Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

BÖYÜK ALİM, UNUDULMAZ MÜƏLLİM

 

Əbülfəz Cəbrayıl oğlu Qasımov (Əbülfəz BƏRƏKƏT), Əməkdar elm xadimi, əməkdar təbliğatçı, iqtisad elmləri doktoru, professor, “Şöhrət” ordenli, “Qızıl qələm” mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü


 

Əbülfəz "Bərəkət" Cəbrayıl oğlu Qasımov 1931-ci ildə anadan olmuşdur. O, 1946-cı ildə Ordubad Pedaqoji Texnikumunu, 1953-cü ildə isə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisad fakültəsini bitirmişdir. 1957-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının İqtisad İnstitutunun Elmi Şurasında namizədlik dissertasiyasını müdafiə etmiş və doğma Azərbaycana qayıdaraq Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1959-cu ildən əmək fəaliyyətini Bakı Ali Partiya məktəbində davam etdirən Əbülfəz Qasımov 1992-ci ilədək, yəni 33 il ərzində orada baş müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır. O, 1972-ci ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Əbülfəz Qasımov 1993-cü ildən ömrünün sonunadək (10 iyun 2008) həyatını Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlamış, əvvəlcə professor, 1995-ci ildən isə "Aqrar sənaye müəssisələrinin iqtisadiyyatı və idarə edilməsi" kafedrasının müdiri vəzifəsində əzmlə, böyük fədakarlıqla çalışmışdır.

Əbülfəz Qasımov yüksək vətəndaşlıq qayəsi ilə səciyyələnən zəngin, mənalı və şərəfli ömür yolu keçmiş, dərin peşəkarlığı, tükənməz enerjisi və böyük zəhmətsevərliyi sayəsində görkəmli alim səviyyəsinə yüksəlmiş, iqtisad elminin zirvələrini fəth etmişdir. Onun elmi-tədqiqat işləri sahəsində 560 çap vərəqi həcmində monoqrafiya, kitab, dərslik və elmi məqalələri müxtəlif ölkələrdə və dillərdə çap olunmuşdur.

Əbülfəz Qasımovun çoxcəhətli elmi fəaliyyətində respublika regionlarının sosial-iqtisadi inkişafının aktual problemlərinin tədqiqi mühüm yer tutur. O, Azərbaycan rayonlarının inkişafında müşahidə olunan bir sıra nöqsanların aradan qaldırılması, mövcud ehtiyatların səmərəli istifadə olunması üçün kompleks elmi təhlilin zəruriliyini elmi cəhətdən əsaslandırmış və sanballı töhfələr vermişdir.

Əbülfəz Qasımovun elmi axtarışlarının bəhrəsi olan və müxtəlif illərdə çapdan çıxan "Heyvandarlığın iqtisadiyyatı", "Ərzaq proqramının aktual problemləri", "Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu", "Demokratikləşmə - milli iqtisadiyyatımızın əsasıdır", "Milli iqtisadiyyatımızın aktual problemləri", "Azərbaycanın ərzaq təhlükəsizliyi", "Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləri", "İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur", "Bələdiyyələrə elmi-metodik kömək", "Qəbələdə regional siyasətin bəhrələri və inkişaf istiqamətləri" kimi elmi tədqiqat əsərləri, "Naxçıvan Muxtar Respublikası: nailiyyətlər və problemlər" adlı 2 cildli ensiklopedik əsəri elmi ictimaiyyət tərəfındən böyük rəğbət və maraqla qarşılanmışdır. O, elmi kadrların hazırlanmasında əzmlə çalışırdı. Onun rəhbərliyi altında 22 elmlər namizədi və 4 elmlər doktoru yetişdirilmişdir.

Əbülfəz Qasımov müdrik, özündən çox başqaları haqqında düşünən, mərd, səbirli, intizamlı, diqqətli, öz üzərində müntəzəm çalışan yüksək ziyalı kimi daima yeniliyə, həyatın tələbatına uyğun meyil göstərən, həmişə mütaliə edən böyük alim idi.

Gənclərimizin yüksək peşəkar iqtisadçı-mütəxəssis kimi hazırlanması və formalaşmasında, vətəndaş kimi tərbiyə olunmasında danılmaz xidmətlər göstərmişdir.

Əbülfəz müəllim 15 ildən çox bir müddətdə respublikamızın aparıcı təhsil ocaqlarından biri olan Azərbacan Dövlət İqtisad Universitetinin "Aqrar sənaye müəssisələrinin iqtisadiyyatı və idarə edilməsi" kafedrasına rəhbərlik etmişdir. O, gözəl müəllim və tərbiyəçi idi. Qədim bir hind məsəlində deyilir: "Kim ki daim oxuyur, o, yaxşı yatır, özü özünün həkimi olur. Məqsəd uğrunda mübariz olmaq, insani kamilliyə yiyələnmək oxuyub öyrənməklə bağlıdır". Əbülfəz müəllim məhz belə yüksək insani keyfiyyətlərə malik idi.

Müəllim öz tələbələrini sevməli və onların hər birinin şəxsiyyətinə hörmət etməlidir. Əbülfəz müəllim həmişə belə edərdi. O, həyat pillələrini addım-addım qalxaraq onun zirvəsinə yüksələn, insani ləyaqətini hər şeydən uca tutan görkəmli iqtisadçı, ziyalı idi.

Əbülfəz Qasımov respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edirdi. Bacarıqlı təşkilatçı, müasir mütərəqqi ideyaların daşıyıcısı və təbliğatçısı kimi ölkə ictimaiyyəti arasında böyük hörmət və rəğbət qazanmışdı.

Professor Əbülfəz Qasımov bir neçə ixtisaslaşmış elmi və müdafiə şuralarının üzvü idi. Bir sıra beynəlxalq konfrans və simpoziumlarda iştirak etmiş, dərin məzmunlu məruzə və çıxışları ilə Azərbaycan iqtisad elminə yüksək nüfuz qazandırmışdır.

Əbülfəz Qasımovu başqa iqtisadçı alimlərdən fərqləndirən əsas cəhət budur ki, o, milli iqtisadiyyatımızın aktual problemlərini tədqiq etməklə yanaşı, bədii-publisistik yaradıcılıq fəaliyyəti ilə də ardıcıl məşğul olurdu. "Əbülfəz Bərəkət" imzası çoxdan respublikamızda və onun hüdudlarından kənarda oxucuların dərin rəğbətini qazanmışdır. Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlər göstərmiş Əbülfəz müəllim çörək mövzusunu bədii yaradıcılığının şah damarı hesad edərək, "Mənim çörəkli dünyam" kitabını yazmış və bu kitabın materialları əsasında Moskva, Bakı və Naxçıvanda filmlər çəkilmişdir.

Onun milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, mədəniyyətimizi, ədəbiyyatımızı zənginləşdirən "Anamın gəlinlik paltarı" adlı əsəri 2002-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında, "Tufanda yanan çıraq" adlı pyesi isə 2003-cü ildə İrəvan Dövlət Teatrında səhnəyə qoyulmuş və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Əbülfəz Qasımovun "Dəyirmana gedən yollar" bədii-publisistik oçerki dünya şöhrətli müğənni Lüdmila Zıkinanın müşayiəti ilə radiokom-pozisiya kimi vallara yazdırılaraq, "Russkiy yazık za rubejom" (Moskva) jurnalı redaksiyasının təşəbbüsü ilə dünyanın səksən ölkəsində səsləndirilmişdir. İndi həmin vallar əsasında bir sıra xarici ölkələrin məktəblərində şagirdlərə Azərbaycan xalqının adət-ənənələri, qonaqpərvərliyi, insanpərvərliyi barədə sinifdənkənar məşğələlər keçirilir. Həmin oçerk unudulmaz müğənnimiz Rəşid Behbudovun da ecazkar ifasının müşayiəti ilə səsləndirilmiş və rəğbətlə qarşılanmışdır.

Professor Əbülfəz Qasımovun böyük zəhməti sayəsində ötən əsrin 80-ci illərinin əvvəllərində Ağdamda yaradılmış "Çörək muzeyi"nin şöhrəti bütün dünyaya yayılmışdır. Müqəddəs nemətə sonsuz ehtiramın rəmzi olan "Çörək muzeyi" dünyada bu tipli yeganə mədəniyyət abidəsi idi: muzeyin zəngin ədəbiyyat fondu vardı, burada dəyirman işləyirdi, üyüdülmüş undan buradaca təndirə yapılan milli çörəklər bişəndən sonra dequstasiya zalında muzeyə gələn qonaqların süfrəsini bəzəyirdi.

Erməni qəsbkarları Qarabağı işğal edərkən bu unikal məbədgaha tuşlanan düşmən mərmiləri vətənpərvər alimi sarsıtmış, hiddətləndirmiş və onun qəlbində baş qaldıran qəzəbli nidalar yeni bir povestin yazılmasına səbəb olmuşdur. İlk dəfə Azərbaycan radiosu ilə səsləndirilən, sonra isə respublika mətbuatının səhifələrində dərc edilən "Xan qızı Natəvan bəşəriyyəti haraylayır" adlı əsər böyük marağa səbəb olmuş, dinləyici və oxucular arasında geniş əks-səda doğurmuşdur.

Əbülfəz "Bərəkət"in son vaxtlar oxuculara təqdim etdiyi "Sevən ürək, isti çörək" əsəri daha bir ağrılı mövzuya -  20 Yanvar hadisələrinə həsr edilmişdir. Əsərdə şəhidlərimizin nakam və saf məhəbbətindən, ülvi hisslərindən söhbət açılır, onların ruhu əzizlənir, xatirələri yad olunur. Ümumiyyətlə, Əbülfəz "Bərəkət"in əsərlərindəki məşəqqətli ziyalı həyatı, həkimlik peşəsinin müqəddəsliyi, jurnalist məharəti, acılı-şirinli tələbəlik illəri istər-istəməz oxucunu düşündürür, ülviləşdirir, mətinləşdirir. İlk sətirlərdən bu əsərlər oxucunu ovsunlayır, qoynuna alır və onların bəxş etdiyi mənəvi zənginlik, gözəllik dünyasının əxlaqi keyfıyyətləri qəlbə ömürlük hakim kəsilir.

Professor Əbülfəz Qasımovun son əsəri - "İKİ LİDERİN SİYASİ PORTRETİ" ulu öndərimiz Heydər Əliyev və Respublika Prezidenti İlham Əliyevin titanik əmək fəaliyyətindən, qloballaşma dövründə dövlətçiliyimizin stabil inkişafı istiqamətində aparılan sosial-iqtisadi islahatlardan bəhs edir. Kitab geniş oxucu kütləsi üçün yazılmışdır.

Professor Əbülfəz Qasımov belə hesab edirdi ki, istər riyaziyyat elmi olsun, istərsə də iqtisadiyyat - fərqi yoxdur, bədiiliyin, poeziyanın fövqünə qalxdıqca, oxucu zəkasına daha tez yol tapılır.

Beləliklə, professor Əbülfəz Qasımovun iqtisadi təfəkkürü ilə bədii təfəkkürü arasında yaranmış vəhdət ona həm elmi axtarışlarında, həm də sənətdə böyük uğurlar qazandırmışdır.

Əbülfəz müəllim gözəl ailə başçısı idi. Onun iki oğlu - biri iqtisad elmləri doktoru, professor Natiq Qasımov və digəri tibb elmləri doktoru, professor İlqar Qasımov hazırda cəmiyyətdə böyük hörmət sahibi olan insanlardır.

Əbülfəz Qasımovun elmi-pedoqoji və ictimai fəaliyyəti dövlət və hökumətimiz tərəfındən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Ali Sovetinin fərmanı ilə respublikanın "Əməkdar təbliğatçısı", "Əməkdar elm xadimi" fəxri adlarına, "Qızıl qələm" mükafatına layiq görülmüş, 2001-ci ildə ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Görkəmli iqtisadçı-alim, elm fədaisi, gözəl pedaqoq, müdrik insan Əbülfəz "Bərəkət" Qasımovun xatirəsi Azərbaycan xalqının ziyalı, müəllim və tələbə ordusunun, onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

 

Ziyad SƏMƏDZADƏ,

Milli Məclisin İqtisadi siyasət, sənaye və

sahibkarlıq komitəsinin sərdi, akademik