Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

ƏSAS MƏQSƏD İQTİSADİ ARTIM DİNAMİKASINI QORUYUB SAXLAMAQDIR

 

Son 12 il ərzində respublikamızın bütün kənd və şəhərləri, yaşayış məntəqələri inanılmaz dərəcədə dəyişib, abadlaşıb, yenilənib, yüzlərlə istehsal və emal müəssisələri açılıb. Görülən tədbirlər sonucda əhalinin sosial vəziyyətinin və rifah halının yüksəldilməsinə gətirib çıxarıb. Regional dövlət proqramlarının icra olunması ümumi sosial-iqtisadi inkişaf fonunda, həm də azad sahibkarlığın və liberal iqtisadiyyatın çiçəklənməsinə geniş yol açıb. Tərəqqi və inkişaf dalğası Ağsu rayonundan da yan keçməyib. Rayonda ötən illər ərzində ciddi infrastruktur tədbirləri görülmüş, iqtisadiyyat möhkəmlənmiş, nəqliyyat, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə bir sıra uğurlar qazanılmışdır. Bir məsələni xüsusi olaraq vurğulamaq lazımdır ki, Ağsu rayonunun son illər formalaşan iqtisadiyyatının strukturunda özəl bölmənin xüsusi çəkisi və payı vardır.

Bu yaxınlarda Cənubi Qafqazın ən böyük istehsal müəssisələrindən birinə çevrilən «Az.Qranata» MMC-nin yaradılmasının 5 illiyi qeyd olundu. Bu müəssisədə istehsal edilən məhsullar Almaniya, ABŞ, Çin, Yunanıstan, Yaponiya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə ixrac olunur. Ən müasir texnoloji avadanlıqlarla  təchiz edilən zavod mövsüm ərzində 10 min ton meyvə və 5 min ton üzüm qəbulunu həyata keçirməklə saatda 12 ton meyvə şirəsi istehsal etmək gücündədir. Müəssisənin illik istehsal gücü isə 100 milyon qablaşdırmadır. Zavodda 2013-cü ildən sənaye üsulu ilə Azərbaycanın qədim spirtsiz içkisi olan «Abqora» (kal üzüm şirəsi və ya qora suyu) istehsalına başlanılıb. Müəssisənin şotland texnologiyası əsasında hazırladığı «Wisky» meyvə və giləmeyvə şərabları, Azərbaycanda ilk dəfə olaraq qablaşdırılan narşərab, «Badikubə» muskat rakiyası, keçi südü əsasında istehsal edilən spirtli içkilər, şirə və şərab məhsulları nəinki respublikamızda, xarici bazarlarda da tanınır. Hazırda «Az.Qranata»nın 400 hektar üzüm plantasiyaları, 300 hektar nar bağları var. MMC-də markalı və kolleksiya şərablarının istehsalı istiqamətində yeni şərab sexi fəaliyyətə başlayıb. İki yüz əlli işçinin çalışdığı zavodun keçdiyi beş illik uğurlu yol yeni tipli, modern bir istehsal müəssisəsinin intişar tapıb formalaşmasından xəbər verir. 2004-cü ildən başlanan və icra olunan iki Dövlət Proqramının davamı olaraq «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrası prosesində yeni iş yerlərinin açılması, tikinti-quruculuq və abadlıq işləri diqqət mərkəzində saxlanılıb, sosial problemlərin həllinə qayğı göstərilib, yollar, küçələr, meydanlar asfaltlaşdırılıb, digər genişmiqyaslı infrastruktur işləri görülüb. Bundan başqa, əhalinin, eyni zamanda, iqtisa­diy­yatın bütün sahələrinin elektrik enerjisi və təbii qaz təminatının yaxşılaş­dırılması, nəqliyyat infrastrukturunun tikintisi, əsaslı təmiri istiqamətində çoxlu sayda layihələr reallaşdırılıb, indi də bu istiqamətdə işlər davam etdirilir.

Ağsu rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu sahədə yüksək inkişaf tempi 2016-cı ildə də qorunub saxlanılıb. 2015-ci ildə 2016-cı ilin məhsulu üçün 35 min 188 hektar sahədə payızlıq buğda, 18 min 430 hektar arpa əkilib və hər hektarın məhsuldarlığı orta hesabla 30,1 sentner  təşkil etməklə, zəmilərdən 106 min ton taxıl tədarük edilib.

«Süsən Aqro» MMC-nin taxılçılıq sahəsində uğurları bu il də ürəkaçan olub. Belə ki, MMC tərəfindən həyata keçirilən texnoloji yeniliklər və elmi nailiyyətlər zəmilərdən 7206 ton məhsul əldə etməklə orta hesabla hər hektardan 60 sentner məhsul götürməyə imkan verib. Bu rəqəm taxılçılıq sahəsində ən yaxşı göstəricilərdən biri sayılmaqla respublikamızda bu sahənin daha rentabelli olmasını təmin edə bilər. Bundan başqa, rayon iqtisadiyyatında əsas sahələrdən olan pambıqçılığın inkişafı, daha doğrusu, keçmiş ənənələrin bərpası istiqamətində cari ildə zəruri addımlar atılıb və müvafiq tədbirlərin görülməsi davam etdirilib.

Bu il 1092 hektar ərazidə əkilmiş pambıq sahələrindən 300 tondan artıq məhsul yığılıb. Növbəti mövsüm ilində əkin sahələrinin artırılaraq 2500 hektara çatdırılması nəzərdə tutulub.

Pambıq əkininə ölkə başçısının hərtərəfli qayğı və diqqətinə əməli işlə cavab verməyə çalışan ağsulular bu sahənin dirçəldilməsinə elliklə səfərbər olunmuşlar. Elə bir gün olmur ki, mövsüm zamanı rayon rəhbərliyi pambıq sahələrinə baş çəkməsin. Yeni çağırış və tələblərə uyğun olaraq buğda və arpa ilə yanaşı, çəltik də əkilir və kifayət qədər yaxşı məhsul əldə olunur. Bu sahənin inkişafını stimullaşdırmaq, istehsalın səmərəliliyini  yüksəltmək məqsədilə dövlət büdcəsi hesabına yardımların verilməsi təmin edilir. Əkin sahələrinin aqrotexniki qaydada becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə dövlət maliyyə yardımının verilməsi üçün müvafiq sənədlər hazırlanaraq Respublika Komissiyasına təqdim edilib.

Tikinti-abadlıq və quruculuq işləri rayonda daim diqqət mərkəzində saxlanılır. Cari ildə M.Ə.Rəsulzadə küçəsində kənd təsərrüfatı idarəsi üçün inzibati bina, «Az-Qranat» MMC üçün yeni süzmə sexi və soyuducu anbar, şəhərin kanalizasiya sisteminin təmizlənmə qurğusunun tikintisi, 140 yerlik «Qərənfil» və 1 saylı uşaq bağçalarının əsaslı təmiri, Qaradağ və Qaravəlli kəndlərində modul tipli sutəmizləyici qurğuların tikintisi, şəhid ailələri və Qarabağ əlilləri üçün 10 ədəd, hər biri 3 otaqdan ibarət fərdi yaşayış evlərinin tikintisi davam etdirilib. Şəhərin müxtəlif məhəllələrində tikintisi yarımçıq qalmış obyektlərin başa çatdırılması, binaların fasad hissələrinin müasir tələblərə uyğun üzlənməsi, çoxmənzilli yaşayış binalarında təmir-bərpa işləri aparılıb. Rayonda yeni sənaye zonasının yaradılması, çoxmənzilli evlərin tikintisi, bir çox kəndlərdə modul tipli sutəmizləyici qurğuların tikintisi üçün layihələrin hazırlanması və həyata keçirilməsi üzrə zəruri tədbirlər görülüb.

Xidmət sahələri də müasirləşir. Ağsu Rayon Telekommunikasiya Qovşa­ğı­nın mərkəzi və kənd sahələrində, yeni xətt şəbəkəsinin tikintisi və genişlən­dirilməsi istiqamətində layihələrin icrası həyata keçirilir. Ağsu Elektrik Şəbəkə­sinin xidməti ərazisində əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təmin edilməsi üçün zəruri addımlar atılır. Qısa müddətdə 370 ədəd birfazalı qüsurlu sayğac yenisi ilə əvəz edilib, 211 yaşayış evinə yeni sayğac quraşdırılıb. 2016-cı il ərzində istər rayonun qaz təsərrüfatının yenidən qurulması, istərsə də təbii qazın istehsalçılara çatdırılması zamanı yol verilən normadan artıq qaz itki­lərinin qarşısının alınması və elektrik enerjisinin dəyərinin ödənilməsi istiqamə­tində müvafiq tədbirlər görülüb.

«Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqti­sadi inkişafı Dövlət Proqramı»na əsasən, Dünya Bankı və Azərbaycan hökuməti ilə birgə müəyyənləşdirilən «Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə» çərçivəsində Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində işlərin icrası cari ildə də davam etdirilib. Layihə çərçivəsində Ağsu rayonunda 116,7 km su, 110 km kanalizasiya şəbəkəsi tikilib, su şəbəkəsi üzərində 5500, kanalizasiya şəbəkəsi üzərində isə 5300 evə birləşmə yerinə yetirilib. Su-kanal idarəsi tərəfindən su anbarı yuyulub dezinfeksiya olunub, çöl ərazisində yerləşən siyirtmələrin hər birinə baxılıb, aparatlar texniki baxımdan keçirilib. Əhalini içməli su ilə təchiz edən Külüllü-Ağsu 22 km-lik və Quzey-Ağsu 25 km-lik magistral su xətləri boyu texniki təhlükəsizlik tədbirləri görülüb.  Kənd rayonlarında əhalinin içməli su ilə yanaşı, suvarma suyu ilə təmin edilməsi vacib məsələlərdir. Bu sahədə Ağsu rayonunda ciddi problem yaşanmayıb, cari məsələlər vaxtında öz həllini tapıb. Cari il ərzində təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikintisi, bərpası və yenidənqurulması istiqamətində işlər səngiməyib. Rayon mərkəzi xəstəxanasının yeni, müasir avadanlıqlarla təchiz edilmiş binası sakinlərin ixtiyarına verilib. Radar kənd ümumi orta məktəbinin binasında 51 min manatlıq əsaslı, Yenilik, Ağabəyli, Cəfərli, Hacuşağı, Bəyimli, Suraxanı kənd orta mək­təb­lərinin binasında, ümumilikdə 156 min manatlıq təmir işləri aparılıb.

Rayon iqtisadiyyatının daha da möhkəmləndirilməsi, ölkədə ərzaq bollu­ğunun yaradılması, ixrac məhsullarının keyfiyyətinin və çeşidinin artırılması, özəl bölmənin və azad sahibkarlığın inkişafına geniş meydan verilməsi qarşıda duran vacib vəzifələrdəndir.

Dünyada davam edən iqtisadi və maliyyə böhranları, neftin qiymətinin ucuzlaşması fonunda ölkə iqtisadiyyatına xeyli ziyan dəyib. Bu vəziyyət istər-istəməz kənd təsərrüfatı məhsullarının ixracına və satışına da təsir göstərir. Rusiyada yaşanan olaylar ölkə sahibkarlarının işinə də təsirsiz ötüşməyib. Böhranlar ötəridir. Tezi-geci səngiyəcək, hər şey öz axarına düşəcək. Bu gün aqrar sahədə aparılan islahatlar böhran sonu dönəmdə yeni inkişafa və yüksəlişə yol açacaq. Bunu dərk edən ağsulular gecəni-gündüzə qatıb inamla çalışırlar.

 

Zülfü İLYASOV,

«İqtisadiyyat» qəzetinin bölgə müxbiri,

Ağsu rayonu