Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İqtisadi və sosial tərəqqiyə həsr edilən mənalı ömür

 

Azərbaycanın görkəmli elm simaları arasında özünəməxsus yeri olan  iqtisadçı alim, iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aqil Əlirza oğlu Əliyev bu gün də nüfuzlu şəxsiyyət, geniş dünyagörüşlü ziyalı kimi xatırlanır. İqtisad elminin nüfuzlu nümayəndəsi Aqil Əliyev özünün uzunillik elmi və praktiki fəaliyyəti, dərin biliyi, geniş intellekti, ən başlıcası isə iqtisadi keyfiyyətlərinə görə ölkəmizdə böyük nüfuz qazanmışdır. Gənc yaşlarından öz taleyini, gələcəyini iqtisad elmi və onun tədrisi ilə bağlamış Aqil müəllim ömrü boyu bu elm sahəsində ciddi araşdırmalar aparmış, seçdiyi peşəyə sədaqəti ilə fərqlənmişdir. 

Aqil müəllim 130-dan artıq elmi əsərin, o cümlədən 19 monoqrafiya və kitabın müəllifi olmuşdur. Onun bir sıra əsərləri Moskvada, Sankt-Peterburqda və bir sıra xarici ölkələrdə çap olunmuşdur. A.Ə.Əliyev Azərbaycanda ilk dəfə tədqiq olunan “Şəxsi istehlakın iqtisadiyyatı”, “Tibbin iqtisadiyyatı”, “Xalq istehlakı” və s. sanballı əsərlərin müəllifidir. Yalnız bazar iqtisadiyyatına keçid şəraitində professor A.Ə.Əliyevin 32 elmi əsəri çap olunmuşdur. Azərbaycanın müstəqilliyi illərində də o elmi-pedaqoji fəaliyyətini daha fəal və məhsuldar şəkildə davam etdirmiş,  müstəqil dövlətdə yaradılan yeni iqtisadi sistemin fəal təbliğatçısı olmuş, gənclərdə yeni iqtisadi təfəkkürün formalaşması istiqamətində xeyli işlər görmüş, azad bazar iqtisadiyyatı məsələlərinə dair elmi araşdırmalar aparmış və çoxsaylı əsərlər nəşr etdirmişdir.

Hər bir yaradıcı insanın elmi fəaliyyətinin ana xətti olur. Tədqiqatçılar bu fəaliyyətin başlıca istiqamətini seçərkən çox fikirləşir, zəngin axtarışlarla məşğul olurlar. Nəhayət, onların hər biri müəyyən qərara gəlir. Aqil müəllim də axtara-axtara öz elmi tədqiqat obyektini müəyyənləşdirib. O, elmi fəaliyyətini elə bir mövzuya həsr etmişdi ki, bu mövzu dünən də, bugün də, sabah da iqtisad elminin ən aparıcı istiqamətlərindən biri kimi böyük əhəmiyyət daşımış və daşıyacaqdır. Çünki nə qədər ki, cəmiyyət mövcud olacaq, istehlak da, əhalinin həyat səviyyəsi problemi də aktual olaraq qalacaqdır.

         O, şəxsi istehlak kimi ciddi bir problemin nəzəri-metodoloji əsaslarını araşdıraraq, qeyd edirdi ki, şəxsi istehlak iqtisadi kateqoriyadır. Aqil müəllim istehlakın yalnız maddi nemətləri əhatə etdiyi barədə bir sıra iqtisadçıların, xüsusilə SSRİ Mərkəzi Statistika Komitəsinin metodik göstərişlərini tənqid edir və sübut edirdi ki, istehlak daha geniş məna daşıyır və əhalinin nəinki maddi, eyni zamanda, mənzil-kommunal, məişət xidməti və digər xidmətlərini özündə əks etdirir. Aqil müəllim şəxsi istehlaka səhiyyə, təhsil xidmətlərini də daxil etməyi vacib sayırdı. Alim şəxsi istehlakı aşağıdakı 3 qrupda nəzərə almağı təklif edirdi:

I qrup:

- İstehlakın iqtisadi vasitələri;

- İstehlak predmetləri;

- İctimai sektorun xidmətləri.

II qrup:

- İstehlakın sosial vasitələri;

- Ailədaxili və özünəxidmət vasitələri;

- Asudə vaxt.

III qrup:

- İstehlakın təbii vasitələri;

- Ətraf mühit.

Heç şübhəsiz ki, Aqil müəllim tərəfindən təklif edilən bu cür bölgü kifayət qədər əsaslıdır. Tarixi ictimai-iqtisadi şəraiti də nəzərə alsaq, tam qətiyyətlə demək olar ki, bütün bu istiqamətlər bu gün də şəxsi istehlakın sistemli elmi təhlilinə kömək edir. Aqil müəllimin əsərlərində şəxsi istehlakın mənbəyi hesab edilən milli gəlir, onun istehlak və yığım fonduna ayrılması prinsipləri barədə fikirləri də maraqlıdır. Aqil müəllim şəxsi istehlakın regional aspektlərinin ətraflı öyrənilməsinin vacibliyini vurğulayır, eyni zamanda, qeyd edirdi ki, bu sahədə mövcud çətinliklərin, xüsusilə də kifayət qədər informasiya bazasının olmaması bu boşluğu doldurmaq üçün sistemli təhlil aparmağa imkan vermir. Səbəb isə ondan ibarət idi ki, İttifaq orqanları şəxsi istehlakla bağlı informasiyaların şəffaflığında, onun regional aspektlərinin tam açıq şəkildə tədqiq edilməsində maraqlı deyildilər...

Yeri gəlmişkən, bir faktı qeyd etmək istərdim, müttəfiq respublikaların milli gəlirlərinin hesablanması və bu göstəricilərdən istifadə yalnız 1956-cı ildən başlanmışdı. Qəribə bir mənzərə yaranmışdı: SSRİ Konstitusiyasına görə, müvafiq hüquqlara malik olan bu və ya digər respublika öz ərazisində il ərzində yaradılan gəlirin miqdarı barədə informasiyaya malik deyildi. Məhz bu səbəbdən SSRİ hökuməti Azərbaycanı dotasiyada yaşayan bir respublika kimi qiymətləndirirdi. Bu, qətiyyən reallığa uyğun deyildi. Aparılan elmi araşdırmalar, konkret hesablamalar əslində başqa nəticələr çıxarmağa əsas verirdi...

Aqil müəllim apardığı tədqiqatlar əsasında respublika əhalisinin istehlakının yaxşılaşdırılması barədə kifayət qədər maraqlı nəticələr əldə etmişdi. Alim müqayisəli materiallara əsaslanaraq ötən əsrin 70-ci illərində xalq təsərrüfatının sürətli inkişafı ilə bağlı əhalinin istehlakında baş verən dəyişiklikləri və bu prosesin daha da təkmilləşməsi istiqamətlərini təhlil etmişdi. Onun tədqiqatlarında pərakəndə ticarət, əhalinin qeyri-istehlak malları ilə təminatında baş verən meyillər, əhalinin istehlakına təsir edən amillərin qiymətləndirilməsi öz əksini tapmışdı. Aqil müəllim xidmətlərin istehsalı və istehlakı sahəsində əsaslı tədqiqatlar aparan görkəmli iqtisadçı alim hesab edilirdi. Alim Sovet dövrünün 60-70-ci illərində ən nüfuzlu elmi dairələrdə müzakirə olunan bir problemi - xidmət sahəsində əməyin xarakteri, bu sahənin cəmiyyətdə rolu barədə aparılan mübahisələrə öz münasibətini bildirir və qeyd edirdi ki, xidmət sferası cəmiyyət üçün son dərəcə vacibdir, onun üstün inkişafının təmin edilməsi qarşıdakı dövrdə də diqqət mərkəzində olmaldır. Problemin təkcə nəzəri və metodoloji əsaslarının araşdırılması ilə kifayətlənməyən Aqil müəllim öz tədqiqatlarında, xüsusilə də “İnkişaf etmiş sosializm cəmiyyətində şəxsi istehlak problemləri” monoqrafiyasında Azərbaycanda xidmət sahəsi, onun quruluşu, əsas göstəriciləri barədə fikirlərini açıqlayır, şəxsi istehlakda bu sahənin xüsusi çəkisinin artmasının obyektiv bir meyil olduğunu vurğulayırdı. Belə ki, adıçəkilən monoqrafiyada müəllif 1960-80-ci illərdə ali və orta təhsilin, mədəniyyət ocaqları şəbəkəsinin, məktəbəqədər uşaq müəssisələrinin əsas göstəriciləri, əhalinin yaş quruluşu, demoqrafik şərait, pensiyaçılara diqqət kimi məsələləri araşdırır. Professor Aqil Əliyev  iqtisadçı alimlər arasında siyasi iqtisad elminə dərindən bağlılığı, onu yüksək professionallıqla tələbələrə çatdıran, mühazirələrində zəngin statistika materiallarından və digər zəruri informasiyalardan istifadə edən müdrik müəllim kimi tanınırdı. Bu gün dünyada, eləcə də MDB məkanında siyasi iqtisad elminə, təəssüf ki, münasibət dəyişib. Dünyanın əksər ölkələrində də siyasi iqtisad elminin tədrisi başqa səmtə yönəlib. Amma hesab edirəm ki, bu cür yanaşma bir çox səbəblərə görə müsbət hesab edilə bilməz. Siyasi iqtisad elmi iqtisad elmlərinin nəzəri bazasıdır. Bu barədə kifayət qədər danışmağa ehtiyac yoxdur. Əlbəttə, siyasi iqtisad elmi də azad bazar münasibətləri şəraitində özünü göstərən stabil meyilləri və qanunauyğunluqları nəzərə almalıdır. Lakin bu elmin özünəməxsus kateqoriyları və qanunauyğunluqları var, onlar da düzgün qiymətləndirilməli, obyektivliyi nəzərə alınmaqla istifadə olunmaldır. Bu gün artıq dünyanın görkəmli iqtisadçı alimləri, elm mərkəzləri siyasi iqtisad elminin daha geniş aspektdə tədris olunmasını zəruri hesab edir və Qərbin “Ekonomiks” adı altında tədris edilən bir çox konsepsiyalarının, müddəalarının, milli iqtisadiyyatların, suverenliklərinin maraqlarına cavab vermədiklərini bildirirlər. Bu məsələyə biz bir daha ona görə toxunuruq ki, istər  keçmiş SSRİ, istərsə də milli respublikalarda, Şəqri Avropada formalaşmış siyasi iqtisadçı alimlərimizin apardıqları bir çox tədqiqatlar   istisnalar olmaqla  bu gün üçün də öz əhəmiyyətini saxlayır.

Bir məsələni də xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanda səhiyyənin iqtisadiyyatı fənninin formalaşmasında, onun bir elm sahəsi kimi təşəkkül tapması və inkişafında Aqil Əliyevin böyük və danılmaz xidmətləri var. Aqil müəllim böyük uzaqgörənliklə ötən əsrin 70-ci illərinin ortaları, 80-ci illərinin əvvəllərində xidmət sahələrinin, xüsusilə səhiyyə iqtisadiyyatının bir elm sahəsi kimi formalaşması ideyasını cəsarətlə təbliğ edirdi. Çoxları bu ideyanı qəbul etmirdilər, baxmayaraq ki, onların gətirdikləri arqumentlər də heç bir əsasa malik deyildi.

Alimin tədqiqatlarının mühüm bir hissəsi sosializm dövründə sosial sahələrin, o cümlədən səhiyyənin qalıq prinsipi əsasında maliyyələşdirilməsindən imtina edilməsi haqqında konkret faktlara əsaslanırdı. Onun tədqiqatlarında keyfiyyətli  inkişaf üçün zəruri olan səhiyyənin inkişafı ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə məsələləri xüsusi yer tutur. O, səhiyyə xidmətinin planlaşdırılması, ona ayrılan xərclərin dinamik artımının təmin edilməsi, demoqrafik inkişaf göstəricilərinin yaxşılaşdırılması istiqamətləri barədə araşdırmalar aparırdı.

Bu gün dünyada səhiyyənin inkişafına, bəlkə də, bir neçə trilyon dollar vəsait ayrılır, səhiyyə qloballaşan dünyada ən sürətlə inkişaf edən sahəyə çevrilmişdir. Səhiyyə innovativlik səviyyəsinə görə fəaliyyət növləri arasında da birincilər sırasındadır. Burada maddi nemətlərin istifadə edilməsi ilə əhalinin demoqrafik göstəricilərinin yaxşılaşması, orta ömürlülük, əmək məhsuldarlığı artır. Özünün miqyası, əhatə dairəsi, quruluşu, dünyanın inkişafına verdiyi töhfəyə görə səhiyyə ən öndə gedən fəaliyyət sahəsi hesab edilir. Ona görə də bu sahənin iqtisadiyyatının öyrənilməsi, ali məktəb, biznes strukturlarında tədrisi səhiyyəyə ayrılan investisiyaların istiqaməti, onlardan səmərəli istifadə, idarəetmə və sair məslələr iqtisadçı alimlərin də diqqət mərkəzində olmalıdır.

Səhiyyə sistemində çalışan alim və mütəxəssislər professor Aqil Əliyevi yüksək təşkilatçılıq qabiliyyətinə malik olan dəyərli, nüfuzlu bir alim, ziyalı kimi tanıyırdılar. Aqil Əliyev 1953-cü ilin may ayından ömrünün sonunadək Azərbaycan Tibb Universitetinin Siyasi iqtisad kafedrasında çalışmışdır. Tibb Universitetində çalışdığı illər ərzində A.Əliyevin rəhbərliyi  sayəsində ATU-nun “Siyasi iqtisad” kafedrası uzun illər “Ən yaxşı kafedra” fəxri adına layiq görülmüş, kollektivin işi əsl nümunə məktəbinə çevrilmişdi.

 A.Əliyev kadr hazırlığı məsələsinə böyük diqqət və qayğı ilə yanaşırdı. Bilavasitə onun rəhbərliyi altında çoxsaylı iqtisadçı alim kadrlar hazırlanmış, 4 doktorluq və 4 namizədlik dissertasiyası müdafiə olunmuşdur.

Böyük zəhmət və gərgin əməyi, ardıcıl dərin elmi araşdırmaları sayəsində o, 1970-ci ildə iqtisad elmləri namizədi, 1973-cü ildə dosent, 1979-cu ildə professor elmi adlarına layiq görülmüş, 1983-cü ildə iqtisad elmləri doktoru elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Bununla yanaşı, dünyanın bir çox ölkələrində Azərbaycan elmini  layiqincə təmsil etmiş, respublika və beynəlxalq elmi-praktiki konfranslarda maraqlı elmi məruzələrlə çıxış etmişdir.

Professor A.Əliyev yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasında xidmətlərinə görə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, bir neçə orden və medallarla, “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.

Aqil müəllim haqqında çox danışmaq olar. Onun ömrünün hər ili mənalı fəaliyyəti ilə fərqlənib, yadda qalmışdır.

Sevindirici haldır ki, Azərbaycan iqtisad elminin görkəmli nümayəndəsi, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi A.Əliyev haqqında onun qələm dostları, görkəmli ziyalılar həyatdan vaxtsız getmiş  bu dəyərli insan haqqında fikirlərini bölüşürlər. Mən də taleyimdən çox razıyam ki, Aqil müəllimlə 70-ci ildən ünsiyyətdə olmuşam və bu münasibət uzun illər davam edib. Onun doktorluq dissertasiyasının müzakirəsində bilavasitə iştirak etmişəm.  Mənim bütün dövrlər ərzində onunla çox səmimi ünsiyyətim olmuş və hesab edirəm ki, onun mənalı ömrü haqqında yazılan fikirləri, deyilən sözləri asanlıqla ümumi məxrəcə gətirmək olar: görkəmli iqtisadçı alim, böyük ziyalı, bir sözlə, saf əqidəli insan, mənalı ömür sahibi.

Allah rəhmət eləsin...

 Ziyad Səmədzadə,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri,

Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti,

Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik