Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Rio-da tarix yazan AZƏRBAYCAN!

 

 İlham Əliyev: “Azərbaycan idmanının inkişafı ümumi inkişafımızın təzahürüdür”

 

“Azərbaycan idman dövlətidir. Bunu bütün dünya, idman ictimaiyyəti qəbul edir, bilir. Azərbaycanda idmanla, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Məhz bu siyasət nəticəsində biz bu gün bu uğurlar haqqında danışa bilərik. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Bu gün idmançılara cəmiyyətdə çox böyük hörmət var. İdmançılar cəmiyyətdə layiqli yer tutublar. İdmanla məşğul olmaq istəyənlərin sayı getdikcə artır. Bunun əsas səbəbi idmançılarımızın uğurlarıdır və idmançılara göstərilən dövlət qayğısıdır. İdmançıların bütün problemləri öz həllini tapır. Artıq 20 ilə yaxındır ki, hər il ənənəvi olaraq idmançılara, idman mütəxəssislərinə, veteranlara dövlət tərəfindən mənzillər (hər il 20-30 mənzil) verilir.

 Azərbaycanda idman infrastrukturu yaradılır. Son illər ərzində bölgələrdə 40-dan çox Olimpiya idman mərkəzi yaradılmışdır, tikilmişdir. Bakıda isə idman infrastrukturu ən yüksək səviyyədədir. Təkcə son bir-iki il ərzində bir neçə gözəl, möhtəşəm idman obyekti istifadəyə verilmişdir – Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Beynəlxalq Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı. Bu idman obyektləri, eyni zamanda, gözəl memarlıq əsərləridir. Bu binalar, bu qurğular Bakını daha da gözəlləşdirir. Bu idman obyektlərinin ətrafında böyük abadlıq, təmizlik işləri aparılmışdır.

 Bu gün Azərbaycan inkişaf edən ölkədir. Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır. Biz öz hesabımıza yaşayırıq. Dünyada baş verən böhranlara baxmayaraq, inkişaf yolumuzla gedirik. Həm 2008-2009-cu illərin, həm də 2015-2016-cı illərin böhranı bizim işimizə o qədər də böyük təsir etməyib. Nəyə görə? Çünki xalqla iqtidar vəhdət təşkil edir. Ona görə ki, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Ona görə ki, biz öz hesabımıza yaşayırıq, iqtisadi və siyasi cəhətdən müstəqilik, müstəqil siyasət aparırıq. Bu, ləyaqətli, Azərbaycan xalqının maraqlarına əsaslanan siyasətdir və bütün dünyaya açığıq. Ona görə bizim dünyadakı dostlarımızın sayı artır. Bizə olan hörmət də artır. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı da artır.

 Biz öz yolumuzla gedirik. İdman uğurları ölkəmizin uğurlarının tərkib hissəsidir. Ancaq güclü dövlətlərdə güclü idman var. Olimpiya Oyunlarının nəticələrinə baxın. Birinci yerdə olan komandaların böyük əksəriyyəti inkişaf etmiş ölkələrin komandalarıdır. Yəni, idmanı ümumi inkişafdan ayırmaq olmaz. Ona görə  Azərbaycan idmanının inkişafı ümumi inkişafımızın təzahürüdür. Əgər bizdə iqtisadi, maliyyə müstəqilliyi olmasaydı və biz iqtisadi cəhətdən inkişaf etməsəydik, idmanın inkişafına istədiyimiz səviyyədə vəsait qoya bilməzdik. Amma bu gün bir daha demək istəyirəm ki, Azərbaycan inamla, uğurla inkişaf edir, 2016-cı ildə də qarşıda duran bütün vəzifələr icra edilir. Azərbaycan bölgədə təhlükəsizlik, sabitlik və inkişaf məkanıdır. Əminəm ki, bizim rolumuz həm bölgədə, həm dünyada getdikcə artacaq.

 Rio-da tarix yazan AZƏRBAYCAN!

 18 medal, himnimizi səsləndirən Radik və qızıldan dəyərli zəng...

 Olimpiya Oyunları planetin ən mühüm ictimai tədbiri və 4 ildən bir keçirilən ən böyük beynəlxalq idman yarışıdır. Sevindirici haldır ki, bu böyük idman festivalında Azərbaycanın da üçrəngli bayrağı dalğalanır. İdmançılarımız Azərbaycan müstəqillik qazanandan sonra iştirak etdiyi olimpiadalarda daim uğurdan-uğura addımlayıb. Ölkəmizin müstəqil dövlət kimi 1996-cı ildə ilk dəfə qatıldığı Yay Olimpiya Oyunlarından bu günədək medal sayında artım müşahidə olunur. Xronologiyanı diqqətə çatdırırıq:

 “Atlanta-1996” Yay Olimpiya Oyunları – 1 medal (0-1 gümüş-0)

“Sidney-2000” Yay Olimpiya Oyunları – 3 medal (2 qızıl-0-1 bürünc)

“Afina-2004” Yay Olimpiya Oyunları – 5 medal (1-0-4)

“Pekin-2008” Yay Olimpiya Oyunları – 7 medal (1-2-4)

“London-2012” Yay Olimpiya Oyunları – 10 medal (2-2-6)

“Rio-2016” Yay Olimpiya Oyunları – 18 medal (1-7-10).

 Bu uğurların əsasında Azərbaycanda idmana göstərilən dövlət qayğısı durur. Ölkəmizdə idman infrastrukturunun möhkəmləndirilməsi, yeni Olimpiya İdman komplekslərinin inşa olunması, idmançıların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına imkan yaradıb. Həmçinin, irimiqyaslı idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edən respublikamız həmişə beynəlxalq idman qurumlarının diqqət mərkəzində olub. Yüksək təşkilatçılıq bacarığı ilə seçilən ölkəmiz ötən il ilk Avropa Oyunlarını müvəffəqiyyətlə keçirərək dünyanın diqqətini Bakıya yönəltməyi bacardı. Ölkəmizdə cari ildə “Formula-1” Avropa Qran-prisi də yüksək səviyyədə təşkil olundu. Gələn il isə paytaxtımız IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Ancaq hələ Rio-2016 Yay Olimpiya Oyunlarının təəssüratları bitməyib. Bu tarixi zəfər yolu necə başladı? Gəlin, lap əvvəldən başlayaq.

 İlham Əliyevin xeyir-duası

 İyulun 18-də Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev də mərasimdə iştirak etdi və idmançılarımıza öz xeyir-duasını verdi. Həmişə idmançıların yanında olduğunu göstərən dövlət başçımız yolasalma mərasimində geniş nitq də söylədi. Onun son sözləri isə hər bir idmançı üçün yüksək motivasiya mənbəyi sayıla bilər: “İdman yarışı bir sınaqdır. İdman yarışında qələbə də olur, məğlubiyyət də. Heç kim məğlubiyyətdən sığortalanmayıb. Əsas odur, həmişə yadda saxlayasınız ki, bütün Azərbaycan xalqı sizin qələbələrinizi gözləyir. Sizə uğurlar arzulayır və əmindir ki, siz vətəni ləyaqətlə təmsil edəcəksiniz, Azərbaycana böyük qələbə ilə qayıdacaqsınız”.

 Elə bu əhval-ruhiyyə ilə də millimiz avqustun 2-də Heydər Əliyev adına Beynəlxalq hava limanından təmtəraqla yola salındı. Yolasalma mərasimində ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, idmansevərlər, KİV-in nümayəndələri iştirak etdilər.

 Avqustun 3-də Rio-de-Janeyrodakı Olimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirildi. Mərasimdə Azərbaycan nümayəndə heyətinin üzvləri, idmançılarımız, XXXI Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin təmsilçiləri iştirak etdi.

 Əvvəlkilərdən fərqli Olimpiada

 Avqustun 5-dən 21-dək dünyanın diqqəti Braziliyanın Rio-de-Janeyro şəhərinə yönəldi. Əsrarəngiz təbiət, görməli yerləri ilə seçilən məkan bu dəfə öz qapılarını dünyanın ən məşhur idmançılarına açdı. Dörd illiyin zirvə yarışı olan Olimpiya Oyunlarına ev sahibliyi edən Rio-de-Janeyro 207 ölkədən 11 min idmançıya qucaq açdı. 87 ölkənin idmançılarının medal qazandığı yarışda Azərbaycan komandası Vətənə 18 medalla qayıtdı. Komandamız 1 qızıl, 7 gümüş və 10 bürünc medalla mötəbər yarışı 39-cu pillədə başa vurdu.

 XXXI Yay Olimpiya Oyunlarının təşkilatçılığını yüksək qiymətləndirmək olar. Düzdür, başlanğıcda bəzi xoşagəlməz hadisələr yaşansa da, ölkənin hüquq-mühafizə orqanları vaxtında müdaxilə edərək təhlükəsizliyi təmin etdi. Dostluq rəmzi sayılan Olimpiya Oyunlarında bütün yarışların, mübarizələrin dostluq ab-havasında getdiyini söyləyə bilərik.

 Rio-2016 bir sıra özünəməxsus cəhətləri ilə əvvəlki olimpiadalardan seçildi. Belə ki, bu, Cənubi Amerikada keçirilən ilk Olimpiya Oyunları oldu. Rio-de-Janeyronun dörd rayonunda - Deodoro, Barra, Kopakabana və Marakanada 17 gün davam edən Olimpiadada 306 yarış keçirildi və ümumilikdə 2102 medal sahibini tapdı. Rioda rekord sayda - 206 ölkədən 11 mindən çox idmançı mübarizə apardı. İştirakçılar arasında 206 ölkədən başqa, Olimpiya qaçqın idmançılar komandası da var idi. Olimpiya bayrağı altında mübarizə aparan bu komandanın tərkibində 10 idmançı yer aldı. Onlardan 5-i Cənubi Sudandan, 2-si Suriyadan, 2-si Kongo Demokratik Respublikasından, 1-i isə Efiopiyadan idi. Olimpiadaya ən çox idmançı ilə qatılan ABŞ dördilliyin zirvə yarışına 554 idmançı ilə qoşulmuşdu. Okeaniya ölkəsi olan Tuvalu isə Olimpiadaya cəmi bir idmançı – 100 metr məsafəyə qaçış yarışında mübarizə aparan atlet Etimoni Timuani ilə qatıldı. Kosovo və Cənubi Sudan isə Olimpiadada ilk dəfə çıxış etdi. XXXI Yay Olimpiya Oyunlarında atletlər idmanın 39 növü üzrə mübarizə apardılar. Qolf 112, reqbi isə 92 illik fasilədən sonra yenidən Olimpiya Oyunlarının proqramına salındı. Bütün yarışlar 37 arenada təşkil olundu.

 Azərbaycan üçün uğurlu Olimpiada

 Ölkə prezidenti İlham Əliyevin xeyir-duasıyla yola düşən Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatıldı. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olundu. Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı oldu. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks yarışlarında olmaqla 3 hakimlə də təmsil olundu.

 17 günlük Olimpiya həyəcanından sonra qürurla deyə bilərik ki, XXXI Yay Olimpiya Oyunları Azərbaycan üçün uğurlu oldu. Rio-2016-da Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanmaqla, medal sayı baxımından London-2012-də göstərdiyi nəticəni yaxşılaşdırdı. Ötən Olimpiadada millimiz 10 medala (2 qızıl, 2 gümüş, 6 bürünc) sevinmişdi.

 Komandamıza yeganə qızıl medalı taekvondoçu Radik İsayev qazandırdı. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rüstəm Orucov və Elmar Qasımov, qadın güləşçimiz Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində uduzaraq gümüş medala sahib oldular. Taekvondo yarışlarında Milad Beiqi Harçeqani və Patimat Abakarova, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov, avarçəkən İnna Osipenko-Radomskaya isə bürünc medalla kifayətləndilər. Medal sıralamasında Azərbaycan 39-cu oldu.

 Taekvondoçularımızın zəfəri

 Rioda komanda olaraq ən yaxşı nəticəni taekvondoçularımız göstərdi. Mötəbər yarışa 4 idmançı ilə yollanan millimiz 3 medal qazandı. Radik İsayevin liderlik etdiyi yığmamız bir çox ilklərə imza atdı. Azərbaycana bu Olimpiadada ilk və yeganə qızıl medalı da məhz taekvondoçu qazandırdı.

İdmançılarımız sübut etdi ki, taekvondo çempionları yalnız bu döyüş növünün vətənində yaşamır. Koreya Respublikası 2 qızıl və 3 bürünc medalla taekvondodakı üstünlüyünü Rio-2016-da da göstərsə də, azərbaycanlı taekvondoçular 1 qızıl, 2 bürünc medal əldə etdilər. Bu nəticə ilə Rio Olimpiadasında dördüncü yeri qazanan Azərbaycanın taekvondo üzrə yığma komandası MDB ölkələri arasında birinci, Avropada ikinci sırada qərarlaşdı. Millimiz yalnız Koreya Respublikası, Çin və Böyük Britaniyadan geri qaldı. Tarixində ilk dəfə Olimpiya Oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi Rio-2016-da ən yaxşı yığmalardan biri oldu.

 Xatırladaq ki, taekvondo yarışlarında 64-ü kişi və 64-ü qadın olmaqla, ümumilikdə, 64 ölkədən 128 idmançı 8 çəki dərəcəsində mübarizə apardı.

 Qızıldan dəyərli ZƏNG

 Komandamızın bu uğuruna hamıdan çox sevinən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Rio-de-Janeyro Olimpiadasında qızıl medala layiq görülmüş taekvondoçumuz Radik İsayevə telefonla zəng etdi və təbriklərini çatdırdı.

 Dövlət başçısı qeyd etdi ki, Radik İsayev əvvəllər də taekvondo üzrə öz çəki dərəcəsində dünyada ən güclü idmançı olduğunu sübut edib. O, həm dünya çempionatında qələbə qazanıb, indi də Olimpiya çempionu adına layiq görülüb. Prezident İlham Əliyev idmançımızı səmimi qəlbdən təbrik edib, ona yeni-yeni uğurlar və qələbələr arzu edib. Dövlət başçısı onun təbriklərini idmançının məşqçisinə də çatdırmağı xahiş edib.

 Radik İsayev təbriklərə görə dərin təşəkkürünü bildirib. Qeyd edib ki, bu qələbəni prezident İlham Əliyevin Azərbaycanda idmana göstərdiyi böyük diqqət və qayğı nəticəsində əldə etmək mümkün olub.

  Güləşdə 9 medal qazandıq

 Braziliyaya 14 idmançı ilə yollanan güləş yığması isə qızıla həsrət qalarkən, müxtəlif əyarlı 9 medal sevinci yaşadı. Toğrul Əsgərov (66 kq) və Xetaq Qazyumov (97 kq) yalnız finalda uduzaraq, gümüş medalla kifayətləndilər. Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (85 kq) da bir yenilgi ilə fəxri kürsünün 3-cü pilləsinə qalxdı. Mükafatsız qalan yeganə təmsilçimiz isə ilk görüşündə uduzan Camaləddin Məhəmmədov (125 kq) oldu. Yunan-Roma və qadın güləşinin hərəsində 2 medal qazandığımızı da nəzərə alsaq, ümumilikdə bu idman növündə 9 idmançımız fəxri kürsüyə qalxdı. Bu, say baxımından Olimpiadanın ən yüksək göstəricisi oldu. Bu da ümumilikdə Azərbaycan idmanına göstərilən qayğının nəticəsidir.

Statistikaya nəzər salsaq görərik ki, güləşçilərimizin 4 illiyin zirvə yarışında qazandıqları medalların sayında hər dəfə artım müşahidə olunur. Bu dəfə yeganə çatışmayan qızıl medal oldu. İnanırıq ki, gələcəkdə güləşçilərimiz daha böyük əzmkarlıq nümayiş etdirərək, qazanılan medalların keyfiyyətinin daha da yaxşılaşdırılması üçün əllərindən gələni edəcək, həmişə olduğu kimi bayrağımızı yüksəldəcək, himnimizi səsləndirəcəklər.

 Cüdonun gümüş dövrü

 Rio-2016-da cüdoçular 7 gün ərzində 14 dəst medalın sahibini müəyyənləşdirdilər. Yarışa 6 kişi cüdoçu ilə qatılan Azərbaycan millisi Olimpiadada 2 gümüş medal əldə etdi. Rüstəm Orucov 73, Elmar Qasımov 100 kq çəki dərəcəsində finaladək irəliləyib və yalnız həlledici qarşılaşmada uduzublar.

 Avarçəkənlərin uğurlu debütü

 Rio Olimpiadası Azərbaycan avarçəkənləri üçün də uğurlu olub. Valentin Demyanenko birnəfərlik kanoe qayığında 200 metr məsafədə gümüş, İnna Osipenko-Radomskaya birnəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. Azərbaycan ilk dəfə Olimpiya Oyunlarında avarçəkmə növündə medal qazanaraq idman tariximizdə yeni səhifə açıb.

 Boksda ilk finalımız

 Boks yarışlarında da ilk dəfə Olimpiadada final döyüşü keçirdik. Lorenzo Sotomayor gümüş medal qazanmaqla daha bir ilkə imza atdı. Ümumilikdə isə boksçularımız iki dəfə fəxri kürsüyə çıxmağı bacardılar. 75 kq çəkidə yarışan Kamran Şahsuvarlı da bürünc medal qazandı. Azərbaycan boks millisi Rio-2016-da final həyəcanı yaşayan 12 ölkədən biri oldu. Belə ki, 13 medal dəsti uğrunda mübarizə aparan 11 boksçumuzdan Lorenzo Sotomayor (64 kq) həlledici qarşılaşmada qüvvəsini sınadı. Bununla, boks tariximizə ilk və hələlik yeganə finalçı kimi düşən idmançımız özbəkistanlı rəqibinə uduzsa da, gümüş mükafata layiq görüldü. Kolumbiya ilə eyni göstəriciyə malik ölkəmiz Avropada dördüncüdür. Yalnız Fransa, Rusiya və Böyük Britaniya daha öndə qərarlaşıb.

 Fəxredici statistika

 207 ölkə arasında 15-ci olmaq, həqiqətən də, fəxredicidir. Statistikaya nəzər yetirsək görərik ki, 28 idman növündə fəxri kürsüyə yüksələnlərin adına aydınlıq gəlib və 307 qızıl, 307 gümüş və 361 bürünc mükafatçı müəyyənləşib. Nə xoşdur ki, Rioda himni səslənən ölkələr sırasında Azərbaycan da yer alıb. Komandamız London-2012 ilə müqayisədə medal əyarını yaxşılaşdıra bilməsə də, mükafat sayında və medal qazanılan idman növlərinin sayında rekord müəyyənləşdirib. Əgər 4 il öncə Böyük Britaniyada 10 mükafatı (2-2-6) 3 idman növündə əldə etmişdiksə, bu dəfə 18 medalı 5 idman növündə qazanmışıq. Yəni, hər 2 göstəricidə təxminən ikiqat irəliləyiş əldə olunub. Boks, taekvondo, həmçinin kanoe və kayakda ilk dəfə fəxri kürsüdə yer almışıq.

 Gimnastımızın qızıla layiq çıxışı

 Elə bir yarış yoxdur ki, orada hakim səhvi olmasın. Bu da idmanın bir hissəsidir. Cavabı da odur ki, hakimlər də insandır, səhv edə bilərlər. Ancaq bəzən elə səhvlər var ki, bir idmançının karyerasını məhv edir və ya illərlə çəkilən zəhməti yerə vurur. Rio-2016-da da hakim səhvləri az olmadı. Təkcə Azərbaycan idmançıları dəfələrlə haqsız qərarlarla üzləşdi. İstər gimnastikada, istər boksda, istərsə də digər idman növlərində hakim səhvləri idmançıların daha layiqli yer tutmalarına əngəl oldu. Adətən, rəsmi şəxslər belə xırda məsələləri çox da qabartmırlar. Ancaq Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov gimnastika yarışlarında Marina Durundaya qarşı edilən haqsızlığa biganə qalmadı. Nazirimiz bildirdi ki, digər ölkələrin federasiyalarının, Milli Olimpiya komitələrinin prezidentləri Marina Durundanın, həqiqətən də, çox gözəl çıxış etdiyini, qızıl medal olmasa da, bürünc medala layiq olduğunu deyiblər.

 Doğrudan da, Olimpiadada ilk dəfə çıxış edən Marina Rionun yarış meydançasında özünə kifayət qədər inanaraq, əsl ustalıq və peşəkarlıq nümayiş etdirdi. İlk iki çıxışın hər birinə görə 17.466 xal (halqa və top) toplayaraq, o, hərəkətlərin qüsursuz icrasını davam etdirməklə, qalan iki çıxışa görə hakimlərdən 17.683 (gürzlər) və 17.733 (lent) xal qoparmağa müvəffəq oldu. Nəticədə, dörd çıxışın cəmində 70.348 xala sahib olan Marina, 20 avqust tarixində çoxnövçülük finalında mübarizə aparacaq 10 finalçı sırasında öz yerini tutdu.

 Güclü rəqabət şəraitində keçən yarışlarda dünyanın ən güclü 10 gimnastı sırasında yer almış Azərbaycan təmsilçisi çoxnövçülük finalında 4 çıxışın cəminə görə 69.748 xal toplayaraq, 9-cu yerdə qərarlaşdı(rıldı). Olimpiya Oyunlarında ilk dəfə çıxış edən Marina bu yarışlarda öz dəst-xətti və peşəkarlığı ilə yadda qalsa da, əfsuslar olsun ki, bəzən hakimlərin qərarı idmanın təmizliyinə, ədalətli yanaşmaya əsaslanmır.

 Azərbaycanı Rio olimpiadasında təkcə idmançılar yox, 7 hakim də təmsil etdi - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbəst güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi güləş), Zaur Abdullayev (boks).

 Son illər Azərbaycanın idman ölkəsi kimi inkişafını sözdə yox, əməldə göstərmək üçün Rio-2016-dakı nəticəyə baxmaq kifayətdir. Hər olimpiadada medal sayının artması dövlətin idmanın inkişafına göstərdiyi diqqət və qayğının gücünü göstərir. Azərbaycan idmançıları bundan sonra da əzmkarlıq göstərərək növbəti Yay Olimpiya Oyunlarına hazırlaşacaqlar. Əminik ki, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadada Azərbaycan yığması ölkə idmanı tarixində yeni uğurlara imza atacaq.

 Rio-2016-da yarışan bütün idmançılarımızın nəticələri

 Boks

Rüfət Hüseynov (49 kq) – ilk döyüşdə uduzub

Albert Səlimov (60 kq) – 1/4 finalda məğlub olub

Kamran Şahsuvarlı (75 kq) – bürünc medal qazanıb

Teymur Məmmədov (81 kq) – 1/4 finalda məğlub olub

Abdulqadir Abdulayev (91 kq) – 1/4 finalda məğlub olub

Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/8 finalda məğlub olub

Cavid Çələbiyev (56 kq) - ilk döyüşdə uduzub

Pərviz Bağırov (69 kq) - ilk döyüşdə uduzub

Lorenzo Sotomayor (64 kq) - gümüş medal qazanıb

Yana Alekseyevna (60 kq) - ilk görüşdə məğlub olub

Elvin Məmişzadə (52 kq) - 1/4 finalda məğlub olub

 Taekvondo

Patimat Abakarova (49 kq) - bürünc medal qazanıb

Milad Beiqi Harçeqani (80 kq) - bürünc medal qazanıb

Fəridə Əzizova (67 kq) - 5-ci yeri tutub

Radik İsayev (+80 kq) – qızıl medal qazanıb

 İdman gimnastikası

Oleq Stepko – fərdi çoxnövçülük üzrə final mərhələsində 22-ci yer

Petro Paxnyuk – 34-cü yer

 Bədii gimnastika

Marina Durunda – final mərhələsində 9-cu olub

 Cüdo

Orxan Səfərov (60 kq) – 5-ci yer

Nicat Şıxəlizadə (66 kq) – 1/8 finalda uduzub

Rüstəm Orucov (73 kq) – gümüş medal qazanıb

Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yeri tutub

Elmar Qasımov (100 kq) - gümüş medal qazanıb

Uşanqi Kokauri (+100 kq) - 1/8 finalda məğlub olub

 Güləş

Yunan-Roma

Rövşən Bayramov (59 kq) – 5-ci yer

Elvin Mürsəliyev (75 kq) – 7-ci yer

Saman Təhmasibi (85 kq) - 13-cü yer

Sabah Şəriəti (130 kq) - bürünc medal qazanıb

Rəsul Çunayev (66 kq) - bürünc medal qazanıb

 Sərbəst güləş

Qadınlar

Mariya Stadnik (48 kq) - gümüş medal qazanıb

Yuliya Ratkeviç (58 kq) - 5-ci yer

Nataliya Sinişin (53 kq) - bürünc medal qazanıb

Kişilər

Hacı Əliyev (57 kq) - bürünc medal qazanıb

Cəbrayıl Həsənov (74 kq) - bürünc medal qazanıb

Şərif Şərifov (85 kq) – bürünc medal qazanıb

Cəmaləddin Məhəmmədov (125 kq) – 12-ci olub

Toğrul Əsgərov (66 kq) - gümüş medal qazanıb

Xetaq Qazyumov (97 kq) - gümüş medal qazanıb

 Kaneo və kayak

Yure Meqliç (kanoe-slalom) – yarımfinalda 15 nəfər arasında 14-cü yer

İnna Osipenko-Radomskaya

Kayak (200 m) - bürünc medal qazanıb

Kayak (500 m) - finalda sonuncu - 8-ci olub

Valentin Demyanenko (kanoe, 200 m) - gümüş medal qazanıb

 Akademik avarçəkmə

Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 2000 m) – 12-ci yeri tutub

 Kamandan oxatma

Olqa Senyuk – 1/32 finalda uduzub

 Güllə atıcılığı

Ruslan Lunyov

10 m – 15-ci yer

25 m - 15- ci yer

 Triatlon

Rostislav Pevtsov - 39-cu yer

 Qılıncoynatma

Səbinə Mikina (sablya) – ilk görüşdə (1/16 final) uduzub

 Velosiped idmanı

Yelena Pavluxina (şosse) – 35-ci yer

Maksim Averin (şosse) – finişə çata bilməyib

Olqa İsmayılova

Keyrin - 21-24-cü yerləri bölüşüb

Sprinter - 13-cü yer

 Atletika

Anna Skidan (çəkicatma) - 13-cü yer

Nazim Babayev (üçtəkanla tullanma) - 25-ci yer

Hayle İbrahimov (5000 m məsafəyə qaçış) - 19-cu yer

Evans Kiplakat (marafon) - 28-ci yer

 Üzgüçülük

Fatimə Alkərimova (100 m məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer

Boris Kirillov (200 m arxası üstə üzmə) - 26 iştirakçı arasında 26-cı yer

 Azad Rəhimov: “Rio-2016”-da qazandığımız qələbələr Azərbaycan idmanının növbəti təntənəsidir”

 “Rio-2016” Olimpiya Oyunlarının yekunları ilə bağlı danışan gənclər və idman naziri Azad Rəhimov yüksək nəticələr qazanan idmançılarımıza, eyni zamanda, Braziliyadakı nümayəndə heyətinə böyük dəstək verən azarkeşlərə dərin minnətdarlığını bildirib.

 Olimpiya Oyunlarının idman aləmində ən mötəbər tədbir olduğunu vurğulayan nazir qeyd edib ki, idmançılarımız Azərbaycan tarixinə yeni bir səhifə yazıblar: “Bu, həqiqətən də Azərbaycan idmanının növbəti təntənəsidir və bu münasibətlə hamını ürəkdən təbrik edir, idmançılarımıza yeni uğurlar arzulayıram. İnanıram ki, onlar gələcəkdə də bütün xalqımızı və azarkeşləri sevindirəcəklər. Biz, ilk növbədə dünyanın, ölkə ictimaiyyətinin və mediasının, mütəxəssislərimizin bu göstəriciləri necə qiymətləndirdiklərinə baxırıq və belə bir təhlil çox vacibdir. Statistik rəqəmlər də çox önəmlidir. Sözsüz ki, 18 medal Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycanın idman sahəsində effektiv bir dövlət olduğunu, idmançılarımızın bu göstəriciyə görə dünyada birinci yerdə qərarlaşdığını nəzərə alsaq deyə bilərik ki, qazanılan nəticələr heç də gözlənilməz deyil. Böyük Britaniyanın “The Telegraph” qəzetinin apardığı təhlillərə əsasən Azərbaycanın Olimpiya millisi idmançı payına düşən medal sayına görə ən nəticəli komanda hesab edilib. Medal sayı baxımından biz dünyada 207 ölkə arasında 15-ciyik. Bu, doğrudan da, inanılmaz nəticədir. Avropa ölkələri arasında biz yeddinci, İslam dövlətləri arasında birinci, MDB məkanında ikinciyik. Medalın keyfiyyəti baxımından 39-cu yeri tuturuq. Daha bir sevindirici hal odur ki, bu gün biz beş idman növündə medal qazanmışıq. Halbuki qızıl medalların sayına görə bizi qabaqlayan bəzi ölkələr maksimum üç idman növündə çıxış ediblər.

 Mükafat qazanan 18 idmançı arasında heç kimi fərqləndirməzdim. Onlar hamısı bizim qəhrəmanlarımızdır. Azərbaycan xalqının oğulları, vətəndaşlarıdır. Hamısı Azərbaycanı düşünürlər. Əsas məsələ də məhz budur”.

 

 Səhifəni hazırladı  PƏRVİZ