Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Yaxın illərdə tütünçülük kənd təsərrüfatının aparıcı sahələrindən birinə çevriləcək

 

Cari ilin əvvəlində cənab prezident İlham Əliyev 2016-cı ilin islahatlar ili olacağını bəyan edib. Məhz həmin islahatları reallaşdırmaq üçün bir çox sərəncamlar imzalanıb, qanunlar qəbul olunub. Həmin qərar və sərəncamlar azad sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialının artırılması, xarici sərmayələrin cəlb edilməsi, yerli istehsalın genişləndirilməsi ilə bağlı kompleks tədbirləri özündə ehtiva edir. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi idarəetmə mexanizminin təkmilləşdirilməsini, şəffaflığın tam şəkildə təmin olunmasını və bu yolla inkişafa əngəl olan problemlərin aradan qaldırılmasını zəruri vəzifə kimi ortaya qoyub. Milli valyutanın devalvasiyasının və qiymət artımının təsirinin azaldılması məqsədi ilə sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə prezident İlham Əliyev 25-dən artıq fərman və sərəncam imzalayıb. Bütün sosial ödənişlər fevral ayının 1-dən orta hesabla 10 faiz artıb. Bu artımlar 3,6 milyon nəfəri və ya əhalinin 38 faizini əhatə edib.

Cari ilin altı ayı ərzində 70 min yeni iş yeri açılıb ki, bu da 28 min ixtisara düşən iş yerlərini təxminən iki dəfədən artıq qabaqlayır. Neftin qiymətinin ucuzlaşması səbəbindən büdcə gəlirlərinin azalmasına rəğmən, Azərbaycanda sosial sahəyə yönəldilən vəsaitlərin həcmi nəinki azalmış, hətta artmışdır. 2015-ci ilin dövlət büdcəsində bu sahə üzrə xərclər büdcənin 27,6 faizi qədər idisə, bu il 36,1 faizini təşkil edəcəyi gözlənilir. Bütün sosial öhdəliklərin yerinə yetirilməsinin təməlində iqtisadi siyasətin düzgün aparılması dayanır.

Qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafı ölkədə aparılan ciddi iqtisadi islahatlara söykənir.  Aqrar sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri nəticəsində kənd təsərrüfatının ayrı-ayrı istiqamətləri üzrə məhsul istehsalında artım əldə olunmuşdur. Cənab prezident İlham Əliyevin yaxın illər üçün qarşıya qoyduğu vacib məsələlər bunlardır: əkin sahələrinin genişləndirilməsi, intensiv metodların tətbiqi, suvarma sistemlərinin modernləşdirilməsi yolu ilə məhsuldarlığın artırılması, məhsulun keyfiyyətinin yüksək standartlara çatdırılması, rəqabətədavamlı ixrac potensialının yaradılması və ölkənin ərzaq təhlükəsizliyinin tam şəkildə təmin olunması.

Ölkə başçısı bu hədəflərə çatmaq üçün ən vacib istiqamətlər üzrə prioritetləri müəyyən etmişdir. Belə ki, pambıqçılığın, çayçılığın, üzümçülüyün, baramaçılığın, tütünçülüyün və digər ənənəvi sahələrin sürətli inkişafı ilə bağlı bütün müvafiq qanunların qarşısında konkret vəzifələr qoyulmuşdur. Görülən tədbirlər nəticəsində qısa müddətdə adı çəkilən istiqamətlər üzrə əkin sahələri genişləndirilmiş və bunun hesabına yeni iş yerləri açılmışdır. Pambıqçılıq, üzümçülük və baramaçılıqla bağlı ötən saylarımızda məqalələr dərc edilmişdir. Bu dəfə tütünçülüklə bağlı problemlərdən, qarşıda duran vəzifələrdən söhbət açacağıq.

Son vaxtlar dövlət başçısının tapşırığına əsasən, tütünçülüyə marağın daha da stimullaşdırılması tədbirləri həyata keçirilmiş, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılmışdır. Görülən tədbirlər bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə artırmış, tütünçülüklə məşğul olanların sayı ötən illə müqayisədə iki dəfədən çox artmışdır.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında kənd təsərrüfatının digər sahələri kimi, tütünçülüyün inkişafı da prioritetlər sırasında özünə yer almışdır. Tütünçülüyün elmi əsaslarla inkişaf etdirilməsində Əkinçilik Elmi-Tədqiqat  İnstitutu mühüm rol oynayır. Belə ki, institutda tütün seleksiyası toxumçuluğu, becərmə və qurutma texnologiyası üzrə tədqiqat işləri aparılır və təsərrüfat subyektlərinə dəyərli tövsiyələr verilir. Alimlərin yaratdığı 6 tütün sortu rayonlaşdırılaraq patent alınmış və geniş sahələrdə əkilərək respublikamızın ümumi tütün əkin sahəsinin 70 faizini təşkil etmişdir.

Mütəxəssislərin rəyinə görə, tütünçülükdə keyfiyyətli sortların becərilməsi vacib şərtdir. Vaxtilə dünyada mövcud olan 8 tütün tipindən 4-ü Azərbaycanda becərilmişdir. Sovetlər dönəmində hər il ətirli və qiymətli sortlardan 3min hektar, iriyarpaqlı sortlardan 12 min hektar, yarıətirli Trapezond tipli sortlardan 1000 hektar, Virciniya tipli sortlardan isə 900 hektar əkilib becərilirdi.

Lakin bu qədər əkin sahələrinin olmasına baxmayaraq, becərmə üçün vacib olan torpaq iqlim şəraiti, bioloji xüsusiyyətlər, qurutma texnologiyası nəzərə alınmırdı. Nəticədə, aşağı keyfiyyətli məhsul istehsal olunurdu. Tütün sortlarının torpaqların iqlim şəraitinə, becərmə, qurutma texnologiyasına tələbi müxtəlifdir. Hətta eyni texniki sort müxtəlif torpaq-iqlim şəraitində fərqli səpin normasına, bitki sıxlığına, səpin sxeminə, becərmə və qurutma texnologiyasına malikdir. Virciniya tipli «Kokker-347» və «Berley» sortları yerli sortlardan kəskin şəkildə fərqlənir. Bu sortlarda şitil yetişdirilməsi, sahəyə əkilməsi, yarpaqların qurudulması tam mexanikləşdirilmişdir. İstehsalat şəraitində tütündən alınan xammalın keyfiyyətinə düzgün qiymət vermək çətindir. Çünki tütün xammalı çox mürəkkəb kimyəvi quruluşa malikdir, tərkibində sərbəst azot, fenollar, üzvi turşular, qətran, efir yağları və s. vardır. Tütünün keyfiyyətində onun sortu, torpağın münbitliyi, su rejimi, aqrotexniki qulluq mühüm əhəmiyyət kəsb edir. Məhsulun keyfiyyəti sahədə formalaşır, lakin texnoloji prosesdən keçdikdən sonra dəyişir. İnsan orqanizminə təsir göstərən tütünün tərkibindəki nikotindir. Məhsulun tərkibində avkoloidlər də çoxdur. Onun tərkibində nikotin, nomikotin, anabazin, sulfidin, pridin və s. vardır. Lakin nikotinsiz tütün sortları da az deyil. Bu sortlar siqaret çəkəni qane etmir. Məhsulun keyfiyyəti dedikdə, ilk növbədə xammalın əmtəə keyfiyyəti və kimyəvi tərkibi nəzərdə tutulur. Tütün istifadə edilərkən ağızda, selikli qişada, burunda və ciyərdə qana keçir, əsəb sisteminə fizioloji təsir göstərir. Keyfiyyətli məhsul istehsal etmək üçün texniki sort əsas olsa da gübrələmə, qurutma texnologiyası tətbiq olunduqda onun keyfiyyətini yüksəltmək mümkün olur. Azərbaycanda yetişdirilən ətirli tütünlər qrupuna «Samsun 151», «Samsun Apsna», «Dübek 2898», «Amerikan-273» növləri aiddir.

Fermerlər keyfiyyətli məhsul yetişdirmək üçün, ilk növbədə ən yaxşı tütün sortlarından alınan şitillərin seçilməsinə, aqrotexniki tədbirlərin görülməsinə, xammalın qurudulmasının və saxlanmasının yüksək standartlara uyğun şəkildə aparılmasına diqqət yetirməlidirlər.

Tütünçülük mürəkkəb fəaliyyət növü olduğuna görə təsərrüfatçılarla geniş maarifləndirmə işinin aparılması vacib şərtdir. Çünki köhnə üsullarla məhsul istehsal etməklə bazarlara çıxış əldə etmək çox çətindir. Açığını etiraf etmək lazımdır ki, bu gün respublikamızda istehsal olunan tütünün keyfiyyət göstəriciləri sənayenin tələblərinə lazımi səviyyədə cavab verə bilmir. Hazırda siqaret çəkən insan 50-60 il öncə siqaret çəkən insan deyil. İndi siqaretin ətrinə, keyfiyyətinə xüsusi diqqət yetirilir. Siqaret çəkən istəyir ki, ondan xoş iy gəlsin, sağlamlığına az ziyan vursun. Məhz buna görə də tütünçülük yeni texnologiyalar və modern üsullar əsasında inkişaf etdirilməlidir. Bu gün fermerlər dərk etməlidirlər ki, tütün sortları çox müxtəlifdir, hər sortun özünəməxsus becərmə xüsusiyyətləri vardır. Məsələn, Virciniya sortları hektara 18 min, iriyarpaqlı sortlar 48 min, xırdayarpaqlı sortlar 100-110 min ədəd bitkinin əkilməsini tələb edir. Hər bir sort üçün sələf seçilməli, torpağın becərilməsi, gübrələrin tətbiqi, şitillərin yetişdirilməsi, suvarma, aqrotexniki qulluq, yarpaqların yığılması, qurudulması və digər əməliyyatların yerinə yetirilməsi düzgün və vaxtında aparılmalıdır.

«Virciniya» və «Berley» sortlarının yarpaqları açıq günəş altında qurudulduqda keyfiyyətini itirir. Xammal xüsusi kameralarda qurudulduqda isə qurutma müddəti qısalır və məhsul öz keyfiyyətini saxlayır.

Keyfiyyətli məhsul yetişdirmək üçün mineral və üzvi gübrələr vaxtında və hər sortun tələbinə uyğun şəkildə verilməlidir.

Tütünçülüyü inkişaf etdirmək üçün təsərrüfat subyektlərinə hər cür yardım göstərilir. Hazırda fermerlərə hər hektar üçün tütün əkininə görə 40 manat subsidiya, 80 faiz güzəştlə mineral gübrələr və lizinq yolu ilə 40 faiz güzəştlə müasir texnika və texniki avadanlıqlar verilir. Suvarma sistemlərinin yaxşılaşdırılması, yüksək keyfiyyətli bitki sortlarının seleksiyası və elmi tədqiqat işlərinin aparılması üçün dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Azərbaycanda tütünçülüyün intensiv inkişaf yoluna çıxarılması üçün zəngin ənənə və böyük potensial mövcuddur. Bu da imkan verir ki, yaxın bir neçə il ərzində tütün əkin sahələri 16 min hektara çatdırılsın. Bu il ölkə üzrə cəmi 21 min hektarda tütün əkilib ki, bu da ötən illə müqayisədə 839 hektar çoxdur.

Hazırda tütün məmulatları və bütün növ siqaretlər ölkəmizə xaricdən ixrac olunur. Dolların kəskin şəkildə bahalaşması nəticəsindən xaricdən gələn siqaret baha başa gəlir. Halbuki daxili imkanlardan səmərəli istifadə etməklə nəinki idxalın qarşısı alınar, eyni zamanda, böyük həcmdə tütün məmulatları ixrac edə bilərik. Bununla ölkəmizə irihəcmli valyuta gətirmək olar. Azərbaycanın şimal-qərb rayonlarında əla növ tütün məhsulu yetişdirmək üçün əlverişli torpaq-iqlim şəraiti və zəngin təcrübə vardır. Bütün ehtiyat mənbələrini hərəkətə gətirməklə nəinki ildə 16 min hektar, hətta bundan bir neçə dəfə çox sahədə məhsul becərmək olar. Bu isə on minlərlə yeni iş yeri, yüz minlərlə Azərbaycan ailəsinin xoş güzəranı və firavan həyatı deməkdir.

 

ZülfüİLYASOV,

bölgə müxbiri