Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün


Layihənin istiqaməti: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

 

Səfillikdən başlanan talelər...

 

Cəmiyyətdə belə bir fikir formalaşmışdır ki, uşaq evlərindən çıxan uşaqlar uçuruma gedir və ya istehlakçı mövqeyi tuturlar.  Amma bəzi uşaq evləri ilə yaxından tanışlıq göstərir ki, bu, heç də belə deyil. Bu gün belə uşaq evlərindən çıxmış gənclərin çoxu ictimai həyata qatılır, cəmiyyətin layiqli üzvünə çevrilir, müəyyən nailiyyətlər əldə edir.

Əlbəttə, heç kim istəməz ki, uşaqlar küçələrə atılsın, dilənsin, kimsəsiz qalsın, səfillik həyatı dadsın. Hər halda uşaqlar küçələrə atılmaq üçün dünyaya gətirilmir. Doğulan hər bir uşaq ata-anasının sevincidir, nənə-babasının şirin-şəkər balasıdır. Amma ölkədə çoxlu sayda uşaq evlərinin olması bunun əksini təsdiqləyir. Yenə də uşaqlar doğulur, küçələrə atılır. Ən yaxşı halda uşaq evlərinə verilir. Bəs, bu uşaqların taleyi necə olur, cəmiyyətə, insanlara, dünyaya nifrətmi üstün gəlir, yoxsa həyata sevgi?

Nə veririk biz belə uşaqlara? Ən azından ürəyimiz yananda cibimizdə olan qəpik-quruşları. Bununla da, kimsəsiz birinə kömək etmiş olduğumuzu zənn edirik. Amma bununla həmin uşaqları dilənçiliyə öyrətməyimiz ağlımıza belə gəlmir. Heç onu da düşünmürük ki, bütün bu uşaqlara sevgi, qayğı, ailə gərəkdir...

Bakıda kimsəsiz uşaqların bu ehtiyaclarını ödəyən bir məkan var.  “Ümid Yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyəti. Minlərlə uşaq burada sığınacaq tapıb, isti yemək, geyim, nəvaziş görüb, küçələrdən çəkilib. Kim bilir, neçə cinayətin qarşısı beləcə alınıb. Yüzlərlə uşaq taleyi öz başlanğıcını buradan götürüb, sərbəst həyata qatılıb...

1997-ci ildən fəaliyyətə başlayan “Ümid Yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyəti ilk gündən keçid dövrünün yaratdığı ən ağır problemlərdən birinin – «küçə uşağı» probleminin həllində iştirak etməyə başlayıb. Səfil həyat tərzində olan uşaqlar «Ümid yeri» evinə gətirilməklə normal həyata qaytarılıb.

 Nigar ana

“Ümid Yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyəti 20 ilə yaxındır ki,  fəaliyyət göstərir. Çox çətin bir missiyanı öz üzərinə götürən bu cəmiyyətin yaradıcısı və rəhbəri adi Azərbaycan qadınıdır. Bu qədər uşağa sahib çıxan ana, mən deyərdim, qəhrəman ana -  Nigar xanım Mənsimli. Burada hamı ona «Nigar ana» deyir.  Bu zərif qadının çiyinləri üzərinə götürdüyü yük ağır olduğu qədər də şərəflidir, savabdır, həm də böyük məsuliyyətdir...

Nigar xanım bu cəmiyyətin necə yaranmasından danışır. Həvəslə, maraqla, bəzən ağrı ilə, amma ümidlə...

«Mən ixtisasca jurnalistəm. O vaxt televiziyada işləyirdim. Sahil parkında bir tədbir keçirilirdi, mən də veriliş hazırlayırdım. Çəkilişdən sonra evə qayıdırdıq ki, qarşıda bir dəstə uşaq gördüm. Üst-başlarından görünürdü ki, kimsəsiz, baxımsızdırlar. Yaxınlaşıb söhbət etdim, operator da çəkməyə başladı. Nə isə, söhbət əsnasında məlum oldu ki, onların biliyi yaşlarından aşağıdır. Ancaq bir şey də məni təəccübləndirdi. Onlara «Azərbaycan Respublikasının himnini bilirsinizmi», sualını verəndə bir ağızdan oxumağa başladılar. Və mən fikirləşdim ki, hələ heç də hər şey itirilməyib, bu uşaqları həyata qaytarmağa ümid yeri var...

Beləcə, bu uşaqlara necə kömək etmək fikrinə gəldim. Səhərisi Bakıda təzəcə fəaliyyətə başlayan Azərcell Telekom BM-in o zamanki rəhbəri Ərdal Otuzbirlə veriliş hazırlayırdım. Fikrim isə o kimsəsiz, küçədə yaşayan uşaqların yanında idi. Heç cür yadımdan çıxara bilmirdim. Ərdal bəyə dedim ki, vaxtınız varsa, bir lentə baxardıq. O razılaşdı və uşaqlarla olan görüşün lentinə birgə baxdıq. Deyəsən, Ərdal bəyin də yaralı yerinə toxunmuşdum. O dedi ki, bu problem bütün dünyada var, Türkiyədə də artıq qarşısını almaq çox çətin olub. Hətta o, həyat yoldaşının da Türkiyədə bu işə qatıldığını söylədi. Ərdal bəy bu uşaqlara hər cür kömək etməyə hazır olduğunu bildirdi və sözünün də üstündə durdu. O gündən indiyə qədər Azərcell bizim cəmiyyətə həm maddi, həm də mənəvi dəstək olub. 19 ildən artıqdır ki, hər yerdən əli üzülmüş, sağlıq və psixoloji baxımdan problemləri olan kimsəsiz, küçədə qalmağa məhkum edilmiş uşaqlara sahib çıxır, onlara ümid veririk. Burada aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb”.

Nigar xanım cəmiyyətin fəaliyyətə başladığı gündən bura daxil olan uşaqlardan danışır, hiss olunur ki, onların hər birinə öz ürəyinin istisini verib, hər birini öz məhəbbətilə bəsləyib. Bura gətirdiyi ilk uşağı, Səbuhini xatırlayır... Altı il ərzində bu uşağın necə dəyişməsindən, özündən kiçiklərə nümunə olmasından danışır. Deyir ki, onu burdan hərbi xidmətə də yola salmışıq, hərbi xidmətdən qayıdanda da doğma ailəsi kimi qarşılamışıq. İndiyə qədər də əlaqəmiz var. Buradan çıxan uşaqların çoxu ailə qurub, işləyirlər, artıq özləri də övlad sahibidir. Amma buranı unutmurlar, tez-tez gəlib buradakı uşaqlara, Nigar anaya baş çəkirlər.  

“Ümid yeri” əqli, fiziki qüsurlu, valideynlərini itirmiş, kimsəsiz, küçələrdə qalan uşaqların sığınacağıdır. Bura pənah gətirən minlərlə körpəni oxudub, tərbiyələndirib, böyüdüb müstəqil həyata veriblər. Burada qalan uşaqların hamısı böyük qayğı ilə əhatə olunub. Onu da qeyd edim ki, bu uşaqlar nəinki müəllim və tərbiyəçilərin qayğısı ilə əhatə olunub, onlar bir-birlərinə əl tuturlar. Böyüklər kiçiklərə hər işlərində kömək edir, böyük bacı, qardaş kimi yanaşırlar.

Burada coğrafiya, rəsm, xalçaçılıq və s. dərnəklər fəaliyyət göstərir. Uşaqlar böyük həvəslə Pirşağıda yerləşən fermer təsərrüfatından danışır, tez-tez ora gedib inəklərə qulluq etmələrindən, əkib-becərdiklərindən söz açırlar. Bir də arzularından danışır onlar. Deyirlər ki, oxumaq istəyirik, böyüyəndə də Nigar ana kimi uşaq evləri açıb küçədə qalan uşaqları himayəyə götürmək istəyirik...

«Ümid yeri»ndə qalan uşaqlar istədikləri məktəblərdə təhsil alır, seçdikləri peşələr üzrə ixtisaslaşırlar. Burada qalan oğlan uşaqları hərbi xidmətə çağırılır,  qayıtdıqdan sonra onlara kirayə ev tutulur və onların işlə təmin olunmasına yardım edilir. Bu uşaqlar azad cəmiyyətə tam adaptasiya olunana qədər Nigar ananın nəzarəti altında olur. “Ümid Yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinin fəaliyyəti zamanı hətta ailə həyatı quran gənclər də olub. Bu qurumun işçiləri indinin özündə də həmin gənclərin yaşayışları ilə maraqlanırlar, daim onlarla sıx ünsiyyətdə olurlar.

 Qurban

Yadımdadır, «Ümid yeri»nə ilk dəfə baş çəkdiyim gün məni qarşılayanlardan biri də Qurban oldu. Nigar xanım gələnə qədər o, həm də bələdçim oldu. Bu qarayanız, qıvrımsaçlı, mehriban oğlan uşağı  qayğılı gözləri ilə ilk baxışdan məni özünə cəlb etmişdi. Onu bir qədər sorğu-sual etdim. Dedi ki, Qurban bayramı günündə dünyaya gəldiyinə görə adını Qurban qoyublar. Mən Qurbanın buraya necə gəldiyi, haradan gətirildiyi barədə danışmaq istəmirəm. Bircə onu bilirəm ki, onun ailəsi olsa da,  «Ümid yeri» ona çox doğma idi. Özü haqqında danışmağı xoşlamır, yalnız onu dedi ki, musiqini çox sevir. Şövkət Ələkbərovanı, Rəşid Behbudovu, Qədir Rüstəmovu dinləməkdən doymur... Doğrusu, onun bu zövqü həm təəccübləndirdi, həm də sevindirdi məni. Arzusu hərbi məktəbə daxil olmaq idi. İlk görüşdən Qurban mənə doğmalaşdı və hiss edirdim ki, bu, qarşılıqlıdır.

Hər dəfə bura gələndə onun üçün klassik musiqi, sevdiyi müğənnilərin mahnıları yazılmış disklər gətirirdim. Məni hər dəfə görəndə sevinir, dərslərində əldə etdiyi nailiyyətlər barədə danışırdı. Bir dəfə də ona bir yerdə nahar etməyi təklif etdim. Nigar anadan icazə aldı, sevincək əynini dəyişdi və yaxınlıqdakı kafeyə yollandıq. Birlikdə nahar etdik. O danışdıqca məni qəhər boğurdu. Kassaya yaxınlaşmaq bəhanəsi ilə ondan aralandım və gözücü ona baxdım. Ofisiantın gətirdiyi kababı iştahla yeyirdi. Mənsə ağlayırdım…

Ona görə yox ki, Qurban və onun kimi atılmış uşaqlar aclıq çəkirdi və ya tək idilər. Əsla yox! Qurban aclıq çəkmirdi, tək də deyildi. Sadəcə fikirləşirdim ki, indi mənim yerimə onun anası, atası olsaydı, o daha xoşbəxt, qayğısız olardı.

Bir gün yenə “Ümid yeri”nə gəldim. Amma bu dəfə Qurbanı görmədim. Dedilər ki, onu bir ailə oğulluğa götürüb. Bilmədim bu xəbərə sevinim, ya kədərlənim. Hər halda bilirdim ki, Qurban diribaş oğlandır, arzulanmadığı yerdə qalmaz. Həm də əmin idim ki, Nigar ana ailələrə verilən uşaqlarla tez-tez maraqlanır, gözü onların üstündə olur.

Bu hadisədən bir ay keçdi və mənə naməlum nömrədən zəng gəldi. Telefonu açanda qulaqlarıma inanmadım. Bu, Qurban idi… O qədər həyəcanlı idim ki, o söhbəti indi tam xatırlaya bilmirəm. Təzə həyatından danışır, deyirdi ki, indi mənim də ailəm var. Hətta məni də düşünüb deyirdi ki, nigaran qalmayın, çox yaxşı atam, anam var, məni doğma övladları kimi sevirlər. O həvəslə təzə məktəbindən, gələcək arzularından danışırdı. Mənsə ağlayırdım… Bu dəfə sevincdən.

 Böyük ailə

Əcəba, səni küçələrə salanlar nəyin ardınca getmiş, cocuğum??? Axı, bu dünyanın bütün nemətləri heç sənin bir damla göz yaşına da dəyməz.

Oyan! Üzüntülü küçə həyatına «əlvida» de!

«Ümid yeri» yolunu gözləyir. Burda sənə qucaq açacaqlar. Görəcəyin xoş təbəssüm, ilıq nəfəs, isti nəvaziş taleyindəki buzu büsbütün əridəcək!..     

Bəli, “Ümid yeri”ndə sığınacaq tapan uşaqlar artıq həyata başqa cür baxır, onlara da bu yaşadığımız cəmiyyətin inkişafında yer ayrılıb. Bu uşaqlar atılmış deyil, kimsəsiz deyil, gözləri onun-bunun əlində deyil artıq. Və bütün bunlar «Ümid yeri»nin sayəsində, Nigar xanım kimi xeyirxah insanların, ona kömək edən, lakin bunu heç yerdə vurğulamayan, reklam etməyən, təşəkkür gözləməyən qurumların sayəsində.  Nə yaxşı ki, xeyirxah insanlar var, xeyirxah əməllər var...

Bu savab əməl sahiblərindən söhbət düşəndə, onlardan birinin - Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom" MMC-nin adını çəkməmək günah olar. "Azercell"in uşaqlara göstərdiyi qayğının ən böyük göstəricisi "Ümid Yeri" Uşaq Sığınacağına dəstəyidir. Şirkət 1997-ci ildən etibarən bu sığınacaqda məskunlaşan uşaqlara diqqət və qayğısını əsirgəmir. Məhz "Azercell"in dəstəyi ilə ötən 19 il ərzində "Ümid yeri" sığınacağında minlərlə uşaq böyüyüb, normal həyata qaytarılıb.

“Ümid yeri” isti ana qucağının yerini verməsə də, atılmış körpələrimizin taleyinə, gələcəyinə biganə qalmayan xeyirxah insanların savab əməllərinin nümayişidir. Bəlkə də bu insanların körpələrimiz üçün etdikləri yaxşılıq həcmcə böyük deyil. Bir uşağın zəruri ehtiyaclarını ödəmək o qədər də çətin deyil. Bəzən bizim üçün “azacıq” kömək bir uşaq üçün “hər şey”, yaşamaq imkanı ola bilər. Lakin Yer üzündə xeyirxah iş görmək, bu işi yaymaq və artırmaq – məncə, elə bu, bizim dünyada yaşamağımızın mənasıdır.

 

Yeganə Məmmədova