Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura

pilləsində yeni standartların tətbiqi


Qabaqcıl beynəlxalq təcrübə əsasında təhsilin pillələri və səviyyələri üzrə keyfiyyət standartları və göstəricilərinin hazırlanması, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016/2017-ci tədris ilindən başlayaraq magistratura pilləsində yeni standartların tətbiqinə başlanılıb. Yeni standartlara əsasən, UNEC-in magistratura pilləsində 15 ixtisas üzrə tədris Avropa Kredit Transfer Sisteminin (AKTS) tələblərinə və bu sistemə qoşulan ölkələrin təcrübəsinə əsaslanaraq aparılacaq. Yeniliklərdən biri ondan ibarətdir ki, təhsil standartlarına uyğun keçirilən hər bir fənnin kreditlərinin sayı Avropa Kredit Transfer Sisteminə uyğun olaraq, 6 AKTS olaraq müəyyənləşdirilib. Yeni standartlarla təhsil alan magistrlər dünyanın bir çox qabaqcıl universitetlərinə beynəlxalq təqaüd və mübadilə proqramları ilə müraciət edə biləcək və tədris olunan fənlərin uyğunlaşdırılmasında heç bir mane ilə rastlaşmayacaqlar. Magistratura təhsil pilləsi üzrə tətbiq olunan yeni standartların əsas məqsədi tədqiqatyönümlü və elmi araşdırmalar apara bilən akademik kadr yetişdirməkdir. Bu məqsədlə təhsil proqramında nəzəri təlimə ayrılan həftə sayı 30-a endirilir, magistr dissertasiyası və elmi tədqiqatlar üçün həftələr artırılır. Tələbə iki semestr – hər semester 5 dərs olmaqla (bunlardan hər semester 3 məcburi, 2 seçmə fənn), ümumilikdə 60 AKTS-lik tədris müddətini başa vurur. 3-cü semestrdə magistrlərə “Tədqiqatlar, kommunikasiya və innovasiya” fənni tədris edilir. Dərs zamanı magistr elmi rəhbər ilə birliktə tədqiqatlar aparır, kommunitivlik bacarıqlarını, eyni zamanda, tələbə-qiymətləndirmə metodlarını və dərslərdə akademik kadr olaraq iştirakı aktiv şəkildə öyrənir, elmi rəhbərlə bərabər, dərslərin tədrisində iştirak edir. 3-cü semestrin sonunda magistr dissertasiya işi ilə bağlı elmi rəhbərə hesabat verərək qiymətləndirilir. 4-cü semestrdə “Tədqiqat işinin aparılması” fənni tədris olunmaqla yanaşı, magistrlər elmi tədqiqat və elmi pedaqoji təcrübələrdə iştirak edir, dissertasiya işini hazırlayır. Fənnin tədrisinin ən əsas məqsədi magistrlərə elmi məqalə və məruzələrin hazırlanması, tədqiqat prosesinin aparılması, bu proses zamanı müasir proqram təminatı vasitələrindən və analiz metodlarından istifadənin öyrədilməsidir. Magistr dissertasiya işinin müdafiəsi ilə 120 AKTS-lik magistr təhsil proqramını tamamlayaraq məzun olur. Magistr pilləsində akademik kadr, müasir, yüksək keyfiyyətli və beynəlxalq təcrübəli elmi tədqiqatçılar hazırlamaq üçün bütün ixtisaslar üzrə “Tədqiqat metodları” fənni məcburi dərs olaraq keçiləcək. Fənnin tədrisi beynəlxalq təhsil sisteminə inteqrasiyanı, müəllim-tələbə mübadiləsini də genişləndirəcək.
Standartlara uyğun olaraq müəyyənləşdirilən “Tədqiqat Metodları” və ixtisaslar üzrə müasir problemlər fənlərindən əlavə, digər fənlər “ali məktəb tərəfindən müəyyən edilən fənlər” blokuna daxil ediləcək. İxtisas və müvafiq ixtisaslaşmalar üzrə səriştələr (kompetensiyalar) və buna müvafiq fənlər isə ali təhsil müəssisələri tərəfindən müəyyənləşdiriləcək.
Yeni tədris proqramına əsasən, magistratura pilləsində məşğələ dərslərinin məsləhət saatları şəklində müzakirələrlə əvəz edilməsi, mühazirə və seminarların isə birləşdirilməsi nəzərdə tutulub.

UNEC-də kadr potensialının gücləndirilməsi


Kadr potensialının gücləndirilməsi istiqamətində UNEC-də bir sıra mühüm addımlar atılmışdır, o cümlədən:
- UNEC-də doktorantura təhsil pilləsi üzrə yeni standartlar, tədris planları, yaddaş kitabçası hazırlanıb və Təhsil Nazirliyinə təqdim edilib;
- dissertasiyaların keyfiyyətinin yüksəldilməsi məqsədilə UNEC-də Ekspertiza Komissiyası yaradılıb. Ekspertiza Komissiyasının müvafiq rəyindən sonra dissertasiyalar müzakirə üçün kafedralara göndərilir;
- plagiat hallarının qarşısının alınması məqsədilə bütün dissertasiyaların Antiplagiat proqramı vasitəsilə monitorinqi həyata keçirilir;
- ingilis dili üzrə doktoranturaya qəbul və doktorluq imtahanları British Council tərəfindən təşkil edilir;
- təhsilverənlərin elmi-pedaqoji biliklərinin artırılması və müasir tədris bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Paris Sorbon Universiteti - Abu Dabi və Türkiyənin Uludağ Universitetinin professorları UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində keçirilən Qış məktəbləri çərçivəsində UNEC müəllimlərinə təlimlər keçirilir;
- təcrübəli professorların silsiləvi nümunəvi açıq dərsləri və innovativ tədris texnologiyalarından səmərəli istifadə edən müəllimlərin master klassları (4 dildə) keçirilir.
- UNEC-in üç əməkdaşı ABŞ Dövlət Departamentinin Hubert H.Humphrey, Fulbright və Beynəlxalq Liderlik Proqramları çərçivəsində uzunmüddətli ixtisasartırma və tədqiqat kurslarında iştirak edib.
Fulbright proqramı çərçivəsində UNEC-də uzunmüddətli səfərdə olan 2 Amerikalı mütəxəssis tədris prosesinə cəlb olunub.
UNEC-də plagiat halları ilə mübarizənin gücləndirilməsi məqsədi ilə müxtəlif tədbirlər görülür. Bu baxımdan UNEC tədris vəsaitlərində, dissertasiyalarda və digər elmi işlərdə plagiatın qarşısının alınması və aşkar edilməsi məqsədi ilə Polşanın beynəlxalq “Plagiat.pl” şirkəti ilə sıx əməkdaşlıq edir.
UNEC-də tələbələrin elmi-tədqiqat fəaliyyətinin aktuallığı artmaqdadır. Tələbələrin elmi araşdırmaları tədrisdə əldə olunmuş biliklərin reallaşdırılması, fərdi və yaradıcı imkanlarının nümayiş etdirilməsinə imkan yaradır. UNEC-də tələbələrin elmi tədqiqat işləri tədris prosesinin davamına və dərinləşdirilməsinə xidmət edir və ali təhsil müəssisəsinin kafedra, laboratoriya, elmi tədqiqat mərkəzləri və institutlarında təşkil olunur. Tələbə elmi tədqiqat işlərinə rəhbərliyi UNEC-in professor və müəllimləri, elmi bölmələrinin əməkdaşları və doktorantlar həyata keçirir. UNEC-də tələbələrin elmi işlər sahəsində fəallığını artırmaq üçün aşağıda qeyd olunan işlər görülür:
• tələbə elmi işlərin praktiki əhəmiyyəti artırılır;
• nəticələrin elmi jurnal və məcmuələrdə nəşr olunmasına imkanlar yaradılır;
• tələbələrlə professor-müəllim heyəti, elmi işçilərlə davamlı elmi əlaqələr yaradılır;
• gələcəkdə elmi fəaliyyətə cəlb olunacaq istedadlı, bacarıqlı tələbələrin seçimi aparılır;
• tələbələrin mənəvi həvəsləndirmə sistemi tətbiq olunur.
Qeyd olunanlarla yanaşı, magistratura pilləsində təhsil standartlarının insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılması və ümumi təhsilin keyfiyyət göstəricilərinin yüksəlməsi Avropa standartlarına uyğun tərtib edilmişdir.

UNEC-lə AMEA arasında əlaqələrin genişləndirilməsi


Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən ali elmi təşkilatdır. Bu baxımdan UNEC-lə AMEA arasında əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir. 2016-cı ilin iyun ayının 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “Elm və təhsilin vəhdəti: qlobal çağırışlar və lokal imkanlar” mövzusunda elmi konfrans keçirilib. Konfransda müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib. Bildirilib ki, AMEA ilə UNEC-in vahid kitabxana şəbəkəsinin yaradılması, dərslik hazırlığı və birgə tədqiqatların aparılması elm və təhsilin vəhdətini təmin etməkdə vacib rol oynayacaq. Sonda AMEA ilə UNEC arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənəddə birgə elmi-tədqiqatların aparılması, onların tədris prosesində tətbiqi, tanınmış alimlərin tədris prosesinə cəlb edilməsi, tədris-metodiki ədəbiyyatın işlənib hazırlanması və digər məsələlər öz əksini tapıb.
Bundan başqa, dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib. Tədbirdə elm və təhsilin ölkəmizin davamlı inkişafındakı rolu, bu sahədə aparılan islahatlar, mövcud problemlər və problemlərin həll yolları müzakirə olunub.
Elmi sessiyada UNEC rektoru prof.Ə.C.Muradov çıxış edib və qeyd edib ki, UNEC qarşısında duran əsas vəzifə təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının təmin olunmasıdır. Məqsəd UNEC-i “Tədqiqat universitetinə” çevirməkdir. Hal-hazırda UNEC ilə AMEA arasında elm və təhsil sahəsində əməkdaşlıq haqqında imzalanan protokola uyğun olaraq, iki təşkilat arasında elm və təhsilin inteqrasiyası üzrə birgə Fəaliyyət Planının hazırlanması mövzusunda işçi qrupu çalışır.

UNEC-in beynəlxalq elmi təşkilat və xarici universitetlərlə əməkdaşlığı


UNEC-in beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli işlər görülmüş, ilk dəfə olaraq dünya universitetlərinin nüfuzlu reytinqlərində UNEC-in iştirakı təmin olunmuş, dünyanın qabaqcıl təhsil müəssisələri ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi, müəllim və tələbə mobilliyinin təşkil olunması istiqamətlərində mühüm nəticələr əldə olunmuşdur.
UNEC-in dünyanın nüfuzlu ali təhsil müəssisələri arasında layiqli yer tutması istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, QS İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə reytinqdə regionun 4-cü ən yaxşı iqtisadyönümlü universiteti olmaqla ən yaxşı 200 universitet arasında qərarlaşıb.
2016-cı il iyunun 14-də açıqlanan reytinq regionun 30 ölkəsinin 500-dən çox universitetini əhatə etmişdir. Reytinq 9 indikator üzrə aparılıb: akademik reputasiya, məqalə üzrə sitat sayı, işəgötürənlərin reputasiyası, müəllim-tələbə nisbəti, elmi dərəcəsi olan müəllimlərin sayı, əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti, əcnəbi tələbələrin yerli tələbələrə olan nisbəti, veb təsir və məqalə sayının müəllim sayına olan nisbəti.
Veb təsir, yəni universitetlərin yeni texnologiyalardan səmərəli istifadəsi indikatoru üzrə reytinqdə UNEC-in internet resurslarının effektivliyi 52.6 balla qiymətləndirilib. Burada əsas olaraq Webometrics qiymətləndirmələri götürülür ki, 2015-ci ilin ikinci yarısı və 2016-cı ilin ikinci yarısı üçün reytinqdə UNEC ölkə üzrə birinci yerdə qərarlaşmışdır.
İşəgötürənlərin reputasiyasında ötən illərin göstəricilərinə nisbətən xeyli irəliləyiş var. Bu indikator üzrə ümumilikdə 2016-cı il üçün 44200-dən çox rəy toplanıb. Müxtəlif biznes qurumlarının verdiyi səsvermə əsasında UNEC-in yekun balı 22.2 olub. Qiymətləndirmə universitet məzunlarının müxtəlif müəssisələrə işə götürülməsinin təhlil olunmasına köməklik göstərir. Müəllim və tələbə sayı nisbəti indikatoru üzrə bal 22.1 olub. Burada müəllim heyəti sayının tələbə sayına olan nisbəti əsas götürülür. Müəllim sayına düşən məqalələrin orta sayının göstəricisi 1.1 olub ki, bu da Azərbaycan ali təhsil müəssisələri arasında ikinci ən yaxşı göstəricidir. Bura ali təhsil müəssisələrinin SCOPUS bazasında indeksləşən məqalələrin sayı daxildir. Bu indikator üzrə UNEC-in irəliləməsinə əsas səbəblərdən biri bu ildən etibarən UNEC-də ilk dəfə olaraq, pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirmək məqsədilə tətbiq olunan diferensial əməkhaqqı sistemi olub.
Elmi dərəcəsi olan müəllimlərin sayı indikatoru üzrə də UNEC irəliləyiş əldə edib. Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri olan müəllimlərin sayının ümumi müəllimlərin sayına olan nisbəti 55.9% təşkil edir ki, bu da UNEC-ə 10.4 bal qazandırıb.
Əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti indikatoru üzrə alınan bal 10.8, əcnəbi tələbələrin sayının yerli tələbələrin sayına olan nisbəti indikatoru üzrə isə toplanan bal 4.9 olub.
Ali təhsil müəssisələrinin web resurslarda iştirakını qiymətləndirən Webometrics dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərindən biridir. 2015-ci ilin ikinci yarısı və 2016-cı ilin birinci yarısında açıqlanan siyahılara “Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) liderlik etmişdir.
2016-cı ilin aprel ayında UNEC ilə Montpellier Universiteti arasında ikili diplom haqqında razılaşma imzalanmışdır. Razılaşmaya əsasən, UNEC-in “İqtisadiyyat”, “Dünya İqtisadiyyatı”, “Maliyyə”, “Mühasibat” və “Biznesin təşkili və idarə edilməsi” ixtisasları üzrə təhsil alan tələbələri Fransanın Montpellier Universitetinin “Beynəlxalq menecment və biznes” ixtisası üzrə də diplomunu almaq imkanı əldə edə biləcəklər.
London Universiteti/London İqtisad Məktəbi ilə ötən il imzalanmış ikili diplom proqramı bu il də davam etmişdir. Hal-hazırda proqram üzrə təhsil alan tələbələrin sayı 8 olmuşdur.
MBA proqramı üzrə İsveçrə Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) ilə proqramda 19 nəfər təhsil almışdır.
Magistratura səviyyəsində də ikili diplom proqramını reallaşdırmaq üçün müəyyən işlər görülmüşdür. Belə ki, Türkiyənin Süleyman Dəmirəl Universiteti ilə ikili diplom proqramını əhatə edən razılaşma hazırlanmışdır. Proqram Türkiyənin Ali Təhsil Şurası (YÖK) tərəfindən təsdiqləndikdən sonra fəaliyyətə başlayacaqdır.
Eyni zamanda, dünyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Birləşmiş Krallığın Koventri Universiteti ilə də MBA təhsili üzrə ikili diplom proqramı üçün razılıq əldə olunmuşdur.
2016-cı ildə Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq UNEC-lə Ziqen (Siegen) Universitetinin birgə layihəsi olan DAAD-ın baş ofisinin müsabiqəsinin qalibi olub. Almaniyanın Siegen Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə iştirak etdiyi “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amilləri” (EE-KEY-AZ Entrepreneurship Education: a Key to Job Creation and Employability in Azerbaijan) layihəsi Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Almaniyadakı baş ofisi tərəfindən qəbul edilib.
4 il davam edəcək layihə çərçivəsində aşağıdakıların həyata keçirilməsi nəzərədə tutulur:
• Həm Almaniya, həm də Azərbaycanda professor-müəllimlərin, gənc alimlərin, tələbələrin iştirakı ilə görüş və təlimlərin təşkili;
• UNEC-in gənc alimləri və doktorantları üçün Almaniyada bir ay ərzində tədqiqat imkanı;
• Almaniya və Azərbaycanın müxtəlif şirkətlərində təcrübə keçmək imkanı;
• Təlimlərdə iştirak edən əməkdaşlardan yaradılacaq məzunlar bazası (alumni database);
• Eyni zamanda, hər iki ölkədə yay və qış məktəbləri, müxtəlif seminarlar (biznes planlaşması, innovasiya menecmenti, logistika, e-kommersiya, risklər menecmenti və digər sahələr);
• “Məsləhətçi Maliyyə Klubları”nın yaradılması;
•“Kiçik biznes plan” müsabiqəsinin təşkili.

NƏTİCƏ


UNEC Azərbaycanda insan kapitalının formalaşmasında və inkişafında, ixtisaslı mütəxəssislərin hazırlanmasında və yeni biliklərin yaranmasında, tətbiqində yüksək səviyyədə iştirak edir.
Adı keçən dövlət proqramından irəli gələn məsə­lə­lərin icrasını təmin etmək və iqtisadi inkişaf perspektivi üzrə strateji yol xəritəsində qeyd olunan mövzuları daha dərindən araşdırmaq məqsədi ilə UNEC bütün struktur bölmələrin elmi fəaliyyət planına daxil edilmişdir.
Elmi nəticələrin istehsala tətbiqini stimullaşdırmaq məqsədi ilə Azərbaycanda fəaliyyət göstərən ən iri yerli və xarici şirkət nümayəndələri ilə əməli işlər həyata keçirilir.
UNEC kollektivində “elm-təhsil-innovasiya” zəncirini təşkil etmək məqsədi gələcəkdə tədqiqat universiteti statusunu əldə etməkdir. Bununla əlaqədar olaraq, UNEC-də yeni “Qrant” haqqında əsasnamə qəbul edilmişdir.
Bundan başqa, UNEC-də elm, təhsil və innovativ fəaliyyəti stimullaşdıran qrant sisteminin fəaliyyətinə keçid təmin olunacaqdır. UNEC-də müasir, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil infrastrukturu, o cümlədən elektron tədris resursları informasiya mərkəzi yaradılacaqdır. Elm, təhsil və innovasiya, təhsillə bağlı media və internet resurslarının inkişafına yönələn işlər davam etdirələcəkdir.
UNEC-də büdcədənkənar vəsaitlər hesabına məqsədli kapital fondunun yaradılması və Elmi tədqiqatları stimullaşdırmaq məqsədi ilə Qrant maliyyələşmə sisteminin tətbiqi nəzərdə tutulur.
UNEC-də müəllimlərin elmi fəaliyyətinin stimullaşdırılması üzrə yeni strukturun- Elm Departmenti nəzdində “Elmmetriya” şöbəsinin yaradılması nəzərdə tutulur.
Beləliklə, UNEC AR Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi”ində Ali Təhsil müəssisələri qarşısında duran vəzifələrin icrasında əməli səy göstərəcəkdir.
i.e.d., prof. Zahid Fərrux Məmmədov,
Azərbaycan Dövlət İqtisad Universitetinin
“Elm” şöbəsinin müdiri, “Maliyyə və maliyyə
institutları işi” kafedrasının professoru