Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

REGİONLARDA İQTİSADİYYATIN ŞAXƏLƏNMƏSİ PROSESİ DƏRİNLƏŞİR

 

Son illər Azərbaycan iqtisadiyyatında diversifikasiya prosesi güclənir, yeni istiqamətlər və fəaliyyət növləri üzrə inkişaf meyilləri özünü göstərir. Ölkə əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını nəzərə alsaq, iqtisadi strukturda aqrar bölmənin xüsusi payının və çəkisinin böyük olduğunu izah etməyə ehtiyac qalmır. Böhranın davam etməsinə baxmayaraq 2016-cı ildə də kənd təsərrüfatı məhsullarının istehsalında müsbət dinamika qorunub saxlanılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə söhbət açarkən demişdir: «Kənd təsərrüfatı 2,4 faiz artıbdır və əminəm ki, daha da artacaq. Çünki kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın gələcəkdə daha da böyük həcmdə nəticə verəcəkdir. Kənd təsərrüfatı sahəsində artıq dönüş yaranıb. Müxtəlif sahələr üzrə konkret proqramlar, layihələr icra edilib, böyük vəsait, texnika ayrılıb. Subsidiyalarda güzəştlər edilir. İndi subsidiyalar fermerləri stimullaşdıracaq. 2016-cı il bir sınaq ili idi. Əminəm ki, yaxşı nəticələr olacaq».
Əgər möhkəm təməl olmasa idi, belə çətin və böhranlı dönəmdən uğurla çıxmaq mümkün olmazdı. Uğurlardan danışarkən, ilk növbədə 2004-cü ildən başlanan və 12 ildir dayanmadan davam etdirilən saysız-hesabsız sosial-iqtisadi və infrastruktur tədbirlərini göz önünə gətirmək lazımdır. Hələ 2008-ci ildə ölkə başçısı tərəfindən qəbul edilən ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı aqrar bölmənin inkişafına geniş yol açdı. Məhz ötən illər ərzində həmin proqramın icrası ilə əlaqədar həyata keçirilən sistemli və ardıcıl tədbirlər nəticəsində kənd təsərrüfatında artım dinamikası özünü göstərdi, yerli istehsalın həcmi artdı və bunun hesabına ölkə daxilində ərzaq bolluğunun yaradılması istiqamətində mühüm addımlar atıldı. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı il ərzində ölkənin aqrar bölməsində faktiki qiymətlərlə 5 milyard 305,2 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 2,3 faiz çoxdur. Ümumi istehsalın 2 milyard 793,1 milyon manatı heyvandarlıq, 2 milyard 512,1 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Ötən il ərzində ölkə üzrə bitkiçilik məhsulları 2,1 faiz, heyvandarlıq məhsulları isə 2,5 faiz artıb. 2016-cı ildə kənd təsərrüfatının əsas sahələri üzrə məhsul istehsalında müsbət dinamika müşahidə olunub.
Azərbaycanda 3 milyon 601 min ton taxıl tədarük edilib. Bu isə əvvəlki illə müqayisədə 63,4 min ton çoxdur. Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən hərtərəfli qayğı və diqqət, maliyyə təminatının və texniki təchizatın artırılması nəticəsində bitkiçilik sahəsində orta məhsuldarlıq artıb. 2016-cı ildə taxılçılıq sahəsində orta məhsuldarlıq hər hektara 30,7 sentner təşkil edib.
Mövsüm ərzində sahələrdən 880,2 min ton kartof, 1 milyon 235,4 min ton tərəvəz və 466,5 min ton bostan məhsulları toplanıb. Əvvəlki ilin müvafiq dövrünə nisbətən respublikada kartof istehsalı 48,7 min ton artıb, bostan və tərəvəz məhsullarının istehsalında bir qədər azalma müşahidə olunub. 2016-cı ildə ölkə üzrə 7,1 min hektar sahədə şəkər çuğunduru əkilib və təxminən 300 min tona qədər məhsul götürülüb. Payız mövsümündə Azərbaycanda 876,2 min ton meyvə və giləmeyvə, 134,4 min ton üzüm istehsal olunub, sahələrdən 1002,1 ton yaşıl çay yarpağı və 3594 ton tütün yarpağı yığılıb.
Respublikada cənab prezidentin göstərişlərinə uyğun olaraq, pambıqçılığın inkişafı ilə bağlı xüsusi proqram hazırlanmış, yola saldığımız 2016-cı ildə bu sahədə xeyli zəruri tədbirlər görülmüşdür. Belə ki, ölkə üzrə 52 min 57,7 hektar sahədə pambıq əkilmişdir ki, bu da 2015-ci illə müqayisədə 2,8 dəfə çoxdur. Əkin-səpin və becərmə əməliyyatları yüksək aqrotexniki qaydalara uyğun şəkildə aparılmışdır. Bu məqsədlə 40 adda 1313 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınmış, 40 ədəd traktor, 54 ədəd kotan, 48 ədəd riper, 162 ədəd pnevmatik və 74 ədəd mexaniki çiyidsəpən maşın, 118 ədəd mala, 184 ədəd kultivator, 94 ədəd gübrəsəpən maşın, 149 ədəd çiləyici, 183 ədəd traktor qoşqusu və başqa yeni texnika fermer təsərrüfatlarının ixtiyarına verilmişdir. Pambıq əkini həyata keçirilən Sabirabad, Saatlı, İmişli, Bərdə, Ağcabədi, Biləsuvar, Beyləqan, Salyan, Ağdaş, Ağsu və Neftçala rayonlarında bol məhsul yetişdirilmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı il dekabrın 20-də ölkə üzrə 86 min 320,5 ton pambıq tədarük edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Ölkəmizdə istifadəsiz torpaqların əkin dövriyyəsinə verilməsi, eyni zamanda, becərilən torpaqların məhsuldarlığının artırılması istiqamətində təsirli tədbirlər görülür. Bu baxımdan cənab Prezident İlham Əliyevin imzaladığı «Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında» 4 iyul 2016-cı il tarixli sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Sərəncama əsasən, ölkədə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşmış müəssisələrin yaradılması və lazımi avadanlıqların alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 12 milyon manat vəsait ayrılmışdır. Hazırda respublikanın taxılçılıq təsərrüfatlarında 2017-ci ilin məhsulu üçün işlər uğurla davam etdirilir. Belə ki, növbəti ilin məhsulu üçün 861 min hektar sahədə payızlıq taxıl əkilib ki, bunun da 524,1 min hektarı buğda, 276,7 min hektarı isə arpadır.
2016-cı ildə kənd təsərrüfatının ikinci aparıcı sahəsi sayılan heyvandarlığın inkişaf etdirilməsi sahəsində də bir sıra mühüm tədbirlər həyata keçirilib. Görülən tədbirlər heyvandarlıq üzrə həm məhsuldarlığın yüksəldilməsinə, həm də mal-qaranın baş sayının artırılmasına səbəb olub. Belə ki, 2016-cı ilin yanvar-noyabr aylarında ölkə üzrə diri şəkildə 435,6 min ton mal-qara və quş əti, 1 milyon 833 min ton süd, 1 milyard 470 milyon ədəd yumurta və 16, 5 min ton yun istehsal edilib. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkə üzrə ət istehsalı 1,6 faiz, süd istehsalı 4,3 faiz artıb, yun istehsalı isə 1,6 faiz azalıb.
Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün əsas vəzifələrdən biri istehsalçıların zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılmasıdır. 2016-cı ilin yanvar-avqust ayları ərzində «Aqrolizinq» ASC tərəfindən 791 hüquqi və fiziki şəxsə güzəştli lizinq şərti ilə 1991 ədəd kənd təsərrüfatı texnikası verilib.
Bundan əlavə, kənd təsərrüfatı məhsulları istehsalçılarına digər mənbələr hesabına da maliyyə yardımları göstərilmişdir. Belə ki, ötən il Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə 28 rayonda fəaliyyət göstərən 97 sahibkarlıq subyektinə 6 milyon 851,4 min manat güzəştli kredit verilib. Həmçinin, Dövlət Xidməti tərəfindən beynəlxalq təşkilatlarla birgə icra olunan layihələr çərçivəsində 29 sahibkara 8415 min manat kredit verilib. Son illərdə dövlət tərəfindən verilən güzəştli kreditlər hesabına ölkədə 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksi, 39 intensiv bağçılıq təsərrüfatları, 53 logistik mərkəz və 22 taxıl anbarı, 16 meyvə-tərəvəz və 28 çörək zavodu, 9 süd və 8 ət emalı müəssisəsi, 46 istixana kompleksi, 6 yem zavodu və digər müəssisələr yaradılıb. Belə emal və istehsalat müəssisələrinin yaradılması ölkənin kənd təsərrüfatında artıma və inkişafa səbəb olub, onu yeni yüksəliş yoluna çıxarıb, bütövlükdə aqrar bölmədə sənayeləşmə prosesini gücləndirib. Nəticədə, idxal azalıb, ixracyönümlü məhsulların istehsalında artım baş verib. Lakin qarşıya qoyulan hədəflər daha böyükdür: ixracın həcmi bir neçə dəfə artırılmalıdır. Ölkə başçısının aqrar bölmənin qarşısında qoyduğu vəzifə budur.
Bu məsələ haqqında danışarkən cənab prezident demişdir: «Biz nəinki regionda, dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən çox önəmli ölkəyə çevriləcəyik. Bunun üçün imkanlarımız var. Dövlət siyasəti aparılır. Fermerlərə dəstək göstərilir, subsidiyalar ödənilir, gübrələr, yanacaqlar güzəştli şərtlərlə verilir. Dövlət investisiyaları qoyulur, texnikanın alınmasına aqrolizinq xətti ilə vəsait ayrılır»…
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, 2016-cı ilin yanvar-avqust aylarında Azərbaycandan 218 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən dəyər ifadəsində 28,8 faiz çoxdur. Aqrar sahədə aparılan islahatlar, həyata keçirilən genişmiqyaslı tədbirlər ildən-ilə ixracın artmasına gətirib çıxaracaq. İndiyədək yaradılan təməl mütləq öz bəhrəsini verəcək. Bütün bunlar, yuxarıda da deyildiyi kimi, konkret sahələri və istiqamətləri özündə ehtiva edən konseptual islahat proqramlarının uğurlu icrası nəticəsində baş tutacaq. Cənab prezident tərəfindən müəyyən edilən prioritetlər isə hər bir ölkə vətəndaşının, hər bir sahibkarın, hər bir sadə əmək adamının ürəyincədir. Həmin prioritetlər bunlardır: pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük, çayçılıq, tütünçülük, şəkər çuğunduru istehsalı və i.a. Göstərilən sahələr əsrlər boyu Azərbaycan xalqının əkinçilik mədəniyyətinə daxil olub, inkişaf edib, formalaşıb. Hələ sovetlər dönəmində Azərbaycanda istehsal olunan məhsullar dünyanın dörd bir yanında özünə şan-şöhrət tapmışdı, xalqın rifah halını, güzəranını köklü şəkildə dəyişmişdi. İndi dünya daha da qloballaşıb, əlaqələr genişlənib, ixracın coğrafiyası əvvəlkindən qat-qat artıqdır.
Yüksəliş və inkişaf dalğası hər bir bölgəyə, rayona, yaşayış məntəqəsinə bolluq və firavanlıq gətirəcək, minlərlə yeni iş yerləri açılacaq, infrastruktur mükəmməl səviyyəyə gətirilib çıxarılacaq, turizm imkanları genişləndiriləcək. Mingəçevirdə, Gəncədə, Şəkidə və digər bölgələrdə iri müəssisələrin, texnoparkların tikintisi aparılır. Aqrar bölmənin sənayeləşdirilməsi prosesi günü-gündən dərinləşir, şəhərlərə işçi qüvvəsi axını səngiyir. Doğma yurd yerlərinə qayıdış başlayıb. Axı, vətəndə qazanılan çörəyin ətrini, rayihəsini heç nə əvəz edə bilməz!

Zülfü İLYASOV,
bölgə müxbiri