Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Naftalan beynəlxalq miqyasda tanınan müasir kurort-sanatoriya mərkəzinə çevrilməkdədir

 

"Kim Naftalana malikdirsə, onun hər şeyi var".

P.Unna, məşhur alman alimi, dermatoloq. 1903-cü il.

 


 

Müalicə-sağlamlıq turizmi tibb turizminin ən kütləvi və populyar istiqaməti olub, antik dövrlərdən mövcuddur. Hələ qədim yunanlar öz sağlamlıqlarını bərpa etmək üçün müqəddəs sayılan yerlərə gedir, orada mehmanxalarda, hamamlarda,  palestrlərdə (gimnastika məktəblərində) qalır, müalicə olunurdular. Bir çox Avropa kurortlarında Roma imperiyası dövrünün mineral sularla müalicə üçün yaradılmış tikililərinin qalıqları indiyədək qalmışdır. Müalicə-sağlamlıq turizminin əsası sayılan kurortçuluq Avropada XVII əsrin əvvəllərindən sürətlə inkişaf etməyə başlamışdır.

XX əsrdə dünyada bütün ölkələri və qitələri əhatə edən tam bir kurort sənayesi meydana gəlmişdi. Ənənəvi iqlim, balneoloji və palçıq kurortları bazasında yeni müalicəvi-sağlamlq növləri – SPA, wellness, fitness kurortları meydana gəlmişdir.

Son vaxtlar bir neçə müalicə-sağlamlıq amili təklif edən kurortlar, xüsusilə də, SPA-kurortlar və ya SPA-otellər geniş yayılmışdır. Bütün dünyada geniş yayılan bu kurortlar Azərbaycanda da inkişaf etməkdədir. Son illər bu kurortlara nəinki MDB ölkələrindən, həm də xarici ölkələrdən çoxlu turistlər gəlir. İnsanların uzaq-uzaq ellərdən şəfa tapmaq ümidi ilə gəldikləri bu məkanlardan biri də Azərbaycanın  “Chinar Hotel & Spa Naftalan” sağlamlıq və istirahət mərkəzidir.

Tarixə nəzər salsaq, görərik ki, ötən əsrin əvvəllərində ölkəmizdə neft sənayesinin inkişafı ilə əlaqədar Naftalan nefti də qazma üsulu ilə çıxarılırdı. "Naftalan" (neft alan) sözünün etimologiyası da bu  ərazidən daşınan neftlə əlaqədar olub. Naftalan neftindən müalicə məqsədilə istifadə olunmasına dair ilk yazılı məlumat XII əsrə aiddir. Bu ərazidə neft quyularının texniki istismarına isə XIX əsrin 70-ci illərindən başlanılıb.

1928-ci ildən etibarən Naftalan neftinin müalicəvi əhəmiyyətini öyrənmək üçün tədqiqat işləri aparılıb. XX əsrin 30-cu illərində Naftalan kurortu yaradılıb. 1938-ci ildə Naftalan eksperimental laboratoriyası qurulub və neftin bioloji, müalicəvi təsiri sistemli şəkildə öyrənilməyə başlanılıb.

Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin qayğısı və köməyi sayəsində Naftalan kurortu sürətlə inkişaf etməyə başlayıb. Sonrakı illərdə burada kurort-sanatoriya mərkəzləri tikilib istifadəyə verilib. SSRİ dövründə Naftalan ümumittifaq miqyasda turizm, kurort-sanatoriya mərkəzi kimi geniş şöhrət qazanıb. Şəhərə gələn minlərlə turist, səhhətində müəyyən problemlər olan ümidsiz insanlar burada şəfa tapıb, Naftalanın adı isə dünyaya yayılıb.

Son dövrlərdə əvvəlki şöhrətini yenidən qaytaran Naftalan nəinki ölkədə, eləcə də beynəlxalq miqyasda tanınan müasir kurort-sanatoriya mərkəzinə çevrilməkdədir.

Ötən il bura 20 min turist gəlib, onlardan 4800 nəfəri xarici turist olub. Bu ilin 5 ayında 5000 turist gəlib və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1200 nəfərlik artım müşahidə olunur. Bu ilin 5 ayı ərzində gələn turistlərdən 900 nəfəri xarici turistlər olmuşdur.

Naftalanda “Chinar Hotel & SPA Naftalan” kompleksinin istifadəyə verilməsi son illərdə Azərbaycanda yeni səhiyyə ocaqlarının, sanatoriyaların, mehmanxanaların inşasının, kurort zonalarının inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir. Eyni zamanda, Azərbaycanın əvəzsiz sərvəti olan müalicəvi Naftalan nefti gələcəkdə ölkəmizə böyük məbləğdə valyuta axını üçün əsas ola bilər.

20 hektar ərazidə yerləşən 312 yerlik “Chinar Hotel & SPA Naftalan” kompleksinin əsaslı təmirinə 2007-ci ilin mayında başlanılmış, 2010-cu ilin noyabrında sona çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naftalanda bu kompleksin yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Qeyd edək ki, Naftalanda kurort zonasının inkişaf etdirilməsi məqsədi ilə şəhərin inzibati ərazisinin genişləndirilməsi barədə dövlət başçımızın Sərəncamı burada turizmin inkişafına təkan vermişdir. 
Hazırda beynəlxalq standartlara cavab verən bu müasir kompleks turizmlə bağlı innovativ dəyişikliklər və yeni xidmətlər təqdim edir. Bu yeniliklərlə tanış olmaq, Naftalanın turizm potensialının tanıdılması və ölkəmizin sağlamlıq turizminin daha geniş təbliği məqsədilə bu yerlərə vaxtaşırı info-turlar təşkil edilir.

Elə ötən ay – iyulun 2-3-də  “Ata Travel”, “Synergy Group” və Termal və Müalicəvi Turizm Assosiasiyasının təşkilatçılığı ilə  Naftalanda yerləşən “Chinar Hotel & Spa Naftalan” sağlamlıq və istirahət mərkəzinə media və turizm şirkətlərinin nümayəndələri üçün iki günlük info-tur  təşkil edilmişdi. Onlar mərkəzdə turistlər üçün yaradılmış şərait və orijinal müalicə prosedurları ilə ətraflı tanış olmuş, mətbuat konfransında iştirak etmiş, dincəlmişlər.

Qeyd edək ki, hazırda kompleks tibb və otel bölməsindən ibarətdir. Tibb bölməsində poliklinika, diaqnostika, fizioterapiya və SPA mərkəzləri fəaliyyət göstərir. Poliklinikada terapiya, nevrologiya, kardiologiya, dermatologiya, dietologiya, ginekologiya, urologiya, qulaq-burun-boğaz və stomatologiya otağı var. Naftalan müalicəsi üçün kompleksə müraciət edənlər əvvəlcə poliklinikada müayinədən keçirilir, xəstənin Naftalan müalicəsi zamanı əks reaksiyanın baş verib verməyəcəyi müəyyənləşdirilir.

Kompleksin diaqnostika mərkəzi texniki imkanlarına görə ən müasir avadanlıqlarla təchiz edilmişdir: burada rəqəmli rentgenoqrafiya, flüoroskopiya, ultrasəs müayinəsi, exo doppler, tibbi laboratoriya otaqları var.

“Chinar Hotel & Spa Naftalan” kompleksinin tibb bölməsinin fizioterapiya mərkəzində Naftalan terapiya, elektro terapiya, lazer terapiya, ultrasəs terapiya, maqnito terapiya, şok dalğa terapiya, hidro terapiya, tibbi massaj, traksiya, müalicəvi bədən tərbiyəsi yolu ilə müalicə almaq mümkündür. Naftalan terapiya şöbəsində 28 ədəd Naftalan vannaları mövcuddur. Naftalan nefti hərəkət-dayaq sistemi, sinir sistemi, qulaq-burun-boğaz, uroloji, ginekoloji, periferik damar xəstəlikləri üzrə 70-dən çox xəstəliyi müalicə etməyə imkan yaradır.

 “Chinar Hotel & Spa Naftalan” kompleksində hazırda 170 nəfər işlə təmin olunub. Hoteldə rusca, ingiliscə, almanca, ərəbcə, fransızca və tay dilində danışa bilən işçilər çalışır.

“Chinar Hotel & Spa”nın baş meneceri Turqay Arı info-tur iştirakçıları üçün keçirilən mətbuat konfransında demişdir: “Otel 2011-ci ilin fevralında yeni təmirdən çıxmaqla fəaliyyətə başlayıb. Artıq 5 ildir ki, bu sahədə xidmət göstəririk. Orta hesabla, ildə 10 min turist qəbul edirik. İndiyə qədər ümumilikdə 50 min turist qəbul etmişik. İldən ilə bu turistlərin sayı artmaqdadır. Artıq Azərbaycanın sağlamlıq turizmində güclü mövqeyə sahibik və bu mövqeyimizi daha da gücləndirməyi və daha çox turist qəbul etməyi qarşıya məqsəd qoymuşuq. Bu baxımdan bir çox yeniliklər və kampaniyalar həyata keçiririk ki, bu da daha çox turist cəlb etməyə şərait yaradır. Bu ildən Mədəniyyət və Turizm Nazirliyi ilə birgə layihələrin həyata keçirilməsi də bu qəbildəndir”. 

Termal və Müalicəvi Turizm Assosiasiyasının rəhbəri Ruslan Quliyev isə  son illərdə Azərbaycan turizminin tanıdılmasında medanın rolunun artdığını qeyd etmişdir. Onun sözlərinə görə, bu kompleks  ölkədə və regionda asudə vaxtın təşkil edilməsi, o cümlədən sağlamlıq turizminin təqdimatı baxımdan önəmli yer tutur. BƏƏ, Rusiya, Avopa, Qazaxıstanda Naftalanın turizm imkanlarının tanıdılması baxımından da çox işlər görülüb: “Qərb, Türkiyə və körfəz ölkələrində də Naftalanın tanıdılması üçün işlər gücləndirilir. Məqsəd rəqabətqabiliyyətli turizm məhsullarını çox satmaqla, bu sahədə öncül olmaqdır. Bu sahədə bir sıra güzəştlərin, güzəştli vergi siyasətinin tətbiq edilməsi də zəruridir. Bu sahədə yol xəritəsinin hazırlanması turizmin ən azı 15 illik inkişafını müəyyən edəcək”.

 “AtaHolding” Şirkətlər Qrupunun Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova isə bildirmişdir ki, təmsil etdiyi şirkət və “AtaTravel” daim Azərbaycan turizminin inkişafına dəstəyini və töhfələrini artırmağa çalışır: “Xaricdə Azərbaycanın turizm imkanlarını tanıtmaq üçün xarici ölkələrdən ölkəmizə info-turlar təşkil edirik, həmçinin xarici ölkələrə info-turlar həyata keçiririk. Bundan sonra da bu sahədə tədbirlərimizi intensivləşdirməyi planlaşdırırıq”.

Artıq qətiyyətlə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  hələ 2011-ci il fevralın 10-da Naftalanda “Chinar Hotel & SPA Naftalan” kompleksinin yenidənqurmadan sonra açılışında dediyi sözlər bu gün öz təsdiqini tapmışdır:
“Mən əminəm ki, bir neçə ildən sonra bu bölgədə Naftalan kimi gözəl, yaraşıqlı, rahat şəhər olmayacaqdır. Yəni mən bunu istəyirəm, baxmayaraq ki, Azərbaycanın çox gözəl bölgələri var, o bölgələrdə də yeni mehmanxanalar tikilir, yeni infrastruktur layihələri həyata keçirilir. Ancaq Naftalanın öz xüsusi yeri var və buraya gələcək qonaqların sayı artacaqdır. Təkcə Naftalan neftinə görə deyil, həm də burada olan turizm imkanlarına görə”. 

Hazırda müalicəvi-sağlamlıq turizmi turizm sənayesində ən perspektivli istiqamətlərdən biri kimi qalmaqdadır. XXI əsrdə bu populyarlığın əsası isə müasir tibbdə profilaktik istiqamətin qələbəsi və insanlar üçün çox faydalı olan “sağlam bədəndə sağlam ruh” dəbidir.

Yeganə MƏMMƏDOVA