Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Aqrar bölmə: Yeni inkişaf strategiyası müstəvisində

 

Dünyanı bürüyən iqtisadi, siyasi və maliyyə böhranı, hələ ki, səngiməyib. Tarixi inkişafın bütün mərhələlərində böhranlar olub, yəqin ki, bundan sonra da olacaq. Lakin böhran yaratmış olduğu ağır fəsadlara rəğmən,  yüksəlişə və inkişafa da yol açır. İkinci dünya müharibəsindən sonra ABŞ, Almaniya, Yaponiya timsalında, sonrakı illərdə digər ölkələrin təcrübəsində bunu aydın şəkildə görmək olar. Böhran sanki ölkənin iqtisadi durumunu, müvazinətini müəyyən edən sınaqdır. Böhran zamanı bütün səhvlər və boşluqlar qabarıq şəkildə ortaya çıxır ki, bunun əsasında real imkanları qiymətləndirmək və hədəfləri müəyyən etmək mümkün olur. Neft gəlirlərinin azalması iqtisadiyyatı əsas etibarı ilə neftdən asılı olan Azərbaycan kimi bir ölkə üçün təsirsiz ötüşə bilməz. Belə olan halda iqtisadiyyatda ciddi islahatların aparılmasına zərurət yaranır. Bu islahatların həyata keçirilməsində əsas məqsəd iqtisadi inkişaf strategiyasının düzgün seçilməsi, inkişafa mane olan problemlərin, həmçinin xarici təsirlərin aradan qaldırılması, iqtisadi artıma və ixrac potensialının gücləndirilməsinə yol açan sahələrin inkişafına geniş meydan verməklə neftdən asılılığı minimuma endirməkdən ibarətdir.

Son iki il ərzində ölkədə həyata keçirilən zəruri tədbirlər, islahatların yeni mərhələyə qədəm qoyması, xüsusilə də 2016-cı ilin əvvəllərindən yüksək templə tətbiq olunan iqtisadi strategiya Azərbaycanın ağır iqtisadi tənəzzüldən və sosial fəsadlardan qurtuluşunu təmin etdi. Cənab prezidentin tapşırığı ilə iqtisadiyyatın bütün sahələrinin köklü şəkildə yenidən öyrənilməsi, bölgələrdə monitorinqlərin aparılması, konkret hədəflərin və fəaliyyət sahələrinin çevik mexanizminin tətbiq edilməsi cəmi altı ay ərzində ilkin uğurlu nəticələri verməyə başladı. Bütün görülən işlər və həyata keçirilən tədbirlər birbaşa qeyri-neft sektorunun, azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafına yönəldildi. Özəl bölmələrin sürətli inkişafını təmin etmək üçün vergi və gömrük sistemində əsaslı dəyişikliklərin aparılması, şəffaflığın və ictimai nəzarətin artırılması iqtisadiyyatın əsas sütunu və istinad mənbəyi olan subyektlərin də işini asanlaşdırdı. Bütün bu islahatlar «Böhran şəraitində inkişaf» strategiyasının tərkib hissəsidir.

Bu inkişaf strategiyası yeni dövrün yüksəliş proqramıdır və cənab prezident İlham Əliyevin təbirincə desək, üç təmələ – düşünülmüş siyasətə, düzgün aparılan islahatlara, ölkənin gələcəyi ilə bağlı mükəmməl proqramlara söykənir.

Faktlara istinad etdikdə yeni inkişaf strategiyasının uğurlu nəticələrini altı ayın hesabatında aydın şəkildə görə bilərik: iqtisadiyyata 6,3 milyard dollar sərmayə qoyulub, qeyri-neft sənayesi 2,4 faiz, kənd təsərrüfatı 3,1 faiz artıb. Yoxlamalar 714 dəfə azalaraq 40 mindən 58-ə düşüb, 78 min daimi olmaqla 90 min iş yeri  açılıb, gömrükdən daxil olmalar 17 faiz, vergidən isə 2 faiz artıb, 100 mindən çox ailəyə sosial yardım ayrılıb…

«Böhran şəraitində inkişaf» strategiyası ilə bağlı tədbirlər bilavasitə ölkə başçısının nəzarəti, diqqəti və yaranmış vəziyyətlə əlaqədar müdaxiləsi, müsbət təşəbbüslərin dəstəklənməsi şəraitində gerçəkləşir. Bir çox məsələlər cənab prezidentin bölgələrə etdiyi səfərlər zamanı yerli sakinlərlə, ictimaiyyətin fəalları ilə görüşlərdə müzakirə olunur. Elə sentyabr ayının əvvəllərində Respublika Prezidenti cənab İlham Əliyevin cənub bölgəsinə səfərində də əsas məqsəd sözügedən inkişaf strategiyasının regionlarda həyata keçirilməsinin vəziyyətini yerində öyrənməkdən ibarət idi.

Bu səfəri fərqləndirən mühüm məqam budur ki, dövlət başçısı sadə təsərrüfat adamları ilə görüşüb, onlara sadə dildə, anlaşıqlı şəkildə respublikada həyata keçirilən iqtisadi kursun mahiyyətini izah etdi. Belə görüş və təmaslar indiki böhranlı dövrdə çox mühüm əhəmiyyət kəsb etməklə, hər bir əməkçinin daxilə inamını, işə həvəsini artırır. İqtisadi inkişafın yeni mərhələsində aqrar bölmənin daxili strukturunda taxılçılıqla yanaşı, artıq pambıqçılıq, çayçılıq, üzümçülük, baramaçılıq və tütünçülüyün prioritet istiqamətlər seçilməsi və həmin sahələrin inkişaf etdirilməsi nəticəsində yüz minlərlə insanın maddi durumunun və rifah halının yaxşılaşması perspektivlərinin ölkə başçısı tərəfindən dilə gətirilməsi xüsusi məna daşıyır. Göstərilən sahələr üzrə Azərbaycanda həm zəngin təcrübə, həm də zəruri potensial vardır. Vaxtilə ittifaq miqyasında göstərilən sahələr üzrə ilk yerləri tutan, yaxşı gəlir gətirən əkinçilik ənənələrinin yenidən dirçəldilməsinə sevinməyən az adam tapılar. Ən ürəkaçan məqam isə bu sahələrdə çalışan təsərrüfatçılara prezidentin şəxsində böyük dövlət dəstəyinin göstərilməsidir.

Bu baxımdan cənab Prezident İlham Əliyevin Salyanın Kürsəngi kəndində pambıq sahəsində keçirdiyi görüş rəmzi məna daşıyır. Uzun illər şorlaşmış torpaq kimi istifadəsiz qalan ərazi ölkə başçısının qayğı və dəstəyi nəticəsində əkin dövriyyəsinə verildi və bu gün göz oxşayır, barlı-bərəkətli tarlaya çevrildi. Kürsəngidəki pambıq sahələrinin timsalında digər bölgələrdə də salınmış sahələrdən əldə olunan milyonlarla manat gəlir, orada iş tapan minlərlə vətəndaş böhranlı illərdə, çətin iqtisadi şəraitdə dövlətin, onun başçısının yanında olduğunu görəndə qürur hissləri keçirir, sabaha ümidləri artır, bütün çətinliklərin sovuşub gedəcəyinə əminlik yaranır. Prezidentin Kürsəngidə tarlada ilk pambıq qozasını özünün dərməsi, sanki bütün ölkəyə, hər bir əmək adamına ünvanlanan səfərbərlik çağırışı idi. Prezidentin cənub bölgəsinə səfərinin bir neçə incə məqamları vardır.

Həmin məqamlardan biri bundan ibarətdir ki, Masallı, Biləsuvar və Salyan sakinləri ilə görüşüb ünsiyyətdə olan dövlət başçısı ölkənin qarşısında duran sosial-iqtisadi inkişaf konsepsiyasının əsas istiqamətləri haqqında hesabat xarakterli məlumat verdi, bölgələrdə son aylar həyata keçirilən təd­birlərin ilkin nəticələrindən və qarşıda duran hədəflərdən söhbət açdı. İkinci məqam budur ki, prezident hər bir zəhmət adamını nikbin olmağa, torpağa sahiblik hissini artırmağa çağırdı və xüsusi olaraq vurğuladı ki, bütün uğur­ların rəhni yaxşı işləməkdən, əzmkarlıqdan, işgüzarlıqdan keçər və bu da sonucda bol və keyfiyyətli, eyni zamanda, rəqabətədavamlı məhsul yetişdir­mək­də, yüksək məhsuldarlığa nail olmaqda özünü göstərir. Nəhayət, dövlət başçısı qarşıda duran vəzifələrin həyata keçirilməsində yerli icra hakimiyyəti orqanlarının məsuliyyətini xatırladaraq, onları hər bir problemlərinin həllinə yardımçı olmağa, mərkəzi hakimiyyətin dəstəyi olmadan zəruri infrastruktur tədbirləri həyata keçirməyə, təşəbbüskar və axtarışda olmağa çağırdı. Cənab prezident icra hakimiyyəti orqanlarının qarşısına ciddi tələblər qoyaraq dedi: «Yerli icra orqanları çalışmalıdırlar ki, öz rayonlarına yerli və xarici özəl sərmayə gətirsinlər. Xaricə getmək, orada investorları inandırmaq lazımdır ki, sərmayə qoysunlar. Azərbaycanda kifayət qədər böyük şirkətlər, firmalar var. Onları maraqlandırmaq lazımdır. İndi yerli icra hakimiyyəti orqanlarının işi bundan ibarətdir».

Bəli, indi hər bir icra hakimiyyəti başçısı yaxşı dərk edir ki, artıq ölkəmiz yeni iqtisadi-siyasi mərhələyə qədəm qoyub, öz fəaliyyətini yeni tələb və çağırışlara adekvat formatda qurmalı, bu və ya digər məsələnin həllində düzgün və operativ qərarlar qəbul etməli, vətəndaşların təşəbbüslərinə, rəy və təkliflərinə çevik münasibət bəsləməli, qaldırılan məsələlərə əməli işlə cavab verməli, yerli və beynəlxalq şirkətlərlə təmas və əlaqələr qurmalı, bütün situasiyalarda manevrlər etməyi bacarmalıdırlar.

İndi zaman yeni çağırış və tələblərə hazır olmağı diktə edir. Təsərrüfat idarəçiliyi metodları köklü şəkildə dəyişməlidir. Azərbaycan qlobal aləmə inteqrasiya yolunu seçən sivil ölkədir. Beynəlxalq iqtisadi və ticarət sistemində baş verən mənfi tendensiyalardan sığorta olunmaq, risklərə və təhdidlərə, kataklizmlərə qarşı qabaqlayıcı tədbirlər həyata keçirmək dövlət və özəl qurumlarda çalışan hər bir vətəndaşın borcudur.

Bölgələrimizin iqtisadi yüksəlişini özündə ehtiva edən islahatların təmə­lin­də, kökündə yerli icra orqanlarının fəallığı, əzmkarlığı və təşəbbüs­karlığı dayanır. İndi hər bir rayonun, kəndin, qəsəbənin başçısı, icra nümayəndəsi, həm də yaxşı təsərrüfatçı, fəal iş adamı, işgüzar fermer, bacarıqlı menecer olmalıdır. Təsərrüfatlarda ixtisaslaşma aparılmalı, istehsal oluna­caq məhsulun həcmi, qablaşdırılması, markalanması, bazarlara çıxarılması konkret marke­tinq sxemi əsasında aparılmalıdır. Hər bir təsərrüfat subyekti bilməlidir ki, nə istehsal edəcək və hansı qiymətə satacaq.

Bunun üçün bölgələrdə müasir standartlara uyğun ticarət mərkəzləri, birjalar, topdansatış məntəqələri yaradılmalıdır. Hər bir məhsulun mövsüm ərzində satınalma qiyməti müəyyən olunmalıdır. Bir araşdırmaçı jurnalist kimi, bölgələrə səfər zamanı fərqli mənzərənin şahidi oluram. Qərb bölgəsində Şəmkir rayonu, cənub bölgəsində Cəlilabad rayonu tərəvəzçilik, kartofçuluq, giləmeyvə və istixana təsərrüfatları üzrə ixtisaslaşmış və həmin sahələr üzrə kifayət qədər ixrac potensialı olan rayonlardır. Mərkəzi aran rayonlarında pambıqçılıq üzrə ixtisaslaşma gedir. Digər rayonlarda ixtisaslaşma çox zəifdir. Yuxarıda adı çəkilən rayonların ixrac potensialı ildən-ilə yenilənir. Xüsusilə, Rusiya Federasiyasının ayrı-ayrı subyektləri ilə sıx əməkdaşlıq əlaqələri qurulub. Lakin həmin rayonlarda da məhsulun uzun müddət saxlanılması üçün soyuducu terminallar azdır. Mövsüm zamanı minlərlə ton məhsul zay olub atılır. Çox böyük həcmdə kartof istehsal edən bir ölkədə payızın son aylarından etibarən məhsul İrandan, Rusiyadan və digər ölkələrdən idxal olunur. Ölkədə həyata keçirilən islahat proqramları məhz bu problemlərin köklü şəkildə həllinə yönəldilib. Hazırda yüksək templə gerçəkləşməkdə olan kompleks tədbirlər nəticəsində çox qısa zamanda biz bunun uğurlu nəticələrini görə biləcəyik. Bununla da dövlətimiz daha da güclənəcək, hər bir əmək adamının üzü güləcək, hər bir Azərbaycan vətəndaşının rifah halı yaxşılaşacaq.

 

Zülfü İLYASOV,

«İqtisadiyyat» qəzetinin bölgə müxbiri