanlar məskunlaşıb. 2004-cü il 16 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Samux rayonu ərazisində Eldar Şamı Dövlət Qoruğu yaradılıb və bu qoruğun yaradılmasında əsas məqsəd genetik fondun, bioloji müxtəlifliyin, ekosistemin, nadir təbiət bitkilərinin və dünyada yeganə vətəni olan Eldar şamı meşə massivlərinin qorunub mühafizə edilməsindən ibarətdir. Dünyada nadir sayılan şərq çinarının qorunub saxlanılması məqsədilə 1974-cü ildə Zəngilan rayonunda, Kiçik Qafqaz dağlarının cənub-şərq ərazisində, Bəsitçay vadisi boyunca yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun çinarlıq hissəsi qoruq ərazisinin 93,5 faizini təşkil edir. Çinar ağaclarının orta yaşı 170 ildir, hətta burada yaşı 1200-1500 il, hündürlüyü 50 metr, diametri 4 metrədək olan ağaclara da rast gəlinir. Mənfur düşmənin tapdağı olan bu meşəliklər artıq neçə illərdir ki, vəhşicəsinə qırılıb məhv edilir. Böyük Qafqazın cənub yamaclarında İsmayıllı Dövlət Təbiət Qoruğu 1981-ci ildə təbii ekoloji tarazlığı qorumaq məqsədilə yaradılıb və qoruğun ərazisi 5,78 min hektardır.
Bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır ki, XX əsrin ortalarından etibarən ekosistemə və bioloji müxtəlifliyə təhlükə törədən faktorların sayı artmış, bir çox nadir flora növləri və cinslər məhv edilmişdir. Vəziyyətin belə qorxulu həddə gəlib çatması bütün dövlətləri ciddi narahat etməyə başlamışdır.
Ölkəmizdə bu istiqamətdə bir sıra kompleks tədbirlər görülür ki, bunların içərisində milli parkların yaradılması xüsusi önəm kəsb edir. 2003-cü ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən akademik Həsən Əliyev adına Ordubad, həmçinin Şirvan, Ağgöl, Hirkan, Altıağac, Şahdağ, Abşeron, Göygöl kimi milli parklar yaradılıb.
2008-ci ildə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40350 hektara çatdırılıb. 2008-ci ildə ölkə başçısının sərəncamı ilə Ordubad Milli Parkının ərazisi hesabına Şahbuz Milli Parkının ərazisi genişləndirilərək 42797,4 hektara çatdırılıb. Nazirlər Kabinetinin 2010-cu il 8 iyul tarixli sərəncamı ilə Şahbuz Milli Parkının ərazisi daha da genişləndirilərək 130508,1 hektara çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli sərəncamı ilə 11772, 5 hektar ərazidə Samur-Yalama Milli Parkı yaradılıb. Son illər həyata keçirilən ardıcıl və sistemli tədbirlər nəticəsində bu gün respublika ərazisinin 3,7 faizini milli parklar təşkil edir.
Yuxarıda qeyd edilən Hirkan Milli Parkı Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşir və 21435 hektar təşkil edir. Bu park Talış dağlarının unikal təbiət komplekslərini əhatə etməklə nadir sayılan, adı «Qırmızı kitaba» düşən tipik flora və fauna növlərinin qorunub saxlanılmasını təmin edir. Həm də burada turizm və istirahət üçün əlverişli şərait vardır.
Kür-Araz ovalığının Şirvan düzənliyinin 65580 hektar xüsusi mühafizə edilən ərazisinin 54374 hektarında Şirvan Dövlət Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir. Dünyada o cümlədən Azərbaycanda təhlükədə olan quşların milli parkın ərazisində 34 növünə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın «Qırmızı kitab»ına daxil edilib.
Azərbaycanın dilbər guşələrindən biri də Göygöl Milli Parkı və Göygöl Dövlət Təbiət Qoruğudur. Bu qoruq 1925-ci ildə yaradılıb və Azərbaycanın ilk milli qoruğu sayılır.
Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılan Abşeron Milli Parkı yarımadanın cənub-şərq qurşağında – Şah Dili ərazisində yerləşir. Parkda 50-dən artıq quş və heyvan, 25-ə qədər bitki növü mövcuddur. Parkın Xəzər dənizi ərazisində dünyada nadir hesab edilən Xəzər suitisinə rast gəlinir. Bu, dünya okeanının ən kiçik suitisi kimi, «Ginnesin» rekordlar kitabına daxil edilib.
Ölkəmizin şimal-şərqində, Xızı və Siyəzən rayonları ərazisində Altıağac Milli Parkı, 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu dövlət meşə fondu torpaqlarının bazasında yaradılıb və ərazisi 11035 hektar təşkil edir.
Ərazisi 115895 hektar təşkil edən Şahdağ Milli Parkı da ölkəmizin ən gözəl turizm məkanlarından biri hesab olunur. Sözsüz ki, bu parkın yaradılmasında məqsəd nəsli kəsilməkdə olan növlər və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası və idarə edilməsi, ərazi üçün xarakterik olan flora və fauna növlərinin qorunması və zənginləşdirilməsindən ibarətdir. Bununla bərabər, bütün rəngarəng çalarları ilə park özünə minlərlə turist cəlb edə bilər.
Ağcabədi və Beyləqan rayonları ərazisindəki Ağgöl Milli Parkı əvvəllər yaşıllıq, sonra isə qoruq olub. 2003-cü ildən isə Milli Park kimi fəaliyyət göstərir. Bu gölün ətrafında müxtəlif növ quşlar və heyvanlar məskunlaşıb.
Haqqında söhbət açdığımız bütün qoruqlar, milli parklar, yasaqlıqlar, meşə massivləri Azərbaycanın ecazkar gözəlliklərini, zəngin təbiətini tam şəkildə əks etdirə bilməz. Azərbaycanın hər bir guşəsi, necə deyərlər, cənnəti-məkandır. Hələ işğal altında olan torpaqlarımızı demirik. Tezi-geci biz o torpaqları mütləq qaytaracağıq, vəhşicəsinə dağıdılmış, talan edilmiş ərazilərimizi bərpa edəcəyik.
Bu gün isə əsas vəzifə mövcud potensialdan səmərəli istifadə etməklə ekoturizmi, kənd turizmini, dağ turizmini yüksək inkişaf və yüksəliş yoluna çıxarmaqdır.

Zülfü İLYASOV,
«İqtisadiyyat» qəzetinin
bölgə müxbiri