Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Bu da bir abidədir

 

Bu yaxınlarda “Təhsil” nəşriyyatında “Qobustan” jurnalının biblioqrafiyası adlı vəsait çap olunmuşdur. Vəsait 368 səhifə həcmindədir.

“Qobustan” jurnalının Azərbaycanın mətbuat tarixində xüsusi yeri var. 1969-cu ildən Bakıda nəşr edilən rüblük incəsənət toplusu nəinki yarandığı 60-70-ci illərdə, bütün zamanlarda ən oxunaqlı mətbu orqan kimi seçilmişdir. İlk baş redaktoru Xalq yazıçısı Anar olmuşdur. Anar Azərbaycan Yazıçılar Birliyinin sədri seçiləndən sonra jurnala Xalq şairi Fikrət HYPERLINK "https://az.wikipedia.org/wiki/Fikr%C9%99t_Qoca"Qoca rəhbərlik etmişdir (1989-2004). 2004-cü ildən 2013-cü ilə qədər jurnalın redaktoru mərhum Ələkbər Salahzadə olmuşdur. İldə dörd dəfə çıxan toplu öz səhifələrində bütün sənət sahələrini əhatə edən araşdırmalara, nəzəri-tənqidi yazılara, klassik irslə və çağdaş dünya sənətçilərinin yaradıcılığı ilə bağlı materiallara geniş yer ayırır. Milli ədəbiyyatın və dünya ədəbiyyatının müxtəlif sənət-estetik istiqamətlərinə, kulturoloji proseslərə dair çeşidli materiallarla oxucuların diqqətini cəlb edir. Burada müasir Azərbaycan teatrının problemlərinə, milli incəsənət və mədəniyyət məsələlərinə, ayrı-ayrı sənət ustaları ilə müsahibələrə, rəsm əsərlərinin nümayişinə geniş yer verilir.

Bir kitabxanaçı kimi uzun illərin  təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, oxucular tərəfindən ən çox soruşulan, axtarılan və çox təəssüf ki, fiziki təzyiqə məruz qalan da “Qobustan” jurnalıdır. Hələ ki, kitaba, kitabxanaya münasibət bizdə istənilən səviyyədə deyil və mütəmadi istifadə olunan nəşrlərin mühafizəsi də çox çətindir, demək olar ki, mümkün deyil. Fürsətdən istifadə edib bu jurnalın elektron daşıyıcıya köçürülməsinin zəruri olduğunu diqqətə çatdırmaq istəyirəm.

“Qobustan”da çıxan yazılarını axtaran müəlliflər, dəqiq ilini, nömrəsini bilmədikləri məqaləni tapmağa çalışan oxucular müraciət etdikdə bəzən saatlarla, günlərlə axtarış aparmalı oluruq. Dəqiq yadımda deyil, AYB-dən bir rəssamın rəsm əsərini axtarırdılar və həmin rəsm əsərinin ancaq “Qobustan”da çap olunduğunu deyirdilər. Kitabxanaçılar bütün illərin nömrələrini vərəqləməli oldular. Bütün bunlara görə çoxdan “Qobustan” jurnalının biblioqrafiyasını hazırlamaq lazım idi.  Bu xeyirxah işi uzun illərin təcrübəli kitabxanaçısı, bir çox biblioqrafik göstəricilərin tərtibçi-müəllifi, əməkdar mədəniyyət işçisi, AYB-nin üzvü Xuraman İsmayılova öz öhdəsinə götürərək, yüksək səviyyədə yerinə yetirdi. Onu da qeyd edim ki, Xuraman xanım bu əziyyətli işi təmənnasız, vicdanla və ürəklə gördü. Azərbaycan mədəniyyətinə, ədəbiyyatına “Bərdə və bərdəlilər”, “Quba və qubalılar”, “Zəlimxan Yaqub. Biblioqrafiya”, “Hüseynbala Mirələmov. Biblioqrafiya” və s. kimi töhfələr vermiş zəhmətkeş mədəniyyət işçisinin növbəti töhfəsi olan “Qobustan jurnalının biblioqrafiyası” bir illik əməyin bəhrəsidir. Vəsaitin elmi redaktoru tarix elmləri doktoru Bəybala Ələsgərov, ixtisas redaktoru M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının şöbə müdiri Mədinə Vəliyeva, redaktoru Azadə Novruzovadır.

Biblioqrafiya jurnalın 150 sayını - 1969-cu ildə çıxan ilk nömrədən, 2010-cu ildə çıxan 150-ci nəmrəsinə qədəri əhatə edir.  Milli Kitabxanada çatmayan nömrələrin tapılmasında mərhum Tofiq Abdin, Ələkbər Salahzadə, jurnalist-yazıçı Şəmistan Nəzirli və ömrünü jurnalın ömrünə bağlamış Esmira Nəzərli böyük köməklik göstərmişdir. Əfsus ki, bütün səylərə baxmayaraq, 1998-ci ilin 4-cü sayını əldə etmək mümkün olmadığı üçün biblioqrafiyada öz əksini tapmayıb.

Biblioqrafiyanın ilk səhifəsində jurnalın yaradıcı kollektivinin dövrlərlə siyahısı verilmişdir. 1969-1988-ci, 1988-2004-cü, 2004-2010-cu  illərdə yaradıcı heyətdə kimlərin olduğunu bu vəsaitdən də bilmək olar.

 Bütün materiallar sənət sahələrinə ayrılaraq illər üzrə əlifba sırası ilə verilmişdir. Hər bir məqaləyə məzmununu açan annotasiya yazılmışdır. Deməli, biblioqraf bütün məqalələrlə tanış olmuş, onların nədən bəhs etdiyini öyrənmişdir. Biblioqrafiya tərtib etmək çoxlarına asan görünür, əslində isə kitab yazmaq biblioqrafiya tərtib etməkdən asandır. Kitab haqqında kitab yazmaq çətin və məsuliyyətli işdir. Vəsait biblioqrafik qaydalara tam uyğun işlənmişdir və dünya standartlarına cavab verəcək səviyyədədir.

Jurnalın 150 sayını əks etdirən vəsaitdə rəsm əsərləri və rəngli fotoşəkillərin siyahısı illər üzrə müəlliflərin adının əlifbasına görə  sıralanmışdır. Bu da çox mühüm bir məsələdir. Elə rəsm əsərləri və ya foto-şəkillər var ki, yalnız bu jurnalda çap olunub. Müəlliflərinə görə hansı rəsm əsərini axtarsaq, asanlıqla tapmaq olar.

Biblioqrafiyadan istifadəni asanlaşdırmaq üçün müəlliflərin və sərlövhələrin əlifba (köməkçi) göstəricisi tərtib olunmuşdur. Bu da vəsaitdən istifadə edənlərə ən gözəl bələdçi rolunu oynayacaqdır.

Xuraman xanım təcrübəli biblioqraf, savadlı mədəniyyət işçisidir. O, həm də vətənpərvər ziyalı, şair-publisistdir. 16 kitabın müəllifidir. Mən bu xanımı çox yaxşı tanıyıram. Nə iş görsə, ürəklə, vicdanla, qüsursuz və təmənnasız görər. Bəziləri kimi özünü reklam eləməz, elədiklərini gözə soxmağa çalışmaz. Bütün bunlarla bərabər, oxucuların çox sevdiyi gözəl kitabxanaçıdır. Kitabxana işini bilən, kitabxanaya doğma olan Xuraman xanıma bütün kitabxanaçılar adından təşəkkür edirəm. Axı,  belə vəsaitlər, ilk növbədə kitabxanaçılara lazımdır, onların işini yüngülləşdirir.

Milli-mənəvi sərvətimizin toplusu olan “Qobustan” jurnalı heç vaxt dəyərdən düşməyən, xalqın yaddaşında əbədiləşən bir abidədir. Bu abidəyə daha bir abidə əlavə olundu: “Qobustan jurnalının biblioqrafiyası”. Böyük bir abidəyə gedən yol, cığır desək, daha doğru olar.

 “Qobustan”çılara, “Qobustan” sevərlərə, oxuculara və kitabxanaçılara gözəl töhfə olacaq bu vəsaitdən istifadə edən, səmərəsini görən hər kəsin qəlbindən təşəkkür hisslərinin keçəcəyindən əminəm. Xuraman xanım, bir daha təşəkkür edirik və yeni töhfələrinizi gözləyirik.

Ümumiyyətlə, bu vəsait Azərbaycan biblioqrafiyası elminə yeni bir töhfədir.

 

B.Ələsgərov,

Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti