Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

ZAQATALA REGİONAL MÜSTƏVİDƏ ÖNƏ ÇIXAN ŞƏHƏRLƏR SIRASINA QATILACAQ

 

 Zaqataladan yazarkən onun füsunkar təbiətini, insanı bihuş edən gözəlliyini vəsf etmədən ötüb keçmək olmur. Ulu Qafqazın cənub yamaclarından kükrəyə-kükrəyə axıb gələn, özünü dağa-dərəyə çırparaq aləmə haray salan, gəlib aranda sakitləşən Katex, Kiş, Türyan, Dəmiraparan, Girdman çaylarına gərək yerlərindəcə tamaşa edib zövq alasan. Arana çatanda həmin möhtəşəmlikdən əsər-əlamət qalmır. Zaqatalanın dağları-daşları bir gözəllik tablosudur. İnsan bu tabloya doyunca baxmaq istəyir. Dünyanın hər yerindən bu yerlərə təşrif buyuranları Zaqatalanın ecazkar təbiəti özünə cəlb edir. Yoxsa, bu gözəllikləri başqa bir yerdə nümayiş etdirmək istəsək, heç cür alınmayacaq.

Zaqatalada çoxlu parklar, xiyabanlar, yaşıllıq zolaqları, çəmənliklər salınıb. Bunların hamısı gözəldir. Lakin yüz dekorativ gül-çiçək bir qızılgülün ətrini, rayihəsini verə bilməz. Sovetlər dönəmində rayonun Qazangül qəsəbəsində efir yağları istehsal edən sovxozu xatırladım. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci ildə yaradılmışdı, respublikamızda gül məhsullarının istehsalı ilə məşğul olan yeganə müəssisə idi. Burada qızılgülün çiçəklərindən alınan efir yağının keyfiyyətinə görə tayı-bərabəri yox idi. Sonra bu müəssisə də, gülçülük təsərrüfatı da öz fəaliyyətini dayandırdı. Son vaxtlar nə yaxşı ki, yerli sahibkarlar qismən də olsa, burada gülçülüyü bərpa edə bildilər, keçmiş ənənəni itib-batmağa qoymadılar. Bax, beləcə unudulan, baxımsız qalan sahələrin hamısı bir-bir bərpa olunur, tədricən hər şey öz axarına düşməyə başlayır. Dövlətimizin, dövlət başçımızın qayğı göstərmədiyi, dəstək vermədiyi sahə yoxdur. Zaqatala da bu diqqət və qayğıdan kənarda qalmayıb. Əvvəlki illər kimi 2016-cı il də Zaqatala üçün uğurlu olub. Burada ölkəmizin ən böyük təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət İqtisad Universitetinin filialı açılıb. Sentyabr ayının 15-də isə Zaqatalada ölkə mətbuatının diqqət mərkəzinə düşən tədbir baş tutub. Belə ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun həmin gün Zaqatala rayonunda azad sahibkarlığın güzəştli kreditləşməsinə həsr olunan işgüzar forumu keçirilib. Zaqataladan və ətraf rayonlardan olan 53 sahibkara 472 min manat güzəştli kredit verilib.

Kreditlər, əsasən heyvandarlıq, arıçılıq, tütünçülük, tikinti materialları istehsalı sahələrinin inkişafı üçün nəzərdə tutulub. Yüz əllidən çox sahibkarın iştirak etdiyi toplantıda Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində prioritet hesab olunan iri taxılçılıq, intensiv bağçılıq, tütünçülük, cins heyvandarlıq təsərrüfatları, çörək istehsalı və meyvə emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlıq subyektlərinə modern layihələri əks etdirən metodiki materiallar paylanılıb.

Cənab Prezident İlham Əliyev aqrar sahədə aparılan iqtisadi islahatlar çərçivəsində bu regionda tütünçülüyün inkişaf etdirilməsi barədə xüsusi tapşırıqlar vermiş və bununla əlaqədar tütünçülüyə maliyyə dəstəyi gücləndirilmişdir. İndiyədək tütünçülüyün inkişafı ilə bağlı 50-yə yaxın sahibkara 1,7 milyon manat, o cümlədən 2016-cı ilin ötən dövrü ərzində 30 fermerə 220 min manat güzəştli kredit verilmişdir.

Yuxarıda da deyildiyi kimi, Azərbaycanda becərilən kənd təsərrüfatı məhsullarının hamısı ənənəvidir. Sadəcə olaraq, kimlərinsə biganəliyi üzündən unudulan, diqqətdən kənarda qalan, səmərəsiz sahə kimi tənəzzülə uğrayan sahələr vardır. Məhz buna görə də cənab prezident ölkə iqtisadiyyatının daha da möhkəmləndirilməsi üçün həmin sahələrin, yəni az maraq göstərilən, amma daha çox səmərə verən, mənfəət gətirən sahələrin inkişaf etdirilməsini bir vəzifə kimi qarşıya qoymuşdur. Zaqatalalılar ölkə başçısının göstəriş və tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərməklə müsbət nəticələr əldə edə bilmişlər. Tütünçülüyün inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması ilə bağlı Sahibkarlar Təşkilatı Milli Konfederasiyası ilə danışıqlar aparılmaqla cari ildə rayonda daha çox ətirli tütün növlərinin əkininə üstünlük verilmiş və tütün əkin sahələrinin genişləndirilməsi həyata keçirilmişdir. Fermerləri narahat edən problemlərin aradan qaldırılması məqsədilə Konfederasiya ilə aparılan danışıqlar nəticəsində «İntertobacco» şirkətinin əvvəlki illərdən qalmış əməkhaqqı borcları qaytarılmışdır.

Fermerlərlə tütünçülüyün ixracyönümlü məhsul olması barədə maarifləndirici söhbətlər aparılması və nəticədə 601,5 hektar sahəyə tütün şitillərinin köçürülməsi təmin edilmişdir. Bununla əlaqədar 1198 nəfər mövsümi işə cəlb edilmişdir. Hazırda təsərrüfatlarda yaşıl tütün tədarükünün başa çatmasına az qalıb. Tədarük edilən məhsullar qurudulmaq üçün xüsusi kameralara yığılır.

Baramaçılığın dirçəldilməsi məqsədi ilə rayonda xeyli iş görülüb. Belə ki, cari ildə 1,5 ton barama istehsalı nəzərdə tutulub. Rayon üçün ayrılmış 95 qutu barama qurdu toxumundan mütəxəssis nəzarəti altında inkubasiya edilərək əldə olunan barama qurdu 67 nəfər fermerə müqavilə əsasında paylanmışdır. Nəticə olduqca uğurludur. Baramaçılar proqnoz tapşırıqlarını bir neçə dəfə artıq yerinə yetirərək, 6018 kiloqram barama istehsal ediblər. Məhsul «Şəki-İpək» ASC-yə təhvil verilib. Gələcəkdə istehsalın həcminin artırılması məqsədi ilə rayonda 146100 ədəd tut tinginin əkilməsi nəzərdə tutulur. Baramaçılığın rentabelli olması əhali tərəfindən 5-6 il ərzində yem bazasının bərpa edilməsinə və istehsalın ildə 350 tona çatdırılmasına imkan verəcək.

Respublika Prezidenti İlham Əliyevin regionların özünümaliyyə­ləşdir­məsi, mövcud daxili imkanlardan daha səmərəli istifadə olunması, ixracı əvəzləyən və ixracyönümlü məhsulların istehsalının genişləndirilməsi, yeni emal və infrastruktur müəssisələrinin yaradılması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq rayonda zəruri tədbirlər həyata keçirilir. Belə ki, rayon icra hakimiyyəti və «RR» şirkətlər qrupu tərəfindən Aşağı Tala kəndində «Şimal-Qərb» brendi altında Sosial Ticarət Mərkəzinin tikintisi üçün torpaq sahələrinin ayrılmasına və layihələndirmə işlərinə başlanılıb. Bununla əlaqədar həmin ərazidə 20 hektar torpaq sahəsinin tikinti altına verilməsi üçün təyinatının dəyişdirilməsi barədə Nazirlər Kabinetinə müraciət olunub. Layihəyə əsasən, burada 7 mərhələli yaşayış binasının, mebel satış mərkəzinin, yanacaqdoldurma məntəqəsinin, regional ticarət mərkəzinin, çörək zavodunun, dəyirmanın, quru meyvələrin istehsalı və qablaşdırılması obyektlərinin, tikiş fabrikinin, mini ət zavodunun, tir parkının, mövsümi məhsulların saxlanılması üçün anbarların və soyuducu kameraların, regional tikinti materiallarının satışı, kənd təsərrüfatı və avtomobil bazarlarının, beton istehsalı müəssisəsinin tikilməsi və bununla da 700 nəfər üçün daimi iş yerlərinin yaradılması nəzərdə tutulur. Bu möhtəşəm kompleksin yaradılması Zaqatalanın inkişafı, tanınması, onun sakinlərinin rahat və firavan yaşaması üçün atılan ən mühüm addımlardan biridir. Bütün görülən işlər, həyata keçirilən tədbirlər hesabına Zaqatala öz simasını aybaay, günbəgün dəyişir. Hər şey şəhərə girişdən başlayır, deyiblər. Bu, həqiqətən belədir. İlk təəssürat şəhərə daxil olarkən yaranır, sonra illər boyu yaddan çıxmır. Zaqatalaya giriş də özünəməxsus qurulub, zövqlə yaradılıb. Təkcə şəhərin girişində yox, hər yerində tikinti-təmir, abadlıq-quruculuq işləri gedir. Rayon Məhkəməsi üçün yeni inzibati binanın tikintisi tamamlanma mərhələsindədir. Qaçqın və məcburi köçkün ailələri üçün 3 ədəd 45 mənzilli yaşayış binası, 150 şagird yerlik tam orta məktəb, 50 yerlik uşaq bağçası, klub binası, tibb məntəqəsi, ATS və digər qurğular tikilib istifadəyə verilib.

Bundan başqa, Respublika Əmək və Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün inşa edilən 13 ədəd fərdi yaşayış evləri sakinlərin ixtiyarına verilib.

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılan vəsait hesabına şəhərdə 12 çoxmərtəbəli yaşayış binasında təmir işləri davam etdirilir. Bundan başqa, sahibkarlıq subyektləri tərəfindən rayonda yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının inşası davam etdirilir.

Zaqatala dağətəyi rayondur. Yağış, leysan bu yerləri tez-tez tutur. Rayon ərazilərinin, kənd və qəsəbələrin sel sularından mühafizə edilməsi, həmçinin suvarma sisteminin təmiri, yenidən qurulması, kənd təsərrüfatı təyinatlı torpaqlarda suvarma suyunun səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin «Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 25 dekabr 2014-cü il tarixli Sərəncamına uyğun olaraq, keçən il rayonun 12 kəndində subartezian quyusu qazılıb, 6 kəndin 2101 hektar əkin sahəsinin suvarılmasını həyata keçirən ikipilləli «Alazan» nasos stansiyasının suvarma şəbəkəsinin təmiri işləri davam etdirilir.

Zaqatala ölkəmizin şimal-qərb qapısında yerləşən gözəl, yaraşıqlı, müasir tipli şəhərdir. Zaqatala həm də strateji əhəmiyyət kəsb edən bölgədir. Bu şəhərə bundan da artıq ucalıq, möhtəşəmlik yaraşır. Hazırki yüksək inkişaf tempi, tərəqqi dalğası yaxın gələcəkdə Zaqatalanın regional müstəvidə önə çıxan, sayılıb-seçilən, cəlbedici şəhərlər sırasına qatılmasına real zəmin yaradır.

 Zülfü İLYASOV,

«İqtisadiyyat» qəzetinin bölgə müxbiri,

Zaqatala rayonu