Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Gəncə – qədimçilikə müasirliyin qovuşduğu unikal məkan

 

Ulu Gəncə bir aydan sonra Avropanın Gənclər Paytaxtının ardınca MDB-nin Mədəniyyət Paytaxtı statusu qazanacaq. Bu ad, bu titul elə-belə verilmir. Bunun təməlində müasirləşən, inkişaf edən güclü Azərbaycan dövləti və onun beynəlxalq aləmdə nüfuzu dayanır. İnkişaf, dirçəliş və tərəqqi dalğası Nizami yurdundan da yan keçməyib. Respublikamızın ümumi inkişaf axarında ön cərgələrdə özünə yer tutan Gəncə şəhərində son illər həyata keçirilən iri layihələr nəticəsində yüksək standartlara uyğun mükəmməl infrastruktur yaradılıb, çoxsaylı sosial-mədəni obyektlər tikilib, bir çoxları yenidən qurulub. MDB-nin Mədəniyyət paytaxtı seçilmək məhz bu məziyyətlərdən qaynaqlanır. Keçmiş sovetlər dönəmində Kirovabad kimi tanınan bu qədim diyar 25 ildən artıqdır ki, öz əzəli-əbədi adına qovuşub. İndi Gəncə özünü milli koloritdə, özünəməxsus görkəmdə təqdim etmək imkanı qazanıb. Məhz bu cəhət – qədimliklə müasirliyin üzvi vəhdəti Gəncədə çox yüksək şəkildə öz təcəssümünü tapıb. Şəhərə ayaq basan yaxşı dərk edə bilir ki, tamamilə fərqli bir məkana, 4 mindən çox yaşı olan, tarixi keçmişini, genefondunu, adət-ənənəsini, milli-mədəni dəyərlər sistemini hifz edib saxlayan qədim türk torpağına, odlar yurduna təşrif buyurub. Qısa zaman kəsiyində belə parlaq görkəmə gəlib çatmaq dövlətimizin, dövlət başçımızın ciddi səyi və dəstəyi sayəsində mümkün olub. Gəncə tarixin heç bir dönəmində indiki qədər sürətli inkişaf etməyib. Gəncə sanki hər gün dəyişir. Burada bir gün də olsa, işlər səngimir, tempini itirmir. Söhbət genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərindən gedir. Gəncənin inşaat işləri aparılmayan küçəsi, məhəlləsi yoxdur. Şəhərin hər yerində toran qovuşanacan işlər davam edir. Şəhərdə müxtəlif təyinatlı obyektlər tikilsə də, bunların içərisində sosial-mədəni obyektlərin sayı üstünlük təşkil edir. Gəncədə elə ay yoxdur ki, məktəb, uşaq bağçası, səhiyyə ocağı və yaxud digər sosial obyektin açılışı olmasın. Tikilən, təmir olunan hər bir obyekt yüksək standartlar səviyyəsindədir. Təkcə son iki ay ərzində 5 belə obyektin təntənəli açılışı həyata keçirilib. Bunların hər biri gözəlliyi, cəlbediciliyi ilə heyranlıq doğurur. Şəhərdəki 41 nömrəli orta məktəb binası, 2 nömrəli peşə liseyi, Beynəlxalq uşaq klubu və digər tikililər göz oxşayır.

Bakı-Qazax avtomobil yolunun sağ tərəfində, 15 hektarlıq ərazidə illik istehsal gücü 30 milyon ədəd olan kərpic zavodunun tikintisi sürətlə davam etdirilir. Belə bir nəhəng sənaye obyektinin işə düşməsi, digər layihələrin gerçəkləşməsinə də yol açacaqdır. Çünki Gəncə şəhərinin bərpa-yenidənqurma işlərində milli-memarlıq üslubu kimi qırmızı kərpicdən geniş istifadə olunur.

«Gəncəçay» Park-Bulvar Kompleksinin sol sahilində sahil-bərkitmə və parksalma işlərinin davam etdirilməsi üçün zəruri tədbirlər görülür. Yağış və sel sularının qarşısını almaq məqsədilə 1 kilometr uzunluğunda beton mühafizə divarları inşa edilib. Çayın məcrasında təmizlik və abadlıq işləri aparılır. Gəncənin ən cəlbedici məkanlarından birinə çevrilən Park-Bulvar Kompleksinin əks tərəfdəki tikintisinə yaxın vaxtlarda start veriləcək.

Vəli Xuluflu küçəsində 129 ailənin fərdi yaşayış evi ilə təmin edilməsi üçün tikinti işlərinə başlanılıb. 2012-ci ildə inşasına başlanılmış, 1,4 hektar ərazidə yerləşən, altı mərtəbəli Gəncə Dövlət Filarmoniyasının tikintisi yüksək ahənglə davam etdirilir. Şəhərin Atatürk prospektində 50 mənzilli beş mərtəbəli 4 ədəd, yeddimərtəbəli 4 ədəd, həmçinin Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində, keçmiş toxuculuq kombinatının yataqxanasında yaşayan sakinlər üçün 3 bloklu doqquzmərtəbəli 3 bina, 1 bloklu onmərtəbəli 1 bina, ümumilikdə 240 mənzilli çoxmərtəbəli yaşayış binalarının tikintisi aparılır.

Cavadxan küçəsində «Majestik Palace» və Hacıkənd qəsəbəsində yeddimərtəbəli «ARFA» mehmanxanaları inşa olunur. Şəhər prokurorluğunun müasir tələblərə cavab verən binasının tikintisi davam etdirilir və binanın cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfində, 4,75 hektar ərazidə məhkəmə kompleksinin tikintisinin layihə-smeta sənədi hazırlanır. Kənd təsərrüfatı məhsullarının pərakəndə və topdansatışını həyata keçirən, hər cür şəraiti olan, 17 hektar ərazidə inşası aparılan «Bazarstore» MMC-nin tikintisi sürətlə davam etdirilir. Fikrət Əmirov küçəsində beşmərtəbəli İctimai-Mədəni Tibb Mərkəzinin, Hava limanı yolu istiqamətində maşın bazarının, Nizami prospektinə beş və altı mərtəbəli Ticarət Mərkəzinin, eləcə də digər sosial və xidmət obyektlərinin tikintisi davam etdirilir. Bu obyektlərin bir çoxu sahibkarlıq subyektlərinin maliyyə vəsaiti, güzəştli kreditlər hesabına inşa olunur və əhalinin məşğulluğunun təmin olunmasında müstəsna əhəmiyyət kəsb edir. Azad sahibkarlığın və özəl bölmənin inkişafına yaradılan əlverişli şərait Gəncə şəhərinin böyüməsini, inkişaf etməsini, regional müstəvidə rolunun və nüfuzunun artmasını təmin edən mühüm amillərdən biridir.

Heydər Əliyev prospektində «Paşa Holding» tikinti şirkəti tərəfindən 2014-cü ilin fevral ayında inşasına başlanmış, ümumi sahəsi 32320 kvadratmetr olan Ticarət və Əyləncə Mərkəzinin tikintisi yekunlaşmaq üzrədir. Mərkəzin istifadəyə verilməsi 2017-ci ilin birinci rübündə nəzərdə tutulur. Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, özünün əzəmətinə, xidmət növlərinin universallığına görə bu mərkəzin Qafqaz regionunda bənzəri yoxdur. Gəncədə görülən işlərin həcmi, miqyası o qədər böyükdür ki, çoxunun adını çəkə bilmirik.

Gəncədə prospekt və küçələrin abadlaşdırılması işləri bu gün də davam etdirilir. Bir cəhət ürəkaçandır ki, hər bir layihə həyata keçirilərkən bütün infrastruktur yenilənir, işıq dirəkləri təzələnir. İndi yaşayış binalarının həndəvərləri nura qərq olunub. Beş il öncə işıq dirəklərinin sayı şəhər üzrə 2 mindən çox deyildi. Bu gün onların sayı 32 mini ötüb keçib. Ən ucqar küçələrdə belə gecələr rahat gəzmək və istirahət etmək imkanı yaradılıb. Yaxın vaxtlarda şəhərin su problemi də öz həllini tapacaq.

2012-ci ildən «Açıq Kommunal İnfrastruktur» layihəsi çərçivəsində Gəncə şəhərində su təsərrüfatı və kanalizasiya sisteminin əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb. Ötən müddət ərzində ümumi işlərin, yəni içməli su xəttinin 89,1 faizi, abonent birləşmələrinin 73,3 faizi, çirkab xətlərinin 50,3 faizi yerinə yetirilib. Eyni zamanda, layihəyə əsasən, şəhərin üç istiqamətindən – Göygöl, Qızılqaya və Şəmkirçayından çəkilən magistral su xətlərinin tikintisi başa çatdırılıb. Bu xətlərin istifadəyə verilməsi ilə şəhərə saniyədə 1500 litr su daxil olacaq və bununla da Gəncə şəhərinin içməli su problemləri öz həllini tapacaq. Şəhərdə mövcud su və kanalizasiya şəbəkəsinin fasiləsiz işləməsinin təmin edilməsi məqsədilə müəyyən təmir-bərpa işləri görülüb.

Bu ilin fevral ayında cənab prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin 9 mərtəbəli, 560 yerlik tələbə yataqxanası istifadəyə verilib, yaxın vaxtlarda daha bir yataqxana istifadəyə veriləcək. Gəncə Dövlət Universitetində, Azərbaycan Texnologiya Universitetində də müasir tipli tədris korpusları tikilib, yataqxanalar əsaslı şəkildə təmir olunub. Yaradılan şərait ali məktəblərin qarşısında ciddi vəzifələr qoyur. Regionlarımız inkişaf edir, yeni sahibkarlıq subyektlərinin formalaşması prosesi gedir. Lakin açığını etiraf etmək lazımdır ki, aqrar sahədə, emal və istehsal sferasında ixtisaslı mütəxəssislər sarıdan problemlər yaşanır. Ali məktəbləri bitirib diplom alan məzunların çox cüzi hissəsi real sektora üz tutur, qalanları isə yeni çağırış və texnoloji tələblərə cavab vermədiklərinə görə ixtisasları üzrə iş tapa bilmirlər.

Gəncədə mədəniyyət ocaqları da xüsusi diqqət və qayğı ilə əhatə olunub. Çünki bu, şəhərə turist axınını təmin edən ən mühüm amillərdən biridir. Hazırda Gəncənin tarixi-memarlıq abidələrindən olan «Şah Abbas» və «Uğurlu xan» Karvansara komplekslərinin, «Qızıl Hacılı» Tarix-memarlıq abidəsinin əsaslı təmiri və bərpası, Mirzə Şəfi Vazeh Muzeyinin yaradılması istiqamətində iş gedir. Gəncədə Qafqazın ən böyük kitab evi açılıb. Bu ilin fevral ayında istifadəyə verilən, Gəncə Park-Bulvar Kompleksində yerləşən Kitab evi rəngarəng tədbirlərin keçirildiyi bir məkana çevrilib.

Gəncə bu gün qonaqlı-qaralı, zövq oxşayan, insanı ilıq nəfəsi ilə özünə doğru çəkən, gözəl, yaraşıqlı bir şəhərə çevrilib. Gəncə bu gün regional müstəvidə öz layiqli yerini tutan, sevilən, seçilən şəhərlər sırasındadır. Təkcə son bir ildə xarici qonaqların sayı 82,9 faiz artıb. 2017-ci ildə Gəncəyə gələnlərin sayı əhəmiyyətli dərəcədə artacaq, MDB-nin Mədəniyyət paytaxtı kimi Nizami yurdu bayram libasına bürünəcək, hər yerdə bir coşqu və qələbəlik yaşanacaq.

 

Zülfü İLYASOV,

«İqtisadiyyat» qəzetinin bölgə müxbiri,

Gəncə şəhəri