Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

YENİ İQTİSADİ ŞƏRAİT ŞƏHƏR VƏ RAYONLARIN MALİYYƏ ASILILIĞININ

AZALDILMASINI TƏLƏB EDİR

 

Yola saldığımız 2016-cı il beynəlxalq aləmdə iqtisadi-siyasi və maliyyə böhranlarının dərinləşdiyi il kimi tarixə düşdü. İki ildir dünya bazarlarında neftin qiymətinin ucuzlaşması və digər qlobal problemlər respublikamıza da təsirsiz ötüşmədi. Lakin bütün çətinliklərə rəğmən, ölkə iqtisadiyyatı ciddi sarsıntıya və tənəzzülə məruz qalmadı. Qarşıya qoyulan strateji hədəflər vaxtlı-vaxtında yerinə yetirildi.

2004-cü ildən başlanılan və bu gün də uğurla davam etdirilən Dövlət Proqramlarının icrası regionların simasını köklü şəkildə dəyişdi, sosial-iqtisadi tərəqqiyə və inkişafa yol açdı. Bu gün ölkə qarşısında duran ən aktual məsələlərdən biri regionların daxili imkanlar hesabına maliyyələşdirilməsinin təmin edilməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə danışarkən demişdir:

«Hər bir regionun iqtisadi və sənaye potensialı güclənməlidir. Buna imkanlar var. Ancaq bizim əksər rayonlarımız dotasiya ilə yaşayır. Əvvəlki illərdə biz buna, necə deyərlər, göz yuma bilərdik. Böyük gəlirlərimiz var idi və bu dotasiyaları biz verirdik. Ancaq nə üçün bizim rayonlarımız dotasiya ilə işləməlidirlər? Bizim rayonlarımızın əhalisi orta hesabla o qədər də çox deyil. Onlar özləri iqtisadi cəhətdən daha səmərəli işləsələr, bütün xərcləri bağlaya bilərlər».

Cənab prezidentin qarşıya qoyduğu bu hədəflərə çatmaq üçün regionlarda mövcud potensialdan istifadənin səmərəsini artırmaq, iqtisadi sferanın ayrı-ayrı sahələrinin, aqrar sektorun, turizm sektorunun dirçəldilməsini  təmin etmək tələb olunur. Son 12 il ərzində görülən ardıcıl və sistemli tədbirlər nəticəsində makroiqtisadi göstəricilərin səviyyəsində yüksək dinamika qorunmaqla yanaşı, iqtisadiyyatın diversifikasiyası da təmin edilmişdir.

Bir məqamı xüsusi olaraq vurğulamaq lazımdır ki, əldə olunan maliyyələr bir sıra amillərlə yanaşı, həm də sahibkarlığın və özəl bölmənin inkişafına yaradılan münbit şərait hesabına mümkün olmuşdur. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanın ümumi daxil məhsul strukturunda özəl bölmə üstün mövqeyə malikdir. Ötən 12 il ərzində sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə 1,7 milyard manatdan çox kredit verilib, bütövlükdə Azərbaycan iqtisadiyyatına 200 milyard manat vəsait qoyulub. Həmin investisiyalar hesabına iqtisadiyyatın neftdən asılılığının azaldılması tendensiyası baş vermiş, minlərlə yeni müəssisələr, zavod və fabriklər, istehsalat və emal sahələri işə salınmış, ölkədə güclü sahibkarlıq zümrəsinin formalaşması prosesi getmişdir.

İndiyədək dotasiya almayan rayon və şəhərlərin  siyahısına baxsaq görərik ki, bu proseslər daha çox sənayeləşmənin aparıldığı zonalarda baş vermişdir. Belə ki, ölkə miqyasında fəaliyyət göstərən əsas sənaye müəssisələri Bakı, Sumqayıt və Mingəçevir şəhərlərindədir. Dövlətin aqrar bölmənin inkişafına hərtərəfli diqqət və qayğısı əldə olunan müsbət makroiqtisadi göstəricilərdə kənd təsərrüfatının payını və çəkisini artırmışdır. Həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün əlverişli zəmin yaradılıb. Dövlət tərəfindən fermer təsərrüfatlarına bir sıra güzəştlər tətbiq edilir. Belə ki, təsərrüfat subyektləri torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmişlər. Fermer və sahibkarlara güzəştli şərtlərlə kredit, toxum materialı, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinq yolu ilə gübrə, texnika, damazlıq mal-qara verilir. Bununla yanaşı, əkin-səpin və becərmə əməliyyatlarının aparılmasında istifadə olunan yanacaq və motor yağlarına görə dövlət tərəfindən subsidiyalar ayrılır.

Görülən bütün çoxşaxəli tədbirlər həm kənd təsərrüfatında keyfiyyət göstəricilərinin yaxşılaşmasına, fermerlərin gəlirlərinin artmasına, həm də  rəqabətədavamlı, ixracyönlü məhsul istehsalının genişlənməsinə gətirib çıxarmışdır. Abşeron və İmişli rayonlarında isə sənaye sahələri ilə yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalında və tədarükündə də artım müşahidə olunmuşdur. Məhz bu səbəbdən də adıçəkilən rayonlarda toplanan vergilər yerli büdcənin formalaşmasında əsas rol oynayır. Odur ki, həmin rayonlar neçə ildir ki,  dövlət dotasiyası almırlar.

Yeni iqtisadi şəraitlə əlaqədar qarşıda duran əsas vəzifələrdən biri büdcə xərclərinin səmərəliliyinin artırılması və optimallaşdırılmasının təmin edilməsi ilə bağlıdır. Əsas məqsəd bu yolla şəhər və rayonların dövlət büdcəsindən maliyyələşdirilməsinin azaldılmasından və tədricən dayandırılmasından ibarətdir. Fərəhləndirici hal kimi qeyd etmək lazımdır ki, 2017-ci ilin büdcə layihəsində dotasiyalardan imtina edən rayon və şəhərlərin sayının artdığı göstərilir. Büdcə layihəsinə əsasən, 2017-ci ildə dövlət büdcəsindən mərkəzləşdirilmiş xərclərdən ayrılan maliyyə yardımının, yəni dotasiyanın həcmi yerli xərclərin tərkibində 9,9 faiz təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə 706, 5 milyon manat və ya 91,2 faiz azdır. Yerli gəlirlərin hesabına büdcəni təmin edən rayon və şəhərlərin sayı bir neçə dəfə artıb. Belə ki,  Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, İmişli və Abşeron rayonları ilə yanaşı, Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Biləsuvar, Bərdə, Beyləqan, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları da 2017-ci ildən xərclərini yerli gəlirlər hesabına təmin etməyə başlayacaq.

Dotasiyanın azaldılmasının əsas yolu yerli istehsalı artırmaqla həm daxili, həm də xarici bazarlarda satıla bilən çeşidli sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsindən keçir. Bu tədbirləri görərkən rayonların spesifik xüsusiyyətləri nəzərə alınmalı və onların ixtisaslaşdırılması prosesi sürətləndirilməlidir. İstehsalın və satışın təşkilində yeni yanaşma tələb olunur. Rayonlarda istehsal və topdansatış proseslərini tənzimləyən iri assosiasiyaların, birliklərin və birjaların yaradılması zəruri vəzifə kimi qarşıda durur. Başqa sözlə, istehsalçı əvvəlcədən bilməlidir ki, istehsal etdiyi məhsulu kimə və hansı qiymətə satacaq. Ölkəmizdə kifayət qədər kartof istehsal olunmasına baxmayaraq, qış mövsümündə kartof İrandan, Türkiyədən, Rusiyadan idxal olunur. Min tonlarla məhsul mövsüm zamanı dəyər-dəyməzinə satılır, qalan hissəsi isə zay olub atılır. Cari mövsümdə ən böyük kartofçuluq rayonu olan Cəlilabadda bu cür hallar yaşandı. Belə vəziyyətə düşən təsərrüfatların gəlir götürməsindən danışmaq yersizdir.

Təsərrüfat idarəçiliyi sistemi düzgün qurularsa, Azərbaycanın hər bir rayonu özünümaliyyələşdirmə prinsipi əsasında işləyə bilər. Buna nail olmaq üçün hər bir şəhər, rayon özünün daxili imkanlarını düzgün dəyərləndirməli və konkret fəaliyyət proqramları müəyyən etməlidir. Açığını demək lazımdır ki, dotasiya alan rayonların bir çoxu, heç də dotasiya almayan rayonlardan zəif daxili imkanlara malik deyillər! Deməli, həmin rayonlarda struktur islahatlarına, yerli təşəbbüslərin dəstəklənməsinə və digər təşkilatı və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə zərurət vardır. Bunu həyata keçirmək üçün iqtisadi imkanlarla yanaşı, həm də ölkədə əlverişli sahibkarlıq və biznes mühiti formalaşıb.

Təbii ki, bütün şəhər və rayonların dövlət dotasiyasından imtina etməsinə zaman lazımdır. Vaxtilə təkcə Bakı şəhəri dotasiya almırdı, sonra onların sayı 6-ya çatdırıldı. Yeni ildən isə öz yerli xərcləri hesabına maliyyələşən şəhər və rayonların sayı 34-ə çatdırılacaq ki, bu da qarşıya qoyulan hədəflərin real olduğunu təsdiqləyir. Dotasiya almayan şəhər və rayonların sırasına daha 27-sinin əlavə olunması ondan xəbər verir ki, respublikamızın regionlarında dayanıqlı və davamlı inkişaf prosesi gedir.

Regional inkişafdan və özünümaliyyələşdirmədən danışarkən bu prosesdə bələdiyyə qurumlarının da fəal iştirakı təmin edilməlidir. Lakin onu da açıq etiraf etmək lazımdır ki, hələ ki bələdiyyələr formal qurumdan yaradıcı quruma keçə bilməyiblər. Bir çox bələdiyyələr əsas vəzifəsini abadlıq, səliqə-sahman işlərinin aparılmasında görürlər. Bunlar da lazımdır. Lakin söhbət yerli gəlirlərdən gedirsə, onu qazanmağın yolları tapılmalıdır. Rayonlarımızda bələdiyyə mülkiyyətində olan min hektarlarla istifadəsiz torpaq sahələri var. Həmin torpaqları əkin dövriyyəsinə cəlb etməklə güclü istehsal potensialı yaratmaq, yaxşı gəlir götürmək olar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar sahədə qarşıda duran ən mühüm istiqamətləri konkret olaraq müəyyən etmişdir. Əsas prioritetlər taxılçılıqla yanaşı, pambıqçılığın, üzümçülüyün, baramaçılığın, tütünçülüyün, fındıqçılığın, çayçılığın sürətli inkişaf tempinə çıxarılmasıdır. Bütün istehsal proseslərinin müasir texnologiyalar əsasında qurulması, yüksək standartlara cavab verən məhsul istehsalı, modern təsərrüfatların və heyvandarlıq komplekslərinin yaradılması, ərzaq məhsulları ilə daxili tələbatın tam şəkildə ödənilməsi, güclü ixrac potensialının yaradılması, Azərbaycan brendi altında məhsulların dünya bazarlarında özünə layiqli yer tutması – bütün bunlar yaxın illərdə gerçəkləşməsi vacib olan ən ümdə vəzifələrdir. İnanırıq ki, böhranlı illər olmasına baxmayaraq, respublikamızın hər bir şəhərinin, hər bir rayonunun, hər bir yaşayış məntəqəsinin insanları bu nəcib amallar uğrunda səfərbər olaraq birləşəcək və qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gələcəklər. Belə olan halda yaxın bir neçə il ərzində bir-birinin ardınca bütün rayonlar dövlət dotasiyasından imtina edəcək, həmin vəsaitlər digər vacib istiqamətlərə – elmtutumlu, innovasiyatutumlu sahələrə yönəldiləcək, bu isə öz növbəsində dövlətimizə ucalıq, xalqımıza isə firavanlıq bəxş edəcək.

 

Zülfü İLYASOV,

«İqtisadiyyat» qəzetinin bölgə  müxbiri