Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

RƏQABƏT QABİLİYYƏTLİLİYİN MÜASİRLƏŞƏN FORMASI:

İNTERNET-REKLAM

     Məqalədə sahibkarlığın təşviq siyasətinin müasir mexanizmlərindən biri - internet-reklam və onun səmərəliliyindən bəhs edilmişdir.

 


Müasir informasiya texnologiyalarının genişlənmiş imkanlarından faydalanmaqla ticari uğur qazanmaq, rəqabət qabiliyyətli mövqeyini yüksəltmək istəyən sahibkarlar yeni innovativ təşviq yollarının axtarılmasına, tətbiq edilməsinə can atır və onların sayı getdikcə artmaqda davam edir. Heç sübhəsiz ki, burada sahibkarın əsas marağı maksimum fayda əldə edilməsidir. Təbii olaraq, belə bir sual yaranır ki, internet-reklamın səmərəliliyini necə müəyyən etməli?


 

Hələ, 70-ci illərdən etibarən genişlənən beynəlxalq ticari əməkdaşlıqlar, 90-cı illərin ortalarından başlayaraq, informasiya-texnologiyalarının müasirləşərək sürətli inkişafı, informasiyanın əldə olunmasının (əlyetərliliyin) yüksəlməsi, simsiz rabitə texnologiyalarının genişlənməsi, eləcə də dünyanın coğrafi-iqtisadi xəritəsində dəyişikliklər, yeni bazarlar və istehlakçı qrupların meydana gəlməsi və s. qloballaşmanın sonuncu mərhələsini xarakterizə edən əsas səbəblər olmaqla yanaşı, iqtisadi maraqların təmin olunması, yüksək gəlirlərin əldə edilməsi üçün yeni platformalar yaratmış oldu.  

Başqa sözlə desək, qlobal rəqabət qabiliyyətliliyə nail olunması, dünya bazarlarının inkişafının müasir tendensiyaları ticari maraqların təmin edilməsində innovativ yanaşmaların intensiv inkişafına şərait yaratdı. Qısacası, bütün sadaladıqlarımız öz növbəsində İnternetdən geniş istifadəyə, İnternetin bir reklam vasitəsi kimi inkişafına təkan vermişdir. Sadə bir fakta nəzər yetirsək, görərik ki, “Internet World Stats”ın 2016-cı ilin iyun ayında yayımlanan məlumatına əsasən, dünya əhalisinin 3.611.375.813 nəfəri (49,2%), Azərbaycanda isə 2015-ci ildə internet istifadəçilərinin sayı 6.027.647 nəfər (61%), 2010-cu ildə 3.689.000 nəfər (44.4%) təşkil etmişdir.

Getdikcə artmaqda davam edən çoxmilyonlu istifadəçi potensialı ilə internetin qlobal informasiya və ünsiyyət sahəsi olması fəaliyyətində ənənəvi üsulları tətbiq edən ixtiyari sahibkarın diqqətini cəlb etməkdədir. Lakin sahibkar diqqət etməlidir ki, bu ünsiyyət platformasında təmsil olunmaq  sadəcə öz mal və xidmətləri haqqında danışmaqla, üstünlüklərini göstərməyə çalışmaqla təmsil olunduğu internet səhifəyə malik olmaq demək deyildir.

 Müasir reklam texnologiyalarının tətbiqi bundan çox daha fərqli və məqsədyönlü strateji bir xəttin izlənilməsidir.

 İnternet-reklam (ingilis dilində: Internetadvertising, Onlineadvertising) qrafik və mətn kimi reklam materiallarından, həmçinin İnternetdən istifadə etməklə istehlakçıların məlumatlandırılması vasitəsidir. İnternet-reklamın növlərinə elektron-poçt (e-mail) marketinq, axtarış marketinqi, sosial-media marketinqi, müxtəlif formalı media reklamları (o cümlədən, baner-reklamları) və mobil reklam daxildir.

İnternet-reklamın ənənəvi (tele, çap və radio) reklamdan fərqinə gəldikdə isə burada əsas fərq ənənəvi reklamın internet-reklamdan daha bahalı olması; ənənəvi reklamda internet-reklamla müqayisədə hədəf auditoriyanın sosial-demoqrafik göstəricilərinin müəyyən edilməsinin mümkün olmaması və eləcə də internet-reklamın, demək olar ki, böyük dəqiqliklə neçə dəfə dinlənildiyinə və yaxud oxunduğuna dair statistikanın izlənilməsi imkanı göstərilir. Daha bir fərq ondan ibarətdir ki, internet-reklamda yenilənmə, analiz, redaktə etmə kimi imkanlar digərinə nisbətən hər an əlyetəndir ki, bu da reklam-kompaniyasının optimallaşdırılmasına imkan yaradır. Həmçinin, internet-reklam üzrə statistikanın qurulması və izlənilə bilməsi daha sonradan həmin reklamın səmərəliliyinin müəyyən edilməsinə əsas vermiş olur.

 İnternet-reklam bazarı. Getdikcə artan tələbatla internet-reklam bazarı müasir və yüksək maraq doğuran qaçılmaz biznes sahələrindən biridir.

Misal olaraq, aparılan tədqiqatlara əsasən hazırda Rusiyanın internet-reklam bazarının ümumilikdə Mərkəzi və Şərqi Avropada ən böyük bazar olduğu qeyd edilmişdir. Belə ki, 2015-ci ildə internet-reklamından əldə edilən gəlirlər 1,7 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da 2014-cü il üzrə nəticədən 19,8% çoxdur. İllik artım orta qiymətlərlə 16,2% olduğu halda, yaxın beş ildə - 2020-ci ilədək bu gəlirin 3,66 milyard ABŞ dolları təşkil edəcəyi proqrnozlaşdırılır.

Azərbaycanda internet-reklam bazarının cari vəziyyətinin öyrənilməsinə gəldikdə hazırda inkişaf dövrünü yaşayan internet-reklam bazarının 90 faiz potensialından istifadə olunmadığı qeyd edilir. Bununla belə mütəxəssislərin qənatində 2014-cü ildə internet-reklamın həcminin bir-neçə milyon manat civarında olduğu iddia olunur. Ümumilikdə, bazarın ləng inkişafı internet-reklamın tam başa düşülməməsi, qeyri-operativ iş tərzi, reklamın məhz bu növünə inamın yüksək olmaması, daha doğrusu, hələ yenicə formalaşmaqda olması, peşəkar kadr potensialında çatışmazlıq, qiymət siyasətinin aparılmasındakı boşluqlar göstərilmişdir.

 İnternet-reklamın xüsusiyyətləri. İxtiyari kütləvi informasiya vasitəsi kimi qlobal bazarın təmsilçisi olan internet-reklamın özünəməxsus xüsusiyyətləri vardır.

Onlardan əhəmiyyətli olanlarını nəzərdən keçirək:

(i) qarşılıqlı əlaqəlilik (interaktivlik): yuxarıda qeyd etdiyimiz kimi, bu gün İnternet potensial istehlakçıların (alıcıların) diqqətinin cəlb edilməsi üçün kifayət qədər fəal və cəlbedici mühitdir. Burada ixtiyari internet istifadəçisi digər media vasitələrində olduğu kimi nəinki oxuyaraq, eləcə də izləyərək məlumat alır, lakin istifadəçi dərhal onu maraqlandıran sualları qarşı tərəfə ünvanlaya və demək olar ki, günün əksər saatlarında həmin sorğulara operativ cavab ala bilir. Bu da internet və reklamı digər ənənəvi reklamlardan fərqləndirir;

(ii) auditoriya: İnternet istifadəçilərinin sayının yüksəlməsi nə qədər sevindirici hal olsa da, hətta ümid vəd etsə də, bəzən bu ümid özünü gözlənildiyi qədər doğrulda bilmir. Belə ki, hər nə qədər internet məkanı geniş və əlverişli imkanlar yaratmış olsa da, inkişaf etməkdə olan ölkələrdə internet infrasturukturunun kifayət qədər inkişaf etmədiyi, ölkənin paytaxt və əsas sənaye şəhərlərindən kənar hissələrində yaşayan əhalisinin internet istifadəsinin zəif və yaxud heç olmaması potensial çəkiyə malik auditoriyaya əlyetərliliyin zəif olması ciddi problem olaraq qalır;

(iii) hədəf müəyyənləşdirmə (seçimi): əgər auditoriyanız internetə çıxışla təmin olunmuş, internet vasitəsilə (online) ödəniş vasitələrindən geniş istifadə edən insanlar toplusudursa, elə isə hədəfinizi müəyyənləşdirmisinizmi?

Burada hədəflər birbaşa və dolayı olaraq iki qrupa ayrılır. Qeyd etdiyimiz kimi, internet-reklamın əsas xüsusiyyətlərindən biri də məhz internetdən istifadə eməklə hədəf auditoriyanın dəqiqliklə seçilməsindəki mühüm roldur.

Birbaşa auditoriya adından da göründüyü kimi, əsas hədəf auditoriyanız, dolayı auditoriya isə təklif edilən mal və xidmətlərin əsas auditoriyaya çatdırılmasında yardımçı ola biləcək insanlar qrupudur.

İnternetdə reklamın digər əsas kriteriyalarından biri də burada hədəf kütlənin bu və ya digər xüsusiyyətlərinin, irad və təkliflərinin və s. nüansların internet üzərindən (online) sorğular vasitəsilə öyrənilə bilməsidir;

(iv) ölçülə bilmə: internet-reklamın səmərəliliyinin ölçülməsi məqsədilə hədəf kütlənin davranışının tədqiqində internet digər media vasitələrilə müqayisədə əhəmiyyətli üstünlüyə malikdir.

Ənənəvi reklamda istehlakçıların (alıcıların) rəyinin öyrənilməsi üçün fiziki sorğular keçirilərək, əgər söhbət satışdan gedərsə, bunun üçün satışdan əldə olunan gəlirlərin artım tempi izlənilərək, nəhayətində, bu və ya digər reklam-aksiyasının səmərərliliyinə dair fikir irəli sürülürdü.

Lakin internet məkanında reklama gəldikdə burada istehlakçıların (alıcıların) məhz hansı reklama maraq göstərməsi daha dəqiqliklə müəyyən edilə bilir. Bununla yanaşı, internetdə reklamın səmərəliliyinin öyrənilməsi üçün daha əlverişli və dəqiq alətlər mövcuddur (oxucularımıza bu barədə növbəti yazıda daha ərtaflı məlumat veriləcəkdir)

  Perspektiv. Media mütəxəssislərinin qənatincə, ümumilikdə internet-reklam bazarı ölkənin iqtisadiyyatı ilə sıx şəkildə bağlıdır və bu sahədə növbəti illərdə gözlənilən uğur əsasən nə kimi iqtisadi siyasətin yürüdülməsindən çox asılıdır.

Bununla belə, internet-reklamın (i) imicin formalaşdırılması və genişləndirilməsi və (ii) satışın reallaşdırılması və stimullaşdırılması kimi iki əsas rolunu; reklamın daima ticarətin hərəkətverici alətlərindən biri olduğunu; həmçinin  internetin bütünlükdə biznesin inkişafı və iqtisadiyyat üçün əlverişli, münbit zəmin olduğunu nəzərə alsaq, internet-reklamı növbəti illərdə də perspektiv inkişafın gözlədiyi qənaətinə varmaq olar.

İnnovativ yanaşmalarla yeni həllərin tətbiqində sərhəd tanımayan biznes mühitinin tələblərindən irəli gələrək mövcud reklam vasitələri dəyişərək, daha səmərəli vasitələrlə əvəz oluna bilər, lakin tələbat öz aktuallığını mütləq mənada qorumaqda davam edəcəkdir.

 (davamı var)

  Aynurə İSMAYILOVA,

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliy

 İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu,

Marketinq və koordinasiya şöbəsinin müdiri